Məhkəmə qərarları › İş №2(103)-2409/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2409/2025

07.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2409/2025 07.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Səlimova Səadət Rəşid qızından və X1 ibarət tərkibdə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 fevral 2025-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Bakı 9 saylı Mediasiya Təşkilatına qarşı «arayışın etibarsızlığı» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə X2 arasında nikahın pozulması və s. tələbə dair mediasiya prosesinin və xx.xx.2024-cü il tarixli mediasiya arayışının etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-647/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə mülki iş üzrə icraata xitam verilmişdir. Hazırda iddiaçı qərardaddan şikayət vermişdir. Şikayət belə əsaslandırılmışdır ki, sözügedən Yasamal Rayon Məhkəməsinin 2(004)- 4013/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin qanuni qüvvəyə minmədiyini nəzərə alsaq, məhkəmənin mövqeyi hüquqazidd hesab olunmalıdır. Belə ki, qətnamə yalnız qüvvəyə mindikdən sonra hüquqi nəticə doğurur və icra edilir. Yasamal Rayon Məhkəməsinin 2(004)-4013/2024 saylı, xx.xx.2024- cü il tarixli qətnaməsi qanuni qüvvəyə minmədiyindən 9 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli arayışı öz mahiyyətini itirməmişdir. Belə olan halda, hüquqlarının pozulmasına səbəb olan arayışın etibarsızlığını tələb etmək iddiaçının hüququdur. İddiaçının bu tələbinin əsassız olaraq rədd edilməsi onun məhkəmə müdafiəsi hüququnun pozulmasına səbəb olur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsinin iş üzrə icraata xitam verilməsi ilə bağlı mövqeyi əsaslı olmuşdur. Şikayətçinin göstərdiyi hallar mübahisələndirilən qərardadın ləğvi üçün əsas ola bilməz. Belə ki, iş materiallarından görünür ki, iddiaçının hazırda mübahisələndirdiyi arayışda qeyd olunan tələb üzrə hər iki tərəfin iştirakı ilə məhkəmə iclası keçirilmiş və yekun məhkəmə aktı qəbul edilmişdir. Belə olan halda 9 saylı Mediasiya Təşkilatının xx.xx.2024cü il tarixli arayışının etibarlılığının mübahisələndirilməsi ayrıca məhkəmə baxışının predmeti ola bilməz. Qətnamənin məzmunundan göründüyü kimi, birinci instansiya məhkəməsində həmin işə baxılarkən iddiaçı nə mediasiya prosesini, nə də müvafiq mediasiya arayışını mübahisələndirməmişdir. Kollegiya iddiaçıya izah edir ki, iddiaçı sözügedən qətnamədən apellyasiya şikayəti verdiyi halda, arayışın etibarsızlığı ilə bağlı etirazını, eləcə də mediasiya prosesinin düzgün aparılmaması ilə bağlı dəlillərini şikayətə daxil edə bilər. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, “Mediasiya haqqında” Qanunun 16.1-ci maddəsinin tələbinə əsasən mediator bu Qanunun 12.2-ci və 12.3-cü maddələrində nəzərdə tutulan vəzifələrin pozulmasına görə intizam məsuliyyəti daşıyır. Həmin Qanunun 16.3-cü maddəsinin tələbinə görə isə mediatora qarşı intizam tədbirləri Mediasiya Şurasının qərarı ilə tətbiq edilir. Məhkəmə kollegiyası “Mediasiya haqqında” Qanunun adı çəkilən normalarının tələblərini nəzərə alaraq iddiaçıya izah edir ki, o, mediatorun hərəkət və ya hərəkətsizliyindən şikayətlə Mediasiya Şurasına müraciət edə bilər. Mülki prosessual qanunvericiliyə görə iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir (MPM-in 261.0.1-ci maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verməklə qanuni və əsaslı nəticəyə gəlmiş, prosessual hüquq normasını düzgün tətbiq etmişdir. Şikayətin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından açıqaşkar əsassızdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin iş üzrə 26 fevral 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar