Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2404/2022 01.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı5, İddiaçı2 və İddiaçı4 cavabdehlər Cavabdeh1-ya və Cavabdeh3-yə qarşı “qanunsuz qurğunun sökülməsi, qeyri yaşayış sahəsinin layihətexniki sənədlərinə uyğun istismar edilməsi və sair” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 yanvar 2022-ci il tarixli 2(011)-554/2021 saylı qərardadından Cavabdeh3 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və qeyriləri cavabdehlər Cavabdeh1-ya və Cavabdeh2a qarşı Bakı şəhəri İcra Hakimiyyətinin, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin 3-cü Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin də üçüncü şəxs qismində cəlb olunduqları “qanunsuz qurğunun sökülməsi, qeyri-yaşayış sahəsinin layihə-texniki sənədlərinə uyğun istismar edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06.10.2021-ci il tarixli 2(011)-554/2021 nömrəli qətnaməsinə əsasən iddia təmin edilməmişdir. Qətnamədən narazı qalan iddiaçılar apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdirlər. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-554/2021 saylı, 09.12.2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sisteminin vasitəsilə verilmədiyindən geri qaytarılmışdır. Qərardaddan narazı qalan iddiaçılar İddiaçı1 və qeyrilərinin nümayəndəsi və eyni zamanda vəkili X1 şikayət verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 554/2021 saylı 09 dekabr 2021-ci il tarixli qərardadının ləğv edilərək, apellyasiya şikayətinin ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdirlər. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-554/2021 saylı, 07 yanvar 2022-ci il tarixli qərardadı ilə iddiaçılar İddiaçı1 və qeyrilərinin nümayəndəsi və eyni zamanda vəkili X1 tərəfindən verilmiş şikayət təmin olunmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-554/2021 saylı 09 dekabr 2021-ci il tarixli qərardadı ləğv edilmiş, iddiaçılar tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-554/2021 saylı 06 oktyabr 2021ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinin mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardaddan narazı qalan Cavabdeh3 şikayət verərək, həmin qərardadın ləğv edilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-554/2021 saylı 09 dekabr 2021-ci il tarixli qərardadından verilmiş kağız daşıyıcıda şikayətin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad qanunvericilik normalarının düzgün tətbiq edilməməsi nəticəsində qəbul edildiyindən qanunsuz və əsassızdır. Belə ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-554/2021 saylı 09 dekabr 2021-ci il tarixli qərardadı ilə verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər qanuni və əsaslı şəkildə geri qaytarılmışdır. Verilmiş apellyasiya şikayəti 2021-ci ilin oktyabr 1-dən qüvvəyə minmiş prosessual qaydaları kobud şəkildə pozulmaqla verilmişdir. Şikayətçinin 28 noyabr 2021-ci il tarixdə göndərdiyi elektron şikayəti (Əlavə 2-Apellyasiya şikayətinin forması) formasında verilməmiş, şikayət Azərbaycan Respublikası MPM-nin 361-ci maddəsinin tələblərinə cavab verməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 fevral 2022-ci il tarixli, 2(011)-554/2021 saylı qərardadına əsasən şikayətin təmin edilməmiş və şikayətin baxılması üçün işlə birlikdə Bakı Apellyasiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli və apellyasiya şikayəti yenidən Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, birinci instansiya məhkəməsinin 07 yanvar 2022-ci il tarixli qərardadında qeyd olunur ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06.10.2021-ci il tarixli 2(011)- 554/2021 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayəti ilk əvvəl elektron qaydada verilməsə də, daha sonra elektron qaydada tərtib edilərək elektron məhkəmə informasiya sisteminə əlavə edilmişdir. Bu səbəbdən də şikayətin təmin edilməsi və iddiaçılar tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-554/2021 saylı 06 oktyabr 2021ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinin mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğunluğu yoxlanarkən qeyd edilən normanın bütün tələblərinə uyğun olması yoxlanılmalıdır. İşdən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-554/2021 saylı 06 oktyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti 28.11.2021-ci il tarixdə elektron kabinet vasitəsilə məhkəmənin elektron informasiya sisteminə daxil edilmişdir. Lakin apellyasiya şikayəti MPM-nin normalarının tələblərinə cavab vermir. Belə ki, oktyabrın 1-dən qüvvəyə minmiş MPM-nin 361.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 2 saylı Əlavədə müəyyən olunmuşdur). Belə olan halda isə iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinin mülkiprosessual qanunvericiliyə uyğunluğu yenidən yoxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Həmin Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 399, 402, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh3 tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 yanvar 2022-ci il tarixli, 2(011)-554/2021 saylı qərardadı ləğv edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-554/2021 saylı, 06 oktyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti mülki işlə birlikdə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-2404/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2404/2022
01.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver