Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-236/2021 09.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı qərarın etibarsız sayılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 noyabr 2018-ci il tarixli 2(005)-4480/2018 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “STS" şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, şirkətin direktoru təyin edilməsi barədə təsisçinin qərarının etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nərimanov Rayon İcra və probasiya şöbəsi tərəfindən iddiaçı 30.07.2018-ci ildə şöbəyə dəvət edilərək ona xəbərdarlıq təqdim olunub. Cavabdeh şirkətin rəhbəri kimi Bakı Apellyasiya Məhkəməsinin 17.01.2017-ci il tarixli 2(103)-673/2017 saylı icra sənədinin icrasını təmin etməyi ondan tələb olunub, əks təqdirdə müvafiq məsuliyyətə cəlb ediləcəyi bildirilib. Eyni zamanda icra qurumu tərəfindən ona “icraata başlamaq haqqında” qərarın surəti də təqdim olunub. Apardığı araşdırmalardan məlum olub ki, guya 2012-ci ildən cavabdeh şirkətin direktorudur. Əslində 2012-ci ildə “Avesta Concerni”nin ofis binası kimi tanınan iş mərkəzində bir müddət katibə kimi fəaliyyət göstərib. Həmin iş mərkəzində katibə kimi fəaliyyətə başladıqdan sonra ona imzalamağı üçün sənəd təqdim edilib və onları imzalayıb. Lakin imzaladığı sənədlərin onun katibə kimi işə götürülməsi ilə əlaqədar olduğunu zənn edib. Heç vaxt sözügedən şirkətdə direktor vəzifəsinə təyin edilməyini bilməyib. Bu şirkətdə direktor kimi fəaliyyət göstərməyib, heç vaxt bu şirkətin hansı fəaliyyətlə məşğul olmasından xəbəri olmayıb. Yəni iddiaçının adı bu şirkətin direktoru kimi formal olaraq qeydə alınıb. Araşdırma apararkən ona cavabdeh şirkət barəsində hazırda Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsində istintaq aparıldığı bildirilib. Heç vaxt bu şirkətin direktoru kimi sözügedən idarəyə çağırılmayıb. Cavabdeh şirkətin direktoru kimi heç bir sənədi imzalamayıb. Habelə, barəsində Cavabdeh rəhbəri kimi icra işinin başlanılmasına əsas olan icra sənədinin verildiyi məhkəmə qətnaməsinin qəbul edildiyi mülki işin materialları araşdırılsa, həmin işdə nümayəndə kimi təmsil olunmağa dair bu və ya digər şəxsə etibarnamə vermədiyi, eləcə də həmin icra işı üzrə tələbkar X6 ilə bağlanmış müqavilə Cavabdeh adından bu şirkətin direktoru kimi imza atmadığı da müəyyən edilə bilər. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 noyabr 2018-ci il tarixli 2(005)- 4480/2018 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 30 aprel 2019-cu il tarixli 2(103)-3693/2019 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinin yuxarıda göstərilən qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin 07 oktyabr 2019-cu il tarixli 2(102)-6299/2019 saylı qərarı ilə ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə cavabdeh məhkəmə iclasına gəlmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası proses iştirakçısının izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 noyabr 2018-ci il tarixli, 2(005)- 4480/2018 saylı qətnaməsi ləğv edilməli və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı 2012-ci ildə Bakı şəhəri Nərimanov rayonu Teymur Əliyev küçəsi 1104-cü məhəllədə yerləşən “Avesta Consern” adlanan inzibati ofis binasında fəaliyyət göstərən Cavabdehnə katibə vəzifəsinə işə qəbul olunduğuna, bir müddət keçdikdən sonra katibə vəzifəsinə rəsmiləşdirilməsi ilə əlaqədar olduğunu zənn etdiyi hansısa sənədlərə imza etdiyinə, Cavabdehndən katibə işindən çıxdığına, ondan sonra Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsinin icraatında olan 17.01.2017-ci il tarixli 2(103)-073/2017 saylı icra vərəqəsi üzrə ona ünvanlanmış 22.06.2018-ci il tarixli, 30885-15-14 № li xəbərdarlıq məktubu ilə yuxarıda sözügedən şirkətə direktor vəzifəsinə rəsmiləşdirildiyinin ona məlum olmasına, heç bir vaxt bu müəssisənin direktoru vəzifəsinə təyin olunduğunu bilməməsinə, direktor vəzifəsindən irəli gələn bu və ya digər funksiyaları icra etmədiyinə, onun xəbəri və razılığı olmadan bu vəzifəyə təyin edilməsinin rəsmiləşdirildiyinə istinad edərək Cavabdeh direktoru vəzifəsinə təyin edilməsi barədə qərarın etibarsız sayılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarından görünür ki, Cavabdeh təsisçisinin 13.02.2013-cü il tarixli qərarının surəti iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməmiş, birinci instansiya məhkəməsi qeyd olunan qərarı aidiyyəti orqandan tələb edib, iş materiallarına əlavə etmədən hazırkı mübahisəyə baxaraq iddiaya hüquqi qiymət vermişdir. Halbuki yuxarıda göstərildiyi kimi iddianın predmetini İddiaçı Cavabdeh direktoru vəzifəsinə təyin edilməsi barədə qərarın etibarsız sayılması təşkil etmişdir. Belə ki, Cavabdeh təsisçisinin iş materiallarında olan 13.02.2013-cü il tarixli qərarının məzmunundan görünür ki, sözügedən şirkətin yeganə təsisçisi olan X4 istinad olunan qərarı ilə İddiaçı 13.04.2013-cü il tarixdən etibarən qanuni təmsilçilik funksiyalarına malik olmaqla, Cavabdeh direktoru vəzifəsinə təyin edilmişdir ki, bu da işəgötürən Cavabdeh ilə işçi İddiaçı arasında əmək hüquq münasibətlərinin təkbaşına təsisçinin qərarı ilə rəsmiləşdirilməsi hesab edilir. Bundan əlavə 13.02.2013-cü il tarixli qərarla sözügedən qərarın surətinin İddiaçı təqdim edilməsi və ya onun bu qərarla tanış edilməsi müəyyən olunmur. Həmin qərarın surətinin İddiaçı təqdim edilməsi və ya bu qərarla onun rəsmi qaydada tanış edilməsi işdə olan materiallarla da öz təsdiqini tapmır. İş materialları ilə eyni zamanda İddiaçı ilə Cavabdeh arasında əmək müqaviləsi (kontraktı) bağlandığı müəyyən edilmir. İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin 13.09.2019-cu il tarixli məktubundan isə görünür ki, İddiaçı adına elektron informasiya sisteminə Cavabdeh (VÖEN: **********) tərəfindən əmək müqaviləsi bildirişi daxil edilməmişdir. Məhkəmə kollegiyası ilk növbədə Ali Məhkəmənin Mülki Kollegiyasının iş üzrə qərarında göstərilən iddiaçı ilə cavabdeh şirkət arasında əmək münasibətinin yaranmamasına dair xüsusatları araşdıraraq, işin həqiqi halları ilə müəyyən edilən tərəflər arasındakı münasibəti əmək qanunvericiliyinin tələbləri baxımından qiymətləndirməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci hissəsinin tələbinə görə işəgötürənlə işçi arasında yaranan əmək münasibətləri bu Məcəllə ilə tənzimlənir. Həmin Məcəllənin 7-ci maddəsinin 2-ci hissəsinin tələbinə görə əmək münasibətləri yazılı formada əmək müqaviləsi bağlanmaqla yaranır. Yenə həmin Məcəllənin 81-ci maddəsinə görə, kargüzarlıq işini tənzimləmək məqsədi ilə zəruri hallarda bağlanmış əmək müqaviləsi qüvvəyə mindikdən sonra işəgötürənin mülahizəsinə əsasən onun əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilə bilər. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada yazılı formada əmək müqaviləsi bağlanmadan əmək münasibətlərinin işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməsi qadağandır. Yuxarıda sadalanan xüsusatlara və istinad edilən hüquq normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada yazılı formada əmək müqaviləsi bağlanmadan əmək münasibətlərinin işəgötürənin əmri, (sərəncamı) qərarı ilə rəsmiləşdirilməsi qadağan edildiyindən, İddiaçı ilə əmək müqaviləsi (kontrakt) bağlanmadan onun direktor vəzifəsinə təyin edilməsinin təsisçinin qərarı ilə rəsmiləşdirilməsi qanunsuz və əsassız olmaqla eyni zamanda, hüquqi əhəmiyyət kəsb etməyən rəsmiləşdirmə olmuşdur. Belə ki, iş materiallarında olan Cavabdeh Nizamnaməsinin 5.2-ci bəndində göstərilmişdir ki, müəssisənin icraedici rəhbəri direktordur. Direktor təsisçilər tərəfindən müqavilə əsasında təyin edilir. Lakin iş materiallarından İddiaçı ilə Cavabdeh arasında iddiaçının şirkətin direktoru təyin edilməsi barədə müqavilənin olması, həmçinin iddiaçının həmin şirkətdə işə qəbul edilməsi barədə ərizəsi və eləcə də bu barədə müqavilənin olması müəyyən edilmir. Bundan əlavə, kollegiya qeyd edir ki, hazırkı iş üzrə mübahisələndirilən qərarın verildiyi dövrdə qüvvədə olan Mülki Məcəllənin 49.1-ci maddənin tələbinə görə, hüquqi şəxsin orqanlarının seçilməsi və ya təyin edilməsi qaydası nizamnamə ilə müəyyənləşdirilir. Məhdud məsuliyyətli cəmiyyətin icra orqanının seçilməsi (təyin olunması) və fəaliyyətinin əsaslarını tənzimləyən Mülki Məcəllənin 91-2.1-ci maddəsinin tələbinə görə, cəmiyyətin icra orqanının fəaliyyəti və onun tərəfindən qərarların qəbul edilməsi qaydası cəmiyyətin nizamnaməsi və daxili sənədləri ilə müəyyən edilir. Mülki Məcəllənin 91-2.3.-cü maddəsinin tələbinə görə, cəmiyyət və cəmiyyətin təkbaşına rəhbəri arasında müqavilə həmin şəxsin seçildiyi (təyin edildiyi) cəmiyyətin iştirakçılarının ümumi yığıncağında sədrlik edən şəxs və ya ümumi yığıncağın qərarı ilə müvəkkil edilən şəxs tərəfindən imzalanır. Həmin Məcəllənin 91.3.-cü maddəsində məhdud məsuliyyətli cəmiyyət iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aşağıdakılar aid edilmişdir: cəmiyyətin nizamnaməsini və onun nizamnamə kapitalının miqdarını dəyişdirmək; cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək; cəmiyyətin illik hesabatlarını və maliyyə hesabatlarını təsdiq etmək, onun mənfəətini və zərərini bölüşdürmək; cəmiyyətin yenidən təşkili və ya ləğvi haqqında qərar qəbul etmək; cəmiyyətin direktorlar şurası (və ya müşahidə şurası) və (və ya təftiş komissiyasını (müfəttişini) seçmək və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək. Həmin Məcəllənin 91.3-cü maddəsinin mənası baxımından cəmiyyətin (hüquqi şəxsin) təkbaşına iştirakçısının (təsisçisinin) müstəsna səlahiyyətləri sırasında direktorun seçilməsi və ya təyin edilməsinə dair qərar qəbul etmək səlahiyyəti nəzərdə tutulmamışdır. Mülki Məcəllənin yuxarıda sadalanan müddəalarında cəmiyyətin rəhbərinin (təkbaşına icra orqanın) yalnız həmin şəxsin seçildiyi ümumi yığıncağa sədrlik edən Cəmiyyətin iştirakçısı ilə müqavilə əsasında təyin edilməsi/seçilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kassasiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 07 oktyabr 2019-cu il tarixli Qərarında da göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apelyasiya instansiyası məhkəməsi üçün məcburidir. Hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 07 oktyabr 2019-cu il tarixli qərarındakı göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, məhkəmə kollegiyası həmin göstərişlərlə razılaşaraq və onları nəzərə alaraq aşağıdakıları qeyd edir. Belə ki, işə bundan əvvəl baxan apelyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edən Ali Məhkəmə istinad olunan qərarında göstərmişdir ki : “...Cavabdeh nizamnaməsinin 5.2-ci bəndində göstərilmişdir ki, müəsissənin icraedici rəhbəri direktordur. Direktor təsisçilər tərəfindən müqavilə əsasında təyin edilir. Lakin iş materiallarından İddiaçı ilə Cavabdeh arasında iddiaçının şirkətin direktoru təyin edilməsi barədə müqavilənin olması, həmçinin iddiaçının həmin şirkətdə isə qəbul edilməsi barədə ərizəsi və eləcədə bu barədə müqavilənin olması görünmür.” Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Mülki Məcəllənin yuxarıda sadalanan müddəaları və Cavabdeh Nizamnaməsindən göründüyü kimi, hüquqi şəxsin (Cəmiyyətin) təkbaşına icra orqanı olan direktorunun vəzifəyə təyin edilməsinin təsisçinin təkbaşına qərarı ilə rəsmiləşdirilməsi nəzərdə tutulmadığından, eləcə də direktorun təyin edilməsinin yalnız Cəmiyyətin iştirakçısı (və ya ümumi yığıncaq tərəfindən müvəkkil edilmiş şəxs) ilə rəhbər təyin edilən şəxs arasında müqavilə əsasında rəsmiləşdirilməsi birmənalı olaraq nəzərdə tutulduğundan, həmçinin Əmək Məcəlləsinin istinad olunan müddalarında da əmək münasibətlərinin yalnız əmək müqaviləsi əsasında yarandığı ehtiva olunmaqla yazılı formada əmək müqaviləsi bağlanmadan əmək münasibətlərinin işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməsi qadağan edildiyindən, İddiaçı Cavabdeh direktoru vəzifəsinə təyin olunmasına dair təsisçinin qərarı həm mülki qanunvericiliyin, həm də əmək qanunvericiliyinin tələblərinin pozulması ilə verilmişdir. Belə olan halda Kollegiya hesab edir ki, İddiaçı Cavabdeh direktoru vəzifəsinə təyin edilməsi barədə təsisçinin 13.02.2013-cü il tarixli qərarı hər hansı bir hüquqi qüvvəyə malik deyildir və sözügedən qərar qanunvericiliyin tələbləri pozulmaqla qəbul olunduğundan məhkəmə qaydasında əhəmiyyətsiz hesab edilərək etibarsız sayılmalıdır. Apellyasiya icraatı zamanı iş üzrə təyin olunmuş məhkəmə xətşünaslıq ekspertizasının 05.11.2020-ci il tarixli rəyi ilə işdə olan 03.07.2013-cü il tarixli etibarnamədə İddiaçı adının qarşısında olan imzanın İddiaçı tərəfindən icra olunması nəticəsinə gəlinməsinə dair kollegiya qeyd etməyi zəruri hesab edir ki, İddiaçı hazırkı iş üzrə iddia ərizəsində “Avesta Consern” inzibati binasında yerləşən Cavabdehndə katibə vəzifəsinə işə düzəldiyini, bir müddət sonra “katibə vəzifəsində” işləmək üçün hansısa sənədləri imzaladığını qeyd etmişdir. Yəni iddiaçı hər hansı sənədi imzalamadığını iddia etməmiş, əksinə katibə vəzifəsinə işə düzələrkən hansısa sənədləri imzaladığını iddia ərizəsində özü bəyan etmişdir. İşə birinci instansiya məhkəməsində baxılarkən nə İddiaçı ərizəsi, nə onun direktor vəzifəsinə təyin olunmasına dair qərar, nə də 03.07.2013-cü il tarixli etibarnamə iş materiallarında olmuş, məhkəmə iddiaçının vəsatətlərinə baxmayaraq, iş üçün əhəmiyyətli olan bu sənədləri əldə edib təhqiq etməmişdir. Apellyasiya baxışında məhkəmənin sorğusu əsasında müvafiq qeydiyyat orqanından 13.02.2013-cü il tarixli qərar və 03.07.2013-cü il tarixli etibarnamənin surəti əldə olunmuşdur. Ekspertizaya təqdim olunmuş etibarnamənin surətindəki imzanın tədqiq olunması ilə bağlı ekspert tərəfindən vəsatət verilmiş, tədqiq olunan sənədin əsli tələb edilmişdirsə də iş materialında tədqiq olunan sənədin əsli olmadığından, sonradan ekspertiza tərəfindən sənədin kserosurəti əsasında imza nümunəsi təhqiq edilərək rəy verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, eksperiza rəyinin kserosurət əsasında imza nümunəsinin İddiaçı tərəfindən icra olunmasına dair nəticəsinin mötəbərliyi əsaslı şübhələr doğurmasa da, təyinatı üzrə istifadə olunduğu və etibar edən üçün və ya üşüncü şəxslər üçün hansısa hüquqi nəticələr yaratdığı iş materialları ilə müəyyən olunmayan, əsli olmayan sənədin (etibarnamənin) yalnız kserosurəti əsasında verilmiş rəyi və yeganə olaraq yalnız bu dəlil əsasında iddianın əsassızlığı nəticəsinə gəlinməsi mümkünsüzdür. Mülki Prosessual Məcəllənin 103-cü maddəsinin tələbinə görə, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmə tərəfindən qiymətləndirilir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticəsi işin hallarına uyğun gəlmir, bu isə Mülki Prosessual Məcəllənin 385.1.4-cü maddəsinə əsasən qətnamənin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən, yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunduğundan və iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iş üzrə məhkəmə xətşünaslıq ekspertizasının keçirilməsinə sərf olunmuş 127 manat pul isə Cavabdehndən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 385, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 noyabr 2018-ci il tarixli, 2(005)- 4480/2018 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia təmin edilsin. İddiaçı Cavabdeh direktoru vəzifəsinə təyin edilməsi barədə Cavabdeh təsisçisinin 13 fevral 2013-cü il tarixli qərarı etibarsız hesab edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulsun. İş üzrə keçirilmiş məhkəmə xətşünaslıq ekspertizasının xərci qismində 127 manat pul Cavabdehndən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, X3, Kod 210005, VÖEN **********, M/h-AZ85NABZ********************, SWİFT- BİK CTREAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-236/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-236/2021
09.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver