Məhkəmə qərarları › İş №2(103)-2350/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2350/2025

26.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2350/2025 26.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə Açar sözlər: pul vasaitinin ödənilməsi X1 (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X3, İddiaçı, onun nümayəndələri X6, X9, nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, onun nümayəndəsi Nümayəndə, nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul vasaitinin ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)- 376/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. ünvan 1 ünvanı 2/3 hissədə Cavabdeh, 1/3 hissədə İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçı mülkiyyət hüququ dövlət qeydiyyatına xx.xx.2019-cu il tarixdə alınmışdır. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, S.Rüstəmov küçəsi, ev 34 ünvanı üzrə 177.250 manat kompensasiya qarşılığında sonuncu Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin xeyrinə hüquqlarından imtina etmişdir. Cavabdeh xx.xx.2018-ci il tarixdə notarial qaydada təsdiqlənmiş ərizə ilə Bakı şəhəri, Yasamal rayonu, S.Rüstəmov küçəsi, ev 34 ünvanında yerləşən yaşayış evinin mülkiyyətçiləri tərəfindən hər hansı bir iddia yaranarsa, onların payını ayırmağı və bununla bağlı yaranan bütün məsuliyyəti öz üzərinə götürmüşdür. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti ilə Nümayəndə və Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli yazılı razılaşmaya əsasən ünvan 3 ünvanı dövlət ehtiyacları üçün alınmış və 177.250 manat kompensasiya ödənilmiş və əlavə olaraq Nümayəndə 23.637 manat kompensasiya ödənilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-111/2023 nömrəli qərarı ilə İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinə və iddiaçılar Nümayəndə və Cavabdeh Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinə qarşı “kompensasiyanın ödənilməsi” tələblərinə dair ayrı-ayrılıqda verilmiş və bir icraata birləşdirilmiş iddiaları rədd edilmişdir. Həmin qərardan ikinci iddia üzrə iddiaçılar Nümayəndə və Cavabdeh tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Həmin qərar qanuni qüvvəsini almışdır.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı Cavabdeh qarşı iddia və tələbin həcminin azaldılması barədə ərizələrlə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin dövlət ehtiyacları üçün sökülməsi ilə əlaqədar xx.xx.2018-ci il və xx.xx.2020-ci il tarixlərdə Cavabdeh ilə Yasamal Rayon İcra Hakimiyyəti arasında bağlanan alqı-satqı müqavilələrinə əsasən sözügedən evin payına düşən 1/3 hissəsinin mülkiyyətçisi qismində 66.795 manat məbləğində kompensasiyanın və iddia ərizəsinin verilməsinə görə 291 manat dövlət rüsumunun, ümümilikdə 67.086 manat məbləğində pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini işin yuxarıda göstərilən faktiki hallarına istinad edərək əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, uzun müddətli məhkəmə çəkişmələrindən sonra Cavabdeh qanunsuz olaraq, Bakı şəhəri, S.Rüstəmov (keçmiş Muxtadır) küçəsi, 34/36 saylı yaşayış evinə dair mülkiyyətçi kimi payına düşən 1/3 hissəsinə dair dövlət tərəfindən ödənilən kompensasiya məbləğinin mənimsəməyi aşkar olunmuşdur. Cavabdeh bu illər ərzində (2018-2024) yalan məlumatlar verərək, işi qəsdən süni şəkildə uzatmışdır ki, həqiqət üzə çıxmasın. Onun 76 yaşı var və səhhətində ciddi problemlər mövcuddur. Hazırda yaşamağa evi yoxdur, qohumlarının evində məskunlaşmışdır.

4. Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək bildirmişdir ki, S.Rüstəmov küçəsi 34/36 ünvanı 34 və 36 ünvanlarından ibarətdir. Onlar da mirası hər iki əmlaka münasibətdə qəbul etmişdirlər. Bu hal onun ulu nənəsi X5 və onun qohumlarının adlarına verilmiş xx.xx.2014-cü il tarixli çıxarışlarla da təsdiq olunur. Onun adına verilmiş çıxarış əmlak məhv olduqdan sonra, yəni mövcud olmayan ünvana verilib ki, evin ümumi sahəsi, eskiz layihə, hüquqi paylar çıxarışda qeyd olunmayıb. Mübahisəli əmlakın texniki pasportda (1967-ci il tarixdə yenilənən) ümumi sahəsi 247,80 kv.metr təşkil etdiyindən iddiaçı ondan pul tələb edə bilməz. Əmlakın texniki pasporta əsasən ölçüsü imkan verir ki, iddiaçı pulu onunla qohumluq münasibətləri olmayan və kompensasiya almış şəxslərdən və dövlətdən tələb etsin. Muxtadır küçəsi 34 ünvanında onun yaşadığı hissədə mülkiyyətçi olaraq heç kim müəyyən olunmadığından onun heç kimin qarşısında öhdəliyi yoxdur. Belə ki, məhkəməyə təqdim edilən forma-2 və Yasamal Rayon İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli, 1355 saylı sərəncamından görünür ki, onun yaşadığı mənzilin ümumi sahəsi 12 kv.metrdən ibarət olmuş, qardaşının tikdiyi 110 kv.metr sahə hesabına evin ümumi sahəsi 122 kv.metr olmuşdur.

5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)- 376/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş Cavabdeh 59.083,33 manat pulun və ödənilmiş dövlət rüsumunun 200 manat hissəsinin tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim X15).

6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddia ərizəsinin təsviriəsaslandırıcı hissəsində qeyd edilən faktiki hallar həqiqətə uyğundur. Belə ki, mübahisə predmeti olan mənzil iddiaçı və cavabdehin mərhum anasından miras qalmışdır. İddiaçı 40 ildən artıq müddətdir ki, ailə qurmuşdur, öz evi vardır, ailəsi ilə birlikdə öz evində yaşayır və mübahisə predmeti olan ünvanda yaşamır (xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə baxış iclasında iddiaçının qızı, nümayəndə X10 bu fikirləri bildirmişdir, bu hallar məhkəmə iclas protokola qeyd edilmiş, iclasın audio-video yazılarına qeydlər düşmüşdür). İddiaçı sözügedən əmlak üzrə 1/3 hissədə paylı mülkiyyətçidir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)- 1067/2024 nömrəli qərarı (xüsusən 16 və 25-ci bəndlər) hazırki mübahisə üzrə preyudisial əhəmiyyətə malikdir. Nəticə etibari ilə Cavabdeh hüquqi baxımdan vicdanlı davranmamaqla hüquqdan sui-istifadə edərək, iddiaçıya məxsus mülkiyyət payı üzrə verilən kompensasiyanı əldə edərək əsassız varlanmışdır. Cavabdeh əldə etdiyi vəsait barədə iddiaçını məlumatlandırmamış, onun mülkiyyət payına uyğun müvafiq hissəni iddiaçıya qaytarmamışdır. Cavabdeh həmin müqavilə üzrə notarial qaydada qəbul etdiyi öhdəlikləri pozmuşdur. Nəzərə alınır ki, icra hakimiyyəti orqanı ilə müvafiq müqavilə bağlanarkən cavabdeh həmin əmlakın iddiaçı (bacısı) ilə mübahisəli olduğunu, aralarında əmlakla bağlı uzun illərdir məhkəmə mübahisəsinin getdiyini bilirdi. Nəticə etibarilə, ödənilmiş 177.250 manat kompensasiya məbləğinin 1/3 hissəsi, yəni 59.083,33 manat pul vəsaitinə münasibətdə cavabdeh əsassız olaraq varlanmışdır. İddia ərizəsində (ilkin formada) həmin məbləğ 58.333,33 manat kimi qeyd edilsə də, məhkəmə hesab etmişdir ki, bu, texniki (hesab) xətasıdır. Odur ki, iddia ərizəsinin nəticə hissəsi üzrə ödənilmiş kompensasiya məbləğinin mülkiyyət payına uyğun 1/3 hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bu hal tələbdən kənara çıxma hesab edilmir.

7. Məhkəmə cavabdeh tərəfin arqumentlərinə münasibətdə bildirmişdir ki, məhkəmə daşınmaz əmlakın dövlət reyestri xidmətində qeyd alınmış mülkiyyət payını və Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti tərəfindən təqdim edilmiş məlumatları əsas götürür. İcra hakimiyyəti orqanı tərəfindən təqdim edilmiş məlumatlara əsasən müəyyən edilir ki, həmin kompensasiya məhz iddiaçının mülkiyyətində olan daşınmaz əmlaka (ev 34/36) münasibətdə ödənilmişdir. Hər bir halda, iddiaçı müvafiq əmlaka dair 1/3 hissədə mülkiyyətçi olsa da, həmin əmlak bir neçə il əvvəl sökülmüş və kompensasiya məbləği cavabdeh tərəfindən tam şəkildə əldə edilmişdir. Bu səbəbdən Nümayəndə Məmmədli oğlu və Cavabdeh eyni mövqedən çıxış etmələri anlaşılandır. Əmlaka mülkiyyət hüququ barədə dövlət reyestrindəki qeyd əmlak söküldükdən sonra aparılsa da, qəbul edilmiş miras əmlakı miras açıldığı andan etibarən vərəsənin mülkiyyəti hesab edilir. Yəni, burada mülkiyyət hüququ dövlət reyestrində qeydə alındığı andan deyil, miras açıldığı andan əldə edilmiş olur. Mülkiyyətçinin mülkiyyət hüquqlarının müdafiəsi təmin edilməlidir. Mülkiyyətin müdafiəsi xəyali hal almamalıdır.

8. İddia tələbinin digər hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçı həmin mənzildə faktiki olaraq yaşamadığından o, köçürülmənin təsirinə məruz qalan şəxs kimi qiymətləndirilə bilməz. İddiaçının həmin evdə yaşaması sübuta yetirilmir, əksinə müəyyən edilir ki, o, 1981-ci ildən etibarən ailə qurmaqla başqa evdə daimi əsaslarla yaşayır (bunun əksi iddiaçı tərəfindən sübuta yetirilmir). Mübahisə predmeti olan ev isə tərəflərin anasının evidir. Odur ki, iddia tələbi məhz ödənilmiş 177.250 manat kompensasiyanın 1/3 hissəsində əsaslıdır. Əlavə olaraq ödənilmiş 23.637 manat isə məhz köçürülmənin təsirinə (əlavə xərclər kimi) məruz qalmış Nümayəndə (iddiaçının qardaşı) və Cavabdeh (iddiaçının bacısı) sonuncuların cəhdləri nəticəsində icra hakimiyyəti orqanı tərəfindən ödənilmiş, həmin proseslərdə iddiaçı iştirak etməmişdir. Nəzərə alınmalıdır ki, Nümayəndə hazırki mübahisə üzrə tərəf (cavabdeh) deyildir. Odur ki, iddia tələbi həmin hissədə əsassızdır.

9. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 319 manat məhkəmə xərcinin 200 manat hissəsi cavabdehə, 119 manat hissəsi isə iddiaçıya aid edilməlidir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü, 16.1-ci, 560.1-ci, 1091-1092-ci, 1095-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci, 82.3-cü, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə qarşı etirazın məzmununa uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, ümumi sahəsi 247 kv. metr olan ünvan 5 ünvanındakı mənzil sökülən zaman mənzilin 235 kv.metr sahəsi Fərid Alnağıyevin, Maqsud Kazımovun və Validə Bünyad-Zadənin mülkiyyətində olmuşdur. Onun yaşadığı Muxtadır küçəsi 34 ünvanını heç kəsin adına Daşınmaz Əmlakın Dövlət Reyestrində hüquqların qeydiyyat aparılmamışdır. Məhkəməyə təqdim etdilən forma 2 arayışı ilə Yasamal rayon İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli, 1355 saylı sərəncam ilə təsdiqlənir ki, onun yaşadığı mənzilin ümumi sahəsi 12 kv. metrdən ibarət olmuşdur. Alqısatqı müqaviləsində göstərilən 122 kv. metr sahənin 110 kv. metri isə qardaşı Nümayəndə tərəfindən tikdirilmişdir. Qardaşının tikdiyi 110 kv. metr sahənin isə kompensasiya tələb olunan ümumi sahəsi 247 kv. metr olan ünvan 6 ünvanındakı mənzil sahəsinə heç bir aidiyyatı yoxdur. Hər üç vərəsəyə miras açılanadək satdığı Bakı şəhəri, Yasamal rayonu, Muxtadir (S.Rüstəmov) küçəsi, 34 nömrəli fərdi yaşayış evi artıq başqa 3 şəxsin mülkiyyətinə keçmişdir. Onlar isə daşınmaz əmlak sökülən zaman və Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti ilə həmin əmlaka dair çıxarış əsasında müqavilə bağlayaraq mülkiyyətçi kimi kompensasiya almışdırlar. Ev 34/36-ya münasibətdə kompensasiya onlara ödənilmişdir. O isə vərəsə kimi qanunvericiliyə əsasən mirasın açıldığı andan sözügedən əmlakın mülkiyyətçisi hesab edilsə də, o da mülkiyyətçi kimi həmin sahəyə dair kompensasiya almamışdır. Məhkəmənin “qəbul edilmiş miras əmlakı miras açıldığı andan etibarən vərəsənin mülkiyyəti hesab edilir” ifadəsi yanlışdır və bu hüquq əmlaka mülkiyyət hüququ barədə dövlət reyestrində qeyd aparıldıqdan sonra təsdiq edilir. Kompensasiya da bu səbəbdən həmin sahəyə dair mülkiyyət hüququ təsdiqlənmiş şəxslərə - verilmişdir.. Bu işdə də daşınmaz əmlak 2018-ci il tarixdə sökülmüşdür. Belə olan halda 2019-cu ildə əmlaka dair mülkiyyət sənədinin hansı qüvvəsi vardır. Burada da belə nəticəyə gəlinir ki, Bakı şəhəri Yasamal Rayon Məhkməsi tərəfindən hüquqi qüvvəsini itirmiş mülkiyyət sənədinə əsasən qanunsuz olaraq iddia qismən təmin edilmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə iclasında Cavabdeh, onun nümayəndəsi Nümayəndə, nümayəndəsi və vəkili Vəkil2 ayrı-ayrılıqda apellyasiya şikayətini müdafiə edərək, şikayətin və iddia ərizəsinə qarşı etirazın məzmununa uyğun izahat vermişlər və apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdirlər.

15. Məhkəmə iclasında İddiaçı, onun nümayəndələri X10 və X12, habelə nümayəndəsi və vəkili Vəkil1 ayrı-ayrılıqda apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermişlər və apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdirlər.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsaəsən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.2-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir; 1092.3-cü maddəsinə əsasən varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir; 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

19. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

20. Hazırda apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş olunsa da, hüquqi nəticə etibarı qətnamə iddianın təmin edilən hissəsində mübahisələndirildiyindən, qətnamə yalnız həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi qətnamənin yoxlanılan hissəsində düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv edilməsi və iddianın rədd edilməsi üçün hər hansı əsas yoxdur. Bu səbəbdən qətnamə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

22. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən ilk növbədə qeyd edir ki, iddiaçı və cavabdeh bacıdır. Bakı şəhəri, Muxtadır (Səid Rüstəmov) küçəsi, 34/36 saylı ev paylı mülkiyyət hüququ əsasında bir sıra şəxslərə məxsus olmuş və əvvəlki mülkiyyətçilərin ölümündən sonra miras əmlak olaraq onların anası Kübra Xanım MirBaba qızı tərəfindən qəbul edilmişdir. Bu hal tərəflərin biri-birinə qarşı irəli sürdükləri “miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair iddialarla bağlı iş üzrə aparılmış araşdırma nəticəsində müəyyən edilmiş və nəticədə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-28/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə həmin evin 1/3 hissəsinə iddiaçının, 2/3 hissəsinə isə cavabdehin pay hüququ tanınmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi xx.xx.2015-ci il tarixli, 2(102)-2445/2015 saylı qərarı ilə cavabdehin kassasiya şikayətini təmin etməyərək, bu nəticə ilə razılaşmışdır.

23. Lakin həmin qətnamənin icrası təmin edilmədiyindən, iddiaçı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüquqların qeydiyyata alınması barədə” iddia ilə Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin xx.xx.2018-ci il tarixli, 2-1(81)-3522/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı ilə onun iddiası təmin edilərək, qeyd edilən evin 1/3 hissəsinə dair mülkiyyət hüquqlarının iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh quruma həvalə edilmişdir. Bundan sonra xx.xx.2019-cu il tarixdə iddiaçının bu əmlakın 1/3 hissəsinə dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

24. Lakin cavabdeh “miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair iş üzrə tərəf olmasına və iş üzrə məhkəmələr tərəfindən çıxarılmış məhkəmə aktları, o cümlədən əmlakın 1/3 hissəsinin iddiaçıya məxsus olması barədə tam məlumatlı olmasına baxmayaraq, xx.xx.2018-ci il tarixdə Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti ilə müqavilə bağlayaraq dövlət proqramı çərçivəsində köçürülmə ilə əlaqədar aldığı 177.250 manat məbləğində kompensasiya müqabilində həmin əmlakdan imtina etmiş və qeyd edilən məbləğdə kompensasiyanı tam şəkildə almışdır. Müqavilə bağlanan zaman nə iddiaçıya, nə də ki, iddiaçının da mülkiyyətçi olması barədə Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinə hər hansı məlumat verməmişdir.

25. Hazırda iddiaçı mülkiyyətində olmuş paya mütənasib olaraq, həmin məbləğin 1/3 hissəsinin cavabdehdən tutulmasını tələb edir. Cavabdeh iddianı qəbul etmir. Mülkiyyətdə olan mənzilin ümumi sahəsinin 12 kv.m. olduğunu, alqı-satqı müqaviləsində göstərilən 122 kv. metr sahənin 110 kv.m hissəsinin onun qardaşı Nümayəndə tərəfindən inşa edildiyini və mülkiyyətdə olan sahəyə daxil olmadığını bildirir və bu əsasla iddianın rədd edilməsini tələb edir.

26. Məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2018-ci il tarixli müqavilədə evin xx.xx.2018-ci il tarixdə 43 saylı MKİS tərəfindən verilmiş, qeydə alınma nömrəsi 700 olan Forma № 2 arayışına əsasən cavabdehə məxsus olduğu göstərilmiş, lakin müqavilədə əmlakın ölçüsü barədə hər hansı məlumat əks etdirilməmişdir. Arayışa əsasən əmlakın ümumi ölçüsü 12 kv.m. təşkil edir. İddiaçıya verilmiş əmlaka mülkiyyət hüququnu təsdiq edən çıxarışda isə onun ümumi sahəsi göstərilməmişdir. Lakin sahənin 12 kv.m. göstərilməsinə baxmayaraq, cavabdehə ümumilikdə 177.250 manat məbləğində kompensasiya ödənilmişdir. Hər bir halda, həmin məbləğdə kompensasiya 12 kv.m. ölçüdə sahə üçün ödənilməmişdir.

27. Bu hal cavabdeh, onun qardaşı və Bakı şəhər Yasamal rayon İcra Hakimiyyəti arasında bağlanmış xx.xx.2020-ci il tarixli razılaşma ilə öz təsdiqini tapır. Belə ki, bu razılaşmada kompensasiya məbləğinin 112,74 kv.m sahə üçün ödənildiyi açıq və aydın şəkildə göstərilmişdir. Halbuki, cavabdeh sahənin 122 kv.m olduğunu iddia edir. Başqa sözlə, əmlakın cavabdehin iddia etdiyi 122 kv.m sahədə olduğu da müəyyən edilmir. Ümumiyyətlə 110 kv.m. ölçüdə sahənin tərəflərin qardaşı tərəfindən inşa edildiyini və kompensasiya müqabilində cavabdeh tərəfindən Bakı şəhər Yasamal rayon İcra Hakimiyyətinə təhvil verilmiş əmlakın məhz onların paylı mülkiyyətində olan əmlak olmadığını təsdiq edən hər hansı sübut mövcud deyil. Cavabdeh qardaşının əmlaka olan payından onun xeyrinə imtina etdiyini bildirir. Bu əmlak ümumi sahəsinin həqiqətən də 12 kv.m ölçüdə olduğu, qalan hissənin isə cavabdehin qardaşı tərəfindən inşa edildiyi təqdirdə, cavabdeh məhz 12 kv.m. sahəyə görə kompensasiya almış olardı, qalan məbləğ onun qardaşına verilərdi. Hər bir halda, xx.xx.2020-ci il tarixli razılaşma üzrə cavabdeh də tərəf olmuşdur. Belə çıxır ki, cavabdehin qardaşı həqiqətən də əmlak sahibi olsa idi, xx.xx.2018-ci il tarixli müqavilə də bu qaydada, yəni 3 tərəfli bağlanardı.

28. İddiaçının mülkiyyətində olan əmlakdan başqa şəxslər tərəfindən istifadə edilməsi və onun mülkiyyətində olan sahəyə görə başqa şəxslərin kompensasiya alması barədə dəlilləri də əsassızdır. Belə ki, iş materiallarında olan X8 və X4 aid sənədlərdən müəyyən edilir ki, bu şəxslər də həmin ünvanda yerləşən əmlak mülkiyyətçisi olmuşlar və onların mülkiyyətində olan sahələr müvafiq olaraq 27,3 kv.m. və 35,8 kv.m. ölçüdə olmuşdur. Kompensasiya məbləği də məhz bu sahələrin ölçüsünə uyğun olaraq (49.464 manat və 56.701 manat) onlara ödənilmişdir. Ümumiyyətlə həmin ünvanda yerləşən evin ümumi sahəsi 484,6 kv.m. olmuşdur. Bu hal iş materiallarında olan texniki pasportla öz təsdiqini tapır. Qeyd edilənlər də cavabdehin apellyasiya şikayəti üzrə dəlillərinin əsassız olduğunu təsdiq edir və onların rədd edilməsini şərtləndirir.

29. Bununla belə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb, belə qənaətə gəlir ki, cavabdeh paylı mülkiyyətlərində olmasına baxmayaraq, bu barədə nə iddiaçıya, nə də ki, iddiaçı barədə Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinə hər hansı məlumat vermədən sonuncu ilə aralarında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən dövlət proqramı çərçivəsində həmin əmlakı sonuncuya təhvil vermiş və bunun müqabilində 177.250 manat məbləğində kompensasiya əldə etmişdir. Halbuki, əmlakın mülkiyyətçisi olaraq iddiaçı da bu münasibətlərin tərəfi olmalı və əmlakdakı payına uyğun olaraq qeyd edilən kompensasiya məbləğinin 1/3 hissəsini əldə etməli idi. Nəticə etibarı ilə cavabdeh hər hansı hüquqi əsas olmadan iddiaçının mülkiyyətində olan əmlaka görə ödənilməli olan kompensasiya məbləğini də əldə etmişdir. Bu hal onun tərəfindən hər hansı hüquqi əsas olmadan iddiaçının hesabına əmlak əldə etməsi və bununla da onun əsasız varlanması kimi qiymətləndirilməlidir. Belə olan halda, cavabdeh hər hansı hüquqi əsas olmadan əldə etdiyi (177.250 / 3 = 59.083,33) 59.083,33 manat məbləğində pulu iddiaçıya qaytarmalıdır.

30. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi cavabdehin iddiaçının hesabına əsasız varlanması qənaətinə gəlməkdə və bu əsasla cavabdehdən iddiaçının xeyrinə 59.083,33 manat məbləğində pul tutmaqda haqlı olmuşdur. Nəticə etibarı ilə cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 402-403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)-376/2025 nömrəli qətnaməsi Cavabdeh apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar