Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2349/2022 12.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Məmmədovanın sədrliyi və məruzəsi ilə, X11 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı, Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 yanvar 2022-ci il tarixli, e-2(006)- 440/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh2 ASC-yə qarşı «keçirilmiş hərracın, onun nəticələrinin, dövlət reyestrində edilmiş qeydin və verilmiş çıxarışın etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçının (varisin) atası X7 ilə Cavabdeh2 ASC arasında 25.09.2008-ci il tarixli kredit müqaviləsinə əsasən kredit verilmişdir. X5 məxsus mənzilin kreditin təminatı kimi ipotekaya qoyulması barədə bank ilə borcalan arasında 25.09.2008- ci il tarixdə alqı-satqı və ipoteka müqavilələri bağlanmışdır. İpoteka qoyulmuş mənzil ünvan 1 ünvanında yerləşən və X3 mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin bir hissəsində yerləşir. Bankla bağlanmış ipoteka müqaviləsinin 1.5-ci bəndindən də göründüyü kimi, yalnız mənzil ipoteka qoyulmuşdur, 0,06 ha torpaq sahəsi ipoteka qoyulmamışdır. Tərəflərin iddiaçı və cavabdeh olduqları iş üzrə Bakı Apellyasiya Məhkəməsinin hazırda qanuni qüvvədə olan 2(103)-957/2017 saylı, 10.08.2017-ci il tarixli qətnaməsilə müəyyən edilmişdir ki, ipoteka predmeti fərdi yaşayış evindən ibarət olmuşdur. İpoteka predmeti sadəcə yaşayış evi daxildir və hərraca ilkin satış qiyməti də sadəcə yaşayış evi üçün müəyyən edilib. Həmin ünvandakı torpaq saşəsi (həmin sahənin bir hissəsində bu ev yerləşir) ipoteka predmetinə və ilkin satış qiymətinə daxil deyildir. Onlar mülki dövriyyənin ayrı-ayrı obyektləridir. İpoteka predmetinin yalnız Bakı şəhəri, Sabunçu rayonu, ünvan 3 ünvandakı torpaq sahəsi də əsassız olaraq bütövlükdə ipoteka ilə yüklü edilmişdir. Bu səhvin aradan qaldırılması üçün DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə də 2018-ci ildə müraciət edilmişdir. Əvvəla ipoteka müqaviləsində torpaq sahəsi ipoteka qoyulmamışdır. İkincisi, ən yaxşı halda məhz evin yerləşdiyi torpaq sahəsi ipoteka predmeti sayıla bilər ki, bu da 0,06 ha torpaq sahəsinin yarısından da az hissəsidir. Qanunun normasından göründüyü kimi, əvvəla məhz torpaq sahəsi ipoteka qoyulduqda onunla möhkəm bağlı olan (ayrıla bilinməyən) tikili onunla vahid hesab edilməlidir. İkincisi, ayrıla bilən hissə onunla vahid mülkiyyət hüququnun obyekti deyildir. Onların halda torpaq ipoteka ilə yüklü edilməmişdir, digər tərəfdən isə ən pis halda mənzilə görə torpağın ancaq ayrıla bilinməyən hissəsi ipotekada sayıla bilər, ayrıla bilən hissəsi yox. Borclu ipoteka qoyan (iddiaçının atası) X7 15.03.2018-ci il tarixdə vəfat etmişdir. Onun oğlu (iddiaçı) İddiaçı mirası faktiki qəbul etmiş (həmin mənzildə yaşayır), habelə vərəsəlik işinin açılması üçün qanunla müəyyən edilmiş müddət daxilində notariusa müraciət etmişdir. 4 saylı Bakı «ASAN xidmət» mərkəzində Ədliyyə Nazirliyinin notariat kontorunda vərəsəlik işi açılmışdır. Miras əmlak yalnız ipoteka qoyulmuş mənzildən və səhvən ipoteka ilə yüklü edilmiş torpaqdan ibarət olduğuna görə notarius bildirmişdir ki, vərəsəlik şəhadətnaməsi verilməsi üçün ipoteka saxlayan bankın razılığı təqdim edilməlidir. Varis banka müraciət etsə də, bankdan şifahi olaraq bildirilmişdir ki, borc bağlanmayınca belə bir razılıq verilməyəcək. Bu səbəbdən varis vərəsəlik şəhadətnaməsi ala bilməmişdir. Varis ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra icraatının vərəsəlik şahədətnaməsi alınanadək dayandırılması üçün Sabunçu rayon İcra şöbəsinə 2018-ci ilin iyulunda müraciət etmişdir. Qeyd edilənlərə baxmayaraq, varis məlumatlandırılmadan hərrac keçirilmiş və bank mənzili, habelə əslində ipoteka predmeti olmayan (və ya onun hissəsini) borcun əvəzinə almışdır. Varis bu barədə 2021-ci ilin sentyabrından ona qarşı bankın qaldırdığı mənzildən çıxarılma iddiaçı üzrə Sabunçu rayon Məhkəməsinin iclasında bilmişdir. Keçirilmiş hərrac və onun nəticələri qanunsuzdur. Çünki hərracın keçirilməsinə baxmayaraq bu barədə ipoteka qoyanın varisinə heç bir məlumat verilməmiş, ona qanunda tələb olunan bildiriş təqdim edilməmişdir. Göstərilənlərə əsasən X8 ilə Cavabdeh2 ASC arasında 25.09.2008-ci il tarixdə bağlanmış alqı-satqı və ipoteka müqaviləsi ilə ünvan 4 ünvanındakı 0,06 ha torpaq sahəsinin ipoteka ilə yüklü edilmədiyi (ipoteka qoyulmadığı) müəyyən edilməsi, həmin torpaq sahəsinin Cavabdeh2 ASC-nin mülkiyyəti olmasına dair daşınmaz əmlakın dövlət reyestrində edilmiş qeydin ləğv edilməsi və həmin torpaq sahəsinin Cavabdeh2 ASCnin mülkiyyəti olmasına dair dövlət reyestrindən verilmiş çıxarışın etibarsız sayılması, ünvan 4 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən 101 nömrəli fərdi yaşayış evinə dair keçirilmiş hərracın, hərracın yekunları barədə 10.07.2019-cu il tarixli45/01 saylı protokolun, həmin evin alqı-satqısı barədə eyni tarixli müqavilənin, onların əsasında evin Cavabdeh2 ASC-nin mülkiyyəti olmasına dair dövlət reyestrində edilmiş qeydin və verilmiş 11.06.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbinin həcminin azaldılması haqqında ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, torpağa münasibətdə mübahisənin inzibati icraat qaydasında məhkəmədə baxılmasını nəzərə alaraq iddia tələbinin həcmini 0,06 ha torpağa münasibətdə azaldaraq, yəni iddianın 1-ci bəndini iddia tələbləri sırasından çıxardaraq, iddiaya yalnız onun 2-ci bəndi hissəsində, yəni hərracın mübahisələndirilməsi, reyestr qeydinin və çıxarışın etibarsızlığı hissəsində baxılaraq, təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 yanvar 2022-ci il tarixli, e-2(006)- 440/2022 nömrəli qətnaməsi ilə İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsini cəlb etməklə cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh2 ASC-yə qarşı «keçirilmiş hərracın, onun nəticələrinin, dövlət reyestrində edilmiş qeydin və verilmiş çıxarışın etibarsız hesab edilməsi» tələbinə dair iddiasının təmin edilməməsi, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət olunmuşdur. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-440/2022 saylı iş üzrə 06.01.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırır ki, birinci instansiya məhkəməsi aydınlaşdırmamış ki, hərracın bildirişi ölmüş adama ünvanlanıb, varis (yəni hazırkı iş üzrə İddiaçı) daha əvvəl icra orqanını (hərracın sifarişçisini) borclunun ölməsi barədə məlumatlandırmış, hərracın ölmüş adama göndərdiyi bildiriş isə səhv ünvana göndərdiyindən varisə çatmamışdır. Məhkəmə qətnamənin 7 – ci səhifəsinin sondan ikinci abzasında qeyd edir ki, güya hərracın keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarına riayət olunmuşdur. Halbuki, hərracın keçirilməsi haqqında bildirişin göndərilmə qəbzlərindəki qeydlərdən (qeyd edilən ünvanda belə şəxsin yaşamaması, ünvanın tam olmaması) görünür ki, bildiriş təqdim edilməyib və səbəbləri iddiaçının təqsirindən asılı deyil. Hərrac təşkilatı bilirdi və bilməli idi ki, ipoteka qoyanın ünvanı ipoteka predmetidir. Çünki vəfat etmiş şəxs bir dəfə də hərracın nəticələrini mübahisələndirmiş və orada ünvanının dəyişdiyini qeyd etmişdir. Digər tərəfdən bildiriş vəfat etmiş şəxsin adına göndərilib. Halbuki, hərracın sifarişçisi (icra məmuru) hərracdan xeyli əvvəl bilirdi ki, ipoteka qoyan ölüb və icraatda tərəf ola bilməz. Qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsnin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı iddia tələbinin və apellyasiya şikayətinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir.Əlavə olaraq qeyd etmişdir ki, bank fərdi yaşayış evini ucuz qiymətə iddiaçıya yenə də satmağa dair danışıqlara hazırdır.Lakin iddiaçı heç bir təkliflə təşəbbüs göstərmir. Apellyasiya baxışı zamanı Sabunçu rayon İcra və Probasiya şöbəsi müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur, icra işi məhkəməyə təqdim edilsə də, səlahiyyətli nümayəndəsi məhkəmə icraatında iştirak etməmişdir. İş üzrə digər tərəflər (o cümlədən Sabunçu rayon İcra və Probasiya şöbəsi) məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəflərin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş MH seryialı, ******* nömrəli çıxarışın kserosurətinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova küçəsində 0,06 ha torpaq sahəsində yerləşən 1 ədəd 2 mərtəbəli 6 otaqlı 148,7 kv.m. yaşayış, 254,4 kv.m. köməkçi sahədən ibarət 101 nömrəli fərdi yaşayış evi X3 adına tam mülkiyyət hüququ üzrə 03.12.2008-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan kreditor-ipoteka saxlayan qismində "xxxx" ASC ilə alıcıipoteka qoyan qismində X9 və satıcı qismində X10 arasında bağlanmış 25.09.2008-ci il tarixli, 01/04 nömrəli yaşayış sahəsinin alqı-satqı və ipoteka müqaviləsinin surətindən görünür ki, X10 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova küçəsində istifadədə olan 0,06 ha torpaq sahəsində yerləşən 1 ədəd 2 mərtəbəli 6 otaqlı 148,7 kv.m. yaşayış, 254,4 kv.m. köməkçi sahədən ibarət 101 nömrəli fərdi yaşayış evi X3 mülkiyyətinə vermiş, mənzilin satış qiyməti 320.700 ABŞ dolları-261.000 manat, mənzilin dəyərinin 96.210 ABŞ dolları – 78.000 manat S.Mirzəyev özü tərəfindən, 224.490 ABŞ dolları – 183.000 manat isə Cavabdeh2 ASC tərəfindən 25.09.2008-ci il tarixli 01/04 saylı kredit müqaviləsinə əsasən Səmənd Mirzəyevə verilmiş kredit vəsaiti hesabına ödənilmişdir. Səmənd Mirzəyev satılan mənzili bu müqavilə üzrə yaranmış hüquqa əsasən onun Cavabdeh2 ASC arasında bağlanmış 25.09.2008-ci il tarixli 01/04 saylı kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təminatı kimi Cavabdeh2 ASC-yə ipotekaya vermişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-957/2017 saylı, 10.08.2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-4225/2015 saylı 28.09.2015-ci il tarixli qətnaməsi ilə cavabdeh X1 cəmi 272.369,42 ABŞ dolları kredit borcu ödəniş anında ABŞ dollarının AZN-ə məzənnəsi nəzərə alınmaqla manatla iddiaçı Cavabdeh2 ASC-nin xeyrinə tutulması, tutulacaq məbləğ cavabdeh X4 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova küçəsində yerləşən 1 ədəd 2 mərtəbəli, 6 otaqlı, 148,7 kv.m. yaşayış, 254,4 kv.m. köməkçi sahədən ibarət 101 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin ev açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti təmin edilmiş iddia tələbi həcmində iddiaçı Cavabdeh2 ASC-yə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiyməti 282.000 manat müəyyən edilməsi, Cavabdeh2 ASC-yə ödənilməli olan əsas kredit borcu, kredit faizi və dövlət rüsumu ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsi cavabdeh X4 qaytarılması qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh S.Mirzəyev qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 10.08.2017-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-4225/2015 saylı, 28.09.2015-ci il tarixli qətnaməsi borcun tutulması hissəsində ləğv edilməsi, həmin hissədə iddianın qismən təmin edilməsi, cavabdeh X2 cəmi 229.061,23 ABŞ dollarının ödəniş anında ödəniş yerinin məzənnəsinə uyğun olaraq manatla iddiaçı Cavabdeh2 ASC-nin xeyrinə tutulması, qətnamənin ipoteka predmetinin ilkin satış qiyməti hissəsində dəyişdirilmədən saxlanılması, ekspertiza tədqiqatının dəyəri olan 100 manat cavabdeh X2 tutularaq dövlət büdcəsinə, qiymətləndirmə ekspertizasının dəyəri olan 150 manat cavabdeh X2 tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmişdir. İş materiallarında olan 4 saylı Bakı «ASAN xidmət» mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş 30.03.2018-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin kserosurətindən görünür ki, X7 15.03.2018-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 30.03.2018-ci il tarixdə 639 № ilə qeyd edilmişdir. Ölümün səbəbi: ürəyin aterosklerotik xəstəliyi. İş materiallarında olan Bakı «ASAN xidmət» mərkəzinin notariat kontorunun notariusu tərəfindən İddiaçı ünvanlanmış məktubun surətindən görünür ki, 15.03.2018-ci il tarixdə vəfat etmiş ünvan 5 ünvanında qeydiyyatda olan 28.04.1962-ci il təvəllüdlü atası X3 adına vərəsəlik işi açılmışdır. İş materiallarında olan İddiaçı tərəfindən ƏDMK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış 12.07.2018-ci il tarixli ərizənin surətindən görünür ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, L.Məmmədbəyova küçəsindəki 101 ünvanındakı 0,06 ha torpaq sahəsinin Cavabdeh2 ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi haqqında reyestr qeydinin ləğv edilməsi, yüklülük haqqında çıxarışın torpağa aid hissəsinin etibarsız sayılmasını və torpaq sahəsinin yüklülükdən azad edilməsini xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-76/2018 saylı, 12.03.2018-ci il tarixli qətnaməsi ilə iddiaçı X3 cavabdehlər "xxxx" MMC-nə və Cavabdeh2 ASC-nə qarşı keçirilmiş hərracın, onun nəticələrinin əsasında dövlət reyestrində edilmiş qeydin və verilmiş çıxarışın qanunsuz sayılması tələblərinə dair iddiası təmin edilmiş, "xxxx" MMC-nin Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova küçəsində istifadədə olan 0,06 ha torpaq sahəsində yerləşən 101 nömrəli fərdi yaşayış evinə dair 2016-cı ilin martın 31-də keçirilmiş hərrac, onun yekunları üzrə eyni tarixli 27/01 saylı protokollar etibarsız hesab edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova küçəsində istifadədə olan 0,06 ha torpaq sahəsində yerləşən 101 nömrəli fərdi yaşayış evin alqı-satqısı barədə müqavilə ləğv edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova küçəsində istifadədə olan 0,06 ha torpaq sahəsində yerləşən 101 nömrəli fərdi yaşayış evin alqı-satqısı barədə müqavilə əsasında evin Cavabdeh2 ASC-nin mülkiyyəti olmasına dair dövlət reyestrində edilmiş qeyd və verilmiş 21.05.2016-cı il tarixli RX seriyalı ******* saylı çıxarışın qanunsuz hesab edilərək ləğv edilmişdir. Həmin qətnamə ilə müəyyən olunmuşdur ki, keçirilən hərrac qanuni qüvvəsini almamış qətnamə əsasında keçirilmişdir. Sonradan isə həmin qətnamə apellyasiya məhkəməsinin predmeti olmuş və qətnamə dəyişdirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6512/2018 saylı, 15.08.2018-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 12.03.2018-ci il tarixli 2(005)- 76/2018 saylı qətnamə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 03.05.2019-cu il tarxili 01 saylı bildirişindən görünür ki, X3 adına, Sabunçu rayon İcra və Probasiya Şöbəsinə, Cavabdeh2 ASC-yə 03.06.2019-cu il tarixdə saat 11:00-da keçiriləcək hərrac barədə bildiriş göndərilmişdir. Həmin Bildiriş ipoteka qoyan X3 qeydiyyat ünvanı olan ünvan 7afiq poçt xidməti tərəfindən «ünvan tam deyil, qeyd olunan ünvanda həmin şəxsi tanımırlar» qeydi ilə geri qaytarılmışdır. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 07.06.2019-cu il tarxili 02 saylı bildirişindən görünür ki, X3 adına, Sabunçu rayon İcra və Probasiya Şöbəsinə, Cavabdeh2 ASC-yə 24.06.2019-cu il tarixdə saat 11:00-da keçiriləcək hərrac barədə bildiriş göndərilmişdir. Həmin Bildiriş ipoteka qoyan X3 qeydiyyat ünvanı olan ünvan 7afiq poçt xidməti tərəfindən «ünvanda yoxdur» qeydi ilə geri qaytarılmışdır. İş materiallarında olan "xxxx" MMC-nin sifarişi əsasında «Birja yenilikləri» qəzetində 165 (165) №-li 03-09 may 2019-cu il tarixdə, 170 (170) №-li 06-13 iyun 2019-cu il tarixdə, 173 (173) №-li 28 iyun-04 iyul 2019-cu il tarixdə elanlar verilmişdir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh2 ASC-yə, surəti: Sabunçu rayon İcra və Probasiya Şöbəsinə və X4 ünvanlanmış 28.06.2019-cu il tarixli ipoteka predmetinin əldə olunmasına dair təklifindən görünür ki, Sabunçu rayon İcra və Probasiya Şöbəsinin 3875-244575/17 saylı, 10.04.2019-cu il tarixli sifariş məktubuna əsasən ipoteka yüklü Bakı şəhəri, Bakıxanov qəsəbəsi, L.Məmmədbəyova küçəsində yerləşən 101 saylı fərdi yaşayış evinin təkrar hərracının baş tutmaması barədə «Birja yenilikləri» qəzetinin 28.06.2019-cu il tarixli nömrəsində elan dərc edilmişdir. «İpoteka Haqqında» Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə, yəni 179.775 manat olmaqla ipoteka saxlayana təklif olumuşdur. İş materiallarında olan "xxxx" MMC-nin 10.07.2019-cu il tarixli 45/01 saylı hərracın yekunları barədə protokolun surətindən görünür ki, Sabunçu Rayon İcra və Probasiya şöbəsinin sifarişi əsasında X4 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova küçəsində istifadədə olan 0,06 ha torpaq sahəsində yerləşən 101 nömrəli fərdi yaşayış evin ilkin satış qiyməti 282.000 manat müəyyən olunmuş, təkrar hərracda 25 faiz enmiş qiymətlə - 179.775,0 manata Cavabdeh2 ASC tərəfindən alınmışdır. İş üzrə hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 10.07.2019-cu il tarixli müqavilənin kserosurətinə əsasən X4 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova küçəsində istifadədə olan 0,06 ha torpaq sahəsində yerləşən 101 nömrəli fərdi yaşayış evi 179.775 manata Cavabdeh2 ASC-yə satılmışdır. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın kserosurətinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova küçəsində 0,06 ha torpaq sahəsində yerləşən 101 nömrəli fərdi yaşayış evi Cavabdeh2 ASC-nin adına tam mülkiyyət hüququ üzrə 11.06.2021-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Bakı İnzibati Məhkəməsinin 17 mart 2022-ci il tarixli, e-2-1(112)-2857/2022 saylı qərarının surətindən görünür ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (hazırda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin) 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, Cavabdeh2 ASC üçüncü şəxs qismində cəlb edilməklə “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydləri ləğv edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. Apellyasiya baxışı zamanı məhkəmənin sorğusuna cavab olaraq Sabunçu rayon İcra və Probasiya Şöbəsinin təqdim etdiyi icra işinin materiallarına əlavə edilmiş Sabunçu rayon İcra Şöbəsinə daxil olunmuş 30 iyul 2018-ci il tarixli, M-141 saylı icra sənədi üzrə icraatın dayandırılması haqqında qərar qəbul edilməsinə dair hazırkı iş üzrə İddiaçı ərizəsinin surətindən (əslinə baxış keçirilərək surəti işə əlavə olunmuşdur) görünür ki, borclu X7 15 mart 2018-ci il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 30 mart 2018-ci il tarixində 639 nömrəli qeyd edilmişdir. 30 mart 2018-ci il tarixli, AZ-1 937205 nömrəli ölüm şəhadətnaməsi verilmişdir. (Surəti ərizəyə əlavə edilir). “İcra haqqında” Qanunun 17-ci maddəsinə əsasən məhkəmənin müəyyənləşdirdiyi hüquq münasibəti vərəsəliyə və ya hüquq varisliyinə yol verirsə, borclu öldükdə, ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildikdə icraat məcburi olaraq dayandırılmalıdır. Həmin Qanunun 19-cu maddəsinə əsasən borclu öldüyü halda – müfafiq olaraq vərəsələr və ya hüquq varisləri müəyyən edilənədək icraat dayandırılır. Qanunvericiliyin tələblərinə əsasən, vərəsəlik haqqında şəhadətnaməni 6 aydan tez almaq mümkün deyildir. Qeyd edilənlərə əsasən, icrasənədi üzrə borclu X7 vəfat etdiyi üçün, icraatın dayandırılması haqqında qərar qəbul edilməsi xahiş olunmuşdur. Yuxarıda qeyd edilən hazırkı iş üzrə iddiaçı İddiaçı 30 iyul 2018-ci il tarixli ərizəsi ilə bağlı əvvəla Kollegiya qeyd edir ki, həmin ərizə "xxxx" MMC-yə iddiaçı tərəfindən çatdırılmasına dair hər hansı sübut iş materiallarında müəyyən olunmamışdır. Hazırkı halda iddiaçı yalnız keçirilmiş hərraclar barədə onun məlumatının olmamasını əsas gətirir, iddiaçı hesab edir ki, keçirilmiş hərraclar barədə ona məlumat verilmədiyindən, onun qanunla qorunan hüquq və maraqları pozulmuş və bu əsasdan həmin hərrac protokolu etibarsız hesab edilməlidir.Bununla əlaqədar məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hərracın keçirilməsi barədə hərrac təşkilatı tərəfindən məlumatlandırılmamaq kimi prosedur baş verməmiş, ipoteka qoyanın ölməsi isə hərracın keçirilməməsi üçün əsas deyildir. Bu barədə hərrac təşkilatına məlumat vermək öhdəliyi isə mirası qəbul etmiş şəxsin üzərinə düşür ki, bu barədə də məlumat verilməmişdir. Həmçinin, məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçı Fərinad Mirzəyəv həm iddia qaldırarkən, həm də 30 iyul 2018-ci il tarixli ərizəni Sabunçu rayon İcra Şöbəsinə təqdim edərkən vəfat etmiş borclu Səmənd Mirzəyevin prosessual varisi olaraq hərəkətlər etmiş, lakin prosessual varis olaraq vəfat etmiş atasının borcları üzrə məsuliyyətli davranmayaraq ərizələri təqdim etdikdən sonra borcun ödənilməsi ilə bağlı hər hansı danışıqlar aparmamış, bocun ödənilməsi istiqamətində vicdanlılığın tələb etdiyi tərzdə davranmamışdır. Belə ki, iddiaçı atasının vəvat etməsi ilə bağlı ərizəni 30 iyul 2018-ci il tarixdə Sabunçu rayon İcra Şöbəsinə təqdim etmiş, mübahisələndirilən hərrac isə 10.07.2019-cu il tarixdə keçirilmişdir.İddiaçı qeyd edildiyi kimi keçən 1 (bir) ərzində prosessual varis olaraq vəfat etmiş atasının borcunun ödənilməsi ilə bağlı hər hansı danışıqlar aparmamış, bocun ödənilməsi istiqamətində təkliflər irəli sürməmişdir. Məhkəmə Kollegiyası bu mövqeydən çıxış edərkən nəzərə alır ki, İddiaçı atasının vəfatından sonra mübahisəli daşınmaz miras əmlakı faktiki qəbul etmədiyini də bildirməmişdir.Həmçinin, İddiaçı hazırkı iddianın qaldırmaqla da eyni əsasdan çıxış etmiş olur.. Məhkəmə Kollegiyası qeyd edir ki, “İcra haqqında” Qanunun 17-ci maddəsinə əsasən məhkəmənin müəyyənləşdirdiyi hüquq münasibəti vərəsəliyə və ya hüquq varisliyinə yol verirsə, borclu öldükdə, ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildikdə icraat məcburi olaraq dayandırılmalıdır.Həmin Qanunun 19-cu maddəsinə əsasən borclu öldüyü halda – müfafiq olaraq vərəsələr və ya hüquq varisləri müəyyən edilənədək icraat dayandırılır. Lakin, məhkəmə Kollegiyası hazırkı halda hesab edir ki, yuxarıda qeyd edildiyi kimi, iddiaçı atasının vəvat etməsi ilə bağlı ərizəni 30 iyul 2018-ci il tarixdə Sabunçu rayon İcra Şöbəsinə təqdim edərkən hərrac keçirilmə məərhələsində olmuş, iddiaçı bu barədə tam məlumatlı olmuş, mübahisələndirilən hərrac isə 10.07.2019-cu il tarixdə keçirilmişdir, iddiaçı qeyd edildiyi kimi keçən 1 (bir) ərzində prosessual varis olaraq vəfat etmiş atasının borcunun ödənilməsi ilə bağlı hər hansı danışıqlar aparmamış, bocun ödənilməsi istiqamətində vicdanlılığın tələb etdiyi tərzdə davranmamışdır. Odur ki, Kollegiya hesab edir ki, hazırkı halda iddiaçının atasının vəvat etməsi ilə bağlı ərizəni 30 iyul 2018-ci il tarixdə Sabunçu rayon İcra Şöbəsinə təqdim etməsi dəlili (belə məzmunlu ərizənin "xxxx" MMC-yə iddiaçı tərəfindən çatdırılmasına dair hər hansı sübut iş materiallarında müəyyən olunmamışdır.) iddianın təmin olunması qənaətinə gəlməyə imkan vermir.Bu yanaşma hüquqdan sui-istifadəyə şərait yaratmış olar. Məhkəmə Kollegiyası onu da nəzərə alır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9- cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair 16 oktyabr 2020-ci il tarixli Qərarındakı hüquqi mövqeyində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243 və 1306.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4 və 307.2.9-cu maddələrinə əsasən, vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır. Qeyd olunan mövqedən bu nəticəyə gəlmək olar ki, ipotekaya qoyan şəxsin ölməsi və mirasın qəbul edilməməsi halında belə kreditorun tələbləri üstün mövqe kimi göstərilmişdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 41.1-ci maddəsinə əsasən ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda satıla bilər. Eyni Qanunun 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. İcra məmuru hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) sifariş verir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Göstərilən Qanunun 42.3-cü maddəsinə əsasən hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. Həmin Qanunun 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Eyni Qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Göstərilən Qanunun 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Müəyyən olunmuşdur ki, Sabunçu rayon İcra və Probasiya Şöbəsinin sifarişi əsasında "xxxx" MMC tərəfindən X4 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova küçəsində istifadədə olan 0,06 ha torpaq sahəsində yerləşən 101 nömrəli fərdi yaşayış evinin açıq hərracda satışı üçün elan verilmiş və ilkin hərrac 03.06.2019-cu il tarixində, təkrar hərrac isə 24.06.2019-cu il tarixində keçirilmiş, lakin “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 43.1.2-ci maddəsinə əsasən hərracın iştirakçısı olmadığından hərrac baş tutmamış elan olunmuşdur. Həmin Qanunun 43.7-ci maddəsinə əsasən əmlak 25 % endirimlə Cavabdeh2 ASC-yə təklif olunmuş və nəticədə ASC tərəfindən ipoteka predmeti əldə edilmişdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə görə ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Eyni Qanunun 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.5-ci maddəsinə əsasən hərracın nəticələri haqqında protokol müqavilə qüvvəsinə malikdir. Beləliklə, birinci instansiya məhkəməsinin iclasında müəyyən olunmuşdur ki, qüvvədə olan qanunvericiliyə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmiş və bundan sonra həmin əmlaka dair daşınmaz əmlakın dövlət reyestrindən mülkiyyət hüququna dair çıxarış almışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «“İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair» 28 oktyabr 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. Həmin Qanunun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Həmin Qərarda qeyd olunmuşdur ki, ipoteka saxlayan tərəfindən ipoteka predmetini almaq imkanından vaxtında istifadə edilməməsi, ipoteka qoyan üçün mühüm olan ipotekaya xitam verilməsi imkanından istifadə etmək hüququnu yaradır. «İpoteka haqqında» Qanunun başqa şəkildə şərh edilməsi, yəni ipoteka saxlayana bu imkanın qanunla müəyyən edilmiş müddətdən sonra da yenidən verilməsi, ipoteka qoyanın qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarır. Göründüyü kimi, hərracın keçirilməsini həyata keçirən "xxxx" MMC tərəfindən «İpoteka haqqında» Qanunun tələblərinə uyğun olaraq hərracın keçirilməsinin qanunla müəyyən olunmuş qaydalarına riayət olunmuş, ipoteka saxlayan Cavabdeh2 ASC də öz növbəsində təkrar hərrac baş tutmamış elan edildikdən sonra ipoteka predmetini 30 gün müddətində əldə etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Göründüyü kimi, qanunverici tərəfindən əqdin etibarsız hesab edilməsi əsasları subyekt, iradə ifadəsinin sağlamlığı, forma və məzmun tələbləri və s. baxımdan təsnifləşdirilmişdir. Məhkəmə kollegiyası həmçinin iddianın dövlət reyestrində edilmiş qeydin və verilmiş çıxarışın etibarsız hesab edilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi hərracın keçirilməsinin və onun nəticələrinin etibarsız hesab edilməsi hissəsində təmin edilmədiyindən və sonrakı tələblər ilkin tələblə bağlı olduğundan prosessual qənaət prinsipini nəzərə almaqla əlavə araşdırılma aparılmadan iddia tələbi bu hissələrdə də təmin oluna bilməz. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsini cəlb etməklə cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh2 ASC-yə qarşı «keçirilmiş hərracın, onun nəticələrinin, dövlət reyestrində edilmiş qeydin və verilmiş çıxarışın etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsini cəlb etməklə cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh2 ASC-yə qarşı «keçirilmiş hərracın, onun nəticələrinin, dövlət reyestrində edilmiş qeydin və verilmiş çıxarışın etibarsız hesab edilməsi» tələbinə dair iddiasının təmin edilməməsi ilə bağlı birinci instasiya məhkəməsinin qənaəti düzgündür. Kollegiya nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 yanvar 2022-ci il tarixli, e-2(006)- 440/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-2349/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2349/2022
12.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver