Məhkəmə qərarları › İş №2(103)-2381/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2381/2025

01.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2381/2025 01.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə Pirallahı Rayon Məhkəməsinin 2(094)-345/2024 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından ərizəçi İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Pirallahı Rayon Məhkəməsinin 2(094)-345/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı Azərbaycan Respublikası Su Ehtiyatları Agentliyinin «İri Şəhərlərin Birləşməsi Su Təchizatı Xidməti» publik hüquqi şəxsin Pirallahı rayon Sukanal İdarəsinə qarşı əmrinin ləğv edilməsi və sair” tələbinə dair iddiası rədd edilmişdir. Qətnamədən iddiaçnın verdiyi apellyasiya şikayəti elektron qaydada verilmədiyi üçün Məhkəmənin eyni nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır. İddiaçı dövlət büdcəsi hesabına vəkil ilə təmin olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, qətnamədən verdiyi apellyasiya şikayəti, guya qanunla elektron kabineti vasitəsi ilə göndərmədiyi üçün geri qaytarılmışdır. Hesab edir ki, əgər şikayət həqiqətən elektron kabimeti vasitəsi ilə verilməlidirsə, onda o, İİ qrup hərbi əlil kimi dövlət vəsaiti hesabına vəkil ilə təmin olunmalıdır. Çünki o, dəfələrlə özünə elektron kabimeti açmağa cəhd etsə də server xətası səbəbindən buna nail ola bilməmişdir. Öz hesabına isə vəkil tutulmağına gəldikdə, qeyd etdiyi kimi o, İİ qrup hərbi əlildir. Hərbi əlil kimi aldığı təqaüdün çox hissəsi müalicəsinə sərf olunduğundan maddi sıxıntılar əsasında bir təhər yaşayır. Buna görə də, öz vəsaiti hesabına vəkil tutmağa maddi imkanı olmadığı üçün, dövlət vəsaiti hesabına vəkil ilə təmin olunmalıdır. Pirallahı Rayon Məhkəməsinin 2(094)-345/2024 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə rədd edilmişdir. Həmin qərardaddan verilən şikayət Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə təmin edilməmiş, baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə qəbul edilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiyanın 61-ci maddəsinə əsasən, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ var və qanunla nəzərdə tutulmuş hallarda hüququ yardım ödənişsiz, dövlət hesabına göstərilir. Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinin 2-ci hissəsinə görə qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım ödənişsiz, dövlət hesabına göstərilir. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati və cinayət işləri üzrə şübhəli və ya təqsirləndirilən şəxslərə və məhkəmədə hüquqi yardıma ehtiyacı olan aztəminatlı şəxslərə hər hansı bir məhdudiyyət qoyulmadan vəkil tərəfindən göstərilən hüquqi yardım dövlət hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. Həmin Məcəllənin 67-1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında məhkəmə aktını qəbul etmiş məhkəmə dövlət hesabına vəkilin prosesdə iştirakını təmin edir. Həmin Məcəllənin 67-1.2-ci maddəsinə əsasən birinci və apellyasiya instansiya məhkəmələrində mülki işlər üzrə məhkəmə icraatında maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi məqsədilə peşəkar hüquqi yardıma ehtiyacı olan, lakin kifayət qədər vəsaiti olmayan şəxsin dövlət hesabına vəkil ilə təmin olunması məsələsini məhkəmə həll edir. Bu işlərə, məhkəməyə müraciət etmək üçün hüquqi yardıma ehtiyacı olan, lakin kifayət qədər vəsaiti olmayan şəxsin müraciətinə əsasən vəkil qurumunun ərizəsi əsasında həmin qurumun yerləşdiyi yer üzrə rayon (şəhər) məhkəməsi, məhkəmə icraatı zamanı isə işdə iştirak edən şəxsin yazılı müraciəti əsasında işə baxan məhkəmə tərəfindən baxılır. Mülki prosessual qanunvericiliyin tələblərindən də göründüyü kimi vəkilin prosesdə məcburi iştirakının tələb olunduğu (kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələrin tərtibi) hallar var, bu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda məhkəmə şəxsi dövlət hesabına vəkillə təmin edir. Kollegiya qeyd edir ki, hazırkı mərhələdə vəkilin iştirakı məcburi olmadığından, eyni zamanda ərizəçi imkanının olmamasına dair sübut təqdim etmədiyindən birinci instansiya məhkəməsi qərardaddan verilmiş şikayəti təmin etməməkdə haqlı olmuşdur, buna görə də şikayət əsassız, qərardad isə qanuni və əsaslı olduğundan şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və NMR Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlardan müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398, 400, 402, maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, q ə r a r a a l d ı: Ərizəçi İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Pirallahı Rayon Məhkəməsinin 2(094)-345/2024 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, prosessual qanunvericilikdə bu qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar