Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2398/2024 24.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh5 qarşı mülki iş üzrə (Açar sözlər: mənzildən çıxarılma və s.) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-202/2024 nömrəli, 29 yanvar 2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları
1. Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentini Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi 107 saylı MKİS-nin 19 aprel 2022-ci il tarixli məktubundan görünür ki, Biləcəri qəsəbəsi, məhəllə 5035, ev 2, mənzil 45 ünvanında 1992-ci il tarixdən Şuşa şəhərindən məcburi köçkün ailəsi tərəfindən zəbt olunub və hazırda mənzildə Cavabdeh4, Cavabdeh2, X5, Cavabdeh3, Cavabdeh1, X4 yaşayır.
2. Şuşa Rayon İcra Hakimiyyətinin Başçısının 30 mart 2023-cü il tarixli cavab məktubundan görünür ki, Cavabdeh4, Əhmədzadə Ziba, Cavabdeh3 ünvan 2 ünvanında, Lelya Asif qızı isə ünvan 3mi olaraq qeydiyyatdadırlar. Eyni zamanda “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramına” uyğun olaraq bütün Şuşa şəhər qeydiyyatında olan vətəndaşlar mərhələli şəkildə öz evlərinə qayıdacaxlar, ancaq qeyd edilən şəxslərin hansı zaman aralığında qayıdacaqları barədə rəsmi məlumat yoxdur.
3. Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin xx.xx.2023-cü il tarixli müraciətə cavab məktubunda qeyd edilmişdir ki, Şuşa rayonundan məcbur köçkünlər Asif, Ziba, Leyla, Elvin Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5035-ci məhəllədə yerləşən 2 saylı evin 45 nömrəli mənzilində müvəqqəti məskunlaşmışdır. Cavabdeh2 Sadıq qızının mülkiyyətində mənzil olduğu aşkar edilmişdir. Ərazilər işğaldan azad olunanadək Komitə tərəfindən məcburi köçkünlərin müvəqqəti yaşayış sahəsi ilə təmin edilməsi Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman, sərəncam və bu sahədə qəbul olunmuş Dövlət Proqramına əsasən həyata keçirilmişdir. Növbəti mərhələlərdə həmin ərazilərdə infrastruktur və daimi yaşayış yerləri inşa edilməklə, bütün məcburi köçkünlər, o cümlədən Şuşa rayonundan məcburi köçkün Cavabdeh4 ailəsi də uzun illər yaşadıqları mənzilləri və ictimai binaları tərk edərək işğaldan azad olmuş öz doğma yurduna köçürüləcəkdir. Hal-hazırda bununla bağlı işlər aparılmaqdadır və Böyük qayıdışla bağlı Şuşa şəhərindən olan məcburi köçkün ailələrinin köçürülməsi isə cari il üçün nəzərdə tutulmuşdur.
4. 30.06.2022-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən hədiyyə verən X7 ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 49.64 kv/m olan 2 otaqlı mənzili qardaşı oğlu İddiaçı bağışlamışdır.
5. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən daşınmaz əmlak xx.xx.2022-ci il tarixdə İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır.
6. Qiymətləndirmə və Consulting Mərkəzinin xx.xx.2023-cü il tarixli arayışına görə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5035-ci məhəllə ünvanında yerləşən 2 otaqlı mənzillərin hazırki tarixə orta aylıq kirayə dəyəri 350-400 manat təşkil edir.
7. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli Hesabatından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5035-ci məhəllədə yerləşən və ümumi sahəsi 52.95 kv.m olan 2 saylı evin 45 saylı mənzilin xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddətdə kirayə haqqı 350 manat təşkil edir.
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/6818 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5035-ci məhəllədə yerləşən və ümumi sahəsi 52.95 kv.m olan 2 saylı evin 45 saylı mənzilin icarə haqqının orta bazar qiyməti 250 manat təşkil edir. Ekspertiza tədqiqatının dəyəri 60 manatdır.
9. Elektron informasiya sistemindən sorğulanmış məlumatlardan görünür ki, Cavabdeh2 müıliyyətində Abşeron rayonu, Masazır kəndində 0.03 ha torpaq sahəsi və ünvan 6 ünvanda 2 otaqlı mənzil vardır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi 5035-ci məhəllədə yerləşən 2 saylı evin 45 saylı mənzilinin boşaldılaraq iddiaçıya təhvil verilməsi, cavabdehlərin mənzildən çıxarılması, iddiaçının mənzilə köçürülməsi, cavabdeh tərəfin xx.xx.2022-ci il tarixdən iddiaçının mülkiyyətində olan mənzildən istifadə etməsi nəticəsində əsassız varlanmaya görə həmin tarixdən qətnamə icra olunan tarixinədək hesablanmaqla cavabdehlərdən müştərək qaydada hər ay üçün 400 manat pulun və ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi məhəllə 5035, ev 2 mənzil 45 İddiaçı mülkiyyətindədir və sözügedən əmlaka dair mülkiyyət hüquqları xx.xx.2022-ci ildə dövlət qeydiyyatına alınmış, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən bununla bağlı Çıxarış verilmişdir. Cavabdehlər Şuşa şəhərindən məcburi köçkün olaraq iddiaçıya məxsus mənzildə yaşayırlar və dəfələrlə şifahi xəbərdarlıq edilmələrinə baxmayaraq mənzili könüllü şəkildə boşaltmaqdan və təhvil verməkdən imtina edirlər. İddiaçının qanunla qorunan mülkiyyət hüquqları pozulduğundan mənzilin məcburi şəkildə boşaldılması zərurəti yaranmışdır. Şuşa rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, cavabdehlər ünvan 7 ünvanda daimi qeydiyyatdadırlar, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramına” uyğun olaraq bütün Şuşa şəhər qeydiyyatında olan vətəndaşlar, həmçinin hazırki iş üzrə cavabdehlər mərhələli şəkildə öz evlərinə qayıdacaqlar. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Şuşa şəhərindən məcburi köçkünlər – Cavabdeh4, Cavabdeh2 Sadıq qızı, X5 və Cavabdeh3 məcburi köçkünlərin sıx məskunlaşma obyekti olan Bakı şəhəri Biləcəri qəsəbəsi 5035-ci məhəllədə yerləşən 2 saylı evin 45 nömrəli mənzilində müvəqqəti məskunlaşmışlar. Cavabdeh2 Sadıq qızının mülkiyyətində mənzil olduğu aşkarlanmışdır. Bütün məcburi köçkünlər, o cümlədən Cavabdeh4 ailəsi də uzun illər yaşadıqları mənzilləri və ictimai binaları tərk edərək işğaldan azad olunmuş doğma yurduna köçürüləcəklər. Böyük Qayıdışla bağlı Şuşa şəhərindən olan məcburi köçkün ailələrinin köçürülməsi cari il üçün nəzərdə tutulmuşdur. 107 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli 14 saylı arayışından görünür ki, sözügedən mənzil məcburi köçkün ailəsi tərəfindən zəbt olunub və yaşayırlar, mənzil İddiaçı mülkiyyətindədir. Bundan başqa, hesab edirik ki, mənzilə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alındığı tarixdən, yəni xx.xx.2022ci il tarixdən hazırki tarixədək olan dövr üzrə hüquqi əsas olmadan, qanunsuz iddiaçının mənzilində məskunlaşdıqlarına görə cavabdehlərdən iddiaçının xeyrinə pul tutulmalıdır. Belə ki, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli QCM/011/23 saylı məktubundan görünür ki, mənzilin yerləşdiyi ərazidə 2 otaqlı mənzillərin hazırki tarixə orta aylıq kirayə dəyəri 350- 400 manat təşkil edir.
12. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-202/2024 nömrəli, 29 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakim İlkin Əliyev) iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi 5035-ci məhəllədə yerləşən 2 saylı evin 45 saylı mənzilindən çıxarılması, mənzilin boşaldılaraq İddiaçı təhvil verilməsi, İddiaçı həmin mənzilə köçürülməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 xx.xx.2023cü ildən qətnamənin mənzildən çıxarılması hissəsi icra olunduğu tarixədək hər ay 250 manat məbləğində vəsaitin müştərək qaydada İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 manat məbləğində vəsaitin cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçıya, ekspertiza xərcinin əvəzi qismində isə 60 manat məbləğində vəsaitin cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 157.2, 157.5-ci maddələrinə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.3, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
14. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin mənzildən çıxarılma hissəsi icra olunduğu tarixədək hər ay 250 manat məbləğində vəsaitin tutulması hissəsində ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlər Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsi, 5035-ci məhəllədə yerləşən 2 saylı evin 45 saylı mənzilə məcburi köçkün olaraq Şuşa rayonundan köçmüş, orada yaşayırlar. Cavabdehlər mənzilə köçdüyü zaman mənzil tamamilə təmirsiz olubdur. Demək olar ki, mənzildə yalnız divarlar mövcud idi. Mənzilin tavanından mütəmadi yağış suların sızması baş verirdi . Mənzilin damına dəfələrlə tol çəkilmiş, qır vurulmuşdur. Mənzildə heç bir təmir işləri olmadığından demək olar ki sıfırdan təmir edilməli olmuş, bunun üçün həm inşaat materialları və məişət avadanlıqları, həm də təmir işlərinin görülməsi üçün usta xidmətinin ödənişləri ödənmişdir. Lakin Binəqədi rayon məhkəməsi ekspertizanın qarşısında sual qoyduğu halda mənzili hazırki vəziyyətdə qiymətləndirməsini xahiş edib. Ekspertiza isə mənzili 250 manat dəyərində qiymətləndirir. Mənzil təmirsiz olduğu halda nəinki kirayə haqqının müəyyənləşdirməsi mümkünsüzdür, hətta belə yaşayışa yararsız olmuşdur. Bu səbəbdən ekspertizanın qarşısında mənzilin tam təmirsiz vəziyyətdə kirayə haqqının bazar qiymətinin müəyyən edilməsi barədə sual qoyulmalı idi. Mənzilin qiymətləndirməsi dəqiq deyil, çünki, mənzilə baxış keçirildiyi zaman mənzildə olan məişət avadanlıqlarla və digər mebellə birgə qiymətləndirilib və nəticədə qeyri-obyektiv 250 manat kirayə haqqının dəyəri müəyyənləşmişdir. Bundan başqa mənzildə olan təmirlə və məişət avadanlıqları, usta xidmətinə görə ödənilən ödənişlərlə iddaiçının tələb etdiyi kirayə haqqı əvəzləşdirilməli idi. Məhkəmə məsələyə səthi yanaşıb. Məhkəmə zamanı mübahisəli mənzilin qiymətini 180 manat müəyyən edən qiymətləndirməni məhkəməyə təqdim edilsə də, ona dair hüquqi qiymət verilməyib və qətnamədə də bu barədə məhkəmənin hüquqi qiymətini müəyyən edən hallar bildirilməyib.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
17. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdehin həm Xankəndi şəhərində, həm də Şuşa şəhərində mənzili var, eyni zamanda onun iş yeri Xankəndi şəhərindədir. Bakı şəhəri Nəsimi rayonunda yerləşən 2 otaqlı mənzil onun mülkiyyətində olsa da, faktiki olaraq başqa şəxs yaşayır.
18. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdehin Bakı şəhərinin Nəsimi rayonunda 2 otaqlı, sahəsi 50 kv.metr olan mənzili, həmçinin Masazır qəsəbəsində 3 sot torpaq sahəsi vardır.
19. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iş üzrə digər cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş və səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyası
20. 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
21. 29-cu maddəsinə əsasən Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
22. Azərbaycan Respublikasının tərafdar çıxdığı İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
23. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
24. Maddə 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları kimi nəzərdə tutulmuşdur.
25. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
26. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
27. Maddə 152.1 mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
28. Maddə 157.2 mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
29. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
33. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
34. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
35. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
36. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
39. Hazırki halda, cavabdeh apellyasiya şikayətində qətnamənin qismən ləğv edilməsini və iddia tələbinin mənzildən çıxarılma hissəsi icra olunduğu tarixədək hər ay 250 manat məbləğində vəsaitin tutulması hissəsində rədd edilməsini xahiş etdiyindən, iddia tələbi təmin olunmayan hissədə iddiaçı tərəfindən mübahisələndirilmədiyindən qətnamə yalnız “mənzildən çıxarılma hissəsi icra olunduğu tarixədək hər ay 250 manat məbləğində vəsaitin tutulması” hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-202/2024 nömrəli, 29 yanvar 2024-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
41. Kollegiya ilkin olaraq qeyd edir ki, hazırkı halda mənzilin iddiaçının mülkiyyətində olması, mənzilin cavabdehlərin qanunsuz sahibliyindən alınaraq iddiaçıya təhvil verilməsi, mənzilin mülkiyyətçisinin iddiaçı olduğuna dair cavabdehlərin məhkəmə mübahisəsinə qədər məlumatsız olması və əmlaka sahibliyin qanunsuz olduğundan xəbərdar olmamaları işin mübahisələndirilməyən hallarına aiddir.
42. Kollegiya bildirir ki, işin mübahisələndirilən halı cavabdehlər tərəfindən xx.xx.2023-cü il tarixdən mənzildən çıxanadək, yəni qətnamə mənzildən çıxma hissəsində icra edilənədək iddiaçıya vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlıdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən vurulmuş zərərin həcmi hər ay üçün 250 manat məbləğində müəyyən edilmiş və iş materiallarına əlavə edilmiş mənzilin aylıq kirayə haqqının müəyyən edilməsi barədə 2 mütəxəssis rəyi və 1 ekspert rəyi ilə əsaslandırılmışdır.
43. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnamənin yoxlanılan hissəsində iddia tələbinin qismən təmin olunmasına dair mövqeyi düzgündür.
44. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsaslı sayıla və təmin oluna bilməz. Belə ki, cavabdeh tərəfindən mənzilin aylıq kirayə haqqının 250 manat olması mübahisələndirilsə də, bu halla bağlı heç bir təkzibedici fakt təqdim olunmamışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/6818 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5035-ci məhəllədə yerləşən və ümumi sahəsi 52.95 kv.m olan 2 saylı evin 45 saylı mənzilin icarə haqqının orta bazar qiyməti 250 manat təşkil edir. Həmçinin, iş materiallarında olan Qiymətləndirmə və Consulting Mərkəzi və "xxxx" MMC tərəfindən təqdim olunmuş ayrı-ayrı arayışlara əsasən mənzilin icarə haqqının orta bazar qiyməti 350-400 manat müəyyən olunmuşdur.
45. Apellyasiya şikayətinin dəlili olan cavabdehin təqdim etdiyi və mənzilin icarə haqqının orta bazar qiymətinin 180 manat olması ilə bağlı ekspert rəyinə qətnamədə hüquqi qiymət verilməməsinə münasibətdə kollegiya qeyd edir ki, iş materiallarında sözügedən sənəd aşkarlanmadığından birinci instansiya məhkəməsi tərəfindən yalnız iş materiallarına əlavə olunmaq üçün təqdim edilmiş ekspert və mütəxəssis rəylərinə istinad olunması qanunidir. Həmçinin birinci instansiya məhkəməsi tərəfindən qeyri-obyektiv və birtərəfli yanaşmanın olması ilə iddiaçının təqdim etdiyi sübutların əsas götürülməsi dəlili ilə bağlı nəzərə alınmalıdır ki, həmin rəylərdə müəyyən olunan mənzilin aylıq icarə haqqı 350-400 manat olduğu halda, məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/6818 nömrəli ekspert rəyini daha mötəbər və əsaslı hesab etdiyindən iddia tələbini yoxlanılan hissədə qismən təmin etmişdir. Göründüyü kimi apellyatorun dəlilləri işin halları ilə təkzib olunur.
46. Kollegiya apellyasiya şikayətinin dəlili olan mənzilin təmir xərcinin aylıq kirayə haqqı ilə əvəzləşdirilməsinə münasibətdə ilk növbədə qeyd edir ki, mənzilin apellyasiya şikayətində qeyd olunduğu kimi təmirsiz olması və onun təmirinə cavabdehlər tərəfindən maddi vəsait sərf olunması ilə bağlı hər hansı sübut təqdim olunmamışdır. Həmçinin, nəzərə alınmalıdır ki, hazırkı halda mənzil mülkiyyətçiyə qaytarılmadığı müddət ərzində iddiaçı, əldə edə biləcəyi gəlirdən məhrum olduğundan apellyasiya şikayətinin qeyd olunan dəlili əsaslı qəbul oluna bilməz.
47. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı yoxlanılan hissədə qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.
49. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
50. Kollegiya hesab edir ki, hazırkı halda apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyator tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir.
51. Məhkəmə kollegiyası həmçinin izah edir ki, qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan qətnamədən Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
52. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-202/2024 nömrəli, 29 yanvar 2024-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.