Məhkəmə qərarları › İş №2(103)-2366/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2366/2022

14.12.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2366/2022 14.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 MMC-nin Cavabdeh2 və Cavabdeh3 qarşı, Cavabdeh2 İddiaçı1 MMC-yə qarşı iş üzrə (Açar sözlər: pul tələbi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğvi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı1 MMC-nin nümayəndəsi X1, ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 vəkili Vəkil3 iştirakı ilə, İddiaçı1 MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı daşınmaz əmlaklara dair çıxarışların ləğv edilməsi barədə ilkin, Cavabdeh2 İddiaçı1 MMC-yə qarşı mənzillərin dəyərinin ödənilməsi barədə qarşılıqlı iddia tələblərinə dair 2(005)-121/2021 saylı mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Bakı Şəhər İcra Hakimiyyəti başçısının “Özəlləşdirilmiş ərazilərdə binanın, fərdi evin layihələşdirilməsi və tikintisinə icazə verilməsi haqqında” 18 sentyabr 2003-cü il tarixli 466 nömrəli Sərəncamı ilə "xxxx" Holdinq kompaniyasının müraciəti və Nərimanov Rayon İcra Hakimiyyətinin razılıq məktubu nəzərə alınmaqla, Bakı şəhəri Nərimanov rayonu X6 küçəsi, 945 saylı məhəllədə 0,386+0,08 ha torpaq sahəsi (0,08 ha torpaq sahəsi özəlləşdirilib, Dövlət Əmlakının İdarə olunması və özəlləşdirilməsi Departamentinin 000048 saylı şəhadətnaməsi ilə) yaşayış binasının layihələşdirilməsi və tikintisi üçün icazə əsasında "xxxx" Holdinq kompaniyasının istifadəsinə verilmişdir. 2. Bakı Şəhər İcra Hakimiyyəti başçısının "xxxx" Holdinq Kompaniyasına yaşayış binasının tikintisinə icazə verilməsi haqqında” 14 yanvar 2015-ci il tarixli 13 nömrəli Sərəncamı ilə Bakı şəhəri Nərimanov rayonu X6 küçəsi, 945-ci məhəllədə yaşayış binasının tikintisi üçün "xxxx" Holdinq Kompaniyasına icazə verilmiş və bu ərazinin döngə nöqtələrini özündə əks etdirən 03/189 nömrəli ayrıc aktı tərtib edilmişdir.

3. Bakı şəhəri Nərimanov rayonu Xan Şuşinski küçəsində yerləşən 33 saylı evin 4 saylı, 5 saylı, 6 saylı, 9 saylı mənzilləri, habelə Bakı şəhəri Nərimanov rayonu Sabit Rəhman küçəsində yerləşən 32 saylı evin 1 saylı, 5 saylı, 8 saylı, 9 saylı, 13 saylı və 2 otaqlı, ümumi sahəsi 57,7 kv.m. olan mənzilləri Cavabdeh2, Bakı şəhəri Nərimanov rayonu Xan Şuşinski küçəsində yerləşən 33 saylı evin 2 saylı, 7 saylı və Bakı şəhəri Nərimanov rayonu Sabit Rəhman küçəsində yerləşən 32 saylı evin 4 saylı mənzili isə Cavabdeh3 mülkiyyətindədir.

4. 16 aprel 2019-cu il tarixində İddiaçı1 MMC Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə müraciət edərək, Bakı şəhəri Nərimanov rayonu Xan Şuşinski, 33 ünvanında Cavabdeh2 məxsus evlərin onun özü tərəfindən sökülməsi və ərazinin boşaldılması, sökülən evlərin yerləşdiyi torpaq sahəsinin 2004-cü ildə İddiaçı1 MMC-yə icarəyə verildiyi barədə məlumat verilmiş və bu əmlaklara dair ona verilmiş çıxarışların ləğv edilməsini xahiş etmişdir. Həmin müraciətə 1 saylı Bakı ərazi idarəsi tərəfindən bu günədək münasibət bildirilməmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

. İddiaçı1 MMC cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh3 mülkiyyətində olmuş Bakı şəhəri Xan Şuşinski küçəsi ev 33-də yerləşən mənzil 4-ə dair MA seriyalı ******* nömrəli, Bakı şəhəri Xan Şuşinski küçəsi ev 33, mənzil 5-ə dair MA seriyalı ******* nömrəli, Bakı şəhəri Xan Şuşinski küçəsi ev 33, mənzil 9-a dair MA seriyalı 0354277 nömrəli, Bakı şəhəri Sabit Rəhman küçəsi ev 32, mənzil 13-ə dair MA seriyalı ******* nömrəli, Bakı şəhəri Sabit Rəhman küçəsi ev 32, mənzil 4-ə dair MA seriyalı, ******* nömrəli, Bakı şəhəri Sabit Rəhman küçəsi ev 32 mənzil 1-ə dair MA seriyalı, 0354155 nömrəli, Bakı şəhəri Sabit Rəhman küçəsi ev 32, mənzil 8-ə dair MA seriyalı, ******* nömrəli, Bakı şəhəri, Sabit Rəhman küçəsi, ev 32, 5 saylı mənzilə dair MA seriyalı, ******* nömrəli, Bakı şəhəri, Xan Şuşinski küçəsi, ev 33, 6 saylı mənzilə dair MA seriyalı, ******* nömrəli, Bakı şəhəri, Xan Şuşinski küçəsi, ev 33, 2 saylı mənzilə dair RX seriyalı, ******* nömrəli mülkiyyətə dair çıxarışların ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. . İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamı ilə hazırda mübahisə predmetini təşkil edən mənzillərin yerləşdiyi ərazidə "X5” MMC-yə yaşayış binasının tikintisi üçün icazə verilmişdir. Bununla bağlı, qanunvericiliyin tələblərinə uyğun olaraq, bütün tələb olunan sənədlər əldə edilmişdir. Eyni zamanda, tikinti üçün ayrılmış ərazidə yerləşən birmərtəbəli köhnə tikililərin, o cümlədən mübahisə predmetini təşkil edən mənzillərin razılaşdırılmış dəyəri "X5” MMC-yə aid olan "Nehrəm” MTK tərəfindən onların mülkiyyətçilərinə tam şəkildə ödənilmiş və bundan sonra mübahisə predmetini təşkil edən mənzillər formal olaraq Cavabdeh2 və Cavabdeh3 mülkiyyətinə keçirilmişdir. Bu şəxslər həmin mənzillər üçün hər hansı məbləğdə pul ödəməmişlər. "Nehrəm” MTK-nın təsisçisi və xx.xx.2013-cü il tarixdən xx.xx.2016-cı il tarixədək sədri olan Cavabdeh2 həmin mənzillərin sökülməsi məqsədi ilə əldə edilməsindən məlumatlı olmuş və bu əmlaklar məhz onun sədr olan dövrdə, nəinki razılığı və iştirakı ilə, həmçinin bilavasitə rəhbərliyi ilə sökülmüşdür. Bu hal onun imzası ilə "X5” MMC-nin adından Bakı Şəhər İcra Hakimiyyətinin başçısına ünvanlanmış məktublarla da öz təsdiqini tapır. Mənzillər söküldükdən sonra onların yerində hündürmərtəbəli və çoxmənzilli yeni yaşayış binası inşa edilmişdir. Bu mənzillər mövcud olmadığından onlara dair dövlət reyestrində aparılmış qeydiyyatın ləğvi ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmiş, lakin həmin müraciət bu günədək cavabsız qalmış və Xidmət tərəfindən qeydiyyat ləğv edilməmişdir. Halbuki, Cavabdeh2 və Cavabdeh3 əmlakları tam məhv olmuş və bunun nəticəsində onların qeydiyyatı hər cür hüquqi mənasını itirmişdir.

7. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iddiaçı "X5” MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi və sonradan iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilk iddia üzrə iddiaçı "X5” MMC-dən Bakı şəhəri Nərimanov rayonu Xan Şuşinski küçəsində yerləşən 33 saylı evin 4 saylı, 5 saylı, 6 saylı, 9 saylı mənzilləri, habelə Bakı şəhəri Nərimanov rayonu Sabit Rəhman küçəsində yerləşən 32 saylı evin 1 saylı, 5 saylı, 8 saylı, 9 saylı, 13 saylı və 2 otaqlı, ümumi sahəsi 57,7 kv.m. olan mənzillərin dəyəri olaraq ******* manat pulun, mənəvi zərərə görə 200000 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq Cavabdeh2 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 "Nehrəm Holdinq” MMC-nin sədri vəzifəsində işləyən zaman şəxsən vətəndaşlara pul ödəyərək, fərdi evləri vətəndaşlardan əldə etmiş, "X5” MMC-nin təsisçisi Tağı İbrahimovla əldə edilmiş razılığa əsasən ona həmin evlərin yerində inşa ediləcək binadan mənzillərin və yaxud nağd pul şəklində kompensasiyanın ödənilməsi barədə vəd verilmiş, lakin qarşı tərəf vədlərə əməl etməmiş, nəticədə ona maddi zərər vurulmuşdur.

9. Cavabdeh3 qarşılıqlı iddia üzrə ərizəsinin geri qaytarılmasını xahiş etmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli 2(005)-121/2021 saylı qərardadı ilə Cavabdeh3 qarşılıqlı iddia tələbi baxılmamış saxlanılmışdır.

10. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli 2(005)- 121/2021 saylı qətnaməsi ilə ilk iddia tələbi təmin edilmiş, qarşılıqlı iddia tələbi isə təmin edilməyərək, daşınmaz əmlakın dövlət reyestrində Bakı şəhəri Xan Şuşinski küçəsi, 33 saylı evin 4 saylı, Bakı şəhəri Xan Şuşinski küçəsi 33 saylı evin 5 saylı, Bakı şəhəri Xan Şuşinski küçəsi, 33 saylı evin 8 saylı, Bakı şəhəri Sabit Rəhman küçəsi, 32 saylı evin 13 saylı, Bakı şəhəri Sabit Rəhman küçəsi, 32 saylı evin 4 saylı, Bakı şəhəri Sabit Rəhman küçəsi, 32 saylı evin 1 saylı, Bakı şəhəri Sabit Rəhman küçəsi, 32 saylı evin 8 saylı, Bakı şəhəri Sabit Rəhman küçəsi, 32 saylı evin 5 saylı, Bakı şəhəri Xan Şuşinski küçəsi, 33 saylı 6 saylı mənzillərinə dair Cavabdeh2 və Bakı şəhəri Xan Şuşinski küçəsi, 33 saylı evin 2 saylı mənzilinə dair Cavabdeh3 mülkiyyət hüququ barədə aparılmış qeydiyyat və onun əsasında verilmiş müvafiq olaraq MA seriyalı, ******* nömrəli, MA seriyalı, ******* nömrəli, MA seriyalı, ******* nömrəli, MA seriyalı, ******* nömrəli, MA seriyalı, ******* nömrəli, MA seriyalı, ******* nömrəli, MA seriyalı, ******* nömrəli, MA seriyalı, ******* nömrəli, MA seriyalı, ******* nömrəli və RX seriyalı, ******* nömrəli çıxarışların ləğv edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, qeyd edilən mənzillərdən 12 ədədi 23-29 fevral 2012-ci il tarixlərdə, Bakı şəhəri Nərimanov rayonu Sabit Rəhman küçəsində yerləşən 32 saylı evin yaşayış sahəsi 26,56 kv.m. olan 13 saylı mənzili isə 19 mart 2014-cü il tarixdə Cavabdeh2 mülkiyyətinə keçmişdir. Qeyd olunan mənzillər, həm də həmin ərazidə olan digər mənzillər (tikililər) 2013- 2014-cü il tarixlərdə Cavabdeh2 və Cavabdeh3 iştirakı və razılığı ilə sökülmüşdür. Cavabdeh2 "Nehrəm” MTK-nın təsisçisi və xx.xx.2013-cü il tarixdən xx.xx.2016-cı il tarixədək, yəni söküntü aparılan zaman kooperativin sədri olmuşdur. Cavabdeh3 isə onun qardaşıdır. Cavabdeh2 həmin vaxt imzaladığı və Bakı şəhəri İcra Hakimiyyətinin başçısına ünvanlanmış 12 və 15 mart 2015-ci il tarixli məktublarda inşa ediləcək yeni bina üçün ayrılan ərazidə bir yaşayış evi istisna olmaq şərti ilə, başqa evlərin boşaldılmasının, sakinlərin köçürülməsinin və evlərin sökülməsinin təmin edilməsi, habelə müvəqqəti saxlanılmış bir yaşayış evinin təhlükəsiz istismarı üzrə lazımi təhlükəsizlik tədbirlərinin görülməsi barədə məlumat verilmiş və yaşayış binasının tikinti işlərinə başlanılması üçün əsas olan xüsusi nişanın hazırlanması üçün tapşırığın verilməsi xahiş edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş Tikinti işlərinin başlanılması üçün əsas olan xx.xx.2015-ci il tarixli 088 nömrəli Xüsusi Nişanda obyektin təyinatı qismində 18 mərtəbəli 2 girişli yaşayış binası (1 və 2-ci mərtəbələr qeyriyaşayış sahəsi, zirzəmi mərtəbəsi və həyətin altı avtodayanacaq və texniki sahə) göstərilmişdir. Aparılmış tikinti işləri nəticəsində həmin, o cümlədən Cavabdeh2 və Cavabdeh3 mülkiyyətində olmuş mənzillərin yerləşdiyi ərazidə hündürmərtəbəli, çoxmənzilli yeni tikili inşa edilmişdir. Məhkəmə tərəfindən təyin edilmiş əmlakların qiymətləndirilməsi ekspertizası üzrə aparılmış ekspert tədqiqatı nəticəsində tərtib edilmiş hesabatlara əsasən Cavabdeh2 mübahisələndirdiyi mənzillərin bazar dəyəri ******* manat, likvid dəyəri isə ******* manat təşkil edir. Məhkəmə hesab etmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının Sərəncamı ilə yaşayış binasının tikintisi üçün "X5” MMC-yə ayrılmış torpaq sahəsinin ərazisində yerləşən tikililərdən 12 ədədi 2012-ci ildə, 1 ədədi 2014-cü ildə Cavabdeh2, 2 ədədi 2014-cü ildə və 1 ədədi 2015-ci ildə Cavabdeh3 mülkiyyətinə keçmişdir. Buna əsas onlarla həmin əmlakın keçmiş mülkiyyətçiləri arasında bağlanmış alqı-satqı müqavilələri olmuşdur. Bu əmlaklar hazırda real olaraq naturada mövcud deyillər, onlar 2013-2015-ci illər ərzində sökülərək məhv edilmiş və onların yerində hündürmərtəbəli çoxmənzilli yaşayış binası inşa edilmişdir. Ötən dövr ərzində onların bir hissəsinə dair dövlət reyestrində aparılmış qeydiyyat da ləğv edilmişdir. Lakin buna baxmayaraq, Cavabdeh2 mülkiyyətində olmuş 9 mənzilə və Cavabdeh3 mülkiyyətində olmuş 1 mənzilə dair hələ də dövlət reyestrində qeydiyyat mövcuddur. İddiaçı1 MMC bu əmlakların məhv edilməsini, yerində ona aid olan "Nehrəm” MTK tərəfindən yaşayış binasının inşa edilməsini əsas gətirib, həmin qeydiyyatın onun maraqlarına toxunduğunu, qeydiyyatın ləğvi ilə bağlı qeydiyyatı aparmış quruma müraciət etməsinə baxmayaraq, həmin qurum tərəfindən müraciəti üzrə bü günədək hər hansı tədbirin görülmədiyini bildirir və bu səbəbdən həmin əmlaklara dair çıxarışın ləğv edilməsi məsələsini qaldırmaqla hüquqi nəticə etibarı ilə aparılmış qeydiyyatın ləğv edilməsini tələb edir. Cavabdeh2 nəticə etibarilə ona qarşı qaldırılmış iddianın rədd edilməsini tələb etmir, eyni zamanda bu əmlakların onun idarəsinə zidd olaraq sökülməklə məhv edilməsini də bildirmir. Sadəcə olaraq bu əmlakların əvəzi olaraq ona inşa ediləcək binada mənzillərin və ya nağd pul şəklində kompensasiyanın ödənilməsi barədə vədin verildiyini, lakin nəticədə hər hansı mənzilin verilmədiyini və kompensasiyanın ödənilmədiyini bildirir və mülkiyyət hüququna əsaslanaraq kompensasiyanın ödənilməsini tələb edir. Cavabdeh2 "X5” MMC ilə onun arasında mülkiyyətində olmuş əmlakların sökülməsi müqabilində mənzillərin verilməsi və ya kompensasiyanın ödənilməsi barədə razılığın (vədləşmənin) olmasını bildirsə də, bununla bağlı hər hansı sübut məhkəməyə təqdim etmir. Hər bir halda, belə bir razılıq reallıqda mövcud olduğu halda, onun təminatı və gələcəkdə yarana biləcək hər hansı anlaşılmazlığın və ya mübahisənin (məsələn, hazırki mübahisə) qarşısını almaq üçün tərəflər bu razılaşmanı hüquqi baxımdan hər hansı bir formada rəsmiləşdirmiş olardılar. Digər tərəfdən Cavabdeh2 razılaşmanın nəticəsi olaraq, ona neçə mənzil və ya hansı məbləğdə kompensasiyanın ödəniləcəyi barədə də hər hansı fikir söyləmir. Kompensasiya məbləğinin müəyyən edilməsi üçün söküntü dövründə bu əmlakların qiymətləndirilməsini təsdiq edən hər hansı sənəd də mövcud deyil. Cavabdeh2 yalnız hazırda, yəni mübahisə çərçivəsində kompensasiyanın məbləğinin müəyyən edilməsi üçün tədbirlər görür və nəticədə kompensasiya qismində əmlakların hazırki bazar qiymətini tələb edir. Bununla belə, Cavabdeh2 qeyd etdiyi, lakin mövcudluğunu sübut edə bilmədiyi "razılaşma” üzrə ona vəd edilən kompensasiyanın məbləği sirr olaraq qalır. Həmin vaxt kompensasiyanın ödənilməsi üçün "X5” MMC-nin ("Nehrəm” MTK-nın) nağd vəsaitinin olmaması da istisna deyildi. Lakin ən azı təminat və etibar, habelə razılığa əməl edilməsi baxımından, yeni inşa ediləcək binanın çox yox, yalnız 1 mənzili ilə bağlı ipoteka müqaviləsi bağlanıla bilərdi. Lakin belə bir hal da aşkar edilməmişdir. Cavabdeh2 iddia ərizəsində özü də etiraf edir ki, sonradan onunla təsisçi arasında narazılıqlar yaranmış və bunun nəticəsi olaraq kompaniyanın sədri vəzifəsindən kənarlaşdırılmışdır. Lakin həm bu hadisədən əvvəl, həm də bu hadisədən sonra onun "X5” MMC-yə kompensasiya məbləğinin ödənilməsi ilə bağlı rəsmi müraciəti olmamışdır. Yalnız ona qarşı hazırki iddia qaldırıldıqdan sonra Cavabdeh2 kompensasiya məbləğinin ödənilməsi tələbini irəli sürmüş və ilk olaraq, mülkiyyətində olmuş 5 mənzil üçün kompensasiya məbləğini tələb etmişdir. Halbuki, iddia ərizəsinə mülkiyyətində 13 mənzilin olduğunu təsdiq edən Daşınmaz Əmlakın Dövlət Reyestrinin arayışını əlavə etmişdir. Lakin qarşılıqlı iddia ərizəsində digər əmlaklara görə hər hansı məbləğdə kompensasiya almasını qeyd etməmişdir. Digər tərəfdən ilk tələbində göstərdiyi və kompensasiyasını tələb etdiyi Xan Şuşinski küçəsində yerləşən 32 saylı ev üzrə hər hansı mənzil onun mülkiyyətində olmamışdır. Mülkiyyətində ümumilikdə 13 mənzilin olmasına baxmayaraq, hazırda 12 mənzil üzrə kompensasiya məbləğini tələb edir. Lakin 13-cü mənzil barədə hər hansı fikir bildirmir. Həmin mənzillərin bir hissəsinin dövlət reyestrində olan qeydinin ləğv edilməsinə baxmayaraq, bu məsələyə də hər hansı münasibət bildirmir. Bu da öz növbəsində qeyd edilən mənzillərin sökülməsi müqabilində hər hansı məbləğdə kompensasiyanın ödənilməsi ilə bağlı Cavabdeh2 ilə "X5” MMC arasında hər hansı bir razılaşmanın olmaması qənaətinə gəlmək üçün əsas yaradır. Ümumiyyətlə qeyd edilənlər Cavabdeh2 mülkiyyətində olan əmlaklar, o cümlədən onları hazırki statusu barədə tam məlumatlı olmasını sual altına alır. Məhkəmə, bu əmlakların Cavabdeh2 mülkiyyətinə keçməsi vaxtı, qaydası, onların kəmiyyəti və bununla bağlı digər hallara münasibətdə onu da qeyd etməyi zəruri hesab etmişdir ki, "X5” MMC-yə bağlılığı olan (təsisçisidir, 2013-2016-cı illərdə isə "Nehrəm” MTK-nı sədri olmuşdur) və bu cəmiyyətin tikinti apardığı ərazilər barədə tam məlumatlı olan 26 yaşlı Cavabdeh2 məhz "X5” MMC üçün ayrılmış ərazidə, məhz tikintinin başlanması və bunun üçün orada olan tikililərin sökülməsi ərəfəsində, yəni 2012-ci ilin fevral ayında 7 gün ərzində alqı-satqı yolu ilə əsasən 1910-cu ilə aid olmaqla qəzalı vəziyyətdə olan 1, 2 və 3 deyil, 12 ədəd, bundan sonra isə xx.xx.2014-cü ildə həmin ərazidən əlavə olaraq 1 ədəd, qardaşı Cavabdeh3 isə 3 mənzil alır. Sonradan, yəni 2013- 2014-cü illərdə bu mənzillərin hamısı onun iştirakı ilə sökülür və "Nehrəm” MTK-nın sədri olaraq o, bu barədə (ərazinin sökülməsi, boşaldılması, orada qalan sakinlər və sair) rəsmi məktublarda Bakı şəhər İcra Hakimiyyəti başçısına məlumat verir. Onun həmin mənzillərin hər hansı birində nəinki 1 gün belə yaşaması, həmçinin ümumiyyətlə yaşamaq niyyətində olması müəyyən edilmir. Belə olan halda, məhkəmə hətta, ən azı daxili inamının formalaşması baxımından da həmin vaxt 26 yaşı olan Cavabdeh2 bu əmlakların alınması üçün vəsaitinin mənbəyi, hər hansı başqa yerdə ən azı bunun yarısı sayda mülkiyyətinin olması, bu sayda köhnə tikilinin alınmasına olan zərurət barədə hər hansı sualın verilməsinə ehtiyac görmür və belə qənaətə gəlir ki, bu əmlaklar "X5” MMC ("Nehrəm” MTK) tərəfindən və onun vəsaiti hesabına, sökmək və yerində yaşayış binası inşa etmək niyyəti ilə alınmış və işgüzar münasibətlər baxımından ona bağlı olan Cavabdeh2 adına rəsmiləşdirmişdir. Əsas məqsəd və niyyət mülkiyyətçilərlə hər hansı problem yaşamamaq, bu əmlakları vahid əldən idarə etmək və zamanında orada olan əmlakların hər hansı maneə olmadan və mümkün qədər qısa müddət ərzində sökülməsini təmin etmək və yaşayış binasının tikintisinə başlamaq olmuşdur. Bu hal Cavabdeh2 "X5” MMC-nin prezidenti və "Nehrəm” MTK- nın sədri olaraq 2014-cü ilin yanvar və fevral aylarında mülkiyyətçisi olduğu mənzillərin yerləşdiyi ərazidə yaşayan digər sakinlərə (Dilarə Məmmədova, Validə Cəfərova və İslam Abdullayev) ünvanladığı məktubların məzmunu ilə də sübuta yetirilir. Belə ki, həmin məktublarda bu şəxslərə ərazidə yerləşən fərdi yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsinin və sakinlərin köçürülməsinin "X2 vəsaiti hesabına həyata keçirildiyi bildirilir. Bakı Şəhər İcra Hakimiyyəti Başçısına ünvanlanmış digər məktubda isə sakinlərdən birinin təklif olunan məbləğlə razılaşmadığı barədə məlumat verilir və həmin məktubda da bu məsələlərin "X2 vəsaiti hesabına həyata keçirildiyi qeyd edilir. Bu baxımdan köçürülmə prosesi təbii ki, mülkiyyətçilərə pul kompensasiyasının ödənilməsini özündə ehtiva edir. Belə olan halda, bu proses başlayandan və qeyd edilən məktublar göndəriləndən sonra həmin ərazidə olan daha bir mənzilin xx.xx.2014-cü il tarixdə, yəni artıq onun kooperativin sədri olan zaman Cavabdeh2 tərəfindən, 3 mənzilin isə onun qardaşı Cavabdeh3 tərəfindən onların vəsaiti hesabına alınması qeyrimümkündür. Həmin vaxt real olaraq belə bir alqı-satqıların bağlanması həm "X5” MMC-nin ("Nehrəm” MTK-nın), həm də mülkiyyətçilərin özlərinin maraqlarına uyğun olan bir hal deyil. Digər tərəfdən həmin ərəfədə, yəni köçürmə prosesləri gedən zaman mülkiyyətçilərlə razılıq əldə edilməsi mümkün olan bir şəraitdə bu əmlakların real olaraq, yəni öz vəsaitləri hesabına "X5” MMC "Nehrəm” MTK-nın tərəfindən deyil, məhz bu iki qardaş tərəfindən alınmasına şəraitin yaradılmasının da izahı yoxdur. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, "X5” MMC- yə yaşayış binasının tikintisi üçün ayrılmış ərazidə yerləşməklə Cavabdeh2 və Cavabdeh3 mülkiyyətində olmuş mənzillər onun deyil, məhz "X5” MMC-nin (Nehrəm MTK-nın) vəsaiti hesabına, sökülmə və yerində yaşayış binasının tikilməsi niyyəti ilə alınmış, sadəcə olaraq işguzar bağlılığı olan Cavabdeh2 və onun qardaşı Cavabdeh3 adına rəsmiləşdirilmiş və bu əmlaklar sonradan hər hansı məbləğdə və formada kompensasiyanin ödənilməsi barədə razılıq olmadan, Cavabdeh2 və Cavabdeh3 razılığı, şəxsi rəhbərliyi və iştirakı ilə sökülmüşdür. Bu da öz növbəsində onun "X5” MMC-yə qarşı pulun tutulması tələbinə dair qarşılıqlı iddiasının əsaslı olmaması qənaətinə gəlmək üçün əsas yaradır və rədd edilməsini şərtləndirir. Məhkəmə "X5” MMC-nin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında müqavilə münasibətləri olmamış, həmin əmlaklar Cavabdeh3 mülkiyyətində olan zaman onun iradəsinə uyğun olaraq sökülmüşdür. Bu səbəbdən Cavabdeh3 iddiasına 6 illik iddia müddəti tətbiq edilə bilməz. Məhkəmə, Cavabdeh2 mülkiyyətində olmuş mənzillərlə bağlı öz qənaətini eyni zamanda, "X5” MMC-yə yaşayış binasının tikintisi üçün ayrılmış sahədə yerləşməklə Cavabdeh3 mülkiyyətində olmuş əmlaklara da aid edir və həmin əmlaklara münasibətdə də eyni hüquqi mövqedən çıxış edir. Məhkəmə, "X5” MMC-nin əməlləri barədə xüsusi qərardad çıxarıb, bu barədə aidiyyəti üzrə prokurora xəbər verilməsi tələbi ilə bağlı qeyd etmişdir ki, bu tələb hüquqi mahiyyət etibarı ilə prosessual vəsatətdir, işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər. Başqa sözlə, məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilər. Bu baxımdan məhkəmə hesab etmişdir ki, iddiaçı iddia ərizəsi üzrə xüsusi qərardad çıxarılmasını tələb etməsinə baxmayaraq, bu məsələ prosessual tələb kimi qiymətləndirilə bilməz. Bu səbəbdən bu məsələyə qətnamənin nəticə hissəsində münasibət bildirilə bilməz. Eyni zamanda, məhkəmə qeyd edir ki, hazırki iş üzrə "X5” MMC-nin hərəkətlərində nəinki cinayətin əlamətləri, həmçinin cavabdehin iddiaçıya qarşı hər hansı mülki hüquq pozuntusuna yol verməsi halı aşkar edilməmişdir. Məhkəmə, "X5” MMC-nin iddiası ilə bağlı qeyd etmişdir ki, Cavabdeh2 və Cavabdeh3 mülkiyyətində olmuş əmlaklar məhv olduğundan "X5” MMC qanunvericiliyin tələblərinə uyğun olaraq, onlarla münasibətdə aparılmış qeydiyyatın ləğv edilməsi ilə bağlı ilk növbədə bu əmlakların dövlət reyestrini tərtib edən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin müraciəti cavabsız qalmış və nəticə etibarı ilə bu əmlakların məhv olması bu qurum tərəfindən təsdiq edilməmişdir. Bu səbəbdən "X5” MMC Cavabdeh2 və Cavabdeh3 mülkiyyətində olmuş əmlaklara dair verilmiş çıxarışların ləğvini məhkəmə qaydasında mübahisələndirir və bununla da hüquqi nəticə etibarı ilə həmin əmlaklara dair dövlət reyestrində aparılmış qeydin ləğvini tələb edir. Bu səbəbdən məhkəmə bu tələbə məhz bu qaydada yanaşır və hüquqi qiymət verir.

11. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 21.1, 21.2, 150.1, 150.2, 152.1, 203.1, 373.2, "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 18.1, 18.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

12. Cavabdeh2 və Cavabdeh3 ayrı-ayrılıqda apellyasiya şikayəti verərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli 2(005)-121/2021 saylı qətnaməsinin ləğv edilməsini, ilkin iddia tələbinin rədd və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

13. Cavabdehlər apellyasiya şikayətlərini qarşılıqlı iddia tələbinə oxşar məzmunla əsaslandıraraq, şikayətlərində qeyd etmişlər ki, iş materiallarına mübahisəli evlərin bazar qiymətini dair qiymətləndirmə rəyləri əlavə edilsə də, birinci instansiya məhkəməsi əsassız olaraq qarşılıqlı iddia tələbini təmin etməmişdir. Məhkəmə yalnız iddiaçının mülahizələrinə əsaslanmış və əsassız qətnamə qəbul etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

Apellyasiya instansiyası məhkəməsində birinci icraat

14. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6912/2021 nömrəli mülki iş üzrə 04 avqust 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməyərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli 2(005)-121/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Fuad Babayev - sədrlik edən və məruzəçi, Xumar Mərdanova və Elnur Həsənov)

Kassasiya instansiyası məhkəməsində icraat

15. Cavabdeh3 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6912/2021 nömrəli iş üzrə 04 avqust 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək ilkin iddia ərizəsinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

16. Cavabdeh2 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6912/2021 nömrəli iş üzrə 04 avqust 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək ilkin iddia ərizəsinin rədd, qarşılıqlı iddia ərizəsinin isə təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 dekabr 2021-ci il tarixli 2(102)-6886/2021 saylı qərarı ilə kassasiya şikayətləri təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6912/2021 nömrəli iş üzrə 04 avqust 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

18. Kassasiya instansiyası məhkəməsi belə hesab etmişdir ki, İddiaçı qeyd edilən mənzillərin(evlərin) yerləşdiyi torpaq sahəsinin tikinti üçün ona ayrıldığını, həmin mənzillərin sökülməsi məqsədi ilə "Nehrəm” MTK tərəfindən və onun vəsait hesabına alındığını və formal olaraq, Cavabdeh2 və Cavabdeh3 mülkiyyətinə verildiyini, onların özlərinin də razılığı və bilavasitə iştirakı ilə söküldüyünü, Cavabdeh2 "Nehrəm” MTK-nın təsisçisi və söküntü aparılan vaxt sədri olduğunu, söküntü barədə Bakı şəhəri İcra Hakimiyyətinin Başçısına ünvanlanmış məktubların da "X5” MMC-nin səlahiyyətli şəxsi kimi onun tərəfindən imzalandığını bildirir və qeyd edilən mənzillərə dair dövlət reyestrində olan qeydin və bu qeyd əsasında verilmiş çıxarışların ləğv edilməsini tələb edir. Cavabdeh2 iddiada göstərilənlərlə razılaşmır, "xxxx"MTK-nın sədri vəzifəsində işləyən zaman şəxsən vətəndaşlara pul ödəyərək, fərdi evləri vətəndaşlardan əldə etdiyini, "X5” MMC-nin təsisçisi ilə əldə edilmiş razılığa əsasən ona həmin evlərin yerində inşa ediləcək binadan mənzillərin və yaxud nağd pul şəklində kompensasiyanın ödənilməsi barədə vədin verildiyinə görə onların söküldüyünü, lakin bu günədək qarşı tərəfin vədlərə əməl etmədiyini, nəticədə ona maddi zərərin vurulduğunu göstərək, həmin mənzillərin dəyərini tələb edir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 2.1 və 12-ci maddələrinin, habelə MM-in 140-cı maddəsinin tələblərinə görə daşınmaz əmlakın reyestrdə qeydiyyatı mülkiyyətçinin həmin əmlaka mülkiyyət hüququ prezumpsiyasını yaradır. Belə ki, müvafiq inzibati orqan mülki- hüquqi münasibəti, yəni mülki-hüquqi hərəkətin nəticəsini təsdiq edir. Bu isə DƏDRX-də qeydiyyata alınan daşınmaz əmlakın mülkiyyətçisinin mülkiyyət hüququ prezumpsiyasını yaradır. Mübahisə predmetini təşkil edən daşınmaz əmlaklar cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb. Belə olan halda, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Məhkəmələr cavabdehlərin adına olan daşınmaz əmlakların "X5” MMC ("Nehrəm” MTK) tərəfindən və onun vəsaiti hesabına, sökmək və yerində yaşayış binası inşa etmək niyyəti ilə alınması və işgüzar münasibətlər baxımından ona bağlı olan Cavabdeh2 adına rəsmiləşdirilməsi qənaətinə gələrkən Cavabdeh2 "X5” MMC-yə bağlılığı olan şəxs olmasına, onun təsisçisi, 2013-2016-cı illərdə isə "Nehrəm” MTK-nı sədri olmasına, onun tərəfindən "X5” MMC-nin prezidenti və "Nehrəm” MTK-nın sədri kimi 2014-cü ilin yanvar və fevral aylarında mülkiyyətçisi olduğu mənzillərin yerləşdiyi ərazidə yaşayan digər sakinlərə (Dilarə Məmmədova, Validə Cəfərova və İslam Abdullayev) ünvanladığı məktublarda bu şəxslərə ərazidə yerləşən fərdi yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsinin və sakinlərin köçürülməsinin "X2 vəsaiti hesabına həyata keçirildiyini bildirməsinə, həmin vaxt 26 yaşı olan Cavabdeh2 bu əmlakların alınması üçün vəsaitinin olmamasına və s. bu kimi hallar istinad etmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, "X5” MMC və "Nehrəm” MTK-nın ayrı-ayrı hüquqi şəxslərdir. Cavabdeh2 işdə olan reyestr məlumatlarına əsasən 2004-cü ildə təsis edilmiş "Nehrəm” MTK-nın təsisçilərindən biri və 2013-2016-cı illərdə isə "Nehrəm” MTK-nı sədri olmuşdur. Bu iki hüquqi şəxs arasında hansı hüquqi bağlılığın olması, Cavabdeh2 "X5” MMC prezidenti və ya direktoru olması barədə işdə hər hansı sübutlar mövcud deyildir. "X5” MMC-yə bina tikintisi üçün ayrılmış torpaq sahəsində yaşayan sakinlərin köçürülməsi işlərinin Cavabdeh2 tərəfindən görülməsi iddiaçı tərəfindən də mübahisələndirilmir. Lakin bu işlərin Cavabdeh2 öz hesabına deyil, məhz MMC- nin vəsaiti hesabına görülməsi, həmin mənzillərin alınmasına görə cavabdehə hər hansı pul məbləğinin ödənilməsi barədə iddiaçı tərəfindən məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. İddiaçının və məhkəmələrin istinad etdikləri məktubların məzmunu isə məhkəmlər tərəfindən düzgün təfsir olunmamışdır. Həmin məktublarda Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2003-cü il tarixli sərəncamının 5.1-ci bəndinə istinad edilərək, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin sökülməsi və sakinlərin köçürülməsinin "X5”MMC- nin vəsaiti hesabına həyata keçirilməli olduğu qeyd edilmiş, həmin işlərin MMCin vəsaiti hesabına həyata keçirildiyi göstərilməmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, bu hissədə məhkəmələr təqdim edilmiş sübutlara Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 80, 81 və 88-ci maddələri baxımından düzgün qiymət verməmiş, iş üzrə mövqelərini daha çox daxili inam və ehtimallarla əsaslandırmaqla, Mülki Məcəllənin 140-cı maddəsi ilə müəyyən edilmiş qeydiyyata alınan daşınmaz əmlakın mülkiyyətçisinin mülkiyyət hüququ prezumpsiyasını nəzərə almamışdırlar. Eyni zamanda, bir tərəfdən əmlakların iddiaçının vəsaiti hesabına əldə edildiyi və cavabdehlərin adına aparılmış qeydin formal olduğu qənaətinə gələn məhkəmə, digər tərəfdən ilkin iddia üzrə cavabdehlərin əmlakının sökülərək onun yerində yeni müasir tələblərə cavab verən yaşayış binasının tikilməsində, onların mülkiyyət hüququna müdaxilə olunduğunu, lain bu müdaxilənin qanunla nəzərdə tutulmuş şərtlərə cavab verdiyini göstərmiş, bununla da ziddiyyətli mövqe nümayiş etdirmişdir. Bundan başqa, məhkəmələr Cavabdeh2 və Cavabdeh3 mülkiyyətində olmuş əmlakların öz iradələrinə uyğun olaraq və razılıqları əsasında sökülməsi yolu ilə məhv olunmasını, əmlakların məhv olunmasının mübahisəsiz hal olduğunu, mövcud vəziyyətdə onun qeydiyyatının hər cür hüquqi mənasının itdiyini, bu halın həmin əmlakların vaxtı ilə yerləşdiyi yerdə yeni tikili inşa edən "X5” MMC-nin maraqlarına toxunduğunu nəzərə alaraq, MM-nin 150-ci maddəsinə əsasən həmin əmlaklarla dair qeydiyyatı ləğv edilməsi nəticəsinə gəlmişdir. Halbuki cavabdehlərin mülkiyyətçi olaraq həmin qeydiyyata hüquqi marağının itməməsi aşkardır, çünki cavabdehlərə onlara məxsus əmlakların sökülməsinə görə onlara həmin əmlakların yerində buna inşa edən MMC tərəfindən hər hansı kompensasiya ödənilmədiyini bildirirlər. Bu isə onu deməyə əsas verir ki, həmin qeydiyyatın hüquqi mənası itməmişdir. Çünki bu qeydiyyat həmin əmlaka görə kompensasiya məsələsinin həllində hüquqi əhəmiyyətə malikdir və qeydiyyat yalnız bu məsələ həll edildikdən sonra ləğv edilməlidir. Məhkəmələr cavabdehlərin həmin əmlakların dəyərinə görə kompensasiya tələbini cavabdehlərin iddiaçı ilə hər hansı kompensasiya barədə razılaşmasının olması barədə sübutlar təqdim etməməsi, 2016-cı ildən iddiaçı ilə aralarına narazılıq yaransa da, ilk iddia verilənədək kompensasiya tələb etməməsi və bu halların həqiqətən də həmin əmakların cavabdehlərə aid olmaması reallığı ilə izah edildiyi əsası ilə rədd etmişdirlər. Lakin məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehlərə məxsus daşınmaz əmlakların sökülməsi və onların yerləşdiyi torpaq sahəsində yeni binanın inşa edilməsi, cavabdehlərə sökülən əmlaklara görə hər hansı kompensasiya ödənilməməsi işin mübahisələndirilməyən halıdır. İddiaçı həmin əmlakların onun özünün vəsaiti hesabına əldə edildiyini iddia etdiyinə görə qarşılıqlı iddianı qəbul etmir. Belə olan halda, qarşılıqlı iddia üzrə kompensasiya tələbinin həlli ilkin iddia üzrə mübahisəli hallardan, yəni mübahisəli daşınmaz əmlakların kimin vəsaiti hesabına əldə edilməsi faktının yuxarıda qeyd edilən göstərişlər əsasında düzgün müəyyən edilməsindən asılıdır. Beləliklə də, məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının iddiasının əsası, cavabdehin isə iddiaya olan etirazının və qarşılıqlı iddiasının əsası kimi istinad etdiyi hallara düzgün və müfəssəl hüququ qiymət verməyərək, qeyd edilən maddi hüquq normalarını hazırki mübahisəyə düzgün tətbiq etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı1 MMC-nin nümayəndəsi X3 apellyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini, ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 vəkili Vəkil3 isə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

20. Cavabdeh3 və DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası həmin cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 150.1. Əgər daşınmaz əmlak tam məhv olarsa və bunun nəticəsində onun qeydiyyatı hər cür hüquqi mənasını itirərsə, maraqlı şəxs məhkəmə qaydasında qeydiyyatın ləğvini tələb edə bilər. Daşınmaz əmlakın məhv olması daşınmaz əmlakın dövlət reyestrini tərtib edən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi tərəfindən təsdiqlənməlidir. Maddə 150.2. İstənilən maraqlı şəxs qeydiyyatın ləğvi barəsində bundan xəbər tutduğu vaxtdan on gün ərzində məhkəməyə şikayət edə bilər.

"Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu

Maddə 18.1. Məhv olunmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 150-ci maddəsinə uyğun olaraq aparılır. Maddə 18.2. Daşınmaz əmlak üzərində mülkiyyət hüququ yüklü deyildirsə və bu cür əmlak mülkiyyətçinin iradəsi ilə sökülüb tam məhv edilmişdirsə, onun ərizəsi əsasında qeydiyyat orqanı mülkiyyət hüququnun qeydiyyatını ləğv edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0.2 Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi. Maddə 390. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

22. Qətnamə Vasif və Cavabdeh3ların apellyasiya şikayətləri üzrə mübahisələndirilən hissələrdə yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilk iddianı təmin edib qarşılıqlı iddianı rədd etməklə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmalı və ilk və qarşılıqlı iddiaların qismən təmin edilməsi haqqında qətnamə çıxarılmalıdır.

24. Belə ki, iş materiallarında olan alqı-satqı müqavilələrindən və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlardan görünür ki, Bakı şəhəri Nərimanov rayonu Xan Şuşinski küçəsində yerləşən 33 saylı evin 4 saylı, 5 saylı, 6 saylı, 9 saylı mənzilləri, habelə Bakı şəhəri Nərimanov rayonu Sabit Rəhman küçəsində yerləşən 32 saylı evin 1 saylı, 5 saylı, 8 saylı, 9 saylı, 13 saylı, 30 saylı evin 13 saylı və 2 otaqlı, ümumi sahəsi 57,7 kv.m. və 78,8 kv.m olan mənzilləri Cavabdeh2 tərəfindən ayrı-ayrı şəxslərlə alqı-satqı müqaviləsi bağlanıb dəyəri ödənilməklə alınmış və alıcı kimi həmin mənzillərin üzərində Cavabdeh2 mülkiyyət hüququ qeydə alınmışdır. Qeyd olunan alqı-satqı müqavilələri və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar qüvvədədir və ləğv edilməmişdir. Həmin mənzillərin sökülüb yerində İddiaçı1 MMC tərəfindən yüksək mərtəbəli yaşayış binasının inşa edilməsi işin mübahisəsiz halıdır. İddiaçı1 MMC qeyd olunan mənzillərin dəyərinin MMC tərəfindən ödənilməsini, alqısatqı müqavilələrinin formal olaraq Cavabdeh2 adına rəsmiləşdirildiyini bildirsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, həmin mənzillərin dəyərinin İddiaçı1 MMC tərəfindən Cavabdeh2 ödənilməsi barədə iddia tələbi əsaslıdır. Birinci instansiya məhkəməsində işə baxılarkən “Yeni dövr Qiymətləndirmə Mərkəzi” MMC tərəfindən keçirilmiş qiymətləndirmə rəyinə əsasən həmin mənzillərin ümumi dəyəri ******* manat təşkil etdiyindən, qeyd olunan məbləğ İddiaçı1 MMC-dən tutulub Cavabdeh2 ödənilməlidir. Cavabdeh2 məxsus mənzillər söküldüyündən və mənzillərin dəyəri ödənildikdən sonra onların qeydiyyatı hər hansı hüquqi əhəmiyyət kəsb etmədiyindən, həmin mənzillərə dair daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat və çıxarışlar ləğv edilməlidir. Cavabdeh2 məxsus mənzilin dəyərinin ödənilməsi barədə mübahisə həll edilmədiyindən, onun mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu Sabit Rəhman küçəsində yerləşən 32 saylı evin 4 saylı mənzilinə dair qeydiyyatın və çıxarışın ləğvi barədə tələb rədd edilməlidir.

25. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 372, 382, 384.0.2, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 və ilk iddia üzrə Cavabdeh3 apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-121/2021 saylı mülki iş üzrə 08 may 2021-ci il tarixli qətnaməsi qismən, yəni ilk iddianın Cavabdeh3 adına verilmiş Bakı şəhəri Nərimanov rayonu Sabit Rəhman küçəsində yerləşən 32 saylı evin 4 saylı mənzilinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilsin. Cavabdeh3 adına verilmiş Bakı şəhəri Nərimanov rayonu Sabit Rəhman küçəsində yerləşən 32 saylı evin 4 saylı mənzilə dair qeydiyyatın və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi hissəsində iddia rədd edilsin. İlk iddia Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri Xan Şuşinski küçəsi, 33 saylı evin 2 saylı mənzilinə dair qeydiyyatın və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi hissəsində rədd edilsin. Cavabdeh2 İddiaçı1 MMC-yə qarşı mənzillərin dəyərinin ödənilməsi barədə qarşılıqlı iddiası qismən təmin edilsin. İddiaçı1 MMC-dən ******* manat pul tutularaq Cavabdeh2 ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamənin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar