Məhkəmə qərarları › İş №2(103)-235/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-235/2021

25.02.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-235/2021 25.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Leysan qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1, cavabdeh “xxxx” MMC-nin nümayəndəsi və vəkili Vəkil2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində prosesə cəlb olunmuş X2 iştirakı ilə İddiaçı “xxxx” MMC-nə qarşı “zirzəminin təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2015-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla MMC arasında bağlanmış xx xxxxxx 2009-cu il tarixli müqaviləyə əsasən ünvan 1 saylı binanın qarşısında MMC-nin inşa etdiyi 10 mərtəbəli binanın 500 kv.metr sahəsi olan zirzəmisini 400 000 manata aldığını, müqaviləni imzalamış MMC-nin təsisçisi və direktoru Tofiq Əliyev tərəfindən 2013-cü ilə kimi binanın tikilməklə həmin zirzəminin ona təhvil veriləcəyinin bildirilməsinə baxmayaraq, bu öhdəliyin yerinə yetirilmədiyini irəli sürmüş, buna görə də zirzəminin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2015-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur. Həmin qətnamədən cavabdeh hüquqi şəxsin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv, iddianın isə rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini işə baxılması barədə cavabdehə məlumat verilmədiyi, iddiaçının istinad etdiyi müqavilənin və maliyyə arayışının saxta olduğu, MMC-nin rəhbəri olan Tofiq Əliyevin belə bir müqavilə bağlamadığı arqumentləri ilə əsaslandırmışdır. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclaslarında iştirak edən cavabdeh hüquqi şəxsin nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək həmçinin bildirmişdir ki, iddiaçı, MMC-nin direktoru Tofiq Əliyevin təqsirləndirilməsi ilə bağlı cinayət işinin icraatı zamanı verdiyi ifadədə MMC-yə cəmi 300 000 manat pul verdiyini və 250 m2 sahədən imtina etdiyini göstərmiş, beləliklə də müvafiq müqavilənin reallığı əks etdirmədiyini faktiki etiraf etmişdir. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində prosesə cəlb olunmuş X3 şikayətin əsassız olduğunu bildirərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası izahatları dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş hallarına əsasən, “xxxx” MMC ilə İddiaçı arasında xx xxxxxx 2009-cu il tarixdə müqavilə bağlamış, müqaviləyə görə adı çəkilən MMC, ünvan 1 ünvanında inşa edilən binanın zirzəmisindəki 500 m2 sahəni iddiaçıya satmağı, iddiaçı isə həmin əmlakın dəyəri olan 400 000 manatı ödəməyi öhdələrinə götürmüş, eyni tarixdə iddiaçı göstərilən məbləği MMC-nin kassasına mədaxil etmiş, bu barədə ona maliyyə arayışı verilmişdir. Tərəflər arasında mübahisənin yaranmasına səbəb, MMC-nin İddiaçılə bağlamış olduğu müqavilənin şərtlərinə əməl etməməsi olmuş, həmin hal apellyasiya şikayətində də dolayı şəkildə etiraf olunaraq bu, müqavilə predmetinin iddiaçıya satılmadığı, onun istinad etdiyi müqavilənin və maliyyə arayışının saxta olması, həmin sənədlərin MMC-nin rəhbəri tərəfindən imzalanmadığı arqumentləri ilə əsaslandırılmışdır. Apellyasiya baxışı zamanı cavabdeh MMC-nin nümayəndəsinin həmin arqumentinin yoxlanılması üçün məhkəmə-xətşünaslıq ekspertizası təyin olunmuş, ekspertin verdiyi rəylə müvafiq sənədlərin MMC-nin direktoru olan Tofiq Əliyev tərəfindən imzalandığı müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifələrinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla içra edilməsi) başa düşülür. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Məcəllənin 165-ci maddəsinə əsasən isə, sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq iddiaçının dəyərini ödədiyi əmlakla bağlı hüquqlarının pozulduğu qənaətinə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Kollegiya xüsusi olaraq vurğulayır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 119.5-ci maddəsinə əsasən isə, apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Buna əsasən məhkəmə kollegiyası hesab edir ki, işə apellyasiya qaydasında baxılarkən keçirilmiş ekspertiza xərci cavabdeh MMC-dən tutularaq dövlət büdcəsinə köçürülməli, apellyasiya şikayətinin verilməsi üçün onun tərəfindən ödənilmiş dövlət rüsumu isə özünə aid edilməlidir. Kollegiya apellyatorun, işə onun nümayəndəsinin iştirakı olmadan baxıldığı arqumentinə də münasibət bildirərək qeyd edir ki, iş materiallarından MMC-nin məhkəməyə məlum olan ünvanına bildirişlər göndərildiyi, lakin bildirişlərin “ünvan düzgün deyil” qeydi yazılmaqla geri qaytarıldığı aydın olur – ünvanının yanlış olması səbəbilə bildirişi almamasının məsuliyyətini isə cavabdeh daşıyır və bu, məhkəmənin prosessual pozuntuya yol verməsi kimi qiymətləndirilə bilməz. İddiaçının, MMC-nin direktoru Tofiq Əliyevin təqsirləndirilməsi ilə bağlı cinayət işinin icraatı zamanı verdiyi ifadədə MMC-yə cəmi 300 000 manat pul verdiyini və 250 m2 sahədən imtina etdiyini bildirdiyi arqumenti ilə bağlı isə qeyd olunmalıdır ki, birincisi həmin ifadələrdə onun, əmlakın müvafiq hissəsindən imtina etməsi barədə razılaşmanı istintaq orqanına təqdim edəcəyini göstərdiyi, lakin belə bir razılaşmanın əldə olunmadığı və təqdim edilmədiyi müəyyən olunmuşdur; ikincisi nəzərə alınmalıdır ki, iş materiallarından Əbdürrəhman Quliyevin artıq mübahisəsi gedən əmlakı mülkiyyətinə keçirdiyi və bununla bağlı xx.xx.2019-cu il tarixdə çıxarış aldığı aydın olur – belə olan halda isə, onun müvafiq cinayət işinin icraatı zamanı verdiyi ifadələr hazırkı mübahisə baxımından əhəmiyyət kəsb etmir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4976/2015 saylı iş üzrə xx xxxxxxx 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 127 (yüz iyirmi yeddi) manat “xxxx” MMC-dən tutularaq dövlət büdcəsinə (Az.MEM VÖEN **********, Hesab № ******* Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab-AZ85NABZ********************, SWİFT-BİK CTREAZ22) köçürülsün. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği “xxxx” MMC-nə aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar