Məhkəmə qərarları › İş №2(103)-2365/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2365/2025

21.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2365/2025 21.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1,”Ortoped” MMC-yə və Cavabdeh2 Qəhrəman oğluna qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər: (“maddi və mənəvi zərərin əvəzinin ödənilməsi”) hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Qəhrəman oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, ”Ortoped” MMC-yə və Cavabdeh2 Qəhrəman oğluna qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-222/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı

1. İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh2 Qəhrəman oğluna və Cavabdeh1 qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, yanlış və qeyri-dəqiq cərrahi müdaxilə nəticəsində sağlamlığına zərər vurulduğuna görə cərrahi əməliyyat üçün ödədiyi 5500 manat, implant dəmir üçün ödədiyi 830 manat, itirdiyi qan üçün ödədiyi 155 manat, ümumilikdə 6485 manat pulun cavabdeh "xxxx" MMC (X12) və digər cavabdehlərdən tutularaq iddiaçıya geri qaytarılması, mülki qanunvericilik normalarını, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 noyabr 2008-ci il tarixli Qərarını, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsini rəhbər tutmaqla cavabdehlərin törətdiyi qanunsuz hərəkətin iddiaçının şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməyi, sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməyi, uzun müddət davam edən qeyri-müəyyənlik, həyatının normal axarının pozulmasına görə cavabdehlər "xxxx" MMC və Cavabdeh2 Qəhrəman oğlundan mənəvi zərərin əvəzi olaraq 5000 manat pulun tutularaq iddiaçıya verilməsi, Cavabdeh1 iddiaçının icazəsi olmadan cərrahi masada videosunu çəkərək qohumlarla iddiaçıdan icazəsiz paylaşdığına görə Avropa Konvensiyasının 8-ci və Azərbaycan Respublikası Kontitusiyasının 32-ci maddəsini rəhbər tutmaqla iddiaçıya mənəvi iztirablar yaşatdığı üçün mənəvi zərərin əvəzi olaraq 1000 manat pulun tutularaq iddiaçıya ödənilməsi, KT (DİSK) və əməliyyata göstəriş sənədlərini iddiaçıya rəsmi qaydada təqdim etmək vəzifəsinin (öhdəliyi) cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2022-ci il tarixdə açıq kəllə beyin travması diaqnozu ilə X11 yerləşdirilmiş, 1 gün sonra yəni, xx.xx.2022-ci il tarixdə iddiaçının üzərində anesteziya altında kəllə sümüyünün fraqmentlərinin qaldırılması (2.6.15) və kəllə sümüyünə sümük qreftinin qoyulması (2.6.17) əməliyyatı icra olunmuşdur. xx.xx.2022-ci il tarixdə ambulator müalicəyə yazılmış, xəstəxanadan buraxılmışdır. Lakin xəstəxanadan buraxıldıqdan sonra iddiaçının səhhətində ciddi problemlər yaranmış, xroniki şiddətli ağrılar iddiaçının yaxasını buraxmamış, yalnış tibbi diaqnoz və qeyripeşəkar cərrahi müdaxilə nəticəsində sağlamlığına əhəmiyyətli dərəcədə zərər dəymişdir. Təəsüflər olsun ki, xx.xx.2022-ci il tarixdən bu günədək (xx.xx.2024), yəni təxminən 2 ildir ki, dəfələrlə müraciət etməyinə baxmayaraq RENTGEN (KT) kağızları (DİSK) və əməliyyata göstəriş sənədləri iddiaçıya təqdim olunmur. Əməliyyatdan sonra sağlamlığı ilə bağlı ciddi problemlər yaşayır. X8 səhlənkar həkim korpusunun yanlış tibbi diaqnozu və həkim səhvləri ucbatından 2 ilə yaxındır ki, ciddi ağrılar və mənəvi iztirablar keçirir. KT (DİSK) və əməliyyata göstəriş sənədlərini təqdim etmələri barədə dəfələrlə müraciət etsə də, bunun bir nəticəsi olmamışdır. Rentgenin pulunu da ödəmiş, çeklər də durur. Lakin yenə də rentgenoqrafiyanın nəticəsini ala bilmir. İddia ərizəsinə əlavə olunan baş beynin nativ KT müayinəsi sənədindən görünür ki, sınıq lojasında ən qalın yerdə d = 25 mm olan dərialtı hematoma izlənir. Müvafiq nahiyyədə ən qalın yerdə d = 7 mm olmaqla epidural hematoma və yüngül dərəcədə pnevmosefaliya qeyd edilir. Lakin beynəlxalq tibbi standartlara və normalara əsasən, hematoma böyüklüyü və yerləşimi önəmli faktor olmaqla yalnız 30 ml-dən böyük və 1 cm-dən böyük qalın hematomalar üçün cərrahi müdaxilə zəruridir. Bununla da sübut edir ki, kəllə sümüyünün fraqmentlərinin qaldırılması (2.6.15) və kəllə sümüyünə sümük qreftinin qoyulması (2.6.17) əməliyyatına zərurət olmamasına baxmayaraq, daha çox qazanc əldə etmək məqsədilə başında əsassız yerə cərrahi müdaxilə aparılmışdır. Əsassız olduğu üçün də bu günədək əməliyyata göstəriş sənədlərini və digər tibbi müayinə sənədlərini iddiaçıya təqdim etmirlər. Başlarından etmək üçün baş beynin nativ KT müayinəsinə dair bütün məlumatları əks etdirməyən sənəd təqdim olunmuşdur. İddia ərizəsinə əlavə edilən fotoşəkillərdən, hətta vizual baxışla müəyyən etmək olar ki, cərrahi müdaxilədən sonrakı vəziyyətdə kəllə qapağında deformasiya mövcuddur, kəllədən kənara çıxan implant (dəmir) vizual gözlə görünür. Həmin implant dəmir çıxıntısı gecələr həmin istiqamətdə yatmağına mane olur. Göründüyü kimi, həkim səhvi ucbatından iddiaçı ömürlük sağlamlığı ilə bağlı ciddi iztirablar keçirir və həyatının sonuna qədər də keçirəcək. Video görüntüyə baxış keçirilən zaman görünəcək ki, X8 həmin dövrdəki həkimlərindən biri olan Cavabdeh1 iddiaçı əməliyyat zamanı narkozda olarkən kəllə qapağı cərrahi masada açılanda iddiaçı və yaxın qohumlarının icazəsi olmadan iddiaçının görüntülərini videoya çəkmiş və iddiaçının uzaq qohumlar ilə paylaşmışdır. Sual yaranır, iddiaçının cərrahi masada köməksiz vəziyyətdə olarkən video görüntünü Cavabdeh1 kim icazə vermişdi ki, başqaları ilə paylaşsın? Bu iddiaçının şəxsi həyatının toxunulmazlığı hüququnu kobud şəkildə pozaraq, konvension və konstitusion hüquqlarının vəhşicəsinə tapdalanmasıdır. Hər dəfə o videoya baxanda iddiaçı dərin iztiriblar keçirir, əziyyət çəkir. “Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinə əsasən hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır və hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır. Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz. İddiaçının icazəsi olmadan əməliyyat zamanı narkozda olarkən həkim video çəkiliş aparmışdır. Sonradan həmin video iddiaçıda dərin sarsıntı və mənəvi iztirablara səbəb olmuşdur. Həkimlərin səhvi ucbatından iddiaçı ömürlük əziyyət çəkəcək. Axı həyatlarını onları zəlil qoymaqları üçün həkimlərə əmanət etmirlər. Həkim öz qərar və hərəkətlərinə görə tam məsuliyyət daşıyır. Həkim pasiyentə göstərilən tibbi yardımın keyfiyyətinə cavabdehlik daşıyır. Cərrahi müdaxilə ehtiyac olmasa da, həkim çox pul qazanmaq üçün iddiaçı əsassız riskə məruz qoymuş və peşəkarlıq səviyyəsindən uzaq hərəkətlər etmişdir. İddiaçı səhv cərrahi əməliyyat üçün 6485 manat pul ödəmişdir. Əlində 3 ödəniş qəbzi var. 5500 manat əməliyyata, 830 manat implant dəmirə, 155 manat isə itirilən qan üçün pul ödəmişdir. Və dediklərini tamı-tamına rəsmi ödəniş qəbzləri ilə sübut edir. Hətta xəstəxanaya yerləşdirilərkən yaxınlarından depozit olaraq 3000 manat pul alıblar. Ancaq o ödənişə dair əlində rəsmi qəbz olmadığı üçün həmin 3000 manat pulu tələb etmir. Çünki sübuta yetirə bilmir.

2. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək mülki iş üzrə cavabdeh "xxxx" MMCnin Cavabdeh3 MMC ilə əvəz edilməsini xahiş etmişdir.

3. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-222/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 iddiaçının icazəsi olmadan cərrahi masada videosunu çəkərək qohumlarla iddiaçıdan icazəsiz paylaşdığına görə vurulmuş mənəvi zərərin əvəzi olaraq 200 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, ödənilməli olan 127.46 manat dövlət rüsumunun əvəzi olaraq İddiaçı 125.43 manat,Cavabdeh1 2.03 manatın alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2; Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119.1-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli qərarına; “İnsan hüquqlarının və əsas X1 Konvensiya”nın 41-ci maddəsinə istinadən qeyd edilmişdir ki, məhkəmə araşdırması zamanı iddiaçı müxtəlif tarixlərdə keçirilmiş məhkəmə iclaslarında müxtəlif ifadələr vermişdir. Belə ki, ilk öncə iddiaçı qeyd etmişdir ki, onun üzərində icra edilmiş əməliyyatın zəruri olması və onun başına əməliyyatdan sonra dəmir örtüyün qoyulması həkim özbaşınalığı nəticəsində olmuşdur. Məhkəmə tərəfindən hazırkı hallar aydınlaşdırılması üçün zəruri tibbi sənədlər tələb edilmiş, bunun əsasında ekspertiza təyin edilmişdir. Ekspert rəyindən görünür ki, əməliyyat göstəriş əsasında icra edilmiş və əməliyyatın icrasında hər hansı qüsur aşkar edilməmişdir. Daha sonra iddiaçı əməliyyat olunduğu xəstəxanadan ona aid tibbi sənədlərin təqdim edilməməsini qeyd etmişdir. Araşdırma zamanı zəruri sənədlər təqdim edilmiş, çəkilişlərin sayı artdıqca əvvəlki dövrlərin KT müayinələrinin görüntülərinin silinməsi səbəbindən hazırkı mərhələdə təqdim edilməsinin mümkün olmadığı bildirilmişdir. İddiaçı izahatında xəstəxanadan çıxarkən səhhəti ilə bağlı o sənədləri almadığını, daha sonra müraciət etdikdə imtina verildiyini bildirmişdir. Cavabdeh müəssisənin verdiyi cavabdan görünür ki, iddiaçının tələb etdiyi sənədlər və görüntülər xəstəxana tərəfindən xəstə evə yazılarkən təqdim edilir. Hazırkı iş üzrə iddiaçının o sənədləri vaxtında götürməməsi və vaxtında tələb etməməsinə görə məsuliyyət xəstəxananın üzərinə qoyula bilməz. Daha sonra iddiaçı izahatında onun üzərində heç bir zərurət olmadan əməliyyatın icra edilməsi nəticəsində ona mənəvi ziyan dəyməsini bildirmiş, iddiaçının bu istinad etdiyi dəlilə də məhkəmə tərəfindən təyin edilmiş həm ekspertiza rəyi ilə, həm məhkəmə iclasına dəvət edilmiş mütəxəssisin verdiyi izahatlarla aydınlıq gətirilmişdir. Eyni zamanda iddiaçı onun əməliyyatının gedişini əks etdirən video görüntülərin cavabdehlərdən Cavabdeh1 tərəfindən yayılması və buna görə ona mənəvi ziyan dəydiyinə istinad edilmişdir. Araşdırılma zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 iddiaçının uzaq qohumudur. İddiaçı yol qəzası keçirdikdən sonra iddiaçının ailə üzvləri (iddiaçının bacısı) Cavabdeh1 müraciət edərək qardaşının Cavabdeh1 fəaliyyət göstərdiyi xəstəxanaya yerləşdirilməsini istədiyini bildirmişdir. Cavabdeh1 çalışdığı xəstəxananın təcili tibbi yardım stansiyası vasitəsilə iddiaçını İsmayıllı rayonunda yerləşən xəstəxanadan Bakıda yerləşən cavabdeh müəssisəyə gətirmişlər. İddiaçının üzərində icra edilən əməliyyat zamanı Cavabdeh2 əməliyyatı icra edən həkim olmuş, Cavabdeh1 isə əməliyyat kamera vasitəsilə qeydə almış, daha sonra həmin görüntünü xəstə yaxınlarına əməliyyatın uğurlu icra edilməsi ilə bağlı əmin etmək niyyəti ilə iddiaçının bacısı olan şəxslə paylaşmışdır. Məhkəmə hazırkı dəlilə münasibətdə qeyd edir ki, Cavabdeh1 hərəkətləri qanunauyğun deyil. Belə ki, həm Avropa İnsan Hüquqları Konvensiyasının, həm yerli qanunvericilik aktları ilə iddiaçının qorunan hüquqları mövcuddur. Ona aid olan əməliyyatın gedişatını əks etdirən video görüntünün onun özündən başqa şəxslərə təqdim edilməsi iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və bu görüntülərin yayılması ilə iddiaçı mənəvi sarsıntı keçirmişdir. Məhkəmə iddia tələbinin yanlış və qeyri-dəqiq cərrahi müdaxilə nəticəsində sağlamlığına zərər vurulduğuna görə cərrahi əməliyyat üçün ödədiyi 5500 manat, implant dəmir üçün ödədiyi 830 manat, itirdiyi qan üçün ödədiyi 155 manat, ümumilikdə 6.485 manat pulun iddiaçının xeyrinə tutulması hissəsinə münasibətdə qeyd edir ki, yuxarıda istinad olunanlardan iddiaçının üzərində icra edilmiş əməliyyatın onun sağlamlığına zərər vurması, əməliyyatın qüsurlu icra olunması, hər hansı zərurət olmadan icra olunması kimi hallar müəyyən edilmədiyindən, iddia tələbi bu hissədə təmin edilə bilməz. Məhkəmə iddia tələbinin cavabdehlər Cavabdeh3 MMC və Cavabdeh2 Qəhrəman oğlundan mənəvi zərərin əvəzi olaraq 5000 manat pulun tutularaq iddiaçıya verilməsi hissəsinə qiymət verərək hesab edir ki, yuxarıda qeyd edilən hallara görə iddia bu hissədə də əsassızdır və təmin edilə bilməz. Məhkəmə iddia tələbinin Cavabdeh1 iddiaçının icazəsi olmadan cərrahi masada videosunu çəkərək qohumlarla iddiaçıdan icazəsiz paylaşdığına görə mənəvi zərərin əvəzi olaraq 1000 manat pulun tutularaq iddiaçıya ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən əsaslıdır. Belə ki, Cavabdeh1 hərəkətləri nəticəsində iddiaçı sarsıntı keçirmiş, şüurunda mənfi emosiyalar formalaşmışdır. Məhkəmə həmçinin qeyd edir ki, mənəvi ziyanla bağlı gəldiyi nəticə “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında məhkəmələrə verilmiş tövsiyyələrə də uyğundur. Belə ki, Ali Məhkəmənin Plenumunun qeyd olunan Qərarında göstərilmişdir ki, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Odur ki, məhkəmə mənəvi zərərin əvəzi olaraq 200 manat pulun Cavabdeh1 iddiaçının xeyrinə tutulmasını ağlabatan hesab edir. Məhkəmə iddia tələbinin KT (DİSK) və əməliyyata göstəriş sənədlərini iddiaçıya rəsmi qaydada təqdim etmək vəzifəsinin (öhdəliyi) Cavabdeh3 MMC-nin üzərinə qoyulması hissəsinə qiymət verərək hesab edir ki, KT (DİSK)-ə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı özü səhlənkarlıq edərək vaxtında diski xəstəxanadan götürməmiş, gec müraciət etmiş, o müraciət etdiyi tarixdə də tələb etdiyi diski ona təqdim etmək mümkün olmamışdır. Odur ki, KT diskı münasibətdə iddia təmin edilə bilməz. Əməliyyata göstəriş sənədlərini iddiaçıya rəsmi qaydada təqdim etmək vəzifəsinin (öhdəliyi) Cavabdeh3 MMC-nin üzərinə qoyulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının tələb etdiyi sənədlər hazırkı iş materiallarında mövcuddur. Belə ki, məhkəmə ekspertizanın təyin edilməsi zamanı bütün zəruri sənədləri cavabdeh müəssisədən tələb etmiş, həmin sənədlər də müəssisə tərəfindən məhkəməyə təqdim edilmişdir. Odur ki, iddiaçı isitnad olunan sənədlərin surətini istənilən vaxt əldə edə bilər. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarından görünür ki, iddianın qiyməti 12.485 manatdır və bu məbləğ üçün ödənilməli olan dövlət rüsumu 127.46 manat təşkil edir. İddiaçı tərəfindən dövlət rüsumu ödənilməmişdir. İddia ərizəsində dövlət rüsumunun ödənilməsi qrafasında əlillik, səhhətə digər xəsarətlər yetirilməsinə və ya ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi ilə bağlı dövlət rüsumunun ödənilməsindən azad olduğunu qeyd etsə də, iddiaçı əlilliyi ilə əlaqədar sübutu məhkəməyə təqdim etməmiş, onun dövlət rüsumu ödəməkdən azad olması ilə bağlı hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, iddianın təmin edilmiş hissəsinə müvafiq olaraq ödənilməli olan 127.46 manatın 125.43 manatı İddiaçı, qalan 2.03 manatı Cavabdeh1 alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir.

4. İşin icraatı zamanı müəyyən edilmişdir ki: - İş materiallarında olan epikrizin surətindən görünür ki, İddiaçı 20 sentyabr 2022-ci ildə Cavabdeh3 MMC tərəfindən açıq kəllə beyin travması, baş beynin travmatik ödemi, sağ alın və sağ gicgah nahiyəsində epidural sümüklərinin basılmış, qəlpəli sınıqları, sağ alın və sağ gicgah nahiyəsində epidural hematoma, döş qəfəsinin əzilməsi, sağ İİ, İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ və sol İ, İİ, İİİ, İV, V, Vİ qabırğalarının sınığı, qarnın küt travması diaqnozu qoyulmuşdur; - X9 iddiaçının adına açılmış xəstəlik tarixçəsinə əsasən, İddiaçı 20 sentyabr 2022-ci il tarixdə açıq kəllə beyin travması diaqnozu ilə xəstəxanaya qəbul olunmuşdur; - Cərrahi əməliyyatın protokoluna əsasən, İddiaçı üzərində 21 sentyabr 2022-ci il tarixdə kəllə sümüyü fraqmentlərinin qaldırılması (2.6.15), Kəllə sümüyünə sümük qreftinin qoyulması (2.6.17) əməliyyatı icra edilmişdir. Əməliyyatın operatoru hazırkı iş üzrə Cavabdeh2 Qəhrəman oğlu olmuşdur; - Cavabdeh3 MMC-nin Səhiyyə Nazirliyi “X4” PHŞ-yə ünvanladığı məktuba əsasən, İddiaçı ağır dərəcəli xəsarət almış və alkoqol qəbul etmiş formada 20 sentyabr 2022-ci il tarixdə klinikaya daxil olmuş, xəstə dərhal müayinə olunmuş, KT müayinələri aparılmış, cərrahiyyə əməliyyata qərar verilmişdir. Klinika tərəfindən bir qayda olaraq KT müayinələrinin cavabları (disk və yazılı formada) və epikriz xəstə evə yazılan zaman özünə və ya yaxınlarına verilir. Çəkilişlərin sayı artdıqca əvvəlki dövrlərin KT müayinələrinin görüntüləri silinir; - Cavabdehlər tərəfindən təqdim edilmiş və iddiaçının bacısı Muxtarova Nuriyə tərəfindən imzalanmış xəstə razılığının surətinə əsasən, İddiaçı Cavabdeh3 MMC X8 həkimləri keçirəcəkləri əməliyyatın riskləri və təhlükələri, meydana gələcək fəsadları barədə ona məlumat vermişlər. İddiaçı azad iradəsi ilə bu əməliyyatın keçirilməsinə birbaşa özü (valideyn və ya qohum) razılıq verir və əməliyyatın (həkim səhvi istisna olmaqla) maddi və mənəvi məsuliyyətini öz üzərinə götürür. Əməliyyatın nəticəsindən asılı olmayaraq xəstəxanaya ödədiyi məbləğin ona geri ödənilməyəcəyini qəbul edir. Müqavilədə nəzərdə tutulmamış xidmətlərin (fəsad, proqramda nəzərdə tutulan yatış günündən əlavə yatış və əlavə tibbi zəruriyyətli cərrahi müdaxilə halları) qarşılığı olaraq “Qiymət cədvəli” əsasında müəyyənləşdiriləcək məbləğin xəstəxanaya ödəmək öhdəliyini öz üzərinə götürür; - Məhkəmə tərəfindən tibbi ekspertiza təyin edilmiş, Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X5” PHŞ tərəfindən təqdim edilmiş 688/KEŞ saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, “X12”da İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, xx.xx.2022-ci il tarixdə saat 06:05-də hospitala daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona “Sağ alın və sağ gicgah sümüklərinin basılmış, qəlpəli sınıqları. Sağ alın və sağ gicgah nahiyəsində epidural hematoma” diaqnozu təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq xx.xx.2022-ci il tarixdə xəstənin üzərində “Kəllə sümüyü fraqmentlərin qaldırılması. Kəllə sümüyünə sümük qreftinin qoyulması” cərrahiyyə əməliyyatı icra edilmiş və xx.xx.2022-ci tarixdə xəstə evə yazılmışdır. İddiaçı üzərində icra edilmiş cərrahiyyə əməliyyatı səhiyyə sistemində qüvvədə olan mövcud təlimat qaydalarına uyğun olmuşdur. İddiaçı mütəxəssis müayinəsi zamanı hazırda onda icra edilmiş cərrahiyyə əməliyyatından sonra hər hansı bir patologiyanın olduğu müəyyən edilməmişdir. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

5. İddiaçı apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin olunmasını, Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(011)-222/2025 saylı qətnaməsinin tamamilə ləğv edilməsini, iddianın tam təmin edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 32; Mülki Məcəlləsinin 21.1, 21.2, 459.1, 459.2, 459.3, 459.4, 118.1, 1118.3, 1125.1, 1125.2, 1099.1; Mülki Prosessual Məcəlləsinin 14, 76, 77, 78, 87, 88, 217, 385-ci maddələrinə; Milli Arxiv Fondu haqqında qanuna istinadən qeyd edilmişdir ki, o, İddiaçı xx.xx.2022-ci il tarixdə açıq kəllə beyin travması diaqnozu ilə X11 yerləşdirilmiş, 1 gün sonra, yəni, xx.xx.2022-ci il tarixdə üzərində anesteziya altında kəllə sümüyünün fraqmentlərinin qaldırılması (2.6.15) və kəllə sümüyünə sümük qreftinin qoyulması (2.6.17) əməliyyatı icra olunmuşdur. xx.xx.2022-ci il tarixdə ambulator müalicəyə yazılmış, xəstəxanadan buraxılmışdır. Lakin xəstəxanadan buraxıldıqdan sonra səhhətində ciddi problemlər yaranmış, xroniki şiddətli ağrılar yaxasını buraxmamış, yalnış tibbi diaqnoz və qeyri-peşəkar cərrahi müdaxilə nəticəsində sağlamlığına əhəmiyyətli dərəcədə zərər dəymişdir. Təəsüflər olsun ki, xx.xx.2022-ci il tarixdən bu günədək (xx.xx.2024), yəni təxminən 2 ildir ki, dəfələrlə müraciət etməyinə baxmayaraq RENTGEN (KT) kağızları (DİSK) və əməliyyata göstəriş sənədləri ona təqdim olunmur. Əməliyyatdan sonra sağlamlığı ilə bağlı ciddi problemlər yaşayır. X8 səhlənkar həkim korpusunun yanlış tibbi diaqnozu və həkim səhvləri ucbatından 2 ilə yaxındır ki, ciddi ağrılar və mənəvi iztirablar keçirir. KT (DİSK) və əməliyyata göstəriş sənədlərini təqdim etmələri barədə dəfələrlə müraciət etsə də, bunun bir nəticəsi olmamışdır. Rentgenin pulunu da ödəmişdir, çeklər də durur. Lakin yenə də rentgenoqrafiyanın nəticəsini ala bilmir. İddia ərizəsinə əlavə olunan baş beynin nativ KT müayinəsi sənədindən görünür ki, sınıq lojasında ən qalın yerdə d = 25 mm olan dərialtı hematoma izlənir. Müvafiq nahiyyədə ən qalın yerdə d = 7 mm olmaqla epidural hematoma və yüngül dərəcədə pnevmosefaliya qeyd edilir. Lakin beynəlxalq tibbi standartlara və normalara əsasən, hematoma böyüklüyü və yerləşimi önəmli faktor olmaqla yalnız 30 mm-dən böyük və 1 cm-dən böyük qalın hematomalar üçün cərrahi müdaxilə zəruridir. Bununla da, kəllə sümüyünün fraqmentlərinin qaldırılması (2.6.15) və kəllə sümüyünə sümük qreftinin qoyulması (2.6.17) əməliyyatına zərurət olmamasına baxmayaraq daha çox qazanc əldə etmək məqsədilə başımda əsassız yerə cərrahi müdaxilə aparılmışdır. Əsassız olduğu üçün də bu günədək əməliyyata göstəriş sənədlərini və digər tibbi müayinə sənədlərini ona təqdim etmirlər. Başlarından etmək üçün baş beynin nativ KT müayinəsinə dair bütün məlumatları əks etdirməyən sənəd təqdim olunmuşdur. İddia ərizəsinə əlavə etdiyi fotoşəkillərdən hətta vizual baxışla müəyyən edə bilərsiniz ki, cərrahi müdaxilədən sonrakı vəziyyətdə kəllə qapağında deformasiya mövcuddur, kəllədən kənara çıxan implant (dəmir) vizual gözlə görünür. Bildirir ki, həmin implant dəmir çıxıntısı gecələr həmin istiqamətdə yatmağına mane olur. Göründüyü kimi, həkim səhvi ucbatından o, ömürlük sağlamlığı ilə bağlı ciddi iztirablar keçirir və həyatının sonuna qədər də keçirəcək. İddia ərizəsinə əlavə olaraq məhkəmədə təqdim edəyəcəyi video görüntüyə baxış keçirdiyiniz zaman görəcəksiniz ki, X8 həmin dövrdəki həkimlərindən biri olan Cavabdeh1 o, əməliyyat zamanı narkozda olarkən kəllə qapağı cərrahi masada açılarda onun və yaxın qohumlarının icazəsi olmadan onun görüntülərini videoya çəkmiş və onun uzaq qohumlar ilə paylaşmışdır.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1112-ci maddəsində isə tibb müəssisəsinin vurduğu zərərin əvəzinin ödənilməsi ilə bağlı müddəalar öz əksini tapmışdır. Belə ki, tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Yəni, tibb müəssisəsi öz işçisinin törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Lakin müəssisə işçisinin vurduğu zərərə görə ödədiyi kompensasiyanı əvəzini reqres qaydada işçisindən tələb edə bilər. Sual yarana bilər ki, nəyə görə iki ildən sonra müraciət edir. Kəllə beyində aparılan cərrahi əməliyyat ən ağır əməliyyatlardan hesab olunur, o bu gün də hələ tam reabilitasiya və bərpa olmamışdır, habelə tam sağalma müddəti iki ildir. Huşu başına gəldiyi andan etibarən bununla bağlı addımlar atmağa başlamışdır. Habelə, mülki qanunvericiliyə əsasən, sağlamlığa vurulmuş xəsarətlərlə bağlı iddialara iddia müddəti şamil olunmur. İddia ərizəsinə əlavə etdiyi sənədlərdən görünür ki, o, səhv cərrahi əməliyyat üçün 6485 AZN pul ödəmişdir. Əlində 3 ödəniş qəbzi var. 5500 AZN əməliyyata, 830 AZN implant dəmirə, 155 AZN isə itirilən qan üçün pul ödəmişdir . Və dediklərini tam tamına rəsmi ödəniş qəbzləri ilə sübut edir. Hətta xəstəxanaya yerləşdirilərkən yaxınlarından depozit olaraq 3000 AZN pul alıblar. Ancaq o ödənişə dair əlində rəsmi qəbz olmadığı üçün həmin 3000 AZN pulu tələb etmir. Çünki sübuta yetirə bilmir. Hazırkı iş üzrə iddiaçının o sənədləri vaxtında götürməməsi və vaxtında tələb etməməsinə görə məsuliyyət xəstəxananın üzərinə qoyula bilməz. Bu tamamilə qanunsuz və əsassız yanaşmadır. Belə ki, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Kollegiyasının 12 aprel 2016-cı il tarixli 3/1 nömrəli qərarı ilə təsdiq edilmiş Dövlət orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətləri göstərilməklə nümunəvi Siyahısına əsasən, Tibb kartoçkaları (xəstəlik tarixçələri): a) stasionar xəstələrin 25 il, ambulator xəstələrin 5 il, Müalicə-profilaktika müəssisələrinə müraciət edənlərin qeydiyyatı kitabları: a)stasionar müalicəyə qəbul edilmiş xəstələrin 10 il, b) təcili yardım üzrə çağırışların 5 il saxlanılır. Göründüyü kimi Ortoped MMC X12 tamamilə yalan danışır və qanunvericiliyin müddəalarını kobud şəkildə pozmaqla tibb sənədlərinin onlarda olmadığını qeyd etmişdir, ya da məhkəməyə qəsdən təqdim etmir ki, əməliyyat zamanı edilmiş bütün nöqsanlar və qanunsuzluqlar aşkara çıxar. Birinci instansiya məhkəməsi də bunu görməzdən gəlmişdir. Bundan başqa, məhkəmə iddia tələbinin Cavabdeh1 iddiaçının icazəsi olmadan cərrahi masada videosunu çəkərək qohumlarla iddiaçıdan icazəsiz paylaşdığına görə mənəvi zərərin əvəzi olaraq 1000 manat pulun tutularaq iddiaçıya ödənilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, iddia bu hissədə qismən əsaslıdır. Belə ki, Cavabdeh1 hərəkətləri nəticəsində iddiaçı sarsıntı keçirmiş, şüurunda mənfi emosiyalar formalaşmışdır. Məhkəmə bu hissədə 1000 manatlıq tələbdən cəmi 200 AZN hissəsini təmin edərək yenə də hüquqlarımı kobud şəkildə pozmuşdur. Belə ki, məhkəmə özü etiraf edir ki, Cavabdeh1 hərəkətləri nəticəsində o, sarsıntı keçirmişdir. Deməli keçirdiyi bu qədər sarsıntının dəyəri 200 azn-dir ? Azərbaycan məhkəmələri sadə vətəndaşların mənəvi sarsıntısına bu qədər ucuz dəyər ölçür ??? Qəti şəkildə iddianın qismən təmin edilən hissəsindən də narazıdır. Bundan əlavə, məhkəmə qeyd etmişdir ki, əməliyyata göstəriş sənədlərini iddiaçıya rəsmi qaydada təqdim etmək vəzifəsinin (öhdəliyi) Cavabdeh3 MMC-nin üzərinə qoyulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının tələb etdiyi sənədlər hazırkı iş materiallarında mövcuddur. Belə ki, məhkəmə ekspertizanın təyin edilməsi zamanı bütün zəruri sənədləri cavabdeh müəssisədən tələb etmiş, həmin sənədlər də müəssisə tərəfindən məhkəməyə təqdim edilmişdir. Odur ki, iddiaçı isitnad olunan sənədlərin surətini istənilən vaxt əldə edə bilər. Bu hissəyə münasibətdə qeyd edir ki, sənədlərin məhkəməyə təqdim edilməsi onun iddianın bu hissədə rədd edilməsi üçün əsas deyil. Belə ki, sənədləri ona yox, məhkəməyə təqdim etmişlər, ikincisi isə məhkəmə ona sənədlərin surətini verməmişdir. məhkəmə iddia tələbinin yanlış və qeyri-dəqiq cərrahi müdaxilə nəticəsində sağlamlığına zərər vurulduğuna görə cərrahi əməliyyat üçün ödədiyi 5.500 manat, implant dəmir üçün ödədiyi 830 manat, itirdiyi qan üçün ödədiyi 155 manat, ümumilikdə 6.485 manat pulun iddiaçının xeyrinə tutulması hissəsinə münasibətdə qeyd edir ki, yuxarıda istinad olunanlardan iddiaçının üzərində icra edilmiş əməliyyatın onun sağlamlığına zərər vurması, əməliyyatın qüsurlu icra olunması, hər hansı zərurət olmadan icra olunması kimi hallar müəyyən edilmədiyindən, iddia tələbi bu hissədə təmin edilə bilməz. Məhkəmənin qətnamənin nəticə hissəsində qeyd etdiyi bu hissəyə etirazını bildirir, qeyd edir ki, iddianı tam olaraq sübuta yetirmişdi, lakin məhkəmə əsassız olaraq iddianı tam yox, qismən təmin etmişdir. İş materiallarından görünür ki, Xətai Rayon Məhkəməsinin çıxardığı qətnamə nə maddi hüquq normalarına, həm də prosessual hüquq normalarına uyğun deyil. Bundan başqa hesab edir ki, iş üzrə yenidən ekspertiza keçirilməlidir. iş materiallarında olan ekspert rəyinə kəskin şəkildə etiraz edir, qərəzli rəy verilmişdir. Kompüter tomoqrafiyası KT aparatının yaddaşında deyil ARXİVDƏ saxlanılmalıdır. Bunu cavabdeh klinika təmin etməlidir. Xəstə razılığı sənədində onun yox, Nuriyyə Muxtarovanın razılığı alınıb. Əməliyyata göstəriş sənədləri hələ də təqdim olunmayıb. O, KT olmadığı üçün əməliyyata göstərişi sübut edə bilmir. KT-nin olmaması da klinikanın günahıdır. Ona görə də neyrocərrah X7 da KT olmadan əməliyyata göstərişi sübut edə bilməz. O, xx.xx.2022-ci ildə klinikadan çıxarkən ona verilən 66 ədəd rentgen çəkilişi xx.xx.2022-ci ildə çəkilmiş Əkbərov Şamo adlı tamamilə başqa bir vətəndaşa aiddir. Yəni ona məxsus rentgen sənədləri ona verilməmişdir. Çəkilişlər və ona faktura əvəzi klinika tərəfindən verilən qanunsuz çeklər məhkəməyə bir daha təqdim olunacaq. Cavabdeh1 icazəsiz çəkdiyi videoda 70 qram hematoma (epidural hematoma) olduğunu deyir. Amma klikinikanın verdiyi baş-beyin nativ müayinəsində d= 7 mm epidural hematoma qeyd edilir. Əgər bu video əməliyyatın şəffaf aparılması üçün çəkilibsə, niyə dəri qaldırıldıqdan sonra kəllə sümüyü çəkilməyib ??? Ona görə də o, bu icazəsiz şəkilmiş videonu onu aldatmağa cəhd kimi qiymətləndirir! Ona görə də 200 azn cəriməni çox az hesab edir. Cərrah Cavabdeh2 Qəhrəman oğlu nə əməliyyatdan sonra, nə də öncə onunla görüşməyib və vəziyyəti ilə maraqlanmayıb. Bu da ona olan münasibəti göstərir. Əməliyyatdan sonrakı yaranmış hal 1) başındakı mexaniki qüsur 2) üz siniri zədələnmişdir. Hər iki qüsura dair KT VƏ EMQ təqdim olunacaq. Bu halı aradan qaldırmaq üçün də əlavə vəsait lazım olacaq. Amma ona çətin olsa da, öz cibindən bunları alaraq məhkəməyə təqdim edəcək. Birinci məhkəmədə keçirilən ekspertiza ilə qətiyyən və qətiyyən razılaşmır!!! tam əsassızdır!! Rengtgen və emq aparılmadan şablon rəy verilmişdir. Yenidən ekspertiza təyin edilməsini xahiş edir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları

6. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş, əməliyyat edilməsinə zərurət olmadığı halda əməliyyat edildiyini, bunun nəticəsində kəlləsinə qoyulan implant dəmir çıxıntısının kənardan göründüyünü, ona narahatlıq verdiyini qeyd etmiş, zəruri olmayan əməliyyat nəticəsində ona maddi və mənəvi ziyan dəydiyini bildirmişdir. Bundan əlavə qeyd etmişdir ki, KT kağızları, disk və əməliyyata göstəriş sənədlərini ona təqdim edilməmiş, əməliyyat olunması üçün onun özündən icazə alınmamış, özünün razılığı olmadan əməliyyət videosu başqa şəxslərə paylaşılmışdır. Sədrlik edənin suallarına cavab olaraq, hal-hazırda səhhətində hər hansı narahatlıq olmadığını bildirmişdir.

7. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 Qəhrəman oğlu apellyasiya şikayətinə etiraz etmiş, qeyd etmişdir ki, şəxs xəstəxanaya kəllə beyin travması diaqnozu ilə xəstəxanaya daxil olmuş, KT müayinəsindən də görünür ki, əməliyyatın icra edilməsi üçün göstərişlər olmuşdur, iddiaçı əməliyyat olunmuş və əməliyyatı uğurlu keçmişdir.

8. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinə etiraz etmiş, qeyd etmişdir ki, iddiaçının uzaq qohumudur, iddiaçı yol qəzası keçirdikdən sonra iddiaçının bacısının ona zəng etdiyini, qardaşının vəziyyətinin yaxşı olmadığını bildirmişdir, çalışdığı xəstəxananın təcili tibbi yardım stansiyası vasitəsilə iddiaçını İsmayıllı rayonunda yerləşən xəstəxanadan Bakıda yerləşən cavabdeh müəssisəyə gətirmişlər. İddiaçının üzərində icra edilən əməliyyat zamanı Cavabdeh2 əməliyyatı icra edən həkim olmuş, özü isə əməliyyat zamanı orada iştirak etmişdir. Cavabdeh1 əməliyyatın gedişatını video kamera vasitəsilə qeydə almış, daha sonra həmin görüntünü əməliyyatın uğurlu icra edilməsi ilə bağlı əmin etmək niyyəti ilə iddiaçının bacısı olan şəxslə paylaşmışdır. KT müayinələrinin görüntüsü ilə bağlı onu qeyd etmişdir ki, çəkilişlərin sayı artıqda əvvəlki dövrlərin KT müayinələrinin görüntüləri silinir.

9. Məlumatlandırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən Cavabdeh3 MMC-nin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübutetməlidir. 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alırki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilətəsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıda qeyd edilmiş müddəaları nəzərə alınmalıdır: 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1097.5. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. 1112. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. 1118.1. Fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin.

13. Əhalinin sağlamlığının qorunması haqqında Azərbaycan Respublıkasının Qanununun tələblərinə əsasən: 57. Vətəndaşların sağlamlığına zərər vurulduqda təqsirkar şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada və həcmdə ziyanı ödəməyə borcludurlar. 59. Tibb və əczaçılıq işçiləri öz peşə vəzifələrini lazımi səviyyədə yerinə yetirmədikdə, sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması hallarında qanuna uyğun olaraq məsuliyyət daşıyırlar.

14. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

15. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də, mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.

16. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 76, 77.1, 80-82, 89, 106.2, 119, 217.4, 220.5, 385-390-cı maddələrinə istinadən hesab edir ki, apellyasiya şikayətinin sübutedici səciyyə daşımayan dəllilləri hüquqi əsasları ilə uzlaşmadığından və formal mülahizə xarakteri daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Apellyasiya şikayətinin dəlilləri təkzib olunduğundan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətdə göstərilənlər məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz və birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. İş materiallarından müəyyən edilir ki, epikrizin surətindən görünür ki, İddiaçı 20 sentyabr 2022-ci ildə Cavabdeh3 MMC tərəfindən açıq kəllə beyin travması, baş beynin travmatik ödemi, sağ alın və sağ gicgah nahiyəsində epidural sümüklərinin basılmış, qəlpəli sınıqları, sağ alın və sağ gicgah nahiyəsində epidural hematoma, döş qəfəsinin əzilməsi, sağ İİ, İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ və sol İ, İİ, İİİ, İV, V, Vİ qabırğalarının sınığı, qarnın küt travması diaqnozu qoyulmuşdur. X9 iddiaçının adına açılmış xəstəlik tarixçəsinin surətindən görünür ki, İddiaçı 20 sentyabr 2022-ci il tarixdə açıq kəllə beyin travması diaqnozu ilə xəstəxanaya qəbul olunmuşdur. İş materiallarında olan cərrahi əməliyyatın protokolundan görünür ki, İddiaçı üzərində 21 sentyabr 2022-ci il tarixdə kəllə sümüyü fraqmentlərinin qaldırılması (2.6.15), Kəllə sümüyünə sümük qreftinin qoyulması (2.6.17) əməliyyatı icra edilmişdir. Əməliyyatın operatoru hazırkı iş üzrə Cavabdeh2 Qəhrəman oğlu olmuşdur. Cavabdeh3 MMC-nin Səhiyyə Nazirliyi “X4” PHŞ-yə ünvanladığı məktubdan görünür ki, İddiaçı ağır dərəcəli xəsarət almış və alkoqol qəbul etmiş formada 20 sentyabr 2022-ci il tarixdə klinikaya daxil olmuş, xəstə dərhal müayinə olunmuş, KT müayinələri aparılmış, cərrahiyyə əməliyyata qərar verilmişdir. Klinika tərəfindən bir qayda olaraq KT müayinələrinin cavabları (disk və yazılı formada) və epikriz xəstə evə yazılan zaman özünə və ya yaxınlarına verilir. Çəkilişlərin sayı artdıqca əvvəlki dövrlərin KT müayinələrinin görüntüləri silinir. Cavabdehlər tərəfindən təqdim edilmiş və iddiaçının bacısı Muxtarova Nuriyə tərəfindən imzalanmış xəstə razılığının surətindən görünür ki, İddiaçı Cavabdeh3 MMC X8 həkimləri keçirəcəkləri əməliyyatın riskləri və təhlükələri, meydana gələcək fəsadları barədə ona məlumat vermişlər. İddiaçı azad iradəsi ilə bu əməliyyatın keçirilməsinə birbaşa özü (valideyn və ya qohum) razılıq verir və əməliyyatın (həkim səhvi istisna olmaqla) maddi və mənəvi məsuliyyətini öz üzərinə götürür. Əməliyyatın nəticəsindən asılı olmayaraq xəstəxanaya ödədiyi məbləğin ona geri ödənilməyəcəyini qəbul edir. Müqavilədə nəzərdə tutulmamış xidmətlərin (fəsad, proqramda nəzərdə tutulan yatış günündən əlavə yatış və əlavə tibbi zəruriyyətli cərrahi müdaxilə halları) qarşılığı olaraq “Qiymət cədvəli” əsasında müəyyənləşdiriləcək məbləğin xəstəxanaya ödəmək öhdəliyini öz üzərinə götürür. Məhkəmə tərəfindən tibbi ekspertiza təyin edilmiş, Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X5” PHŞ tərəfindən təqdim edilmiş 688/KEŞ saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, “X12”da İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, xx.xx.2022-ci il tarixdə saat 06:05-də hospitala daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona “Sağ alın və sağ gicgah sümüklərinin basılmış, qəlpəli sınıqları. Sağ alın və sağ gicgah nahiyəsində epidural hematoma” diaqnozu təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq xx.xx.2022-ci il tarixdə xəstənin üzərində “Kəllə sümüyü fraqmentlərin qaldırılması. Kəllə sümüyünə sümük qreftinin qoyulması” cərrahiyyə əməliyyatı icra edilmiş və xx.xx.2022-ci tarixdə xəstə evə yazılmışdır. İddiaçı üzərində icra edilmiş cərrahiyyə əməliyyatı səhiyyə sistemində qüvvədə olan mövcud təlimat qaydalarına uyğun olmuşdur. İddiaçı mütəxəssis müayinəsi zamanı hazırda onda icra edilmiş cərrahiyyə əməliyyatından sonra hər hansı bir patologiyanın olduğu müəyyən edilməmişdir. Məhkəmə kollegiyası tərəfindən ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. İddiaçı tərəfindən bununla bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. İddiaçının özünün də bildirdiyi kimi hal-hazırda onun səhhətində hər hansı narahatlıq mövcud deyil.

17. Beləliklə, mülki münasibətlər müstəvisində video çəkilişin paylaşması üzrə təmin olunan hissəsində cavabdehlərin şikayətləri olmadığından iddiaçının məruz qaldığı iztirabların və bunun nəticəsi olan mənəvi zərərin mövcudluğu prosessual cəhətdən müzakirəsi mümkün olmayan haldır, mənəvi zərərin kompensasiyasının mütənasib olmaması isə müəyyən edilmir. Xüsusi biliyə malik olan şəxs – ekspert tərəfindən sərgilənən mövqe iş materiallarında olan digər təkzibedici sübutlarla təsdiq edildiyindən tələbin digər-əməliyyatın düzgün aparılmaması hissələrinin də əsassız olduğunu və əlavə və ya təkrar ekspertizanın keçirilməsinə əsasların olmadığını müəyyən edir. Sənədlərin və digər zəruri tələblərin isə vaxtında tələb edilməməsi və onların bəzilərinin mövcud olmadığı məlum olduğundan onların təmin edilməsi mülki icraat qaydasında mümkün deyildir. İddiada istinad edilən vəzifə səlahiyyətlərinə aid məsələlər cinayət təqibinin predmeti olduğundan iddiaçının müvafiq müraciətlər hüququ məhdudlaşmır. Belə olan halda, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apelliya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

18. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 222/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar