Məhkəmə qərarları › İş №2(103)-2328/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2328/2023

09.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2328/2023 09.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və X1 ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1915/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK-dan 77.460 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1915/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh MTK-ya qarşı “pulun tutulması” tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil2 elektron məhkəmə informasiya sistemi vasitəsilə ərizə və şikayətlə məhkəməyə müraciət edərək, şikayətin verilməsi üçün müəyyən edilmiş müddətin buraxılmasının səbəbinin üzrlü hesab edilməsi və prossesual müddətin bərpa olunaraq şikayətin təmin edilməsini və ya şikayətin mülki işlə birlikdə Bakı Apellyasiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1915/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı nümayəndəsi və vəkili X2 ərizəsi təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1915/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən şikayətin verilməsi üçün mülki-prosessual qanunvericiliklə müəyyən edilmiş müddətin buraxılmasının səbəbi üzürlü hesab edilməklə, buraxılmış müddət bərpa edilmiş, İddiaçı nümayəndəsi və vəkili X2 şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1915/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından İddiaçı nümayəndəsi və vəkili X3 tərəfindən verilmiş şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh MTK arasında 10 yanvar 2019-cu il tarixdə bağlanmış B-143/12 saylı müqaviləyə əsasən cavabdeh ünvan 1 ünvanda inşa edilən yaşayış binasının B blokunun, 12-ci mərtəbəsində ümumi sahəsi 152,43 kv.m olan 3 otaqlı B02 saylı mənzili inşa edib iddiaçıya təhvil verməyi, iddiaçı isə həmin mənzilin dəyərini təşkil edən 152.430 manat pulu cavabdehə ödəməyi barədə üzərinə öhdəlik götürmşdür. Cavabdeh tərəfindən verilmiş 116 saylı, 10 yanvar 2019-cu il tarixli maliyyə arayışına əsasən iddiaçı qeyd edilən mənzilin dəyərini tam ödəmiş, onun həmin müqavilə üzrə borcu yoxdur. Lakin bundan sonra həmin mənzilin təhvil verilməsi ilə bağlı tərəflər arasında mübahisə yaranmış və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1689/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçının iddiası təmin edilərək, qeyd edilən mənzil ona təhvil verilmiş, cavabdehin 10 yanvar 2019cu il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddiası rədd edilmişdir. Həmin qətnamədən cavabdehin apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2844/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Cavabdehin kassasiya şikayətinə əsasən iş Azərbaycan Respublikasının Ali Məhkəməsinin icraatında olan zaman tərəflər razılığa gələrək, barışıq sazişi bağlanmışlar və həmin saziş Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4638/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə təsdiq edilmişdir. Sazişdə mübahisəli mənzilin əvəzinə cavabdeh tərəfindən iddiaçıya ünvan 1 ünvanında inşa edilmiş yaşayış evinin A blokunun 9-cu mərtəbəsində yerləşən və ümumi dəyəri 74.97 kv.m. olan 2 otaqdan ibarət A9-4 saylı mənzili təhvil verildiyi, cavabdehin iddiaçıya qarşı qaldırdığı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiasından və kassasiya şikayətindən imtina etdiyi və işə xitam verilməsini xahiş etdiyi, iddiaçının qeyd edilən A9-4 saylı mənzili cavabdehdən qəbul etdiyi, iddiaçının cavabdehə qarşı olan “mənzilin təhvil verilməsi” tələbinə dair iddiasından imtina etdiyi və işə xitam verilməsini xahiş etdiyi göstərilmişdir. Bundan sonra sazişə uyğun olaraq tərəflər arasında bağlanmış 16 iyul 2021-ci il tarixli müqaviləyə əsasən cavabdeh tərəfindən iddiaçıya qeyd edilən 2 otaqlı A9-4 saylı mənzil təhvil verilmişdir. Hazırda iddiaçı cavabdehə qarşı iddia qaldıraraq, aralarında bağlanmış barışıq sazişinə əsasən ona ümumi dəyəri 74.970 manat olan mənzilin təhvil verildiyini, 10 yanvar 2019-cu il tarixli müqavilə üzrə isə tərəfindən 152.430 manat məbləğində pulun ödənildiyini, barışıq sazişində bu fərqin ödənilməməsi barədə hər hansı şərtin qeyd edilmədiyini bildirir və bu məbləğlərin fərqini təşkil edən 77.460 manat məbləğində pulu tələb edir. Cavabdeh iddianı əsassız hesab edir və mübahisənin artıq barışıq sazişi ilə həll edildiyini, həmin sazişin məhkəmə tərəfindən təsdiq edildiyini bildirir və iddianın rədd edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim işi üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Hazırda iddiaçı 10 yanvar 2019-cu il tarixli müqavilənin predmeti olan mənzilə görə ödədiyi pulun bir hissəsini cavabdehdən tələb edir. Halbuki, bu mənzilin təhvil verilməsini məhkəmə qaydasında mübahisələndirmiş və mübahisəyə Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən baxılan zaman həmin mənzilin əvəzinə başqa bir mənzilin ona təhvil verilməsi ilə bağlı cavabdehlə razılığa gələrək, “mənzilin təhvil verilməsinə” dair iddiasından imtina etmişdir. Nəticədə onların arasında bağlanmış barışıq sazişi qeyd edilən məhkəmənin 2(002)-4638/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə təsdiq edilərək, iş üzrə icraata xitam verilmişdir. Bununla belə, iddiaçı sazişdə göstərilən mənzili qəbul etməklə və 10 yanvar 2019-cu il tarixli müqavilənin predmeti olan mənzilin ona təhvil verilməsi barədə iddiasından imtina etməklə hüquqi nəticə etibarı ilə həmin mənzilə görə ödədiyi pulun qaytarılması tələbindən də imtina etmişdir. Sazişdə cavabdeh tərəfindən iddiaçıya hər hansı zərər məbləğinin və ya pul fərqinin ödənilməsi barədə qeyd-şərt təsbit edilməmişdir. Başqa sözlə, iddiaçı ilə cavabdeh arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin artıq qanuni qüvvəsini almış qərardadı mövcuddur. Bu da öz növbəsində onun hazırki iddiası üzrə mülki işin icraatına xitam verilməsini şərtləndirir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən məsələ üzrə düzgün nəticəyə gəlmişdir və şikayətin dəlilləri məhkəmənin qərardadının ləğv edilməsi üçün əsas deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ : Şikayət təmin olunmasın. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1915/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar