Məhkəmə qərarları › İş №2(103)-2383/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2383/2025

21.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2383/2025 21.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(003)-3723/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Cavabdeh, İddiaçı və X1 ərizələri əsasında aparılan araşdırma üzrə Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinin təhqiqatçısı, polis mayoru Arzuman İsmayılov tərəfindən xx.xx.2021-ci il tarixdə qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh aşağıdakı məzmunda izahat vermişdir: 2020-ci ilin oktyabr ayında Buzovna qəsəbəsində yaşayan Gita adlı qadından 4.000 manat sələmə pul götürərək hər aya görə 1.000 manat pul ödəmiş, sonuncu dəfə aprel ayında 1.000 manat ödəmişdir. Pulun kökünü, yəni 4.000 manatı ödəmişdir. Yenidən 2021-ci ilin aprel ayında hər aya 1.000 manat ödəmək şərti ilə Gitadan 4.000 manat sələmə pul götürmüşdür. Gitaya yeni götürdüyü puldan sələmə pul ödəməmişdir. Gitanın dediyinə görə 8.000 manat borcu qalmışdır. Hal-hazırda aylıq məvacib kartı Gitadadır, özü ona vermiş, amma heç bir pulunu çıxarda bilməmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı xeyrinə 8.000 manat məbləğində pul vəsaitin və ödənilmiş 100 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun tanışı – Cavabdeh 2020-ci ilin noyabr ayında iddiaçının yaşadığı evə gələrək yeni ev aldığını, pulu çatmadığına görə ondan 4.000 manat borc pul istəyərək bir aya qaytaracağını bildirmişdir. Bundan sonra, xx.xx.2021-ci il tarixdə cavabdeh iddiaçının yaşadığı evə gedərək uşağı xəstə olduğunu demiş və 4.000 manat borca pul istəyərək üç günə qaytaracağını bildirmişdir. İddiaçı borca verdiyi pulu dəfələrlə cavabdehdən geri qaytarmağı istəsə də, cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək pulu qaytarmamışdır. Buna görə də iddiaçı Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə ərizə ilə müraciət edərək cavabdehin törətdiyi əmələ görə məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən cavabdehin barəsində cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarda Cavabdehin izahatı və ərizəsinə istinad edilmişdir. Həmin ərizədə və izahatda Cavabdeh qeyd etmişdir ki, “2020ci ilin oktyabr ayında Buzovna qəsəbəsində yaşayan Gita adlı qadından 4.000 manat pul sələmə götürərək hər aya görə 1.000 manat pul ödəmiş, sonuncu dəfə aprel ayında 1.000 manat ödəməsini bildirmişdir. Pulun kökünü yəni 4.000 manatı ödədiyini bildirmişdir. Yenidən 2021-ci ilin aprel ayında isə Gitadan hər aya 1.000 manat ödəmək şərtilə 4.000 manat sələmə götürmüşdür. Gitaya yenidən götürdüyü puldan sələmə pul ödəməmişdir. Gitaya onun dediyinə görə 8.000 manat borclu olduğunu bildirmişdir”. İşin hallarından da göründüyü kimi cavabdeh ümumilikdə 8.000 manat pul vəsaitini aldığını etiraf etmişdir və həmin pulu iddiaçıya qaytarmamışdır.

4. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(003)- 3723/2024 nömrəli qətnaməsi ilə (hakim Ə.S.Qəhrəmanov) iddia təmin edilmiş, Cavabdeh İddiaçı xeyrinə 8.000 manat məbləğində pul vəsaiti və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun tutulması qət edilmişdir.

5. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh Gitadan 2 dəfə ayrı-ayrı vaxtlarda faizi ilə qaytarmaq şərti ilə 4.000 manat olmaqla cəmi 8.000 manat borc almışdır. Cavabdeh 2020-ci ilin oktyabr ayında borc aldığı 4.000 manata görə hər ay aprelə qədər 1.000 manat ödədiyini, borcun əsası olan 4.000 manatı ödəmədiyini və 2021-ci ilin aprel ayında aldığı 4.000 manatdan isə sələm pulu ödəmədiyini məhkəmədə və polis şöbəsində etiraf etmişdir. Göründüyü kimi, Cavabdeh borc aldığını etiraf etmiş, lakin borcu ödəmiş olması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci, Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddələrinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işi çox səthi araşdırmış, yalnız və yalnız onun polisdə verdiyi izahatda faiz borcu ilə bağlı verdiyi etirafına istinad edərək iddianı təmin etmişdir. Pulun faizə verilməsi və borcun faizlərlə ödənilməsi barədə bildirdiklərinə dair məhkəmə heç bir araşdırma aparmamışdır. İddiaçının faizlə bağlı bildirdikləri nə məhkəmə iclasının protokolunda, nə də ki qətnamədə öz əksini tapmamışdır. İddiaçı pulun faizə verilməsi ilə bağlı cavabdehin bildirdiklərinə hər hansı bir etiraz etməmişdir. Bundan başqa, iddiaçının bank hesabları araşdırılmamış, onun bank kartına atdığı ödənişlərin heç biri nəzərə alınmamışdır. Bundan başqa, iddiaçının faizə pul verərək qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olması barədə xüsusi qərardad çıxarılmaqla əməllərində cinayət tərkibinin əlamətlərinin olub-olmamasının araşdırılmasından ötrü Baş Prokurora məlumat verilməlidir. Məhkəmə iclasında iddiaçı tərəfindən göstərilənlərdən görünür ki, 4.000 manatın faizi kimi hesablanmış məbləğlə birgə həmin borc ödənilmişdir. İlkin olaraq alınan 4.000 manat ödəniləndən sonra iddiaçı ikinci dəfə 4.000 manat vermişdir. İkinci dəfə verilən 4.000 manat da iddiaçıya qaytarılmışdır. İddiaçının həmin borcların faizini tələb etməsi qanunsuz və əsassızdır. Məhkəmə öz qətnaməsində onun polisdə bildirdiklərini göstərmiş, iddiaçının polisə verdiyi izahatı, faiz borcu ilə bağlı bildirilənlərə münasibətini araşdırıb-aydınlaşdırmamışdır. Həmçinin, 2020-ci ildə verilmiş pula görə nə üçün 4 il sonra məhkəmə iddia qaldırıldığının səbəblər iddia müddəti ötürülməklə məhkəməyə müraciət edilib-edilmədiyi araşdırılmamış, kəsici iddia müddəti tətbiq edilərək iddia rədd olunmalı olduğu halda məhkəmə bu halların heç birinə qiymət verməmişdir. Bundan başqa, iddiaçıya qaytardığı pul onun kart hesabına göndərilmiş, həmin kart hesabından çıxarışlar tələb olunaraq borcun qaytarılıbqaytarılmadığı ətraflı aydınlaşdırılmamışdır. Həmçinin, pulun qaytarılmasını təsdiq edən şahidləri məhkəmə iclasında dindirilməmişdir. Məhkəmə iddianı təmin etməklə iddiaçının əsassız varlanmasına səbəb olmuşdur. Məhkəmə həmçinin maddi hüquq normasını pozaraq Mülki Məcəllənin 739.2-ci maddəsində borcun 3.000 manatdan çox olduqda yazılı formada bağlanmalı olduğunu nəzərə almamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq işi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir, lakin məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməməsinə dair hər hansı sübutu ərizəyə əlavə etməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 739.1. (münasibətlərin yarandığı zaman qüvvədə olan redaksiyada) Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. (münasibətlərin yarandığı zaman qüvvədə olan redaksiyada) Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 740.2. (münasibətlərin yarandığı zaman qüvvədə olan redaksiyada) Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 78.2. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır.

Apellyasiya baxışının hədləri

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

14. Hazırkı işdə iddia təmin olunduğundan və apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

15. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul etməklə iddia tələbi təmin edilməlidir.

16. Belə ki, işə baxan birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Mülki Məcəllənin 739-cu maddəsini mübahisəyə tətbiq etməklə, maddi hüquq normasının tətbiqində səhvə yol verilmişdir. Mülki-prosessual qanunvericiliyin tələbləri baxımından bu hal qətnamənin ləğv edilməsi üçün əsasdır.

17. İşin müəyyən edilmiş hallarına görə iddiaçı cavabdehə ayrı-ayrı vaxtlarda 4.000 manat olmaqla, cəmi 8.000 manat məbləğində vəsaiti borc versə də, tərəflər arasında bununla bağlı yazılı müqavilə rəsmiləşdirilməmişdir. Halbuki, Mülki Məcəllənin 740.2-ci maddəsinin münasibətlərin yarandığı zaman qüvvədə olan redaksiyasına görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çox olduğu hallarda borc müqaviləsi yazılı formada bağlanmalı idi.

18. Beləliklə, tərəflər arasında forma tələbinə əməl edilməyən bir əqd var və belə bir əqd mülki qanunvericiliyin tələblərinə görə etibarsızdır (əhəmiyyətsizdir).

19. Kollegiya qeyd edir ki, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər.

20. Cavabdeh polis orqanında verdiyi izahatında iddiaçıdan həmin məbləğdə vəsaitin aldığını bildirsə də, həmin məbləğin ona faizlə verildiyini, borcun iddiaçıya qaytarılması barədə birinci instansiya məhkəməsinə hər hansı sübut, o cümlədən şahidlərin çağırılaraq dindirilməsi barədə vəsatət, bank hesabından iddiaçıya ödənişlərini təsdiq edən çıxarış (qəbzlər) təqdim etməmişdir.

21. Cavabdeh polis orqanında verdiyi izahatında həmçinin bildirmişdir ki, onun aylıq məvacib kartı iddiaçıda olsa da, iddiaçı ondan hər hansı pul çıxarda bilməmişdir.

22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin digər dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, iddia müddətinin tətbiqi ilə bağlı cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə ərizə təqdim edilməmişdir. Halbuki, iddia müddətinin tətbiqi barədə ərizə yazılı formada məhkəmə qərarı çıxarılanadək bilavasitə birinci instansiya məhkəməsinə verilməlidir və belə bir ərizə apellyasiya instansiyası məhkəməsinə o, halda verilə və ərizə o, halda qəbul edilə bilər ki, mübahisə tərəfinin həqiqətən birinci instansiya məhkəməsi tərəfindən işə baxılmasında iştirakı təmin edilməsin və ya tərəf həmin ərizənin birinci instansiya məhkəməsinə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın və bu barədə məhkəməyə lazımi sübutlar təqdim etsin.

23. İş materiallarından da göründüyü kimi, birinci instansiya məhkəməsində icraat zamanı Cavabdeh üç məhkəmə iclasında iştirak etmiş, iddia müddətinin tətbiqi haqqında yazılı ərizə və şahidin dindirilməsi barədə vəsatət, habelə müstəqil əldə etmək imkanı olmadığı təqdirdə sübutları tələb etmək barədə vəsatət təqdim etməsi üçün kifayət qədər vaxtı və imkanı olmuş, lakin bu hüququndan istifadə etməmişdir.

24. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(003)- 3723/2024 nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilsin. Cavabdeh 8.000 manat məbləğində vəsait və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar