Məhkəmə qərarları › İş №2(103)-2411/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2411/2021

16.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2411/2021 16.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), Hüseyn Aida Əli qızı və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Baş Prokurorluğuna və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli 2(006)-2674/2020 saylı qətnaməsindən İddiaçı və cavabdeh Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Baş Prokurorluğunun qanunsuz hərəkətləri nəticəsində əsassız ittiham olunması, cinayət təqibinə məruz qalması və qanunsuz həbsə alınmasına görə dəymiş 90000 manat məbləğində maddi ziyanın və 25000 manat məbləğində mənəvi ziyanın kompensasiya olaraq cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, X3 şikayət ərizəsi əsasında 04 aprel 2017-ci il tarixdə Bakı şəhəri Xətai rayon prokuroru tərəfindən fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanmış, ibtidai istintaq zamanı onun qeyd olunan maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar çıxarılmış, həmin dövrdə o, ölkə hüquqlarından kənarda olduğundan, barəsində axtarış elan edilmişdir. O, 11 oktyabr 2017-ci il tarixdə Rusiya Federasiyasında polis əməkdaşları tərəfindən saxlanılmış, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 oktyabr 2017-ci il tarixli qərarı ilə barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, daha sonra onun həbs müddəti məhkəmələr tərəfindən 11 oktyabr 2018-ci il tarixədək uzadılmışdır. 10 avqust 2018ci il tarixdə Rusiya Federasiyasından Azərbaycan Respublikasına ekstradisiya olunaraq 3 saylı istintaq təcridxanasında saxlanılmışdır. 21.08.2018-ci il tarixdə ona Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə ittiham elan edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02.10.2018-ci il tarixli qərarı ilə onun həbsdə saxlama müddəti 3 ay 15 gün müddətinə, yəni 11.01.2019-cu il tarixədək uzadılmışdır. Bundan sonra həbsdə saxlama müddətinin uzadılması barədə Bakı şəhəri Xətai Rayon Polis İdarəsi tərəfindən Bakı şəhəri Xətai Rayon Prokurorluğu vasitəsi ilə Bakı Şəhər Prokurorluğuna vəsatət verilsə də, 08.01.2019-cu il tarixdə Bakı Şəhər Prokurorluğu tərəfindən vəsatət təmin edilməmiş və bu səbəbdən təqdimatla məhkəməyə müraciət edilməmiş və o, 11.01.2019-cu il tarixdə həbsdə saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasından azadlığa buraxılmışdır. Lakin cinayət işi üzrə ibtidai istintaq davam etdirilmiş, barəsində 11.01.2019-cu il tarixdə «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş və yekun olaraq onun əməli Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsindən həmin maddənin 178.2.2, 178.2.4-cü maddəsinə tövsif edilərək, 22.05.2019-cu il tarixdə cinayət işi baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilmiş, həmin məhkəmənin 24.06.2019-cu il tarixli qərarı ilə cinayət işinin baxılmasına xitam verilmiş, cinayət işi əlavə istintaq edilməsi üçün Xətai Rayon Prokurorluğuna qaytarılmış və 04.07.2019-cu il tarixdə cinayət işi istintaq edilməsi üçün Xətai RPİ İstintaq Şöbəsinə göndərilmişdir. Sonda 01.12.2019-cu il tarixdə Xətai RPİ İŞ-nin baş müstəntiqi tərəfindən həmin cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-nin 39.1.1 və 39.1.8-ci maddələrinə əsasən bəraətverici əsasla xitam verilmişdir. Göründüyü kimi, 2 il 7 ay 27 gün kobud qanun pozuntuları ilə davam edən ibtidai istintaq yekunda icraata xitam verilməsi ilə nəticələnmiş və o həmin ibtidai istintaq dövründə qanunsuz olaraq 1 il 3 ay (457 gün) həbsdə saxlanılmışdır. Həmin qərardan şikayət verilməmiş və qərar qanuni qüvvəsini almışdır. O, RF-də sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş və aylıq qazancı 2000 manatdan çox olmuşdur. Nəticədə o, cavabdehlərin səhvi nəticəsində ümumilikdə 15 ay x 2000 manat = 30000 manat məbləğində qazancdan məhrum olmuşdur. Əlavə olaraq, həmin dövrdə sahibkarlıq fəaliyyətini davam etdirə bilmədiyi üçün bütün biznesi çökmüş, gəlirindən məhrum olmaqla yanaşı, həmin sahibkarlıq fəaliyyətinin yaradılmasına xərclədiyi 50000 manat da batmışdır. Yuxarıda qeyd olunan bütün zərərlər məhz cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində baş vermişdir. Bundan əlavə, 10.08.2018-ci il tarixdən 11.01.2019-cu il tarixə kimi cinayət prosesini həyata keçirən orqanın səhvi və qanunsuz hərəkətləri nəticəsində onun əsassız olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılmaqla, azadlığından məhrum olunduğu müddət ərzində ailə üzvləri tərəfindən ona yemək və ərzaq gətirilməsinə, həmçinin hüquqlarını müdafiə edən vəkilin Bakı İstintaq Təcridxanasına aparılıb gətirilməsinə ümumilikdə 10000 manatdan çox pul sərf olunmuşdur ki, həmin məsrəfi də o, cavabdehlərin qanunsuz hərəkətləri səbəbindən sərf etmək məcburiyyətində qalmışdır. Bundan əlavə o, təqsirsiz olaraq 1 il 3 ay müddətində həbsdə saxlanıldığı, eləcə də heç bir əsas olmadan törətmədiyi cinayət əməlində ittiham olunduğu üçün ona mənəvi zərər də dəymişdir. Belə ki, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində çəkdiyi əzab-əziyyət onda əsəb pozuntusu və ürək ağrısına gətirib çıxarmışdır. Nəticədə isə çox böyük psixoloji sarsıntılar və əsəb gərginliyi keçirmişdir. Bu səbəbdən, hesab edir ki, cavabdehlər vurduqları maddi ziyanla yanaşı, həmçinin 25000 manat məbləğində mənəvi ziyanın əvəzini də ona ödəməyə borcludurlar. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli 2(006)- 2674/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, mənəvi zərərin əvəzi kimi 3000 manat pulun Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçı ona maddi və mənəvi zərər vurulmasına dair kifayət qədər sübutlar təqdim etməsinə baxmayaraq, məhkəmə onun iddiasını qismən təmin etmiş, maddi hüquq normalarını pozmuşdur. Qətnamədən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi də apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə öz qətnaməsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci maddəsinə istinad edərək qətnaməni əsaslandırmağa çalışsa da, digər tərəfdən həmin Məcəllənin 1114-cü maddəsinin tələblərini nəzərə almamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.3-cü maddəsinin tələblərinə görə təhqiqat, ibtidai istintaq, prokurorluq və ya məhkəmə orqanlarının vəzifəli şəxsinin vurduğu zərərin əvəzinin ödənildiyi halda, əgər onun təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyənləşdirilmişdirsə, Azərbaycan Respublikasının həmin şəxsə reqres hüququ vardır. Bundan başqa mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği üç yüz otuz manatdır. Cinayət-Prosessual Məcəllənin yuxarıda sadalanan normaları kontekstində iddiaçıya 3000 manat məbləğində kompensasiya hesablanması tamamilə əsassızdır. Hazırkı qətnamə ilə müəyyən olunmuş mənəvi zərərə görə kompensasiyanın məbləği məhkəmə praktikası baxımından da şişirdilmiş hesab olunmalıdır. Bundan başqa iddiaçı məhkəməyə mənəvi əzab çəkməsini, barəsində mənfi fikrin formalaşmasını sübut edəcək faktlar təqdim etməmişdir. Nəsimi Rayon Məhkəməsi iddianı təmin edərkən heç bir mötəbər sübuta istinad etməmiş, məhkəmə yalnız iddiaçının fikir və mülahizələrinə etimad göstərməklə kifayətlənmişdir. Məhkəmə tərəfindən dövlət büdcəsindən vəsaitin iddiaçıya ödənilməsi qət edilərkən, həmin vəsaitin gələcəkdə dövlət büdcəsinə bərpası (qaytarılması) məqsədilə ziyanı vuran təqsirli vəzifəli şəxs müəyyən edilməmiş, həmin vəsaitin sonradan dövlət büdcəsinə qaytarılması barədə heç bir izah verilməmişdir. Bu baxımdan məhkəmənin qətnaməsi maddi hüquq normalarının pozulması ilə çıxarıldığından, ləğv edilməlidir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi öz apellyasiya şikayətlərini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin isə apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndəsi X4 iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına üzrlü səbəblər olmadan gəlmədiyinə görə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə Maliyyə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya şikayəti təmin edilməməli, İddiaçı apellyasiya şikayəti isə qismən təmin edilərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli 2(006)-2674/2020 saylı qətnaməsi dəyişdirilməlidir. Belə ki, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi nəticəsində İddiaçı ibtidai istintaq dövründə 1 il 3 ay (457 gün) ərzində qanunsuz olaraq həbsdə saxlanılması işin mübahisəsiz halıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Həmin Qanunun 6-cı maddəsinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Mülki Məcəllədə təsbit edilmiş “zərər” anlayışının şərh olunması ilə əlaqədar 31.05.2002-ci il tarixli Qərarında qeyd edilir ki, “mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. ” “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 noyabr 2008-ci il tarixli Qərarının 2-ci bəndində göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. İş materiallarından görünür ki, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində İddiaçı 1 il 3 ay (457 gün) ərzində həbsdə saxlanılmış, yekun nəticədə tərəflər arasında olan münasibətlərin mülki xarakterli olması nəzərə alınaraq cinayət işi üzrə icraata bəraətverici əsasla xitam verilmişdir. İddiaçının əsassız olaraq həbsdə saxlanılması nəticəsində o, mənəvi sarsıntı və iztirab keçirmişdir. Ona görə də ona vurulmuş mənəvi zərərin əvəzi ödənilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı qanunsuz həbsdə saxlanılmaqla onun mənəvi zərərə məruz qalması barədə düzgün nəticəyə gəlsə də, təyin edilən mənəvi zərərin məbləği iddiaçıya vurulan mənəvi zərərin həcminə adekvat olmamışdır. Belə ki, iddiaçının xarici ölkə ərazisində yaxalanaraq 10 ay həbsdə saxlanılması, Azərbaycan Respublikasına ekstradisiya olunacağı günü gözləməsi, nəhayət Azərbaycan Respublikasına ekstradisiya olunduqdan sonra da 5 ay həbsdə saxlanılması normal təfəkkür baxımından onun mənəvi zərərə məruz qalmasını sübut edir. Kollegiya hesab edir ki, 15 ay ərzində qanunsuz həbsdə saxlanılmış şəxsə mənəvi zərərin əvəzi kimi 3000 manat məbləğində kompensasiya ödənilməsi adekvat və ədalətli deyildir. Buna görə də kollegiya hesab edir ki, mənəvi zərərin miqdarı 5000 manat məbləğində müəyyən edilməlidir. İddiaçının qanunsuz həbsdə saxlanılması nəticəsində maddi zərərə məruz qalması barədə apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu barədə iddiaçı məhkəməyə heç bir tutarlı sübut təqdim etmədiyi üçün birinci instansiya məhkəməsi haqlı olaraq həmin hissədə iddianı təmin etməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Maliyyə Nazirliyinin apellyasiya şikayətində iddiaçının mənəvi zərərə məruz qalması barədə məhkəməyə hər hansı sübut təqdim etmədiyi halda, məhkəmənin iddia tələbini həmin hissədə əsassız olaraq təmin etməsi qeyd olunmuşdur. 457 gün ərzində qanunsuz olaraq həbsdə saxlanılmış və son nəticədə bəraət almış şəxsin mənəvi zərərə məruz qalması barədə məhkəməyə hansı sübutu təqdim etməli olması ümumiyyətlə anlaşılan deyil. Maliyyə Nazirliyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin işə baxılarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.3-cü maddəsinin tələblərini nəzərə almamasını göstərmişdir. Həmin maddənin hazırkı işə heç bir aidiyyəti yoxdur. Apellyasiya şikayətində qeyd olunan məhkəmə tərəfindən dövlət büdcəsindən vəsaitin iddiaçıya ödənilməsi qət edilərkən, həmin vəsaitin gələcəkdə dövlət büdcəsinə bərpası (qaytarılması) məqsədilə ziyanı vuran təqsirli vəzifəli şəxsin müəyyən edilməməsi barədə dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, bu kateqoriyadan olan işlərə baxılarkən ziyanı vuran təqsirli vəzifəli şəxsin müəyyən edilməsi məhkəmənin vəzifəsi deyildir. Maliyyə Nazirliyi apellyasiya şikayətində həmçinin Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 190-cı maddəsinə istinad edərək qeyd etmişdir ki, hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği üç yüz otuz manatdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 190-cı maddəsinin hazırkı işə heç bir bağlılığı yoxdur. Belə ki, həmin maddə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulmuş ziyana görə zərər çəkmiş şəxsin kompensasiya almaq hüququnu və kompensasiyanın miqdarını müəyyən edir. Hazırkı işdə isə İddiaçı cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə yox, qanunsuz olaraq həbsdə saxlanılma nəticəsində ziyan çəkmişdir. Nəticə etibarilə məhkəmə kollegiyası hesab edir ki, Maliyyə Nazirliyinin apellyasiya şikayəti əsassız, İddiaçı apellyasiya şikayəti isə qismən əsaslıdır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunan mənəvi zərərin miqdarını adekvat və ədalətli hesab etməyən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək qətnamə mənəvi zərərin miqdarı ilə bağlı hissədə dəyişdirilməli, ona dəymiş mənəvi zərərin əvəzi olaraq 5000 manat məbləğində pul vəsaiti cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli 2(006)- 2674/2020 saylı qətnaməsi dəyişdirilsin. İddiaçı vurulmuş mənəvi zərərin əvəzi kimi 5000 (beş min) manat məbləğində pul cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya şikayəti təmin edilməsin. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları apellyatorlara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar