Məhkəmə qərarları › İş №2(103)-2406/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2406/2020

29.07.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2406/2020 29.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası Hakimlər Cəmilova Xəyalə Adil qızının sədrliyi və məruzəsi ilə, Tağızadə Mirzə Nəsib oğlu və Mayılov Ülvi Arif oğlundan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1, Cavabdehlər Cavabdeh1 nümayəndəsi X1, Cavabdeh2 nümayəndəsi Məmmədov Məmmədova (Xəlilova) Ülviyyə Bayram qızının iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh3nə, Cavabdeh1nə, Cavabdeh2nə qarşı “hərracın və onun nəticələri barədə protokolun etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışın ləğv edilməsi və mülkiyyət hüquqlarının bərpa edilməsi” tələbinə dair iddiası üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin qəbul etdiyi 2(004)-3461/2018 saylı xx xxx 2018-ci il tarixli qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə xx xxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh3nə, Cavabdeh1nə, Cavabdeh2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC tərəfindən Xaçmaz rayonu, Muxtadır qəsəbəsi, M.Ə.Rəsulzadə küçəsindəki 0,06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı 38,7 kv.m. yaşayış sahəsi, 18,5 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evi barəsində keçirilmiş hərracın və hərracın nəticələri barədə protokolun etibarsız hesab edilməsi, həmin nəticə əsasında verilmiş cıxarışın ləğv edilməsi və həmin əmlaka mülkiyyət hüquqlarının bərpa edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxxxxx” KB ASC onlara qarşı kreditin, kredit faizlərinin tutulması və digər tələblərlə məhkəməyə müraciət etmişdir. Yasamal rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(004)-496/2015 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş və onlardan 18.460,54 ABŞ dolları məbləğində vəsaitin “xxxxxxx” KB ASC-nin xeyrinə tutulması, tutmanın Xaçmaz rayonu, Muxtadır qəsəbəsi, M.Ə.Rəsulzadə küçəsindəki 0,06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı 38,7 kv.m. yaşayış, 18,5 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin 32.000 manata qiymətləndirilməsi qət edilmişdir. Həmin qətnamədən onlar tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellaysiya Məhkəməsinin 2(103)-2989/2016 saylı xx.xx.2016-cı il tarixliqətnaməsi ilə təmin edilməmişdir. İddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş və əlavə olaraq ipoteka predmeti olan fərdi yaşayış evi hərracda satıldıqdan sonra İddiaçı2 və İddiaçı1 ən geci 1 ay ərzində çıxarılması qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini alaraq Cavabdeh3nə icra üçün yönəldilmişdir. Yasamal rayon icra şöbəsinin sifarişi əsasında həmin fərdi yaşayış evinin açıq hərrac vasitəsilə satışı Cavabdeh1 MMC-yə tapşırılmışdır. Satılmalı olan əmlak Xaçmaz rayonu ərazisində olduğundan icra işi Cavabdeh3 tərəfindən aidiyyəti üzrə Xaçmaz rayon icra və probasiya şöbəsinə göndərilmişdir. Bu səbəbdən Cavabdeh3 tərəfindən xx.xx.2017-ci il tarixdə Cavabdeh1 MMC-yə dayandırma məktubu göndərilmiş və bu məktub MMC tərəfindən qəbul edilmişdir. Lakin Cavabdeh1 MMC xidmət göstərən təşkilat olmaqla sifarişçinin tələblərini icra etməmiş, əmlakı açıq hərraca çıxararaq hərracı keçirmişdir. Əmlak ucuz qiymətə “xxxxxxx” KB ASC-nin balansına qəbul edilmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-3461/2018 saylı xx xxx 2018-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçılar İddiaçı2 və İddiaçı1 oğlu apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual qanun pozuntuları ilə çıxarıldığı üçün ləğv edilməlidir. Belə ki, ipoteka predmeti Xaçmaz rayonu ərazisində yerləşdiyi üçün Cavabdeh3 tərəfindən icra sənədi Xaçmaz rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Cavabdeh1nə hərracın dayandırılması barədə məktub göndərilmişdir. Lakin bunlar birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9351/20018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi və Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-3461/2018 saylı xx xxx 2018-ci il tarixli qətnaməsinindəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-7747 saylı xx.xx.2019-cu il tarixli qərarı ilə kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9351/20018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-7747 saylı xx.xx.2019-cu il tarixli qərarında göstərilmişdir ki, apellyasiya intansiyası məhkəməsi tərəfindən iş üçün əhəmiyyətli olan bütün halları araşdırılmamış və bunun nəticəsində maddi və prosessual hüquq normalarının pozuntusu ilə qətnamə çıxarılmışdır. Belə ki, Xaçmaz rayonu, Muxtadır qəsəbəsi, M.Ə.Rəsulzadə küçəsində 0,06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı 38,7 kv.m. yaşayış, 18,8 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evinin hərracda satışı ilə bağlı elanlar verilsə də, satış üçün açıq hərracın keçirilməsi barədə bildirişin iddiaçılar İddiaçı2 və İddiaçı1 verilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Həmçinin hərracın dayandırılması barədə Yasamal İcra şöbəsinin məktubunun olmasına baxmayaraq iddiaçıların mülkiyyətində olan evə münasibətdə qanunla müəyyən olunmuş qaydaları pozmaqla hərrac keçirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kasassiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bu baxımdan hazırki işə apellyasiya qaydasında yenidən baxılması son olaraq xx.xx.2020-ci il tarixə təyin edilmişdir. Həmin tarixdə keçirilən məhkəmə iclasında cavabdeh Yasamal rayon İcra və İrobasiya şöbəsi icra məmurunun iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İşdə iştirak edən şəxslər hazırki işə Cavabdeh3 icra məmurunun iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələbinə görə işə Cavabdeh3 icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışı zamanı iddaçılar İddiaçı2 və İddiaçı1 apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmədən xahiş etdilər. Cavabdeh1 nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək izahatında bildirmişdir ki, iddiaçıların apellyasiya instansiya məhkəməsinə təqdim etdikləri MMC-nin 200 saylı xx.xx.2020-ci il tarixli “bildirişlərin etibarsız hesab edilməsi və hərracın nəticələri barədə 01 saylı xx.xx.2017-ci il tarixli protokolun ləğv edilməsinə etiraz edilməməsi” barədə məktubu MMC qəbul etmir, belə ki, həmin məktub iddiaçının xahişi əsasında verilmişdir. Bununla bağlı apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Digər Cavabdeh2 nümayəndəsi Məmmədova (Xəlilova) Ülviyyə Bayram qızı apellyasiya şikayətinə etiraz edərək izahatında bildirmişdir ki, hərrac düzgün keçirilmiş, onun nəticələrinin etibarsız hesab edilməsi üçün hər hansı əsas yoxdur. Bununla bağlı nümayəndə apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsindən görünür ki, “xxxxxxx” KB ASC-nin İddiaçı2 və İddiaçı1 qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə iddiası qismən təmin edilərək, İddiaçı2 və İddiaçı1 müştərək qaydada cəmi 18.460,54 ABŞ dolları məbləğində pul vəsaitinin “xxxxxxx” KB ASC-nin xeyrinə tutulması, Xaçmaz rayonu, Muxtadır qəsəbəsi, X5 küçəsindəki İddiaçı2 mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı 38,7 kv.m. yaşayış, 18,5 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiymətinin 32.000 manat dəyərində qiymətləndirilərək, tutmanın həmin fərdi yaşayış evinə yönəldilməsi və evin açıq hərracda satılması, satışdan əldə olunmuş məbləğin kredit məbləğinin ödənilməsinə yönəldilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 2989/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsi ilə İddiaçı2 və İddiaçı1 apellyasiya şikayətinin təmin edilməməsi, “xxxxxxx” KB ASC-nin apellyasiya şikayətinin isə qismən təmin edilərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsinin qismən, yəni ipoteka predmeti açıq hərracdan satıldıqdan sonra Xaçmaz rayonu, Muxtadır qəsəbəsi, X5 küçəsindəki 0,06 ha torpaq sahəsinin və üzərində yerləşən fərdi yaşayış evinin ən geci 1 ay ərzində boşaldılmasına dair iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələbinin təmin edilməsi, Xaçmaz rayonu, Muxtadır qəsəbəsi, X5 küçəsində yerləşən 0,06 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqdan ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər İddiaçı2 və İddiaçı1 həmin evdən çıxarılması, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsinin qalan hissədə dəyişdirilmədən saxlanması qət edilmişdir. Cavabdeh3 61532 və 314650 nömrəli icra işi materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2989/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsi xx.xx.2016-cı il tarixdə qanuni qüvvəyə minmiş və xx.xx.2017-ci il tarixdə icra vərəqəsi verilərək, icra edilməsi üçün Bakı şəhəri Yasamal rayon icra şöbəsinə göndərilmişdir. Qeyd olunan icra vərəqəsi üzrə Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Anar Əyyubov tərəfindən xx.xx.2017-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrası haqqında İddiaçı1 bildiriş göndərilmişdir. Yasamal rayon icra şöbəsinin xx.xx.2017-ci il tarixli məktubu ilə Cavabdeh1 MMC-yə Xaçmaz rayonu, Muxtadır qəsəbəsi, X5 küçəsindəki İddiaçı2 mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 32.000 manat olmaqla açıq hərrac vasitəsi ilə satışının təşkil edilməsi barədə sifariş verilmiş, eyni zamanda həmin məktubun surəti ipoteka qoyan İddiaçı2 göndərilmişdir. İşdə olan Yasamal rayon icra şöbəsinin xx.xx.2017-ci il tarixli məktubundan görünür ki, icra sənədi üzrə hərrac vasitəsi ilə satılmalı olan əmlak Xaçmaz rayonunda yerləşdiyindən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2989/2016 saylı xx.xx.2016-cı il tarixli icra vərəqəsi icra edilməsi üçün Xaçmaz rayon icra şöbəsinə göndərilmişdir. Yasamal rayon icra şöbəsi icra vərəqəsinin Xaçmaz rayon icra şöbəsinə göndərildiyi qeyd olunan və bu səbəblə hərracın dayandırılmasının xahiş olunduğu xx.xx.2017-ci il tarixli məktubu Cavabdeh1 MMC-yə ünvanlamışdır. Xaçmaz rayon icra şöbəsinin 1391 saylı xx.xx.2017-ci il tarixli məktubundan görünür ki, icra vərəqəsində göstərilən ipoteka predmetinin satılması üçün Yasamal rayon icra şöbəsi Cavabdeh1 MMC-yə sifariş vermiş, Cavabdeh1 MMC-nin xx.xx.2017-ci il tarixli hərracın yekunlaşması barədə protokoluna əsasən icra vərəqəsində göstərilən ipoteka predmeti barədə hərrac yekunlaşdığından, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2989 saylı xx.xx.2016-cı il tarixli icra vərəqəsi Yasamal rayon icra şöbəsinə geri qaytarılmışdır. Yasamal rayon icra şöbəsinin sifarişi, Cavabdeh1 MMC-nin təşkilatçılığı ilə İddiaçı2 və İddiaçı1 məxsus Xaçmaz rayonu, Muxtadır qəsəbəsi, M.Ə.Rəsulzadə küçəsində 0,06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı 38,7 kv.m. yaşayış, 18,8 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evi 32.000 manat ilkin satış qiyməti ilə xx.xx.2017-ci il tarixdə hərraca çıxarılmış, ilkin hərrac baş tutmadığından, çıxarılmış, lakin təkrar hərrac da baş tutmadığından, əmlak “xxxxxxx” KB ASC tərəfindən təkrar hərracdakı qiyməti 25% endirilməklə, 20.400 manata alınmış, bu barədə xx.xx.2017-ci il tarixdə 01 nömrəli hərracın nəticələri haqqında yekun protokol tərtib olunmuş və elə həmin tarixdə hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Açıq hərracın keçirilməsinə dair bildirişlərdən və poçt qaimələrindən görünür ki, xx.xx.2018-ci il tarixdə, xx.xx.2018-ci il tarixdə Xaçmaz rayonu, Muxtadır qəsəbəsi, M.Ə.Rəsulzadə küçəsində 0,06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin satışı üçün açıq hərracın keçirilməsi barədə Yasamal rayon İcra şöbəsinə, tələbkar “xxxxxxx” KB ASC-yə, borclu İddiaçı2 bildirişlər göndərilmişdir. 065 (3816) nömrəli 15-xx xxxxx 2017-ci il tarixli, 097 (3848) nömrəli xx.xx.2017-ci il tarixli “Kaspi” qazetinin buraxılışlarının surətlərindən görünür ki, Xaçmaz rayonu, Muxtadır qəsəbəsi, M.Ə.Rəsulzadə küçəsində 0,06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı 38,7 kv.m. yaşayış, 18,8 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evinin hərracda satışı ilə bağlı elanlar verilmişdir. Lakin iddiaçıların iddia tələblərinin əsası kimi istinad etdikləri və apellyasiya şikayətində göstərdikləri dəlil ondan ibarət olmuşdur ki, onlar hərracın keçirilməsi ilə bağlı məlumatlandırılmamışlar, Cavabdeh3 tərəfindən icraatın dayandırılması barədə məktub göndərilməsinə baxmayaraq, Cavabdeh1 MMC qeyd olunan məktubu nəzərə almamış və hərracı keçirmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələrinə istinad edərək, iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə hərracın keçirilməsinin ümumi qaydaları müəyyən edildiyi halda, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunu ilə borcun ipoteka predmetinə yönəldilməsi məqsədilə keçirilən hərracın xüsusiyyətləri nəzərə alınmaqla qaydalar müəyyən edilmişdir. Qeyd olunmalıdır ki, Cavabdeh1 MMC-nin təşkilatçılığı ilə iddiaçılara məxsus fərdi yaşayış evi 32.000 manat ilkin satış qiyməti ilə xx.xx.2017-ci il tarixdə hərraca çıxarılmış, ilkin hərrac baş tutmadığından “İpoteka haqqında” Qanunun 43.5-ci maddəsinə əsasən ilkin satış qiyməti 15% endirilərək 27200 manat olmaqla, xx.xx.2017-ci il tarixdə təkrar hərraca çıxarılmış, lakin təkrar hərrac da baş tutmadığından əmlak “xxxxxxx” KB ASC tərəfindən “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən təkrar hərracdakı qiyməti 25% endirilməklə, 20.400 manata alınmış və bu barədə xx.xx.2017-ci il tarixdə 01 nömrəli hərracın nəticələri haqqında yekun protokol tərtib olunmuş və elə həmin tarixdə hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə bağlanmışdır. İşin mübahisə edilməyən hallarından biri də odur ki, mübahisəli fərdi yaşayış evinin hərracda satışı ilə bağlı elanlar verilmiş və satış üçün açıq hərracın keçirilməsi barədə Yasamal rayon İcra Şöbəsinə, tələbkar “xxxxxxx” KB ASC-yə, borclu İddiaçı2 və İddiaçı1 bildirişlər göndərilmişdir. Yuxarıda da qeyd olunduğu kimi, iddiaçılar hərracın keçirilməsi barədə bildirişlərdən məlumatsız olduqlarını bildirirlər. Mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi invormasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, iş üzrə borcluya və digər şəxslərə hərracın keçirilməsi ilə bağlı lazımi rekvizitlərin göstərildiyi bildirişin göndərilməsi faktı öz təsdiqini tapdığı halda, Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən Qərarındakı hüquqi mövqeyə əsasən həmin bildirişin borclu və digər şəxslərə çatdırılmasını təmin etmək və hərracın keçirilməsini onların məcburi iştirakından asılı etməklə bağlı da hərrac təşkilatçısının üzərinə öhdəlik qoyula bilməz. Odur ki, hərracın keçirilməsi ilə bağlı bildirişlərin iddiaçılara çatdırılmasını təsdiq edən sübutların təqdim olunması ilə bağlı hərrac təşkilatçısının hər hansı vəzifəsi olmadığı üçün həmin sübutların təqdim olunmaması da hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Bundan başqa iddiaçılar bildirirlər ki, Cavabdeh3 xx.xx.2017-ci il tarixli məktubla icra vərəqəsini Xaçmaz rayon İcra Şöbəsinə göndərsə də və icra şöbəsi bu əsasla Cavabdeh1 MMC-dən hərracın dayandırılmasını xahiş etsə də, həmin məktub nəzərə alınmadan MMC tərəfindən hərrac keçirilmiş və nəticədə onlara məxsus əmlak Bankın adına özgəninkiləşdirilmişdir. Bu barədə qeyd olunmalıdır ki, iddiaçıların istinad etdikləri Cavabdeh3 xx.xx.2017-ci il tarixli məktubu göndərilənədək artıq hərrac təşkilatçısı tərəfindən təyin olunmuş birinci hərrac xx.xx.2017-ci il tarixdə baş tutmamış, təkrar hərrac xx.xx.2017-ci il tarixə təyin edilmiş, bu barədə kütləvi informasiya vasitəsində elan verilmiş, həmçinin maraqlı şəxslərə bildirişlər göndərilmişdi. Buna görə də icra şöbəsinin xx.xx.2017-ci il tarixli məktubunun hərrac təşkilatçısı tərəfindən nəzərə alınması artıq mümkünsüz idi. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların göstərdikləri dəlillər əsasında qanuna uyğun keçirilmiş hərracın nəticələri etibarsız hesab oluna bilməz. O ki qaldı apellyasiya baxışı zamanı Cavabdeh1 tərəfindən təqdim edilmiş 200 saylı xx.xx.2020-ci il tarixli məktuba, həmin məktub iddianın etirafı kimi nəzərə alınıb, bu əsasla da iddianın təmin olunması üçün əsas vermir. Belə ki, həmin məktubda göstərilmişdi ki, iddiaçılar tərəfindən Cavabdeh1 MMC-yə xx.xx.2017-ci il tarixdə hərracın dayandırılması barədə Cavabdeh3 tərəfindən göndərilmiş məktub şirkətdaxili struktur dəyişiklikləri nəticəsində itmiş, texniki səhv nəticəsində iddiaçılara məxsus əmlakın hərracın keçirilməsi üçün elan verilmiş və hərrac keçirilmişdir. Bununla bağlı bildirişlərin etibarsız hesab edilməsi və hərrac nəticələri barədə xx.xx.2017-ci il tarixli 01 saylı protokolun ləğv edilməsinə MMC etiraz etmir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə Cavabdeh1 MMC yeganə cavabdeh deyil, belə ki, Cavabdeh3, Cavabdeh2 də digər cavabdehlər kimi iştirak edirlər və onlar tərəfindən iddia qəbul edilməmişdir. MPM-nin 52.2 və 52.5-ci maddələrinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Hazırki işdə Cavabdeh1 MMC-nin iddianı yuxarıda qeyd olunan şəkildə qəbul etməsi digər cavabdehlərin hüquq və mənafeyini pozduğu üçün onun məhkəmə tərəfindən qəbulunu yolverilməz edir. Belə olan halda MMC-nin sözügedən məktubu əsasında iddiaçıların iddia tələbi təmin edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların hərracın keçirilməsindən xəbəri olmuş, onlara bu barədə müvafiq bildirişlər ünvanlanmış, lakin iddiaçılar hərracda iştirak etməmiş, digər tərəfdən, hərrac keçirilərkən hərracın keçirilməsi qaydalarını özündə əks etdirən məcburi göstərişlərin, həmin dövrdə qüvvədə olan normativ hüquqi aktların, ümumiyyətlə qanuvericiliyin tələbləri pozulmadığından hərracın etibarsız sayılmasına dair iddia tələbinin təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Buna baxmayaraq hazırki işdə iddiaçılar iddia tələblərinin əsası kimi istinad etdiyi halları nə sübut edə bilmiş, nə də bu barədə müvafiq sübutları məhkəməyə təqdim edə bilmişlər ki, bununla da sübutetmə vəzifəsini yerinə yetirə bilməmişlər. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olub, MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas yaratmadığından təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-3461/2018 saylı xx xxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı iddiaçılar tərəfindən ödənilmiş 15 (on beş) manat dövlət rüsumu onlara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Ülvi Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar