Məhkəmə qərarları › İş №2(103)-2376/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2376/2025

22.04.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2376/2025 22.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" MMC və Cavabdeh2 ASC-yə qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-2376/2025 (Açar sözlər: hərrac nəticələrinin etibarsız hesab edilməsi və s.) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), Hüseyn Cavid Vaqif oğlu və X1 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçı, Cavabdeh2 ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi və X5 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər olmaqla “hərracın nəticələrinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və s. tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 271/2025 nömrəli 21 yanvar 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 22 aprel 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 iyul 2018-ci il tarixli 2(001)-729/2018 nömrəli qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, cavabdeh İddiaçı 04 sentyabr 2014-cü il tarixli RBNPU-0223 saylı kredit müqaviləsi üzrə 4182,03 manat əsas borc, 499,04 manat faiz borcu, 50 manat cərimə olmaqla ümumilikdə 4731,07 manat məbləğində borcun, 25 yanvar 2017-ci il tarixli RBNPT-0053 saylı kredit müqaviləsi üzrə 101835,54 manat əsas borc, 12238,62 manat faiz borcu, 50 manat cərimə olmaqla ümumilkdə 114124,16 manat məbləğində borcun və iddiaçı tərəfindən çəkilmiş məhkəmə xərclərinin 45,6 manat hissəsinin tutularaq iddiaçıya ödənilməsi, məhkəmə xərclərinin qalan hissəsinin iddiaçının özünə aid edilməsi, hər iki kredit müqaviləsi üzrə tutmanın bank qarşısında ipoteka ilə yüklü edilmiş cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 47 ünvanında yerləşən 67,55 kvadrat metr ümumi, 46,05 kvadrat metr yaşayış, 21,5 kvadrat metr yardımçı sahədən ibarət 3 otaqlı 45 nömrəli mənzilə ilkin satış qiyməti 72000 manat müəyyən edilməklə yönəldilməsi, evin həmin qiymətlə açıq hərracdan satılması, satışdan əldə ediləcək məbləğdən iddia tələbi həcmində iddiaçının xeyrinə ödənilməsi, borc tam ödənildikdən sonra məbləğin qalan hissəsinin cavabdehə qaytarılması, tutma mənzilə yönəldikdən və satıldıqdan sonra ən geci bir ay müddətində cavabdehin mənzildən çıxarılması və mənzilin boşaldılması, mənzilin satışından əldə olunan vəsait borcun ödənilməsi üçün yetərli olmazsa, hər iki müqavilə üzrə qalan məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinin 110,2 manat hissəsinin cavabdehdən, 34.8 manat hissəsinin isə iddiaçıdan alınaraq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir.

2. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-11642/2018 nömrəli 18 dekabr 2018-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı və cavabdeh tərəfindən ayrı- ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 iyul 2018-ci il tarixli qətnaməsi qismən, yəni 25 yanvar 2017-ci il tarixli RBNPT-0053 saylı kredit müqaviləsi üzrə faizlərin tutulması və ipotekanın ilkin satış qiymətinin müəyyən olunması hissələrində ləğv edilmiş, cavabdehdən iddiaçının xeyrinə 25 yanvar 2017-ci il tarixli RBNPT-0053 saylı kredit müqaviləsi üzrə tutlmalı olan faizlərin məbləği 27362,31 manat müəyyən edilmiş, ipoteka predmeti olan Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 47 ünvanında yerləşən 67,55 kvadrat metr ümumi, 46,05 kvadrat metr yaşayış, 21,5 kvadrat metr yardımçı sahədən ibarət 3 otaqlı 45 nömrəli mənzilin ilkin satış qiyməti 80000 manat müəyyən edilmiş, qətnamə qalan hissələrdə apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılmışdır.

3. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 07 noyabr 2019-cu il tarixli 2(102)-6882/2019 saylı qərarından görünür ki, cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)- 11642/2018 nömrəli iş üzrə 18 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

4. “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi MMC” tərəfindən Nizami rayon İcra və probasiya şöbəsinə, İddiaçı və "xxxx" ASC-yə ünvanlanmış açıq hərracın keçirilməsinə dair xx.xx.2019-cu il tarixli 01 №-li bildirişdən görünür ki, Nizami rayon icra və probasiya şöbəsinin 17/71-5A 42 saylı xx.xx.2019-cu il tarixli sifariş məktubu və Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 11642/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədi üzrə Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində yerləşən 47 saylı evin 45 saylı mənzilinə dair hərracın ilkin satış qiyməti 80000 manat olmaqla keçirilməsi xx.xx.2019-cu il tarixə elektron formada təyin edilmişdir.

5. “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi MMC” tərəfindən Nizami rayon İcra və probasiya şöbəsinə, İddiaçı və "xxxx" ASC-yə ünvanlanmış açıq hərracın keçirilməsinə dair xx.xx.2019-cu il tarixli 02 №-li bildirişdən görünür ki, Nizami rayon icra və probasiya şöbəsinin 17/71-5A 42 saylı xx.xx.2019-cu il tarixli sifariş məktubu və Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 11642/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədi üzrə Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində yerləşən 47 saylı evin 45 saylı mənzilinə dair hərracın 68000 manat olmaqla keçirilməsi xx.xx.2019-cu il tarixə elektron formada təyin edilmişdir.

6. "xxxx" MMC tərəfindən Nizami rayon İcra və probasiya şöbəsinə, İddiaçı və "xxxx" ASC-yə ünvanlanmış X8 olunmasına dair xx.xx.2019-cu il tarixli təklifdən görünür ki, ipoteka predmeti olan Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində yerləşən 47 saylı evin 45 saylı mənzil təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə yəni 51000 manat olmaqla ipoteka saxlayana təklif olunmuşdur.

7. X8 edilməsi üçün hərracın yekunları barədə 84/07 №-li 30 dekabr 2019-cu il tarixli protokoldan və eyni tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilədən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində yerləşən 47 saylı evin 45 saylı mənzili dəyəri 51000 manat olmaqla ipoteka saxlayan "xxxx" ASC-nin etibarnamə əsasında nümayəndəsi X4 tərəfindən əldə edilmişdir.

8. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyetsri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində yerləşən 47 saylı evin 45 saylı mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh2 ASC-nin adına xx.xx.2021-ci il tarixdə qeydə alınmışdır.

9. "xxxx" MMC tərəfindən Nizami rayon icra və probasiya şöbəsinə və Cavabdeh2 ASC-yə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, -17/71-5A-42 saylı, xx.xx.2019-cu il tarixli sifariş məktubuna əsasən İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində yerləşən 47 saylı evin 45 saylı mənzili 51000,00 (əlli bir min man 00 qəpik) manata tələbkar alıcı "xxxx" ASC-nin etibarnamə əsasında nümayəndəsi X4 əldə etmişdir.

10. Bakı şəhəri Nizami rayon İcra şöbəsi tərəfindən 24-cü Polis Bölməsin, tələbkar, borclu və məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11642/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində yerləşən 47 saylı evin 45 saylı mənzilin boşaldılması xx.xx.2021-ci il tarixdə saat 11:00-a təyin olunur.

11. "xxxx" ASC və X5 arasında 07 oktyabr 2021-ci il tarixli AN-İ ******* №-li Bakı şəhəri 14 saylı notariat ofisində bağlanmış daşınmaz əmlakın alı-satqı müqaviləsindən görünür ki, satıcı Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində yerləşən 47 saylı evin 45 saylı mənzili alıcının mülkiyyətinə vermişdir. Daşınmaz əmlak 90000 manat qiymətinə satılmışdır.

12. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyetsri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində yerləşən 47 saylı evin 45 saylı mənzil tam mülkiyyət hüququ üzrə X2 adına xx.xx.2021-ci il tarixdə qeydə alınmışdır.

13. Bakı şəhəri Nizami rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından görünür ki, icra sənədi üzrə tələb təmin edildiyindən Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-11642/2018 nömrəli 18 dekabr 2018-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir.

14. Cavabdeh2 ASC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11642/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən tələbin ödənilməsi üçün ipotekaya yönəldilmiş ipoteka predmeti İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində yerləşən 47 saylı evin 45 saylı mənzil hərracdan alınmış, bankın balansına götürülmüşdür. İcra sənədində qeyd olunan cavabdehlə bağlanmış xx.xx.2014-cü il tarixli RBNPU-0223 saylı kredit müqaviləsi üzrə borc ödənilmiş və xx.xx.2017-ci il tarixli RBNPT-0053 saylı kredit müqaviləsinə əsasən cavabdehin banka 85933,37 AZN borcu qalmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

15. İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 ASC-yə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ əsasında ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 47, mənzil 45-ə dair iştirakı olmadan keçirilmiş xx.xx.2019-cu il tarixli, 84/07 nömrəli “Hərracın yekunları barədə Protokolun etibarsız hesab edilməsi və həmin xx.xx.2019-cu il tarixli, 84/07 nömrəli “Hərracın yekunları barədə Protokolu” əsasında bağlanmış mənziliin alqı-satqı müqaviləsinin və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən mənzilinə dair "xxxx" ASC-nin adına tərtib edilib verilmiş xx.xx.2021-ci il tarixli, ********** nömrəli Çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. İddiaçının nümayəndəsi-vəkili iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, mülkiyyət hüququ əsasında ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 47, mənzil 45 ünvanında yerləşən mənzilinə dair iştirakı olmadan Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilmiş hərrac əsasında tərtib edilmiş xx.xx.2019-cu il tarixli, 84/07 nömrəli “Hərracın yekunları barədə” Protokolun, onunla bağlı “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən mənzilə dair "xxxx" ASC-nin adına tərtib edilib verilmiş xx.xx.2021-ci il tarixli, № ********** nömrəli Çıxarışın və ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 47, 45 nömrəli mənzilinə dair Cavabdeh2 ASC ilə X5 arasında bağlanmış AN-İ № ******* nömrəli, 07.10.202l-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin” və həmin müqavilə əsasında mənzilinə dair X2 adına tərtib edilmiş xx.xx.2021-ci il tarixli, ********** nömrəli Çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

17. İddia tələbini belə əsaslandırılmışdır ki, 05 iyun 2024-cü il tarixdə icra məmurundan əldə etdiyi xx.xx.2019-cu il tarixli, 84/07 nömrəli “Hərracın yekunları barədə” protokoldan ona məlum olmuşdur ki, cavabdehlərdən Azərbaycan Respublikası Respublika Xammal və X12 və Daşınmaz əmlakların Satışı üzrə Hərrac Mərkəzi MMC mülkiyyət hüququ əsasında ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 47, mənzil 45 ünvanında yerləşən 3 otaqlı mənzilinə dair iştirakı olmadan hərrac keçirmiş, qanunsuz və əsassız olaraq 3 otaqlı mənzilini bazar dəyərindən qat-qat aşağı qiymətə satmışdır. Bununla da, Beynəlxalq Konvensiyalarla, Konstitusiya və Qanunlarla qorunmalı olan mülkiyyət hüquqları pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Respublika Xammal və X13 və Daşınmaz əmlakların Satışı üzrə Hərrac Mərkəzi MMC tərəfindən tərtib edilmiş X6 saxlayana X8 edilməsi üçün Hərracın yekunları barədə 84/07 nömrəli, 30 dekabr 2019-cu il tarixli Protokoldan müəyyən edilir ki, “30 dekabr 2010-cu il tarixdə ona məxsus olan ünvan 3 ünvanda yerləşən 3 (üç) otaqlı mənzili ünvan 4 xx.xx.2018-ci il tarixli icra vərəqəsinin və Nizami rayon İcra və Probasiya Şöbəsinin 17/71-5A-42 saylı, xx.xx.2019-cu il tarixli məktubunun və "xxxx" ASC-nin müvafiq məktubunun icrasına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddələrinə istinad edərək hərrac təşkil olunmuşdur, ipoteka predmetinin ilkin hərac qiyməti 80000 manat müəyyən edilmişdir. Hərracın təşkilatçısı iştirakını təmin etmədən, “formal” hərrac keçirərək ona məxsus mənzili qanunsuz olaraq bankın nümayəndəsinə satmışdır. Belə ki, Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi tərəfindən Nizami rayon İcra Şöbəsinə göndərilmiş xx.xx.2019-cu il tarixli məktubdan da müəyyən edilir ki, tələbkar alıcı "xxxx" ASCnin etibarnamə əsasında nümayəndəsi X4 hərrac yolu ilə mənzili 51000 manata əldə etmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası Respublika Xammal və X12 və Daşınmaz əmlakların Satışı üzrə Hərrac Mərkəzi MMC tərəfindən mülkiyyət hüququ əsasında ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 47, mənzil 45 ünvanında yerləşən 3 otaqlı mənzilə dair iştirakı təmin olunmadan qanunsuz olaraq hərrac keçirilmiş, mənzilin mülkiyyətçisi olmağına baxmayaraq, hərraca çıxarılan mənzili almaq ona təklif edilməmişdir və bu kimi qanunsuz hərəkətlərin sonunda mülkiyyətidə olan mənzili bilə-bilə bazar dəyərindən qat-qat aşağı qiymətə satılmış, bununla da mülkiyyət hüquqları pozulmuşdur.

18. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-271/2025 nömrəli 21 yanvar 2025-ci il tarixli qətnaməsi ilə (hakim Səbinə Nuriyeva) iddia təmin edilməmişdir.

19. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mənzilin ilkin satış qiyməti Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-11642/2018 nömrəli 18 dekabr 2018-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuşdur. Qətnamə mübahisələndirilmiş və nəticə etibarilə yuxarı instasiya məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanmışdır. İcra şöbəsi tərəfindən “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunmuş "xxxx" MMC-yə ünvanlanmış sifariş məktubunda hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti 80000 manat olaraq göstərilmiş və əmlak "xxxx" MMC tərəfindən ilkin satış qiyməti 80000 manat olmaqla ilkin hərrac keçirilmişdir. Yəni mənzilin satış qiymətinin 80000 manat olaraq göstərilməsində hər hansı bir pozuntu olmamış, əmlakın satış qiyməti qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında müəyyən edilmişdir.

20. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində yerləşən 47 saylı evin 45 saylı mənzilin açıq hərracda satılması "xxxx" MMC tərəfindən hərraca dair qanunvericiliyin tələblərinə müvafiq olaraq keçirilmiş və hərrac mərkəzi hərracın keçirilməsində haqlı olmuşdur. İddiaçı tərəfindən məhkəmə araşdırması zamanı müəyyən olunmuş halları təkzib edəcək sübutlar məhkəməyə təqdim edilməmiş, həmçinin məhkəmə araşdırması zamanı iddia tələbinin əsaslı olmasına dair sübutlar aşkar edilməmişdir.

21. Məhkəmə iddianın "xxxx" MMC tərəfindən keçirilmiş hərraca dair protokolun və müqavilənin etibarsız hesab edilməsi hissəsində əsassız olduğundan təmin edilməməsi qənaətinə gəldiyindən hesab etmişdir ki, mənzilə dair daşınmaz əmlakın dövlət reyestrində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən mənzilə dair Cavabdeh2 ASC-nin adına tərtib edilib verilmiş xx.xx.2021-ci il tarixli, № ********** nömrəli Çıxarışın və ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 47, 45 nömrəli mənzilinə dair Cavabdeh2 ASC ilə X5 arasında bağlanmış AN-İ № ******* nömrəli, xx.xx.2021-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin” və həmin müqavilə əsasında mənzilə dair üçüncü şəxs X2 adına tərtib edilmiş xx.xx.2021-ci il tarixli, ********** nömrəli Çıxarışın etibarsız hesab edilməsi - əmlakın əvvəlki hüquqi vəziyyətə qaytarılması üçün hüquqi əsaslar mövcud deyildir.

22. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 139-1.1.2, 317.1, 319.1, 319.4, 415.2, 416.1, “İpoteka haqqında” Qanunun 36.1, 39.2, 39.3.3, 41.1, 41.2, 41.3, 41.4, 41.5, 42.1, 42.5, 42.6 43.4, 43.5, 43.7, 43.7-1, “İcra haqqında” Qanunun 53.1, 53.2, 53.3, “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Republikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119, 216-220, 227 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

23. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

24. Apellyasiya şikayətində iddia ərizəsində qeyd olunanlar sadalanmaqla, göstərilmişdir ki, məhkəmə qətnaməsində cavabdeh Azərbaycan Respublikası Respublika Xammal və X12 və Daşınmaz əmakların Satışı üzrə Hərrac Mərkəzi MMC tərəfindən ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 47, mənzil 45 ünvanında yerləşən 3 otaqlı mənzilin hərraca çıxarılması barədə ona məlumat verilmiş hesab edilməsi qeyd edilsə də, lakin mənzilin hərraca çıxarılması barədə nə ona, nə də ailə üzvlərinə məlumat verilməsi barədə heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qətnaməsində Hərrac Təşkilatı tərəfindən mənzilin 51000 manata satılması qeyd edilsə də, lakin həmin mənzilin real bazar dəyərinin 170000-180000 manat təşkil etməsinə düzgün hüquqi qiymət verilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Apellyasiya şikayəti qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

26. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

27. Cavabdeh ASC-nin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

28. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər cavabdeh və üçüncü şəxslər (nümayəndə) məhkəmə iclasına gəlmədiklərindən, işə onların (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

29.Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 30.Maddə 317.2. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 31.Maddə 319.4. Açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir.

32. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır.

33. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.

34. Maddə 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.

“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu

35. Maddə 36.1. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır.

36. Maddə 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir.

37. Maddə 41.3. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir.

38. Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir.

39. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.

40. Maddə 44. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

44. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

45. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

46. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

47. Qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

49. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. İddiaçının tələbi əsassızdır.

50. Mübahisələndirilən hərracın keçirilməsi zamanı hər hansı qanun pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir.

51. İş materiallarından müəyyən edilmişdir ki, "xxxx" MMC tərəfindən ipoteka predmeti olan əmlaka dair həm ilkin, həm də təkrar hərracın keçirilməsi barədə bildirişlərin “FM Express” məktub və bağlama daşıması xidməti vasitəsilə sifarişli poçt göndərişi (məktubu) ilə hərrac təşkilatçısı tərəfindən iddiaçının qeydiyyat ünvanı (iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdə eyni ünvanı qeyd etmişdir) üzrə göndərildiyi, hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində (“Birja yenilikləri” qəzetinin 189 №-li, 191 №-li, 194 №-li, 196№-li saylarında) elan dərc etdirilməsi müəyyən olunmuşdur.

52. “F. Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyi də nəzərə alaraq qeyd edir ki, həmin qərarında Konstitusiya Məhkəməsi MM-in 415.2ci maddəsində nəzərdə tutulmuş bildirişin ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edildiyini və bu maddənin hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoymadığını, yalnız “İpoteka haqqında” Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışlarının fərqləndirildiyini, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsinin nəzərdə tutulduğunu vurğulamışdır.

53. Həmçinin nəzərə alınmalıdır ki, hərrac təşkilatı keçirdiyi hərraclar barədə ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərməklə məlumat vermək öhdəliyi daşıyır ki, hazırki işdə də qeyd olunan tələbə əməl edilmişdir.

54. “İpoteka haqqında” Qanunun 36.1-ci maddəsinə əsasən poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra təqdim edilmiş sayılır.

55. “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsinə görə, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir.

56. Qanunda məcburi qayda kimi bildirişin sifarişli poçt göndərişi (məktubu) ilə göndərilməsi və kütləvi informasiya vasitələrində, habelə hərrac təşkilatçısının rəsmi internet saytında elanın dərc olunması nəzərdə tutulmuşdur.

57. İddiaçı məhkəmə aktları barədə məlumatlı olmuş, onun apellyasiya şikayəti əsasında birinci instansiyası məhkəməsinin qətnaməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən qismən ləğv edilməklə ipoteka predmetinin ilkin satış qiyməti hissəsndə dəyişdirilmiş, ilkin satış qiyməti 80000 manat müəyyən edilmişdir.

58. Bundan sonra onun tərəfindən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, iddiaçı mənzilin açıq hərracda satılmalı olması barədə məlumatlı olmuşdur.

59. Kollegiya hesab edir ki, göstərilən səbəblərdən bu halla bağlı hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün əsas yoxdur.

60. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan Kollegiyası qeyd edir ki, əksi sübut edilməyincə, mübahisələndirən hərracın nəticələri haqqında protokolun həqiqiliyi prezumpsiyası qəbul edilməlidir.

61. İpoteka predmetinin satış qiyməti ilə bağlı kollegiya qeyd edir ki, əmlakın ilkin satış qiyməti qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında müəyyən edilmişdir, onu görə də mənzilin dəyərinin mübahisələndirilməsi, onun qiymətinin yenidən müəyyən edilməsi hüquqi müəyyənlik prinsipi və preyudisiya institutu ilə ziddiyyət təşkil edir.

62. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyini nəticəni əsaslı hesab edir.

63. Mübahisəli mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən verilmiş elektron çıxarışlar törəmə hüquq münasibəti olub, həmin mənzilə dair keçirilmiş açıq hərracın nəticələrinə dair yekun protokoldan, habelə müqavilədən törənmişdir. Buna görə də mübahisəli mənzilə dair keçirilmiş hərracın, buna əsasən tərtib olunmuş protokolun və müqavilələrin etibarsız hesab edilməsinə dair hissədə iddia əsassız olduğundan, törəmə hüquq münasibəti olan mübahisəli mənzilə dair sonrakı alqısatqı müqaviləsinin və dövlət reyestrindən verilmiş çıxarışların etibarsız hesab olunması hissədə də iddia təmin edilə bilməz.

64. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

65. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-271/2025 nömrəli iş üzrə 21 yanvar 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar