Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2340/2022 28.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Həsənovun sədrliyi və məruzəsi ilə, X1 Məmmədov və Şeyda Ədalət qızı Məhərrəmovadan ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əməkdaşlarının hərəkətlərinin qanunsuz hesab edilməsi, video və ya fotoçəkililş aparılmasının xüsusi qaydalarının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 10.01.2022-ci il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı «MMC-nin əməkdaşlarının hərəkətlərinin qanunsuz hesab edilməsi, video və ya fotoçəkiliş aparılmasının xüsusi qaydalarının müəyyən edilməsi barədə daxili qaydaların verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 16.07.2021-ci il tarixdə, saat 19.00 radələrində Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsi ilə Zahid Xəlilov küçələrinin kəsişməsində yerləşən Cavabdeh MMC-yə (VÖEN **********) məxsus marketdə bir istehlakçı (müştəri) kimi çox kobud rəftara məruz qalaraq qida məhsullarına olan tələbatlarını ödəmək üçün Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının qanunvericiliyi ilə iddiaçıya verilmiş hüquqları məhdudlaşdırılmışdır. Belə ki, marketdə öz şəxsi telefonu ilə vitrində yerləşdirilmiş və kütləvi şəkildə satış məqsədilə açıq nümayiş olunan müxtəlif istehlakçılara məxsus pendir məhsullarının şəklini çəkərək hansını almaq barədə öz ailə üzvləri ilə (həmin vaxt marketə himayəsində azyaşlı uşaq olduğuna görə gələ bilməyərək evdə olan ailə üzvləri) “WhatsApp” şəbəkəsi vasitəsilə məsləhətləşdikdə, özünü təqdim etməyən marketin əməkdaşı iddiaçıya yaxınlaşaraq marketin daxili qaydalarına əsasən marketdə satışa çıxarılan malların vitrində şəklinin çəkilməsinin qadağan olduğunu bildirərək, həmin şəkillərin telefonundan silməsini tələb etmişdir. Niyə görə vitrində malın şəklini çəkə bilmədiyini soruşduqda isə həmin vitrində malın telefonla çəkilən foto şəkillərdə, həmçinin malın qiymətinin də əks olunduğunu əsas gətirərək bunun qadağan olduğunu bildirmişdir. İddiaçı onun bu tələbinin qanunsuz olduğunu bilsə də, konfliktin yaranmaması üçün şəkilləri pozacağını bildirmiş və ondan ailə üzvləri ilə məsləhətləşə bilmədiyi halda onun iddiaçıya vitrində olan mallar barədə məlumat verərək, iddiaçıya lazım olan malın seçilməsində köməklik etməyini xahiş etmişdir. Lakin, həmin əməkdaş yenidən müştəriyə kömək etmək, vitrində olan mallar barədə müvafiq məlumatları vermək əvəzinə israrla iddiaçının şəxsi telefonuna müdaxilə etməyə cəhd edərək göstəriş və imperativ (konkret davranış qaydası müəyyən edilir və olduğu kimi icra edilməsi tələb olunur) formada əvvəlcə telefondan şəkilləri pozmasını, eləcə də xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlərə yol verməklə qanunla qorunan hüquqlarını pozmağa yönəlmiş tələblər irəli sürərək həqiqətən də şəkilləri pozduğuna əmin olmaq üçün telefonunun yaddaş hissəsinə (şəxsi və ailə məlumatlarının olduğu) baxmağı tələb etmişdir. Həmin əməkdaşın hərəkətlərindən haqlı olaraq narazı qaldığı səbəbindən marketin menecerinin dəvət edilməsini xahiş etmişdir. Lakin, iddiaçıya bir qədər sonra yaxınlaşan menecer ətrafında olan marketin mühafizəçiləri ilə birlikdə təzyiq edərək, mühafizəçilər isə müştəri ilə sanki bir cinayətkar kimi davranaraq “əllə” danışaraq yenidən hüquqlarını pozmağa davam etmişlər. Bu məqamda yaranmış xoşa gəlməz vəziyyət iddiaçı üçün mənəvi sarsıntı ilə nəticələnmişdir. Yuxarıda qeyd etdiklərini nəzərə alaraq, eləcə də Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai, iaşə, məişət və digər növ xidmət Qaydaları”nın müvafiq maddə və bəndlərini rəhbər tutaraq Cavabdeh MMC-nin rəhbərliyinə onlayn müraciət etmiş, lakin heç bir nəticə olmamışdır. Təkrar 26.07.2021-ci il tarixdə Cavabdeh MMC-yə məxsus marketdə hüquqlarının pozulmasına və məhdudlaşdırılmasına səbəbkar olmuş şəxslərin şəxsiyyətinin müəyyən edilməklə onlar barədə müvafiq araşdırma apararaq və təqsirli şəxslər barəsində qanuna müvafiq tədbirlər görülməsini, həmçinin həmin supermarketdə həmin gün kameraya çəkilmiş video görüntülərə baxış keçirilməsinə və daxili qaydalar ilə tanış olmasına şərait yaradılması xahiş edilmişdir. 18.08.2021-ci il tarixdə Cavabdeh MMC-nin idarə heyətinin sədri Rəşad İbrahimov tərəfindən iddiaçıya məktub ünvanlayaraq göstərilmişdir ki, “apardığımız araşdırma zamanı işçi heyətimiz tərəfindən yalnız Cəmiyyətimizin daxili qaydaları izah olunmaqla Sizə qarşı fiziki zorakılıq, habelə hörmətsizlik ifadə edən hər hansı qərəzli hərəkətlərə yol verilmədiyi müəyyən edilmişdir. Hər bir qurum digər bazar istehlakçılarının hüquqlarını və qanunla qorunan mənafelərini nəzərə almaqla özünün mülkiyyətində və ya istifadəsində olan ərazilərdə şəxslərin davranışına və fəaliyyətinə dair daxili qaydalar müəyyən etmək hüququna malikdir. Bu baxımdardır ki, Cəmiyyətimiz müştərilərinin, eləcə də işçi heyətinin şəxsi toxunulmazlıq hüququ və qanuni mənafelərinin, həmçinin özünün kommersiya maraqlarının qorunması prinsipi əsasında özünə məxsus mağazalarda video və ya fotoçəkiliş aparılmasının xüsusi qaydalarını müəyyən etmişdir. Mağazanın vitrinlərində, piştaxtalarında, habelə digər yerlərində olan pərakəndə satış məqsədi üçün nəzərdə tutulmuş yeyinti məhsulları müvafiq qaydada istehlakçıya satılması anınadək həmin yeyinti məhsullarının üzərində mülkiyyət hüququ Cəmiyyətimizə məxsusdur və mülkiyyət hüququnun müdafiə vasitəsi olaraq Cəmiyyətimiz tərəfindən bu kimi daxili qaydaların müəyyən edilməsi qanunvericiliklə qadağan edilməmişdir. Müəssisədaxili qaydalar işəgötürən və işçilər arasında olan münasibətləri tənzimlədiyindən, sözügedən qaydaların üçüncü şəxslərə (istehlakçı) bəyan edilməsi, o cümlədən onların daxili qaydalarla tanış edilməsi şəraitinin yaradılması, eləcə də videogörüntülərə baxış keçirilməsinə razılıq verilməsi mümkün deyildir”. Cavabdeh MMC-yə məxsus yuxarıda göstərilən ünvanda yerləşən marketin əməkdaşları (menecer, satıcı, mühafizə və sair əməkdaşlar) ilə söhbət zamanı onların Azərbaycan Respublikasının qanunvericiliyinə riayət etmələrini, irəli sürlükləri tələbləri qüvvədə olan qanunvericiliyə və ya digər normativ hüquqi, normativ xarakterli, qeyri normativ hüquqi aktla əsaslandırmağı tələb etdikdə onlar iddiaçıya bildirmişlər ki, həmin marketdə işin təşkili və müştərilərlə (istehlakçılarla) münasibətlər qeyd olunan qaydalar və ya Azərbaycan Respublikasının qanunvericiliyi ilə yox onların hər hansı rəsmi sənəd təqdim etmədiyi uydurma qaydalarla tənzimlənir. Beləliklə 16.07.2021-ci il tarixdə, saat 19 radələrində Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsi ilə Zahid Xəlilov küçələrinin kəsişməsində yerləşən Cavabdeh MMC-yə məxsus marketdə həmin marketin meneceri və digər əməkdaşları tərəfindən bir istehlakçı (müştəri) kimi qida məhsullarına olan tələbatlarını ödəmək üçün Azərbaycan Respublikasının qanunvericiliyində iddiaçıya verilmiş hüquqları məhdudlaşdırılmış, onu maraqlandıran malın (işin, xidmətin) qiyməti barədə zəruri məlumat almaq, düzgün, müstəqil və sərbəst seçim və aldığı malla baxış keçirməklə həmin mallarla tanış olmaq, qiymətini yoxlamaq imkanlarından məhrum edilmişdir. Bir istehlakçı (müştəri) kimi qida məhsullarına olan tələbatlarını ödəmək üçün Azərbaycan Respublikasının qanunvericiliyində iddiaçıya verilmiş hüquqlarının məhdudlaşdırılması yuxarıda qeyd olunan ünvanda yerləşən marketdə istehlakçılarla (müştərilərlə) xidmətin, işin Azərbaycan Respublikası qanunevericiliyinə uyğun olaraq düzgün təşkil etməməsi, müvafiq əməkdaşların (Cavabdeh MMC-nin adlarını bildirməyən əməkdaşları – menecer, satıcı, mühafizə və sair) Azərbaycan Respublikası qanunvericiliyini bilməməsi, onlara bu istiqamətdə müvafiq təlim və təlimatların keçirilməməsi nəticəsində mümkün olmuşdur. Göstərilənlərə əsasən Cavabdeh MMC-nin əməkdaşlarının hərəkətlərinin qanunsuz hesab edilməsi, video və ya fotoçəkiliş aparılmasının xüsusi qaydalarını müəyyən edilməsi barədə daxili qaydaların verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 10.01.2022-ci il tarixli, 2(006)-380/2022 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh MMC-yə qarşı «əməkdaşlarının hərəkətlərinin qanunsuz hesab edilməsi, video və ya fotoçəkiliş aparılmasının xüsusi qaydalarının müəyyən edilməsi» tələbinə dair iddiası təmin edilməmiş, məhkəmə xərcləri iddiaçıya aid edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbləri Cavabdeh MMC-nin əməkdaşlarının hərəkətlərinin qanunsuz hesab edilməsi və video və foto çəkiliş aparılmasının xüsusi qaydalarının müəyyən edilməsi barədə daxili qaydaların təqdim olunması barədə qətnamə qəbul edilməsi idi. Lakin məhkəmə nədənsə yalnız xüsusi qaydaların müəyyən edilməsi ilə kifayətlənmişdir. Məhkəmə qeyd etmişdir ki, tələb yalnız cavabdehin əməkdaşlarının hərəkətlərinin qanunsuz hesab edilməsindən ibarət olmuşdur ki, bu da məhkəmə prosesi zamanı sübuta yetirilə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məcəllənin həmin maddəsini nəzərə alaraq qeyd edir ki, cavabdeh tərəf Cavabdeh MMC-nin 18.08.2021-ci il tarixli məktubundan görünür ki, şirkət tərəfindən aparılmış daxili araşdırma zamanı işçi heyəti tərəfindən İddiaçı yalnız Cəmiyyətinin daxili qaydaları izah olunmaqla ona qarşı fiziki zorakılıq, habelə hörmətsizlik ifadə edən hər hansı qərəzli hərəkətlərə yol verilmədiyi müəyyən edilmişdir. Həmin məktubda həmçinin göstərilmişdir ki, hər bir qurum digər bazar istehlakçılarının hüquqlarını və qanunla qorunan mənafelərini nəzərə almaqla özünün mülkiyyətində və ya istifadəsində olan ərazilərdə şəxslərin davranışına və fəaliyyətinə dair daxili qaydalar müəyyən etmək hüququna malikdir. Bu baxımdandır ki, Cəmiyyət müştərilərinin, eləcə də işçi heyətinin şəxsi toxunulmazlıq hüququ və qanuni mənafelərinin, həmçinin özünün kommersiya maraqlarının qorunması prinsipi əsasında özünə məxsus mağazalarda video və ya fotoçəkiliş aparılmasının xüsusi qaydalarını müəyyən etmişdir. Yəni Cavabdeh MMC 18.08.2021-ci il tarixli məktubu ilə özü etiraf edir ki, mülkiyyətində və ya istifadəsində olan ərazilərdə şəxslərin davranışına və fəaliyyətinə dair daxili qaydalar müəyyən etmək hüququna malikdir və bu səbəbdən video və ya fotoçəkiliş aparılmasının xüsusi qaydalarını müəyyən etmişdir. Belə olan halda iddiaçı tərəfindən Cavabdeh MMCnin əməkdaşlarının ona cəmiyyətin daxili qaydalarına əsasən telefondan istifadə etməklə foto və video çəkilişin aparılmasının qadağan edilməsi sübuta yetirilmiş və məhkəmədən buna dair iddiaçıdan Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə görə əlavə sübutların tələb edilməsi qanunsuzdur. Odur ki, cavabdeh tərəfindən cəmiyyətin daxili qaydalarına əsasən mağazada telefondan istifadə etməklə foto və video çəkilişin aparılmasının qadağan edilməsi sübuta yetrildiyindən məhkəmə həmin daxili qaydaların qanuni və ya qanunsuz olmasını araşdırmalıdır. Məhkəmə araşdırması zamanı əldə edilərək işə əlavə edilməmiş cavabdehin şifahi bildirdiyi daxili qaydaları - cavabdehin 18.08.2021-ci il tarixli məktubunda da göstərildiyi kimi müəssisədaxili qaydalar işəgötürən və işçilər arasında olan münasibətləri tənzimlədiyindən (belə olan halda istehlakçı kimi həmin qaydaların ona nə kimi aidiyyəti olması aydın deyil) və qanunvericilik aktlarında nəzərdə tutulmadığından istehlakçı kimi hüquqları birbaşa və ya dolayısı ilə məhdudlaşdırdığından qanunsuzdur. Beləliklə 16.07.2021-ci il tarixdə, saat 19.00 radələrində Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsi ilə Zahid Xəlilov küçələrinin kəsişməsində yerləşən Cavabdeh MMC-yə məxsus marketdə həmin marketin meneceri və digər əməkdaşları tərəfindən iddiaçının bir istehlakçı (müştəri) kimi qida məhsullarına olan tələbatlarını ödəmək üçün Azərbaycan Respublikasının qanunvericiliyində ona verilmiş hüquqları məhdudlaşdırılmış, onu maraqlandıran malın (işin, xidmətin) qiyməti barədə zəruri məlumat almaq, düzgün, müstəqil və sərbəst seçim və aldığı mala baxış keçirməklə həmin mallarla tanış olmaq, qiymətini yoxlamaq imkanlarından məhrum edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətininin dəlillərini müdafiə edərək, şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmənin 17 mart 2022-ci il tarixli iclasında Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh MMC məhkəmə kollegiyasının iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İş üzrə iddiaçının nümayəndəsi Nümayəndə1 tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış 26.07.2021-ci il tarixli ərizənin surətindən görünür ki, 16.07.2021-ci il tarixdə, saat 19 radələrində Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsi ilə Zahid Xəlilov küçəsinin kəsişməsində yerləşən Cavabdeh MMC-yə məxsus marketdə hüquqlarının pozulmasına və məhdudlaşdırılmasına səbəbkar olmuş şəxslərin şəxsiyyətinin müəyyən edilməklə onlar barədə müvafiq araşdırma apararaq və təqsirli şəxslər barəsində qanunla müvafiq tədbirlər görülməsini, həmçinin həmin supermarketdə həmin gün kameraya çəkilmiş video görüntülərə baxış keçirilməsinə və daxili qaydalar ilə tanış olmasına şəraitin yaradılması, görülmüş işlər barədə ona məlumat verilərək hüquqlarının pozulması və məhdudlaşdırılması nəticəsində qanunvericiliyə uyğun olaraq mənəvi ziyanın ödənilməsi məqsədilə məhkəməyə müraciət etmək imkanından yararlanmaq hüququnun təmin edilməsi göstərilmişdir. İş üzrə Cavabdeh MMC tərəfindən Nümayəndə1 ünvanlanmış 18.08.2021-ci il tarixli məktubun surətindən görünür ki, apardıqları araşdırma zamanı işçi heyəti tərəfindən yalnız Cəmiyyətinin daxili qaydaları izah olunmaqla İddiaçı qarşı fiziki zorakılıq, habelə hörmətsizlik ifadə edən hər hansı qərəzli hərəkətlərə yol verilmədiyi müəyyən edilmişdir. Hər bir qurum digər bazar istehlakçılarının hüquqlarını və qanunla qorunan mənafelərini nəzərə almaqla özünün mülkiyyətində və ya istifadəsində olan ərazilərdə şəxslərin davranışına və fəaliyyətinə dair daxili qaydalar müəyyən etmək hüququna malikdir. Bu baxımdandır ki, Cəmiyyət müştərilərinin, eləcə də işçi heyətinin şəxsi toxunulmazlıq hüququ və qanuni mənafelərinin, həmçinin özünün kommersiya maraqlarının qorunması prinsipi əsasında özünə məxsus mağazalarda video və ya fotoçəkiliş aparılmasının xüsusi qaydalarını müəyyən etmişdir. Mağazanın vitrinlərində, piştaxtalarında, habelə digər yerlərində olan pərakəndə satış məqsədi üçün nəzərdə tutulmuş yeyinti məhsulları müvafiq qaydada istehlakçıya satılması anınadək həmin yeyinti məhsullarının üzərində mülkiyyət hüququ Cəmiyyətə məxsusdur və mülkiyyət hüququnun müdafiə vasitəsi olaraq Cəmiyyət tərəfindən bu kimi daxili qaydaların müəyyən edilməsi qanunvericiliklə qadağan edilməmişdir. Müəssisədaxili qaydalar işəgötürən və işçilər arasında olan münasibətləri tənzimlədiyindən, sözügedən qaydaların üçüncü şəxslərə (istehlakçı) bəyan edilməsi, o cümlədən onların daxili qaydalarla tanış edilməsi şəraitinin yaradılması, eləcə də videogörüntülərə baxış keçirilməsinə razılıq verilməsi mümkün deyildir. Bildirilir ki, uzun illərdə ölkə üzrə əhalinin ərzaq və gündəlik istehlak mallarına olan tələbatının qarşılanması istiqamətində ən böyük ərzaq və qeyri ərzaq istehlak malları idxalçılarından və satıcılarından biri olan Cəmiyyətin əsas hədəfi daima inkişaf etməklə əhaliyə göstərilən xidmət səviyyəsini yüksəltmək və müştəri məmnunluğunu təmin etməkdən ibarətdir. İddia ərizəsindən görünür ki, iddia tələbi iki hissədən ibarət olmuşdur: - Cavabdeh MMC-nin əməkdaşlarının hərəkətlərinin qanunsuz hesab edilməsi; - Video və ya fotoçəkililş aparılmasının xüsusi qaydalarının müəyyən edilməsi barədə daxili qaydaların verilməsi. İddiaçı iddia tələbinin birinci hissəsi ilə bağlı bildirmişdir ki, Cavabdeh MMC-nin əməkdaşları ondan ticarət mərkəzində olarkən telefon vasitəsilə çəkdiyi ərzaq məhsullarının fotoşəkillərinin silinməsini tələb etmiş, həmin məhsullarla bağlı ona məlumat verilməsini istəsə də, ona bu barədə məlumat verməmiş, onunla kobud rəftar edilmişdir. Cavabdeh tərəf onların ticarət sahələrində vitrində olan məhsulların fotoşəkillərinin çəkilməsinə icazə verilmədiyini və bu barədə iddiaçıya məlumat verilməsini təsdiq etsə də, iddiaçıya qarşı onların əməkdaşları tərəfindən kobud davranışa yol verilmədiyini bildirmişdir. Mülki prosessual qanunvericiliyin tələblərinə görə, hazırkı vəziyyətdə iddia ərizəsində sadalanan halların baş verməsini sübut etmə yükü iddia edənin üzərinə düşür. Lakin iddiaçı bu halların baş verməsini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehdən belə bir hadisənin olması barədə video görüntünün təqdim edilməsi təklif edilmiş, lakin cavabdehin nümayəndəsi onlarda belə bir görüntü saxlanılmadığını bildirmişdir. Bununla da, iddiaçıya qarşı cavabdeh MMC-nin əməkdaşları tərəfindən iddia ərizəsində göstərilən davranışa yol verilməsi halı öz təsdiqini tapmamışdır. İddianın video və ya fotoçəkiliş aparılmasının xüsusi qaydalarının müəyyən edilməsi ilə bağlı daxili qaydaların verilməsinə dair hissəsinə münasibətdə iddiaçı hesab edir ki, cavabdeh təşkilatın əməkdaşları tərəfindən ona mağazada çəkiliş aparılmasına imkan verilmədiyindən və bu zaman həmin şəxslər MMC-nin daxili qaydalarına istinad etdiklərindən, həmin qaydalar ona təqdim edilməlidir. Birinci instansiya məhkəməsi iddianı bu hissədə rədd edərkən ona istinad etmişdir ki, qeyd edilən market cavabdehin qanuni sahibliyində olmuş və qeyd olunan qaydaların müəyyən edilməsi də mülkiyyətçiyə (qanuni sahibə) məxsus olan hüquqdur ki, buna digər şəxslərin müdaxilə etməsi yolverilməzdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə də razılaşır və onu əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 152-ci maddəsinə əsasən – mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla, müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 614.1-ci maddəsinə əsasən pərakəndə alğı-satqı müqaviləsinə görə malların pərakəndə satışı üzrə sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan şəxsi, ailə, ev və ya digər istifadə üçün nəzərdə tutulan malı alıcıya verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 614.3-cü maddəsinə əsasən fiziki şəxs olan alıcının iştirakı ilə pərakəndə alğı-satqı müqaviləsi ilə əlaqədar bu Məcəllə ilə tənzimlənməyən münasibətlərə istehlakçıların hüquqlarının qorunması haqqında qanun və ona uyğun qəbul edilmiş digər normativ hüquqi aktlar tətbiq edilir. Həmin Məcəllənin 617.1-ci maddəsinə əsasən satıcı satışa təklif edilən mal haqqında alıcıya qanunvericilikdə müəyyənləşdirilmiş və pərakəndə ticarətdə adətən irəli sürülən tələblərə uyğun olan zəruri və düzgün informasiya verməyə borcludur. Həmin Məcəllənin 617.2-ci maddəsinə əsasən pərakəndə alğı-satqı müqaviləsi bağlananadək alıcının malı gözdən keçirmək, öz yanında malın xassələrinin yoxlanılmasını və ya ondan istifadənin nümayiş olunmasını tələb etmək ixtiyarı vardır, bir şərtlə ki, bu, malın xarakterinə görə istisna edilməsin və pərakəndə ticarətdə qəbul edilmiş qaydalara zidd olmasın. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 1-ci bəndində göstərilir ki, bütün vətəndaşlar ticarət və başqa xidmət növləri sahəsində tələbatlarının ödənilməsində bərabər hüquqa malikdirlər. Qanunvericilik aktlarında nəzərdə tutulmuş hallardan başqa, istehlakçıların hüquqlarına üstünlük verilməsinə, birbaşa və ya dolayısı ilə hər hansı şəkildə məhdudlaşdırılmasına yol verilmir. Həmin Qanunun 14-cü maddəsinin 3-cü hissəsində nəzərdə tutulur ki, satıcı (icraçı) istehlakçıya öz müəssisəsinin adı, mənsubiyyəti və iş rejimi barədə düzgün və başa düşülən məlumat verməlidir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 aprel 2014-cü il tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət qaydalarının 5.7-ci bəndhinə əsasən satıcı istehlakçıların düzgün seçim etməsini təmin etmək üçün mallar, onların istehsalçıları haqqında zəruri və düzgün məlumat verməyə borcludur. Həmin Qaydaların 5.9-cu bəndinə əsasən istehlakçının tələbinə görə satıcı mal haqqında məlumatı ona şifahi də verə bilər. Mal haqqında məlumat hər bir halda istehlakçını çaşdırmayan, malın xüsusiyyətləri barədə birmənalı və anlaşıqlı formada verilməlidir. Qanunvericiliyin yuxarıda sadalanan normalarından da göründüyü kimi, pərakəndə ticarət fəaliyyəti həyata keçirilərkən istehlakçının hüquqlarına yalnız qanunvericiliklə nəzərdə tutulan hallarda üstünlük verilə bilər. Belə hal müəyyən edilməmişdirsə, istehlakçı ilə satıcı bərabər hüquqlara malikdirlər. O cümlədən, müəyyən edilir ki, satıcının öz iş rejimini məyyən etmək hüququ və bu rejimlə bağlı istehlakçıya məlumat vermək vəzifəsi vardır. Qeyd edilənlər onu deməyə əsas verir ki, satıcı qanuni əsaslarla pərakəndə ticarət fəaliyyətini həyata keçirdiyi ticarət zalında yerləşdirilmiş malların foto və videoçəkilişlərin aparılmasının qadağan edilməsini müəyyən etmək hüququna malik olmaqla yanaşı, bu barədə istehlakçıya məlumat vermək öhdəliyi daşıyır. İşin mübahisəsiz halıdır ki, Cavabdeh MMC-nin əməkdaşları tərəfindən iddiaçıya satılan malların foto və videoçəkilişinə icazə verilmədiyi barədə məlumat verilmişdir. Kollegiya qeyd edir ki, nə Mülki Məcəllənin pərakəndə alqı-satqı münasibətlərini nizama salan normalarında, nə də istehlakçı hüquqlarının müdafiəsi haqqında qanunvericilik normalarında satıcının müəyyən etdiyi daxili qaydalarla bağlı istehlakçıya yazılı şəkildə məlumat vermək öhdəliyi nəzərdə tutulmamışdır. Ona görə də, video və ya fotoçəkililş aparılmasının xüsusi qaydalarının müəyyən edilməsi barədə daxili qaydaların verilməsinə dair iddia tələbinin qanuni əsası olmamışdır. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının iddia tələbi hər hansı bir hüquqi nəticənin əldə edilməsinə yönəlməmişdir və bu tələbin təmin olunacağı təqdirdə iddiaçının hansı pozulmuş hüququnun və ya qanuni marağının bərpa ediləcəyi müəyyən edilmir. Belə ki, iddia ərizəsindən göründüyü kimi, iddiaçının cavabdehdən heç bir maddi və mənəvi tələbi də mövcud deyildir. Tələb yalnız cavabdehin əməkdaşlarının hərəkətlərinin qanunsuz hesab edilməsindən ibarət olmuşdur ki, bu da məhkəmə araşdırması zamanı sübuta yetirilə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, kollegiya bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ : Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 10.01.2022-ci il tarixli, 2(006)-380/2022 saylı qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-2340/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2340/2022
28.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver