Məhkəmə qərarları › İş №2(103)-2335/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2335/2020

25.02.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2335/2020 25.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, X1 və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi X5, Cavabdeh və onun nümayəndəsi-vəkili X3 iştirakı ilə İddiaçı İB-nin Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-5334/2019 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "Azəriqaz” İB Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh sayğacdan əvvəl özbaşına olaraq qaza qoşulmaqla təbii qazı taladığına görə 5622.70 manat və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-5334/2019 nömrəli qətnaməsi ilə, iddia təmin edilmiş,Cavabdeh 5622.70 manat və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq İddiaçı İB-nin hesabına ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı İB-nin onlara heç bir xəbərdarlıq etmədən, heç bir əsas olmadan cərimələmişdir və bunun nəticəsində hal-hazırda o və ailə üzvləri çətin vəziyyətə düşmüşdür. Belə ki, İddiaçı İB-nin əmkdaşları onların guya Bakı şəhəri, Suraxanı qəsəbəsi, Kalinin küçəsində yerləşən mənzilinin təbii qazla təchiz edən qaz xəttinin üzərində quraşdırılmış G-4 markalı, 17o2AZ**********09 nömrəli qaz sayğacına müdaxilə etmələri adı ilə onları əsasız yerə cərimələmişdir. Qeyd etmək istəyir ki, G-4 markalı, 17o2AZ **********09 nömrəli qaz sayğacına tərəflərindən heç bir müdaxilə edilməmişdir. Həmçinin sözügedən sayğac onların mənzilinin çölündə yerləşdiyindən ona başqa şəxslər, həmçinin İddiaçı İB-nin əmkdaşları tərəfindən müdaxilə edilmiş ola bilər. Bundan başqa qeyd etmək istəyir ki, İddiaçı İB- nin təbii qazdan istifadəyə görə ödəniləcək pul məbləği dəfələrlə və külli miqdarda hesablanmışdır. Halbuki hesablanmaya dair heç bir sübut və sənəd yoxdur. xx.xx.2017-ci il tarixli ******* saylı akt ilə ona təbii qazdan istifadəyə görə 399.60 manat borc yazılmış, bundan sonra xx.xx.2017- ci il tarixli ******* saylı akt ilə ona təbii qazdan istifadəyə görə 438 manat borc yazılmışdır. Göründüyü kimi xx.xx.2017-ci il tarixli akt tərtib edildikdən sonra yeni akt tərtib edilərək 438 manat borc yazılmışdır ki, həmin borcu aya böldükdə 109.50 manat edir. Həmçinin xx.xx.2017-ci il tarixli 107849 saylı akt ilə 22 gün üçün 124.20 manat, xx.xx.2017 ci il tarixli ******* saylı akt ilə 24 gün üçün 196.20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt ilə 5 ay üçün 1994 manat borc hesablanmış və həmin borcu aya böldükdə 1 ay üçün 398.80 manat edir. Bundan əlavə xx.xx.2019-cu il tarixdə ******* saylı akt əsasında 1285,20 manat borc hesablanmış və həmin borcu aya böldükdə 1 ay üçün 142.80 manat edir. Bundan əlavə xx.xx.2019-cu il tarixdə ******* saylı akt əsasında 80 manat, 0.04.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli tərəfindən əvvəlki tarixlərə nəzərən hesablanmış borc məbləğləri dəfələrlə şişirdilmişdir. Belə ki, bir ay üçün onlara müxtəlif tarixlərdə təbii qazdan istifadəyə görə 398.80 manat, 196.20 manat, 142.20 manat, 124,20, 109,50 manat kimi şişirdilmiş məbləğlərdə borclar yazılmışdır. Halbuki kiçik bir mənzildə bir ay üçün qeyd edilən məbləğlər dəyərində təbii qazdan istifadə etmək qeyri mümkündür. Onuda qeyd edir ki, onlar həmin mənzildə daimi olaraq yaşamırlar. Göründüyü kimi birinci instansiya məhkəməsində işə baxılarkən heç bir araşdırma aparılmadan yalnız iddiaçının heç bir möhtəbər sübuta əsaslanmayan bir tərəfli qaydada tərtib edilmiş aktları əsasında qanusuz qətnamə qəbul edilmişdir. Bundan başqa qeyd etmək istəyir ki, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(010)-5334/2019 saylı qətnaməsində onun məhkəmə iclaslarına gəlmədiyi qeyd edilsədə o, bütün məhkəmə iclaslarında iştirak edərək iddianın əsasız olduğunu dəfələrlə bildirsə də, etirazları nəzərə alınmamışdır. Bu hal özü bir daha sübut edir ki birinci instansiya məhkəməsi ona qarşı qərəzli mövqe tutaraq qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Bu səbəbdəndə hesab edir ki, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(010)-5334/2019 saylı qətnaməsi qanusuz və əsassız qətnaməsi apellyasiya qaydasında ləğv edilməlidir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsi-vəkili X6 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin rədd edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığının tam yoxlanılması təşkil edir. Belə ki, apellyasiya şikayəti qətnamənin ləğvinə və iddia tələbinin rədd edilməsinə yönəldilmişdir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 399,60 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 124,20 manat, xx.xx.2017-ci il tarixli ******* saylı aktla 438 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 196,20 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 19944 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 1285,20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 80 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 142.20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32.40 manat, cəmi 4801,20 manat və 821.50 manat təbii qazdan istifadəyə görə Azəriqaz" İstehsalat Birliyinə dəymiş ziyan 5622.70 manat təşkil edir. İddiaçı İB ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixli, AK-2/19332 saylı təbii qazdan istifadə barəsində müqavilə bağlanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhəddində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AR Standartlaşdırma, Metrologiya və Patent üzrə DK ( bundan sonra - SMPDK) tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablaşma mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu blombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilıərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir. Həmin Qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 9.4-cü bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda, qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Həmin qaydaların 3.4.1-ci maddəsinə əsasən, özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq istehlakçılara qadağandır. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Kollegiya qeyd edir ki, iş materiallarına əlavə edilmiş foto-şəkillərdən görünür ki, mübahisəli mənzilə dayğacdan kənar xətt çəkilmişdir. Cavabdeh isə həmin foto-şəkilin ona məxsus evə aid edildiyini etiraf etmişdir. Buna baxmayaraq kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3cü maddəsiə əsasən, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Göründüyü kimi, vaxtaşırı ödənişlər üzrə qanunla üç illik kəsici müddət (mübahisələndirmə müddəti) müəyyən olunmuşdur. Vaxtaşırı ödənişlərlə bağlı müddətin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Kəsici müddət iddia müddəti deyil, subyektiv hüququn qüvvədə olma müddətidir. İddia müddəti isə pozulmuş hüququn müdafiəsi müddətidir (Mülki Məcəllənin 372.2-ci maddəsi). Nəzərə almaq lazımdır ki, hüququn müdafiə müddəti ilə hüququn qüvvədə olma müddəti fərqli anlayışlardır. Birinci halda hüquq mövcud olur (qüvvədə olur), lakin müdafiə müddəti keçdiyinə görə müdafiə olunmur, ikinci halda isə hüquq ümumiyətlə mövcud olmur (qüvvədən düşmüş sayılır), ona görə də müdafiə olunmur. Çünki mövcud olmayan hüququn müdafiəsi mümkün deyil. Bu səbəbdən də həmin müddət mübahisə tərəfinin “iddia müddətinin tətbiqi barədə” ərizə verib-verməməsindən asılı olmayaraq məhkəmə tərəfindən tətbiq edilir və bu müddət iddia müddəti sayılmır. Üç il ərzində irəli sürülmədiyi halda vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblərhaqqında iddia, o halda bu əsasla rədd oluna bilər ki, onun icrasına başlanıldığı gün maraqlı şəxsə məlum olsun. Göründüyü kimi qanunverici maraqlı şəxsin üç il ərzində vaxtaşırı ödənişlərlə bağlı müraciət edə bilməsini, onun həmin ödənişlərin həyata keçirilməsinə əsas verən halları bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. Hazırkı işdə iddiaçı ******* saylı aktın xx.xx.2017-ci il tarixdə tərtib edilməsini bilsə də, məhkəməyə bununla bağlı xx.xx.2019-cu il tarixdə müraciət etmiş, bununla da, nəzərdə tutulmuş üç illik müddəti ötürmüşdür. Belə olan halda kollegiya hesab edir ki, iddia tələbi ******* saylı xx.xx.2017-ci il tarixli akta münasibətdə təmin edilə bilməz. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı həmçinin qeyd edir ki, cavabdeh mübahisəli mənzilə quraşdırılmış kənar xəttin onun təqsiri olmadan qoşulmasına istinad etsə də, həmin halları təstiq edən hər-hansı sübut təqdim etməmişdir. Əksinə məhkəmə kollegiyasının iclasında iş materiallarına əlavə edilmiş foto-şəkillərin onun evinə aid olduğunu təstiqləmişdir. Kollegiya qeyd edir ki, cavabdeh məhkəmə kollegiyasının iclasında aktlar əsasında borcun səhv hesablanmasına istinad etsə də, həmin halları təstiq edən hər-hansı sübut təqdim etməmişdir. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsi). Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşıyır və birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğv edilməsinə əsas ola bilməz. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən qətnamə qismən ləğv edilməli və iddia tələbi həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-5334/2019 nömrəli qətnaməsi qismən ləğv edilməli, iddia tələbi xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 399,60 manat pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı İB-nin hesabına hissəsində rədd edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372, 384-386, 388, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ : Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-5334/2019 nömrəli qətnaməsi qismən ləğv edilsin. İddia tələbi “xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 399,60 manat pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı İB-nin hesabına ödənilməsi” hissəsində rədd edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən imza: Hakimlər imzalar: Əsli ilə düzdür: Hakim: Xumar Mərdanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar