Məhkəmə qərarları › İş №2(103)-2329/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2329/2021

17.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2329/2021 17.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X3 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “akt qeydində düzəliş edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, Cavabdeh2 tərəfindən onun doğumunun qeydiyyata alınmasına dair vətəndaşa məxsus akt qeydində ad qrafasında “Lida” adına düzəliş edilərək, “Leyla” adının həmin qrafada yazılması; Cavabdeh2 tərəfindən xx.xx.1950-ci il tarixdə tərtib edilmiş 76 saylı doğum haqqında akt qeydində doğum haqqında məlumatın Bakı şəhəri yazılması; İddiaçı doğumu haqqında şəhadətnamədə doğum yerinin “Göyçay” şəhərindən “Bakı” şəhərinə dəyişdirilməsi düzəlişinin aparılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə, iş üzrə icraata xitam verilmiş, iddiaçıya izah olunmuşdur ki, hazırkı iddia tələbi ilə bağlı ərazi yurisdiksiyası üzrə fəaliyyət göstərən inzibati məhkəməyə müraciət etmək hüququna malikdir. İddiaçı, həmin qərardaddan şikayət verərək, onun ləğv edilməsi, mülki işin baxılması üçün Nəsimi Rayon Məhkəməsinə qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, iddia tələbi ondan ibarət olmuşdur ki, iddiaçı xx.xx.1950-ci il tarixdə Bakı şəhərində doğulmuşdur və Azərbaycan Respublikasının vətəndaşıdır. Doğumu xx.xx.1950-ci il tarixdə, 227 saylı akt qeydi ilə qeydiyyata alınmış və doğum haqqında şəhadətnamə verilmişdir. O, doğularkən adı Lida, soyadı Mərdaxayeva, ata adı Mərdan olmuşdur. xx.xx.1996-cı il tarixdə X1 qeyd olunmuş adı və soyadı dəyişdirilərək, İddiaçı kimi yazılmış və ona Göyçay rayon VVAQ şöbəsi tərəfindən həmin tarixli XİX-JQ429656 saylı doğum haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə doğum yeri Göyçay şəhəri göstərilmişdir. Faktiki olaraq isə o, xx.xx.1950ci il tarixdə Bakı şəhərində doğulmuşdur. İddiaçı Bakı şəhəri, Nəsimi RPİ tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli AZE 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində doğum yeri Azərbaycan Respublikası, Bakı şəhəri qeyd edilmişdir. Nəsimi Rayon Məhkəməsi, xx xxxx 2020-ci il tarixli qərardadı ilə şikayəti rədd edərək, işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş olan sənədlərdən görünür ki, xx.xx.1986-cı il tarixdə təkrar verilmiş XİX- JQ 429656 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən, İddiaçı xx.xx.1950-ci ildə Göyçay şəhərində doğulmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1950-ci il tarixdə 227 nömrə ilə qeyd edilmişdir. xx.xx.2004-cu ildə Nəsimi RPİ tərəfindən verilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən, İddiaçı xx.xx.1950-ci ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Sverdlov dön., 9/41 saylı ev, 2 saylı mənzildə qeydiyyatdadır. Cavabdeh2 tərəfindən xx.xx.2019-cu il tarixli xx.xx.2020-ci il tarixli məktublarla İddiaçı təkrar doğum haqqında şəhadətnaməsinin verilməsinə dair ərizə ilə əlaqədar bildirilmişdir ki, İddiaçı doğum haqqında akt qeydi xx.xx.1950-ci ildə 227 saylı akt qeydi ilə qeydə alınarkən soyadı Mərdaxayeva, adı Lida kimi qeydə alınmışdır. xx.xx.1996-cı ildə İddiaçı Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən göndərilmiş bildirişə əsasən düzəliş olunaraq İddiaçı kimi təkrar doğum haqqında şəhadətnamə verilsə də, vətəndaşa məxsus akt qeydində ad qrafasında Lida adına heç bir düzəliş olunmamışdır. Akt qeydinə düzəliş və dəyişikliyin edilməsi üçün Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161-ci maddəsinə uyğun olaraq əsaslı sübutlar olmalıdır. Lakin o, Cavabdeh2nə kifayət qədər sübutlar təqdim edə bilmir. Onun təqdim etdiyi sənədlə akt qeydində uyğunsuzluq olduğu üçün ona təkrar doğum haqqında şəhadətnamənin verilməsi mümkün deyildir. Bakı şəhəri Cavabdeh1 tərəfindən xx.xx.2019-cu il tarixli və məktubla bildirilmişdir ki, X2 doğumu haqqında akt qeydinə düzəliş edilərək uşaq haqqında məlumat qrafasında adının “Lida”dan “Leyla”ya, doğum yerinin “Göyçay” rayonundan “Bakı” şəhərinə düzəliş edilməsi barədə Cavabdeh1nə daxil olmuş ərizəyə baxılmışdır. Sənədlər nəzərdən keçirilərkən Cavabdeh2 tərəfindən xx.xx.1950-ci il tarixdə tərtib edilmiş 76 saylı doğum haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında həmin şəxsin adı “Lida” yazıldığı, doğum yeri haqqında məlumat olmadığı halda, Nəsimi RPİ tərəfindən xx.xx.2004-cü il tarixdə verilmiş AZE № 0******* nömrəli şəxsiyyət vəsiqəsində isə həmin şəxsin adının “Leyla”, doğum yerinin “Bakı” şəhəri göstərildiyi müəyyən edilmişdir. Təqdim edilən sənədlər arasında ziddiyyət olduğundan qeydiyyat şöbəsində müvafiq düzəlişin edilməsi mümkün olmamışdır. Birinci instansiya məhkəməsi iz üzrə icraata xitam verərkən, mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı şəxsi məlumatların dəyişdirilməsi ilə əlaqədar müvafiq vətəndaşlıq vəziyyəti aktları qeydiyyatını aparan dövlət orqanlarına müraciət etmək, bu təşkilatların imtina cavablarından, hərəkətlərindən və ya hərəkətsizliyindən narazı qaldığı təqdirdə isə inzibati icraat qaydasında məhkəməyə müraciət etmək hüququna malikdir. Çünki vətəndaşla adıçəkilən təşkilatlar arasında yaranan münasibətlər, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri inzibati orqan olduğundan, inzibati mübahisə kateqoriyasına aiddir və beləliklə də bu cür tələblərə ümumi məhkəmədə baxıla bilməz. Kollegiya, rayon məhkəməsinin gəldiyi bu qənaətlə razılaşmayaraq, hesab edir ki, hazırkı iddianın aidiyyəti üzrə ümumi məhkəmədə qaldırılması məhkəmə aidiyyəti qaydalarına uyğun olmuşdur. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 4 nömrəli qərarının 9.1-ci və 9.2-ci bəndinlərinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə (vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizələr istisna edilməklə (MPM-in XXXVİİ fəsli), habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlarda qeydə alınmalı olan hüquqlara dair maraqlı şəxslər arasındakı mübahisələrə (nikahın etibarsızlığı, atalığın müəyyən edilməsi, valideynlər tərəfindən uşağa adın verilməsi və s.) mülki məhkəmə icraatı qaydasında baxılır. Göründüyü kimi, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı yaranmış mübahisələrin məhkəmə aiddiyyəti ilə bağlı məhkəmələr tərəfindən yol verilən pozuntuların aradan qaldırılması və bununla bağlı yanlış məhkəmə təcrübəsinin formalaşmasının qarşısının alınması məqsədilə Plenum tərəfindən bu məsələ dəqiq şəkildə məhkəmələrə izah olumuş və bildirilmişdir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı aparan orqanlar tərəfindən akt kitablarında qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə, habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında ; hüquq haqqında mübahisə olmadığı halda akt kitablarında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizələrə xüsusi icraat qaydasında ümumi məhkəmələrdə ; qeydə alınmalı olan hüquqlara dair maraqlı şəxslər arasındakı mübahisələrə isə iddia icraatı qaydasında ümumi məhkəmələrdə baxılmalıdır. Baxılan işdən görünür ki, iddiaçı xx.xx.1950-ci il tarixdə Bakı şəhərində doğulmasına və şəxsiyyət vəsiqəsində də düzgün olaraq doğum yerinin “Bakı” şəhəri göstərilməsinə baxmayaraq, Cavabdeh2 tərəfindən xx.xx.1950-ci il tarixdə tərtib edilmiş 76 saylı doğum haqqında akt qeydində doğum haqqında məlumatın olmadığını, sonradan ad və soyadını dəyişdirərkən ona təkrar verilmiş xx.xx.1986-cı il tarixli, XİX-JQ 429656 nömrəli doğum haqqında şəhadətnamədə isə doğum yerinin səhvən “Göyçay” şəhəri qeyd olunduğunu bildirərək, Cavabdeh2 tərəfindən xx.xx.1950-ci il tarixdə tərtib edilmiş 76 saylı doğum haqqında akt qeydində doğum haqqında məlumatın “Bakı” şəhəri yazılması və həmin qeydə adının dəyişdirilməsi barədə müvafiq düzəliş edilməsi barədə ərizə ilə Cavabdeh2nə müraciət etmiş, lakin həmin orqan tərəfindən sənədlər arasında uyğunsuzluq olması səbəbilə bundan imtina edilmişdir. Göründüyü kimi, iddiaçının hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə təmin etmək istədiyi mənafeyi doğum haqqında akt qeydində doğum yerinin və adının düzgün olmamasının müəyyən edilməsindən ibarət olmuşdur və işin halları baxımından qeydə alınmalı olan hüquqlara dair hər hansı mübahisənin olması faktı müəyyən edilmir. Belə olan halda, Kollegiya hesab edir ki, işə MPM-in “Vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi” başlıqlı XXXVİİ fəslinə uyğun olaraq xüsusi icraat qaydasında ümumi məhkəmədə baxılmalı və həll edilməlidir. Odur ki, Kollegiya qeyd olunanlara əsasən bu qənaətə gəlir ki, Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli və mahiyyəti üzrə baxılması üçün iş həmin məhkəməyə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam ləğv edib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı şikayəti təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(004)-2144/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin və İddiaçı iddia ərizəsinə mahiyyəti üzrə baxılması üçün iş həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar