Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-238/2025 04.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və qeyrilərinin (üçüncü şəxs ƏMDX-nın DƏDKR publik hüquqi şəxsi cəlb edilməklə) Cavabdeh qarşı “payın naturada ayrılması” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “payın naturada ayrılması”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Bəhram oğlu, İddiaçı4 və İddiaçı5, Cavabdeh və hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs Allahşükür oğlunun nümayəndə və vəkili Nümayəndə iştirakları ilə, Maraqlarına toxunan şəxs Maraqlı şəxs Allahşükür oğlu, Yasamal Rayon Məhkəməsinin 2(004)-52/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh və hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayələrinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:
1. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Bəhram oğlu, İddiaçı4 və İddiaçı5 müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi cəlb edilməklə Cavabdeh qarşı “payın naturada ayrılması” tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət etmişdir.
2. Yasamal Rayon Məhkəməsinin 2(004)-52/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi (hakim Fariz Əlizadə) ilə iddiası təmin edilmiş, İddiaçı1 1/6 hissədə mülkiyyətçisi olduğu Bakı şəhəri, Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsi, 0,0690 ha torpaq sahəsi üzərində inşa edilmiş 14 A saylı evin payına mütənasib şəkildə 532.2 kv.m. (156.2 kv.m. dəhliz və pilləkan qəfəsi ümumi istifadə) naturada ayrılaraq mülkiyyətinə verilməsi, İddiaçı2 1/6 hissədə mülkiyyətçisi olduğu Bakı şəhəri, Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsi, 0,0690 ha torpaq sahəsi üzərində inşa edilmiş 14 A saylı evin payına mütənasib şəkildə 66.5 kv.m. (156.2 kv.m. dəhliz və pilləkan qəfəsi ümumi istifadə) naturada ayrılaraq mülkiyyətinə verilməsi, İddiaçı3 Bəhram oğlunun 1/6 hissədə mülkiyyətçisi olduğu Bakı şəhəri, Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsi, 0,0690 ha torpaq sahəsi üzərində inşa edilmiş 14 A saylı evin payına mütənasib şəkildə 87.4 kv.m. (156.2 kv.m. dəhliz və pilləkan qəfəsi ümumi istifadə) naturada ayrılaraq mülkiyyətinə verilməsi, İddiaçı4 1/6 hissədə mülkiyyətçisi olduğu Bakı şəhəri, Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsi, 0,0690 ha torpaq sahəsi üzərində inşa edilmiş 14 A saylı evin payına mütənasib şəkildə 87.4 kv.m. (156.2 kv.m. dəhliz və pilləkan qəfəsi ümumi istifadə) naturada ayrılaraq mülkiyyətinə verilməsi, İddiaçı5 1/6 hissədə mülkiyyətçisi olduğu Bakı şəhəri, Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsi, 0,0690 ha torpaq sahəsi üzərində inşa edilmiş 14 A saylı evin payına mütənasib şəkildə 116.5 kv.m. (156.2 kv.m. dəhliz və pilləkan qəfəsi ümumi istifadə) naturada ayrılaraq mülkiyyətinə verilməsi, naturada ayrılmanın Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/4724 nömrəli rəyinin nəticə hissəsinə müvafiq olaraq iş materiallarına əlavə edilmiş sxemə uyğun həyata keçirilməsi, iş üzrə aparılmış 100 (yüz) manat məbləğində ekspertiza xərcinin Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ**********0000003944, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməsi qərara alınmışdı.
3. Həmin qətnamədən Cavabdeh və hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs tərəfindən apellyasiya şikayətləri verilmişdir. Apellyasiya şikayətlərinin dəlilləri:
4. Cavabdeh apellyasiya şikayətində qətnamənin maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edildiyini bildirmiş, odur ki, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs apellyasiya şikayətində qətnamənin maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edildiyini bildirmiş, o, paylı mülkiyyətdə olan evin yerləşdiyi torpağın mülkiyyətçisi olsa da, rayon məhkəməsində işə cəlb edilmədiyini, nəticədə onun maraqlarına zidd qətnamə qəbul edildiyini qeyd etmiş, odur ki, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
6. Məhkəmə kollegiyasının iclasında hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs apellyasiya şikayətlərini müdafiə edərək təmin edilməsini xahiş etdi, bildir ki, iddiaçıların naturada bölünməsini tələb etdikləri paylı mülkiyyətdə olan ev onun mülkiyyətində olan torpaq sahəsində yerləşir. Rayon məhkəməsi onu işə cəlb etməli olduğu halda, cəlb etməmişdir. Bundan başqa bildirdi ki, həmin ev tikinti layihəsinə düşür və söküləcək, hazırda şirkətlə bununla bağlı danışıqlar gedir. Həmçinin bildirdi ki, evin hərracdan satılmasına razı deyil.
7. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs nümayəndə və vəkili Nümayəndə apellyasiya şikayətlərini müdafiə edərək təmin edilməsini xahiş etdi, qeyd etdi ki, iddiaçıların naturada bölünməsini tələb etdikləri paylı mülkiyyətdə olan ev Maraqlı şəxs mülkiyyətində olan torpaq sahəsində yerləşir. Rayon məhkəməsi onu işə cəlb etməli olduğu halda, cəlb etməmişdir.
8. Məhkəmə kollegiyasının iclasında iddiaçılar ayrılıqda apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdilər. Həmçinin ayrılıqda bildirdilər ki, evin hərracdan satılmasına razı deyillər.
9. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər.
10. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:
11. Daşınmaz əmlakın reyestr nömrəsi **********75-10301 olan çıxarışa əsasən müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1191,10 kv.m. olan fərdi yaşayış evi İddiaçı1, İddiaçı2, İddiaçı3 Bəhram oğlu, İddiaçı4, İddiaçı5 və Cavabdeh paylı mülkiyyətindədir (müvafiq paylar çıxarışda qeyd edilmişdir). Həmçinin həmin çıxarışda evin 156,2 kv.m dəhliz və pilləkən qəfəsinin ümumi istifadədə olduğu qeyd edilmişdir (i/v 31).
12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/4724 nömrəli rəyinə əsasən müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1191,10 kv.m. olan mənzildən İddiaçı1, İddiaçı3 Bəhram oğlu, İddiaçı4, İddiaçı2 və İddiaçı5 paylarının iş materiallarına əlavə edilmiş bölgü sxeminə uyğun naturada bölünməsi texniki cəhətdən mümkündür.
13. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3860/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə hazırkı mülki iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1. Bakı şəhəri, Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsi, 0,069 ha torpaq sahəsi üzərində tikilmiş 14 A saylı evin maraqlarına toxunan şəxs Maraqlı şəxs məxsus torpaq sahəsində yerəşibyerləşmədiyi müəyyən edilsin. 2. Bakı şəhəri, Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsi, 0,069 ha torpaq sahəsi üzərində tikilmiş 14 A saylı evin maraqlarına toxunan şəxs Maraqlı şəxs məxsus torpaq sahəsində yerləşdiyi halda, qeyd edilən evin naturada bölgüsü onun mülkiyyətində olan torpaq sahəsinə mülkiyyət hüququna (istifadə və sahibliyinə) xələl gətirmədən mümkündürmü?
14. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyinə əsasən, birinci sual üzrə qeyd edilir ki, göstərilən torpaq sahəsinin faktiki sahəsi 0,069 ha təşkil edir. Qeyd olunan 0,069 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 1191,1 kv.m (24 otaq yaşayış sahəsi 507,6 kv.m) olan fərdi yaşayış **********75-10301 reyestr nömrəsi ilə qeydiyyatdan keçmişdir. Paylı mülkiyyət olaraq qeydiyyatdan keçən “A” literli fərdi yaşayış evi pay üzrə X1 xüsusi mülkiyyətində olan 0,069 ha torpaq sahəsində yerləşir. Belə ki, X1 xüsusi mülkiyyətində olan 0,069 ha torpaq sahəsində yerləşən “A” literli fərdi yaşayış evinin tikinti alt sahəsi 0,04588 ha təşkil edir.
15. İkinci sual üzrə, Bakı şəhəri, Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsi, 0,069 ha torpaq sahəsi üzərində tikilmiş 14 A saylı evin naturada bölgüsü mülkiyyətdə olan torpaq sahəsinə mülkiyyət hüququna xələl gətirmədən mümkün deyildir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikasının Mülki Məcəlləsi
16. Maddə 135.10. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir.
17. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.
18. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.
19. Maddə 213.4. Ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır.
20. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.
21. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.
22. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
23. Maddə 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.
24. Maddə 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir.
25. Maddə 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.
26. Maddə 221. Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər.
27. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə 6 dekabr 2024-cü il tarixli, 02/2024 nömrəli qərarı. Bənd 17. Paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi və ya mülkiyyətçinin əşyadakı payının ayrılması – bu məsələləri nizamlayan Mülki Məcəllənin 220 və 221-ci maddələrinin məzmunundan belə nəticəyə gəlmək olar ki, bölünmə və ayrılma anlayışları eynilik təşkil etməməklə, fərqli hüquqi mexanizmləri nəzərdə tutur. Paylı mülkiyyətdə olan əşyadan mülkiyyətçilərin birinin (və ya bir neçəsinin) payının ayrılması proseduru Mülki Məcəllənin 220.3-220.6-cı maddələri, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilməsi proseduru isə 221-ci maddəsi ilə tənzimlənir.
18. Hər iki prosedur ilk olaraq tərəflərin razılığı ilə, bu mümkün olmadıqda isə mübahisənin məhkəmədə həll olunmasını nəzərdə tutur (Mülki Məcəllə, 220.3-cü maddənin birinci cümləsi və 221-ci maddənin 2-ci cümləsi).
19. Qeyd olunan hüquqi prosedurlar arasındakı fərq isə ondan ibarətdir ki, paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi maddənin başlığından da göründüyü kimi, bütün hallarda həmin şəxslərin əşya üzərində ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsi ilə nəticələnir. Bu baxımdan əşyanın bölünməsi halı üçün Mülki Məcəllənin 221-ci maddəsində onun fiziki bölgüsü və hərracdan satışından ibarət iki ardıcıl hüquqi mexanizm müəyyən edilmişdir. Həmin maddə bütün paylı mülkiyyətçilər əşyanın bölünməsi ilə bağlı həmfikir olsalar da, aralarında paylı mülkiyyət hüququna xitam verilməsinin növü və ya forması (fiziki bölgü, hərracdan satış və s.) ilə bağlı mübahisə olduğu və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qaldığı, yəni ümumiliyin davam etdirilməsinin mümkün olmadığı hallarda tətbiq edilməlidir. Məsələn, bütün payçıların əşyanın paylarına uyğun bölünməsini tələb etdikləri və ya iki payçıdan biri, üç payçıdan ikisi ayrılmaq istədiyi hallarda əşyanın bölünməsi mexanizmi işə düşür.
20. Əşya üzərində mülkiyyət hüququndakı payın ayrılması isə bütün hallarda ümumi paylı mülkiyyət hüququna xitam verilməsi ilə nəticələnmir. Bu baxımdan əşyanın bölünməsi halından fərqli olaraq, payın ayrılması halı üçün Mülki Məcəllənin 220.2-220.6cı maddələrində payın naturada ayrılması, bu mümkün olmadıqda kompensasiya ödənilməklə paya xitam verilməsi və əşyanın açıq hərracdan satışından ibarət üç ardıcıl hüquqi mexanizm müəyyən edilmişdir. Bu zaman həmin ardıcıllıq gözlənilməklə payın naturada ayrılması baş tutduqda yalnız ayrılan şəxs(lər) ümumilikdən çıxaraq fərdi mülkiyyətçiyə çevrilir, bu mümkün olmadıqda isə kompensasiya ödənilməklə yalnız həmin şəxs(lər)in əşya üzərində mülkiyyət hüququna xitam verilir. Ayrılmayan iki və ya daha artıq payçı isə ümumi paylı mülkiyyət vəziyyətində qalmaqda davam edirlər. Məsələn, üç payçıdan birinin və ya dörd payçıdan ikisinin ayrılmaq istədiyi halda payın ayrılmasına dair prosedur tətbiq edilir. Yalnız əşyanın açıq hərracdan payçı olmayan digər şəxslərə satılması halında əvvəlki həmmüllkiyyətçilərin əşya üzərində ümumi paylı mülkiyyət hüquqlarına xitam verilmiş olur. Ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi Bənd 62. Mülki Məcəllənin 221-ci maddəsinin məzmunundan müəyyən olunur ki, əgər iştirakçılar (paylı mülkiyyətçilər) arasında ümumi paylı mülkiyyət hüququna xitam verilməsi növünə (fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi) dair razılıq olmazsa və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qalarsa, yəni ümumiliyin davam etdirilməsi mümkün olmazsa, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi yuxarıda qeyd olunduğu kimi payın ayrılmasından fərqli olaraq aşağdakı iki mərhələdən ibarətdir: 1) ümumi paylı mülkiyyətdə olan əşyanın naturada (fiziki) bölgüsü; 2) əşyanın məhkəmə qərarı ilə hərracdan satılması.
63. Birinci mərhələ (əşyanın fiziki bölgüsü) üzrə məhkəmə araşdırmasının predmeti ümumi mülkiyyətdə olan əşyadan payın ayrılmasının ilkin mərhələsi (əşyadan payın naturada ayrılması) ilə eynilik təşkil etdiyindən bu qərardadın 42-44, 46-cı bəndlərində nəzərdə tutulan qaydalar nəzərə alınmalıdır.
64. Bu araşdırmanın nəticəsində əşyanın naturada bölgüsünün mümkün olmadığı müəyyən edilərsə, məhkəmə iddiaçıların tələbi əsasında ikinci mərhələyə keçid etməklə əşyanın hərracdan satılmasını qət etməlidir. İddiaçıların əşyanın hərracdan satılmasını tələb etmədikləri halda isə digər tərəfin bununla bağlı qarşılıqlı tələbi yoxdursa, məhkəmə araşdırması yekunlaşdırılmaqla iddia rədd olunmalı və onlara gələcəkdə yalnız ikinci mərhələ üzrə iddia qaldırmaq hüquqları izah edilməlidir.
65. Ümumi mülkiyyətdə olan əşyadan payın ayrılması prosedurundan fərqli olaraq, əşyanın bölünməsi halında kompensasiya ödənilməsi mərhələsi olmadığından, əşya üzərində mülkiyyəti davam etdirmək niyyətində olan digər payçıların mülkiyyət hüquqlarının qorunması məqsədilə Mülki Məcəllənin 221-ci maddəsində qapalı hərracı ehtiva edən yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi imkanı nəzərdə tutulmuşdur. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
31. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
32. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
33. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
34. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
35. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
36. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
37. 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
38. 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:
39. 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi;
40. 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;
41. 387.2. Şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı aşağıdakı hallarda ləğv edilməlidir:
42. 387.2.4. məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə; Apellyasiya Məhkəməsinin baxışının hədləri:
43. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini Cavabdeh və hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən tam yoxlayır.
44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
45. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, mülki iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh və maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir.
46. Kollegiya qeyd edir ki, payın naturada ayrılmasının texniki cəhətdən mümkün olub-olmaması bu sahədə ixtisaslı şəxslərin (ekspertin) rəyi ilə müəyyən oluna bilər.
47. İddia tələbini təmin edən rayon məhkəməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/4724 nömrəli rəyinə əsaslanmışdır ki, həmin rəydən müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1191,10 kv.m. olan mənzildən İddiaçı1, İddiaçı3 Bəhram oğlu, İddiaçı4, İddiaçı2 və İddiaçı5 paylarının iş materiallarına əlavə edilmiş bölgü sxeminə uyğun naturada bölünməsi texniki cəhətdən mümkündür.
48. Apellyasiya baxışı zamanı təyin edilmiş ekspertizaya əsasən verilmiş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyinə əsasən, birinci sual üzrə qeyd edilir ki, göstərilən torpaq sahəsinin faktiki sahəsi 0,069 ha təşkil edir. Qeyd olunan 0,069 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 1191,1 kv.m (24 otaq yaşayış sahəsi 507,6 kv.m) olan fərdi yaşayış **********75-10301 reyestr nömrəsi ilə qeydiyyatdan keçmişdir. Paylı mülkiyyət olaraq qeydiyyatdan keçən “A” literli fərdi yaşayış evi pay üzrə X1 xüsusi mülkiyyətində olan 0,069 ha torpaq sahəsində yerləşir. Belə ki, X1 xüsusi mülkiyyətində olan 0,069 ha torpaq sahəsində yerləşən “A” literli fərdi yaşayış evinin tikinti alt sahəsi 0,04588 ha təşkil edir.
49. İkinci sual üzrə, Bakı şəhəri, Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsi, 0,069 ha torpaq sahəsi üzərində tikilmiş 14 A saylı evin naturada bölgüsü mülkiyyətdə olan torpaq sahəsinə mülkiyyət hüququna xələl gətirmədən mümkün deyildir.
50. Beləliklə aparılmış araşdırmalarla müəyyən edirilir naturada bölünməsi tələb edilən fərdi yaşayış evi iddiaçılar və cavabdehin paylı mülkiyyətində, evin yerləşdiyi torpaq sahəsi isə qətanamədən hüquq və vəzifələrinə toxunan şəxs qismində şikayət vermiş Maraqlı şəxs mülkiyyətindədir.
51. Maraqlı şəxs apellyasiya şikayətinin bir dəlili də rayon məhkəməsində onun işə cəlb edilməməsi barədədir.
52. Göründüyü kimi, paylı mülkiyyətdə olan evin naturada bölgüsü barədə iddia tələbinə baxan rayon məhkəməsi tərəfindən həmin evin yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi prosesə cəlb edilməmiş, apellyasiya baxışı nəticəsində təyin edilən ekspertiza üzrə verilən Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsi, 0,069 ha torpaq sahəsi üzərində tikilmiş 14 A saylı evin naturada bölgüsünün mülkiyyətdə olan torpaq sahəsinə mülkiyyət hüququna xələl gətirmədən mümkün olmaması müəyyən edilmişdir.
53. MPM-in 387.2.4-cü maddəsinə görə, məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir.
54. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə 6 dekabr 2024-cü il tarixli, 02/2024 nömrəli qərarının 17-ci bəndində qeyd edilir ki, paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi və ya mülkiyyətçinin əşyadakı payının ayrılması – bu məsələləri nizamlayan Mülki Məcəllənin 220 və 221-ci maddələrinin məzmunundan belə nəticəyə gəlmək olar ki, bölünmə və ayrılma anlayışları eynilik təşkil etməməklə, fərqli hüquqi mexanizmləri nəzərdə tutur. Paylı mülkiyyətdə olan əşyadan mülkiyyətçilərin birinin (və ya bir neçəsinin) payının ayrılması proseduru Mülki Məcəllənin 220.3-220.6-cı maddələri, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilməsi proseduru isə 221-ci maddəsi ilə tənzimlənir.
55. Həmin Qərarın 20-ci bəndində qeyd edilir ki, əşya üzərində mülkiyyət hüququndakı payın ayrılması isə bütün hallarda ümumi paylı mülkiyyət hüququna xitam verilməsi ilə nəticələnmir. Bu baxımdan əşyanın bölünməsi halından fərqli olaraq, payın ayrılması halı üçün Mülki Məcəllənin 220.2-220.6-cı maddələrində payın naturada ayrılması, bu mümkün olmadıqda kompensasiya ödənilməklə paya xitam verilməsi və əşyanın açıq hərracdan satışından ibarət üç ardıcıl hüquqi mexanizm müəyyən edilmişdir. Bu zaman həmin ardıcıllıq gözlənilməklə payın naturada ayrılması baş tutduqda yalnız ayrılan şəxs(lər) ümumilikdən çıxaraq fərdi mülkiyyətçiyə çevrilir, bu mümkün olmadıqda isə kompensasiya ödənilməklə yalnız həmin şəxs(lər)in əşya üzərində mülkiyyət hüququna xitam verilir. Ayrılmayan iki və ya daha artıq payçı isə ümumi paylı mülkiyyət vəziyyətində qalmaqda davam edirlər. Məsələn, üç payçıdan birinin və ya dörd payçıdan ikisinin ayrılmaq istədiyi halda payın ayrılmasına dair prosedur tətbiq edilir. Yalnız əşyanın açıq hərracdan payçı olmayan digər şəxslərə satılması halında əvvəlki həmmüllkiyyətçilərin əşya üzərində ümumi paylı mülkiyyət hüquqlarına xitam verilmiş olur.
56. Plenum qərarından da məlum olduğu kimi ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilir.
57. MM-in 221-ci maddəsinə görə, ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər.
58. Kollegiya bildirir ki, paylı mülkiyyətdə olan olan daşınmaz əmlakın reyestr nömrəsi **********75-10301 olan çıxarışa əsasən müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1191,10 kv.m. olan fərdi yaşayış evi İddiaçı1, İddiaçı2, İddiaçı3 Bəhram oğlu, İddiaçı4, İddiaçı5 və Cavabdeh paylı mülkiyyətindədir (müvafiq paylar çıxarışda qeyd edilmişdir). Həmçinin həmin çıxarışda evin 156,2 kv.m dəhliz və pilləkən qəfəsinin ümumi istifadədə olduğu qeyd edilmişdir (i/v 31).
59. Hazırkı halda naturada bölünməsi tələb edilən fərdi yaşayış evinin çıxarışında 156,2 kv.m dəhliz və pilləkən qəfəsinin ümumi istifadədə olması müəyyən edilir. Bu baxımdan, ümumi istifadədə sahələri olan evin naturada bölgüsü ümumilik davam edən sahələr olduğu halda mümkün ola bilməz. Çünki ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilir.
60. Plenumun yuxarıda qeyd edilən qərarının 62 və 64-cü bəndlərində qeyd edilir ki, ...ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi yuxarıda qeyd olunduğu kimi payın ayrılmasından fərqli olaraq aşağdakı iki mərhələdən ibarətdir: 1) ümumi paylı mülkiyyətdə olan əşyanın naturada (fiziki) bölgüsü; 2) əşyanın məhkəmə qərarı ilə hərracdan satılması. ...araşdırmanın nəticəsində əşyanın naturada bölgüsünün mümkün olmadığı müəyyən edilərsə, məhkəmə iddiaçıların tələbi əsasında ikinci mərhələyə keçid etməklə əşyanın hərracdan satılmasını qət etməlidir. İddiaçıların əşyanın hərracdan satılmasını tələb etmədikləri halda isə digər tərəfin bununla bağlı qarşılıqlı tələbi yoxdursa, məhkəmə araşdırması yekunlaşdırılmaqla iddia rədd olunmalı və onlara gələcəkdə yalnız ikinci mərhələ üzrə iddia qaldırmaq hüquqları izah edilməlidir.
61. Göründüyü kimi, əşyanın naturada bölgüsündə kompensasiya mərhələsi müəyyən edilməmişdir. Hazırkı halda tərəflər əmlakın hərracdan satılmasına etiraz etmişlər.
62. Beləliklə də, paylı mülkiyyətdə olan evin naturada bölgüsü mümkün olmadığından və tərəflər hərracdan satılma tələb etmədiklərindən, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməməli, tərəflərə gələcəkdə hərracdan satılma barədə iddia qaldırmaq hüquqları izah edilməlidir. Nəticə:
63. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, rayon məhkəməsi tərəfindən maddi və proessual hüquq normaları pozulmaqla düzgün olmayan qətnamə qəbul edildiyindən, apellyasiya şikayətləri təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməli, tərəflərə gələcəkdə hərracdan satılma barədə iddia qaldırmaq hüquqları izah edilməlidir.
64. Mülki iş materiallarındakı 51649 nömrəli ödəniş qəbzindən məlum olur ki, mütəxəssis rəyinin verilməsi üçün 95 manat dövlət rüsumu ödənilmişdir (i/v 205).
65. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətlərinin verilməsi ilə bağlı ödənilmiş 50 manat dövlət rüsumu Cavabdeh və 50 manat dövlət rüsumunun əvəzi Maraqlı şəxs xeyrinə, eləcə də mütəxəssis rəyi üçün ödənilmiş 95 manat rüsumun əvəzi Cavabdeh və hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs xeyrinə iddiaçılardan müştərək qaydada tutulmalı, ekspert xərcləri də iddiaçılardan müştərək qaydada tutulmalıdır.
66. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh və hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs Allahşükür oğlu tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunsun. Yasamal Rayon Məhkəməsinin 2(004)-52/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin, iddia tələbi təmin edilməsin. Tərəflərə gələcəkdə hərracdan satılma barədə iddia qaldırmaq hüquqları izah edilsin. Apellyasiya şikayətlərinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumunun əvəzi 50 (əlli) manat Cavabdeh və 50 (əlli) manat hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs Allahşükür oğlunun xeyrinə, eləcə də mütəxəssis rəyi üçün ödənilmiş 95 (doxsan beş) manat rüsumun əvəzi Cavabdeh və hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs Allahşükür oğlunun xeyrinə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Bəhram oğlu, İddiaçı4 və İddiaçı5dan müştərək qaydada alınaraq verilsin. Ekspertiza tədqiqatlarının dəyəri (100+50=150) 150 (bir yüz əlli) manat iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Bəhram oğlu, İddiaçı4 və İddiaçı5 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO13601**********3944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.