Məhkəmə qərarları › İş №2(103)-2335/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2335/2022

02.11.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2335/2022 02.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi" tələbinə dair mülki iş üzrə İş № 2(103)-2335/2022 Açar sözlər: (kredit müqaviləsi üzrə borcun müəyyən edilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi, ekspert rəyinin qiymətləndirilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), Vahid Nəriman oğlu Sadıqov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 mart 2020-ci il tarixli, 2(006)-183/2020 saylı qətnaməsindən iddiaçı LPO İddiaçı ASC və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.30 yanvar 2014-cü il tarixli, 31-14 nömrəli kredit müqaviləsi ilə İddiaçı ASC tərəfindən Cavabdeh2 24 ay müddətinə, illik 20 faiz olmaqla 100000 manat məbləğində kredit verilmişdir. 2.İddiaçı ASC, Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış 30 yanvar 2014-cü il tarixli zaminlik müqaviləsi ilə sonuncu borcalanın öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. 3.Həmçinin kredit müqaviləsinin təminatı olaraq 30 yanvar 2014-cü il tarixli ipoteka müqaviləsi ilə Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, 1-ci Zabrat qəsəbəsi, ünvan 1, ümumi sahəsi 76,1 kv.m olan qeyriyaşayış sahəsini və Bakı şəhəri, Sabunçu rayonu, 1-ci Zabrat qəsəbəsi, ünvan 1 (30 saylı aptek), ümumi sahəsi 94,2 kv.m olan qeyri-yaşayış sahəsini İddiaçı ASCnin qarşısında ipoteka ilə yüklü etmişdir. Hər iki ipoteka müqaviləsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 4.Ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş maliyyə arayışına əsasən Cavabdeh2 49780,60 manat əsas borcu, 6881 manat faiz borcu, 28488,40 manat cərimə borcu, 6575,19 manat müqavilə müddəti bitəndən sonra ödənilməmiş (5%-lə hesablanmış) faiz borcu olmaqla, cəmi 91725,19 manat məbləğində borcu vardır. 5.Məhkəmə-mühasibatlıq ekspertizasının 31 oktyabr 2019-cu il tarixli rəyinə əsasən Cavabdeh2 tərəfindən İddiaçı ASC-dən alınmış kredit vəsaiti üzrə 31 yanvar 2016-cı il tarixə banka ödənilməli olan əsas borcu 56909,27 manat, faiz borcu 11381,85 manat, cəmi 68291,12 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış 31 yanvar 2014-cü il tarixli kredit müqaviləsi üzrə 31 yanvar 2016-cı il tarixdən 24 sentyabr 2018-ci il tarixədək (maliyyə arayışında göstərilən tarixə) kredit borcu üzrə illik 5% dərəcəsi ilə hesablanmış faiz borcu nəzərə alınmaqla, Cavabdeh2 İddiaçı ASC-yə olan borcu 24 sentyabr 2018-ci il tarixə əsas borc 56909,27 manat, faiz borcu üzrə 18922,33 manat məbləğində müəyyən edilmişdir.

6. İş üzrə keçirilmiş təkrar məhkəmə-mühasibatlıq ekspertizasının 21 yanvar 2020-ci il tarixli rəyinə əsasən Cavabdeh2 tərəfindən İddiaçı ASC-dən alınmış kredit vəsaiti üzrə 30 yanvar 2016-cı il tarixə banka ödənilməli olan əsas borcu 49909,27 manat, faiz borcu 10876,85 manat məbləğində, 30 yanvar 2014-cü il tarixli kredit müqaviləsi üzrə cərimə hesabı və cərimənin hesablanması ilə bağlı hər hansı məlumat olmadığından, hazırki ekspertiza tədqiqatı ilə Cavabdeh2 cərimə hesablanmamışdır.

a) Birinci instansiya məhkəməsində icraat

7.İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-in xeyrinə 2014-cü il 30 yanvar tarixli kredit müqaviləsi üzrə 49780,60 manat əsas borc, 6881 manat faiz borcu, 28488,40 manat məbləğində cərimə borcu, müqavilənin bitdiyi tarixdən xx.xx.2018-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 6575,19 manat borc, ümumilikdə 91725,19 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair ərizənin reyestr orqanında qeydiyyata alınması üçün ödənilmiş 60 manat rüsumun tutulması, tutmanın Cavabdeh2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, 1-ci Zabrat qəsəbəsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 94,2 kv.m olan qeyriyaşayış sahəsi (30 saylı aptek) və Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 76,1 kv.m olan qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və borcun həmin əmlakların hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-yə yönəldilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. 8.İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2014-cü il 30 yanvar tarixli 31-14AZN №-li kredit müqaviləsinə əsasən Cavabdeh2 İddiaçı ASC-nin “Mərkəz” filialından illik 20%-lə 24 ay müddətinə 100000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 məxsus Bakı şəhəri, Sabunçu rayonu,1-ci Zabrat qəsəbəsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 94,2 kv.m olan qeyri-yaşayış sahəsi (30 saylı aptek) və Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 76,1 kv.m olan qeyri-yaşayış sahəsi 2014-cü il 30 yanvar tarixli ipoteka müqavilələri ilə yüklü edilmiş, həmçinin Cavabdeh1 ilə 2014-cü il 30 yanvar tarixli zaminlik müqaviləsi bağlanmışdır, ipoteka müqavilələri notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2014-cü il 30 yanvar tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, ondan sonrakı gün öhdəliyin icrasının gecikdirilməsi sayılır və müqavilənin 2.5-ci bəndinə əsasən bank ikiqat faizlə cərimə hesablayıb borcludan tələb edir. 2018-ci il sentyabrın 24-dək cavabdehlərin ləğv prosesində olan İddiaçı ASC-yə 49780,60 manat əsas borc, 6881 manat faiz borcu, 28488,40 manat məbləğində cərimə borcu, müqavilənin bitdiyi tarixdən xx.xx.2018-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 6 575,19 manat borc, ümumilikdə 91725,19 manat məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh2 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq, cavabdeh bildirişə münasibətini bildirmir. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun əvəzinə yönəldilməlidir. Məlum olduğu kimi, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 22 dekabr 2017-ci il tarixli 49 saylı qərarı ilə İddiaçı ASC-nin lisenziyası ləğv edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 dekabr tarixli 21(103)-3194/2017 saylı qərarı ilə İddiaçı ASC müflis elan edilmiş, Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. 9.Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 02 mart 2020-ci il tarixli, 2(006)-183/2020 saylı qətnaməsi (sədrlik edən-Rəşid Səmədov) ilə iddia qismən təmin edilərək, iddiaçı Cavabdeh2 əsas borc üzrə 49780,6 (qırx doqquz min yeddi yüz səksən manat, altmış qəpik) manat, faiz borcu üzrə 6881 (altı min səkkiz yüz səksən bir) manat, cərimə borcu üzrə 500 (beş yüz) manat, habelə 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun, 60 (altmış) manat bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 57.251.6 (əlli yeddi min iki yüz əlli bir manat, altmış qəpik) manat məbləğində pulun alınaraq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə verilməsi, tutmanın ipotekaya qoyulmuş Cavabdeh2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, 1-ci Zabrat qəsəbəsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 94,2 kv.m olan qeyriyaşayış sahəsinə (30 saylı aptek) yönəldilməsi, Bakı şəhəri, Sabunçu rayonu, 1-ci Zabrat qəsəbəsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 94,2 kv.m olan qeyri-yaşayış sahəsinin (30 saylı aptek) ilkin satış qiymətinin 127.000 (bir yüz iyirmi min) manat müəyyən edilməklə, açıq hərracda satılması, satışdan əldə olunan pul vəsaiti artıq olduqda isə qalan pul vəsaitinin Cavabdeh2 qaytarılması, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 295 (iki yüz doxsan beş) manatın iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti və cavabdeh Cavabdeh2 birgə qaydada tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFTBİKCTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməsi, "xxxx" MMC tərəfindən aparılmış qiymətləndirmə hesabatının haqqı olan 600 (altı yüz) manat məbləğində pulun iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti və cavabdeh Cavabdeh2 birgə qaydada tutularaq "xxxx" MMC-nin "xxxx" KB ASC “11 saylı Dərnəgül” filialı, Kod 502058, Müxbir hesab AZ65UBAZ**********0060AZN001, VÖEN **********, H/Hesab AZ46NAZBZ**********00000, S.W.İ.F.T. NABZAZ2C hesabına köçürülməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi MM-in 477.0.4-cü maddəsinə istinad edərək göstərmişdir ki, hazırkı halda tərəflər arasında bağlanmış 30 yanvar 2014-cü il tarixli zaminlik müqaviləsində onun verilmə müddəti konkret təyin edildiyindən, həmin müddət qurtardıqda zaminlik müqaviləsinə xitam verilməlidir. Belə olan halda, iddia tələbi zamin Cavabdeh1 münasibətdə təmin edilməməlidir. 11.Borcludan tutulmalı olan məbləğlə bağlı məhkəmə qeyd etmişdir ki, sonuncu ekspert rəyində cavabdehin banka 49909,27 manat əsas, 10876,85 manat faiz borcu qeyd olunduğu halda, iddia ərizəsində 49780,60 manat əsas və 6881 manat faiz borcu tələb edilir. Belə olan halda, iddia tələbindən kənara çıxmayaraq, Cavabdeh2 iddia ərizəsində göstərilən məbləğdə, yəni 49780,60 manat əsas və 6881 manat faiz borcu tutulmalıdır. 12.Məhkəmə iddia tələbinin “müqavilənin bitdiyi tarixdən 24 sentyabr 2018-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 6575,19 manat borc tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı həmin tələbinin əsaslı olmasını (həmin məbləğin necə hesablandığını) təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. 13.Həmçinin, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə hesab etmişdir ki, iddia dəbbə pulu hissəsində qismən təmin edilərək, dəbbə pulu 500 manat məbləğində müəyyən edilməlidir. 14.Məhkəmə qeyd etmişdir ki, iş üzrə ipoteka predmetləri olan əmlakların qiymətlərinin müəyyən olunması məqsədilə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyinə istinad edərək hesab etmişdir ki, ipoteka predmetləri olan əmlaklardan birinin qiyməti borcun məbləğini tamamilə ödədiyindən, iddia tələbi “tutmanın Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 76,1 kv.m olan qeyri-yaşayış sahəsinə yönəldilməsi” hissəsində təmin edilməməlidir. 15.Bundan əlavə, Bakı şəhəri, Sabunçu rayonu, 1-ci Zabrat qəsəbəsi, Babək küçəsi 25 ünvanında yerləşən sahəsi 94,2 kv.m olan qeyri-yaşayış (aptek) sahəsinin ilkin satış qiyməti ekspert rəyində göstərildiyi kimi 120000 manat deyil, həmin əmlakın ipoteka müqaviləsində göstərilən dəyəri 127000 manat əsas götürülməlidir. 16.İş üzrə iddia müddətinin tətbiqi ilə əlaqədar cavabdehin ərizəsinə gəldikdə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında 30 yanvar 2014-cü il tarixdə bağlanmış kredit müqaviləsinin müddəti 30 yanvar 2016-cı il tarixdə bitmişdir. İddiaçı isə həmin müqavilədən irəli gələn öhdəliklərin icrası ilə bağlı iddia tələbi ilə 17 dekabr 2018-ci il tarixində məhkəməyə müraciət etmişdir. Beləliklə iddiaçı tərəfindən 3 illik iddia müddəti ötürülməmişdir. 17.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin, 442, 443.1, 448.1, 449.1, 467, 295, 470.1, 472.1, 373.2, 477.0.4, 372.1, 372.2, 317.1, 319.1 və 319.6-cı; “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 33, 34.1, 39.1, 39.3.3-cü; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3, 14.2, 76.1, 76.2, 77.1, 217.3, 217.4, 119.1, 216-220, 227 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiya məhkəməsindəki birinci icraat

18.Qətnamədən iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, ipoteka predmetlərinin yenidən qiymətləndirilərək, ilkin satış qismətlərini müəyyənləşdirməklə, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. 19.İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsində qeyd edir ki, iddiaçı zaminə qarşı iddia tələblərini 1 il müddətində irəli sürməli idi, lakin iddia tələbi əsas öhdəliyin icra müddətinin başa çatdığı sonra irəli sürülmüşdür və bu arqumenti də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsi ilə əsaslandırmışdır. Həmin maddəyə görə, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Tərəflər arasında bağlanılmış zaminlik müqaviləsinin müvafiq bəndinə əsasən müqavilə tərəflər öz öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalır. Mülki Məcəllədə müqavilənin həm “müddəti”, həm də “qüvvədə olma müddəti” anlayışları fərqləndirilir. MM-nın 399.3-cü maddəsinə görə, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Göründüyü kimi, tərəflər arasında bağlanılmış zaminlik müqaviləsinə əsasən müqavilə müddətinin bitməsi və əsas öhdəliyin icra anının başa çatmasından sonrakı bir il ərzində zaminə qarşı iddia qaldırılmaması zaminliyə xitam üçün əsas sayılmır. Eyni zamanda, digər ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi 25 ünvanında yerləşən ümumi sahəsi 76.1 kv.m olan qeyri yaşayış sahəsinə tutma yönəltməməklə məhkəmə düzgün nəticəyə gəlməmişdir. Bununla cavabdehlərin məsuliyyətini yüngülləşdirməklə bankın mənafeyinə zərər vurmuşdur. Həmçinin qeyd etmək lazımdır ki, qətnamədə ipoteka predmetinin ilkin satış qiyməti də onun real dəyərindən xeyli yüksək qeyd edilmişdir. 20.Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin qismən təmin edilən hissəsində ləğv edilməsi və iddia tələbinin tam rədd edilməsini xahiş etmişdir 21.Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsində mövqeyi ondan ibarət olmuşdur ki, "iş üzrə iddia müddətinin tətbiqi ilə əlaqədar cavabdehin ərizəsinə gəldikdə isə qeyd olunmalıdır ki, tərəflər arasında xx.xx.2014-cü il tarixdə bağlanmış kredit müqaviləsinin müddəti 30 yanvar 2016-cı il tarixdə bitmişdir. İddiaçı isə həmin müqavilədən irəli gələn öhdəliklərin icrası ilə bağlı iddia tələbi ilə 17 dekabr 2018-ci il tarixində məhkəməyə müraciət etmişdir. Beləliklə iddiaçı tərəfindən 3 illik iddia müddəti ötürülməmişdir". 2014-cü il 30 yanvar tarixli 31-14AZN №-li kredit müqaviləsinə əsasən Cavabdeh2 İddiaçı ASC-nin “Mərkəz” filialından illik 20%-lə 24 ay müddətinə 100.000 manat məbləğində kredit götürmüşdür. Həmin kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlinə əsasən, borc götürən hər ay mütəmadi olaraq həm əsas borcdan, həm də faizlərdən ödəniş etməli idi. İş materiallarından da göründüyü kimi, həmin kredit müqaviləsi üzrə Cavabdeh2 tərəfindən 2014-cü ilin fevral ayından başlayaraq hər ay kredit ödənişi edilmiş, sonuncu ödəniş xx.xx.2015-ci il tarixdə həyata keçirilmişdir. Həmin müddətdən sonra heç bir ödəniş olunmamışdır. Bununla da İddiaçı ASC öz hüququnun pozulduğunu həmin vaxtdan, yəni xx.xx.2015-ci il tarixdən bilirdi və ya bilməli idi. Lakin İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə yalnız xx.xx.2019-cu il tarixdə, yəni 3 illik müqavilə tələbləri və vaxtaşırı icra edilməli olan öhdəliklər üzrə iddia müddətini 4 ay üzrsüz səbəbdən ötürməklə müraciət etmişdir. Beləliklə, hazırki iddia tələbi iddia müddətinin axımı başlandıqdan 3 ildən artıq müddət keçməsi səbəbindən, yəni iddia müddəti ötürüldüyündən tam rədd edilməlidir. Keçən müddət ərzində iddiaçı cavabdehlərə qarşı məhkəmədə iddia tələbi irəli sürməmiş və bununla da müddəti ötürmüşdür. İşə Nəsimi rayon Məhkəməsində baxılarkən iddia müddətinin tətbiq edilməsi barədə yazılı ərizə ilə müraciət edilsə də, məhkəmə əsassız olaraq həmin ərizəni nəzərə almamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin tələbinə görə, Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsindən aydın olur ki, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarına əsasən. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizämlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddiaçı xx.xx.2018-ci il tarixdən iddia müddətini ötürdüyündən hazırki sözügedən tələb üzrə mübahisəyə məhkəmə qaydasında baxıla bilməz. AR Konstitusiya Məhkəməsinin sözügedən Qərarında deyilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsində göstərilən iddia müddətləri 2000-cı il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətlərindən irəli gələn tələblərə tətbiq edilir. İddiaçının iddia ərizəsindən görünür ki, iddiaçı qanunvericiliyin tələblərinə əməl etməmiş, yaranmış mübahisənin həll edilməsini cavabdehdən vaxtında tələb etməmiş, bununla da qanunla müəyyən edilmiş iddia müddətini heç bir üzrlü səbəb olmadan ötürmüş və həmin müddətin üzrlü səbəbdən ötürülməsini təsdiq edən əsaslı sübutu məhkəməyə təqdim etməmişdir. Bu isə iddia müddətinin ötürülməsini göstərir. İddia müddətinin ötürülməsi məhkəmə tərəfindən iddianın rədd edilməsi üçün əsas hesab edilə bilər. Hesab edirik ki, hazırki iş üzrə iddia müddəti tətbiq edilməli olduğu halda, məhkəmə tərəfindən əsassız və qanunsuz olaraq tətbiq edilməmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

22.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. 23.Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 iyun 2021-ci il tarixli, 2(103)- 542/2021 nömrəli qətnaməsi ilə (hakim A.V.Tanrıverdiyevin sədrliyi və məruzəsi ilə, hakimlər T.S.Səmədovdan və İ.S.Şirinovdan ibarət tərkibdə) iddiaçı Ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 mart 2020-ci il tarixli, 2(006)-183/2020 nömrəli qətnaməsinin Bakı şəhəri, Sabunçu rayonu, 1-ci Zabrat qəsəbəsi, Babək küçəsi 25 ünvanında yerləşən, ümumi sahəsi 94,2 kv.m. olan qeyri-yaşayış sahəsinin (30 saylı aptek) və Bakı şəhəri, Sabunçu rayonu, 1-ci Zabrat qəsəbəsi, Babək küçəsi 25 ünvanında yerləşən, ümumi sahəsi 76,1 kv.m. olan qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti hissəsində dəyişdirilməsi, Bakı şəhəri, Sabunçu rayonu, 1-ci Zabrat qəsəbəsi, Babək küçəsi 25 ünvanında yerləşən, ümumi sahəsi 94,2 kv.m. olan qeyri-yaşayış sahəsinin (30 saylı aptek) ilkin satış qiymətinin 68850 manat, Bakı şəhəri, Sabunçu rayonu, 1-ci Zabrat qəsəbəsi, Babək küçəsi 25 ünvanında yerləşən, ümumi sahəsi 76,1 kv.m. olan qeyriyaşayış sahəsinin ilkin satış qiymətinin 55590 manat məbləğində müəyyən edilməsi, Cavabdeh2 apellyasiya şikayətinin təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. 24.Apellyasiya instansiya məhkəməsi cavabdehdən tutulmalı olan borcun məbləği və zaminliyə xitamla ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və hesab etmişdir ki, ipoteka predmeti ilə bağlı hissədə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Belə ki, işə apellyasiya instansiyası məhkəməsində baxılan zaman ipoteka predmetinin bazar dəyəri və likvid dəyərinin müəyyən edilməsi məqsədilə “X4 Mərkəzi” MMC mütəxəssis qismində cəlb edilmişdir. Həmin mütəxəssis rəyinə ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, 1-ci Zabrat qəsəbəsi, Babək küçəsi 25 ünvanında yerləşən, ümumi sahəsi 94,2 kv.m. olan qeyriyaşayış sahəsinin (30 saylı aptek) bazar dəyəri 81000 manat, likvid dəyəri 68850 manat və Bakı şəhəri, Sabunçu rayonu, 1-ci Zabrat qəsəbəsi, Babək küçəsi 25 ünvanında yerləşən, ümumi sahəsi 76,1 kv.m. olan qeyri-yaşayış sahəsinin bazar dəyəri 65400 manat, likvid dəyəri isə 55590 manat müəyyən edilmişdir.

c) Kassasiya instansiyası məhkəməsindəki icraat

25.İddiaçı ləğv prosesində olan İddiaçı ASC kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 iyun 2021-ci il tarixli, 2(103)-542/2021 nömrəli qətnaməsinin cərimə borcu və kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz məbləğinin cavabdehdən tutulmasının təmin edilməyən hissəsində ləğv edilərək, iddia tələbinin tam təmin olunması və ya işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 26.Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 20 dekabr 2021-ci il tarixli, 2(102)-6112/2021 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 iyun 2021-ci il tarixli, 2(103)- 542/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır. 27.Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisə həll olunarkən işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmiş, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. 28.İlk olaraq məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən apellyasiya baxışının hədləri ilə bağlı prosessual hüquq normaları pozulmuşdur. 29.Belə ki, yuxarıda qeyd olunduğu kimi birinci instansiya məhkəməsi tərəfindən iddia qismən təmin edilmiş, apellyasiya şikayəti verən iddiaçı həmin qətnaməni tələbin zaminə münasibətdə təmin edilməməsi, ipoteka ilə yüklü edilmiş ikinci əmlaka tutmanın yönəldilməsindən imtina edilməsi və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissələrində, cavabdeh isə iddianın təmin olunmuş hissəsində mübahisələndirmişlər. Yəni, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın kredit müqaviləsi üzrə borc məbləğinin təmin edilməyən hissəsində tərəflərlə mübahisələndirilməmişdir. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi qətnaməni tam yoxlamış, qətnaməni ipoteka predmetlərinin ilkin satış qiyməti hissəsində dəyişdirməklə, qalan hissələrdə dəyişdirilmədən saxlamışdır. 30.“Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli Qərardadının 56-cı bəndində qeyd olunmuşdur ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aktının baxış hədlərindən kənara çıxmaqla yoxlanıldığını müəyyən etdiyi halda, işi həmin hissədə yeni apellyasiya baxışına göndərmədən sadəcə qətnamənin həmin hissədə ləğv edilməsi haqqında qərar qəbul etməli və şikayət vermiş tərəfə prosessual qanunvericiliyə uyğun olaraq apellyasiya şikayəti vermək hüququnu izah etməlidir. 31.Hazırda iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini apellyasiya qaydasında mübahisələndirmədiyi, yəni borcun tutulmayan (kredit müqaviləsinin müddəti bitdiyi tarixdən sonrakı dövr üçün illik 5% dərəcəsi ilə əldə çıxmış fayda və cərimənin təmin olunmayan hissələrdə) ləğv olunmasını xahiş etdiyindən, məhkəmə kollegiyası həmin dəlillərə əlavə hüquqi qiymət verilməsini zəruri bilmir. 32.Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən borcun məbləği nəzərə alınaraq tutmanın ipoteka predmetlərindən yalnız birinə yönəldilməsini kifayət hesab etmişdir. İddiaçı birinci instansiya məhkəməsinin həmin mövqeyini apellyasiya qaydasında mübahisələndirmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin həmin dəlilinə hüquqi qiymət verməmiş, hər iki əmlakı yenidən qiymətləndirmiş və qətnamədə dəyişiklik edərək, hər iki ipoteka predmetinin ilkin satış qiymətini müəyyən etmişdir. Halbuki, ipoteka predmetlərindən Bakı şəhəri, Sabunçu rayonu, 1-ci Zabrat qəsəbəsi, ünvan 1, ümumi sahəsi 76,1 kv.m olan qeyriyaşayış sahəsinə tutmanın yönəldilməsinə dair məhkəmə qərarı mövcud deyildir. 33.Bununla da, apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəllənin 220.4, 392-ci maddələrinin tələblərini pozmuşdur. 34.Daha sonra, iş materiallarından müəyyən olunur ki, iş üzrə birinci instansiya məhkəməsi tərəfindən ipoteka predmetlərinin bazar qiymətinin müəyyən edilməsi ilə bağlı "xxxx" MMC-nin 30 may 2019-cu il tarixli hesabatları, apellyasiya məhkəməsində həmin əmlakların likvid dəyəri barədə "xxxx" MMC-nin 21 yanvar 2021-ci il tarixli hesabatları, “Yeni Dövr” Qiymətləndirmə Mərkəzinin 05 may 2021-ci il tarixli Arayışı alınmışdır. Apellyasiya instansiyası məhkəməsi ipoteka predmetlərinin ilkin satış qiymətini müəyyən edərkən, məhz sonuncu arayışı əsas götürmüşdür. Lakin apellyasiya instansiyası məhkəməsi işdə olan digər rəylərə (hesabatlara) hüquqi qiymət verməmiş, ipoteka predmetlərinin qiymətləri ilə bağlı ziddiyyətli sübutlar mövcud olduğu halda, məhz “Yeni Dövr” Qiymətləndirmə Mərkəzi tərəfindən təqdim olunmuş mütəxəssis arayışının mötəbər sübut qismində qiymətləndirməsini əsaslandırmamışdır. 35.Beləliklə, məhkəmə kollegiyasının qənaətinə əsasən apellyasiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmış və bu düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

d)Apellyasiya instansiya məhkəməsindəki ikinci icraat

e) Məhkəmə icraatı iştirakçılarının izahatları

36.Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X3 cavabdehin apellyasiya şikayətini qəbul etmədi, öz apellyasiya şikayətlərini müdafiə edərək, öz apellyasiya şikayətlərinin təmin edilməsini xahiş etdi. 37.Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 38.Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 39.Maddə 386.1.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 40.Maddə 389.1.Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 41.Maddə 390.1.Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 42.Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 43.Maddə 477.0.4. Zaminliyə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. 44.Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 45.Maddə 443.1.Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 46.Maddə 443.5.Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 47.Maddə 739.1.Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 48.Maddə 739.2.Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 49.Maddə 295.Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 50.Maddə 317.1.Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 51.Maddə 319.1.Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini geçikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. 52.Maddə 319.6.İpoteka predmetinin satışından götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 53.Maddə 1.0.1.İpoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. 54.Maddə 1.0.9.İlkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. 55.Maddə 33.Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 56.Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 57.Maddə 34.1.İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir. 58.Maddə 39.1.İpoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 59.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 60.Maddə 115.0.1.İşə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. 61.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 62.Maddə 217.2.Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 63.Maddə 384.0.2.Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 64.Maddə 384.0.3.Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. 65.Maddələr 385.1.1, 385.1.2, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır.

Apellyasiya baxışının hədləri

66.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 67.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını, kassasiya instansiyası məhkəməsinin mövqeyini nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın zaminə münasibətdə təmin edilməyən, ipoteka ilə yüklü edilmiş ikinci əmlaka tutmanın yönəldilməsindən imtina edilən, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilən və iddianın təmin olunmuş hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki tərəflər qətnaməni qeyd olunan hissələrdə mübahisələndirmişlər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

68.Kredit, ipoteka və zaminlik müqavilələri bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilələrdən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin Cavabdeh2 həmin müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq öhdəliyini pozduğundan, iddiaçı kredit müqaviləsi üzrə borcun ödənilməsini və tələbin ipoteka predmetlərinə yönəldilməsini tələb etməkdə haqlı olmuşdur. 69.İlk olaraq zaminə münasibətdə iddia tələbinin təmin edilməməsi ilə bağlı məhkəmə kollgeiyası qeyd edir ki, birinci instansiya məhkəməsi həmin hissədə iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir (§ 43). 70.Belə ki, tərəflər arasında bağlanmış 30 yanvar 2014-cü il tarixli zaminlik müqaviləsində onun verilmə müddəti konkret təyin edilmədiyindən, zaminliyin təmin etdiyi öhdəliyin icrası vaxtı xx.xx.2016-cı ildə başa çatdığı gündən bir il ərzində, yəni xx.xx.2017-ci il tarixə kimi iddia verilməmişdir. İddia ərizəsi xx.xx.2018-ci ildə məhkəməyə verilmişdir. Bununla da, iddiaçı bir illik müddəti keçirmişdir. 71.Kollegiya qeyd edir ki, məhkəmə iddia tələbini “tutmanın Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 76,1 kv.m olan qeyri-yaşayış sahəsinə yönəldilməsi” hissəsində təmin etməməklə maddi hüquq normasının tələbini pozmuş, həmin hissədə iş üzrə gəldiyi nəticə işin hallarına uyğun gəlmir (§ 50,51,65) 72.Belə ki, ipoteka müqaviləsi üzrə iki ipoteka predmeti olduğu halda, məhkəmə tutmanı yalnız bir ipoteka predmetinə yönəltməklə bağlı düzgün olmayan nəticəyə gəlmişdir. 73.Buna görə də, qətnamə qeyd olunan hissədə ləğv olunmalı, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, kredit müqaviləsi üzrə borcun tutulması həmçinin qeyd olunan əmlaka yönəldilməli, həmin əmlak açıq hərracdan satılmaqla, borcun ödənilməsinə yönəldilməlidir. 74.Borcludan tutulmalı olan məbləğlə bağlı məhkəmə qeyd etmişdir ki, sonuncu ekspert rəyində cavabdehin banka 49909,27 manat əsas, 10876,85 manat faiz borcu qeyd olunduğu halda, iddia ərizəsində 49780,60 manat əsas və 6881 manat faiz borcu tələb edilir. Belə olan halda, iddia tələbindən kənara çıxmayaraq, Cavabdeh2 iddia ərizəsində göstərilən məbləğdə, yəni 49780,60 manat əsas və 6881 manat faiz borcu tutulmalıdır (§ 44-48). 75.Kollegiya kredit müqaviləsi üzrə borcun tutulması ilə bağlı hissədə məhkəmənin gəldiyi nəticə ilə razılaşır və bu hissədə cavabdeh apellyatorun dəlillərini əsassız hesab edərək qeyd edir ki, apellyator işdə olan maliyyə sənədləri və ekspert rəylərini şübhə altına ala biləcək sübutlar təqdim etməmişdir. 76.Birinci instansiya məhkəməsi tərəfindən "xxxx" MMC-dən alınmış rəydə Bakı şəhəri, Sabunçu rayonu, 1-ci Zabrat qəsəbəsi, ünvan 1 ünvanında yerləşən 94,2 kv.m olan qeyri-yaşayış (aptek) sahəsinin bazar dəyəri 120000 manat, Bakı şəhəri, Sabunçu rayonu, 1-ci Zabrat qəsəbəsi, ünvan 1 ünvanında yerləşən 76,1 kv.m olan qeyri-yaşayış (yeməkxana) sahəsinin bazar dəyəri 95000 manat müəyyən olunmuşdur. 77.Əvvəlki apellyasiya mərhələsində "xxxx" MMC-dən rəy alınmış, həmin rəydə Bakı şəhəri, Sabunçu rayonu, 1-ci Zabrat qəsəbəsi, ünvan 1 ünvanında yerləşən 94,2 kv.m olan qeyri-yaşayış (aptek) sahəsi və Bakı şəhəri, Sabunçu rayonu, 1-ci Zabrat qəsəbəsi, ünvan 1 ünvanında yerləşən 76,1 kv.m olan qeyri-yaşayış (yeməkxana) sahəsinin birlikdə bazar dəyəri 85000 manat, likvid dəyəri 80000 manat müəyyən edilmişdir. 78.Həmçinin, əvvəlki apellyasiya mərhələsində “Yeni Dövr” Qiymətləndirmə Mərkəzindən alınmış arayışda isə qeyd olunmuşdur ki, Bakı şəhəri, Sabunçu rayonu, 1-ci Zabrat qəsəbəsi, ünvan 1 ünvanında yerləşən 94,2 kv.m olan qeyri-yaşayış (aptek) sahəsinin bazar dəyəri 81000 manat, likvid dəyəri isə 68850 manat, və Bakı şəhəri, Sabunçu rayonu, 1-ci Zabrat qəsəbəsi, ünvan 1 ünvanında yerləşən 76,1 kv.m olan qeyri-yaşayış (yeməkxana) sahəsinin bazar dəyəri 65400 manat, likvid dəyəri 55590 manat müəyyən edilmişdir. 79.Göründüyü kimi, "xxxx" MMC-nin qiymətləndirmə hesabatında əmlakların bazar dəyəri qeyd olunmuşdur. "xxxx" MMC-nin rəyində əmlaklar ayrı-ayrılıqda deyil, birlikdə qiymətləndirilmişdir. “Yeni Dövr” Qiymətləndirmə Mərkəzindən alınmış arayışda isə əmlaka baxış keçirilmədən qiymətləndirmə həyata keçirilmişdir. 80.Qeyd olunanları nəzərə alaraq hazırkı apellyasiya mərhələsində məhkəmə kollegiyasının 09 mart 2022-ci il tarixli qərardadı əsasında əmlaklarla bağlı qiymətləndirmə rəyləri alınmışdır. 81.Belə ki, ”Property” MMC-nin PR/M-48/2022 saylı, 20 senyabr 2022-ci il tarixli rəyinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, 1-ci Zabrat qəsəbəsi, ünvan 1 ünvanında yerləşən 94,2 kv.m olan qeyri-yaşayış (aptek) sahəsinin bazara uyğun likvid dəyəri 141000 (bir yüz qırx min) manat, qiymətləndiricinin eyni tarixli, PR/M-49/2022 saylı rəyinə əsasən isə, Bakı şəhəri, Sabunçu rayonu, 1-ci Zabrat qəsəbəsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 76,1 kv.m olan qeyri-yaşayış (yeməkxana) sahəsinin bazara uyğun likvid dəyəri 114000 (bir yüz on dörd min) manat məbləğində müəyyən edilmişdir. 82.Kollegiya hesab edir ki, "xxxx" MMC-nin rəyləri kifayət qədər əsaslandırılmış, əmlakların mövcud likvid dəyəri (internet, qəzet məlumatları nəzərə alınmaqla, əmlaklara baxış keçirilməklə) müəyyən olunmuşdur. 83.Buna görə də, kollegiya hesab edir ki, Property” MMC-nin PR/M-xx/xx/2022 saylı, 20 senyabr 2022-ci il tarixli rəyləri kifayət qədər əsaslı olduğundan həmin rəylər əsas götürülməklə Bakı şəhəri, Sabunçu rayonu, 1-ci Zabrat qəsəbəsi, ünvan 1 ünvanında yerləşən 94,2 kv.m olan qeyri-yaşayış (aptek) sahəsinin ilkin satış qiyməti 141000 (bir yüz qırx min) manat müəyyən olunmaqla, qətnamə həmin hissələrdə dəyişdirilməlidir. Həmçinin Bakı şəhəri, Sabunçu rayonu, 1-ci Zabrat qəsəbəsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 76,1 kv.m olan qeyri-yaşayış (yeməkxana) sahəsinin ilkin satış qiyməti isə 114000 (bir yüz on dörd min) manat müəyyən edilməlidir (§ 53,54,56). 84.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 3 iyun 2013-cü il tarixli qərarında Plenum belə nəticəyə gəlmişdir: 1.Kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. 2.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. 85.Kollegiya apellyatorun iddia müddətinin tətbiqi ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında 30 yanvar 2014-cü il tarixdə bağlanmış kredit müqaviləsinin müddəti 30 yanvar 2016-cı il tarixdə bitmişdir. İddiaçı isə həmin müqavilədən irəli gələn öhdəliklərin icrası ilə bağlı iddia tələbi ilə 17 dekabr 2018-ci il tarixində məhkəməyə müraciət etmişdir. Beləliklə iddiaçı tərəfindən 3 illik iddia müddəti ötürülməmişdir. 86.Kollegiya qeyd edir ki, məhkəmə xərclərinin tərkib hissəsi olan ekspertiza xərci tələbin təmin edilmiş hissəsinə mütənasib olaraq tərəflərə aid edilməlidir. 87.Məhkəmə-qiymətləndirmə ekspertiza tədqiqatının dəyəri olan 600 (altı yüz) manatın 372 manatı Cavabdeh2, 228 manatı iddiaçı LPO İddiaçı ASC-dən alınaraq, "xxxx" MMC-nin hesabına (VÖEN:**********, Hesab/İBAN AZ58RBTA********************, Bank: Rabitəbank ASC, Nərimanov filialı VÖEN:**********, Müxbir hesab: AZ61NABZ013501**********6944, FAD:505442; SWİFT:RBTAAZ22) keçirilməlidir. 88.Əvvəlki apellyasiya mərhələsində Mütəxəssis rəyinin verilməsi üçün hesablanmış 200 (iki yüz) manat məbləğində pul vəsaitinin 124 manatı Cavabdeh2, 76 manatı iddiaçı LPO İddiaçı ASC-dən alınaraq, “X4 Mərkəzi” (icraçının VÖENİ: **********, hesablaşma hesabı: AZ75PAHA40060AZNHC********** Paşa Bank ASC, Kod: 505141, VÖEN: **********, S.W.İ.F.T BİK: PAHAAZ22, müxbir hesab: AZ82NABZ********************) MMC-nin xeyrinə tutulmalıdır. 89.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qət etdi: İddiaçı LPO İddiaçı ASC və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 mart 2020-ci il tarixli, 2(006)-183/2020 saylı qətnaməsi mübahisələndirilən- iddianın Bakı şəhəri, Sabunçu rayonu, 1-ci Zabrat qəsəbəsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 76,1 kv.m olan qeyri-yaşayış (yeməkxana) sahəsinə tutmanın yönəldilməsinin təmin edilməyən hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qeyd olunan hissədə təmin edilsin. Tutma ipotekaya qoyulmuş Cavabdeh2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, 1-ci Zabrat qəsəbəsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 76,1 kv.m olan qeyri-yaşayış (yeməkxana) sahəsinə yönəldilsin. Bakı şəhəri, Sabunçu rayonu, 1-ci Zabrat qəsəbəsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 76,1 kv.m olan qeyri-yaşayış (yeməkxana) sahəsinin ilkin satış qiyməti 114000 (yüz on dörd min) manat müəyyən edilməklə, açıq hərracda satılsın. Bakı şəhəri, Sabunçu rayonu, 1-ci Zabrat qəsəbəsi, ünvan 1 ünvanında yerləşən 94,2 kv.m olan qeyri-yaşayış (aptek) sahəsinin ilkin satış qiyməti dəyişdirilsin, ilkin satış qiyməti 141000 (yüz qırx bir min) manat müəyyən edilsin. Əvvəlki apellyasiya mərhələsində mütəxəssis rəyinin verilməsi üçün hesablanmış 200 (iki yüz) manat məbləğində pul vəsaitinin 124 (yüz iyrmi dörd) manatı Cavabdeh2, 76 (yetmiş altı) manatı iddiaçı LPO İddiaçı ASC-dən alınaraq, “X4 Mərkəzi” (icraçının VÖENİ: **********, hesablaşma hesabı: AZ75PAHA40060AZNHC********** Paşa Bank ASC, Kod: 505141, VÖEN: **********, S.W.İ.F.T BİK: PAHAAZ22, müxbir hesab: AZ82NABZ********************) MMC-nin xeyrinə tutulsun. Qiymətləndirmə ekspertiza tədqiqatının dəyəri olan 600 (altı yüz) manatın 372 (üç yüz yetmiş iki) manatı Cavabdeh2, 228 (iki yüz iyirmi səkkiz) manatı iddiaçı LPO İddiaçı ASC-dən alınaraq, "xxxx" MMC-nin hesabına (VÖEN:**********, Hesab/İBAN AZ58RBTA********************, Bank: Rabitəbank ASC, Nərimanov filialı VÖEN:**********, Müxbir hesab: AZ61NABZ013501**********6944, FAD:505442; SWİFT:RBTAAZ22) keçirilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.

Sədrlik edən Xəyal Sarıyev

Hakimlər Vahid Sadıqov

Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar