Məhkəmə qərarları › İş №2(103)-2370/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2370/2025

17.03.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2370/2025 17.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Səlimova Səadət Rəşid qızından və X1 ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 yanvar 2025-ci il tarixli qərardadından Cavabdeh MMC tərəfindən verilmiş şikayətə yazılı məhkəmə icraatı qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh MMC-yə qarşı mənzilin təhvil verilməsi, maneəsiz istifadənin məhdudlaşdırması ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-98/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə apellyasiya şikayət vermiş, eyni zamanda apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosesual müddətin ötürülməsinin üzürlü hesab edilərək bərpa olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qətnamə barədə Xətai rayon İcra şöbəsi tərəfindən icra işi ilə əlaqədar şöbəyə çağırıldığı zaman məlumatı olmuşdur. İcra şöbəsi xx.xx.2024-cü il tarixdə məhkəmə tərəfindən verilmiş icra vərəqəsinin surətini Cəmiyyətin nümayəndəsinə təqdim etmiş, bundan sonra, həmin gün məhkəmədən qətnamənin və qətnamənin qəbuluna dair poçt xəbərnaməsinin surəti onlara təqdim olunmuşdur. Xəbərnamədə qeyd olunmuşdur ki, guya qətnamə xx.xx.2024-cü il tarixdə imzalanmaqla qəbul edilmişdir. Həmin imzanın kim tərəfindən çəkilməsi onlara məlum deyil. Cəmiyyət işçilərinin də elə bir imzası yoxdur. Qətnamə Cəmiyyətin huquqı ünvanına rəsmi qaydada göndərilməmiş və tərəflərindən qəbul edilməmişdir. Bununla da, məhkəmə tərəfindən qəbul edilmiş qətnamədən apellyasiya şikayəti verilməsi uçun qanunla nəzərdə tutulmuş şikayət vermə müddəti ötürülmüşdür. Cəmiyyət EMS-də (“ASAN” imza, “E-imza” "Sima”) qeydiyyatdan keçməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 yanvar 2025-ci il tarixli qərardadı ilə buraxılmış prosessual müddətin bərpası barədə ərizə təmin edilməmişdir. Cavabdeh həmin qərardaddan şikayət vermiş, şikayəti onunla əsaslandırmışdır ki, mülki iş materiallarından da bəlli olur ki, cavabdehin hüquqi ünvanda fəaliyyət göstərməməsi, əvvəlcə qiyabi qətnamənin qəbulu və ünvana göndərilməsi, sənədlərin (qətnamənin) dəfələrlə geri qaytarılması, qiyabi qətnaməyə uzun müddət keçdikdən sonra etiraz verilməsi, iddia icraatına keçirilməsi, cavabdehin məhkəmə proseslərinə qatılmaması, qəbul edilmiş qətnamədən icra şöbəsinə çağırış zamanı məlumatlı olması hallarının məhkəmə tərəfindən nəzərə alınmaması, qətnamədən apellyasiya şikayətinin verilməsi üçün buaxılmış prosessual müddətin üzürlü hesab edilməsinə əsas verir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyərək, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, məhkəmənin xx.xx.2024-cü il tarixli qətnaməsi xx.xx.2024-cü ildə Cavabdeh MMC-yə poçt xəbərnaməsinə imza edilməklə çatdırılmış, lakin MMC qətnamədən apellyasiya şikayətini 8 ay 17 gün müddət keçdikdən sonra xx.xx.2024-cü il tarixdə vermişdir. Cavabdeh qətnamənin qəbul edilməsi barədə xəbərnamədə imzanın onlara məxsus olmadığını bildirsə də, bunu sübuta yetirə bilməmişdir. Digər tərəfdən, işdən görünür ki, cavabdeh hüquqlarının müdafiə edilməsi üçün Vəkil1 ilə müqavilə bağlamış, sonuncu cavabdehin vəkili kimi elektron məhkəmə sisteminə əlavə edilməsi üçün xx.xx.2023-cü il tarixdə ərizə vermişdir. Elektron Məhkəmə Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Vəkil1 xx.xx.2023-cü il tarixdə elektron məhkəmə sisteminə əlavə edilmiş, bundan sonra məhkəmənin hazırkı işlə apardığı bütün prosessual hərəkətlərdən, eləcə də məhkəmə qətnaməsinin çıxarılmasından məlumatlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). Ərizəçi prosessual müddətin ötürülməsini məhkəmənin qeyd edilən qərarlarından məlumatı olmadığı ilə əlaqələndirsə də, bu hal müddətin üzürlü səbəbdən ötürülməsi barədə qənaətə gəlməyə əsas vermir. Buna görə də Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq cavabdeh tərəfindən apellyasiya şikayəti vermə müddətinin üzrsüz səbəbdən buraxıldığı qənaətinə gəlmişdir. Şikayətin dəlilləri qərardadın ləğvi üçün əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 yanvar 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar