Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2343/2025 21.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X2 cavabdehlər Cavabdeh3 qızı, Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-2343/2025 (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X7 və X4 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı X2, onun nümayəndəsi və vəkili Nümayəndə iiştirakı ilə, İddiaçı X2 cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-244/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə 21 may 2025-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı X5 cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 2770 manat məbləğində pulun, vəkilə ödənilmiş 1000 manat məbləğində pulun və ödənilmiş 59 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 2023-cü ilin aprel ayında iddia ərizəsi vermək və onu məhkəmədə müdafiə etməsi üçün ünvan 1 ünvanında yerləşən ofislərində özlərini vəkil kimi təqdim etdikdən sonra tanımışdır. Belə ki, X8 öz nəşrlərinə əlavə etməklə çap etdirdiyi kitabda müəllifi olduğu “Aşıq Valeh” (İqtisadiyyat Universiteti Nəşriyyatı, 332 səhifə, 2007), eyni adlı yeni şeirlər və rəngli rəsmlər əlavə olunmuş ikinci kitabı “Aşıq Valeh” (ADPU-nin mətbəəsi, Şıxvəndilli H. 338 səhifə, 2011-ci il) kitablarındakı folklor əsərlərini rasimləri ilə birlikdə istifadə etmiş və köçürmüşdür. Bildirmək istəyir ki, cavabdehlər hüquqi yardım göstərilməsi adı ilə ondan 200 manat, dövlət rüsumunun ödənilməsi adı ilə 70 manat, məhkəmədə işin onun xeyrinə həll edəcəklərini söz verərək 1.500 manat və 1.000 manat almışlar. Sonradan ona məlum olmuşdur ki, cavabdehlər vəkil deyil və onu aldadıblar. Belə ki, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 dəfələrlə zəng edib onu aldadaraq aldıqları pulu geri qaytarmalarını tələb etdikdə hər dəfə bir bəhanə etdilər, sonra isə heç telefonuna da cavab verməyərək pulu qaytarmaqdan yayındılar. Bundan başqa, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 onu aldatdıqlarına görə Bakı şəhəri Yasamal RPİnə şikayət ərizəsi İlə müraciət etmişdir. Bakı şəhəri Yasamal RPİ-nin HK-1, 1597 saylı, 24 sentyabr 2024-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Müstəntiq ona bildirmişdir ki, mülki qaydada məhkəməyə müraciət etsin.
3. Cavabdeh3 məhkəməyə öz etirazını ünvanlayaraq bildirmişdir ki, o, cavabdeh olduğu 2(009)-2602/2024 saylı mülki iş üzrə, İddiaçı ona münasibətdə iddia tələbini tamamilə əsassız, qanunsuz və ədalətsiz hesab edir. Belə ki, o, iddiaçı ilə hüquq xidmətlərinin göstərilməsi haqqında müqavilə bağlamış və xidmət haqqı da iddiaçı ilə razılaşdirilmiş qaydada aparılıb ki, iddiaçı şəxsən müqavilə ilə tanış olaraq öz imzası ilə təsdiq etmişdir. Daha sonra əlavə xidmətlərə görə həmin müqaviləyə 1 saylı əlavə əsasında əlavə xidmət haqqı iddiaçı tərəfindən ödənilmişdir və bu əlavə xidmətlər də iddiaçıya göstərilmişdir. Bu xidmətlərin göstərilməsinə dair bütün müvafiq ərizə, vəsatət və digər sənədlər mövcüddur. O, 2013-cü il tarixindən etibarən hüquq təhsili əsasında və fərdi sahibkarlıq subyetki olaraq qanuni fəaliyyət göstərir. İddiaçının xeyirinə çoxsaylı ərizə, vəsatət və müraciətlər ünvanlamışdır və onun xeyirinə müvafiq prosedurlar aparılıb, Bakı Apellyasiya Məhkəməsində müvafiq ekspertizaların təyin edilməsi istiqamətində vəsatətlər məhkəmə tərəfindən qəbul olunaraq ekspertiza təyin edilmişdir. Bundan əlavə, o, öncədən dəfələrlə iddiaçıya onun işinin perspektivi barədə ona məlumat vermiş, lakin o hər dəfəsində “gəlin cəhd edək” ifadəsını qeyd etmişdir ki, iddiaçının bu israrı səbəbində onlar müqavilə bağladılar və o ona müvafiq xidmətlər göstərmişdir. Hazırda iddiaçının ona qarşı irəli sürmüş olduğu pul tələbi ilə bağlı iddia tələbini ədalətsiz və əsassız hesab edir, bu səbəbdən ki, mülki münasibətlər hər iki tərəfin qarşılığlı razılığı əsasında həyata keçirilir və xidmətlərin dəyəri, xidmət göstərən şəxs tərəfindən müəyyən edilir. O, iddiaçıya demək olar ki, 1 ildən artıq çoxsaylı məsləhətlər, ərizə, vəsatət, müraciət və digər xidmətlər göstərmiş və qarşılığında əldə etmiş olduğu bu xidmət haqqının kifayət qədər ədalətli olduğunu düşünür. Məlumdur ki, xidmət göstərilən an xidmət göstərən şəxs bu xidmətin ərsəyə qəlməsi üçün vaxtını, biliyini sərf edir və nəticədə öz şəxsi həyatını qeri plana atmalı olur. İddiaçı demək olar ki, hər gün onun vaxtını alıb, hər dəfəsində ona vaxtını sərf etmişdir, hesab edir ki, bu gün iddiaçının ona qarşı irəli sürmüş olduğu iddia tələbi heç bir halda əsaslı və ədalətli ola bilməz. Bundan əlavə, iddiaçı onun barəsində hüquq mühafizə orqanlarına şikayət etməklə onun işgüzar nüfuzuna zərər vurmuş və ona mənəvi iztirab yaşatmışdır. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq, İddiaçı ona münasibətdə irəli sürmüş olduğu iddia tələbinin əsassız olduğundan rədd edilməsinə dair müvafiq məhkəmə aktının qəbul etməsini xahiş etmişdir.
4. Cavabdeh1 məhkəməyə öz etirazını ünvanlayaraq bildirmişdir ki, cavabdehi olduğu 2(009)-2602/2024 saylı mülki iş üzrə, İddiaçı ona münasibətdə iddia tələbini tamamilə əsassız, qanunsuz və ədalətsiz hesab edir. Bildirir ki, o, Cavabdeh1, 65 yaşındadır, təqaüdçüdür. X1 fəaliyyət göstərdiyi qeyriyaşayış sahəsinə arada bir qedibgəlir və qızı üçün yemək hazırlamaq məqsədi ilə orada olur. İddiaçının öz arzusu və istəyi ilə qızının fəaliyyət göstərdiyi ofisə yaxınlaşaraq ona köməklik göstərilməsini xahiş etdiyinin şahididir və qızı ilə müqavilə bağlanıldıqdan sonra demək olar iddiaçı hər gün ofisə gələrək, hər dəfəsində məsləhətlər və ərizələr əldə etmişdir. İddiaçını o, bu cür tanımışdır və onunla hər-hansısa başqa bir iş birliyi olmamışdır. İddiaçıdan o, hər-hansısa pul vəsaiti almamışdır. O, iddiaçıya heç bir xidmət göstərməmişdir. Bu səbəbdən iddiaçının ona qarşı pul tələbi ilə çıxış etməsini tamamilə əsassız və ədalətsiz hesab edir. İddiaçı müqavilə üzrə xidmət haqqını qızına ödəmişdir və bu ödəniş əsasında qızı X9 ona dəfələrlə uzun müddət ərzində hüquq xidmətləri göstərmişdir. İddia tələbinin əsassız olduğundan rədd olunmasını xahiş etmişdir.
5. Cavabdeh2 məhkəməyə öz etirazını ünvanlayaraq bildirmişdir ki, cavabdehi olduğu 2(009)-2602/2024 saylı mülki iş üzrə İddiaçı ona münasibətdə iddia tələbini tamamilə əsassız, qanunsuz və ədalətsiz hesab edir. Belə ki, o, iddiaçı ilə hər-hansısa müqavilə münasibətlərində olmamış və iddiaçıya xidmət göstərməmişdir, bu səbəbdən iddiaçıdan hər-hansısa pul vəsaiti almamışdır ki, bu iddiaçıya da məlumdur. İddiaçını ümumillikdə 2 dəfə görmüş və sadəcə onun məsələsi ilə bağlı səmimi söhbətləri olub, bundan başqa, o, həmin şəxslə hər-hansısa mülki münasibətlərdə olmamışdır ki, bu faktı təkzib edən heç bir əqd və ya digər mötəbər əhəmiyyət kəsb edən sübut yoxdur. Onun yaxın qohumu olan X9 iddiaçıya hüquq xidmətlərinin göstərilməsi haqqında müqaviləsi əsasında iddiaçıya müvafiq xidmətlər göstəmiş və bu xidmətlər əsasında qarşılıqlı razılıq əsasında ona müqavilə üzrə xidmət haqqı ödənilmişdir ki, hesab edir ki, belə olan halda ona qarşı irəli sürülmüş iddia tələbi başa düşülən deyil. Əlavə olaraq məhkəməyə bildirir ki, iddiaçı ilə X9 arasında müqavilə münasibətləri yaranan tarixdə və bu xidmətlər həyata keçirilən zaman, o, ölkə xaricində olmuşdur. Hesab edir ki, iddia irəli sürülən zaman əsaslı, qanuni və ədalətli olmalıdır. Əsassız olaraq irəli sürülən iddia tələbi heç bir halda qəbul və təmin edilə bilməz. Bundan əlavə qeyd etmək istəyir ki, o, 2024-cü ilin aprel ayından etibarən Azərbaycan Respublikasında deyil və bu etirazını elektron məhkəmə portalı vasitəsi ilə, məhkəməyə təqdim edir. Heç şübhəsi yoxdur ki, məhkəmə işə qanuni və ədalətli şəkildə baxaraq qanuni, əsaslı və ədalətli qətnamə qəbul edəcəkdir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq, İddiaçı ona münasibətdə irəli sürmüş olduğu iddia tələbinin əsassız olduğundan rədd edilməsinə dair müvafiq məhkəmə aktını qəbul edilməsini xahiş etmişdir.
6. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-244/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Mədinə Bağırova) iddia rədd edilmişdir.
7. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 6.2, 324.1, 390.1, 425.1, 21.1, 21.2 və 1096.1-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsi məhkəmə iclasında verilmiş şifahi vəsatətləri təmin etməmiş, işin nəticəsi barədə əvvəldən, yəni müşavirəyə çıxmamışdan qabaq fikir bildirmişdir. Məhkəmə qətnaməsində guya sübutların təqdim edilməməsini qeyd etsə də, mötəbərliyi şübhə doğurmayan, predusiyal əhəmiyyətə malik Bakı şəhəri Yasamal RPİ-nin HK-1, 1597 saylı, 24 sentyabr 2024-cüil tarixli qərarına istinad etməmişdir. Bundan başqa, məhkəmə iclasında da, ifadə verən zaman bildirmişdir ki, 200 manat məbləğində ona vəkil xidməti göstərməsi üçün müqavilə bağlamışdı. Lakin sonradan cavabdehlərin vəkil olmadığını bildi. Digər məbləğlər isə əlavə vədlərlə alınmış pullardır. Cavabdehlərin əsas niyyətləri onu aldatmaq olduğu üçün digər addımlar da onun davamıdır. Cavabdehlərin onu aldatmalarını görüb, yəni vəkil olmadıqları üçün məcbur qalıb Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində hüquqlarının müdafiəsi üçün başqa vəkillə müqavilə bağladı. Cavabdehlər vəkil olsaydı, onun əlavə vəkil tutmağına ehtiyac qalmazdı. Birinci instansiya məhkəməsi isə belə qənaətə gəlmişdir ki, guya məhkəməni uduzmaq hüquqi xidmətin göstərilməməsi demək deyil. Məhkəmə nəzərə almamışdır ki, o, cavabdehlərdən hüquq-mühafizə orqanlarına şikayəti Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 168/2024 saylı, 31 oktyabr 2024-cü il tarixli qətnaməsindən əvvəl vermişdir və Bakı şəhəri Yasamal RPİ-nin HK-1,1597 saylı, 24 sentyabr 2024-cü iltarixli qərarı qəbul edilmişdir. 14. Belə ki,mənməhkəmənin nəticəsini gözləmədən, onu aldadıb pulunu ələ keçirdikləri üçün tələb etmişdir. Hər bir halda məhkəmədə hüquqların müdafiəsi üçün vəkil lazımdır sıravi hüquqşünas yox. Cavabdehlər isə onun yaşlı olmağından istifadə edərək özlərini vəkil kimi təqdim edib pulunu alıblar. Birinci instansiya məhkəməsi isə maddi və prosessual hüquq normalarını pozaraq qanunsuz və əsassız qətnamə çıxarmışdır. Birincii nstansiya məhkəməsi həmçinin prosessual hüquq normalarının ciddi şəkildə pozulması yolu ilə qətnamə çıxarmışdır. Belə ki, verdiyi şifahi vəsatət təmin edilməmiş, hər hansısa bir araşdırılma aparılmadan, məhkəmə tərəfindən işlə tanış olunmadan tələsik qətnamə çıxarılmışdır. Birinci instansiya məhkəməsinin baxış iclasının audio-video çəklişlərinə baxılarsa yazdıqları təsdiqini tapar.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı cavabdehlər Cavabdeh3 və Cavabdeh2 yazılı etirazları daxil olmuşdır.
11. Cavabdeh3 etirazında göstərmişdir ki, İddiaçı əsassız tələblər irəli sürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qarşı tərəfin hazirki şikayəti üzrə göstərdiyi xüsusatlar tamamilə əsassızdır. Birinci instansiya məhkəməsində göndərmiş olduğu sənədlər vöen sənədi, müqavilə, əlavə razılaşma qəbzlər, vergi hesabat rübü üzrə hesabatdan bildiriş da iddiaçi tərəfin aldatma ilə bağlı dediyi faktı təsdiq etmir. Aldatma faktı üzrə hüquq muhafizə orqanlarında araşdırma aparılmış və onun iddiaçını aldatma faktı təsdiq edilməmişdir. Heç bir sübuta istinad edilməmişdir. Tərəf vəsatətin heç bir sübut olmadan qəbul edilməsini istəmiş, hesab edir ki konkret fakt olmadan sadəcə olaraq hazirki muqavilə üzrə ödəniləcək pulun ona çatması barədə telefonda mesaji olması və hər hansisa səs yazısı olması həmin pulu kiminsə adına almağı kimi qələmə gələ bilməz. Odur ki yuxarıda qeyd edilənləri tərəf apellyasiya şikayətinə sübutları əlavə etməməsini nəzərə alaraq AR MPM-nin 47-ci maddəsinə əsasən birinci instansiya üzrə əlavə edilən sənədləri araşdırıb hazirki iş üzrə apellyasiya şikayətinin təmin edilmədən iş üzrə birinci instansiya məhkəməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.
12. Cavabdeh2 etirazında bildirmişdir ki, iddiaçının apellyasiya şikayəti ona münasibətdə tamamilə əsassız, qanunsuz və ədalətsizdir. Belə ki, onunla iddiaçı arasında hər-hansısa xidmət müqavilə bağlanılmamış, iddiaçı ona hər-hansısa məbləğ ödəməmişdir ki, bu halda iddiaçının ona qarşı irəli sürmüş olduğu iddia tələbi başa düşülən deyil. İddiaçı hüquq xidmətlərinin göstərilməsi ilə bağlı fərdi sahibkarlıq subyekti olan X9 ilə müqavilə bağlamış və bu müqavilənin bağlanılması iddiaçının öz istəyi ilə olmuşdur. X9 uzun müddət ərzində iddiaçıya kifayət qədər xidmətlər göstərmişdir. Bu iddiaçıya da məlumdur, demək olar kı iddiaçı hər gün ofisə gələrək dəfələrlə hüquq məsləhətləri almış və dəfələrlə ərizə, vəsatət və iddia ərizələri tərtib edilmişdir ki, bu xidmətlərin əvəzinin ödənilməsi və bu xidmətləri həyata keçirilməsi üçün müəyyən edilmiş xidmət haqqı da iddiaçı ilə razılaşdırılmışdır. Eyni zamanda məhkəməyə bildirir ki, o, 1 ildən artıq zamandır ki, Azərbaycan Respublikasında yaşamır və bu səbəbdən məhkəmə proseslərində iştirak edə bilmir. Məhkəmədən işə mahiyyəti üzrə baxılaraq qanuni, əsaslı və ədalətli qətnamə qəbul edilməsini xahiş etmişdir.
Proses iştirakçılarının izahatı
13. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndə-vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.
14. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Cavabdeh2 məhkəməyə ünvanladığı etirazında ölkə hüdudlarından kənarda olması ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Digər cavabdehlər isə gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Kollegiya MPM-in 376.2-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
15. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 16.Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
17. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
18. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
19. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
20. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
21. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;
22. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr bağlaya bilərlər.
23. Maddə 425.1. öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafıq surətdə hərəkət etməlidir. 24 Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.
25. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.
26. Maddə 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir.
27. Maddə 778.3. Əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir.
28. Maddə 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır.
29. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
33. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
36. Hazırki apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
38. Məhkəmə kollegiyası iş materiallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək bildirir ki, hazırki işdə iddiaçı dəymiş zərərin ödənilməsini tələb edir və bu zərəri cavabdeh G.Məmmədova ilə aralarında bağlanmış müqavilə üzrə sonuncunun üzərinə götürdüyü öhdəliklərini lazimi qaydada icra etməməsi ilə əsaslandırır.
39. Belə olan halda hazırki iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin tapşırıq müqaviləsi və zərərin ödənilməsinə dair müddəaları təşkil edir. Belə ki, “sifarişçi” İddiaçı və “icraçı” fərdi sahibkar X9 arasında bağlanmış 03 may 2023-cü il tarixli hüquq xidmətlərinin göstərilməsi haqqında müqavilənin 1.1-ci bəndindən görünür ki, Sifarişçinin tapşırığı ilə İcraçı bu Müqavilənin müəyyən etdiyi müddət və şərtlər əsasında, Sifarişçiyə xidmətlərin göstərilməsini, Sifaritşçi isə göstərilən hüquq xidmətlərini qəbul edərək, müqavilə ilə müəyyən olunmuş məbləği icraçıya ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 3.2-ci bəndinə əsasən hazırki müqavilənin 1.1-ci bəndi üzrə göstəriləcək hüquq xidmətlərinin dəyəri 200 manat miqdarında müəyyən edilir. Müqavilənin 5.1-ci bəndinə əsasən bu Müqavilə 03 may 2023-cü il tarixində bağlanılır və tərəflər arasında öhdəliklər tam həcmdə yerinə yetirilənədək qüvvədədir. Müqavilənin 6.1-ci bəndinə əsasən bu Müqavilədə nəzərdə tutulmuş öhdəliklərin tam yerinə yetirilməməsi və ya lazım olan şəkildə yerinə yetirilməməsi hallarında təqsirli tərəf, Azərbaycan Respublikasının qüvvədə olan mülki qanunvericiliyinə müvafiq olaraq, zərərçəkmiş tərəfə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində vurulmuş maddi və (və ya) mənəvi zərəri ( o cümlədən əldən çıxmış fayda şəklində də) ödəməlidir. Müqavilənin 6.2-ci bəndinə əsasən zərərçəkmiş tərəf zərərin vurulmasının həqiqiliyini və həcmini, habelə öhdəliklərin yerinə yetirilməməsi ilə zərərin vurulması faktı arasında mövcud olan səbəbli əlaqəni müvafiq sübutlarla təsdiq etməlidir.
40. Vəkil tərəfindən hüquqi yardımın göstərilməsinə dair müqavilə ilə bağlı münasibətlər Mülki Məcəllə ilə ayrıca müqavilə növü kimi tənzimlənməsə də, bu növ müqavilələr tapşırıq müqaviləsi kimi müraciət edənin tapşırığı əsasında hüquqi yardım göstərən şəxs tərəfindən müəyyən işlərin icrasını, xidmətlərin göstərilməsini nəzərdə tutur və tapşırığın xarakterinə görə bir çox hallarda konkret nəticə əldə olunmasına təminat verilmir.
41. Hüquqi yardımla bağlı müqavilələr üzrə göstərilən xidmətə görə haqqın məbləği və ödənilməsi şərtləri ilə əlaqədar, ilk növbədə, qeyd edilməlidir ki, Mülki Məcəllənin mülki dövriyyənin azadlığının təmin edilməsi məqsədinə xidmət edən prinsiplərindən olan müqavilə azadlığı prinsipi Məcəllənin 6-cı maddəsində öz əksini tapmaqla, mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan, öz mülahizə və istəklərinə görə, mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir.
42. Hazırki işin faktiki hallarından da göründüyü kimi “sifarişçi” İddiaçı və “icraçı” fərdi sahibkar X9 arasında bağlanmış 03 may 2023-cü il tarixli hüquq xidmətlərinin göstərilməsi haqqında müqaviləyə xx.xx.2023-cü il tarixli 1 saylı Əlavə Razılaşmadan görünür ki, 03 may 2023-cü il tarixli hüquq xidmətlərinin göstərilməsi haqqında müqavilənin 1.1-ci bəndi üzrə nəzərdə tutulmuş hüquq xidmətlərinin icrası istiqamətində əlavə hüquqi prosedurların həyata keçrilməsi (ərizələrin, məhkəmə ekspertizasının təyin edilməsi üzrə vəsatət və bundan irəli gələn digər hüquq xidmətlərinin həyata keçirilməsi) məqsədi, bu əlavə hüquq xidmətlərinə görə Sifarişçi, İcraçıya 2.500 manat xidmət haqqı ödəyir və icraçı qeyd edilən əlavə hüquq xidmətlərinə görə bu xidmətlərin əvəzi olaraq bu məbləği qəbul edir.
43. İddiaçı bildirir ki, məhkəmə mübahisəsində onu vəkil qismində təmsil edən cavabdeh X9 müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir, vəkil olduğunu bildirərək iddiaçını aldatmışdır. Nəticədə həmin məhkəmə mübahisəsi iddiaçının xeyrinə yekunlaşmamışdır. Bu səbəbdən ödədiyi xidmət haqqının cavabdeh tərəfindən qaytarılmasını tələb edir. Bununla bağlı kollegiya ilk növbədə qeyd edir ki, Mülki Məcəllənin tapşırıq müqaviləsi ilə bağlı münasibətləri tənzimləyən yuxarıdakı normalarından da göründüyü kimi, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Bu baxımdan məhkəmə mübahisənin tərəf üçün uğursuz nəticələnməsini təmsil edən vəkilin keyfiyyətsiz xidmət göstərməsi ilə əlaqələndirilməsi heç də həmişə doğru yanaşma kimi qiymətləndirilə bilməz, bu hal müvafq sübutlarla öz təsdiqini tapmalıdır. Belə ki, MM-nin 779.1-ci maddəsinə görə vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır.
44. Eyni zamanda zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. İş materiallarında olan Bakı şəhəri Yasamal RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis polkovnik-leytenantı X3 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 24 sentyabr 2024-cü il tarixli qərarının surətindən görünür ki, vətəndaş İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərara alınmışdır.
45. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə subyektiv hüquqlara malik olsa da, məhkəmə baxışı zamanı tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir.
46. Belə ki, məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olunur ki, iddiaçı cavabdeh X9 tərəfindən müqavilə öhdəliklərinin pozulması və ona maddi ziyan dəyməsi ilə bağlı iddia ilə məhkəməyə müraciət etsə də, öz tələbinin əsası kimi istinad etdiyi hallara dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.
47. Kollegiya vurğulayır ki, Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Rzayevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyul 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 may 2017-ci il tarixli Qərarında vurğulanmışdır ki, iş üzrə tərəflərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır.
48. Lakin iddiaçı tərəfindən iddianın əsaslılığını təsdiq edə biləcək heç bir əlavə sübut təqdim edilməmişdir.
49. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir.
50. Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68).
51. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçının tələbində göstərdiyi maddi zərərə məruz qalmasında cavabdehlərin hər hansı təqsirli, hüquqazidd hərəkəti müəyyən olunmadığından, iddia təmin edilməsi üçün əsaslar mövcud deyil.
52. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir.
53. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
54. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.
55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-244/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumu məbləği onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev