Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2360/2025 18.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(001)-800/2025 nömrəli qətnaməsindən iddiaçının apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.Tovuz Rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə iddiaçı (sürücü) AR İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.4-cü maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 150 manat cərimə olunub. İddiaçının şikayəti əsasında Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(125)-228/2024 nömrəli qərarı ilə qərara alınıb ki, həmin qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Tovuz Rayon Polis Şöbəsinə göndərilsin. Tovuz Rayon Polis Şöbəsinin Binəqədi Rayon Məhkəməsinə göndərdiyi xx.xx.2025-ci il tarixli 3-13- 114/2-806/2025 nömrəli məktubda qeyd olunub ki, iddiaçının barəsində həmin inzibati xətaya görə protokolun qərarı qüvvədə saxlanılmışdır. Birinci instansiya məhkəməsində icraat 2.İddia ərizəsi xx.xx.2024-cü ildə verilib. İddia ərizəsində və iddianın dəyişdirilməsi barədə ərizədə tələb olunub ki, xx.xx.2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsasında ödənilmiş 155 manat, mənəvi zərərin əvəzi kimi 200 manat, maddi zərərin əvəzi kimi 93 manat cavabehlərdən alınaraq iddiaçıya verilsin. 3.İddia onunla əsaslandırılıb ki, xx.xx.2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar məhkəmə qaydasında ləğv edilib. Odur ki, həmin qərara əsasən iddiaçının inzibati cərimə kimi ödədiyi 150 manat və dəbbə kimi ödədiyi 5 manat iddiaçıya qaytarılmalı, habelə pulun vaxtında qaytarılmaması nəticəsində vurulmuş maddi zərərin əvəzi kimi 93 manat, əsassız olaraq dəbbə hesablanması nəticəsində vurulmuş mənəvi zərərin əvəzi kimi 200 manat ödənilməlidir. 4.Binəqədi Rayon Məhkəməsini qətnaməsi ilə qət olunub ki, iddia təmin edilməsin. 5.Qətnamə onunla əsaslandırılıb ki, inzibati tənbeh vermə haqqında qərar məhkəmə tərəfindən ləğv edildikdən sonra iş yenidən baxılması üçün göndərilmiş, yenidən baxılma nəticəsində inzibati xəta haqqında protokolun qərarı qüvvədə saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat 6.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Şikayət onunla əsaslandırılıb ki, inzibati cərimənin ödənilməsinə səbəb olan birinci qərar məhkəmə tərəfindən ləğv edildiyinə görə mövcud deyil. İnzibati xəta haqqında iş üzrə ikinci dəfə qəbul olunan qərar məhkəməyə təqdim olunmayıb, həmin qərarın tarixi və nömrəsi bəlli deyil. 7.Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 8.İddia ərizəsində tələbin hüquqi əsası kimi AR Mülki Məcəlləsinin 1101-ci maddəsinə istinad edib. Həmin maddədən görünür ki, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir (maddə 1101.1). Göründüyü kimi, bu maddədəki mülki hüquq norması balanket ifadə üsulunda ifadə olunub, yəni “qanunla müəyyənləşdirilmiş qaydada” ifadəsi ilə müvafiq qanun nəzərdə tutulub. 9.Müvafiq qanun isə “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” AR Qanunudur. Bu Qanunun 1-ci maddəsinin 8-ci bəndinə görə, şəxsin barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Qanunun 4-cü maddəsinə görə, vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ inzibati xəta haqqında işə xitam verildikdə yaranır. Göründüyü kimi, “inzibati xəta haqqında işə xitam verildikdə” ifadəsi ilə hüququn yaranmasının əsası müəyyən edilib. Lakin inzibati xəta haqqında işə xitam verildiyini təsdiq edən qərar məhkəməyə təqdim olunmayıb. Əgər belə qərar varsa, onu məhkəməyə iddiaçı təqdim etməlidir. 10.Beləliklə, mülki məhkəmə icraat qaydasında zərərin əvəzini tələb etmək hüququnun yaranması üçün inzibati xəta haqqında işə xitam verilməsi barədə qərar mövcud olmalıdır. Əgər inzibati tənbeh vermə haqqına qərar qüvvəyə minməyibsə, lakin həmin qərara əsasən cərimə və dəbbə pulu tutulubsa, pulun tutulmasının hüquqi əsası yoxdur. Hüquqi əsas olmadan tutulmuş pulun geri qaytarılması üçün həmin pulu tutan inzibati orqana qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalıdır. Birinci instansiya məhkəməsi maddi hüquq normasını düzgün təbiq etmədiyindən qətnamə ləğv edilməli və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmalıdır. 11.Yuxarıda göstərilənlərə əsasən və AR Mülki Prosessual Məcəlləsinin 372, 384- 392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(001)-800/2025 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə” iddiası təmin olunmasın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-2360/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2360/2025
18.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver