Məhkəmə qərarları › İş №2(103)-2333/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2333/2025

03.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2333/2025 03.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: maddi və mənəvi ziyanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X4 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, İddiaçı nümayəndəsi-vəkili Vəkil4 Əli oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 160/2024 saylı, 30 oktyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli 11199 saylı podrat müqaviləsinə əsasən podratçı-cavabdeh müqavilənin 1.2-ci bəndində göstərilən işləri 7 ay müddətində icra etməyi və işlərin nəticəsini müqavilə ilə müəyyən olunan qaydada sifarişçi-iddiaçıya təqdim etməyi, sifarişçi-iddiaçı isə işləri qəbul edib 199000 manat qiymətini podratçıcavabdehə ödəməyi öhdəsinə götürmüşdür.

2. 25.06.2022-ci il tarixli GLL seriyalı 830054 nömrəli kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı 25 iyun 2022-ci ildə 3540 manat "xxxx" MMC-nin hesabına köçürmüşdir.

3. xx.xx.2022-ci il tarixli GLL seriyalı 830069 nömrəli kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı xx.xx.2022-ci ildə 2750 manat "xxxx" MMC-nin hesabına köçürmüşdir.

4. xx.xx.2021-ci il tarixli GİF/4 seriyalı 300078 nömrəli kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı 20 aprel 2021- ci ildə 30000 manat Cavabdeh1 MMC-nin hesabına köçürmüşdir.

5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 10/572 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı məxsus Novxanı ərazisində yerləşən torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin tikintisi və təmirinə sərf olunmuş pul məbləğ (işçilik və material xərci ayrı-ayrılıqda göstərməklə) nə qədər təşkil etməsini müəyyən etmək mümkün olmadı. İddiaçı məxsus Cənnət Parkında yerləşən mənzildə aparılmış tikinti təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 12345 manat məbləğində müəyyən olunur. İddiaçı məxsus Xətai rayonunda yerləşən mənzildə aparılmış tikinti təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 25053 manat məbləğində müəyyən olunur. İddiaçı məxsus Bakı şəhəri, Novxanı ərazisində yerləşən torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin, Cənnət Parkında və Xətai rayonunda yerləşən mənzillərin təmiri yarımçıq şəkildə istifadə olunduğunu, üzün müddət istifadə olunduğu nəzərə alaraq həmin mənzillərdə və fərdi yaşayış evində görülmüş təmir-tikinti işlərinin qüsurlu icra olunub-olunmamasını müəyyən etmək mümkün olmadı. Aparılmış tədqiqatın dəyəri 100 manat müəyyən edilmişdir.

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/8640 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/8640 nömrəli ekspert rəyinə əsasən İddiaçı məxsus Novxanı ərazisində yerləşən torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin tikintisi və təmirinə sərf edilmiş tikinti-təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin təqribən 148.076,55 manat məbləğində olduğu müəyyən edilmişdir. Həmçinin İddiaçı məxsus Novxanı ərazisində yerləşən torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin təmirinin yarımçıq vəziyyətdə olduğundan, həmin evdə görülmüş təmir-tikinti işlərinin qüsurlu olub-olmamasını müəyyən etmək mümkün olmadığı, eyni zamanda baxış zamanı yaşayış evinin döşəməsinə çəkilmiş isti polun üzərinə tökülmüş beton qatı cat-cat olduğu və betonun qalınlığı tikinti texnologiyasına uyğun olmadığı, həmin isti polun çəkilməsi ilə əlaqədar qüsurlu icra olunan təmir-tikinti işlərinin ümumi dəyərinin təqribən 6.316 manat məbləğində olduğu müəyyən olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 100 manat olmuşdur.

7. "xxxx" MMC tərəfindən verilmiş 07-109/25 nömrəli 5 may 2025-ci il tarixli mütəxəssis rəyinə əsasən İddiaçı məxsus Bakı şəhəri, Novxanı ərazisində yerləşən torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evində aparılmış tikinti və təmir işlərinə sərf olunmuş vəsaitin ümumi dəyəri 148.076,35 manat məbləğində və Cavabdeh1 MMC ilə İddiaçı arasında bağlanmış 10 aprel 2021-ci il tarixli 11199 saylı podrat müqaviləsində göstərilən tikinti işlərinin dəyəri 300.000,0 manat məbləğ təşkil etdiyini nəzərə alaraq, həmin Cavabdeh1 MMC ile İddiaçı arasında bağlanmış 10 aprel 2021-ci il tarixli 11199 saylı podrat müqaviləsində göstərilən məbləğə uyğun olaraq tam yerinə yetirilməmişdir. Belə ki, Bakı şəhəri, Novxanı ərazisində yerləşən torpaq sahəsinin üzərində fərdi yaşayış evində aparılmış tikinti və təmir işlərinə sərf olunmuş vəsait 11119 saylı podrat müqaviləsində göstərilən məbləğdən 151.923,65 manat (300000,0-148076,35) dəyərində tikinti-təmir işləri görülməmişdir. İddiaçı məxsus Xətai rayonunda yerləşən mənzildə aparılmış tikinti və təmir işlərinə sərf olunmuş vəsaitin ümumi dəyəri 25.053,0 manat məbləğində və “Z-Zirvə İnşaat" MMC ilə İddiaçı arasında bağlanmış 10 aprel 2021-ci il tarixli 11199 saylı podrat müqaviləsində göstərilən tikinti işlərinin dəyəri 80.000,0 manat məbləğə təşkil etdiyini nəzərə alaraq, həmin “Z-Zirvə İnşaat" MMC ilə İddiaçı arasında bağlanmış 5 sentyabr 2021-ci il tarixli 11248 saylı podrat müqaviləsində göstərilən məbləğə uyğun olaraq tam yerinə yetirilməmişdir. Belə ki, Xətai rayonunda yerləşən mənzildə aparılmış təmir işlərinə sərf olunmuş vesait 11248 saylı podrat müqaviləsində göstərilən məbləğdən 54.947,0 manat (80000,0- 25053,0) dəyərində tikinti-təmir işləri görülməmişdir.

Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurulmuş 382.000 (üç yüz səksən iki) manat maddi və 10.000 (on min) manat mənəvi ziyanın və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 682 (altı yüz səksən iki) manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia onunla əsaslandırılmışdır ki, Novxanı ərazisində yerləşən çıxarışla ona amma əsl sahibi bacısı Xuraman Farooqa məxsus olan torpaq sahəsində ev tikmək məqsədi ilə Cavabdeh1 MMC-yə müraciət etmişlər. MMC-nin direktoru Cavabdeh2 ilə bacısı Xuraman Farooqun danışığı əsasında evin 580 kv.m, ümumi tikinti və təmir paketi üçün 300.000 (üç yüz min) manat məbləğində olacağı qərarlaşdırılmışdır. Tikiləcək hasaralara 20.000 (iyirmi min) manat, həyətdəki sanuzel, yay mətbəxi, avtomobil dayanacağı qazanxana və digər görüləcək işlərə dair isə əlavə 20.000 (iyirmi min) manat məbləğ ödəniləcəyi danışılmışdır. Danışıqlardan sonra şirkətlə onun arasında müqavilə imzalanmışdır. Müqavilənin onunla bağlanmağının başlıca səbəbi bacısı Xuraman Farooqun həyat yoldaşı olan X5 Pakistan vətəndaşı olması və onların Bakıda yaşamamasıdır. Müqavilədən sonra tikiləcək evin görüntüləri hazırlanaraq onlara göndərilmişdir. Tikintiyə başlanılsa da gedişatda ödənişlərin vaxtından da əvvəl olmasına baxmayaraq evin görünüşünün onların atdığı formaya uyğun olmadığını, təmirə başlanılan zaman evə baxış keçirərkən evdə olan materialların keyfiyyətsiz, müqavilədə göstərilən qiymətlərdən qat-qat aşağı qiymətli eyni zamanda işi aparan usta kollektivinin işi bacarıqsız şəkildə icra etdiyinin şahidi olmuşlar. Bunu Cavabdeh2 bildirsələrdə bunların aradan qaldırılacağını onlara bildirilmişdir. Lakin evin təhvil vaxtının bitməsinə, hətta 8 ay keçməsinə baxmayaraq evin eyni ilə keyfiyyətisiz forması olduğu kimi qalmışdır. Cavabdeh2 aldığı ödənişdən qat-qat aşağı iş görməyinin ən pis tərəflərindən biri də onlara ev üçün material alaraq aqlay daş istifadə etmək yerinə penoplast istifadə etmişdir. Penoplast istifadəyə və istismara yararsız materialdır və satışı qanunla qadağandır. Cavabdeh2 tamamilə ona olan etibarlarından sui-istifadə etmişdir. Belə ki, ev sahibləri tərəfindən çox mükəmməl şəkildə təmirinin icra ediləcəyini bildirmişdir. Lakin onun dediyi sözlərin heç biri öz təsdiqini tapmamışdır. Cavabdeh şirkətin rəhbəri Zahir Əsgərəov ümumilikdə Novxanıda olan evin tikinti və təmiri paketinə 310.000 (üç yüz on min) manat ödəniş, bacısı Xuraman Farooqa məxsus olan Xətai ərazisində yerləşən və eyni zamanda Cənnət Park yaşayış kompleksində olan ev üçün isə 60.000 (altmış min) manat və 12.000 (on iki min) manat ödəniş almışdır. İşlərin getmədiyi üçün həyətdə olan yarımçıq işlərlə bağlı başqa şirkətlə razılığa gəlinmiş və qeyd edilən məsələlər başqa şirkət tərəfindən icra edilmişdir. İcra edildiyi ilə bağlı ödəniş çekləri mövcuddur. Ona ödədikləri ödəniş qəbzlərinin ona verilməyən surətləri də vardır. Cavabdeh2 onlara ümumilikdə 382.000 (üç yüz səksən iki) manat məbləğində maddi zərər vurmuşdur. Bütün bu baş verənlərdən sonra o və bacısı çox ağır psixoloji sarsıntılar keçirmişlər, psixi sağlamlığı mənəvi zədə almışdır. Bu səbəbdən də, vurulmuş maddi və mənəvi ziyan tələbinə dair məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

10. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-160/2024 saylı 30 oktyabr 2024cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh1 MMC-dən 6.316 (altı min üç yüz on altı) manat pul və 83.16 (səksən üç manat on altı qəpik) manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

11. Məhkəmə qeyd etmişdir ki, mülki iş matriallarına əlavə edimiş xx.xx.2021-ci il tarixli GİF/4 seriyalı 300078 nömrəli kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı Cavabdeh1 MMC-yə 30.000 manat məbləğində pul ödəmişdir. Həmçinin mülki işdən məlum olur ki, cavabdeh MMC podrat müqaviləsi üzrə nəzərdə tutulmuş təmir tikinti işlərini tam yerinə yetirməli olsa da, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-16- 16/2-10/8640 nömrəli ekspert rəyindən məlum olur ki, Novxanı ərazisində yerləşən torpaq sahəsində tikilmiş tikli yarımçıq vəziyyətdədir. Belə olan halda məhkəmə hesab edir ki, nə qədərki iddiaçının podrat müqaviləsi üzrə nəzərdə tutulmuş pulun iddiaçı tərəfindən tam şəkildə ödənməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir, cavabdeh MMC-dən də müqavilə üzrə öhdəliklərinin icrasını tam şəkildə icra edilməsi gözlənilə bilməzdir. Həmçinin sözügedən rəydən yaşayış evinin döşəməsinə çəkilmiş isti polun üzərinə tökülmüş beton qatı çat-çat olduğu və betonun qalınlığı tikinti texnologiyasına uyğun olmadığı, həmin isti polun çəkilməsi ilə əlaqədar qüsurlu icra olunan təmir-tikinti işlərinin ümumi dəyəri təqribən 6.316 manat məbləğində müəyyən olunmuşdur. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddia tələbinin Novxanı ərazisində yerləşən torpaq sahəsində tikilmiş tikiliyə çəkilmiş xərcin tələb edilməsi hissəsində qismən 6.316 manat hissədə təmin edilməlidir.

12. Bundan sonra məhkəmə tutulmalı olan pulun cavabdehlərdən hansına münasibətədə icra edilməsinə münasibət bildirərək qeyd etmişdir ki, nə qədər ki, müqavilə podratçı kimi MMC ilə fiziki şəxs arasında bağlanmışdır, pul məbləği Cavabdeh1 MMC-dən tutularaq iddiaçıya ödənilməlidir.

13. Həmçinin məhkəmə qeyd etmişdir ki, Novxanı ərazisində yerləşən torpaq sahəsində inşa edilmiş tikilinin kvadrat metrinin artırılması və buna dair ödənişin artıq olunması ilə bağlı X3 ilə Cavabdeh1 MMC xx.xx.2021-ci il tarixdə müqavilə bağlanmışdır. Məhkəmə sözügedən müqavilə üzrə edilmiş ödənişlərin iddiaçı tərəfindən Cavabdeh1 MMC-dən tələb edilməsinə münasibət bildirərək qeyd etmişdir ki, nə qədər ki, sözü gedən müqavilə iddiaçı ilə deyil də üçüncü bir şəxs tərəfindən bağlanmışdır, iddiaçının həmin müqavilə üzrə edilmiş ödənişlərin habelə müqavilə üzrə dəymiş ziyanı tələb etmək hüququ mövcud olmadığından iddia tələbi bu hissədə təmin edilə bilməz.

14. Budan başqa məhkəmə iddia tələbinin “Cənnət Parkı”nda və Xətai rayonunda yerləşən mənzillərin təmiri ilə bağlı X3 ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli və 25 sentyabr 2021-ci il tarixli podrat müqavilələri üzrə edilmiş təmirin qüsurlu olması və tam şəkildə icra edilməməsi səbəbindən dəymiş ziyanın və edilmiş ödənişlərin geri qaytarılması hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, nə qədər ki, sözügedən müqavilə üzrə iddiaçı tərəf deyildir və sözügedən mənzillərin iddiaçının mülkiyyətində və ya qanuni sahibliyində olmasını təsdiq edən sənədlər mövcud deyildir, iddiaçının hazırki tələb ilə bağlı məhkəməyə iddia vermək hüququ olmadığı əsası ilə iddia tələbi təmin edilə bilməz.

15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 752.1, 753.1, 759.2, 760.2, 1096.1 və 1097.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin dəlilləri

16. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-160/2024 saylı 30 oktyabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə öz qətnaməsində qeyd etmişdir ki, X3 ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli və 25 sentyabr 2021-ci il tarixli podrat müqavilələri üzrə edilmiş təmirin qüsurlu olması və tam şəkildə icra edilməməsi səbəbindən dəymiş ziyanın və edilmiş ödənişlərin geri qaytarılması hissəsinə münasibət bildirərək qeyd edir ki, nə qədər ki, sözügedən müqavilə üzrə iddiaçı tərəf deyildir və sözügedən mənzillərin iddiaçının mülkiyyətində və ya qanuni sahibliyində olmasını təsdiq edən sənədlər mövcud deyildir, iddiaçının hazırki tələb ilə bağlı məhkəməyə iddia vermək hüququ olmadığı əsası ilə iddia tələbi təmin edilə bilməz. Bununla bağlı qeyd edir ki, X3 onun yaxın qohumudur. Qeyd olunan xx.xx.2021-ci il tarixli və 25 sentyabr 2021-ci il tarixli podrat müqavilələri X3 ilə bağlansa da, sifarişçi özü olmuş və onunla Cavabdeh1 MMC arasında razılaşdırılmışdır. Müqavilə üzrə ödənilən vəsait ona məxsusdur. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Cavabdeh1 MMC tərəfindən görüləcək işlərin ümumi dəyəri 199 min manat məbləğində hesablanmış və sifarişçi kimi tərəfindən imzalanmışdır. Məhkəmə öz qətnaməsində qeyd etmişdir ki, “İddiaçı məhkəməyə müraciət edərək sözügedən podrat müqaviləsi üzrə nəzərdə tutulan məbləğin onun tərəfindən tam ödənildiyini bildirsə də, podratçı tərəfindən müqavilə üzrə öhdəliklərin tam şəkildə icra edilmədiyini, 3 mərtəbəli tikilinin başa çatdırılmadığını, həmçinin tikinti işlərinin keyfiyyətsiz aparıldığını bildirərək, ödənilmiş pulun geri qaytarılmasını məhkəmədən xahiş etsə də, mülki iş matriallarına əlavə edimiş xx.xx.2021-ci il tarixli GİF/4 seriyalı 300078 nömrəli kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı Cavabdeh1 MMC-yə 30.000 manat məbləğində pul ödəmişdir”. Belə olan sual yaranır: Əgər iddiaçı tərəfindən ərizədə qeyd olunan məbləğdə pul ödənilməmişdirsə, sözügedən tikililər Cavabdeh1 MMC tərəfindən hansı vəsait hesabına inşa olunmuşdur? Göründüyü kimi, məhkəmə qeyd olunan normaya istinad etsə də, düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə öz qətnaməsində ümumiyyətlə qeyd olunan normaya istinad etmək əvəzinə, podratçının hüquqlarını özündə təsbit edən həmin Məcəllənin 759 və 760-cı maddələrinə istinad etmişdir. Hesab edir ki, məhkəmə öz qətnaməsində qeyd olunan normalara istinad etməkdə işin obyektiv araşdırılmasında qərəzli olmuşdur. Məhkəmə öz qətnaməsində mülki iş üzrə toplanmış sübutları müqayisəli şəkildə izah etməmiş, toplanmış sübutlara düzgün hüquqi qiymət verməmişdir. Belə ki, podratçıya ödənilmiş bəzi vəsaitlərin X3 tərəfindən ödənilməsinə baxmayaraq, pulun ona məxsus olmasını, görüləcək işlərin sifarişçi kimi onunla razılaşdırılmasını, həmçinin onunla X2 qohum olmalarını nəzərə almamışdır

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi-vəkili Vəkil4 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

20. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasında təmsil edilməmiş və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etməmişlər. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

22. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 24.Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin məzmunundan aydın olur ki, o, qətnamənin iddianın təmin olunmayan hissəsindən narazıdır. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin iddianın təmin olunmayan hissəsinin yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

25. 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

26. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 27.385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 28.386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 29.425-ci maddəsinin tələblərinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 30.442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 31.443.1 və 443.2-ci maddələrinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 32.445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 33.448.1-ci və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 34.752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 35.753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 36.759-cu maddəsinə əsasən, sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. 37.762.1-ci maddəsinə əsasən, podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 38.762.2-ci maddəsinə əsasən, podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır.

39. 763.1-ci maddəsinə əsasən, əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. 40.764.1-ci maddəsinə əsasən, əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər. 41.765-ci maddəsinə əsasən, məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. 42.766-cı maddəsinə əsasən, sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər. 43.769-cu maddəsinə əsasən, əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. 44.770-ci maddəsinə əsasən, əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır.

45.Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında da qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin

46. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9-cu maddə).

47. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.1 və 14.2-ci maddə).

48. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri).

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

50. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

51. Nəzərə alınmalıdır ki, digər konsensual müqavilələrdən fərqli olaraq, podrat müqaviləsi bağlandığı andan icra edilə bilməz, çünki işlərin görülməsi ilə bağlı müəyyən vaxt sərf etmək lazımdır ki, tələb olunan nəticə əldə edilsin. Podrat müqaviləsinin predmetini görülmüş işlərin nəticələri təşkil edir. İşlərin görülməsi, podratçının öz vəzifəsinin icra edilməsi üçün ilk öncə müqavilə bağlanılır, burada hansı işlərin görülməsi (podratla bağlı smetanın tərtibi) və müddəti müəyyən edilir. Belə ki, Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podratçının müqavilədə nəzərdə tutulan işi icra etməsi sifarişçinin podratçıya razılaşdırılmış muzd ödəməsini şərtləndirir.

52. Məhkəmə tərəfindən müəyyən edilmiş iş hallarından göründüyü kimi tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli 11199 saylı podrat müqaviləsinə əsasən podratçı-cavabdeh müqavilənin 1.2-ci bəndində göstərilən işləri 7 ay müddətində icra etməyi və işlərin nəticəsini müqavilə ilə müəyyən olunan qaydada sifarişçi-iddiaçıya təqdim etməyi, sifarişçi-iddiaçı isə işləri qəbul edib 199000 manat qiymətini podratçı-cavabdehə ödəməyi öhdəsinə götürmüşdür.

53. Həmin müqavilə əsasında görüləcək işlərin dəyəri 199.000 manat məbləğində müəyyən olunmuş, bu məbləğdən iddiaçı tərəfindən ümumilikdə 36.290 (2.750+3.540+30.000) manat məbləğində pul ödənilmişdir.

54. İşin birinci instansiya məhkəməsindəki baxışı dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/8640 nömrəli ekspert rəyinə əsasən Novxanı ərazisində yerləşən torpaq sahəsinin üzərindəki fərdi yaşayış evinin tikintisi və təmirinə sərf edilmiş tikinti-təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin təqribən 148.076,55 manat təşkil etdiyi müəyyən edilmişdir.

55. Həmçinin Novxanı ərazisində yerləşən torpaq sahəsinin üzərindəki fərdi yaşayış evinin təmiri yarımçıq vəziyyətdə olduğundan, həmin evdə görülmüş təmir-tikinti işlərinin qüsurlu olub-olmamasını müəyyən etmək mümkün olmadığı, bununla belə baxış zamanı yaşayış evinin döşəməsinə çəkilmiş isti polun üzərinə tökülmüş beton qatının çat-çat olduğu, betonun qalınlığının tikinti texnologiyasına uyğun olmadığı, həmin isti polun çəkilməsi ilə əlaqədar qüsurlu icra olunan təmir-tikinti işlərinin ümumi dəyərinin təqribən 6.316 manat məbləğində olduğu müəyyən edilmişdir.

56. Göründüyü kimi Novxanı ərazisində yerləşən torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi iddiaçıya məxsus olmasa da, tərəflər arasında bağlanmış müqavilə etibarlı əqd olmuş, həmin müqaviləyə əsasən tərəflər öhdəlik hüquq münasibətlərinə daxil olmuşlar.

57. Birinci instansiya məhkəməsi cavabdehin müqavilə şərtlərinə əsasən üzərinə götürdüyü öhdəliyi vicdanlılığın tələb etdiyi tərzdə - öhdəliyin şərtlərinə müvafiq surətdə icra etməməklə MM-nin 425.1-ci maddəsinin tələblərini qismən pozduğunu müəyyən etmişdir. Belə olan halda da iddiaçının MPM-nin 4.1-ci maddəsinə əsasən, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququnun yaranmış olduğunu qəbul etmişdir.

58. İddiaçı da yaranmış hüququndan istifadə edərək müqavilədən imtina etmiş, məhkəməyə müraciət edərək müqavilə ilə bağlı xərclərin əvəzinin podratçıdan onun xeyrinə tutulmasını xahiş etmişdir.

59. İş materiallarından da görünür ki, iddiaçı podratçı-şirkətə 36.290 manat ödəsə də, natamam inşa edilmiş tikiliyə (usta pulu və sərf olunan material daxil olmaqla) sərf olunmuş vəsaitin ekspert rəyinə əsasən 148.076,55 manat təşkil etdiyi; həmçinin qüsurlu icra olunmuş iş olaraq isti polun çəkilməsi ilə əlaqədar yaranmış zərərin aradan qaldırılması üçün tələb oluna biləcək vəsaitin ümumi dəyərinin təqribən 6.316 manat təşkil etdiyi müəyyən edilmişdir.

60. İddiaçının müqavilə üzrə görülmüş işlərin həcmindən artıq vəsait ödənildiyi, podrat müqaviləsinin predmeti olan evdə natamam görülmüş digər təmir-tikinti işlərinin qüsurlu (ucuz materiallarından istifadə edilməklə görüldüyü və s.) olduğu, yəni iddiaçının daha artıq məbləğdə zərərə düşdüyünün işdə olan sübutlara (qüsur aktı, əlavə icra tələbi və s.) əsasən müəyyən edilməsi mümkün olmamışdır. Həmçinin işlərin natamam görülməsinin cavabdehin təqsirli hərəkətləri nəticəsində baş verdiyi də, müqavilə münasibətlərinə xitam verilməsinin təşəbbüskarı iddiaçının özü olduğu üçün müəyyən edilmir.

61. İddiaçının istinad etdiyi kimi X3 ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli podrat müqavilələri üzrə ödənilmiş pulun da ona məxsus olduğu, bağlanmış bütün müqavilələr üzrə ümumilikdə 328.278 manat ödədiyini qeyd etsə də, bu halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İş materiallarında iddiaçı xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli podrat müqavilələri üzrə müqavilə tərəfi olduğu, müqavilələrə əsasən hər hansı formada subyektiv hüququn sahibi olduğu, müqavilələr ilə təmir-tikinti işlərinin aparılması nəzərdə tutulmuş mənzillərin hər hansı əşya hüququ ilə ona məxsus olduğunu da sübuta yetirə bilməmişdir.

62. Beləliklə işin bu hallarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ilə cavabdeh arasında istinad etdiyi müqavilələrə əsasən hər hansı öhdəlik hüquq münasibətləri yaranmamışdır və belə olan halda da iddiaçının istinad etdiyi pul məbləği müqabilində hər hansı işlərin görülməsini, görülmədiyi təqdirdə dəymiş zərərin ödənilməsini cavabdehdən tələb etməsi əsassızdır. Belə ki, mülki hüquq münasibətlərində səlahiyyətdar hüquqi mükəlləfiyyətlidən müəyyən davranışı o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstərişinin qüvvəsinə görə labüd olsun.

63. Belə olan halda məhkəmə kollegiyasının qənaətinə görə iddiaçı tərəfindən təqdim edilmiş "xxxx" MMC-nin 07-109/25 nömrəli 5 may 2025-ci il tarixli mütəxəssis rəyinə münasibət bildirilməsinə zərurət aradan qalxır.

64. İddianın mənəvi zərərə aid hissədə məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əmlak hüququnun pozulması (hazırda iddiaçıya müqavilə münasibətlərindən dəymiş zərər) özüözlüyündə mənəvi ziyanın vurulması kimi qiymətləndirilə bilməz. Bu tələbin təmini üçün iddiaçı baş vermiş pozuntu nəticəsində mənəvi sarsıntıya məruz qalmasını təsdiq edən sübut təqdim etməlidir ki, məhkəmə bu istiqamətdə müvafiq qaydada araşdrıma aparsın. Halbuki iş materiallarından görünür ki, iddiaçı zərərvuran şəxsin təqsirli hərəkətləri nəticəsində mənəvi sarsıntı və iztirablar keçirdiyini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.

65. Məhkəmə kollegiyası izah edir ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

66. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

67. Göstərilənlərə əsasən, apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamənin mübahisələndirilən hissəsində qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir.

68. Ona görə də iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

69. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

70. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-160/2024 saylı 30 oktyabr 2024cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar