Məhkəmə qərarları › İş №2(103)-2334/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2334/2023

07.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2334/2023 07.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" MMC-yə və Xaçmaz rayon 1 saylı Notariat Ofisinə qarşı “İcra qeydinin ləğv edilməsi” tələbinə dair iddiası ilə bağı mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-4478/2022 saylı qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Xaçmaz rayon 1 saylı Notariat ofisində rəsmiləşdirilmiş 8i- 6598 nömrəli, xx.xx.2022-ci il tarixli icra qeydinin ləğv edilməsi, işin mahiyyəti üzrə baxılması və ödənilmiş 100 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-4478/2022 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, Xaçmaz rayon 1 saylı Notariat ofisi tərəfindən verilmiş 30 iyun 2022-ci il tarixli, 8İ-6598 reyestr saylı icra qeydinin ləğv edilməsi, ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun cavabdeh "xxxx" MMC-dən tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, hesab edir ki, apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 361-ci (forma və məzmun) tələblərinə riayət edilmədən verildiyindən apellyasiya qeyri-mümkün hesab edilməli və iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, mülki prosessual qanunvericilikdə apellyasiya şikayətinin formasına (məzmununa) və qaydasına dair tələblər əks olunmuş və bu tələblərə riayət edilməməsi verilmiş apellyasiya şikayətinin geri qaytarılması əsaslarından biri kimi müəyyən edilmişdir. Həmçinin, Mülki-Prosessual Məcəlləyə edilmiş dəyişikliklərlə apellyasiya şikayətinin forması (Azərbaycan Respublikasının Mülki Proessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 09 iyul 2021-ci il tarixli Qanununa edilmiş “Apellyasiya şikayətinin forması” başlıqlı Əlavə 2-də müəyyən edilmiş) məzmun etibarı ilə dəqiqləşdirilmişdir. Lakin apellyasiya şikayəti qanunvericiliyin bu tələblərinə riayət edilməyərək tərtib edilmiş və nəticədə qeyd edilən 2 saylı Əlavədə göstərilən bir çox zəruri hissələr, o cümlədən apellyasiya şikayəti verən şəxs (rəsmi və faktiki olduğu yer, poçt ünvanı, telefon nömrəsi, apellyasiya şikayətini imzalayan şəxs (nümayəndə) barədə məlumatlar) barədə məlumatlar əks olunmamış, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlillər, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə dair dəlillər, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsinə dair dəlillər göstərilməmişdir. Hüquqi nəticə etibarı ilə apellyasiya şikayəti 2 saylı əlavədə göstərilən formaya uyğun tərtib edilməmişdir. Bu da öz növbəsində apellyasiya şikayətinin Mülki Prosessual Məcəllə ilə müəyyən edilmiş forma və məzmuna dair tələblərə riayət edilmədən verilməsi əsası ilə geri qaytarılmasını şərtləndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır; 366.1-ci maddəyə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir; 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o, qəbul olunmamış hesab edilə bilər; 366.3-cü maddəsinə əsasən apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alıb, hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 2(006)-4478/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti "xxxx" MMC tərəfindən bu Məcəllənin 361-ci maddəsinin (forma və məzmun) tələblərinə riayət edilmədən verildiyindən apellyasiya qeyri-mümkün hesab edilməli və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü, 366-cı, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 2(006)- 4478/2022 nömrəli qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar