Məhkəmə qərarları › İş №2(103)-2325/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2325/2021

23.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2325/2021 23.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «cavabdehi müəyyən hərəkətləri etməyə məcbur etmə» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(006)-218/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «cavabdehi müəyyən hərəkətləri etməyə məcbur etmə» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, ünvan 2, 17 saylı mənzildə mütəxəssis tərəfindən texniki inventarlaşdırma (yoxlama-olçü) işlərinin aparılması üçün Cavabdeh tərəfindən mənzilə daxil olmağa şərait yaratmasına məcbur edilməsi, vurduğu mənəvi ziyana görə 280 manat məbləğində kompensasiya alınaraq iddiaçıya verilməsi və iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumunun və 0,40 bank xidmət haqqının cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının atası X8 xx.xx.2018-ci il tarixdə rəhmətə getmiş və ona məxsus ünvan 2, mənzil 17 miras qalmışdır. Atası rəhmətə getdikdən sonra onun qanun üzrə vərəsələri kimi iddiaçı və bacısı Cavabdeh qalmışlar. Qanun üzrə vərəsə kimi mirasdan iddiaçıya çatası paya qanun üzrə vərəsəlik haqqında şəhadətnamə almaq üçün müvafiq notariat kontoruna sənədləri toplayaraq muraciət etmişdir. Lakin, bacısı Cavabdeh mənzilin açarını dəyişərək Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssislərini mənzilə buraxmamışdır. Belə ki, vərəsəlik haqqında şəhadətnamənin alınması üçün idarənin mütəxəssisləri tərəfindən texniki inventarlaşdırma işlərinin aparılması tələb olunur. X4 vəziyyətdən suiistıfadə edərək, qanunsuz olaraq iddiaçının hüquqlarının həyata keçirilməsinə maneələr törətmişdir. İddiaçının dəfələrlə ona müraciət etməsinə, danışıqlar aparmasına cəhd etməsinə baxmayaraq, heç bir faydası olmamışdır. Cavabdeh iddiaçının hüquqlarını kobud şəkildə pozmaqda davam edir. İddiaçı tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilməsinə baxmayaraq, araşdırma zamanı yoxlama-ölçü işlərinin aparılması üçün mütəxəssislərə şərait yaradılmadığından, yəni mənzilin qapısı cavabdeh X5 tərəfindən açılmadığından ərizənin icrası mümkün olmamışdır. Qeyd olunanlardan əlavə 29 saylı X9 notariusu Daşınmaz Əmlakın Dövlət Reyestri Xıdmətinin 1 saylı Bakı Ərazi İdarəsinə xx.xx.2018-ci il tarixli məktub ünvanlayaraq ünvan 2, 17 saylı mənzilin təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair arayışın verilməsini xahiş etmiş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi isə idarənin mütəxəssisləri tərəfindən inventarlaşdırma işlərinə şərait yaradılmadığından, yəni mənzilin qapısı Cavabdeh tərəfindən açılmadığından ərizənin icrası mümkün olmamışdır. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(006)- 218/2020 saylı qətnaməsi ilə (hakim Ramin Xəlilov) iddia təmin olunmuş, ünvan 2, 17 saylı mənzildə mütəxəssis tərəfindən texniki inventarlaşdırma (yoxlama-olçü) işlərinin aparılması üçün Cavabdeh tərəfindən mənzilə daxil olmağa şərait yaradılmasına məcbur edilməsi, vurduğu mənəvi ziyana görə 280 manat məbləğində kompensasiyanın, ödənilmiş 10 manat dövlət rüsumunun və 0,40 bank xidmət haqqının Cavabdeh alınaraq İddiaçı verilməsi qət olunmuşdur. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək onun ləğv olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini - birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, iddiaçının tanımadığı bir şəxslə evə gəlməsi, lakin həmin şəxsi tanımadığı üçün onlara mane olub evə buraxmaması və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, işə əlavə olunmuş AZ-İ seriyalı 940928 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X11 xx.xx.2018-ci il tarixdə ölmüşdür. İşdə olan texniki pasportdan görünür ki, ünvan 2 ünvanında yerləşən 17 nömrəli mənzilin texniki pasportu X6 adına tərtib olunmuş və xx.xx.2003-cü il tarixdə 81 inventar nömrəsi ilə qeydiyyata alınmışdır. İşdə olan Bakı şəhəri 29 saylı X9 notariusu X2 DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsinə ünvanladığı xx xxxxxxxx 2018-ci il tarixli, 655 nömrəli məktubundan görunur ki, X6 xx.xx.2018-ci il tarixdə vəfat etməsi ilə əlaqədar onun qanun üzrə vərəsəsi İddiaçı miras əmlaka şəhadətnamə verilməsi barədə ərizəsinə əsasən ünvan 2, mənzil 17-yə daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın (forma № 1) verilməsi xahiş olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2018-ci il tarixli **********06 saylı və xx.xx.2018-ci il tarixli **********221 saylı məktublarından görünür ki, ünvan 2 ünvanında yerləşən 17 nömrəli mənzildə yoxlama-ölçü işlərinin aparılması üçün mütəxəssislərə şərait yaradılmamışdır. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi ilə - xx xxxx 2018-ci il tarixdə vəfat etmiş X3 miras qalmış Bakı şəhəri, Nəsimi rayonu, D.Əİiyeva küçəsi, 178 saylı evin 17 saylı mənzilin iki otaqdan ibarət hissəsinə iddiaçı Cavabdeh və cavabdeh İddiaçı hər birinin miras payının ½ hissədə müəyyən edilməsi qət edilmiş, həmin qətnamə dəyişdirilmədən saxlanılmış, Cavabdeh kassasiya şikayəti təmin olunmamışdır. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarına əsasən iddiaçı və cavabdeh bacı-qardaşdır, onların atası X11 xx xxxx 2018-ci il tarixdə vəfat etmişdir. İddiaçı atasından qalmış mirasdan ona çatası paya qanun üzrə vərəsəlik haqqında şəhadətnamə almaq üçün müvafiq notariat kontoruna muraciət etmiş, notariat kontoru Daşınmaz Əmlakın Dövlət Reyestri Xıdmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək, ünvan 2, 17 saylı mənzilin təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair arayışın verilməsini xahiş etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2018-ci il tarixli **********06 saylı və xx.xx.2018-ci il tarixli **********221 saylı məktublarla mənzildə yoxlama-ölçü işlərinin aparılması üçün mütəxəssislərə şərait yaradılmadığından ərizənin icrası mümkün olmamışdır. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx.xx.2019cu il tarixli qətnaməsi ilə xx xxxx 2018-ci il tarixdə vəfat etmiş X3 miras qalmış Bakı şəhəri, Nəsimi rayonu, D.Əİiyeva küçəsi, 178 saylı evin 17 saylı mənzilin iki otaqdan ibarət hissəsinə iddiaçı Cavabdeh miras payının 1/2 hissədə və cavabdeh İddiaçı miras payının 1/2 hissədə müəyyən edilmiş və qətnamə qanuni qüvvəyə minmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, ünvan 4 ünvanında yerləşən 17 saylı mənzildə mütəxəssis tərəfindən texniki inventarlaşdırma (yoxlama-olçü) işlərinin aparılması üçün Cavabdeh tərəfindən mənzilə daxil olmağa şərait yaradılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxxx 2011-ci il tarixli; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2011-ci il tarixli; Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə x xxxxxxx 2012-ci il tarixli Qərarları). Mülki Məcəllənin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mülki Məcəllənin 1243.2-ci maddələsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Müəyyən olunduğu kimi – tərəflər bacı-qardaş olmaqla, ataları X11 xx xxxx 2018-ci il tarixdə vəfat etmiş, bundan sonra iddiaçı qanun üzrə birinci növbəli vərəsə kimi müvafiq şəhadətnamənin verilməsi üçün notariat kontoruna müraciət etmiş, notariat kontoru DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsinə məktub ünvanlayaraq miras əmlak olan ünvan 2, mənzil 17-yə daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın (forma № 1) verilməsini xahiş etmiş, lakin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssislərinə qeyd edilən ünvan üzrə müvafiq yoxlama-ölçü işlərinin aparılması üçün şərait yaradılmaması səbəbindən arayışın verilməsi mümkün olmamışdır. İddiaçı iddia etmişdir ki, cavabdeh miras qalmış ünvan 2 ünvanında yerləşən 17 nömrəli mənzildə yoxlama-ölçü işlərinin aparılması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssislərə mane olmuş, bu səbəbdən də vərəsə kimi hüquqları pozulmuş, şəhadətnamə ala bilməmişdir. İddiaçı iddia tələbinin əsası kimi sübutlarını (ölüm haqqında şəhadətnamə, notariat orqanının, DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsinin məkbutları və s.) məhkəməyə təqdim etmişdir. Cavabdeh isə bunun əksini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda, cavabdehin özü apellyasiya şikayətində göstərmişdir ki, iddiaçı həqiqətən bir nəfər şəxslə evə gəlmiş, lakin o, həmin şəxslərin evə daxil olmalarına mane olmuşdur. Məhkəmə kollegiyası, həmçinin qeyd etməyi zəruri hesab edir ki, cavabdehin özünun də qanun üzrə birinci növbəli vərəsə olması halı, sonuncuya digər vərəsənin (iddiaçının) miras əmlakla bağlı hüquqlarının qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsinə mane olmaq hüququ verməmişdir. Mülki Məcəllənin 560-cı maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədilə istifadə edilməsi yolverilməzdir. Mülki Məcəllənin 1255-ci maddəsinin tələbinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «Mançini İtaliyaya qarşı» işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. «Loizidu Türkiyəyə qarşı» iş üzrə X14 Məhkəməsinin qərarında göstərilir ki, şəxsin öz mülkiyyətinə daxil olmaq imkanından məhrum edilməsi nəticəsində onun mülkiyyəti üzərində nəzarəti və həmçinin mülkiyyətindən maneəsiz istifadə etmək imkanını tamamilə itirməsi mülkiyyətçinin ona məxsus əmlakına mülkiyyət hüququnun, bununla da «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin tələblərinin pozulması baş vermişdir. Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarını, işdəolan sübutları və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı «ünvan 2, 17 saylı mənzildə mütəxəssis tərəfindən texniki inventarlaşdırma (yoxlama-olçü) işlərinin aparılması üçün Cavabdeh tərəfindən mənzilə daxil olmağa şərait yaradılmasına məcbur edilməsi» hissədə təmin etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri qətnamənin həmin hissədə ləğvinə əsas ola bilməz. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mənəvi ziyanın tutulması hissədə də əsaslıdır. Belə ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Konstitusiya Məhkəməsinin göstərilən Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Həmin Qərara əsasən mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya»nın müddəaları və X14 Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Məhkəmə kollegiyası işin hallarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, vurulmuş mənəvi zərərin 280 manat məbləğində pul vəsaiti ilə kompensasiya edilməsi ədalətli və ağlabatandır. Çünki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində uzun müddət atasından miras qalmış əmlaka vərəsəlik hüquqlarını rəsmiləşdirə bilməmiş, ona qarşı törədilən qanunsuz hərəkət şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olmuş, mənəvi sarsıntı keçirmişdir. «İnsan hüquqlarının və X7 haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası formal mülahizələrə söykənən apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, onları əsassız hesab edir. Birinci insitansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «cavabdehi müəyyən hərəkətləri etməyə məcbur etmə» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(006)-218/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(006)-218/2020 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza var. Hakimlər: imzalar var. Əsli ilə düzdür: Sədrlik edən Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar