Məhkəmə qərarları › İş №2(103)-2347/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2347/2022

09.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2347/2022 09.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 dekbar 2021-ci il tarixli 2(006)- 5844/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh MMC-dən dəymiş 240 manat maddi və 10.000 manat mənəvi zərərin ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, 24.03.2020-ci ildə MMC-dən 1234 manat məbləğində 15 ay müddətinə aylıq 80 manat ödənişlə onlayn qaydada paltaryuyan maşın almış, 240 manat aylıq ödəniş etmişdir (3 dəfə 80 manatdan). Paltaryuyan maşın çatdırılıb təhvil-təslim edildikdən sonra maşının xarab olduğunu, düzgün işləmədiyini görüb, yazılı ərizə ilə müraciət etmişdir ki, gəlib aparıb dəyişdirsinlər. 28.06.2020-ci il tarixli yazılı ərizəsinə baxmayaraq, cavabdeh ona satdığı nasaz avadanlığı gəlib götürməmiş, əksinə həmin nasaz avadanlıq - paltaryuyan maşın üçün bank faiz borcu hesablamağa davam etmişdir. Dəfələrlə şifahi və yazılı müraciət etmişdir ki, paltaryuyan qüsurlu olduğu üçün əvəzləşdirsinlər ya da verdiyi pulu qaytarsınlar, lakin cavabdeh razılaşmamışdır. Bu haqda cavabdeh qurumun direktorunun adına 28.06.2020-ci il tarixli pretenziya məktubu göndərmişdir. Həmçinin paltaryuyan maşının qüsurlu olması səbəbindən vurulmuş mənəvi ziyan da ödənilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 dekbar 2021-ci il tarixli 2(006)- 5844/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh MMC-dən paltaryuyan maşına görə ödənilmiş pulun əvəzi olaraq 240 manat məbləğində pulun "xxxx" markalı paltaryuyan maşınının Cavabdeh MMC-yə qaytarılmaq şərti ilə tutularaq İddiaçı ödənilməsi, qətnamənin pulun ödənilməsi və paltaryuyan maşınının cavabdehə geri qaytarılması hissələrində eyni vaxtda icra edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, təhvil-təslim aktı əsasında paltaryuyan maşın alıcıya təhvil verilmiş, ünvanda quraşdırılmış və alıcı tərəfindən satılan malların texniki göstəricilərinə və yararlılığına dair iradlar bildirilməmişdir. Alıcı 20.06.2020-ci il tarixdə müraciət edərək, avadanlığın nasaz işlədiyini, dəyişdirilərək yenisi ilə əvəz edilməsini bildirmişdir. Bundan sonra alıcıya MMC-nin əməkdaşları tərəfindən təklif edilmişdir ki, paltaryuyan maşın servis xidmətinə gətirilməli və usta tərəfindən baxış keçirilməlidir. Lakin alıcı imtina etmişdir. Daha sonra usta tərəfindən baxış keçirilmiş, səsli işlədiyinə görə servisdə yoxlanılmalı olduğu müəyyən edilmiş, iddiaçı imtina etmişdir. Məhkəmə tərəfindən ekspertiza təyin edilmiş, bu sahədə xüsusi biliyə malik olan mütəxəssis fəaliyyət göstərmədiyi üçün rəy vermədən iş geri qaytarılmışdır. İddiaçının paltaryuyan maşını əldə etməsindən 3 ay sonra mağazaya müraciət etməsi onun iddiasının əsaslılığını şübhə altına almaqla yanaşı avadanlıqda yaranmış qüsurun istismar nəticəsində meydana gəlməsi ehtimallarını gücləndirir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi-vəkili apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya ilk olaraq qeyd edir ki, hazırda iddia qismən, iddianın təmin edilmiş hissəsində yoxlanılır, iddia qismən təmin edilmiş olsa da, qətnamə iddiaçı tərəfindən mübahisələndirilməmiş, cavabdeh isə qətnamənin ləğvini xahiş etsə də, onu iddianın təmin edilmiş hissəsində mübahisələndirmişdir. Bununla yanaşı nəzərə alınmalıdır ki, MPM-in 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Apelyasiyanın hədləri ilə bağlı qeyd etdiyi kontekstdə məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Cavabdeh MMC ilə İddiaçı arasında bağlanılmış 24 mart 2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə, həmin müqaviləyə 1 saylı Əlavəyə və ona əlavə edilmiş təhvil-təslim aktına əsasən MMC tərəfindən İddiaçı "xxxx" markalı paltaryuyan və «Braun» markalı blender 15 ay müddətinə, aylıq 80 manat ödəmək şərti ilə nisyə satılmışdır. Cavabdeh MMC-nin 515000 nömrəli zəmanət talonundan görünür ki, məhsul alındığı gündən etibarən 12 ay müddətində zəmanətlidir. Zəmanət müddəti ərzində məhsullarda yaranmış nasazlıqlar Servis mərkəzi tərəfindən aradan qaldırılır. Servis mərkəzi müştəridən qəbul etdiyi malı 30 gün müddətində təmir etməyi öz öhdəsinə götürür. Hissələrin təmir edilməsi və ya yenisi ilə əvəz edilməsi qərarı Servis mərkəzi tərəfindən qəbul edilir. Cavabdeh MMC-nin mədaxil qəbzlərin surətlərindən görünür ki, İddiaçı 24.03.2020ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 03.05.2020-ci il tarixdə 80 manat, 27.05.2020-ci il tarixdə 80 manat, 28.06.2020-ci il tarixdə 80 manat, cəmi 240 manat ödəniş etmişdir. İddiaçı tərəfindən MMC-yə ünvanlanmış 28.06.2020-ci il tarixli ərizədən görünür ki, 24.03.2020-ci il tarixdə alınmış paltaryuyan maşını xarab olduğu üçün onu dəyişdirməsini xahiş etmişdir. Dəfələrlə dediyinə baxmayaraq paltaryuyan maşını dəyişdirməmişlər. O, 3 ay ərzində ödəniş etmişdir. Qoyulan paltaryuyan maşını yenidən əvəz edilməsini xahiş etmişdir. Əks halda ödəniş olunmayacağını göstərmişdir. Cavabdeh MMC tərəfindən tərtib edilmiş 07.07.2021-ci il tarixli, ********* saylı aktından görünür ki, İddiaçı "xxxx" markalı paltaryuyan səsli işlədiyinə görə təmir üçün müraciət etmiş, usta Ramin Bayramov tərəfindən baxış keçirilmiş, paltaryuyan səsli işlədiyinə görə servisdə yoxlanılmalı olduğu müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi cavabdeh MMC-dən paltaryuyan maşına görə ödənilmiş pulun əvəzi olaraq 240 manat məbləğində pulun "xxxx" markalı paltaryuyan maşının cavabdeh MMC-yə qaytarılmaq şərti ilə tutularaq iddiaçıya ödənilməsi qənaətinə gəlmişdir. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məcəllənin 589.3-cü maddəsinə görə əgər əşya üçün qarantiya müddəti müəyyənləşdirilibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin qüsurları qarantiya müddəti ərzində aşkara çıxardığı halda irəli sürə bilər. Göründüyü kimi iddiaçı MMC-dən 1234 manat dəyərində paltaryuyan maşını onlayn sifariş etmiş, maşın üçün cəmi 240 manat (3 dəfə 80 manatdan) ödəniş etmiş, sonradan həmin paltaryuyanda müəyyən qüsurlar yaranmışdır. İddiaçı cavabdeh təşkilata 28.06.2020-ci il tarixdə pretenziya məktubu göndərərək paltaryuyanın dəyişdirilməsini xahiş etmiş, lakin cavabdeh təşkilatın əməkdaşı tərəfindən zəmanət müqaviləsinin müddəti bitdikdən sonra 07.07.2021-ci il tarixli akta əsasən baxış keçirilmiş, paltaryuyan səsli işlədiyinə görə servisdə yoxlanılmalı olması müəyyən edilmişdir. Cavabdeh apelyasiya şikayətində göstərmişdir ki, alıcı 20.06.2020-ci il tarixdə müraciət edərək, avadanlığın nasaz işlədiyini, dəyişdirilərək yenisi ilə əvəz edilməsini bildirmiş, bundan sonra alıcıya MMC-nin əməkdaşları tərəfindən təklif edilmişdir ki, paltaryuyan maşın servis xidmətinə gətirilməli və usta tərəfindən baxış keçirilməlidir, alıcı imtina etmişdir. Lakin iş materiallarından iddiaçının müraciətindən sonra MMC tərəfindən iddiaçıya hər hansı təklif edilməsi, iddiaçının imtina etməsi kimi hallar müəyyən edilmir, cavabdeh qeyd etdiyi halları təsdiq edən hər hansı sübut təqdim etməmişdir, iş materiallarından iddiaçının cavabdehə rəsmi qaydada zəmanət müqaviləsi müddəti çərçivəsində xidmət göstərilməsini xahiş etsə də, yalnız zəmanət müddəti bitdikdən sonra cavabdehin əməkdaşları tərəfindən baxış keçirildiyi müəyyən edilmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Kollegiya apelyasiya şikayətində göstərilənləri əsassız sayır və hesab edir ki, şikayətdə göstərilən dəlillər qətnaməni ləğv etmək və ya dəyişdirmək üçün əsas deyil. Odur ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdehin apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5844/2021 saylı iş üzrə 27 dekabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar