Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-235/2024 15.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ilkin iddiası; iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddiası üzrə mülki iş (Açar sözlər: «maddi və mənəvi ziyanın ödənilməsi, əlaqəli hüquq, sübutetmə yükü») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, nümayəndəsi və vəkili Vəkil4 və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə Cavabdeh1 vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-153/2023 saylı, 02 mart 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Fərzəliyev Turalın xx.xx.2022-ci il tarixli razılıq məktubuna əsasən “Alındı torpaqlarımız”, “İki dəqiqədən bir” və “Qalmaqal” adlı musiqi əsərlərinin İddiaçı tərəfindən ifa edilməsinə və digər hərəkətlərə razılıq vermişdir.
2. Azərbaycan Bəstəkarlar İttifaqı tərəfindən verilmiş 5/74 nömrəli xx.xx.2022-ci il tarixli məktuba əsasən Ceyhun Məmmədov və Tural Fərzəliyev heç bir zaman Azərbaycan Bəstəkarlar İttifaqının üzvü olmamışdır.
3. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin PHŞ/2-2-2022-670 nömrəli, xx.xx.2022-ci il tarixli məktubunda “Alındı torpaqlarımız”, “İki dəqiqədən bir” və “Qalmaqal” adlı mahnılar Ceyhun Məmmədovun adına qeydiyyata alınmamışdır. Həmçinin Cavabdeh1 adlı müəllifin əsərləri Agentlikdə dövlət qeydiyyatından keçirilməmişdir. Müəllif, X2 “Ayrı-ayrı”, “Yazdım ürəyimə” adlı musiqi əsərləri və “Ömrüm-günüm” adlı şeiri müəllif-hüquq qanunvericiliyinin tələblərinə uyğun qaydada Agentlikdən qeydiyyatdan keçirilmiş və müəllifə xx.xx.2022-ci il tarixdə qeydiyyat haqqında 12954, 12952 və 12953 nömrəli şəhadətnamələr verilmişdir.
4. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin 12954, 12952 və 12953 nömrəli, xx.xx.2022-ci il tarixli şəhadətnamələrinə əsasən X2 “Ayrı-ayrı”, “Yazdım ürəyimə” adlı musiqi əsərləri və “Ömrüm-günüm” adlı şeiri müəllif-hüquq qanunvericiliyinin tələblərinə uyğun qaydada Agentlikdən qeydiyyatdan keçirilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
5. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi və mənəvi ziyanın ödənilməsi barədə ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və "Youtube” kanalının Azərbaycandakı rəhbəri Cavabdeh2 ona vurduqları ziyanın əvəzi kimi 10000 manat mənəvi və 10.000 manat maddi ziyan əvəzinin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İlkin iddiada göstərilir ki, 2018-ci il tarixində Nicat adlı şəxslə tanış olmuşdur. Həmin vaxt keçmiş adı "Melodiya”, hazırki adı "Yaşıl ada” adlanan məkanda şou proqramlarda iştirak etmişdir. Nicat Mustafayev həmin şou proqramlara gəlmişdir. 6 ay həmin şou proqramlara gələn Nicat ona evlilik təklifi etmiş, iş yoldaşlarının təkidi ilə evlənməyə razılıq vermişdir. 2020-ci il tarixində "Sapfir” şadlıq sarayında toy mərasimi keçirmək üçün behi danışmış və toy gününü təyin etmişdir. Həmin günlərdə müğənni Cavabdeh1 ilə ona xəyanət etdiyini bilmiş və araşdırmağa başlamışdır. Məlum olmuşdur ki, Nicat evlidir, ailəsi və uşaqları var və müğənni Cavabdeh1 ilə münasibətdədir və ondan ayrılmışdır. Nicatın anası dəfələrlə ona yalvarmışdır ki, onun oğlunun ailəsi dağılır, ona oğlunun Cavabdeh1 uzaqlaşmasına kömək etsin. Bütün bu hadisələrdən sonra Nicat və Gülnar ona qarşı şantajlara, təhqirlərə, böhtanlara və 2020-ci ildən 2022-ci ilədək 2 il ərzində 3 mahnını sildirməyə başlamışlar. Hər 3 mahnı sosial şəbəkələrdə çox məşhurlaşmışdır. Onlar başa düşdülər ki, bu mahnıları "Youtube” kanalına yüklənsə yaxşı gəlir əldə edə bilər. 2020-ci ilin dekabr ayında vətənə aid "Alındı torpaqlarımız" adlı mahnısı "Youtube" kanalına yükləndikdən bir neçə saat sonra onlar tərəfindən silinmişdir. Ona bildirmişlər ki, mahnılarının "Youtube" kanalında yüklənməsinə imkan verməyəcəklər. Cavabdeh1 bunu "Youtube" kanalının Azərbaycandakı rəhbəri Cavabdeh2 vasitəsilə həyata keçirirdi. Onlar "Youtube" kanalına saxta şikayətlər yazmış və onun mahnılarını sildirmişlər ki, guya o, Cavabdeh1 mahnıları oğurlamışdır. Halbuki yuxarıda qeyd etdiyi kimi şikayətlər saxta olmuş, mahnılar onun öz mahnılarıdır və həmin mahnılar Zəfər günü ilə bağlı oxuduğu "Alındı torpaqlarımız", "2 dəqiqədən bir" və "Qalmaqal" mahnılarıdır və Bababyeva Gülnar "2 dəqiqədən bir" mahnısının musiqisini oğurlayıb öz adına çıxartmış və sözlərini başqa şəxsə yazdırmışdır. Halbuki bu mahnını birinci dəfə o, oxumuş və tarixi də məlumdur. Bakı Sağlamlıq Mərkəzində onkoloji xəstəlikdən əməliyyat olunmuşdur. Ona stress keçirmək və əsəbləşmək olmaz. Bütün bunlara baxmayaraq Cavabdeh1, Nicat Mustafayevin və "Youtube" kanalının Azərbaycandakı nümayəndəsi Cavabdeh2 ona qarşı etdikləri bu qeyri-hüquqi hərəkətləri ilə bağlı böyük stress keçirtmiş, nəticədə qolunun altında və əməliyyat olunduğu nahiyyələrdə yenidən şişlər əmələ gəlmiş və həkimə müraciət etdikdə həkim həmin şişlərin həyəcan və stress nəticəsində yarandığını bildirmişdir. Cavabdeh1 bu qanunsuz hərəkətləri və hüquqlarını pozması nəticəsində dəfələrlə üstünə təcili tibbi yardım çağırılmışdır. Cavabdehlər ona maddi və mənəvi ziyan vurmuşlar.
7. Cavabdeh1 İddiaçı qarşı maddi və mənəvi ziyanın ödənilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı 5000 manat maddi, 5000 manat mənəvi zərər əvəzinin, həmçinin 120 manat ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Qarşılıqlı iddiada göstərilir ki, İddiaçı Rafail qızının məhkəmədə qaldırdığı iddia ərizəsində qeyd olunan mahnılar qarşılıqlı iddia üzrə iddiaçı Gülnar Babazadəyə məxsus olsa da İddiaçı həmin mahnıları ifadə edir, klip çəkdirib youtube və digər platformalarda paylaşımlar edir, toy və digər məclislərdə ifa etməklə gəlir əldə edir. Mübahisəsi gedən "Ayrı-ayrı", "Ömrüm günüm" və "Yazdım ürəyimə" mahnıları X3 (Ceyhun Ömər) məxsusdur və həmin mahnılar Gülnar Babazadə üçün bəstələnmişdir. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qeyd olunan mahnıların notları, musiqisi saxlanılmaqla sözləri dəyişdirilməklə kopyalanmış formada ifa etmişdir. Gülnar Babazadə tərəfindən artıq tanıdılmış və sevdirilmiş mahnı İddiaçı tərəfindən çox rahat formada Gülnar Babazadənən razılığı olmadan ifa edilməklə gəlir əldə edilmiş, Gülnar Babazadəni gəlirindən məhrum etməklə yanaşı onu mənəvi iztirab çəkməyə məcbur etmişdir.
9. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-153/2023 saylı, 02 mart 2023-cü il tarixli qətnaməsi (hakim Həqiqət Əhmədova) ilə ilkin və qarşılıqlı iddia tələblərinin təmin edilməməsi və iddiaların verilməsi üçün ödənilmiş dövlət rüsumlarının tərəflərin özlərinə aid edilməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətində göstərib ki, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, “Alındı torpaqlarımız", "2 dəqiqədən bir" və "Qalmaqal" mahnıları İddiaçı tərəfindən, "Ayrı-ayrı", "Ömrüm günüm" və "Yazdım ürəyimə" mahnıları da Cavabdeh1 tərəfindən ifa edilmişdir. Tərəflərin izahatları əsasında “Alındı torpaqlarımız" və "Yazdım ürəyimə" mahnılarının musiqisinin eynilik təşkil etdiyi müəyyən olunmuşdur. “Alındı torpaqlarımız”, “İki dəqiqədən bir” və “Qalmaqal” adlı mahnılar Ceyhun Məmmədovun adına qeydiyyata alınmamış, Müəllif, X2 “Ayrı-ayrı”, “Yazdım ürəyimə” adlı musiqi əsərləri və “Ömrüm-günüm” adlı şeiri müəllif-hüquq qanunvericiliyinin tələblərinə uyğun qaydada Agentlikdən qeydiyyatdan keçirilmiş və müəllifə qeydiyyat haqqında şəhadətnamələr verilmişdir. Cavabdeh1 adlı müəllifin əsərləri isə Agentlikdə dövlət qeydiyyatından keçirilməmişdir. İddiaçı mahnıları oxumaq üçün icazə verən Tural Fərzəliyev isə heç bir zaman Azərbaycan Bəstəkarlar İttifaqının üzvü olmamışdır. ...Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Fərzəliyev Tural ilkin iddiaçı tərəfindən mübahisə edilən “Alındı torpaqlarımız”, “İki dəqiqədən bir” və “Qalmaqal” adlı mahnılara müstəsna müəlliflik hüququnun sahibi kimi qeydiyyat haqqında şəhadətnamə almadığından, yəni mübahisə edilən mahnıların müəllifinin Fərzəliyev Tural olması barədə məhkəməyə sübut təqdim edilmədiyindən onunla İddiaçı arasında olan razılıq İddiaçı “Müəlliflik hüququ və Əlaqəli hüquqlar” haqqında Qanunun 33-cü maddəsində müəyyən edilən ifaçı hüquqlarına (ad hüququ; ifanı ifaçının şərəf və ləyaqətinə xələl gətirə biləcək hər hansı təhrif, dəyişmə və digər qəsdlərdən müdafiə etmək hüququ; ifadan bu qanunda nəzərdə tutulan hallardan başqa, istifadənin hər növünə görə qonorar almaq hüququ da daxil olmaqla, hər hansı formada istifadəyə müstəsna hüquq) sahib olduğunu təsdiq edən sənəd hesab edilə bilməz. İlkin iddiaçının hazırki mübahisə predmeti ilə bağlı cavabdehə qarşı öz hərəkətlərinə hüquqi ixtiyar, ondan tələb hüququ və müdafiə hüququ kimi üç elementin məcmusundan ibarət olan subyektiv hüquqa malik olması işdə olan sənədlərlə də sübuta yetirilməmişdir. Belə ki, ilkin iddia tələbi üzrə İddiaçı subyektiv hüquqa malik olmadığından, yəni ifa etdiyi mahnılara hüquq əldə etmək üçün qanunvericiliklə müəyyən edilmiş tələblərə riayət etmədiyindən onun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı tələb hüququna malik deyildir. Məhkəmə eyni zamanda iş materiallarına əlavə edilmiş CD disklərə münasibətdə bildirir ki, həmin disklərə əlavə edilmiş materiallar iş üçün əhəmiyyətli və mötəbər sübutlar deyildir. Belə ki, həmin disklərin birində olan səs yazısında Cavabdeh2 ilə İddiaçı arasında olan danışıqlar nəticəsində Cavabdeh2 reklama pul qoymaq lazım olduğunu, mahnıların, onların müəllif hüquqlarının onun olması barədə əlində rəsmi sənədlərin olmamasını, onların təqdim edilməsini, Agentlikdən Turalın ya da öz adından qeydiyyatdan keçirməsini, bundan sonra mahnıları yayacağını, onun mahnılarının qorunduğunu, Canan və digərlərinin də reklama pul ayırdığını, gəlib pulunu götürməsini, onun sorğu verib İddiaçı instaqramda adının qabağında olan mavi işarəni sildirəcəyini demişdir. İddiaçı isə səs yazısında onun hüquqlarının şirkət tərəfindən qorunmadığını, Cavabdeh2 tərəfindən mahnıların silinməsi barədə şikayət vermədiyini, “Youtube” sosial şəbəkəsində özünə kanal almaq üçün 400 manat pul verib aldığını, onun mahnılarının silinməsi üçün musiqi və sözün eyni olmasının lazım olduğunu, əgər mahnılar eynilik təşkil edirsə Cavabdeh2 qanuni şəkildə notları tələb etmədiyini, onun iki mahnnısı silindiyi halda onun kanalının xüsusi olaraq şikayət vermədiyini, onun pulunu gətirib ona təqdim etməsini, ondan sonra kanalını Şəhanənin işlətməsi üçün verəcəyini qeyd etmişdir. Eyni zamanda, ilkin iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş disklərdə olan fotoşəkildə olan Cavabdeh1 (Canan__official) tərəfindən edilmiş paylaşımda o, mahnının youtube tərəfindən silindiyini, təzminat davası açacağını, mahnının yazarının, ifa edən mügənninin də qanuni şəkildə cavab verəcəyini qeyd etmişdir. Beləliklə, qeyd olunan danışıqlar, iş materiallarına əlavə edilmiş fotoşəkil mahnıların sırf cavabdehlər tərəfindən silinməsini təsdiq etmir. Bu hal öz təsdiqini tapdığı halda belə yenə də İddiaçı qeyd olunan mahnıların silinməsi barədə iddia qaldırmaq hüququ yoxdur. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh1 “Ayrı-ayrı”, “Yazdım ürəyimə” və “Ömrüm-ömrüm” adlı mahnılara müstəsna müəlliflik hüququnun X1 adına qeydiyyata alındığını təsdiq edən şəhadətnamələri məhkəməyə təqdim etməsinə baxmayaraq X1 “Müəlliflik hüququ və Əlaqəli hüquqlar” haqqında Qanunun 33-cü maddəsində müəyyən edilən həmin mahnılara olan müstəsna hüquqlarının Cavabdeh1 verilməsini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilmədiyindən Cavabdeh1 da qeyd olunan mahnılara subyektiv hüquqa malik olmadığı qəbul edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia tələbinin “10.000 manat maddi ziyanın tutulub ona verilməsi” və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı idddia tələbinin “5000 manat maddi zərərin onun xeyrinə tutulması” hissəsi təmin edilməməlidir. Yuxarıda qeyd edilən maddi hüquq normalarına əsasən məhkəmə hesab edib ki, ilkin iddiaçının iddia tələbi mənəvi zərər hissəsində də əsassız olduğundan rədd edilməlidir. Belə ki, hazırki işdə ilkin iddia tələbi üzrə cavadeh Cavabdeh1 və Cavabdeh2 hərəkətləri nəticəsində, İddiaçı stress keçirtməsi, yenidən sağlamlığının pozulması, xəstəliyinin artması şərəf və ləyaqətini ləkələyən hərəkət kimi qiymətləndirilə bilməz. Həmçinin, yuxarıda qeyd olunan halların sırf qarşılıqlı iddiaçının və ilkin iddia üzrə digər cavabdehin hərəkətləri nəticəsində baş verməsi də ilkin iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndinin 3-cü abzasında göstərilir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Zərəçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Eyni zamanda ilkin iddia tələbi üzrə İddiaçı iddia tələbinin mənəvi zərər hissəsinin əsası olaraq məhkəməyə AR Səhiyyə Nazirliyi Bakı Sağlamlıq Mərkəzi publik hüquqi şəxsin 810/02/31 nömrəli xx.xx.2022-ci il tarixli məktubunu təqdim etmişdir. Halbuki, o, öz iddia ərizəsində Nicat və Gülnarın ona qarşı şantajlara, təhqirlərə, böhtanlara və 2020-ci ildə 2022-ci ilədək 2 il ərzində 3 mahnısını sildirməyə başladıqlarını qeyd etməsini göstərməsinə baxmayaraq, AR Səhiyyə Nazirliyi Bakı Sağlamlıq Mərkəzi publik hüquqi şəxsin 810/02/31 nömrəli xx.xx.2022-ci il tarixli məktubuna əsasən müəyyən olunur ki, xx.xx.2019-cu il tarixdən sonra xəstə Mərkəzə hər hansı müayinə və müalicə üçün mürüaciət etməmiş, yalnız xx.xx.2022-ci il tarixli Təcili və Təxirəsalınmaz Xəbərdarlıq vərəqəsinə əsasən İddiaçı üzərində müalicə aparılmış və həkim tərəfindən tövsiyyələr verilmişdir. İddiaçı məhkəməyə iddia ərizəsini xx.xx.2022-ci ildə poçtla göndərdikdən sonra xx.xx.2022-ci il tarixli məktubu əldə etmişdir. Eyni zamanda məhkəmə qarşılıqlı iddiaçının onun tərəfindən artıq tanıdılmış və sevdirilmiş mahnının İddiaçı tərəfindən çox rahat formada Gülnar Babazadənin razılığı olmadan ifa edilməklə gəlir əldə edilməsi, Gülnar Babazadənin gəlirindən məhrum etməklə yanaşı onu mənəvi iztirab çəkməyə məcbur etməsi nəticəsində mənəvi zərər tələb etməsinə münasibətdə bildirir ki, hazırki tələb maddi ziyan tələbindən yarandığından, maddi ziyan tələbi tərəfin subyektiv hüququ olmaması əsasında rədd edildiyindən, həmçinin qarşılıqlı iddiaçı Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı hərəkətləri nəticəsində mənəvi iztirab çəkməsi ilə bağlı məhkəməyə mötəbər sübutlar təqdim etmədiyindən qarşılıqlı iddia tələbi bu hissədə də əsassız hesab edilərək rədd edilməlidir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
11. İddiaçı (nümayəndəsi və vəkili Vəkil4) apellyasiya şikayəti verərək qətnamənin qismən - ilkin iddia tələbinin təmin edilmədiyi hissəsində ləğv edilməsini və həmin hissədə iddia tələbinin təmin edilməsini xahiş edib şikayətində göstərir ki, birinci instansiya məhkəməsi məsələyə bu cür yanaşmaqla “Müəlliflik və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununun, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İfaçıların, fonoqram istehsalçılarının və yayım təşkilatlarının hüquqlarının qorunması haqqında” 1961-ci ildə qəbul edilmiş Roma Konvensiyasının və Azərbaycan Respublikasının tərəfdar çıxdığı Ümumdünya Əqli Mülkiyyət Təşkilatının “İfalar və fonoqramlara dair” 20 dekabr 1996-cı il tarixli müqaviləsinin tələblərini pozmuşdur. Belə ki, işin mübahisəsiz hallarından “Alındı torpaqlarımız”, “İki dəqiqədən bir” və “Qalmaqal” mahnılarının ilk dəfə ilk iddia üzrə İddiaçı tərəfindən ifa edildiyi və onun mahnıları kimi “Youtube” şəbəkəsində yerləşdirildiyi müəyyən olunur. Qeyd edilən mahnıların ilk ifaçısının İddiaçı olması və onun “Youtube” kanalında yerləşdirilməsi iş materiallarında olan disklərlə öz təsdiqini tapır. Həmin şəbəkədə mahnıların müəlliflik hüququnun qorunmasının göstərilməsinə baxmayaraq, 2020-ci ilin dekabr ayında “Alındı torpaqlarımız” mahnısı “Youtube” kanalına yükləndikdən bir neçə saat sonra silinmişdir. Ümumilikdə, 2020-ci ildən 2022-ci ilədək “Youtube” kanalına cavabdehlər tərəfindən saxta “gmail” dən şikayətlər yazılmaqla ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən ifa edilən “Alındı torpaqlarımız”, “İki dəqiqədən bir” və “Qalmaqal” mahnıları silinmişdir. Halbuki, həmin mahnıların məhz ilk iddia üzrə İddiaçı “Youtube” kanalında yerləşdirilməsinə bəstəkar Tural Fərzəliyevin razılıq ərizəsi olmuşdur və qeyd edilən mahnılar müəllifin və ifaçının razılığı olmadan götürülə və hər hansı başqa formada istifadə edilə bilməzdi. “Youtube” kanalının Azərbaycandakı rəhbəri Cavabdeh2 müəllif və ifaçının həmin mahnılara olan hüquqlarını təmin etməli olduğu halda, həmin hüquqların qanunvericiliyə müvafiq qaydada mühafizəsini təmin etməmişdir. Cavabdeh2 həmin mahnıları ilk iddia üzrə Cavabdeh1 tərəfindən ifa olunan mahnılardakı notları təkrarlaması barədə onun şikayəti əsasında sildiyini bildirmişdir. Halbuki, iş materiallarına əlavə edilmiş disklərdən də müəyyən edilir ki,“Alındı torpaqlarımız”, “İki dəqiqədən bir” və “Qalmaqal” mahnıları Cavabdeh1 tərəfindən ifa olunan mahnılardan daha əvvəl ilk iddia üzrə iddiaçıya məxsus olan “Youtube” kanalında yerləşdirilmişdir. Lakin cavabdehlər ilk iddia üzrə iddiaçı ilə ədavət apararaq onun ifa etdiyi mahnıların Ceyhun Məmmədov adlı bəstəkarın adına qeydə alındığını və bu mahnıları ifa etmək üçün Ceyhun Məmmədovdan icazə alınmadığını göstərmişlər, halbuki, ilk iddia üzrə iddiaçı 2020-ci ildən qeyd edilən mahnıları ifa edir və bu vaxta qədər Ceyhun Məmmədov adlı bəstəkar tərəfindən mahnıların icazəsiz ifa edilməsinə görə ona hər hansı bir irad bildirilməmiş və məhkəmə qaydasında iddia qaldırılmamışdır. İlk iddia üzrə Cavabdeh1 tərəfindən həmin mahnılar barədə şəhadətnamələr sonradan, yəni ilk iddia üzrə iddiaçı tərəfindən məhkəməyə iddia verildikdən sonra alınmış və digər Cavabdeh2 vasitəçiliyi ilə Ceyhun Məmmədov adlı bəstəkarın adına keçirilmişdir. Bununla yanaşı ilk iddia üzrə cavabdehlər tərəfindən qanunsuz olaraq ilk iddia üzrə İddiaçı məxsus olan “Youtube” kanalına müdaxilə olunaraq, həmin kanal silinmiş və cavabdehlər onu indidən sonra da mahnılarının silinəcəyi ilə hədələmişlər. Məhkəmə “İkidəqiqədən bir” mahnısısının musiqisinin həqiqətən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 Arif qızı tərəfindən ifa edilən “Yazdım ürəyimə” mahnısının musiqisində istifadə edilib-edilməməsini müəyyən etmək üçün ekspertiza təyin etməli, həmçinin, ilk iddia üzrə iddiaçının mahnılarını ifa etdiyi bəstəkar Tural Fərzəliyevin məhkəmə iclasında iştirakını təmin etməli, həmin mahnıların onun tərəfindən bəstələnməsi və ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən ifa edilməsi üçün ona qonorar ödənilib-ödənilməməsini, ödənilmiş qonorarın məbləğini müəyyən etməli idi. Lakin birinci instansiya məhkəməsi qeyd edilən məsələri araşdırmamışdır. Halbuki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən ifa etdiyi mahnıların ödənişlə alınmasını, həmin mahnılara görə onun tərəfindən Tural Fərzəliyevə 10.000 (on min) manat məbləğində qonorar ödənildiyini mahnıları bəstələmiş bəstəkar Tural Fərzəliyevin təsdiq edə biləcəyini məhkəmə iclasında bildirmişdir. Lakin məhkəmə qeyd edilən halı araşdırmamış və Tural Fərzəliyevin şahid qismində məhkəmə iclasında iştirakını təmin etməmişdir. Həmçinin, “Alındı torpaqlarımız”, “İki dəqiqədən bir” və “Qalmaqal” mahnılarına aid “Youtube” şəbəkəsində yerləşdirilmiş videogörüntüləri əks etdirən disk iş materiallarına əlavə edilmişdir və həmin görüntülərdə mahnıların ifaçısının İddiaçı, bəstəkarının isə Tural Fərzəliyev olduğu, müəllif hüquqlarının qanunvericiliyə müvafiq qaydada qorunduğu göstərilmişdir. Məhkəmə həmin mahnıların Tural Fərzəliyev tərəfindən bəstələnməsi halını müəyyən etmək üçün ilk iddia üzrə digər cavabdeh “Youtube” kanalının Azərbaycandakı rəhbəri Cavabdeh2 nümayəndəsi ilə qeyd edilən məsələni araşdırmalı, Tural Fərzəliyevin “Alındı torpaqlarımız”, “İki dəqiqədən bir” və “Qalmaqal” mahnılarının bəstəkarı kimi göstərilməsinə və həmin mahnılara müəlliflik hüquqlarının qorunmasına dair “Youtube” kanalında mahnılarla bərabər qeydlərin yerləşdirilməsinə baxmayaraq, sonradan mahnıların silinməsinin səbəblərini müəyyən etməli idi. Halbuki, yuxarıda istinad etdiyimiz “Müəlliflik və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununun, “İfaçıların, fonoqram istehsalçılarının və yayım təşkilatlarının hüquqlarının qorunması haqqında” 1961-ci ildə qəbul edilmiş Roma Konvensiyasının və Azərbaycan Respublikasının tərəfdar çıxdığı Ümumdünya Əqli Mülkiyyət Təşkilatının “İfalar və fonoqramlara dair” 20 dekabr 1996-cı il tarixli müqaviləsinin müddəalarından müəyyən olunur ki, Tural Fərzəliyevin Azərbaycan Respublikası Bəstəkarlar İttifaqının üzvü olmaması onun qeyd edilən mahnıların bəstəkarı olmadığına dair nəticəyə gəlməyə əsas vermir. Həmçinin, ilk iddiaçının “Youtube” kanalından istifadəyə icazəsi və mahnıların ifa edilməsinə bəstəkar Tural Fərzəliyevin razılıq ərizəsi vardır və istinad etdiyi qanunvericilik aktları “Youtube” kanalından istifadəyə icazənin mütləq şəkildə hər hansı bir dövlət qurumunda qeydiyyata alınmaqla rəsmiləşdirilməsini tələb etmir.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
12. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil4 ayrı-ayrılıqda apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdilər və qətnamənin ilkin iddianın təmin edilmədiyi hissədə ləğv edilərək həmin hissədə iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər.
13. Məhkəmə iclasında Cavabdeh1 vəkili Vəkil2 ilkin iddiaçının apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və qətnamənin həmin hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
14. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq ilkin iddia üzrə digər Cavabdeh2 məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
15. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
Maddə 2.3. Ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
16. "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" Azərbaycan Respublikası Qanununu:
Maddə 6. Mətnli və ya mətnsiz musiqi əsərləri müəlliflik hüququnun obyektidir. Maddə 8.1. Əsəri yaradan şəxs onun müəllifi sayılır. Əsərə müəlliflik, digər sübutlar yoxdursa, adı altında açıqlanmış şəxsə məxsusdur. Maddə 8.5. Əsəri qeydiyyatdan keçirən hüquq sahibinə nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş şəhadətnamə verilir. Mübahisə yaranan hallarda, digər sübutlar olmadıqda, qeydiyyat haqqında şəhadətnamə məhkəmə tərəfindən müəlliflik prezumpsiyası kimi tanınır. Maddə 14.1. Əsərin müəllifinin aşağıdakı şəxsi (qeyri-əmlak) hüquqları vardır: a) əsərin müəllifi kimi tanınmaq hüququ (müəlliflik hüququ); b) əsərdən öz adı ilə, təxəllüslə, yaxud adsız (anonim) istifadə etmək və ya bu cür istifadəyə icazə vermək hüququ (ad hüququ); v) əsərinin mənasının dəyişilməsinə, təhrif olunmasına və müəllifin şərəf və ləyaqətinə xələl gətirən hər hansı başqa hərəkətlərə qarşı çıxmaq hüququ (şöhrətinə hörmət edilməsi hüququ); q) istifadədən götürmək də daxil olmaqla, əsərinin istənilən formada açıqlamaq və ya açıqlanmasına icazə vermək hüququ (açıqlama hüququ); Maddə 14.2. Şəxsi hüquqlar bölünməz və özgəninkiləşdirilməz olub əmlak hüquqlarından asılı olmayaraq, müəllifə məxsusdur və əmlak hüququnun başqasına verildiyi hallarda da müəllifdə qalır. Maddə 15.1. Müəllifin və ya əsərə müəlliflik hüququnun digər sahibinin bu Qanunda nəzərdə tutulan hallar istisna olmaqla, əsərdən hər hansı formada və üsulla istifadə etməyə müstəsna hüququ vardır. Maddə 30.1. Bu Qanunun 15-ci maddəsi ilə nəzərdə tutulmuş əmlak hüquqları müəlliflər və müəlliflik hüquqlarının digər sahibləri tərəfindən müəllif müqaviləsi üzrə verilə bilər. Əmlak hüquqlarının verilməsi müstəsna hüquqların verilməsi haqqında müəllif müqaviləsi (müstəsna lisenziya), yaxud qeyri-müstəsna hüquqların verilməsi haqqında müəllif müqaviləsi (qeyri-müstəsna lisenziya) əsasında həyata keçirilə bilər. Maddə 32.1. İfaçılar, fonoqram istehsalçıları və yayım təşkilatları əlaqəli hüquqların subyektləridir. Əlaqəli hüquqlar bu Qanunun 2-ci bölməsində nəzərdə tutulmuş müəlliflik hüquqlarına zərər vurmadan həyata keçirilir. Maddə 32.3. İfaçı bu bölmədə nəzərdə tutulan hüquqları, ifa olunan əsərin müəllifinin hüquqlarına riayət etmək şərti ilə həyata keçirir. Maddə 32.4. Əlaqəli hüquqların yaranması və həyata keçirilməsi üçün hər hansı formal qayda tələb olunmur. Maddə 44.1. 1. Müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri, habelə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum və əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar müəlliflik hüquqlarını və əlaqəli hüquqları pozan və ya pozmaq təhlükəsi yaradan hərəkətlərin dayandırılmasını tələb etmək hüququna malikdirlər. Maddə 44.2. İstehsalı (hazırlanması) və ya yayılması müəlliflik hüququnun və ya əlaqəli hüquqların pozulmasına səbəb olan əsər və ya fonoqram nüsxələri pirat nüsxələr sayılır. Maddə 45.1. Müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edə bilərlər. Maddə 46.3. Müəlliflik hüququ və əlaqəli hüquqların mülki-hüquqi müdafiəsini təmin edən prosedurlar bərabər, ədalətli və sadə olmalı, səmərəsiz ləngimələrə gətirib çıxarmamalı və Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyində nəzərdə tutulan qaydada həyata keçirilməlidir.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
18. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas olsa da, iddianın təmin edilməsi üçün əsas deyildir.
19. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
21. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini qətnamənin bir hissəsi, yəni ilkin iddianın təmin edilmədiyi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
22. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
23. İlkin iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur.
24. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə ilkin iddiaya münasibətdə faktiki hallar yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşmır, üstəlik cavabdehlərin etiraz və müdafiə hüquqlarına görə aradan qalxdığından ilkin iddia haqlı sayılmır.
25. Əvvəla, maddi zərər vurulması üçün cavabdeh iddiaçıya qarşı təqsirli olaraq mülki hüquq pozuntusu törətməli və iddiaçı bundan zərər çəkməli, həmçinin təqsirli şəxsin hərəkəti yaxud hərəkətsizliyi ilə vurulan zərərin arasında səbəbli əlaqə olmalıdır. Eyni zamanda mənəvi zərərin ödənilməsi barədə iddia da o hallarda təmin edilir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Hazırki iş üzrə, iddiaçıya hər hansı bir formada maddi və mənəvi zərər vurulmasına dair məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. Bu cür vəziyyətdə birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə gəldiyi nəticə üzrə haqlı olmuşdur.
26. Buna baxmayaraq, apellyasiya şikayətinin dəlillərinin həqiqiliyinin yoxlanılması və iş üzrə həqiqətin müəyyən edilməsi məqsədi ilə mülki iş apellyasiya icraatında olarkən məhkəmə müəlliflik və əlaqəli hüquqların obyektinin müəyyən edilməsi və kompyüter texniki ekspertizasının təyin edilməsi, ekspertizanın aparılmasının Əqli Mülkiyyət Agentliyinin mütəxəssis rəyi (məlumatları) alınmaqla Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, ekspert(mütəxəssis) qarşısında Cavabdeh1 Arif qızı tərəfindən ifa edilən "Yazdım ürəyimə" mahnısının musiqisində İddiaçı tərəfindən ifa edilmiş "İki dəqiqədən bir" mahnısının musiqisinin təkrarlanıb-təkrarlanmaması; təkrarlandığı halda "Yazdım ürəyimə” mahnısının hansı hissələrində və hansı notlarla "İki dəqiqədən bir " mahnısının musiqisinin təkrarlanması; "İki dəqiqədən bir" mahnısının hansı hissələrində olan musiqi "Yazdım ürəyimə" mahnısının musiqisində təkrar edilməsi və bu təkrar hansı notlarda öz əksini tapması; Mahnıların musiqiləri təkrarlandığı halda bu təkrarlanma hansı müddətdə davam etməsi; İddiaçı tərəfindən ifa edildiyi iddia olunan “Alındı torpaqlarımız", "2 dəqiqədən bir" və "Qalmaqal" mahnılarının Cavabdeh1 və Cavabdeh2 tərəfindən “Youtube” kanalından silinib-silinməməsi və cavabdehlər tərəfindən silinməsi texniki cəhətdən mümkündürsə bunun hansı formada yaxud qaydada baş verməsinə dair suallar qoyulmuşdur.
27. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 17 noyabr 2023-cü il tarixli ekspert rəyində qeyd edilmişdir ki, rəyin "Tədqiqi hissəsi"nin 1-ci bəndində göstərilən səbəblərə görə ekspertizanın təyini haqqında qərardadda ekspert qarşısında qoyulmuş "İddiaçı tərəfindən ifa edildiyi iddia olunan "Alındı torpaqlarımız", "2 dəqiqədən bir" və "Qalmaqal" mahnıları cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən "Youtube" kanalından silinmişdirmi və bunun cavabdehlər tərəfindən silinməsi texniki cəhətdən mümkündürsə bu hansı formada yaxud qaydada baş vermişdir? sualı üzrə tədqiqat işləri aparılmadı. Rəyin "Qeyd" hissəsində göstərilən səbəblərə görə ekspertizanın təyini haqqında qərardadda ekspert qarşısında qoyuimuş "Cavabdeh1 Arif qızı tərəfindən ifa edilən "Yazdım ürəyimə" mahnısının musiqisində İddiaçı tərəfindən ifa edilmiş "İki dəqiqədən bir" mahnısının musiqisi təkrarlanır mı?", "Cavabdeh1 Arif qızı tərəfindən ifa edilən "Yazdım ürəyimə" mahnısının musiqisində İddiaçı Rafail qızı tərəfindən ifa edilmiş "İki dəqiqədən bir" mahnısının musiqisi təkrarlandığı halda "Yazdım ürəyimə" mahnısının hansı hissələrində və hansı notlarda "İki dəqiqədən bir" mahnısının musiqisi təkrarlanır?", "İki dəqiqədən bir" mahnısının hansı hissələrində olan musiqi “Yazdım ürəyimə" mahnısının musiqisində təkrar edilir və bu təkrar hansı notlarda öz əksini tapır?, "Mahnıların musiqiləri təkrarlandığı halda bu təkrarlanma hansı müddətdə davam edir? suallar üzrə tədqiqat aparılmadı.
28. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən verilmiş (Agentliyin ekspertləri, bəstəkarlar xalq artisti Eldar Mansurov və xalq artisti Faiq Sücəddinov tərəfindən hazırlanmış) 11-4/2-100/2024 saylı, 29 fevral 2024-cü il tarixli ekspert rəyində qeyd edilmişdir ki, mahnıların ("İki dəqiqədən bir" və "Yazdım ürəyimə") hər ikisinin ritmi 6/8 ölçüdə yazılmış və ifa olunmuşdur. Bu ölçü, yəni ritm, Azərbaycan xalq musiqisinin çox böyük bir hissəsini əhatə edir. Belə ki, bütün el şənliklərində müğənnilərin və instrumental musiqiçilərin ifa etdikləri musiqi parçaları əsasən 6/8 ölçüdə yazılmış mahnı və rəqs musiqisindən ibarət olur. Eləcə də bu iki mahnı həmin 6/8 ölçüdə yazılmış mahnılardır. Hər iki mahnını ("İki dəqiqədən bir" və "Yazdım ürəyimə") dinlədikdə onların bir-birinə bənzədiklərini hiss etmək olar. Bu da ondan irəli gəlir ki, mahnıların ikisi də eyni lada "ŞUR" məqamına məxsusdur. Mahnıların ("İki dəqiqədən bir" və "Yazdım ürəyimə") melodiyası bir-birinə çox bənzəyir. Əsas fərqi göstərən mahnıların sözləridir. O da ondan irəli gəlir ki, ifa zamanı sözlərin tələffüzü və vurğusu melodiyanın azca da olsa dəyişməsinə dəlalət edir və mahnıları bir-birindən fərqləndirir. Yaxşı olardı ki, mahnıların musiqisinin müəllifləri öz musiqilərini not şəklində təqdim edəydilər. Notda yazılmış musiqi parçası onu daha dəqiq analiz etməyə imkan verir. Müğənnilərin ifası hər kupletdə (bənddə) fərqli olduğundan melodiyanı tam dəqiq şəkildə ayırd etməyə imkan vermir.
29. Göründüyü kimi, apellyasiya baxışı zamanı şikayətin dəlillərinin yoxlanılması məqsədilə ekspert rəyləri alınmış və qeyd olunan rəylərlə də iddianın və şikayətin əsaslı olduğu öz təsdiqini tapmadı. Belə ki, ekspertiza rəyindədə göstərildiyi kimi “Youtube” platforması ən böyük video paylaşım sistemlərindən biridir. Bu video paylaşım sistemi istifadəçilərə müxətlif kanallar yaratmaq imkanı verir. Həmin kanallarda administrator səlahiyyətli istifadəçi hər hansı bir videolar paylaşa, paylaşdıqdan bir müddət sonra videonu silə və paylaşılmış video admin panelin texniki imkanlarından istifadə edilərək istifadəçi tərəfindən gizlədilə bilər. “Youtube” platformasında hər hansı bir video paylaşıldıqdan bir müddət sonra silinmişdirsə həmin videonun nə zaman paylaşılması, hansı “İP”ünvan üzərindən paylaşıldığı kanala əlavə edilməsi, neçə müddət ərzində kütlə ilə paylaşılması kimi bütün izlər “Youtube” platformasına aid serverdəki loqlarda öz əksini tapır. Demək ki, “Youtube” platformasında hər hansı bir video faylın müxtəlif istifadəçilər tərəfindən fərqli və oxşar adlı başlıqlarla həmin istifadəçilər tərəfindən yaradılmış müxtəlif adlı kanallarda paylaşılması mümkün olduğundan, iddiaçının isə mahnılarını paylaşdığı konkret kanal(lar)ın adını nə iddia ərizəsində, nədə şikayətində göstərməməsi bəllidir. Bu halın özü də iddianın əsassız olduğunu təsdiq etmiş olur.
30. Göstəriləndən əlavə, iddiaçının iddia etdiyi mahnıların müəllifi olmadığı işin mübahisəsiz halı olsa da, “İkidəqiqədən bir” mahnısısının musiqisinin həqiqətən Cavabdeh1 Arif qızı tərəfindən ifa edilən “Yazdım ürəyimə” mahnısının musiqisində istifadə edilməsi də yuxarıda qeyd olunan Əqli Mülkiyyət Agentliyinin ekspertlərinin rəyi ilə təsdiq olunmadı. Əksinə “Yazdım ürəyimə” mahnısının X2 musiqi əsəri kimi müəllif-hüquq qanunvericiliyinin tələblərinə uyğun qaydada Agentlikdən qeydiyyatdan keçdiyi də işin mübahisəsiz halıdır. Demək ki, Cavabdeh1 ifa etdiyi “Yazdım ürəyimə” mahnısı həm də qeydə alınan musiqi əsəri olduğundan bu hal iddianın və şikayətin əsaslılığını təkzib etmiş olur.
31. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, iddiaçılar üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın rədd olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətilə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda zərərvurmadan əmələ gələn öhdəliklərhüquqdan pis niyyətlə sui-istifadə etmənin qadağan olunması institutlarının yaranmasına da zərurət və əsas olmazdı.
32. Şərh olunanlara əsasən, məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, ellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-153/2023 saylı, 02 mart 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
33. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-153/2023 saylı, 02 mart 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.