Məhkəmə qərarları › İş №2(103)-2391/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2391/2021

12.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2391/2021 12.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(006)-4100/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4040 manat və 30 manat ödənilmiş dövlət rüsumunun alınıb onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehi «xxxx» MMC-də satış meneceri kimi tanımış, həmin vaxt MMC-dən sement alıb, satdıqdan sonra pulunu MMC-yə verirdi, işlədiyi müddətdə MMC-nin nümayəndəsi kimi cavabdehə pul verirdi. Pulların bəzilərini kitaba qol çəkdirməklə və bəzilərini isə «xxxx» hesabına vurmuş, MMC ilə işlədiyi müddətdə heç bir borcu qalmamışdır. Bir müddətdən sonra «xxxx» MMC ona qarşı iddia qaldıraraq ondan 4007 manat pul tələb etmiş və şirkətlə əlaqə saxlayıb pulları MMC-nin işçisi olan Elçinə verdiyini deyəndə onlar Elçinin şirkətə pul köçürmədiyini bildirmişlər. İşə Masallı Rayon Məhkəməsində baxılaraq ondan 4007 manat pul, 117 manat məbləğində faiz borcu və 31 manat dövlət rüsumu olmaqla, cəmi 4155 manat pulun alınıb MMC-yə verilməsi barədə xx.xx.2018-ci ildə 2(050)-1029/2018 saylı qətnamə çıxarılmışdır. Halbuki həmin məbləğləri o, Elçinin bank hesabına göndərmişdir. Elçinə xx.xx.2017-ci ildə 500 manat “xxxx” ASC-də, xx.xx.2017-ci ildə 1040 manat “xxxx” ASC-də, xx.xx.2017-ci ildə 500 manat “xxxx” ASC-də, xx.xx.2017-ci ildə 1500 manat post terminalı ilə «xxxx» MMCyə 500 manat “xxxx” ASC-də, cəmi 4040 manat pul göndərmişdir. Sonradan pulu Elçindən tələb etməsinə baxmayaraq o, pulu verməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(006)- 4100/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, onun ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, qətnamədə onun cavabdehə maddi yardım köçürməsi qeyd edilsə də, o, cavabdehə maddi yardım verməmiş, işgüzar fəaliyyət üçün pulları göndərmişdir. İddiaçı teleqram ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını və şikayətinin təmin edilməsini xahiş edərək, göstərmişdir ki, o, Cavabdeh maddi yardım kimi pul verməmiş, köçürmənin formasını bilmədiyinə görə maddi yardım xətti ilə Cavabdeh ünvanına göndərmişdir. Pulu müəyyən iş görmək üçün vermiş, onun Cavabdehla heç bir qohumluq əlaqəsi yoxdur. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəməyə gəlmədiklərinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6 maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məcəlləsinin 372.7 maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və yeni qətnamə qəbul edilməklə, iddia rədd edilməlidir. İş materiallarından müəyyən edilir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(006)-1268/2020 saylı qətnaməsi ilə iddiaçı X1 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi iddiaçının iddia tələbinin irəli sürməyə subyektiv hüququ olmadığına görə təmin edilməmişdir. Birinci instansiya məhkəməsi MPM-in 82.3-cü maddəsinə əsaslanaraq belə nəticəyə gəlmişdir ki, hazırki iş üzrə yalnız iddiaçının adı dəyişdirilərək eyni tərəflər arasında pul tələbi ilə əlaqədar məhkəmə mübahisəsi olmuş və bununla əlaqədar artıq qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcuddur. Məhkəmə tələblərin oxşar olmasını, eyni məsələdən qaynaqlandığını, habelə onunla əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə aktının mövcudluğunu, iddia edilən məbləğin maddi yardım ilə könüllü şəkildə verildiyini nəzərə alaraq İddiaçı iddia tələbini təmin etməmişdir. Kollegiya hesab edir ki, məhkəmənin gəldiyi bu nəticə qanuni və əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində göstərilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə ki, başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır. Həmin Məcəllənin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Konstitusiya Məhkəməsi Plenumunun preyudisiallığın hədləri ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə əsasən, preyudisiallıq prinsipi yalnız əvvəlki və ya sonrakı proseslərdə iştirak edən tərəflərə, işdə iştirak edən digər şəxslərə və onların hüquq varislərinə aid edilir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). G.Əhmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2019-cu il Qərarında göstərilmişdir ki, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və prosessual qanunvericiliklə müəyyən edilmiş hədlərə malikdir. Belə ki, məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusunun müəyyən edilməsi vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış və yeni baxılan işlərdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403.2-ci maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2020-ci il Qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun qanuni qüvvəyə minmiş məhkəmə aktlarının preyudisiallığı ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, preyudisiallıq institutu yalnız işdə iştirak edən şəxslərə aid olmaqla, onlar tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktların başqa məhkəmə prosesində mübahisələndirilməsini istisna edir. Sonrakı işdə iştirak edən şəxslərdən biri artıq qanuni qüvvəyə minmiş qətnamənin çıxarıldığı iş üzrə işdə iştirak edən şəxs olmamışdırsa, bu zaman həmin qətnamənin müəyyən etdiyi faktlar onun üçün preyudisial əhəmiyyətə malik deyildir və o, belə faktların məhkəmə qaydasında sübut edilməsini tələb edə bilər (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli və G.Əhmədovanın şikayəti üzrə 2019-cu il 24 iyul tarixli Qərarlar). Göründüyü kimi, preyudisiallığın subyektiv həddi əvvəl baxılmış və yeni baxılan işlərdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir. Məhkəmənin istinad etdiyi qanuni qüvvəsini almış Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 2(012)-2800/2017 saylı qətnaməsi ilə isə iddiaçı X1 iddia tələbinə baxılmışdır. Odur ki, hazırki iş üzrə preyudisiallıq prinsipi baxımından yuxarıda qeyd edilən məhkəmə qətnaməsi nəzərə alınaraq iddianın rədd edilməsi barədə məhkəmənin qənaəti düzgün olmamışdır. Belə olan halda qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İş materiallarında olan köçürmənin göndərilməsi barədə bildirişlərin kserosurətindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh “xxxx” ASC-də olan hesabına xx.xx.2017-ci il tarixdə 1040 manat, xx.xx.2017-ci il tarixdə 500 manat, xx.xx.2017-ci il tarixdə 500 manat, xx.xx.2017-ci il tarixdə 500 manat, xx.xx.2017-ci il tarixdə 500 manat maddi yardım köçürülmüşdür. Kollegiyanın əvvəlki iclasında iddiaçıya MPM-nin 89.3-cü maddəsinin tələbləri izah olunaraq, aparılmış köçürmələrə dair bildirişlərin əsli və ya lazımi qaydada təsdiq olunmuş surətlərinin təqdim olunması təklif olunmuş və bu məqsədlə məhkəmə iclası təxirə salınmışdır. Lakin iddiaçı teleqram göndərərək məhkəmə iclasına gəlməmiş, eyni zamanda vəkili məhkəmənin dəftərxanası vasitəsi ilə ərizə verərək, ərizəyə işdə olan və olmayan köçürmə bildirişlərinin əsli və ya lazımi qaydada təsdiq olunmuş yox, adi kserosurətlərini əlavə etmişdir. İddiaçı bu bildirişlərə istinad edərək, cavabdehdən 4040 manat pulun tutulmasını tələb edir. Məhkəmə Kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Bu baxımdan, Kollegiya qeyd edir ki, iddiaçı tələbinin əsasını təşkil edən halları, yəni cavabdehin qeyd edilən MMC-də işlədiyini, özünün həmin MMC-dən mal aldığını və buna görə MMC-nin nümayəndəsi kimi cavabdehə pul verdiyini və iddia etdiyi digər halları sübutetmə yükünü daşıyır, lakin, o, bu halı əsaslandıra, bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. İddia tələbinin əsası kimi istinad edərək məhkəməyə təqdim etdiyi Cavabdeh “xxxx” ASC-də olan hesabına pul köçürməsi barədə bildirişlər isə kserosurət olmaqla, onların nə əsli, nə də ki, “xxxx” ASC-dən müvafiq çıxarışları təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinin tələblərinə görə, lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Göründüyü kimi iddiaçı tələbini əsaslandıra bilməmişdir. Göstərilənlərə əsasən Kollegiya hesab edir ki, iddia tələbində göstərilənlər sübuta yetirilmədiyindən, iddia tələbi rədd edilməlidir. Apelyasiya şikayətində iddiaçı iddia ərizəsində göstərilənləri qeyd etmiş, hər hansı konkret dəlillərə istinad etməmiş, ümumi sözlərlə fikrini ifadə etmiş, tələbinin əsaslı olmasını təsdiq edəcək hər hansı bir halı göstərməmişdir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçının apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4100/2020 saylı iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı qarşı “pul tələbinə dair” dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar