Məhkəmə qərarları › İş №2(103)-233/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-233/2020

09.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-233/2020 09.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Axundovanın katibliyi ilə, Cavabdeh iştirakı ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(006)-6581/2018 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Novurz oğlundan ona vurduğu 5000 manat maddi və 3000 manat mənəvi zərərin əvəzinin və ödənilmiş dövlət rüsumunun tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, ünvan 1 ünvandakı binanın 1-ci mərtəbəsində yerləşən 5 otaqdan, 136.2 kv.m yaşayış, 52.4 kv.m köməkçi sahədən ibarət ev onun xüsusi mülkiyyətində olan əmlakdır. Həmin əmlak onun valideynlərindən miras qalmış və ******* saylı xx xxxx 2017-ci il tarixli DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışla əmlakın dövlət qeydiyyatından keçmişdir. Qeyd olunan ünvanda 1 otaqlı mənzilin sahibi, iş üzrə cavabdeh mənzilin üst qatında və 1-ci mərtəbədə özünə məxsus bir otaqlı mənzilinin üst qatında qanunsuz tikililər aparmışdır. xx xxxxxxxx 2018-ci il tarixdə 08:30 radələrində cavabdehə məxsus mənzildən mənzilinə su axmış, mənzili tam yararsız hala düşmüş və onun əmlakına külli miqdarda maddi, özünə isə mənəvi zərər dəymişdir. Bu fakt həmin ünvanda yaşayan qanşular tərəfindən aktlaşdırılmış və su axma video çəkilişdə qeydə alınmışdır. Hal-hazırda cavabdehin təqsiri üzündən ona 5000 manat maddi və 3000 manat mənəvi zərər dəymişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir. İddiaçı tərəfindən Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən şikayət verilərək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, cavabdeh ərazi üzrə Nəsimi rayon İcra Hakimiyyətinin MKTB-nin 41 saylı MİS-nin mühəndisi olduğundan öz qulluq səlahiyətlərindən suiistifadə edərək MİS-nin əməkdaşlarına yerli baxış keçrilməsi və akt tərtib olunmasına imkan verməmişdir. Qonşular bundan sonra məcbur olub qonşuların iştirakı ilə akt tərtib etmişlər. Sənədləri toplayaraq məhkəməyə müraciət etmiş və məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul etməsini xahiş etmişlər. Məhkəmənin hazırlıq baxışında iştirak etdikdən sonra iddiaçı xəstəliyi ilə əlaqədar xx.xx.2019-cu il tarixə təyin olunmuş məhkəmə baxışında iştirak etməmişdir. Lakin iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək iddianı müdafiə etmiş və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda məhkəməyə vəsatət verərək xahiş etmişdir ki, məhkəmə texniki ekspertiza keçirilməsini, real zərərin müəyyənləşdirilməsini xahiş etmişdir. (ərizənin və vəsatətin surəti şikayətə əlavə olunur.) Hələ məhkəmənin hazırlıq iclasında məhkəməyə sədrlik edən hakim N. Tağıyeva bildirmişdir ki, zərəri müəyyən etmək üçün texniki ekspertiziya keçrilməli real zərər müəyyən olunmalıdir. Məhkəmə iddiaçının xəstə olduğundan sui-istifadə edib, cavabdehin müdafiəçisi kimi çıxış edərək heç bir ekspertiza keçirmədən, mənzilə yerli baxış keçirmədən, həmin ünvanda yaşayan şahidləri, aktı tərtib edən qonşuları dindirmədən, heç bir araşdırma aparmadan, öz maraqları daxilində qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə qətnaməsini onunla əsaslandırmağa çalışmışdır ki, güya iddiaçı “öz iddiasına əsasına dair hər hansı məbləğdə maddi və mənəvi zərərin vurulduğuna və həmin zərərin nədə ifadə olunduğuna dair hər hansı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir və məhkəmə hesab edir ki,iddia rədd olunmalıdır.” Məhkəmə bu nəticəyə gəlməklə səhv buraxmışdır. Məhkəmə təqdim edilən sübutlar əsasında ekspertiza təyin etməli idi, yerli baxış keçiritməli idi, məhkəmədə aktı tərtib edənləri və şahidləri, iddiaçı, cavabdehi dindirməklə nəticəyə gəlməli idi. Digər tərəfdən Bakı şəhər Nəsimi rayon Məhkəməsi xx.xx.2019-cu il tarixdə qəbul etdiyi öz əsassız, qanunsuz qətnaməsini xx.xx.2019-cu ilə kimi iddiaçıdan gizlətmişdir. Dəfələrlə məhkəməyə müraciət etdikdə iddiaçıya iclas katibi bildirmişdir ki, iş texniki ekspertizaya göndərilib. Yalnız təqribən 2 ay sonra məhkəmə qətnaməni iddiaçıya göndərmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək, etirazında göstərilənlərə uyğun məzmunda izahat verərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərək, iddiaçı tərəfindən sübutların təqdim olunmadığına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmir. Buna görə də, məhkəmə kollegiyası bu kontekstdə cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməməli, qətnamə ləğv edilməli, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, İbrahim Əbilov küçəsi ev 114 9 otaq y/s- 136.2 kv.m, k/s 52.4 kv.m ibarət olan mənzil xx xxxx 2017-ci il tarixdə İddiaçı, 1 otaq y/s-12,5 kv.m, k/s-7,5 kv.m ibarət olan sahə xx.xx.2015-ci ildə Cavabdeh mülkiyyətinə keçmişdir. İş materiallarında olan qonşular tərəfindən tərtib edilmiş aktdan görünür ki, onlar xx xxxxxxxx 2018-ci il tarixdə saat 08-30-da qonşu Cavabdeh mənzilindən 1-ci mərtəbədə yerləşən iddiaçının evinə suyun axıdılmasını təsdiq edirlər. Kollegiya qeyd edir ki, İddiaçı məxsus ünvan 1 ünvandakı evinə Cavabdeh yaşadığı hissədən suyun axıdılmasının müəyyən edilməsi xüsusi bilik tələb edən məsələ olduğundan, kompleks məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizası keçirilmişdir. Məhkəmə-tikinti texnika ekspertizanın xx.xx.2019-cu il tarixli, 15264 saylı rəyindən görünür ki, ünvan 1 saylı ünvanda İddiaçı məxsus mənzilin divarı və tavanı üzərində su sızma ləkələrinin olduğunı nəzərə alaraq, Cavabdeh məxsus mənzildən suyun sızması müəyyən edilir. ünvan 1 saylı ünvanda İddiaçı məxsus mənzilinə suyun axması nəticəsində mənzilinin tikililərində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir bərpa işlərinin dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 742,0 manat məbləğində olduğu müəyyən edilir. Məhkəmə-əmtəəşünaslıq ekspertizanın xx.xx.2020-ci il tarixli, 9/414 saylı rəyindən görünür ki, su sızması nəticəsində ünvan 1 saylı ünvanında binanın 1-ci mərtəbəsində yerləşən mənzildə ekspert baxışına təqdim olunmuş istifadədə olmuş əşyalara dəymiş ziyan təxminən 620,0 manat müəyyən olunur. Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş kompleks məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizalarının rəyləri mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspertlər qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertlərin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş kompleks məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizalarının rəyləri mötəbər sübut kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-nin 1096.1-ci və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-nin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. MM-nin 1111.2-ci maddəsinin tələbinə görə, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. MM-nin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Göründüyü kimi, iddia tələbinin hüquqi əsası kimi qeyd edilən maddələrin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. İşin araşdırılmış halları ilə müəyyən olunur ki, cavabdehin evindən iddiaçının evinə su sızması sızması nəticəsində iddiaçının mənzilinə və əmlakına maddi zərər dəyməsi müəyyən olunur. Kollegiya, hazırkı işin müəyyən edilmiş hallarına mülki hüquq pozuntusu (delikt) aspektindən yanaşaraq bildirir ki, cavabdehin iddiaçı qarşısında delikt normaları çərçivəsində mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan şərt mövcuddur. Kollegiya hesab edir ki, ekspert rəyi əsasında iddiaçının mənzilinə və əmlakına vurulmuş zərər 1362 (742+620) manat müəyyən etməklə, iddia tələbi 5000 manat maddi zərərin tələb edilməsi hissəsində qismən təmin edilməlidir. Mənəvi zərərlə bağlı kollegiya aşağıdakıları qeyd edir: “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələrtərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03noyabr 2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialarabaxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və Əsas AzadlıqlarınMüdafiəsi Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərinödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə X3Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və Əsas AzadlıqlarınMüdafiəsi Haqqında Konvensiya”nın 41-ci maddəsinə və X3 Məhkəməsininpresedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqdaödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərinödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsiüçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiqqanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülkihüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenumum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “X2 X1 Konvensiya”nın müddəaları və X3Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və yaqanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habeləəmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsəmənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqihərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə olunabilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlbedilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisnaetmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097cimaddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki,iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və yahərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərərarasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənəvi sarsıntılar keçirməsi, qanunsuz hərəkətlə mənəvi zərərarasında səbəbli əlaqənin olması barədə sübutlar təqdim etmədiyindən, iddia tələbi mənəvi zərərlə bağlı hissədə təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəf işə baxılması ilə bağlı 30 manat dövlət rüsumu ödədiyindən, iddia dövlət rüsumunun məbləği ilə bağlı hissədə iddianın təmin edilmiş hissəsinə münasib olaraq təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 5,1 manat dövlət rüsumu tutulmalıdır. İş üzrə apellyasiya mərhələsində keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 200 manatın 34 manatı cavabdehdən, 166 manatı iddiaçıdan alınaraq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1, 88-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 385.1.1, 385.1.2, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(006)- 6581/2018 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh Novurz oğlundan İddiaçı xeyrinə 1362 (min üç yüz altmış iki) manat maddi zərər və 5,1 (beş manat on qəpik) manat dövlət rüsumu, cəmi 1367,1 (min üç yüz altmış yeddi manat on qəpik) manat tutulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 200 (iki yüz) manatın 34 (otuz dörd) manat Cavabdeh Novurz oğlundan, 66 (altmış altı) manatı İddiaçı alınaraq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar