Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2390/2023 15.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi X3 və cavabdehin nümayəndəsi Vəkil iştirakları ilə, iddiaçı Ailə Park” QSC-nin Cavabdeh qarşı "mənzilin sökülməsi, boşaldılaraq təhvil verilməsi və yeni mənzil təhvil verilənədək kirayə haqqının ödənilməsi” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2844/2022 saylı işi üzrə 29 sentyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Ailə Park” QSC-nin iddia tələbi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 2844/2022 saylı işi üzrə 29 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə təmin olunmuş, Cavabdeh tərəfindən (mülkiyyət hüququ saxlanılmaqla) ünvan 1 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş 40,4 kv.m-dən ibarət olan mənzilin boşaldılaraq "xxxx" QSC-yə təhvil verilməsi, həmin mənzilin "Ailə Park” QSC tərəfindən sökülməsi, "Ailə Park” QSC tərəfindən ünvan 2 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş 40,4 kv.m-dən ibarət olan mənzilin əvəzinə yeni tikiləcək binada 61,5 kv.m ölçüdə təmirli mənzilin 2 il müddətinə Cavabdeh təhvil verilməsi, sökülməsi nəzərdə tutulan mənzilin "Ailə Park” QSC-yə təhvil verildiyi gündən başlayaraq yeni yaşayış sahəsi ilə təmin olunan günədək "Ailə Park” QSC tərəfindən Cavabdeh hər ay 350 manat məbləğində kirayə haqqı ödənilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək,Bakı şəhər Nərimanov rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli,2(005)-2844/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil hal-hazırda mübahisə olmadığını, razılığa gəldiklərini qeyd etmiş,lakin iddiaçının iddiasından imtina etməli olduğu halda və bunu etmədiyindən apellyasiya şikayətlərini müdafiə etdiklərini, qətnaməni əsaslı hesab etmədiklərini, bundan başqa birinci instansiya məhkəməsin qətnaməsi ilə barışıq şərtlərinin uyğun olmadığını, gələcəkdə cavabdehə ev verildikdə bunun qətnaməyə və yaxud tərəflər arasında bağlanmış müqaviləyə uyğun veriləcəyinin onlarda sual doğurduğunu, tərəflər arasında müqavilə olduğu halda, qətnaməyə ehtiyac olmadığını bildirmişdir. Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 İddiaçı QSC və Cavabdeh arasında bağlanmış 13 dekabr 2022-ci il tarixli qəzalı vəziyyətdə olan binanın mülkiyyətçisinin mənzilinin sökülməsi və çoxmənzilli yaşayış binasında mənzil tikintisi haqqında müqaviləni təqdim etmiş,cavabdehlə razılaşdıqlarını,aralarında hər hansı bir mübahisənin olmadığını,qarşı tərəfin şikayətindən imtina etməli olduğunu, cavabdeh tərəfin müqaviləni gələcəkdə ləğv edə biləcəyini düşündüklərindən iddiaçı tərəfin iddiadan imtina etmədiyini bildirmişdir. Apellyasiya icraatı zamanı təqdim edilmiş İddiaçı QSC və Cavabdeh arasında bağlanmış qəzalı vəziyyətdə olan binanın mülkiyyətçisinin mənzilinin sökülməsi və çoxmənzilli yaşayış binasında mənzil tikintisi haqqında 13 dekabr 2022-ci il tarixli müqaviləyə əsasən: 1.1 Sifarişçi ünvan 3 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş ona məxsus olan yaşayış sahəsinin və həmin sahənin yerləşdiyi binanın icraçı tərəfindən sökülməsinə razılıq verir və İcraçı isə sökülmüş sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək bu binada mənzilin ümumi sahəsinə 25% (iyirmi beş faiz) və daha artıq əlavə edilməklə Sifarişçinin mülkiyyətində olan faktiki ümumi sahəsi 40.04 kv.m olan mənzilin əvəzinə yeni tikiləcək binada yerləşən ümumi sahəsi 45 kv.m olan 2 otaqlı bir ədəd tam təmirli mənzili və yeni tikiləcək binada yerləşən ümumi sahəsi 35 kv.m olan 1 otaqlı bir ədəd tam təmirli mənzili tikib Sifarişçinin mülkiyyətinə verməyi öhdəsinə götürür. 1.2.Mənzilin yerləşdiyi mərtəbə və mənzilin nömrəsi gələcəkdə keçiriləcək püşkatmanın nəticəsinə uyğun olaraq tərəflər arasında imzalanacaq əlavə razılaşma ilə müəyyən ediləcəkdir. 1.3. Sifarişçi bu; müqaviləyə əsasən mülkiyyətində olan mənzilin əvəzinə icraçı tərəfindən tikilib təhvil veriləcək 2 (iki) ədəd tam tamirli mənzili qəbul etməyi öz öhdəsinə götürür. 1.4. icraçı müqavilə üzrə öhdəliklərini Bakı Şəhər icra Hakimiyyəti Başçısının 55 №-li 11,03.2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq icra edir. 1.5. Həmin daşınmaz əmlak aşağıdakı hüquqmüeyyənedici sənədə əsasən Cavabdeh məxsusdur : - ƏMDK-in yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə X1 verilmiş **********11-05101-093001 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət. 1.6. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 001A3/2154 qeydiyyat nömrəli arayışa əsasən müqavilə bağlanananda daşınmaz əmlak ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. Məhkəmə kollegiyası, ilk olaraq münasibətlərin səciyyəsin nəzərə alaraq, işin mülki icraat qaydasında baxılaraq məhkəmənin səlahiyyətlərinə aid olmasını müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən: İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən: İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Vİİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2-ci maddəsinə əsasən: Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir. Məcəllənin 4.1-ci maddəsinə əsasən: Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məcəllənin 24.1-cü maddəsinin tələblərinə əsasən: Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Məcəllənin 82.1-ci maddəsinə əsasən: Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Məcəllənin 261.0.1-ci maddəsinə əsasən: iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icaata xitam verir. Həmin Məcəllənin 384-cü maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8- 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər (384.0.5.). Məhkəmə kollegiyası, sədrlik edənin işin hallarına dair məruzəsini və tərəflərin razılığa gəlməsini nəzərə alaraq Azərbaycan Respublikası Konstitusiyasının 60, 71, 80; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 5, 24.1, 261.0.1və 262-ci maddələrini rəhbər tutaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2844/2022 saylı işi üzrə 29.09. 2022-ci il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilməlidir. Belə ki, mübahisə tərəflər arasında məhkəmədən kənar həll edildiyindən, iddia tələblərinə və ondan irəli gələn qətnaməyə (apellyasiya şikayətinə) baxılması üçün mülki-prosessual əsaslar mövcud olmadığından, mülki iş məhkəmədə baxılmalı deyil. Diqqətə çatdırılmalıdır ki, mübahisənin məhkəmədə başlanmasına əsas, məhz mülkiyyətin əvəzi olan kompensasiya ödənilməsi barədə iddia olmuş və hazırda tərəflər tələbi üstələyən (tələbin həcmindən artıq) kompensasiya (əvəzləşdirmə) üzrə razılığa gəlmiş və öz iradə ifadələrini müəyyən edən müqavilə imzalamışlar. Belə olan halda, tərəflərin iradə ifadəsinə zidd olaraq (müqavilə) münasibətlərin yeni müstəvisinə müdaxilə edilməsi, habelə qətnaməyə və tələbə hər hansı qiymət verilməsi sui-istifadəyə şərait yaradan hal kimi yolverilməzdir. Mülki Prosessual Məcəllə hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün şəxsin məhkəməyə müraciət etdiyi hallarda işin başlanıldığını, habelə məcəllənin “mübahisənin məhkəməyə aidiyyəti” adlanan müddəası mübahisənin məhkəməyə aidiyyətini işdə iştirak edən şəxslərin subyektiv tərkibi, yaxud mübahisənin predmeti və ya hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, Mülki Prosessual Məcəlləyə müvafiq olaraq müəyyən edildiyini təsbit edir. Deməli, müraciətin müdafiə edilməməsi və ya bu müraciətə baxılması üçün əsasların olmaması (aradan qalxması) hüquq münasibətlərinin xarakteri baxımından mübahisənin, habelə iddiaçının hüquq və mənafelərinin pozulması halının mövcud olmadığını təsdiq edir. Qeyd edilənlərə əsasən müəyyən edilir ki, məhkəmənin vəzifələrinə və mülki mühakimənin məqsədlərinə (məhkəməyə) aid baxılmalı mübahisə olmadığından və ondan irəli gələrək iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icaata xitam verilməlidir. Tərəflərə izah edilməlidir ki, tərəflər arasında bağlanmış müqavilə münasibətlərindən irəli gələn mübahisələrnin yarandığı təqdirdə onların məhkəmə müdafiə hüquqları vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261, 263- 264, 357-358, 391, 402-406-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2844/2022 saylı işi üzrə 29 sentyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2390/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2390/2023
15.05.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver