Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2320/2021 22.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçının nümayəndəsi yyyyyyyyyyyy iştirakı ilə, İddiaçı «xxxx» ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair 2(010)- 3630/2020 saylı mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 12 oktyabr 2020-ci tarixli qətnaməsindən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Mercedes Benz C180” minik markalı, ** TX *** nömrə qeydiyyat nişanlı avtomovilə vurulmuş ziyana görə ödənilmiş 4540 (dörd min beş yüz qırx) manat sığorta ödənişini və məhkəmənin hesabına köçürülmüş 30 (otuz) manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq «xxxx» ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Nissan Micra” markalı, **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən AD 178547 nömrəli şəhadətnamə ilə 24.04.2015-cü il tarixdən 23.04.2016-cı il tarixədək “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” ilə sığortalanmışdır. Cavabdeh özünə məxsus “Nissan Micra” markalı, **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobilli sürücülük hüququ olmadan idarə edərək 04 noyabr 2015-ci il tarixdə saat 02:34 radələrində Xətai rayonu Nobel prospekti ilə hərəkədə olduğu zaman işıqforun qırmızı işığında dayanmış vəziyyətdə olan “Mercedes Benz C180” markalı, ** TX *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili arxadan vurmuş, yol nəqliyyat hadisəsi nəticəsində həmin avtomobilin sahibi X1 maddi zərər dəymişdir. Hadisə ilə bağlı Xətai RPİ-nin DYPŞ tərəfindən araşdırma aparılmışdır. Araşdırma nəticəsində cavabdehin avtomobili sürücülük hüququ olmadan idarə etməsi məlum olmuş, lakin onun hərəkətində cinayət əməlinin tərkibi olmadığı üçün 18.11.2015-ci il tarixli qərarla cinayət işinin başlanılmasından imtina olunmuşdur. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 12 oktyabr 2020-ci tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, iddia ərizəsinə əlavə edilmiş AC N229074 nömrəli nəqliyyat vasitəsinin qeydiyya şəhadətnaməsindən müəyyən edilmişdir ki, ‘"Nissan Micra” markalı, **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdehdır. Eyni zamanda iddia ərizəsinə əlavə edilmiş və məhkəmə qətnaməsində əks edilmiş Xətai RPİ-nin cinayət işinin başlanmasından imtina haqqında 18.11.2015-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, sürücü Cavabdeh “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50.1-ci maddəsinin (hərəkət sürəti və nəqliyyat vasitələri arasında ara məsafəsi) tələbini pozmuş, sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsini idarə edərək yol nəqliyyat hadisəsini törətmişdir. Təhqiqat zamanı Cavabdeh bildirmişdir ki, Xətai rayonu Nobel prospekti ilə hərəkətdə olduğu zaman təzyiqin qalxdığından qarşıda işiqforun qırmızı işığında dayanmış Mersedes markalı **-TX-*** nömrəli avtomaşının dayandığını hiss etməmiş, elə bilmişdir ki, avtomaşın hərkətdədir və onu arxa hissəsindən vurmuşdur. Verilmiş suallara cavab olaraq Cavabdeh hadisə zamanı ayıq olduğunu, lakin sürücülük vəsiqəsinin olmadığını bildirmişdir. Həmin qərarla "Nissan Micra” markalı, **-UP- *** dövlət nömrə nişanlı avtomaşnının sürücüsü Cavabdeh əməlində cinayət tərkibi olmadığında barəsində cinayət işinə xitam verilməsi, qərarın surətinin icra olunması üçün Xətai RPİ-nin DYPŞ-yə göndərilməsi qərara alınmışdır. Beləliklə qərarla sübuta yetirilir ki, Cavabdeh “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50.1-ci maddəsinin tələbini pozaraq hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməmişdir. Cavabdeh Azərbaycan Respublikası İXM-nin 152.4-cü maddəsi ilə (nəqliyyat vasitələrini idarəetmə hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitələrinin idarə edilməsi nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətlərinin yetirilməsi və ya zərərçəkən şəxsə maddi zərər vurulması) nəzərdə tutulmuş xətanı törətmişdir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Belə ki, iş üzrə təqdid edilmiş sübutlarla müəyyən edilir ki, Xətai RPİ-nin TŞ-nin 18.11.2015-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən Cavabdeh əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanılması rədd edilmişdir. AC №seriyalı 229074 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, ** UP *** dövlət qeydiyyat nişanlı “Nissan Micra” minik markalı avtomaşının sahibi Cavabdehdır. AC № 287363 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, ** TX *** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz C180” minik markalı, avtomobilin sahibi Nəcəfov Əmrah Əli oğludur. «xxxx»ASC-nin dəymiş zərərin hesabatından müəyyən edilmişdir ki, “Mercedes Benz C180” markalı, ** TX *** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş maddi ziyanın aradan qaldırılmasına ümumilikdə 4540 manat məbləğində vəsait tələb olunmuşdur. 07.12.2015-ci il tarixli sığorta aktından görünür ki, “Nissan Micra” markalı, **-UP-*** dövlət qeydiyyat nişanlı avtomaşın 24.04.2015-ci ildən 23.04.2016-cı il tarixədək sığortalamışdır. 04.11.2015-ci il tarixdə Nobel prospekti ərazisində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz C180” markalı, ** TX *** dövlət qeydiyyat nişanlı avtomaşına 4540 manat məbləğində ziyan dəymişdir. 07.12.2015-ci il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, «xxxx» ASC tərəfindən həmin pul məbləği X2 hesabına köçürülmüşdür. İcbari sığorta müqaviləsinə dair məlumatdan müəyyən olunur ki, Cavabdeh “Nissan Micra” markalı, 90-UP826 dövlət qeydiyyat nişanlı avtomaşını 5000 manat məbləğində sığortalamışdır. Apellyasiya baxışında iddiaçının nümayəndəsinin təqdim etdiyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin 04.05.2021-ci il tarixli №016-51479- 1221 saylı məktubunda göstərilmişdir ki, Baş X5 İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1972-ci il təvəllüdlü Cavabdeh 03.05.2021-ci il tarixədək Azərbaycan Respublikasında sürücülük vəsiqəsi verilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalı, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd edilən Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 926.1-ci maddəsinə əsasən, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Mülki Məcəllənin 936-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir. Faydalanan şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həyat sığortası siniflərinə və fərdi qəza sığortasına aid olan hallarda subroqasiya hüququ tətbiq edilmir. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinin göstərişinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh həmin yol nəqliyyat hadisəsi zamanı avtomobilini sürücülük hüququ olmadan idarə etdiyi üçün iddiaçı zərərçəkənə ödədiyi icbari sığorta məbləğini cavabdehdən geri tələb etməkdə haqlıdır. Odur ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı «xxxx» ASC-nin apellyasiya şikayəti təmin olunsun. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 12 oktyabr 2020-ci tarixli, 2(010)- 3630/2020 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi təmin olunsun. “Mercedes Benz C180” minik markalı, ** TX *** nömrə qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyana görə ödənilmiş 4540 (dörd min beş yüz qırx) manat sığorta ödənişi və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı “xxxx» ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2320/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2320/2021
22.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver