Məhkəmə qərarları › İş №2(103)-232/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-232/2024

03.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-232/2024 03.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iş üzrə (Açar sözlər: torpaq sahəsindən çıxarılma) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X10 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(003)-139/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Əzizbəyov rayonu, Qala bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 477 saylı sərəncamı ilə Bakı şəhəri, Qala qəsəbəsində ev tikmək üçün İddiaçı 1200 kv.m. torpaq sahəsi ayrılmışdır. Eyni tarixdə Qala bələdiyyəsinin sədri ilə İddiaçı arasında bələdiyyə torpağının mülkiyyətə verilməsi haqqında alqı-satqı müqaviləsi bağlanmışdır.

2. Abşeron İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli 1127 saylı sərəncamı ilə vətəndaş Cavabdeh1 istifadəsində olan 3 saylı X7 ərazisində 0,12 ha torpaq sahəsində tikinti işlərinin aparılmasına icazə verilməsi qərara alınmışdır.

3. Abşeron İcra Hakimiyyətinin 5/X/2056 saylı xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən 2013-cü ildə vətəndaş Cavabdeh1 X14 ərazisində 12-sot torpaq sahəsinin ayrılması və tikintiyə icazə verilməsi barədə heç bir sərəncam verilməmişdir.

4. 24.09.2021-ci il tarixli ilkin alqı-satqı müqaviləsindən görünür ki, Bədəlov X15 İcra Hakimiyyətini başçısının xx.xx.2013-cü il tarixli sərəncamı ilə istifadəsində olan Abşeron Rayon 3 saylı X7 ərazi hüquqdları daxilində sahibkarlıq fəaliyyəti üçün ayrılmış 0,12 ha torpaq sahəsinin 0,6 ha hissəsinə dair alıcı Cavabdeh2 ilə ilkin alqı-satqı müqavilənin hal-hazırda bağlanmasının və gələcəkdə əsas alqı-satqı müqavilənin bağlamağı öhdəsinə götürmüşdür.

5. Xəzər RPİ-nin İstintaq Şöbsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, X3 müraciəti əsasında başlanmış cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərara əsasən X8 və X1 Cəmil Faiq oğlunun onlara məxsus torpaq sahəsini zəbt etməsi barədə şikayət etmişlər. Cavabdeh2 izahatında bildirmişdir ki, təxminən 6-7 il müddət olar ki, Xaşa-Xuna bağlar massivində Cavabdeh1 3000 manata torpaq sahəsi almışdır. Araşdırma zamanı Cavabdeh1 da izahatında xx.xx.2021-ci il tarixdə Xaşa-Xuna bağlar massivində özünə məxsus olan 12 sot torpaq sahəsini 3000 manata Cavabdeh2 satdığını təsdiq etmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (Qala bələdiyyəsi üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xəzər rayonu Qala bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 477 saylı sərəncamı (qərarı) və digər qanuni müşayiətedici sənədlərlə mülkiyyətinə ayrılmış olan, Bakı şəhəri, Qala qəsəbəsi, XaşaXuna bağlar massivində yerləşən 0,12 hektar (1200 kvadrat metr) ölçüdə torpaq sahəsi üzərində sahiblik və istifadə hüquqlarının tanınmasına, həmin torpaq sahəsinin cavabdehlər Cavabdeh2 qanunsuz sahibliyindən geri alınaraq naturada onun faktiki sahiblik və istifadəsinə verilməsinə, həmin torpaq sahəsinin üzərindəki qanunsuz tikililərin cavabdehlərin öz hesablarına sökülməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, keçmiş Əzizbəyov (indiki Xəzər) rayonu, Qala bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 477 saylı sərəncamı (qərarı) ilə Bakı şəhəri, Qala qəsəbəsində ev tikmək üçün ona 1200kv.m. torpaq sahəsi ayrılmışdır. Eyni gündə də onunla alqı-satqı müqaviləsi bağlanmış və tərəfindən ödəniş edilmişdir. Alqısatqı müqaviləsi əsasında tərəfindən eyni tarixdə həmin torpaq sahəsinin alqı-satqısı üçün müqavilə qiyməti – keçmiş kursla ******* manat pul vəsaiti ödənilmiş,həmin vəsait Qala bələdiyyəsinin hesabına mədaxil edilmiş, bununla bağlı ona kassa mədaxil orderi qəbzi verilmişdir. Qala Bələdiyyəsi tərəfindən mülkiyyətinə verilən torpaq sahəsinin yerləşmə yerinin sxemi də tərtib olunmuş və bələdiyyənin möhürü ilə təsdiqlənərək ona təqdim edilmişdir. 2005-ci ildən torpaq sahəsi qanuni istifadəsində və sahibliyində olub. Torpaqla bağlı bələdiyyə vergiləri bir neçə illər ərzində tərəfindən ödənilmişdir. 2006, 2007, 2008-ci illərin bələdiyyə torpaq vergisini ödəməyimə dair qəbzi vardır. 2011-ci ildə tarixində həmin torpaq sahəsini hər birinə 0,06 ha olmaqla X9 və X6 ad-soyadlı şəxslərin etibarnaməli idarəçiliyinə vermiş və bununla bağlı onlara notariat qaydasında təsdiq olunmuş uzunmüddətli etibarnamə də vermişdir. Çünki, gələcəkdə həmin torpaq sahəsini onlara satmaq, rəsmiləşdirərək onların mülkiyyətinə vermək fikri var idi. Sonrakı illərdə qeyd edilən bələdiyyə vergiləri etibarnaməli nümayəndələri tərəfindən vaxtlı-vaxtında ödənilmişdir. Onlar vergi ödəyicisi kimi uçota alınmışlar. Qeyd edilir ki, torpaq sahəsi etibarnaməli nümayəndələri tərəfindən hasarlanmış və bir hasar hündürlüyü qədər divar hörülmüşdü. Bir müddət bundan əvvəl onlara məlumat verilmişdir ki, həmin torpaq sahəsi kimlərsə tərəfindən zəbt edilib,orada qanunsuz olaraq tikinti işləri aparılıb. Bununla əlaqədar etibarnaməli nümayəndələrinə bildirmişdir ki, polisə müraciət etsinlər. Onların müraciəti əsasında Xəzər RPİ-nin istintaq şöbəsində təhqiqat aparılmış, cavabdehlərin ona məxsus torpaq sahəsinə qanunsuz sahibləndikləri müəyyən edilmişdir. Belə ki,Cavabdeh1 təhqiqata təqdim etdiyi guya xx.xx.2013-cü il tarixli Abşeron RİH-nin sərəncamının qanuniliyi yoxlanmış, bununla bağlı həmin RİH-ə sorğu göndərilmişdir. Sorğuya alınmış cavabda Abşeron RİH tərəfindən 2013-cü il tarixində vətəndaş Cavabdeh1 X14 ərasizində 12 sot torpaq sahəsinin ayrılması və tikintiyə icazə verilməsi barədə heç bir sərəncam verilməməsi ifadə edilmişdir. Hansı ki, Cavabdeh1 belə bir sənədi nümayəndələrinə təqdim edərək qanuni sahib olduğunu bildirmişdir. Müvafiq icra hakimiyyəti orqanı isə belə bir sənəd vermədiyini təsdiq etmişdir. Bununla belə,nəyə görəsə, cinayət işi başlanmamış, təhqiqat orqanı tərəfindən məhkəməyə müraciət edilməsi məqsədə müvafiq hesab edilmişdir. Təhqiqatın gedişində və təhqiqat qərarı verildikdən sonra onlar dəfələrlə cavabdehlərə müxtəlif vasitələrlə məlumat göndərərək məsələni öz aralarında məhkəmədənkənar qaydada həll etməyə çalışmışlar və onları könüllü olaraq ərazini tərk etməyə dəvət etmişlər. Bildirmişlər ki,bu torpaq sahəsi onlara (iddiaçıya və etibarnamə ilə nümayəndələrinə) məxsusdur, iddiaçının əlində qanuni və hüquq müəyyənedici sənədləri vardır, yaxşı olar ki, onlar buranı könüllü olaraq tərk etsinlər. Lakin cavabdeh tərəf onların bu təkliflərini qəbul etməyib, özlərinin də sənədləri olduğunu bildirsələr də göstərməyiblər. Mübahisəli torpaq sahəsi ilə bağlı bələdiyyənin iddiaçıya təqdim etdiyi qərar və müqavilə aktı qüvvədədir, indiyə kimi heç kim tərəfindən ləğv edilməmiş və mübahisələndirilməmişdir. Bundan əlavə, Qala bələdiyyəsi özünün xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli arayışları ilə bir daha təsdiq etmişdir. Onu da qeyd edirlər ki, hələ bu cavabdehlərədək həmin torpaq sahəsi X18 ad-soyadlı şəxs tərəfindən də zəbt edilmək istənmişdi. Lakin etibarnaməli nümayəndələrinin müraciətləri əsasında həmin şəxs cinayət məsuliyyətinə cəlb edilmiş, həbs edilmiş və məhkəməyə verilmişdir. Göründüyü kimi, onlar öz torpaq sahəsini hələ hazırkı cavabdehlərə qədər də kənar şəxslərin qanunsuz müdaxilələrindən və özbaşınalığından qorumuşlar. Bu isə onların həmin torpaq sahəsi üzərində qanuni istifadə və sahiblik hüquqlarının olduğunu təsdiqləməkdədir. Belə ki, Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqi Anar Məmmədovun icraaatında olan ********* saylı cinayət işi üzrə verdiyi 24 may 2022-ci il tarixli arayışdan görünür ki, X18 məhz ona ayrılmış olan, lakin etibarnaməli nümayəndələrin faktiki sahibliyində olan torpaq sahəsi ilə bağlı qanunsuz tikinti işləri apardığına görə və sənəd saxtalaşdırılması cinayətə görə məsuliyyətə cəlb edilib. İstintaq orqanının apardığı ibtidai araşdırılma ilə sübut olunmuşdur ki, bu torpaq sahəsi onun qanuni sahibliyində, nümayəndələrinin isə etibarnaməli istifadəsindədir. Hal-hazırda sözügedən torpaq sahəsinin hazırkı işdə adları keçən cavabdehlər tərəfindən zəbt edilməsi ilə bağlı sahiblik və istifadə hüquqlarını həyata keçirə bilmir, mülki və digər hüquqlarını gerçəkləşdirə bilmir. Bu üzdən hüquqlarını məhkəmə qaydasında tanıtdırmaq və qorumaq, bərpa etdirmək qərarına gəlib.

8. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə vərərək Xəzər rayonu Qala bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 477 saylı sərəncamı (qərarı) və digər qanuni müşayiətedici sənədlərlə mülkiyyətinə ayrılmış olan, Bakı şəhəri, Qala qəsəbəsi, Xaşa-Xuna bağlar massivində yerləşən 0,12 hektar (1200kvadrat metr) ölçüdə torpaq sahəsinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qanunsuz sahibliyindən geri alınaraq onun istifadəsinə verilməsi, həmin torpaq sahəsinin üzərindəki qanunsuz tikililərin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 öz hesablarına sökülməsinə dair qətnamə qəbul edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Cavabdeh1 iddia ərizəsinə qarşı etiraz verərək bildirmişdir ki, iddiaçı tərəfin əlində olan bələdiyyə sənədində göstərilən torpağın kordinantları cavabdehlərin əlində olan Abşeron rayon İcra Hakimiyyətinin ayırdığı torpaqdan tamamı ilə ayrı yerlərdədir. Hətta Bələdiyyə sənədində olan kordinantlara və ölçülərə baxsaq ona aid olan torpaqdan fərqlənir. Cavabdehlər o torpağı Asan xidmətdə alqı-satqı etmişik. 12 sot torpağın ölçülərinə və kordinantlarına həm onlara məxsus bələdiyyə sənədində həm də onlara məxsus Abşeron rayon icra sərəncamında baxılsa, fərqli yerlərdə olduğu görünür. Beləliklə, iddianın rədd olunmasını, ədalətli qərar verilməsini məhkəmədən xahiş etmişdir.

10. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(003)- 139/2023 nömrəli qətnaməsi ilə (hakim Z.M.Tağıyev) iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əzizbəyov (indiki) Xəzər rayonu, Qala bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 477 saylı sərəncamı (qərarı) ilə fərdi evin tikilməsi üçün İddiaçı məxsus Bakı şəhəri, Qala qəsəbəsi, Xaşa-Xuna bağlar massivində yerləşən 0,12 hektar torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinin İddiaçı istifadə və sahibliyinə verilməsi, həmin torpaq sahəsində cavabdehlər tərəfindən inşa olunmuş tikilinin onların hesabına sökülməsi qət edilmişdir.

11. Məhkəmə qeyd etmişdir ki, işin faktiki hallarından göründüyü kimi İddiaçı hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, bələdiyyə sərəncamı əsasında ona ayrılmış sahədən sahiblik və istifadə hüquqlarının həyata keçirə bilmək üçün iddiaçı kimi həmin sahənin başqasının qeyri-qanuni sahibliyindən qaytarılmasını tələb etməkdə haqlıdır. Bundan başqa, məhkəməyə təqdim edilmiş Abşeron İcra Hakimiyyətinin 5/X/2056 saylı xx.xx.2021-ci il tarixli məktubu ilə müəyyən edilmişdir ki, Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən 2013-cü ildə vətəndaş Cavabdeh1 X14 ərazisində 12-sot torpaq sahəsinin ayrılması və tikintiyə icazə verilməsi barədə heç bir sərəncam verilməmişdir. Göründüyü kimi, Cavabdeh1 istinad etdiyi torpaq ayırma və tikintiyə icazə barədə sərəncam verilməyib və onun mübahisəli torpaq üzərində subyektiv hüquqları yoxdur.

12. Məhkəmə öz mövqeyini “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2010-cu il tarixli qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Önəryıldız Türkiyəyə qarşı iş üzrə 30 noyabr 2004-cü il tarixli qərarına, Mülki Prosessual Məcəlləsinin 4.1, 77.1, 217.2, 217.4-cü maddələrinə, istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

13. Qətnamədən narazı qalan Cavabdeh1 ondan apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qəbul edərkən məhkəmə yalnız qarşı tərəfin verdiyi sənədlərinə istinad etmiş, məhkəmə iddiaçıya ayrılan torpağın yeri, planı və ölçüsünün fərqli yerlərdə olduğuna toxunmamışdır. İddiaçının sənədində olan torpağın ölçüləri 3x40=12 sot, cavabdeh tərəfin sənədində olan torpağın ölçüləri isə 50x24=12 sotdur. İddiaçıya Əzizbəyov (indiki Xəzər) rayon Qala Bələdiyyəsi tərəfindən ayrılan torpaq sahəsi ilə cavabdehə ayrılan torpaq sahəsi tamamilə ayrı-ayrı yerlərdədir, iddiaçı heç ortalıqda yoxdur, onun bu torpaqdan xəbəri belə yoxdur, onun adına X9 və X4 adlı şəxslərin etibarnamə üzrə idarəçiliyinə vermişdir. Həmin şəxslər bir sənədlə Qala qəsəbəsində müxtəlif yerlərə iddialar qaldırmışlar. Cavabdehin məhkəmə iclasında verdiyi izahatın heç bir hissəsi qətnaməyə əlavə olunmamışdır, onun gətirdiyi sübutlara toxunulmamışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. İddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə dair etiraz ərizəsi göndərərək göstərmişdir ki, birinci instansiya məhkəməsi qətnamə çıxararkən işin hallarını düzgün araşdırmışdır. Məhkəmə qeyd edir ki, işin faktiki hallarından göründüyü kimi, İddiaçı hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, bələdiyyə sərəncamı əsasında ona ayrılmış sahədən sahiblik və istifadə hüquqlarının həyata keçirə bilmək üçün iddiaçı kimi həmin sahənin başqasının qeyri-qanuni sahibliyindən qaytarılmasını tələb etməkdə haqlıdır. Bundan başqa məhkəməyə təqdim edilmiş Abşeron İcra Hakimiyyətinin 5/X/2056 saylı xx.xx.2021-ci il tarixli məktubu ilə müəyyən edilmişdir ki, Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən 2013-cü ildə vətəndaş Cavabdeh1 X14 ərazisində 12-sot torpaq sahəsinin ayrılması və tikintiyə icazə verilməsi barədə heç bir sərəncam verilməmişdir. Göründüyü kimi, Cavabdeh1 istinad etdiyi torpaq ayırma və tikintiyə icazə barədə sərəncam verilməyib və onun mübahisəli torpaq üzərində subyektiv hüquqları yoxdur. Eyni zamanda, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mülkiyyətlə bağlı yanaşmasından da göründüyü kimi “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Odur ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı ərazi üzrə texniki paport almaq istəyirdi. Lakin əraziyə baxış keçirtmək mümkün olmurdu. Belə ki, cavabdehin oranı qeyri-qanuni satdığı şəxslər imkan vermirdi. Prezidentin sərəncamına əsasən vətəndaşın torpaqla bağlı 2007-ci ilədək köhnə bələdiyyə sənədləri, köhnə texniki pasport və s. varsa, vətəndaş çıxarış ala bilər. Cavabdehlər orada evlər inşa etmişlər.

17. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlərə və üçüncü şəxsə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir.

20. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 5.1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Maddə 67. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahəsi üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

21. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanunu: Maddə 5.1. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2008-ci il tarixli qərarı: Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz.

23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Maddə 119.6. Yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

25. Hazırkı işdə iddia təmin edildiyindən və apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən, habelə mübahisənin predmeti bölünməz olduğundan qətnamənin əsaslığı tam olaraq yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi və vəkilini dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməməlidir.

27. Məhkəmə kollegiyası qeyd edir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır.

28. İşə apellyasiya qaydasında baxılarkən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/9025 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən göstərilən torpaq sahəsi faktiki olaraq 1115.0 kv.m təşkil edir (sahə mübahisəlidir). Torpaq sahəsi mişar daşı ilə hasara alınaraq iki hissəyə ayrılıb (üzərində iki ədəd yaşayış evi mövcuddur). Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aiddir. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə keçmiş Qala 3-nömrəli Zeytunçuluq sovxozundan Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli, 2866 nömrəli müvafiq sərəncamı əsasında Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir. Sahə Dövlət mülkiyyətindədir. Sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Həmçinin torpaq sahəsinin qeydiyyatı barədə məlumat aşkar edilməmişdir.

29. Göründüyü kimi, mübahisəli torpaq sahəsi vahid elektron kadastr məlumat bazasına əsasən dövlət mülkiyyətinə aiddir.

30. Belə olduğu halda iddiaçının iddia etdiyi sahənin Xəzər rayonu Qala bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 477 saylı sərəncamı ilə iddiaçıya ayrılmış sahə olduğu təsdiq olunmur.

31. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddia etdiyi sahə dövlət mülkiyyətində olan sahə olduğundan iddiaçının dövlətə məxsus torpaq sahəsinin cavabdehlərin sahibliyindən geri alınaraq onun istifadəsinə verilməsi, həmin torpaq sahəsinin üzərindəki qanunsuz tikililərin cavabdehlərin hesabına sökülərək ərazidən çıxarılması barədə iddia irəli sürməyə subyektiv hüququ yoxdur.

32. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.2, 385, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(003)-139/2023 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “torpaq sahəsindən çıxarılma və tikililərin sökülməsi” tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 manat məbləğində dövlət rüsumu İddiaçı tutularaq Cavabdeh1 ödənilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində vəsait İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar