Məhkəmə qərarları › İş №2(103)-2420/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2420/2020

19.03.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2420/2020 19.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, X3 və X4 ibarət tərkibdə, Gülnar İsgəndər qızı Salahovanın katibliyi ilə, İddiaçı MMC-nin nümayəndəsi X1 və Cavabdeh vəkili X2 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(001)- 7711/2019 nömrəli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı “əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 227 932,29 manat məbləğində əsas borca görə yaranmış 22 793,22 (iyirmi iki min yeddi yüz doxsan üç manat iyirmi iki qəpik) manat məbləğində əldən çıxmış faydanın tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul etməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı “xxxx” MMC (indiki İddiaçı” MMC) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli əmək müqaviləsinə, xx.xx.2014-cü il tarixli tam maddi məsuliyyət haqqında müqaviləyə və vəzifə təlimatına əsasən, Cavabdeh satış meneceri vəzifəsinə qəbul edilmişdir. Vəzifə səlahiyyələrini icra edərkən hesablarında yaranmış çatışmazlıqlarla əlaqədar Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılmışdır. Aparılmış araşdırmaya görə toplanmış material əsasında Cavabdeh tam maddi məsuliyyətində Cəmiyyətə məxsus malların satışından 237932,29 (iki yüz otuz yeddi min doqquz yüz otuz iki manat iyirmi doqquz qəpik) manat məbləğində çatışmazlıq aşkar edilmişdir. Bununla bağlı Baş İdarənin İstintaq İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Azərbaycan Respublikası, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 1(101)-835/2018 saylı hökmünə əsasən, Cavabdeh AR Cinayət Məcəlləsinin 179.3.2 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinmiş və 3 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. AR CM-nin 70.1-ci maddəsinə əsasən Cavabdeh təyin edilmiş azadlıqdan məhrumetmə cəzası şərti olaraq tətbiq edilmiş və 2 (iki) il sınaq müddəti müyyən edilmişdir. xx.xx.2018-ci il tarixli ərizə ilə müəssisənin rəhbərliyi Bakı Ağır Cinayətlər Məhkəməsinə müraciət edərək, cinayət işi üzrə dəymiş maddi ziyanın ödənilməsini bildirmiş və təqsirləndirilən şəxsə həbslə bağlı olmayan cəzanın verilməsini xahiş etmişdir. Cavabdehin hesabında olan 237 932,29 manat məbləğində borcdan 10.000 manat hissəsinin ödənilməsini atası X12 xx.xx.2018-ci il tarixli, reyestrdə 8İ-973 nömrə ilə qeydə alınmaqla notariat orqanında təsdiq edilmiş ərizəsinə əsasən öz öhdəsinə götürmüşdür. Həmçinin bununla bağlı tərəflər arasında xx xxxxxxx 2018-ci il tarixdə “öhdəliyi öz üzərinə götürmək haqqında” müqavilə imzalanmışdır. Müqavilə üzrə öhdəliklər yerinə yetirilmədiyindən onlar tərəfindən Binəqədi Rayon Məhkəməsinə müraciət edilmiş və Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-2671/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Bununla belə müəssisəyə dəymiş ziyan tam şəkildə ödənilməmiş, mülki hüquqları bərpa olunmamışdır. Belə ki, cavabdeh tərəfindən müəssisəyə vurulan ziyana, müəssisənin əmlakını qanunsuz olaraq özündə saxlamağa və ondan faydalanmağa görə iddiaçının əsas borcla yanaşı cavabdehdən əldən çıxmış faydanı tələb etmək hüququ yaranır. Lakin Cavabdeh qanunsuz hərəkətləri nəticəsində İddiaçı MMC-yə 227 932,29 manat məbləğində maddi ziyan dəyməsi nəzərə alınarsa, əldən çıxmış faydaya görə iddiaçıya heç bir təzminat ödənilməmişdir. Halbuki, müəssisə həmin vəsaiti əldə etmiş olsaydı ən sadə misalda bank əmanəti faizi ilə məbləğin illik 10%-i miqdarında gəlirəldə etmiş olacaqdı. Hüquqdan suiistifadə edilməsinin qadağan edilməsini müəyyən edən 560-cı maddəsinin normalarını və Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4- cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarının müddəalarını rəhbər tutaraq Cavabdeh əldən çıxmış faydaya görə də pul tutulmalıdır. Müəssisəyə 227 932,29 manat məbləğində maddi ziyan vurulmasını, üzləşdirmə aktının xx xxxxxxxx 2017-ci il tarixdə imzalanmasını nəzərə alaraq, maliyyə arayışına əsasən, xx.xx.2017-ci il tarixdən məhkəməyə müraciət edilən tarixədək əldən çıxmış faydaya görə borcun miqdarı 22 793,22 manat miqdarındadır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(001)- 7711/2019 nömrəli qətnaməsi ilə İddiaçı MMC-nin iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsinə istinad etməklə, apelyasiya şikayətini onunla əsaslandırır ki, məhkəmə cavabdehlə iddiaçının münasibətlərinin hansı səviyyədə tənzimlənməsini müzakirə etməmişdir. Bununla da mövcud mübahisənin əmək münasibətləri çərçivəsində tənzimləndiyini, heç bir mülki müqavilənin olmadığını və yalnız faktiki ziyanın ödənilməsini əsas götürərək iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul etmişdir. Mübahisənin əsas mahiyyəti isə ondan ibarətdir ki, “X15" MMC ilə digər təşkilatlar arasında alqı-satqı müqaviləsi imzalanmış və müqaviləyə əsasən Alıcı vaxtında və tam həcmdə aldığı malların dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Birinci instansiya məhkəməsi iddia tələbi ilə bağlı maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermiş, işin həqiqi hallarını hərtərəfli araşdırmadan iddiaçının mülkiyyət hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul edərək, qətnamənin apellyasiya qaydasında ləğvi və yekun məhkəmə aktı qəbul edilməsi üçün kifayət qədər əsas yaratmışdır.AR Əmək Məcəlləsinin 201.3-cü maddəsinin müddəalarınıı nəzərə almadan dövlətin adından qanunsuz və ədalətsiz qətnamə qəbul edərək, iddiaçının mülki hüquqlarını kobud şəkildə pozmuşdur. Bundan başqa cavabdeh tərəfindən müəssisəyə vurulan ziyana, müəssisənin əmlakını qanunsuz olaraq özündə saxlamağa və ondan faydalanmağa görə iddiaçının əsas borcla yanaşı cavabdehdən əldən çıxmış faydanı tələb etmək hüququ yaranır. AR Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Lakin Cavabdeh qanunsuz hərəkətləri nəticəsində İddiaçı MMC-yə 227 932, 29 AZN məbləğində maddi ziyanın dəyməsini nəzərə alsaq, əldən çıxmış faydaya görə iddiaçıya heç bir təzminat ödənilməmişdir. Halbuki həmin vəsaiti müəssisə istifadə etmiş olsaydı, ən sadə misalda bank əmanəti faizi ilə məbləğin illik 10%-i miqdarında gəlir əldə edəcəkdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X5 iddia tələbinə istinad etməklə, apelyasiya şikayətinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları, apelyasiya şikayətinin dəllillərini araşdıraraq və tərəflərin izahatını dinləyərək, hesab edir ki, apelyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, mülki işin materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 835/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli hökmü ilə müəyyən edilmiş hallardan görünür ki, Cavabdeh xx xxxx 2012-ci il tarixdən Bakı-Sumqayıt magistral yolunun 17-ci km-də yerləşən “xxxx” MMC-nin, x xxxxxxx 2015-ci il tarixdən isə yenidən təşkil olunmuş “X15” MMC-nin satış təmsilçisi vəzifəsində işləyərkən, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilən özgə əmlakını talama məqsədilə, onunla bağlanmış xx xxxx 2012-ci il tarixli əmək və xx xxxxxx 2014-cü il tarixli tam maddi məsuliyyət haqqında müqavilələrinə və satış təmsilçisinin vəzifə təlimatına əsasən müəssisənin istehsal etdiyi məhsulları bazarda tanıtmaq və bu məhsulların satışını təşkil etmək, satış əməliyyatlarının nəticələri haqqında aidiyyəti üzrə obyektiv və vaxtlı məlumat vermək, ona etibar edilən əmlakı qorumaq və bu əmlak haqqında məsuliyyət və cavabdehlik daşımaq, müəssisədən hər hansı müştəri üçün götürdüyü məhsulun pulunun vaxtında ödənilməsinə cavabdehlik daşımaq və bu işə məsuliyyətlə yanaşmaq, öz fəaliyyətinin nəticələri haqqında müntəzəm surətdə hesabatlar vermək və digər vəzifələrə malik məsul şəxs kimi Cəmiyyətin qeyd olunan ünvanında yerləşən anbarından Cəmiyyətin sürücüsü cinayətdən xəbərsiz olan X9 və qeyriləri vasitəsi ilə x xxxxxx 2014-cü il tarixdən x xxxxxxxx 2017-ci il tarixədək olan müddət ərzində 2386 halda maddi məsuliyyətinə götürdüyü 2.355.672 manat məbləğində ayrı-ayrı növdə olan tikinti materiallarını “Kristal Abşeron” Mənzil Tikinti Kooperativinə sataraq əldə olunmuş məbləğdən 2.209.686,49 manatını hissə-hissə cəmiyyətin xəzinəsinə nağd qaydada mədaxil etməsinə baxmayaraq, öhdəsində olan mal-materialların satışından əldə etdiyi qalan 145.985,51 manat və x xxxxxx 2014-cü il tarixdən xx xxxxxxxx 2017-ci il tarixədək olan müddət ərzində 1349 halda tam maddi məsuliyyətinə götürdüyü 834.034,99 manat məbləğində ayrı-ayrı növdə olan tikinti materiallarını “Xəzər İnşaat XXİ əsr” Mənzil Tikinti Kooperativinə sataraq əldə olunmuş məbləğdən 726.287,33 manatını hissə-hissə cəmiyyətin xəzinəsinə nağd qaydada mədaxil etməsinə baxmayaraq, öhdəsində olan malmaterialların satışından əldə etdiyi qalan 107.747,66 manat, cəmi 253.733,62 manat məbləğində pulu nağd qaydada, eləcə də onun və münasibətdə olduğu ayrı-ayrı şəxslərin adlarına “xxxx” QSC-də açılmış bank hesablarına köçürmə vasitələri ilə əldə etməsinə baxmayaraq Cəmiyyətin xəzinəsinə təhvil verməyərək şəxsi ehtiyaclarına sərf etməklə ona etibar olunmuş külli miqdarda özgə əmlakını vahid qəsdlə qulluq mövqeyindən istifadə edib mənimsəməklə talamışdır. Bundan başqa o, həmin vəzifədə işləyərkən sair şəxsi niyyətlə, yəni törətdiyi cinayət əməlinin ifşa olunmaması və öhdəliyində olan çatışmazlığın gizlədilməsi üçün “Kristal Abşeron” Mənzil Tikinti Kooperativinin mühasibi tanışı X6 və “Xəzər İnşaat XXİ əsr” Mənzil Tikinti Kooperativinin mühasibi tanışı X7 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək “X15” MMC tərəfindən xx xxxxxxxx 2017ci il tarixdə həmin kooperativlərin yerləşdiyi Sumqayıt şəhəri 6-cı mikrorayon və Bakı şəhəri, Y.Günəşli qəsəbəsi, D massivi ərazisində yerləşən ofislərində keçirilən daxili yoxlama zamanı “Kristal Abşeron” Mənzil Tikinti Kooperativinin 145.986 manat və “Xəzər İnşaat XXİ əsr” Mənzil Tikinti Kooperativinin 107.847 manat “X15” MMC-dən alınmış malmateriala görə borc öhdəliyinin olması barədə rəsmi sənəd hesab olunan xx xxxxxxxx 2017-ci il tarixli üzləşdirmə aktlarında bilə-bilə yalan məlumatlar daxil edərək özü və həmin şəxslər tərəfindən imzaları ilə təsdiq etmələrinə nail olmaqla vəzifə saxtakarlığı törətmiş, buna görə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinərək məhkum edilmişdir. Həmin hökmdən həmçinin görünür ki, X8 cinayət işinə məhkəmədə baxıldığı dövrdə İddiaçı MMC-yə vurulmuş maddi ziyanı tam şəkildə ödəmişdir. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin x xxxxxx 2018-ci il tarixli 1(101)-835/2018 nömrəli hökmündə zərərçəkmiş şəxs “ X15” MMC-nin hüquqi varisi “xxxx” MMC-nin direktorunun təqdim etdiyi ərizədən görünür ki, MMC-yə dəymiş maddi ziyan ödənilməsi və təqsirləndirilən şəxslərə həbslə bağlı olmayan cəza təyin edilməsinin xahiş edilməsi qeyd olunmuşdur. Beləliklə, işin təsvir edilmiş hallarından mübahisəsiz qaydada görünür ki, Cavabdeh iddiaçı “xxxx” MMC (indiki İddiaçı” MMC) ilə bağladığı xx.xx.2012-ci il tarixli əmək müqaviləsinə, xx.xx.2014-cü il tarixli tam maddi məsuliyyət haqqında müqaviləyə və vəzifə təlimatına əsasən, cəmiyyətdə satış meneceri vəzifəsinə qəbul edilmiş, həmin vəzifədə işləyərkən, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilən özgə əmlakını talama məqsədilə cəmiyyətin anbarından maddi məsuliyyətinə götürdüyü ayrı-ayrı növdə olan tikinti materiallarını sataraq əldə olunmuş məbləğdən bir hissəsini cəmiyyətin xəzinəsinə təhvil verməyərək ona etibar olunmuş külli miqdarda özgə əmlakını vahid qəsdlə qulluq mövqeyindən istifadə edib mənimsəməklə talamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 198-ci maddəsinə görə bu Məcəllənin 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa qalan bütün hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 199-cu maddəsinə görə işçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; c) inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda; ç) əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda; d) alkoqol, toksik (zəhərli), psixotrop maddələrdən və ya narkotik vasitələrdən sərxoş vəziyyətdə ziyan vurulduqda; e) işəgötürənin kommersiya sirrini yaydıqda; ə) işəgötürənin şəxsiyyətini ləkələyən, şərəf və ləyaqətini alçaldan, habelə həqiqətə uyğun olmayan böhtanlı və təhqirli iftiralar, yalan məlumatlar yaymaqla onun sahibkarlıq fəaliyyətinə ciddi xələl gətirmiş mənəvi ziyan vurulduqda. Eyni Məcəllənin 201-ci maddəsinin 2-ci hissəsinə görə işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində vurulan faktik ziyandan əlavə işəgötürənin gələcəkdə əldə edə biləcəyi gəlirin, mənfəətin itirilməsinə görə işçi maddi məsuliyyət daşımır. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Belə olan halda aydın olur ki, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. İşin müəyyən edilmiş mübahisəsiz hallarına əsasən işçi Cavabdeh cinayət törətməklə işəgötürən İddiaçı MMC-yə vurduğu real zərər tam olaraq ödənilmiş, zərər həmçinin, əldən çıxmış faydanı da özündə ehtiva etsə də, işçi Cavabdeh (cavabdeh) Əmək Məcəllənin 201-ci maddəsinin 2-ci hissəsinə görə hərəkət və ya hərəkətsizliyi nəticəsində vurulan faktik ziyandan əlavə işəgötürənin gələcəkdə əldə edə biləcəyi gəlirin, mənfəətin itirilməsinə görə maddi məsuliyyət daşımadığından işəgötürən İddiaçı MMC (iddiaçı) əldən çıxmış faydanı ondan tələb edə bilməz. Başqa sözlə, Cavabdeh işçi kimi işəgötürən İddiaçı MMC qarşısında maddi məsuliyyəti qanunla yalnız vurduğu faktik ziyanla məhdudlaşdırılır. Təsvir olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı “əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. İddaçı apelyasiya şikayətində Azərbaycan respublikasının Əmək Məcəlləsinin 201.3cü maddəsinin (əgər işçi qabaqcadan bilə-bilə, qəsdən işəgötürəni gələcəkdə əldə edə biləcəyi gəlirdən, mənfəətdən məhrum etmək üçün qanunazidd hərəkətləri (hərəkətsizliyi) ilə işəgötürənə müəyyən ziyan vurmuşdursa, onda o, yalnız məhkəmənin qərarı ilə işəgötürənin gələcəkdə qazana biləcəyi gəlirin məbləğində ziyana görə maddi məsuliyyətə, həmçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada digər məsuliyyətə cəlb edilə bilər) və Mülki Məcəllənin 449.1-ci maddəsinin özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir müddəalarəna istinad etməklə birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirir və qətnamənin ləğviini tələb etmişdir. Kollegiya bununla bağlı qeyd edir ki, Əmək Məcəlləsinin qeyd olunan maddəsinin tələbinə görə işəgötürənə vurlmuş ziyana görə işçi yalnız məhkəmənin qərarı ilə maddi məsuliyyətə cəlb oluna bilər.Qeyd olunduğu kimi, işçi maddi ziyanı artıq məhkəmədə cinayət işinə baxılması zamanı ödəmişdir və bu hal Bakı Ağır Cinayətlər Məhkəməsinin x xxxxxx 2018-ci il tarixli 1(101)-835/2018 nömrəli hökmündə təqsirləndirilən şəxslərə cəza təyin olunarkən nəzərə alınmışdır. Daha sonra apelyasiya şikayətində MM-nin 449.1-ci maddəsinə istinad olunmuşdur ki, bununla bağlı Kolegiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.3cü və 449.4-cü maddələrinin müvafiq olaraq «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(001)- 7711/2019 nömrəli qətnaməsi İddiaçı MMC-yə münasibətdə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar