Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2387/2023 24.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: öhdəliyin icrası tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “öhdəliyin icrası” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-458/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, 24 may 2023-cü il tarixində açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları
1. İşin halları ondan ibarətdir ki, İddiaçı "xxxx" MMC arasında icarə müqavilə bağlanmışdır. Həmin icarə müqaviləsi üzrə öhdəlikləri icrası ilə bağlı aralarından mübahisə yaranmış, icarəçi tərəfindən öhdəliklərin icrası pozulmuş və icarəyə verən həmin müqavilədən irəli gələn öhdəliklərin icra edilməməsi səbəbindən yaranmış borc məbləğini və eləəcə də cavabdehin ona məxsus sahədən cıxarılmasını tələb edir. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “öhdəliyin icrası tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xüsusi mülkiyyət hüquqi ilə ona məxsus ünvan 1 ünvanında yerləşən sahə üzrə icarə müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsi səbəbindən cavabdehdən 8 ay üzrə 16000 manat icarə haqqı, 1600 manat dəbbə pulu, 3774 manat kommunal borc olmaqla, cəmi 21374 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi, cavabdehin ona məxsus sahədən cıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbini onunla əsaslandırılmışdır ki, cavabdehlə aralarında xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu İ.Qutqaşınlı küçəsi ev 507-501, sahəsi 151.7 m2 ibarət olan 48 saylı mənzilə dair icarə müqaviləsi bağlanmışdır. Sahə icarəyə verilərkən cavabdehi xəbərdar etmişdir ki, sahədən qanuna uyğun şəkildə, ona və üçüncü şəxslərə zərər vurmamaqla istifadə etməli, öhdəliyini vaxtənda icra etməlidir. Lakin sahə icarəyə verildikdən bir müddət sonra orada əqdin iştirakçısı olmayan üçüncü şəxslər peyda olmuş, icarəyə götürənin fəaliyyətindən qonşular tərəfindən ona şikayətlər gəlmişdir. İcarə haqqını almağa gəldikdə icarəçi müxtəlif bəhanələrlə icarə haqqını ödəməkdən imtina etmişdir. Bundan əlavə, mənbədən vergi tutulmasına dair öhdəliklər də icarəşi tərəfindən həyata keçirilməmişdir. Bu azmış kimi icarəçinin fəaliyyəti nəticəsində, yəni icarəyə verilmiş sahəni təyinatı üzrə işlətməməklə icarə sahəsinin elektrik şəbəkəsinin yüklənməsinə səbəb olan hərəkətlər etmiş, elektrik texniki şərtlərinə uyğun olmayan qurğuları şəbəkəyə qoşmaqla normativdən kənar yüklənmə, qısa qapanma kimi nəticələr yaratmış, özbaşına olaraq dəyişiklikər etməklə onun əmlakına zərər vurmuşdur. Hazırda icarə haqqı ödənilmir, əmlak icarəçi tərəfindən zədələnərək xarab edilir. Dəfələrlə müqavilə münasibətinə xitam verilməklə sahənin boşaldılmasına dair edilmiş xəbərdarlığa cavabdeh heç bir məhəl qoymur. İcarəçi tərəfindən öhdəliklərin icra ediməməsi və öhdəliklərin pozulması hallarını nəzərə alaraq ona icarə üzrə hüquq münasibətinə xitam verilməsinə dair xəbərdarlıq edilmişdir. Hazırda İcarəçi xüsusi mülkiyyət hüququ ilə ona məxsus sahəni boşaltmaqdan və sahəni təhvil verməkdən imtina edir. İcarə predmeti olan sahə onun istifadəsi və sahibliyindədir. İcarəçi 8 aydır ki, icarə haqqını ödəmir. İcarə müqaviləsinin 2-ci bəndinə əsasən icarə haqqı 1 ay üçün 2000 manat təşkil edir. Beləliklə icarəçinin hazırki günə olan icarə haqqı borcu 16000 manat təşkil edir. Faktiki olaraq hazırda özünə məxsus əmlakdan qanunsuz olaraq istifadə edilməsi onun mülkiyyət hüququnu məhdudlaşdırır.
4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-458/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Ayaz Məmmədov) iddia tələbi qismən təmin edilərək, İddiaçı ilə "xxxx" MMC arasında olan 07 fevral 2021-ci il tarixli İ/02-14 saylı İcarə Müqaviləsi ləğv edilmiş, cavabdeh "xxxx" MMC-dən 8 ay üzrə 16000 manat icarə haqqı, 160 manat dəbbə pulu, 1774 manat kommunal borc olmaqla, cəmi 17934 (on yeddi min doqquz yüz otuz dörd) manat məbləğində pul və 155 (bir yüz əlli beş) manat dövlət rüsumunun alınıb İddiaçı ödənilməsi, cavabdeh "xxxx" MMC-nin İddiaçı məxsus olan ünvan 2 ünvanında yerləşən sahədən cıxarılması, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apelyasiya şikayətinin dəlilləri:
5. Qətnamədən cavabdeh "xxxx" MMC tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılması xahiş edilmişdir.
6. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 07 fevral 2021-ci il tarixli icarə müqaviləsinə əsasən icarəyə verən İddiaçı Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınli 507/511 ünvanında yerləşən “Altes Plaza” yaşayış kompleksinin 13-cü mərtəbəsində yerləşən 48 №-li mənzilin 152 kv.m ümumi sahəsi olan 3 otaqdan ibarət qeyri-yaşayış sahəsini Rekchek.az MMC-nin direktoru olaraq onun icarəsinə vermişdir. Aylıq icarə haqqı 2000 manat (icarə haqqından irəli gələn vergilər daxil olmamaqla) təşkil etmişdir. İlk ayın icarə haqqını ödəsə də, sonrakı 2 ayın icarə haqqını ödəyə bilmədiyi üçün icarəyə verən qeyri-yaşayış sahəsini boşaltmağı tələb etmişdir. O, orada olan zəruri avadanlıqları götürdükdən sonra 10 may 2021-ci il tarixli icarə müqaviləsinə əsasən ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 59,6 kv.m təşkil edən mənzili qeyri-yaşayış sahəsi kimi aylıq icarə haqqı 800 manat olmaqla 2 il müddətə icarəyə götürmüşdür. İddiaçıya 2 aylıq icarə haqqı olaraq 4000 manat pulu ödəyə bilmədiyinə görə iddiaçı ona məxsus avadanlıqların çox hissəsini, bir neçə Notebooku və sənədləri girov kimi qeyri-yaşayış sahəsində saxlamışdır. Təxminən bundan 1 ildən çox müddət sonra iddaçı qeyri-yaşayış sahəsinin 1 otağını icarə müqaviləsi bağlayaraq üçüncü şəxsə icarəyə vermək istədiyini bildirmiş və onunla bağlanmış icarə müqaviləsi ləğv olunmadığından onun adından icarə müqaviləsinin bağlanmasını təklif etmişdir. Bunun müqabilində isə iddiaçı ona məxsus olan girov saxladığı əşyaları qaytaracağını demişdir. İcarə müqaviləsinin bağlanmasına baxmayaraq əşyalar yenə də, ona qaytarılmamışdır. Sonradan bilmişdir ki, qeyri-yaşayış sahəsini icarəyə götürən şəxs icarə haqqını ödəmədiyindən icarəçi onu oradan çıxartmışdır. Belə ki, iddiaçı həmin şəxsi qeyri-yaşayış sahəsindən çıxararkən ona məxsus bir neçə əşyaları akt əsasında ona qaytarsa da, bəzi avadanlıq, Notebook və sənədləri qaytarmamışdır. Həmin ərəfədə məhkəmədə işə baxılmasından onun məlumatı olmamış və iddiaçı bu barədə ona bildirməmişdir. Əgər 8 ay müddətində o, icarə haqqını ödəməsəydi iddiaçı dərhal həmin sahəni boşaltmasını tələb edə və onu oradan çıxararaq binaya buraxmaya bilərdi. Necə ki, iddiaçı bunu 2021-ci ilin may ayında etmişdir. İddaçı onun hal-hazıradək əşyaları qeyri-yaşayış sahəsindən çıxartmamasını və 8 ay icarə haqqını ödəmədiyini bildirməklə, həmçinin icarə müqaviləsini vaxtından əvvəl xitam verməməklə iddia müddətinin keçmədiyinə istinad etmək istəyir. Lakin onu qeyd edir ki, iddiaçı tərəfindən qanunla müəyyən edilmiş iddia müddəti ötürülmüşdür. Belə ki, icarə münasibətlərinə 2021ci ilin may ayından etibarən xitam verildiyi andan 6 ay müddətində icarə haqqını tələb edə bilərdi. Məhkəmə iclasında iştirak etmədiyi üçün iddia müddətinin keçməsi ilə bağlı münasibət bildirə bilməmişdir. Hesab edir ki, iş üzrə iddia müddəti də ötürülmüşdür. c) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri:
7. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Proses iştirakçılarının izahatı:
8. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil3 apelyasiya şikayətini müdafiə edərək qətnamənin iddianın təmin edilməsi hissəsində ləğv edilməsini iddia müddəti tətbiq edilməklə iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh ilk ayın, fevral ayının icarə haqqını ödəmiş, 2 ayın icarədə haqqını ödəməmişdir. Sonradan başqa yerdə daha ucuz qiymətə icarəyə yer götürmüşdür. İddiaçı tərəfindən cavabdehin avadanlıqları girov saxlanılmışdır. Cavabdeh bildirmişdir ki, əşyalarının bəzilərini yanvar ayında götürmüşdür. Digər əşyalar isə bugünə kimi verilməyib. Qətnamə çıxandan sonra fevral ayında sahə müvəkkilinin iştirakı ilə cavabehin nümayəndəsi həmin icarəyə verilən qeyri-yaşayış sahəsinə dəvət edilmişdir.
9. Məhkəmə iclaslarında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apelyasiya şikayətini əsassız hesab edərək, təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, hüquqi ünvan kimi icarəyə götürdükləri ona məxsus daşınmaz əmlakınm ünvanı qoyulub. 2021-ci ilin mart ayından başlayaraq 8 ay ərzində icarə haqını ödəməmişlər. Həmin dövrlərdə dəfələrlə zəng edilib, lakin müxtəlif bəhanələr ediblər ki, ödəyəcəklər. Əsasən cavabdeh tərəfin nümayəndəsi bildirib ki, orada dəyərli əşyaları var ölkə xaricindəyik, gələn kimi pulunuzu ödəyəcəyik. Buna görədə xeyli müddət öhdəliklərini icra etmələri üçün iddiaçı gözləmişdir. Sonradan cavabdehə məxsus əşyalar orada olduğundan iddiaçı da öz əmlakına daxil ola bilməmişdir. Axırda qətnamədən sonra təklifimi nəzərə alaraq iddiaçı məcburən sahə müvvəkilini dəvət etməklə əşyalarını təhvil vermişdir. Başqa formada mülkiyyətində olan əmlaka girib çıxması mümkün olmamışdır. Bu baxımdan iddia müddəti də ötürülməmişdir. Apelyasiya baxışının hədləri.
10. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
11. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
12. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin iddanın təmin edilməsi hissəsində ləğv edilməsini və həmin hissədə də rədd edilməsini xahiş etməklə, qətnaməni həmin hissədə mübahisələndirdiyindən qətnamə həmin hissədə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:
13. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
14. Maddə 157.2. Mülkiyyətçi özünün sahibliklə əlaqədar olmayan pozulmuş hüquqlarının bərpa olunmasını məhkəmədən tələb edə bilər.
15. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
16. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
17. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
18. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
19. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
20. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
21. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
22. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür.
23. Maddə 443.4. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır.
24. Maddə 448.1. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir
25. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır.
26. Maddə 691.1.3. Kirayə müqaviləsinin ləğvinə kirayə haqqı aylar və ya daha uzun zaman hissələri üzrə hesablanarkən müqavilənin ləğvinə dair bildiriş növbəti aydan sonrakı ayın axırı üçün qüvvəyə minməklə təqvim ayının birinci iş günü verildikdə yol verilir.
27. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
28. Maddə 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
29. Maddə 704.1. Əgər hər hansı torpaq sahəsinin, hüququn və ya müəssisənin icarəsi müqaviləsi bağlanarkən icarə müddəti müəyyənləşdirilməyibsə, müqavilənin ləğvinə yalnız azı altı aylıq xəbərdarlıq müddətini gözləmək şərti ilə ilin sonunda yol verilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
33. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, həmin dəlillər əsaslı sayıla bilməz.
36. Belə ki, iş materiallarında olan xx.xx.2019-ci il tarixli “Yaşayış evinin tikintisinin sərmayələşdirilməsi barədə” müqavilənin surətindən görünür ki, bir tərəfdən "xxxx" MMC (dövlət qeydiyyatı 0105-P110-42751) bundan sonra “inşaatçı” adlandırılacaq, Nizamnaməyə əsasən hərəkət edən Baş X1 şəxsində, digər tərəfdən bundan sonra “Sərmayəçi” adlandırılacaq İddiaçı şəxsində, aşağıdakı şərtlərlə bu Müqaviləni bağlayırlar:
1. Müqavilənin predmeti:
1. Bu müqavilə ünvan 5 ünvanda yerləşən 151.7 kv.m sahəsi olan 3 otaqlı 48 saylı mənzilin sərmayələşdirilməsinə dair xx.xx.2007-ci il tarixdə bağlanmış Y 057 APL nömrəli müqavilənin İddiaçı ilə bağlanmasını və yenidən sənədləşdirilməsini əks etdirir;
2. Bu müqavilə imzalandığı andan mənzilin yeni sahibi İddiaçı qızıdır və xx.xx.2007-ci il tarixdə bağlanmış Y 057 APL nömrəli müqavilə qüvvədən düşmüş hesab edilir.
2. Müqavilənin qiyməti: 2.1 “Sərmayəçi” göstərilən mənzilə görə ödənişi 2 №-li əlavə ilə ödəyir. Göstərilən mənzilin 1 kv.m. 2900 ABŞ dolları dəyərində qiymətləndirir. 151.7 kv.m tam məbləği 439.930 ABŞ dolları təşkil edir..
37. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, İ/02-14 saylı icarə müqaviləsinin surətindən görünür ki, bir tərəfdən İddiaçı şəxsində icarəyə verən, digər tərəfdən Rekchek.az MMC-nin direktoru X5 şəxsində icarədar arasında aşağıdakı şərtlərlə müqavilə bağlanır:
1. Müqavilənin predmeti:
1. İcarəyə verən Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınli 507/511 ünvanında yerləşən “Altes Plaza” yaşayış kompleksinin 13-cü mərtəbəsində yerləşən 48 n-li mənzilin 152 kv.m ümumi sahəsi olan 3 otaqdan ibarət qeyri-yaşayış sahəsini xx.xx.2021-ci il tarixdən etibarən icarədarın müddətli icarəsinə verir. İcarədar həmin sahəni icarəyə qəbul edir. İcarə sahəsinin vəziyyəti barədə tərəflər arasında təhvil-təslim akt tərtib edirlər.
2. Tərəflər arasındakı hüquqi münasibətlər İcarəyə verən/İcarədar münasibətləri çərçivəsindən kənara çıxmır və heç bir halda İcarədar İcarəyə verənin agenti hesab olunmur.
3. İcarədar öz fəaliyyəti ilə əlaqədar bütün dövlət orqanları, hüquqi və fiziki şəxslər qarşısında müstəqil olaraq çıxış, tələb olunan bütün lisenziyaları və digər icazələri öz adından əldə edir, vergi və digər ödənişləri özü ödəyir. 2 İcarə haqqının məbləği və ödəniş qaydası:
1. Aylıq icarə haqqı 2000 manat (icarə haqqından irəli gələn vergilər daxil olmamaqla) təşkil edir.
2. Aylıq icarə haqqı əvvəlcədən həmin ayın 10-dək İcarə verənə ödənilməlidir. Gecikdirilən hər gün üçün ödənilməli məbləğin 1% həcmində cərimə hesablanır. 3 İcarə müddəti:
1. Bu müqavilə 3 il müddətinə bağlanır. Bu müddət bitdikdən sonra tərəflər müqaviləni ləğv etmək barəsində yazılı müraciət etməsələr müqavilənin müddəti avtomatik olaraq 11 (on bir) ay uzadılır.
2. Müqavilənin qüvvədə olduğu bütün müddət ərzində hər hansı bir tərəf digər tərəfi 60 (altmış) təqvim günü əvvəlcədən yazılı şəkildə xəbərdar etməklə müqaviləyə vaxtından əvvəl xitam verə bilər.
38. İş materiallarında olan "xxxx" MMC-nin arayışından görünür ki, İddiaçı Altes Plaza binası blok B, 13-cü mərtəbədə yerləşən 48 saylı mənzilə görə MMC-yə binaya aid kommunal borcu 1774 manat təşkil edir.
39. İş materiallarında olan "xxxx" MMC-nin arayışından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 507-511 məhəllədə yerləşən Atlas Plaza yaşayış binasından B blokunda 148 kv m olan 48 saylı mənzilin, 1 kv m üçün 1,50 AZN təşkil edir (kommunala daxildir:lift, isitmə, soyutma sistemi, zibilin daşınması, 24 saat mühafizə, kotelninin isitmə, filt təmizlənməsi). Aylıq 222 AZN təşkil edir.
40. Kollegiya apelyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, işin məhkəmədə araşdırılmış halları ilə cavabdeh "xxxx" MMC tərəfindən mülki qanunvericiliyin kirayə və icarə müqavilələrini tənzimləyən normalarına, eləcə də, icarə müqaviləsinin şərtlərinə riayət edilməməsi, bununla da, iddiaçıya ödənilməmiş icarə haqqı qismində 16000 manat və ödənilməmiş kommunal xidmətlərə görə 1774 manat məbləğində ziyan dəyməsi müəyyən edilmişdir. Nəticədə, iddiaçının hüquqları pozulmuş, o, müqavilə bağlayarkən əldə etməyə ümid etdiklərindən məhrum olmuşdur. Belə ki, icarə müqaviləsi üzrə öhdəlik cavabdeh tərəf 2021-ci ilin mart ayından başlayaraq 8 ay ərzində icra edilməmişdir. Apellyasiya şikayətində həmin yeri artıq 3 aydan sonra tərk etməklə boşaltmaları qeyd edilsə də, iş üzrə cavabdehin nümayəndəsinin veridiyi izahatlardan da müəyyən edilir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən sonra bəzi əşyaları sahə müvəkilinin iştirakı ilə götürmüşlər. Hələ də bəzi əşyalar orada qalmışdır. Belə olan halda həmin həmin dövr üzrə həm icarə haqqının, eləcə də həmin bina üzrə müəyyən edilmiş kommunal xərclərin ödənilməsi tələbi irəli sürməkdə iddiaçı tam haqlı olmuşdur. Məhkəmə də haqlı olaraq iddia tələbini mübahisələndirilən hissədə qanun və əsaslı olaraq təmin etmişdir.
41. Kollegiya eləcə də apelyasiya şikayətinin iş üzrə iddia müddətinin tətbiq edilməli oması barədə dəlilinə, eləcə də apelyasiya şikayətinə əlavə edilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə qiymət verərək hesab edir ki, hazırki iddia tələbi üzrə iddia müddəti tətbiq edilə bilməz.
42. Belə ki, iş materiallarından görünür ki, cavabdeh xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus qeyri-yaşayış sahəsini boşaltmamış və sahəni təhvil verməmişdir. Eləcə də cavabdehin nümayəndəsinin məhkəmə kollegiyasınını iclasında verdiyi izahatından da görünür ki, cavabdeh özünə məxsus əmlakların bəzilərini qeyri-yaşayış sahəsindən 2023cü ilin yanvar ayında götürmüşdür. Belə olan halda kollegiya hesab edir ki, hazırki iş üzrə iddia müddətinin tətbiq edilməsi üçün hər hansı bir əsas da mövcud deyil.
43. Məhkəmə kollegiyası qeyd olunan işin faktiki hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni mübahisələndirilən hissədə qanuni və əsaslı hesab edir. Buna görə də kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
44. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi:
Cavabdeh MMC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-458/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.