Məhkəmə qərarları › İş №2(103)-2371/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2371/2021

07.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2371/2021 07.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 16 oktyabr 2020-ci il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən işə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İş üzrə iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus mənzildə havalandırma işlərinin görülməsi ilə əlaqədar cavabdehin ondan aldığı 12.500 manat məbləğində pulun, işlərin görülməməsi səbəbindən cavabdehdən alınaraq ona qaytarılması, adi mülki dövriyyə şəraitində həmin pulla əldə edəcəyi və cavabdehin təqsiri ucbatından məhrum olduğu faydanın əvəzinin ödənilməsi məqsədi ilə 7.000 manat, cavabdehin qanunsuz hərəkəti nəticəsində ona dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 10.000 manat, iddianın məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia əsasında icraatı başlanmış mülki işə baxmış Suraxanı Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 16.10.2020-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, iddiaçıya dəymiş maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 12.500 manat, iddianın məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir. İş üzrə cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin qismən, yəni iddia tələbinin bir qisminin təmin olunması hissəsində ləğv olunmasını və iddianın tam həcmdə təmin olunmaması barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki işə apellyasiya qaydasında baxan Məhkəmə apellyasiya baxışının hədləri ilə bağlı onu qeyd edir ki, işə baxmış Rayon Məhkəməsi iddia tələbinin bir hissəsini təmin etməsə də, iş üzrə iddiaçı, qətnamədən apelyasiya şikayəti verməmişdir. Qətnamədən apellyasiya şikayəti cavabdeh tərəfindən verilmişdir. Apellyasiya şikayətinin məzmunundan görünür ki, cavabdeh, qətnamənin iddia tələbinin bir qisminin təmin edilməməsi barədə hissəsini mübahisələndirmir. Bunu və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.6-ci maddəsinin tələbini nəzərə alan Məhkəmə, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin əsaslılığını yalnız mübahisələndirilən hissədə yoxlamışdır. Apellyasiya baxışının predmeti olan hissədə iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, özünə məxsus olan və Bakı şəhəri, Səməd Vurğun küçəsi, bina № 34-də yerləşən 20 №-li mənzilində təmir işləri aparılması ilə əlaqədar cavabdehə havalandırma işlərinin görülməsi ilə əlaqədar 2018-ci ilin yanvar ayının sonunda müraciət etmiş, sonuncu da, həmin işləri yerinə yetirmək barədə iddiaçının qarşısında öhdəlik götürərək, həmin işlərin görülməsi, yəni lazımlı materialın alınması və digər zəruri olan avadanlıqların sifariş edilməsi üçün 15.000 manat məbləğində pul lazım olduğunu iddiaçıya bildirmişdir. İddiaçı razılaşaraq cavabdehə ilk olaraq 7.500 manat, bir qədər sonra isə 5.000 manat məbləğində pul vermişdir. Lakin pulu aldıqdan sonra cavabdeh yoxa çıxmış, sonra isə telefonla iddiaçıya bildirmişdir ki, pulu öz ehtiyaclarına xərcləmişdir, yaxın vaxt ərzində pulu qaytaracaq. İddiaçının cavabdeh ilə dəfələrlə söhbət etməsinə və onun barəsində müvafiq orqanlara müraciət edəcəyini bildirməsinə baxmayaraq cavabdeh nə işi görməmiş, nə də ki, pulu iddiaçıya qaytarmamışdır. Cavabdeh 20.12.2018-ci il tarixdə iltizam yazmışdır ki, iddiaçıdan aldığı 12.500 manat məbləğində pulu 30.01.2019-cu il tarixədək iddiaçıya qaytaracaq. Bundan sonra iddiaçı cavabdehin hərəkətləri ilə bağlı şikayət ərizəsi ilə Bakı Şəhəri Nəsimi Rayon Polis İdarəsinə müraciət etmiş, bununla bağlı RPİ-nin İstintaq Şöbəsi müəyyən araşdırma aparmış, cavabdeh polis orqanına verdiyi izahatında iddiaçıdan 12.500 manat aldığını, buna baxmayaraq iş görməməsini etiraf etsə də, RPİ-nin İŞ-nin 01.04.2019-cu il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Bu səbəbdən də, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək və bu zaman 30 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. Cavabdehin qətnamədən verdiyi apellyasiya şikayətində iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, o, iddiaçını 2018-ci ilin əvvəlindən tanımış və sonuncunun mənzilində havalandırma sisteminin qurlaşdırılması işlərini görməyi üzərinə götürmüşdür. Bu işlərin görülməsi ilə əlaqədar iddiaçı ona 12.500 manat məbləğində pul vermiş, lakin cavabdeh həmin işi görmədiyi üçün həmin pulu iddiaçıya qaytarmışdır. Qətnaməyə münasibətdə apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, işdə olan yeganə sübut 20.12.2018-ci il tarixli iltizamdır. Qeyd edilən iltizam iddiaçının şikayəti əsasında, təzyiq altında alınmışdır, cavabdehin iradəsini ifadə etmir. İfadənin hansı şəraitdə alınması faktı Rayon Məhkəməsi tərəfindən yoxlanılmamışdır. İşə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq iş üzrə tərəflər apellyasiya baxışına gəlməmişlər. İddiaçı Məhkəməyə teleqramla müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh isə apellyasiya baxışı iclasına gəlməməsinin səbəbi barədə Məhkəməyə məlumat verməmişdir. İş üzrə tərəflərin apellyasiya baxışına gəlməmələri işin baxılmasına mane olmadığından, Məhkəmə, işə MPM-nin 376.2-ci maddəsinə əsasən baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədlərini nəzərə alan Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı, özünə məxsus olan mənzildə təmir işləri aparılması ilə əlaqədar cavabdehə mənzilin havalandırma sisteminin qurşadılması ilə bağlı işlərinin görülməsini təklif etmiş, cavabdeh buna razılıq verərək həmin işləri yerinə yetirmək barədə iddiaçının qarşısında öz üzərinə öhdəlik götürmüşdür. İşlərin görülməsi ilə bağlı iddiaçı tərəfindən cavabdehə 12.500 manat pul ödənilmişdir. Cavabdeh həmin məbləği iddiaçıdan qəbul etsə də, iş görməmişdir. İddiaçı bildirir ki, işi görməmiş cavabdeh ondan aldığı pulu ona qaytarmamışdır. İddiaçı, iddia tələbinin əsası kimi istinad etdiyi halların sübutu kimi cavabdeh tərəfindən yazılaraq imzalanmış 20.12.2018-ci il tarixli “İltizama” əsaslanır. Həmin “İltizamdan” görünür ki, cavabdeh “İltizamı” yazaraq bildirmişdir ki, o, iddiaçı ilə aralarında olan şifahi razılaşmaya əsasən iddiaçıya məxsus mənzildə havalandırma sisteminin quraşdırılması işlərinin 15.000 manata həyata keçirilməsini öhdəsinə götürür. Pulun yarısını (7.500 manat) 29.01.2018-ci il tarixdə avadanlıqları sifariş etdiyi zaman, sonra isə daha 5.000 almışdır. Öhdəsinə götürdüyü işi 30.01.2019-cu il tarixədək təhvil verməyə söz verir. Apellyasiya şikayətində cavabdeh bildirir ki, iddiaçıdan aldığı 12.500 manat məbləğində pulu iddiaçıya qaytarmışdır. İddiaçının tələbinin əsası təşkil edən “İltizamı” iddiaçının təzyiq altında yazmışdır. Göstərilənləri nəzərə alan Məhkəmə qeyd edir ki, cavabdeh, iddiaçıdan aldığı pulu iddiaçıya qaytardığını, “İltizamı” isə iddiaçının təzyiq altında yazdığını bildirsə də, bunu təsdiq edən hər hansı sübutu təqdim etməmişdir. MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə də, Məhkəmə tərəfindən müəyyən olunur ki, təmir işlərinin görülməsi ilə əlaqədar cavabdehin iddiaçıdan 12.500 manat pul alması və pulu qaytarmaması işin mübahisəsiz halıdır. Tərəflər arasında yaranmış münasibətlər podrat müqaviləsi kimi qiymətləndirildiyindən Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə görə, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 759.2-ci maddəsinə görə, əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 448.1-ci maddəsinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göstərilənləri nəzərə alan Məhkəmə qeyd edir ki, tərəflər arasında azad surətdə müqavilələr bağlanmış və müqavilə şərtləri müəyyənləşdirilmişdir. İddiaçı müqavilə şərtlərinə uyğun olaraq öz öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin razılaşma üzrə üzərinə düşən öhdəlikləri lazımınca və vaxtında icra etməmişdir. Belə olan halda, Məhkəmə hazırki iddia tələbi üzrə cavabdehin hərəkətlərini öhdəliyin icra edilməməsi kimi qiymətləndirir və bu nəticəyə gəlir ki, cavabdeh iddiaçıya vurduğu zərərin əvəzini ödəməyə, yəni 12.500 manat pul məbləğini iddiaçıya qaytarmalıdır. Bundan başqa Məhkəmə qeyd edir ki, “ödəniş qəbzindən” görünür ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi ilə bağlı iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Cavabdehin iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyin icra edilməməsi nəticəsində iddiaçıya ziyan vurulması müəyyən edildiyindən hesab edilməlidir ki, cavabdeh, ödənilmiş dövlət rüsumunun əvəzini də, iddiaçıya ödəməlidir. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin apellyasiya baxışının predmeti olan hissədə iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 16 oktyabr 2020-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar