Məhkəmə qərarları › İş №2(103)-2364/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2364/2021

16.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2364/2021 16.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh və onun nümayəndəsi və vəkili X1 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2409/2020 saylı, 01 oktyabr 2020ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı «xxxx» ASC Cavabdeh qarşı “subroqasiya qaydasında sığorta ödənişinin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “Fiat Doblo” markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin əvəzi olaraq 11.01.2019-cu il tarixli MİC1900002 nömrəli avtonəqliyat vasitələrinin könüllü sığortası şəhadətnaməsi (KASKO) əsasında ödənilmiş 10.000,46 manat sığorta ödənişi (subroqasiya qaydasında), ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 10.030,46 manat pulun tutularaq iddiaçı «xxxx» ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2409/2020 saylı, 01 oktyabr 2020ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Apellyasiya şikayəti və onun dəlilləri: Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qeyd etmişdir ki, iddiaçı tərəfindən “Fiat Doblo” markalı avtomobilə yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin məbləği şişirdilmişdir, müstəqil ekspert tərəfindən həmin avtomobilə dəymiş zərər 8665 (səkkiz min altı yüz altmış beş) manat məbləğində qiymətləndirilmişdir. Göstərilənlərə əsasən, rayon məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin qismən təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili B.Həziyev apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Ş.Mirzəyeva apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi: Mülki iş materiallarında olan «xxxx» ASC-də 11.01.2019-cu il tarixli MİC1900002 nömrəli avtonəqliyat vasitələrinin könüllü sığortası şəhadətnaməsi (KASKO) əsasən “xxxx” MMC-yə məxsus olan “Fiat Doblo” markalı, 2017-ci il buraxılışlı, **-JN-*** dövlət nömrə nişanlı avtomobil 14.01.2019-cu il tarixdən 13.01.2020-ci il tarixə kimi 25.000 manat dəyərində sığortalanmışdır. 09.09.2019-cu il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Nissan Sunny” markalı **-HX-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsi ilə hərəkət edən zaman üstünlük tələbini pozmuş, nəticədə «xxxx» ASC-də 11.01.2019-cu il tarixli MİC1900002 nömrəli avtonəqliyat vasitələrinin könüllü sığortası şəhadətnaməsi (KASKO) əsasında sığortalanmış “Fiat Doblo” markalı **-JN-*** dövlət nömrə nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Sabunçu DYPİ-nin İŞ-də tərtib olunmuş cinayət işinin rədd olunması haqqında 30.09.2019-cu il tarixli qərara əsasən yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirkar şəxs Cavabdeh müəyyən edilmişdir. Hadisə nəticəsində “Fiat Doblo” markalı **-JN-*** dövlət nömrə nişanlı avtomobilə 15.100,46 manat maddi zərər dəydiyi müəyyən edilərək 11.01.2019-cu il tarixli MİC ******* saylı sığorta şəhadətnaməsinə və AKS 190388 saylı 05 dekabr 2019-cu il tarixli sığorta ödənişi aktına əsasən «xxxx» ASC tərəfindən “xxxx” MMC-yə 15.000,46 manat sığorta ödənişi həyata keçirilmişdir. 17 oktyabr 2019-cu il tarixli qüsur aktına əsasən “Fiat Doblo” markalı **-JN-*** dövlət nömrə nişanlı avtomobilə yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin məbləği 15.100,46 manat müəyyən edilmişdir. Cavabdehin mülki məsuliyyəti icbari sığorta şəhadətnaməsinə əsasən “xxxx” ASC-də sığortalandığından 5.000 manat sığorta ödənişini “xxxx” ASC «xxxx» ASC-yə ödəmişdir. İddiaçı qalan 10.000,46 manat sığorta ödənişini cavabdehdən tələb edir. «xxxx» ASC cavabdehlərə geriyə tələb (subroqasiya) məktubu göndərsə də, cavabdeh müvafiq sığorta ödənişi məbləğini ödəməmişlər. Mülki iş materiallarında olan 002 saylı, 26.10.2019-cu il tarixli ekspert rəyinə əsasən 09.09.2019-cu il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Fiat Doblo” minik markalı avtonəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 8665 manat müəyyən olunmuşdur. “xxxx” MMC-nin MB 14/0470 saylı, 15 aprel 2021-ci il tarixli ekspert rəyinə əsasən “Fiat Doblo” minik markalı avtonəqliyyat vasitəsinə 15 aprel 2021-ci il tarixinə hesablanmış dəymiş zərərin bazar dəyəri 9155 manat məbləğində müəyyən edilmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən yol-nəqliyyat hadisəsi nəticəsində “Fiat Doblo” markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği hissəsində yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və qətnamə dəyişdirilməlidir. Belə ki, cavabdehin apellyasiya şikayətinin dəlili iddiaçı tərəfindən avtonəqliyyat vasitəsinə 17 oktyabr 2019-cu il tarixli qüsur aktına əsasən dəymiş zərərin məbləğinin 15.100,46 manat müəyyən edilməsinin əsassız və şişirdilmiş olması təşkil etmiş və bu səbəbdən məhkəmə-əmtəəşünaslıq ekspertizanın keçirilməsinə dair vəsatət təqdim etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2364/2021 saylı, 31 mart 2021-ci il tarixli qərardadına əsasən “Fiat Doblo” markalı **-JN-*** dövlət nömrə nişanlı avtomobilə 09.09.2019-cu il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin məbləğinin müəyyən edilməsi üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. “xxxx” MMC-nin MB 14/0470 saylı, 15 aprel 2021-ci il tarixli ekspert rəyinə əsasən “Fiat Doblo” minik markalı avtonəqliyyat vasitəsinə 15 aprel 2021-ci il tarixinə hesablanmış dəymiş zərərin bazar dəyəri 9155 manat məbləğində müəyyən edilmişdir. İşdə olan 002 saylı, 26.10.2019-cu il tarixli ekspert rəyinə əsasən isə 09.09.2019-cu il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Fiat Doblo” minik markalı avtonəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 8665 manat müəyyən olunmuşdur. Belə olan halda, kollegiya qeyd edir ki, 26 oktyabr 2019-cu il tarixli ekspert rəyinin nəticəsi (8665 manat) ilə 15 aprel 2021-ci il tarixli eskpert rəyinin nəticəsi (9155 manat) bir-birinə yaxın olduğundan, məhkəmə tərəfindən təyin edilən 15 aprel 2021-ci il tarixli ekspertizanın nəticəsi əsaslı və ağılabatandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1.-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi cavabdehin 2970 (iki min doqquz yüz yetmiş) manat cərimə borcundan 1500 (min beş yüz) manat məbləği ödəməsi faktını təsdiq etmişdir. Kollegiya qeyd edir ki, mülki iş materiallarında olan cavabdehin mülki məsuliyyəti icbari sığorta şəhadətnaməsinə əsasən “xxxx” ASC-də sığortalandığından 5.000 manat sığorta ödənişini “xxxx” ASC «xxxx» ASC-yə ödəmişdir. Belə olan halda kollegiya qeyd edir ki, 15 aprel 2021-ci il tarixli ekspert rəyinə əsasən Fiat Doblo” minik markalı avtonəqliyyat vasitəsinə 15 aprel 2021-ci il tarixinə hesablanmış dəymiş zərərin bazar dəyəri 9155 manat məbləğində müəyyən edildiyindən və 5.000 manat sığorta ödənişini “xxxx” ASC «xxxx» ASC-yə ödədiyindən, qətnamə cavabdehdən tutulacaq pul məbləği hissəsində dəyişdirilməli, cavabdehdən iddiaçının xeyrinə 4155 (9155–5000=4155) manat məbləğində pul tutulmalıdır. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək, qətnamə qismən, cavabdehdən tutulacaq pul məbləği hissəsində hissəsində dəyişdirilməli, cavabdehdən iddiaçının xeyrinə 4155 (dörd min yüz əlli beş) manat tutulmalı, cavabdehin apellyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Kollegiya hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri tərəflərin özlərinə aid edilməli, ekspertiza tədqiqatının dəyəri iddiaçıya aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2409/2020 saylı, 01 oktyabr 2020ci il tarixli qətnaməsi qismən dəyişdirilsin, Cavabdeh iddiaçı “xxxx” ASC-nin xeyrinə 4155 (dörd min yüz əlli beş) manat pul vəsaiti tutulsun. Qətnamə cavabdehin apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Məhkəmə xərcləri tərəflərin özlərinə aid edilsin. Ekspertiza tədqiqatının dəyəri 250 (iki yüz əlli) manat iddiaçı “xxxx” ASC-dən alınaraq bank hesabı “xxxx” MMC, H/h: № AZ33İBAZ********************, VÖEN: **********, Benefisiar alan bank: “xxxx” ASC Yasamal filialı, Kodu: 805562, VÖEN:**********, Müxbir hesab: AZ03NABZ********************, S.W.İ.F.T BİK: İBAZAZ2X hesabına ödənilsin. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar