Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2364/2023 14.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və Talışınski Fuad Şəmsəddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 26 dekabr 2022-ci il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə, İddiaçı özünün və onun vəkili (nümayəndəsi) Nümayəndə Amil oğlunun, Cavabdeh özünün iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə” ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması və cavabdehə məxsus olan və ünvan 1 ünvanda yerləşən 10 nömrəli mənzildən iddiaçıya məxsus olan və aşağı mərtəbədə yerləşən 8 nömrəli mənzilə suyun axıdılması nəticəsində iddiaçıya dəymiş maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 8.000 manat zərər, iddiaçıya dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 2.000 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 126 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması, suyun axıdılmasının qarşısının alınması məqsədi ilə cavabdehin mənzilində müvafiq təmir-bərpa işlərinin aparılmasının cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehə məxsus olan mənzildən xx.xx.2021-ci il tarixdə baş vermiş suyun axıdılması nəticəsində iddiaçıya məxsus olan mənzilinin tavanın və döşəməsinin bir hissəsi, hamam və ayaqyolunun tavanı tam, dəhlizin döşəməsinin bir hissəsi, mətbəxin divar kağızları korlanmış, nəticədə iddiaçıya maddi zərər dəymişdir. Bununla bağlı olaraq, iddiaçı, mənzilinin yerləşdiyi binaya xidmət göstərən Nərimanov Rayonu 35 saylı Mənzil Kommunal İstismar Sahəsinə müraciət etmişdir. Həmin MKİS-nin əməkdaşları iddiaçının müraciəti əsasında iddiaçının mənzilinə xx.xx.2021-ci il tarixdə baxış keçirmiş və cavabdehin mənzildən iddiaçının mənzilinə suyun axıdılması, bununla da iddiaçıya maddi zərərin dəyməsi barədə akt tərtib etmişlər. Mənzilə baxış keçirildikdən sonra suyun axıdılması dayanmışdır. Bundan sonra iddiaçı mənzilini özü təmir etmişdir. xx.xx.2021-ci il tarixdən etibarən bu hərəkətlər yenidən təkrarlanmağa başlamışdır. Bu dəfə cavabdeh ümumiyyətlə mənzilin qapısını açmamış, edilmiş telefon zənglərinə cavab verməmiş və mənzilə axıdılmış su dayandırılmamışdır. İddiaçının müraciəti əsasında MKİS-in əməkdaşları xx.xx.2021-ci il tarixdə mənzilə yenidən baxış keçirmiş və cavabdehin mənzildən iddiaçının mənzilinə suyun axıdılması, bununla da iddiaçıya maddi zərərin dəyməsi barədə bir daha akt tərtib etmişlər. Cavabdehin bu hərəkətləri hələ də davam edir və bunun nəticəsində iddiaçının mənzilinin təmirində xeyli dərəcədə qüsurlar yaranmışdır ki, həmin qüsurların aradan qaldırılması üçün 8.000 manat məbləğində xərc tələb olunur. İddiaçıya həmçinin mənəvi zərər dəymişdir ki, iddiaçı həmin zərəri 2.000 manat məbləğində qiymətləndirir. b) cavabdehin iddia tələbinə qarşı etirazı barədə məlumat
3. Cavabdeh məhkəmə baxışı iclasında iştirak edərək işə baxmış Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, o, özünə məxsus mənzildə yaşamır. Ona məxsus olan 10 nömrəli mənzil binanın sonuncu mərtəbəsində yerləşir. Binanın damında qonşular tərəfindən quraşdırılmış bir neçə su çənindən su əvvəlcə onun mənzilinə, daha sonra isə iddiaçının mənzilinə axmışdır. Suyun axıdılmasında onun təqsiri olmamışdır. Bundan başqa o, iddiaçının ödənilməsini tələb etdiyi məbləğdə pulu ödəmək üçün maddi imkana malik deyil. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, iddiaçıya dəymiş maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 1.215 manat, mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 100 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun bir hissəsinin cavabdehə aid edilməsini və rüsumun cavabdehə aid edilmiş hissəsinin ödənilməsi məqsəd ilə 16,6 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçı ödənilməsini, iddiaçıya məxsus mənzilə su axıdılmasının qarşısının alınması məqsədilə cavabdehin mənzilə aid olan və suyun axıdılmasına səbəb olan hissələrdə təmir-bərpa işlərinin aparılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını, iş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyərinin – 100 manatın iddiaçıya aid edilmiş hissəsinin ödənilməsi məqsəd ilə 87 manat məbləğində pulun iddiaçıdan, cavabdehə aid edilmiş hissəsinin ödənilməsi məqsəd ilə 13 manat məbləğində pulun cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsini, iddianın qalan hissədə təmin edilməməsini qət etmişdir.
5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının mənzilinə cavabdehin mənzilindən su sızması nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün ekspert rəyinə əsasən müəyyən olunan məbləğin 1.215 manat təşkil etdiyini, həmin məbləğin ağlabatan olduğunu və bu halı təkzib edən hər hansı bir sübutun mövcud olmadığını nəzərə alaraq hesab etmişdir ki, iddia bu hissədə qismən təmin edilməli, dəymiş maddi ziyana görə cavabdehdən həmin məbləğ iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin, iddiaçının mənzilinə dəfələrlə su axması nəticəsində müəyyən mənəvi iztirablar keçirməsi şübhəsizdir və o, bu hadisə, habelə ondan sonrakı proseslər zamanı keçirdiyi stress və əziyyətlərlə bağlı olaraq ona vurulmuş mənəvi zərərin ödənilməsini tələb etməyə haqlıdır. Mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin nəticəsində iddiaçının keçirdiyi mənəvi iztirabın xarakteri və dərəcəsini, zərərvuran şəxsin təqsirini (qəsd və yaxud ehtiyatsızlıq), cavabdehin əmlak vəziyyətini, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alaraq iddiaçıya dəymiş mənəvi zərərin məbləğinin 100 manat müəyyən edilməsini ağlabatan və ədalətlidir. Məhkəmə tikinti-texniki ekspertizasının rəyinə əsasən iddiaçının mənzilinə suyun sızması cavabdehə məxsus mənzildən baş vermiş və tərəflərin izahatına əsasən həmin hal bir neçə dəfə təkrarlanmışdır. İddiaçı isə izahatında ilk dəfə su axıdıldıqdan sonra mənzilini özü təmir etdiyini, lakin mənzilinə təkrar su axıdıldığından təmirinin bərbad vəziyyətə düşdüyünü, hazırda mənzilinə yenidən su axıdılması təhlükəsi olduğundan təmir etdirə bilmədiyini, bu səbəbdən məcbur qalaraq həmin nəmişlik şəraitində yaşamalı olduğunu bildirmişdir. Ekspert rəyinə, iş üzrə təqdim edilmiş sübutlara və iddiaçının dəlillərinin ağlabatan olmasına əsaslanaraq, iddiaçının mülkiyyətində olan 8 nömrəli mənzilə su axıdılmasının qarşısının alınması məqsədilə cavabdehin üzərinə 10 nömrəli mənzildəki nasazlığın aradan qaldırılması vəzifəsi qoyulmalıdır. d) apellyasiya şikayəti barədə məlumat
6. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsi sübutlara obyektiv qiymət verməkdən ötrü yerində müayinə aparmalı və işin hallarını yerində araşdırıb qiymət verməli olduğu halda, bunu etməmişdir. Təyin olunmuş ekspertiza rəyi ilə də su sızması müəyyən edilməmişdir. Bu hal Rayon Məhkəməsi tərəfindən diqqətə alınmamış, işin hallarına səhv hüquqi qiymət verilmişdir. e) apellyasiya baxışı iclasında tərəflərin iştirakı barədə məlumat
8. Apellyasiya baxışı iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi.
9. İddiaçı və onun vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdilər, iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsi qətnaməsinin əsaslarına uyğun izahat verdilər. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
10. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
11. Belə ki, işdə olan sənədlərdən və iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlardan bəlli olur ki, ünvan 1 ünvanda yerləşən 8 nömrəli mənzil iddiaçıya, həmin mənzilin üstündə yerləşən 10 saylı mənzil isə cavabdehə məxsusdur.
12. Həmin mənzillərin yerləşdiyi binaya xidmət göstərən 35 saylı MKİS-nin əməkdaşları tərəfindən xx.xx.2021 və xx.xx.2021-ci il tarixli aktlardan görünür ki, iddiaçının müraciətlərinə əsasən onlar iddiaçıya məxsus mənzilə baxış keçirmiş və müəyyən etmişlər ki, cavabdehə məxsus mənzildən iddiaçıya məxsus mənzilə su axıdılmışdır. Suyun axıdılması nəticəsində iddiaçıya məxsus olan mənzilinin tavanın və döşəməsinin bir hissəsi, hamam və ayaqyolunun tavanı tam, dəhlizin döşəməsinin bir hissəsi, mətbəxin divar kağızları islanmış və korlanmışdır.
13. Cavabdehin iddia tələbinə qarşı etirazından görünür ki, o, onun mənzilindən iddiaçının mənzilinə suyun axıdılmasını inkar etmir. Lakin o, bildirir bu halın baş verməsində onun təqsiri yoxdur, çünki, binanın damında qonşular tərəfindən quraşdırılmış bir neçə su çənindən su əvvəlcə onun mənzilinə, daha sonra isə iddiaçının mənzilinə axmışdır.
14. Bundan başqa nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən işə baxmış Rayon Məhkəməsinə verilmiş xx.xx.2022-ci il tarixli, 10/4588 saylı rəyindən görünür ki, iddiaçıya məxsus 8 nömrəli mənzilin divarlarında və tavanında olan qüsurları, həmin qüsurların su sızmaya xarakterik olduğunu, həmçinin 35 saylı MKİS-in əməkdaşları tərəfindən tərtib edilmiş aktların məlumatlarını nəzərə alaraq, qeyd etmək olaraq ki, 8 saylı mənzilə cavabdehə məxsus 10 saylı mənzildən su sızması baş vermişdir. 10 saylı mənzilin kanalizasiya xətləri gizli şəkildə olduğundan su sızmasının texniki səbəbini konkret olaraq müəyyən etmək mümkün olmamışdır.
15. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, iddiaçının mənzilinə suyun cavabdehin mənzilindən axıdlması işin mübahisəsiz halı olduğundan iddiaçı bu halı sübut etməkdən azaddır. Belə olan halda cavabdeh sübut etməlidir ki, onun mənzilindən iddiaçının mənzilinə suyun axıdılması onun təqsirindən baş verməmişdir. Cavabdeh bunu bildirsə də, bu halı təsdiq edə biləcək sübutları (məsələn: bu halı təsdiq edə biləcək fotoşəkilləri, videogörüntüləri, binaya xidmət göstərən MKİS-nin əməkdaşlarının müvafiq aktını və s.) məhkəmələrə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
16. Buna görə də, Məhkəmə, cavabdehin bildirdiklərinin sübuta yetməməsini nəzərə alaraq qəbul edir ki, iddiaçının mənzilinə su məhz cavabdehin mənzilindən axmış və bu hal məhz cavabdehin təqsirli hərəkəti (hərəkətsizliyi) nəticəsində baş vermişdir.
17. İşin hallarını nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin və apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüquq pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (maddə 1096.1.). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2.).
18. Qeyd edilən maddi hüquq normalarının tələblərindən işin hallarına yanaşdıqda müəyyən edilir ki, cavabdeh iddiaçıya vurduğu maddi zərərin əvəzini ödəməlidir. İşə baxmış Rayon Məhkəməsi eyni əsaslar ilə eyni nəticəyə gəlməkdə haqlı olmuşdur. Rayon Məhkəməsinin iş üzrə gəldiyi bu nəticəyə dair apellyasiya şikayətinin dəlili əsassızdır.
19. İşə baxmış Rayon Məhkəməsi iddiaçının cavabdehdən onun xeyrinə tutulmasını tələb etdiyi 8.000 manat məbləğinin əsaslı olub-olmamasını araşdırmaq məqsədi ilə iş üzrə müvafiq ekspertiza təyin etmiş və ekspertizanın rəyini alaraq, rəyi tədqiq etmişdir.
20. Rayon Məhkəməsinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aldığı və tədqiq etdiyi xx.xx.2022-ci il tarixli, 10/4588 saylı rəyindən görünür ki, iddiaçının mənzilində su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli olan bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 1.215 manat məbləğindədir.
21. İddiaçı bu məbləğin daha çox olmasını, cavabdeh isə bu məbləğin daha az olmasını təsdiq edə biləcək və ekspert rəyini şübhə altına ala biləcək sübutları (məsələn: təmir-tikinti sahəsi üzrə hər hansı mütəxəssisin rəyini) işə baxmış Rayon Məhkəməsinə təqdim etməmişlər.
22. Odur ki, göstərilənləri nəzərə almış Rayon Məhkəməsi iddiaçıya dəymiş zərərin məbləğini məhz ekspert rəyinə əsasən müəyyən etmiş və hesab etmişdir ki, iddiaçıya dəymiş zərərin əvəzinin ödənilməsi məqsədi ilə cavabdehdən iddiaçının xeyrinə 1.215 manat məbləğində pul tutulmalıdır.
23. Göstərilənləri, iddiaçının apellyasiya şikayəti verməməsini və ekspertiza tərəfindən verilmiş rəyin şübhə altına ala biləcək sübutların mövcud olmamasını nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin müzakirə edilən bu nəticəsi əsaslıdır. Rayon Məhkəməsinin iş üzrə gəldiyi bu nəticəyə dair apellyasiya şikayətinin dəlili əsassızdır. Çünki Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
24. İddiaçı iddia ərizəsində bildirmişdir ki, cavabdehin hərəkəti nəticəsində ona mənəvi zərər dəymişdir və o, ona vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə hesab edir ki, cavabdehdən onun xeyrinə 2.000 manat məbləğində pul tutulmalıdır.
25. Cavabdehin bu tələbə qarşı etirazı da onunla əsaslandırılmışdır ki, o, iddiaçıya heç bir formada ziyan vurmamışdır.
26. Yuxarıda artıq qeyd edildiyi kimi, işə baxmış Rayon Məhkəməsi hesab etmişdir ki, iddiaçıya dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə cavabdehdən iddiaçının xeyrinə 100 manat məbləğində pul tutulmalıdır.
27. Rayon Məhkəməsinin bu nəticəsinin və bu nəticəyə dair apellyasiya şikayətinin dəlilinin əsaslı olub-olmamasını müzakirə edən Məhkəmə qeyd edir ki, cavabdehə məxsus mənzildən iddiaçıya məxsus mənzilə suyun axıdılmasının ən azından xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərdə baş verməsi, yəni cavabdehin iddiaçıya münasibətdə delikt törətməsi işin artıq müəyyən edilmiş halıdır. Belə olan halda iddiaçının müəyyən çətinliklər və narahatçılıq ilə üzləşməsi, bunun nəticəsində müəyyən emosional sarsıntılar keçirməsi də işin mübahisəsiz halı kimi qəbul edilməlidir.
28. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fıziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfı psixioloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
29. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır.
30. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mənəvi ziyanın əvəzinin ödənilməsi ilə bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stressləri, əzab və əziyyətləri nəzərə alır.
31. Məhkəmə qeyd edir ki, “İnsan Hüquqlarının və X1 haqqında” Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.
32. Avropa Məhkəməsinin “Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydalarının” 13-cü bəndinə görə, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib.
33. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehin qanunsuz əməlləri nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuş və o mənəvi iztirablar keçirmişdir. Belə olan halda Məhkəmə hesab edir ki, iddiaçıya mənəvi ziyan vurulmuşdur.
34. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir.
35. Qeyd edilənləri, iddiaçı tərəfindən qətnamədən apellyasiya şikayətinin verilməməsini və mənəvi zərərin əvəzi kimi ifadə edilməli olan kompensasiyanın məbləğinin ağlabatan olmasını nəzərə alan Məhkəmə, işə baxmış Rayon Məhkəməsinin müzakirə edilən nəticəsi ədalətli, bu nəticəyə dair apellyasiya şikayətinin dəlili isə əsassız hesab edir.
36. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi qətnamə ilə hesab etmişdir ki, iddiaçı tərəfindən cavabdehə qarşı irəli sürülmüş digər tələb – “iddiaçıya məxsus mənzilə su axıdılmasının qarşısının alınması məqsədilə cavabdehin mənzilə aid olan və suyun axıdılmasına səbəb olan hissələrdə təmir-bərpa işlərinin aparılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə” tələb əsaslı olduğundan təmin edilməlidir.
37. Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi bu nəticəyə gəlməkdə haqlı olmuşdur, bu nəticəyə dair apellyasiya şikayətinin dəlili əsassızdır.
38. Belə ki, Mülki Məcəllənin 1098-ci maddəsinin mənasına görə, gələcəkdə zərər vurulması təhlükəsi bu cür təhlükəni yaradan fəaliyyətin qadağan edilməsi barədə iddiaya əsas verə bilər və məhkəmə bu kimi tələbi əsaslı hesab edərsə, cavabdehin üzərinə zərərin əvəzini ödəməkdən əlavə, bu kimi zərərin vurulmasınıın qarşısının alınması ilə bağlı cavabdehin üzərinə müəyyən vəzifə də qoya bilər. i) apellyasiya instansiyası məhkəməsinin nəticəsi
39. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur.
40. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
41. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq və iddiaçı tərəfindən apellyasiya şikayətinin vərilməməsini nəzərə alaraq hesab edir ki, cavabdehin verdiyi apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
42. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə cavabdehin özünə aid edilməlidir.
43. Məhkəmə həmçinin qeyd edir ki, iş üzrə tərəflər hazırki qətnamədən kassasiya şikayəti verə bilməzlər. Çünki iddiaçı işə baxmış Rayon Məhkəməsinin qətnaməsində apellyasiya şikayəti verməmiş, cavabdehə münasibətdə təmin edilmiş tələbin məbləği 5.000 manatdan azdır.
44. Odur ki, MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 392, 393 və 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 26 dekabr 2022-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.