Məhkəmə qərarları › İş №2(103)-241/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-241/2024

04.03.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-241/2024 04.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə İddiaçı Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, X5 və Cavabdeh4 qarşı “torpaq sahəsindən və evdən çıxarılma” tələbinə dair ilkin iddia ərizəsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 İddiaçı qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə (Açar sözlər: torpaq sahəsindən və evdən çıxarılma, müqavilənin etibarsızlığı) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X9 (sədrlik edən və məruzəçi), X7 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İlkin iddia ərizəsi üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil2, Qarşılıqlı iddia ərizəsi üzrə Cavabdeh2 nümayəndəsi və vəkili X6 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, X5 və Cavabdeh4 qarşı “torpaq sahəsindən və evdən çıxarılma” tələbinə dair ilkin iddia ərizəsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 İddiaçı qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin e-2(008)-1078/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayəti üzrə mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0.04 ha torpaq sahəsi xx.xx.2010-cu il tarixdə Cavabdeh2 adına qeydiyyatdan keçmişdir.

2. Mübahisə predmeti olan əmlak birgə nikah dövründə alındığından Cavabdeh1 Böyükağa qızının ərizəsi alınmışdır. Ərizədə torpaq sahəsinin bağışlanmasına etiraz etmədiyi qeyd edilmişdir.

3. AN-İ seriyalı ******* nömrəli xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0.04 ha torpaq sahəsini 6.000 manata İddiaçı satmışdır.

4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi 556G ünvanında yerləşən, ümumi sahəsi 87 kv.m olan bağ evi və 0.04 ha torpaq sahəsi xx.xx.2021-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, X2 və Cavabdeh4 qarşı “torpaq sahəsindən və evdən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, X1 və Cavabdeh4 ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi 556G ünvanında yerləşən bağ evindən və 0.04 ha torpaq sahəsindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir

6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi 556G ünvanda 0.04 ha torpaq sahəsində yerləşən bağ evini Cavabdeh2 xx.xx.2020-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında almışdır. Daha sonra isə o, bağ evinə dair mülkiyyət hüquqlarını xx.xx.2021-ci il tarixdə dövlət qeydiyyatına aldırmışdır. Cavabdeh bir neçə ay müddətinə özü üçün alacağı evə köçəcəyi müddətədək ona möhlət verməyini xahiş etmişdir. O da ona bir neçə ay müddətinə möhlət verməyə razı olmuşdur. Hazırda xeyli müddət keçməsinə və dəfələrlə evi tərk etməsini tələb etməsinə baxmayaraq cavabdeh evi ona təhvil vermir. Bununla yanaşı o həmin ünvana ailə üzvlərini, yəni digər cavabdehlər arvadı Cavabdeh1, anası Cavabdeh3, övladları X3 və Cavabdeh4 da qanunsuz gətirmiş və oradan çıxarmır. Onların bu hərəkətlərini onun mülkiyyət hüquqlarının pozulması kimi qiymətləndirir. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, X1 və Cavabdeh4 ona məxsus Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi 556G ünvanda yerləşən bağ evindən və 0.04 ha torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Nəbiyev X4 Ceyhun Nuhi oğluna qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi 556G ünvanında yerləşən 0.04 ha torpaq sahəsinin xx.xx.2020-ci il tarixli alğısatqı müqaviləsinin etibarsız hesab edilməsi və xx.xx.2021-ci il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

8. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, “İCAEALAND CAMAL LTD” şirkətində işləyəndə əmək haqqını anasının xəstə olmasına sərf etdiyinə görə az miqdarda olmaqla borcları yaranmış, şirkət bundan məlumatlı olduğu halda ona heç nə deməmiş, 2020-ci ildə ona 7000 manat borcu yarandığını bildirmiş, sonradan onun şirkətə 17000 manat borcu olsa da, şirkət ona 15000 manata razı olduğunu bildirmişdir. Onun şirkətə olan borcu özünün hesablamasına görə 12000-13000 manatdır. Borcunu ödəmək üçün bankdan kredit almaq istəmiş, lakin bank ona kredit verməmişdir. Ceyhun ona bildirmişdir ki, evi onun mülkiyyətinə keçirsin, o, həmin evin əsasında bankdan kredit alsın, onun borcunu bağlasınlar. Borc ödənildikdən sonra evi yenidən onun mülkiyyətinə qaytaracaqdır. O da razılaşmış, onunla xx.xx.2020-ci ildə “Alğı-satqı” müqaviləsini bağlamış, müqavilədə bağ sahəsinin qiyməti 6000 manat göstərilmişdir. İddiaçı 6000 manatı banka qoymuş, o, həmin pulu götürüb Ceyhuna qaytarmış, bütün xərcləri Ceyhun özü çəkmişdir. Lakin 2022-ci ildə Ceyhun ona şirkətə olan borcu ödəməyini, daha sonra evdən çıxmağını bildirmiş və aralarında mübahisə yaranmışdır. Çünki o, evini Ceyhuna satmamış, aralarında razılaşma olmuşdur. Maştağa qəsəbəsində 0,01 ha torpaq sahəsi 8000 manat olduğu halda, onun 0,04 ha bağ sahəsini İddiaçı 6000 manata satmağı mümkünsüz idi, ev barədə onunla ümumiyyətlə söhbət olmamışdır. Onların bağladığı “Alğı-satqı” müqaviləsi alqı-satqı niyyəti olmadan bağlanmış əhəmiyyətsiz əqddir. Şirkətə olan borcunu ödəyə bilmədiyinə görə razılaşmış, evi ona vermək, satmaq fikri olmamışdır. Əslində şirkətə borcunu ödəmək üçün Ceyhunun onun evinə görə bankdan borc alıb ödəməsi üçün “alğı-satqı”, yəni formal olaraq müqavilə bağlamışdır.

9. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin e-2(008)-1078/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, X2 və Cavabdeh4 qarşı “torpaq sahəsindən və evdən çıxarılma” tələbinə dair ilkin iddiasının rədd edilməsi, Cavabdeh2 İddiaçı qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddiası təmin edilərək, ünvan 2 ünvanında yerləşən 0.04 ha torpaq sahəsinə dair İddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2020-ci il tarixdə 3 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində bağlanmış AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında İddiaçı adına xx.xx.2021- ci il tarixdə verilmiş çıxarışın ləğv edilməsi, məhkəmə xərcləri tərəflərin özlərinə aid edilməsi qət edilmişdir.

10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, işin müəyyən edilmiş hallarından görünür ki, ünvan 2 ünvanında yerləşən 0.04 ha torpaq sahəsinə dair İddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2020-ci il tarixli alğı-satqı müqaviləsi formal tələblərə uyğun bağlansa da, alğı-satqı müqaviləsi bağlanan zaman Cavabdeh2 əsl niyyəti torpaq sahəsini satmaq deyil, Cavabdeh2 müxtəlif şəxslər qarşısında yaranmış borc öhdəliyinin icrasını təmin etmək olmuşdur. Belə ki, İddiaçı Cavabdeh2 mübahisəli torpaq sahəsini onun adına rəsmiləşdirməsini, sonuncunun da torpaq sahəsini banka ipotekaya qoyub kredit alaraq Cavabdeh2 verməsini, Cavabdeh2 borcunu ödədikdən sonra evini qaytaracağını təklif etmişdir. Cavabdeh2 də İddiaçı təklifi ilə razılaşmışdır. Alğı-satqı müqaviləsində torpaq sahəsinin qiyməti Cavabdeh2 borcunun məbləğinə uyğun formal olaraq 6.000 manat göstərilmişdir. Qeyd olunan hallar mübahisəli daşınmaz əmlaka dair bağlanmış alğı-satqı müqaviləsinin ona uyğun hüquqi nəticələr yatarmaq niyyəti ilə deyil, formal olaraq, borc öhdəliklərinin pərdələnməsi məqsədi ilə bağlanması barədə Cavabdeh2 dəlillərinin inandırıcı olmasına dəlatət edir. Bundan başqa, məhkəmə, Cavabdeh2 tərəfindən iddia müddətinin ötürülməsi ilə bağlı ilkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil2 dəlilini əsassız hesab edir. Hazırkı iş üzrə də Cavabdeh2 qarşılıqlı iddiası torpaq sahəsinin alğı-satqı müqaviləsinin yalan əqd olaraq əhəmiyyətsizliyinin təsdiqi və müqavilənin predmeti olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun bərpası ilə bağlı olduğundan, onun bu tələbi müddətlə məhdudlaşdırıla bilməz.

11. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəlləsinin 324.1, 324.5, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 339.4, 340.2, 390.1, 404.1, 567, 568.1, 646.1-ci maddələri, “T.Qasımovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 01 dekabr 2020-ci il tarixli qərarına, “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli qərarına, “X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarı, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli qərarına, Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119.1, 217.4 və 216-230-cu maddəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin e-2(008)- 1078/2023 saylı, 17 mart 2023-cü il tarixli qətnaməsinin ləğv olunaraq qarşılıqlı iddianın rədd edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmənin gəldiyi nəticə heç bir mötəbər və ya qeyri-mötəbər sübuta istinad etməmişdir. Məhkəmə yalnız cavabdehin izahatına və guya şahid qismində dindirilmiş X8 heç nə ilə təsdiq olunmayan ifadəsinə istinad etmişdir. Halbuki, nə cavabdehin izahatı, nə də Rəfi Məmmədovun ifadəsi onun tərəfindən təsdiq olunmur. X19 ifadəsində qeyd olunanlar isə məhkəmə tərəfindən sübut kimi qəbul edilə bilməz. Çünki, onun dediyi sözlər və hallar ümumiyyətlə olmamış və olsa da bu mübahisəyə heç bir aidiyyəti yoxdur. O Rəfi Məmmədovu heç vaxt tanımayıb və o mübahisəli bağ sahəsini Cavabdeh2 alarkən Rəfi onlar heç bir söhbətlərində iştirak etməyib. O, sonralar Zahidin sözləri ilə öyrədilərək məhkəmədə dindirilmiş şəxsdir. Cavabdehin izahatında və şahidin ifadəsində qeyd olunan hallar, yəni guya Cavabdeh2 işlədiyi müəssisəyə borcu olması, həmin borcun əvəzində onunla Cavabdeh2 arasında mübahisəli bağ sahəsinə dair müqavilənin bağlanması, mübahisəli bağa dair hansısa bankdan kredit götürülməsi barədə məhkəmədə sadalanmış cəfəngiyyatların isə heç bir əsası və təsdiqi yoxdur. Onunla Zahid arasında heç vaxt heç bir borc məsələsi olmayıb. Zahidin başqa şəxslərə borcunun olub-olmamasının isə onun mülkiyyətinə və bağ sahəsi ilə bağlı alğı-satqı müqaviləsinə heç bir aidiyyəti yoxdur və ola da bilməz.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

a) Proses iştirakçılarının izahatı

15. Məhkəmə iclasında iştirak edən ilkin iddia ərizəsi üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında əlavə olaraq bildirdi ki, məhkəmə bir nəfərin şahid ifadəsinə istinad edib, lakin həmin şəxs tərəflər arasında olan prosesslərdə iştirak etməyib. Yalnız qarşı tərəfdən eşitdiyi məsələləri məhkəmədə bildirib. Şahid ifadəsini araşdırmadan, mötəbərliyinə qiymət vermədən iddialarını məhkəmə rədd etmişdir. Qətnamədə qeyd edilb ki, İddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2020-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti ilə deyil, formal olaraq, borc öhdəliklərinin pərdələnməsi məqsədi ilə bağlanması barədə nəticəyə gələrkən bu qeyd olunanları təsdiq edən heç bir mötəbər və ya qeyri-mötəbər sübuta istinad etməmişdir. Məhkəmə işin faktiki hallarını nəzərə almamış və onlara düzgün hüquqi qiymət verməmişdir. Torpaq sahəsini banka ipotekaya qoyub kredit götürülməsi ilə bağlı bildirmək istəyir ki, əgər belə olsaydı pulu Ceyhun götürməli idi. Yəni, Zahid pulu götürüb Ceyhuna verməli idi. Amma qətnamədə qeyd edilib ki, guya pul Zahidin özünə verilib. Burada məntiq yoxdur. Guya ki, onlar pulu Zahidə veriblər. Üçüncü şəxslərlə Zahid arasında 6000 borcun olmasını heç nə sübut etmir. Tərəflər iş yoldaşı olmuşdur. Qarşı tərəfin borcu ilə bağlı torpaq sahəsi alınıb-satılmamışdır. Sadəcə əlavə mülkiyyət kimi İddiaçı almışdır. Çıxarışı 2020-ci ildə deyil, 2 il sonra ona görə aldılar ki, qarşı tərəf başqa yer tapana kimi möhlət istəmişdir. İş yoldaşı olublar, İddiaçı da bir neçə ay möhlət vermişdir, lakin bir neçə ay uzun müddət olub. Həmin torpaq sahəsi əlavə əmlak kimi alınmışdır. Ehtiram adlı şəxslə danışıq olmayıb, tanımırlar. Alğı-satqının predmeti torpaq olmuşdur. Həmin zaman torpağın çıxarışı olmuşdur. İddiaçı sənədlərlə reyestr xidmətinə yaxınlaşıb və evlə bağlı plan tərtib olunur, daha sonra da həm topaq, həm də bağ evi üçün çıxarış alır. Zahidin adına olan çıxarışda bağ sahəsi torpaq kimi göstərilmişdir, ev kimi yox. Notariusda olan alğı-satqının predmeti torpaq sahəsi olmuşdur.Qiymət torpaq sahəsinə qoyulub. Evlə bağlı çıxarış olmadığı üçün evin qiymətini müqavilədə yazmayıblar. Tərəf öz iradəsi ilə müqaviləni bağlayıb. Evlə torpağın qiyməti 6000 manat olmayacaq. Onun ərizəsi olmadan kəsici müddət tətbiq edilməli idi. Alğı-satqı müqaviləsində 6000 manat həmin vaxt evin çıxarışı olmadığına görə yazılıb. Həmin vaxt evin çıxarışı yox idi,torpağın çıxarışı var idi. Təkrar ekspertiza keçirilməsinə ehtiyac yoxdur. 2010-cu ildə 4000 manata torpağı alıblar,2020-ci ildə də onlar 6000 manata alıblar. Tərəf özü etiraf edir ki, torpağı 4000 manata alıb. Apellyasiya şikayətini müdafiə edir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi heç bir sübuta istinad etməyib, bir şahid dindirilib. Həmin şahid proseslərin heç birində iştirak etməyib, sonradan eşitdiyi məlumatları məhkəmədə bildirib və məhkəmədə şahid ifadəsi kimi verib. Bundan başqa məhkəmə ehtimala əsaslanaraaq qətnamə çıxarıb. Ehtimal edilib ki, formal müqavilədir. Məhkəmə qətnaməsində formal müqavilə olmasını sübut edəcək hala istinad etməmişdir. Notarial qaydada təsdiq edilmiş müqavilə olduğu halda, üzərindən 2 il keçməsinə baxmayaraq tərəf həmin müqavilənin etibarsızlığı ilə bağlı məhkəmədə hər hansı bir iddia qaldırmamış,heç bir hüquq-mühafizə orqanına müraciət etməmişdir. Müqavilənin etibarsız hesab edilməsi ilə bağlı iddiada müddətinin axımı həmin müqavilənin icra edilməsinin başlandığı vaxtdan hesablanır. Tərəflər müqavilə ilə iradə ifadəsini göstəriblər. Pulun nə vaxt qaytarılacağı barədə heç bir sübut yoxdur. Belə bir halda məhkəmə mötəbər sübutlara istinad etməlidir. İş üzrə Bakı Şəhəri Sabunçu rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsi,ilkin iddianın təmin edilməsi və qarşılıqlı iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Alğı-satqı müqaviləsi olan dövr ev qeydiyyata alınmamışdır. Sorğu verib aydınlaşdırmaq da olar ki, ev həmin dövr qeydiyyata alınıb yoxsa yox. Notarial müqavilə yalnız torpaq barəsində bağlanılıb. Vətəndaş reyestr xidmətinə müraciət edib, həmin zaman aydın olur ki, üzərində ev də var. 2005-ci ildə ev tikilib, xüsusi icazəyə ehtiyac yoxdursa reyestr xidməti birbaşa çıxarış verir. Əgər qeyri-yaşayış sahəsi olsa idi, onda müxtəlif orqanlarda qeydiyyatdan keçməli idi. Şəxs 30.000 manatdan çox evə, 6000 manat isə torpağa pul verib. Birinci instansiya məhkəməsi qətnaməsini yalnız ehtimallara əsaslanaraq çıxarılıb. Tərəf öz iradəsini neçə il bundan qabaq 2020-ci ildə bildirib. Kəsici müddət tətbiq edilməli idi. Məhkəmə ərizə verilmədiyi halda belə kəsici müddətlə bağlı münasibət bildirməli idi. 6000 manat verilib və evin sənədləşdirilməsi ilə bağlı müqavilə bağlanılıb, bundan artıq hansı təminat olmalıdır. Onlar alğı-satqı müqaviləsi torpaqla bağlı ediblər. Notarius evi alğı-satqı etmək barəsində yazsaydı, evin qeydiyyatda olmadığını deyərdi. 6000 manat torpağın pulu notariat ofisində verilib, qalan evlə bağlı məbləği öz aralarında olub. Evi 43.000 manata alınıb, 6000 manat torpağa verilib.Qarşı tərəf isə 2000 manat fərq ilə alıb. Ceyhundan borcu məsələsini eşitməyib. Ceyhun 6000 manatı Zahidə verib. Onların evi almağı barəsində sənəd var, notarial qaydada müqavilə bağlayıblar.

16. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia ərizəsi üzrə Cavabdeh2 nümayəndəsi və vəkili X10 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında əlavə olaraq bildirdi ki, Cavabdeh2 "CAMAL" LTD şirkətində 10 ilə yaxındır işləmişdir. Dondurmaları müxtəlif mağazalara daşımışdır. Bu illər ərzində onun xırda-xırda borcları yaranır. Ümumilikdə 6 min borc olur. Borcların yaranma səbəblərindən biri də mağazaların bağlı olması olmuşdur. Zahidə deyiblər ki, pulu tapıb gətirməlisən. Zahidin özünün də borcu olub amma məbləğ şirkət tərəfindən şişirdilmişdir. Şirkət tərəfindən bildirilmişdir ki, kredit götür və borcunu ödə. Lakin, Zahid kredit əvvəl götürdüyü üçün və gecikmələr olduğu üçün ona kredit verməyiblər. Zahid şirkətə bu barədə bildirmişdir. Həmin zaman Ceyhunla məsləhətləşiblər. Razılaşma belə olub ki, Zahid torpaq sahəsini Ceyhunun adına keçirsin və Ceyhuna da bankdan kredit verilsin. Zahid də işləyə-işləyə kreditin ödənişini ödəsin. Həmin zaman borc 7000 manat olmuşdur. İndi də Zahidin yoldaşı bilmir ki, torpaq satılıb. Yoldaşı elə bilir ki, bağışlanma edilib. Ona görə də razılıq vermişdir, ərizə ilə. Həmçinin, yoldaşının şəxsiyyət vəsiqəsinin müddəti xx.xx.2020-ci ildə müdəti tamam olmuşdur. xx.xx.2020-ci ildə də ərizə yazıb ki, bağışlanmaya etiraz etmir. Müddəti tamam olmuş vəsiqə ilə ərizə yazılmışdır. Bu da alqı-satqının ləğvinə səbəb olan haldır. xx.xx.2020-ci ildə alqı-satqı həyata keçirilir. Həmin zaman Ceyhun bağışlanma edilməsin istəyiblər, lakin notariatda izah edilib ki, yalnız ailə üzvlərinə bağışlanma edilə bilər. Məcbur olaraq alqısatqı edilib. Zahid özü dedi ki, pulu özləri tapıb gətiriblər. Özləri pulu qoyub, özləri də götürüblər. Ceyhun çıxarışı alandan sonra başqa niyyət ilə kredit götürmüşdür. Müəyyən müddət sonra Zahiddən şirkət borcun ödənilməsin tələb etmişdir. Həmin zaman 13-14 minə yaxın borc olmuşdur. ünvan 2 ünvanında yerləşən 0.04 ha torpaq sahəsi 6 min manata necə verilə bilər.Yoldaşı bu gün də bilmir ki, torpaq satılmışdır.Onlar şirkətə sorğu veriblər ki, borc barədə məlumat verilsin. Lakin, heç bir məlumat verilmədi. Aralarında telefon danışığı olmuşdur. Telefon danışığını diskə də yazmışdılar. Yəni, hər şey formal həyata keçirilmişdir. Səs yazmasını hazırda gətirməyib, o rayon məhkəməsinin qəbul şöbəsinə təqdim edib. Ərizəni disklə birlikdə vermişdi. Zahid məhkəmə gedən zaman işdən çıxmışdır. Zahidə şirkət deyib ki, Ceyhunun adına torpaq sahəsini keçirsin. Ceyhun da kredit götürsün, Zahid borcunu hissə-hissə ödəsin. Lakin, müəyyən müddət sonra borc 17 minə çatıb. Zahid deyir ki, torpaq sahəsini ölçüb-biçiblər, Ceyhun da krediti götürüb. Amma, Zahidə heç nə deməyiblər. Dəqiq məbləğ deyilmir, 15 min də borc olduğu deyilir, 17 min də. Zahid Ceyhunla bu məsələni maraqlanıb, o da deyib ki, kredit özünə lazım olub. Daha sonra məsələ böyüyüb və Zahidə deyilib ki, evdən çıxmalısan. Tərəfin əmək kitabçasını da təqdim etməyiblər. Ona bildiriblər ki, məhkəmədən sonra veriləcək. Onlar əvvəldən deyiblər ki, ev var, sadəcə olaraq evin sənədi yoxdur. İş materiallarında Zahidin həyat yoldaşının torpağı bağışlanma ilə torpağın satışına icazə verdiyi sənəd var, Zahidin həyat yoldaşının şəxsiyyət vəsiqəsinin müddəti o zaman bitmişdi. Onun satmaq fikri olmayıb. Zahidin borcu çox olduğuna görə ona kredit vermək istəməyiblər. Zahidi polislə də hədələyiblər. O, ailəsinin yaşadığı evi niyə satmaq istəsin, onun həyat yoldaşı bu gün də torpağın satıldığını bilmir. Bu işə kəsici müddət tətbiq olunmur. Yarımçıq tikili alıb, sonra bir tərəfində anasına ev tikərək orada yaşayıblar. Anası o vaxt onlardan ayrı yaşayırdı. Alğı-satqı müqaviləsi pərdələnmiş bir əqddir. Qarşı tərəf heç bir sübut olmadan 39000 manat pul verdiyini bildirib. Evi alanda onun üzərində yarımçıq tikili olub, aldıqdan sonra Zahidgil təmir ediblər. Zahid və yoldaşı birgə nikah dövründə ev aldığına görə Zahidin həyat yoldaşının razılığı olmalıdır. Zahidin həyat yoldaşının şəxsiyyət vəsiqəsinin müddəti bitdikdən bir həftə sonra müqavilə yazılıb. 6000 manata torpaq sahəsi tapmaq qeyrimümkündür. Zahidin borcları yığılaraq böyüyüb. Ceyhun Zahidin satış müdiri idi.Hər şeydən məlumatı var idi. Onlar orada evi təmir ediblər. Qarşı tərəf həm evi aldığını bildirir, həm də sübutları yoxdur. Rəhbərlik Zahidi qorxudaraq onu polisə verəcəyini deyiblər. Polisdən qorxduğuna görə kredit almaq üçün banka müraciət edib, bank onun əvvəlki kreditində gecikmələr olduğuna görə ona pul verməyib. "CAMAL" LTD şirkətinin rəhbərliyi ona borcunu ödəməsi üçün torpağı İddiaçı adına keçirməsini deyib. Ceyhun da kredit götürüb, burada əsassız varlanma var. 6000 manata görə mübahisəni bu qədər böyüdən vətəndaş 39.000 manatı heç vaxt sənədsiz Zahidə verə bilməz. Alğı-satqı müqaviləsi ilə pərdələnmə olub və qarşı tərəfin bir sübutu yoxdur.O evi qeydiyyatdan keçirməyib. Bütün bunların hamısı borc əsasında olub. O rayon məhkəməsinə səs yazılarını təqdim etmişdi, məhkəmə ona xəbərdarlıq edilmədən yazıldığına görə geri qaytardı. Hazırda onda yoxdur. O səs yazısını məhkəmənin qəbul şöbəsində verib, hakim bu səs yazısından Ceyhunun xəbəri olub-olmadığını soruşanda nümayəndə və vəkil xəbəri olmadığını dedi. Buna görə də sübutlar siyahısından çıxarılmasını xahiş etdi. Səs yazılarında "CAMAL" LTD şirkətinin rəhbərliyi deyib ki, 15.000 manat gətirdiyi halda evi qaytarılacaq. Borcun əvəzinə çıxmayıblar, bu gün də "CAMAL" LTD şirkəti borclarını tələb edirlər. Mübahisə ondan yaranıb ki, Zahid şirkətə deyib ki, onun borclarına görə onu məhkəməyə versinlər. Lakin, bununla razılaşmayıblar, çünki Zahid mağazaya soyuducular paylayıb.Həmin soyuducuları problemli şöbə götürməli idi,onlar götürmədiyinə görə həmin soyuducular da Zahidin borcunun üzərinə yazılıb.Sorğu veriblər, şirkət bizə cavab vermədi. Məhkəməyə verilən vaxtdan Zahidi işdən çıxarıblar.Pulu Ceyhun ödəyib. Zahid Rusiyada bacısının yanına getdi ki, pulu qaytarıb, evini geri alsın. Evin satılmasında Zahidin xəbəri olmayıb, çünki evin sənədi yoxdur. Ceyhuna olan borcunun əvvəl 6000-7000 manat olduğunu,amma səs yazısında isə 15.000 manat olduğunu bildirdilər. Cavabdeh2 şirkətə qarşı 6000 manat borcu olub. Borcun ondan tələb etdikdə banka müraciət edib. Bank kredit verməyib. Rəhbərlik və satış müdiri olan İddiaçı belə qənaətə gəliblər ki,həmin torpağı İddiaçı adına keçirsinlər. Dondurma şirkətinin borcu ödənildikdən sonra qaytarılar. Belə razılaşma olub ki, bankdan pul götürüldükdən sonra Cavabdeh2 özü banka ödəyəcək. xx.xx.2020-ci ildə alğı-satqı edilib.Əvvəl bağışlanma ilə torpağı vermək qərarına gəliblər. Lakin, ailə üzvü olmadığına görə pul ödənişi ilə edilməsi olduğu bildirilib.İddiaçı 6000 manat ödəyib.Alğısatqı müqaviləsi 2020-ci ilin noyabr ayında bağlanılıb. Alğı-satqı müqaviləsi bağlandıqdan sonra İddiaçı öz adına keçirdikdən sonra məlum olur ki,evin sənədi olmadığına görə bank qəbul etmir..İddiaçı evi özəlləşdirdikdən sonra banka qoyur. Sonradan İddiaçı Maştağa rayonunda 14-cü Polis Bölməsinə müraciət edib,guya burada cinayət xarakterli hadisələr baş verib.Cavab verilib ki, cinayət xarakterli hadisə yoxdur.2022-ci ilin avqust ayında Zahiddən evdən çıxmasını tələb ediblər.Zahidin indi borcunun 16.000 manat olduğunu və ya evdən çıxmasını,ya da borcunu ödəməsini deyiblər. İddiaçı da iddia qaldırıb. Alğı-satqı müqaviləsi borcu pərdələmək üçündür, yalan əqddir. Dondurma şirkətinə sorğu veriblər. Sorğuya cavab verməyiblər. Qarşı tərəfin nümayəndəsi və vəkili İddiaçı,Cavabdeh2 harada işlədiyini bilmədiyini bildirib. Zahidin sığortası, ona verilən sənədlər, şirkət tərəfindən verilən etibarnamə hamısı onun həmin şirkətdə işlədiyini təsdiq edir. 2009-cu ildə Cavabdeh2 həmin evi torpağı ilə bərabər alıb. Borc qaytarılanda evin qaytarılması barədə razılığa gəliblər. Qarşı tərəf məhkəməyə müraciət etdiyinə görə Zahid də məhkəməyə müraciət edib. Həmin Konstitusiya Məhkəməsinin qərarında göstərilir ki, yalan əqd olan halda əmlakını geri tələb edilirsə,müddətlə məhdudlaşdırılmır.Zahid Rusiyaya gedib orada pul qazanıb borcunu ödəyəcəyini də bildirib. Onların borc barədə sübutu yoxdursa onların da ev barədə heç bir sübutu yoxdur.

Tətbiq edilən hüquq normaları:

17. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

21. Hazırki halda ilkin iddia üzrə iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

23. İşin halları odur ki, xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə görə Cavabdeh2 ünvan 2 ünvanında yerləşən 0.04 ha torpaq sahəsini 6.000 manata İddiaçı satmışdır. Müqavilədə yalnız torpaq sahəsinin satılması göstərilsə Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi 556G ünvanında yerləşən, ümumi sahəsi 87 kv.m olan bağ evi və 0.04 ha torpaq sahəsi xx.xx.2021-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir. Mübahisə predmeti olan daşınmaz əmlakda Cavabdeh2 ailə üzvləri yaşayır.

24. İddiaçı alğı satqı müqaviləsinin bağlanmasından iki il sonra məhkəməyə müraciət edərək cavabdehlərin evdən və torpaq sahəsindən çıxarılmasını tələb etmişdir. O cümlədən, Cavabdeh2 da qarşılıqlı iddia verərək müqavilənin etibarsız hesab edilməsini tələb etmişdir.

25. Cavabdeh2 nümayəndəsi və vəkili X10 izahatında bildirir ki, tərəflərin arasında real alğı-satqı barədə razılıq olmamışdır. Cavabdeh2 “İCELAND CAMAL LTD” şirkətinə borcu yaranmışdır. Müqaviləni bağlamaqda niyyət o idi ki, İddiaçı Zahidin yerinə bankdan pul götürsün, Zahid isə borcunu hissə-hissə ödəsin. Lakin sonra borc 17000 manata çatıb, borcun gah 15000, gah da 17000 manat olduğu bildirilir. Daha sonra aralarındakı razılşamanı İddiaçı pozaraq onun evdən və torpaq sahəsindən çıxarlmasını tələb etmişdir.

26. Elektron sistem məlumatlarından müəyyən olunur ki, İddiaçı “CAMAL LTD” şirkətində satış üzrə nümayəndə vəzifəsində çalışır.

27. İşə baxan birinci instansiya məhkəməsi qarşılıqlı iddianı təmin edərək əqdi etibarsız hesab etmişdir.

28. İşə birinci instansiya məhkəməsində baxılması zamanı dindirilmiş şahid X14 izahatında bildirmişdir ki, o, Cavabdeh2 8-9 ildir tanıyır, Maştağada qonşudur. İddiaçı isə Cavabdeh2 satış müdiri kimi tanıyır. Cavabdeh2 vəkilinin verdiyi sorğuları “CAMAL LTD” şirkətinə təqdim edəndə orada onu əməkdaşlar qəbul etdi, daha sonra İddiaçı gəldi, onu ilk dəfə orada gördü. Ceyhundan Zahidin ona nə qədər borcu olduğunu soruşanda ona 39000 manat, daha sonra isə 42000 manat borcu olduğunu bildirdi. Zahid şirkətin dondurma soyuducularını mağazalara təhvil verirdi, işlədiyi dövrdə Ceyhuna borcu yaranmışdır. Zahid Ceyhuna olan borcunu ödəmək üçün öz evini Ceyhunun adına keçirtdi, bankdan pul götürdü. Zahidin yoldaşının heç xəbəri olmamışdı, gedib müqaviləyə imza eləmişdi. Sonra onun müdiri dedi ki, Zahid ona 15000 manat pul versin, evi satışdan geri qaytarsın. Zahidin borcunu süni şəkildə artırdılar ki, onun evini əlindən alsınlar. Əslində Zahidin o qədər borcu yoxdur.

29. Apellyasiya şikayətinə baxılarkən ünvan 1 ünvanında yerləşən 0.04 ha torpaq sahəsinin və yerləşən 0.04 ha torpaq sahəsinin üzərindəki ümumi sahəsi 87 kvm olan daşınmaz əmlakla birgə bazar qiymətinin müəyyən edilməsi məqsədi ilə məhkəmə-texnikiəmtəəşünaslıq keçirilmişDİR."xxxx" MMC tərəfindən təqdim edilmiş UNİ/Y-xx-xx/2024 saylı, 15 yanvar 2024-cü il tarixli mütəxəssis rəyində qeyd edilir ki, ünvan 1 ünvanında yerləşən 0.04 ha torpaq sahəsinin 25 noyabr 2020-ci il tarixə bazar qiyməti 22 000 manat, ünvan 1 ünvanında yerləşən 0.04 ha torpaq sahəsinin üzərindəki ümumi sahəsi 87 kvm olan daşınmaz əmlakla birgə 25 noyabr 2020-ci il tarixə bazar qiyməti 44 000 manat təşkil edir.

30. Müqavilədən göründüyü kimi yalnız torpaq sahəsinin 6000 manata satılması göstərilmişdir. Lakin hazırda İddiaçı adına həm torpaq sahəsi, həm də onun üzərində bağ evi qeydiyyatdan keçmişdir. Bu hala aydınlıq gətirilməsi məqsədilə sorğu verilmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 19 fevral 2024-cü il tarixli, 3-21-3-30/2-5986/2024 saylı məktubunda qeyd edilir ki, Cavabdeh2 mülkiyyətində olmuş ünvan 6 ünvanında yerləşən 0,04 hektar torpaq sahəsi 3 saylı Bakı “Asan xidmət” mərkəzinin notariat ofisində təsdiq edilmiş 4Ə-1378 reyestr nömrəli, 25 noyabr 2020-ci il tarixli alqı-satqı müqaviləsi əsasında 14 dekabr 2020-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. Daha sonra həmin torpaq sahəsi üzərində inşa edilmiş bağ evinin eskiz layihəsi və Sabunçu rayon İcra Hakimiyyətinə ünvanlanmış 29 dekabr 2020-ci il tarixli məlumatlandırma ərizəsi əsasında Maştağa qəsəbəsi, ümumi sahəsi 87 kv.m olan 556G (yeni ünvan) saylı bağ evi və 0,04 hektar sahəsi xx.xx.2021-ci il tarixdə vahid əmlak kimi İddiaçı adına qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir.

31. Məhkəmə kollegiyası işə baxan məhkəmənin mövqeyi ilə razılaşaraq qeyd edir ki, tərəflər arasında bağlanmış əqd etibarsızdır.

32. Mübahisə predmeti olan alğı satqı müqaviləsindən görünür ki, yalnız torpaq sahəsi 6000 manata satılmışdır. Mütəxəssis rəyindən də müəyyəm olunduğu kimi əmlakın dəyəri bir neçə dəfə bahadır. Torpaq sahəsinin 25 noyabr 2020-ci il tarixə bazar qiyməti 22 000 manat, ünvan 1 ünvanında yerləşən 0.04 ha torpaq sahəsinin üzərindəki ümumi sahəsi 87 kvm olan daşınmaz əmlakla birgə 25 noyabr 2020-ci il tarixə bazar qiyməti 44 000 manat təşkil edir.

33. Bundan əlavə, bağ evinin satılması ümumiyyətlə öz təsdiqini tapmır. Mübahisə predmeti olan əmlak birgə nikah dövründə alındığından Cavabdeh1 Böyükağa qızının ərizəsi alınmışdır. O, ərizəsində torpaq sahəsinin bağışlanmasına etiraz etmədiyi qeyd etmişdir. Alğı-satqı müqaviləsində də bağ evi qeyd edilməmişdir. İddiaçı nümayəndə və vəkili qeyd edir ki, bağ evinə dair müqavilədən kənar ödəniş olunmuşdur. Müəyyən olunduğu kimi ilkin olaraq torpaq sahəsi 25 noyabr 2020-ci il tarixli alqı-satqı müqaviləsi əsasında 14 dekabr 2020-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. Daha sonra həmin torpaq sahəsi üzərində inşa edilmiş bağ evinin eskiz layihəsi və Sabunçu rayon İcra Hakimiyyətinə ünvanlanmış 29 dekabr 2020-ci il tarixli məlumatlandırma ərizəsi əsasında Maştağa qəsəbəsi, ümumi sahəsi 87 kv.m olan 556G (yeni ünvan) saylı bağ evi və 0,04 hektar sahəsi xx.xx.2021-ci il tarixdə vahid əmlak kimi İddiaçı adına qeydiyyata alınmışdır.

34. Hazırda da mübahisələndilən bağ evində əvvəlki mülkiyyətçinin ailə üzvləri yaşayır. İşin bütün sadalanan halları ilə birlikdə qiymətləndirdikdə belə nəticəyə gəlmək olur ki, tərəflər arasında alğı-satqı müqaviləsi bağlanmamışdır.

35. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.§17

36. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarı).

37. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları).

38. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar).

39. Cavabdeh2 nümayəndəsi və vəkili X10 xx.xx.20204-cü il tarixli ərizəsində qeyd etmişdir ki, Bağırov X12 Zahidin evini və torpağını adına keçirdikdən sonra Acessbankdan kredit götürüb Cavabdeh2 barədə şirkət tərəfindən müəyyən edilmiş borcu ödəmişdir. Halhazırda Cavabdeh2 şirkətə deyil, İddiaçı Nuhu oğluna borcu yaranmışdır. Borcunu ödəmək üçün lazım olan məbləği qazanmaq üçün Rusiyaya getmişdir. Borcu ödəməkdən heç vaxt imtina etməmişdir.

40. Məhkəmə kollegiyası qeyd edir ki, hazırda əqd etibarsız hesab edildiyindən, habelə Cavabdeh2 nümayəndəsinin bildirdiyinə görə İddiaçı Nuhu oğlu Cavabdeh2 şirkətə olan borcunu ödədiyindən İddiaçı Nuhu oğlu Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər.

41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

42. Azərbaycan Respublikası Mülki Prosessual 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

43. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

44. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:

İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin e-2(008)-1078/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Ekspertiza xərci 300 manat ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq "xxxx" MMC-nin hesabına ((VÖEN: **********, Hesab № AZN: AZ77AİİB400600C**********218, Bank: KapitalBank ASC Bravo 3 filialı, VÖEN: **********, müxbir hesab: AZ37NABZ********************, filialın kodu: 201296; SWİFT kod: AİİBAZ2XXXX) ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar