Məhkəmə qərarları › İş №2(103)-2420/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2420/2025

19.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2420/2025 19.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “təhsil hüququnun bərpası və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: təhsil hüququnun bərpası və mənəvi zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X17 (sədrlik edən və məruzəçi), X10 və X3 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh MMC-nin nümayənədəsi və vəkili Vəkil1 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-905/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Xəzər Universiteti Dünya Məktəbi MMC ilə valideyn İddiaçı arasında bağlanan xx.xx.2024-cü il tarixli ödənişli təhsil xidmətlərinin göstərilməsi haqqında müqavilənin surətindən və müqaviləyə 2 saylı əlavədən görünür ki, məktəb ödənişli əsaslarla müvafiq təhsil proqramlarına və Müqavilənin şərtlərinə uyğun olan şağird X15 təhsil xidmətləri göstərməyi, valideyn isə məktəbin müəyyənləşdirdiyi və müqavilənin əlavələrində qeyd olunan qiymətlər üzrə təhsil haqqını və tərəflərin razılaşdıqları digər xərcləri məktəbə ödəməyi öhdəsinə götürür. 2024-2025-ci tədris ili üçün illik təhsil haqqının məbləği artırılır və 9500 manat müəyyən edilir.

2. Müqavilənin 7-ci bəndində Müqavilənin ləğv edilməsi qaydalarında göstərilir: 7.1. Müqavilə tərəflərin qarşılıqlı razılığı ilə ləğv edilə bilər; 7.2. Məktəb aşağıdakı hallarda birtərəfli qaydada bu Müqaviləyə xitam verə bilər: 7.2.1. Valideyn təhsil haqqını və Tərəflərin razılaşdığı digər xərcləri iki ay ardıcıl ödəmədikdə; 7.2.2. Valideyn və ya Şagird pedaqoji işçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşmadıqda; 7.2.3. Valideyn və ya Şagird Məktəbin nizamnaməsinin və daxili qaydalarının tələblərinə riayət etmədikdə; 7.2.4. Valideyn və ya Şagird təhsil sahəsində qanunvericiliyin tələblərinə, etik normalara və təlimtərbiyə prosesi ilə bağlı qaydalara əməl etmədikdə; 7.2.5. Valideyn tədrisə müdaxilə etməklə təlim-tərbiyə prosesinə zidd olan hərəkətlərə yol verdikdə; 7.2.6. Şagird üzürsüz səbəbdən 3 (üç) və ya daha çox gün dərs buraxdıqda və Məktəb vaxtında xəbərdar edilmədikdə: 7.2.7. Şagird digər şagirdlərə, müəllimlərə və Məktəbin işçilərinə qarşı kobud rəftar etdikdə, Məktəbin daxili qaydalarını pozduqda, dərslərdə düzgün davranmadıqda, dərsləri mənimsəyə bilmədkikdə, bilik səviyyəsinin yoxlanılması və qiymətləndirilməsi məqsədilə keçirilən imtahanları verə bilmədikdə; və s.

3. Xəzər Universiteti Dünya Məktəbinin direktoru tərəfindən valideyn İddiaçı ünvanlanan xx.xx.2024-cü il tarixli 329 №-li məktubda göstərilir: Hörmətli valideyn, Bu məktubla bildiririk ki, dərsə hazırlıqsız gəldiyinə, dərs vaxtı sistematik olaraq diqqətini dərsdən yayındırdığına və digər şagirdlərin diqqətinin dərsdən yayınmasına səbəb olduğuna, dərsdə yersiz replikalar atdığına, sakitliyi və dərsi pozduğuna görə, habelə valideyn Lamiyə Quliyeva tərəfindən 6b sinif rəhbəri Pərvanə Qurbanlıya işdən çıxmasına dair təzyiq edildiyinə görə Sizinlə "Xəzər Universiteti Dünya Məktəbi” MMC (bundan sonra Məktəb) arasında bağlanmış ödənişli təhsil xidmətlərinin göstərilməsi haqqında xx.xx.2024-cü il tarixli 56 nömrəli müqaviləyə əsasən övladınız X12 2024-2025-ci tədris ilində Məktəbdə təhsilini davam etdirməsi mümkün olmayacaq. Belə ki, dərsə hazırlıqsız gəlmə, dərsdə diqqəti yayındırma, dərsi pozma Məktəbin daxili qaydalarına görə intizam pozuntusu hesab edilir və bu hal Müqavilənin 7.2.3 və 7.2.7-ci bəndlərinə əsasən Məktəb tərəfindən müqaviləyə birtərəfli qaydada xitam verilməsi üçün əsasdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Məktəb müqavilənin 2.2.2.1, 7.2.3, 7.2.7, 7.3 və 7.6-cı bəndlərini rəhbər tutaraq bu məktubla Sizi xəbərdar etməklə müqaviləyə xx.xx.2024-cü il tarixdə birtərəfli qaydada xitam verir.

4. Xəzər Universiteti Bakı Dünya Məktəbinin direktoruna ünvanlanmış və 6 B sinfinin şagirdi Furkan Quliyev haqqında rus dili və ədəbiyyat müəllimi Çinarə Piriyevanın xx.xx.2024-cü il tarixli təqdimatının mətni: Hörmətli Leyla xanım, nəzərinizə çatdırmaq istəyirəm ki, 6º sinif şagirdi Quliyev Furkan tədris ilinin əvvəlindən dərslərə hazırlıqsız gəlir. Mənim daimi və çoxsaylı xəbərdarlıqlarıma baxmayaraq, verilən ev tapşırıqlarını yerinə yetirmir, hələ də rus dili fənni üzrə dəftəri yoxdur. Dərs zamanı sistematik olaraq fikri yayınır və bu zaman başqa şagirdlərində fikrini yayındırır. Mən dərs izah etdiyim zaman hər kəs mənə qulaq asdığı zaman, yerindən replikalar səsləndirərək sakitliyi pozur, başqaların fikrini yayındırır və nəticədə dərs prosesini pozur. Xahiş edirəm bu məsələdə bizə dəstək olasınız.

5. Xəzər Universiteti Bakı Dünya Məktəbinin direktoruna ünvanlanmış və 6 B sinfinin sinif rəhbəri Pərvanə Qurbanlının xx.xx.2024-cü il tarixli təqdimatının mətni: Hörmətli Mərufə xanım, yazıb məlumat vermək istəyirəm ki, mən xx.xx.2024-cü il tarixindən 6ª sinifində sinif rəhbəri vəzifəsini icra etməyə başlamışam. Həm sinif şagirdləri, həm də onların valideynləri ilə yaxından tanış olmaq üçün müəyyən tədbirlər keçirmişəm. Şagirdlərlə keçirdiyim sinif saatlarında məktəbimizin fəlsəfəsi, missiyası, intizam siyasəti müzakirə edilmişdir. Bunlara baxmayaraq, Quliyev Furkan heç bir qaydalara riayət etmir, öz sinif yoldaşları ilə ehtiyatsız rəftar edir, dərs zamanı səs salmaqla özünə və digər şagirdlərə mane olur. Keçən həftə Quliyev Furkan intizam pozuntusuna yol verərək, sinif yoldaşı M.Raufu balkona salaraq qapını bağlamışdır. Belə davranış valideynlərdə narahatçılıq yaratmışdır. xx.xx.2024 tarixində müstəqil iş zamanı Quliyev Furkan mənim xəbərdarlıqlarıma baxmayaraq səs salaraq şagirdlərin müstəqil işləmələrinə mane olmuşdur. Üçüncü xəbərdarlıqdan sonra, mən səs tonunu yüksəldərək (otaq səs-küylü idi) onun oturduğu yeri dəyişməsini söylədim. Çətinliklə onu müəllim stolunun arxasında oturtdum. Onu da qeyd etmək istəyirəm ki, Quliyev Furkan məktəbin intizam siyasətinə uyğun olmayan davranış pozuntuları ilə tədrisin keyfiyyətinə ciddi zərbə vurur. Sizdən xahiş edirəm ki, bu məsələnin həllinə valideynləri cəlb edəsiniz.

6. Xəzər Universiteti Bakı Dünya Məktəbinin direktoruna ünvanlanmış və Furkan Quliyevin valideyni Lamiyə Quliyeva tərəfindən yazılmış xx.xx.2024-cü il tarixli ərizənin mətni: Hörmətli Mərufə xanım, sizdən xahiş edirəm 6 b sinif rəhbəri Pərvanə xanım ilə bağlı ciddi ölçü götürəsiz, övladıma yaşatdığı streslə əlaqədar həmin günün gecəsi uşaq yaşadığı qorxudan səhərə yaxın həkim müdaxilə etdi və tək bununla bitmədi. Valideyn olaraq, övladlarının narahatlığından yoldaşı və özü səhhətlərində gərginlik keçirtmişlər. Xahiş edir ki,nəzərə alınsın və müəlliməni sinif rəhbərliyindən kənarlaşdırasınız, hesab edirəm ki, buna kifayət qədər əsas var (yaşadıqları səhhət problemləri ciddiyə dönüşə bilir).

7. xx.xx.2024-cü il tarixli valideyn Lamiyə Quliyeva ilə keçirilmiş, görüşü protokolunda göstərilir: 27 sentyabr 2024-cü il tarixində rus bölməsi 6ª sinif şagirdi Furkan Quliyevin anası Quliyeva Lamiyə ilə məktəb nümayəndələri arasında görüş keçirilmişdir. Görüşün əsas məqsədi 26 sentyabr 2024-cü il tarixində Quliyeva Lamiyə tərəfindən rəhbərliyə təqdim edilmiş şikayət ərizəsini araşdırmaq olmuşdur. Görüşdə valideyn, Quliyeva Lamiyə öz övladında davranış problemlərinin olduğunu etiraf etsə də, yenə də sinif rəhbərinin yüksək tonla danışığını qəbul etməmiş və işdən çıxarılmasını tələb etmişdir. Məktəb rəhbərliyi X30ı başqa sinfə keçirilməsi təklifini vermişdir, lakin valideyn bu təklifi rədd etmişdir. Məktəb rəhbərliyi valideynə bildirmişdir ki, sinif rəhbəri barədə şikayət ilk dəfə olduğu üçün onun işdən çıxarılması məktəbin intizam siyasətinə uyğun deyil. Bununla yanaşı, şikayət yalnız 1 valideyn tərəfindən edilmişdir. Valideyn israrla sinfin digər valideynlərinin də sinif rəhbərindən narazı olduğunu bildirmişdir. Bu faktın doğruluğunu araşdırmaq üçün 6b sinif valideynləri ilə toplantının keçirilməsinin vacibliyi valideynin nəzərinə çatdırılmışdır və valideynin özünün də toplantıda iştirakı vacib hesab edilmişdir. 6b sinif valideynləri ilə toplantının xx.xx.2024- cü il tarixində keçirilməsi qərara alınmışdır. Lakin, X20 həmin toplantıda iştirakdan imtina etmişdir. Görüşün sonunda Quliyeva Lamiyə bölmə rəhbəri Leyla Cəbrayılovaya, Nizam-intizam koordinatoru Heydər Əliyevə, psixoloq Kəmalə Qasımovaya öz təşəkkürünü bildirmişdir.

8. xx.xx.2024-cü il tarixində rus bölməsi 6 b sinif valideynləri ilə rəhbərlik yanında toplantının protokolunda göstərilir: Toplantıda 6b sinif şagirdi Quliyev Furkanın valideyni Quliyeva Lamiyənin rəhbərliyə şikayət məktubu müzakirə edildi. X20 şikayət məktubunda 6ª sinif rəhbəri Qurbanlı Pərvanənin müstəqil iş saatında Q. Furkana yüksək tonla qışqıraraq ona təzyiq göstərdiyini bildirib. Bu vəziyyətin şagirdə mənfi təsir göstərməsini əsas gətirərək Qurbanlı Pərvanənin işdən azad edilməsini tələb etmişdir. Azərbaycan və rus bölmələrinin direktoru M.Mədətli valideynin şikayət məktubunu valideynlərin nəzərinə çatdırdı. M.Mədətli valideynlərdən xahiş etdi ki, yaranmış vəziyyətlə və ümumiyyətlə sinif rəhbəri barədə öz rəylərini bildirsinlər. Valideynlər sinif rəhbərinin də toplantıya dəvət olunmasını xahiş etdilər. Sinif rəhbəri toplantıya dəvət edildi və valideynlərin çoxsaylı suallarını cavablandırdı. Valideynlərin ümumi rəyləri: Müəllimə çox səmimidir, mülayimdir, daha sərt olmalıdır ki, şagirdlər onun dediklərinə riayət etsinlər; Yaranan vəziyyətə görə müəlliməni işdən azad etmək çıxış yolu deyil. Bu, şagirdin müəllim ilə gələcək münasibətinə mənfi təsir edər.; Müəllim şagirdə səs tonunu qaldıra bilər, burada mənfi bir vəziyyət yoxdur. Şagirdlərə hər dəfə yüksək tonla müraciət edəndə müəlliməni işdən azad etmək olmaz.; Şagird o vəziyyətə gətirməməlidir ki, müəllim qışqırsın. Müəllim də pedaqoji etikanı qorumalıdır; Sinifdə balkonlar bağlı olmalıdır, balkonların olması təhlükəlidir.; Nizam-intizam koordinatoru, psixoloq uşaqlarla iş aparmalıdır; Tərbiyəni uşaq evdə alır, məktəb akademik bilik və bacarıqlar verir; Biz özümüz uşaqları hər bir şeydən müdafiə edirik, çətinliklərdən qoruyuruq və bu onların gələcək həyatına pis təsir göstərir.; Valideyn Furkana vəziyyəti, davranışları başa salmalıdır və şagird öz davranışlarına görə cavabdeh olmalıdır. Bölmə rəhbəri Cəbrayılova Leyla bildirdi ki, hər bir müəllim şagirdlərlə ünsiyyət qurarkən pedagoji etikaya riayət etməlidir. Qeyd etdi ki, hər bir şagirddən nizam-intizam tələb olunur və bu bizim intizam siyasətində əks olunub. X6 qeyd etdi ki, Quliyev Lamiyə, Pərvanə müəlliməyə zəng edərək öz ərizəsi ilə işdən çıxmasını tələb etmişdir. Bu məsələ ilə bağlı valideynlərdən öz münasibətlərini bildirməyini xahiş etdi. Sorğu: Müəllimə işdən çıxarılsın? 12 valideyn müəllimənin çıxarılmasının əleyhinə olaraq səs verdilər. Müəllimə işdən azad olunmasın,şans verilsin.

9. Furkan Quliyevin valideyni İddiaçı Xəzər Universiteti Bakı Dünya Məktəbinin direktoruna ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizəsində göstərir: Quliyev Furkanın təlimtərbiyəsinə cavabdehliyi siz müəllimləri ilə birlikdə nəzarətə götürməyinə söz verir. O cümlədən, xahiş edir ki, müəllimlər uşağa pedaqoji cəhətdən daha çox yanaşsınlar.

10. Xəzər Universiteti Bakı Dünya Məktəbində psixoloq, rus bölməsinin tədris işləri üzrə koordinatoru, Orucov Muhammedin valideyni, Quliyev Furkanın valideyni və Nizam intizam və valideynlərlə əlaqə üzrə kordinatorun iştirakı ilə tərtib edilən aktda göstərilir: xx.xx.2023cü il tarixində Rus bölməsinin 5(b) sinif şagirdlərinin X21 və X8 valideyinləri ilə görüş keçirildi. Görüş əsnasında valideyinlərə Furkanın Muhammədə güclü zərbə vurması barədə məlumat verildi. X21 məktəbin intizam siyasətini ciddi pozaraq tədris prosesini dəfələrlə pozduğuna və öz davranışı ilə digər şagirdlərin dərslərə cəlb edilməsinə maneə törədir. Quliyev Furkanın valideyinlərinə bildirildi ki rəhbərlik tərəfindən "töhmət" elan edilib və şagirdin məktəbdən xaric edilməsi qərarının verilməsi labüd olacağı bildirilib. Valideyinlərin imza çəkilmədiklərinin səbəbləri: X8 tibbi müayinənin nətiçəsindən sonra qərar verəcəyini bildirib. X12 atası əsəbləşib otağı tərk etdi.

11. X1 çıxarışa görə Müəllimlərin şagird X12 dərsə hazırlığına, davamiyyətinə və davranışına görə qeydləri: X22 (Azərbaycan dili fənni müəllim) – Furkan dərsə kitabsız, dəftərsiz, qələmsiz gəlir, Dərsə məsuliyyətsiz yanaşır; X13 (rus dili müəllimi) Furkan dərsə gecikir və dərsə hazır deyildi. X11 (informatika müəllimi) dərsə gecikir, dərs zamanı danışır. X5 ( təbiət fənni müəllimi) dərslərə vaxtında gəlir, qaydalara riayət etsə də, bəzən (nadir hallarda) dərs prosesini davranışı ilə pozur, diqqəti tez-tez dağılır və yeni mövzunun izahında fəallığı zəifdir.

12. Cavabdeh MMC-nin xx.xx.2016-cı ildə təsdiq edilmiş Nizamnaməsinin iddiaçı tərəfindən istinad olunan bəndləri: 5.2.3. Dərs ili ərzində müəssisədə keçirilən Pedaqoji Şura iclaslarının sayına məhdudiyyət qoyulmur. Şura iclaslarının keçirilməsi zərurəti müzakirəyə çıxarılan aktual məsələlərdən, pedaqoji kollektivin üzvlərinin, habelə özünüidarə orqanlarının təkliflərindən, qaldırılan məsələlərdən asılı olaraq müəssisənin direktoru tərəfindən müəyyən edilir. 5.3. Pedaqoji Şuranın vəzifələrinə daxildir: (5.3.10. bənd) Təhsildə zəif nəticələr göstərən şagirdlərin məktəbdən xaric olunması:

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

13. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin “Ödənişli təhsil xidmətlərinin göstərilməsi haqqında Müqavilə”yə dair xx.xx.2024-cü il tarixli, 329 nömrəli xəbərdarlıq bildirişinin etibarsız hesab olunması və onun əsasında verilmiş müvafiq əmrin ləğv edilməsi, cavabdehin üzərinə X12 Dünya Məktəbinə bərpa edilməsi öhdəliyinin qoyulması və cavabdehdən vurulmuş mənəvi zərərin əvəzi olaraq 20 000 (iyirmi min) manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh MMC (bundan sonra “Cavabdeh”) ilə aralarında xx.xx.2024-cü il tarixində “Ödənişli təhsil xidmətlərinin göstərilməsi haqqında Müqavilə”(bundan sonra “Müqavilə”) bağlanmışdır. Müqavilədə Cavabdehin, oğlu, xx.xx.2013-cü il təvəllüdlü Furkan Quliyevə ödənişli əsaslarla (Müqavilədə razılaşdırılan illik təhsil haqqı ödənişi qarşılığında), müvafiq təhsil proqramlarına uyğun təhsil vermək öhdəliyi müəyyən olunmuşdur. Oğlu bu Müqavilə və digər analoji müqavilələr əsasında artıq 6-cı ildir ki, Cavabdehin rəhbərlik etdiyi “Dünya məktəbi” təhsil müəssisəsində (bundan sonra “məktəb”) təhsil alır. Cavabdeh əvvəlki tədris illərində Müqavilə üzrə üzərinə düşən vəzifəni icra edib, oğlunun məktəbdə müvafiq təhsil proqramı üzrə keçirilən dərslərdə iştirak etməsinə şərait yaratsa da, 2024 – 2025-ci tədris ilində bu öhdəliyinin icrasından qərəzli və məqsədli şəkildə yayınmış və Müqaviləyə birtərəfli qaydada xitam verməklə, oğlunu məktəbdən xaric etmişdir. Təsadüfi deyildir ki, bundan bir müddət əvvəl, oğlu məktəbin direktoru Mərufə Mədətlinin, təhsil hissəsinin müdiri Leyla Cəbrayılovanın və məktəbin pedaqoji heyətindən bəzi işçilərin (əsasən sinif rəhbəri, fizika müəllimi və s.) onunla kobud davrandığını və ona mənfi psixoloji təzyiq (bullinq) göstərdiyini bildirib, narazılıq etməyə başlamışdır. Bu narazılığı hər ötən gün daha da artaraq o həddə çatmışdır ki, davamlı psixoloji təzyiqdən və aqressiv, neqativ münasibətdən dolayı, dərslərdə iştirak etməkdən çəkinmiş, sinif rəhbərinin davamlı təzyiqindən hətta intihar etməyi belə düşünmüşdür. Yaranmış vəziyyət valideyn olaraq onları çox narahat etdiyindən, mövcud problemin həll olunması məqsədilə, məktəbin direktoruna və təhsil hissəsinin müdirinə müraciət edib, mənfi halların qarşısının alınmasına çalışmış, məktəbin məsələyə biganə yanaşdığını gördükdə isə, aidiyyəti orqanlara (Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə) bununla bağlı müraciətlər ünvanlamışlar. Bundan sonra məktəb məsələyə daha da aqressiv yanaşaraq, onlardan sanki “qisas” almaq məqsədilə, Müqavilə tərəfi kimi ona Müqaviləyə xitam verəcəyi barədə xəbərdarlıq bildirişi göndərmiş və bildirişdə Müqaviləyə xitam verilmə səbəbi (əsası) kimi, oğlunun məktəbin daxili qaydalarını pozduğunu və dərslərdə düzgün davranmadığını göstərmişdir. Bunun ardınca isə Müqaviləyə birtərəfli qaydada xitam vermiş və oğlunu məktəbdən xaric etmişdir. Məktəb rəhbərliyi bununla bağlı verilmiş müvafiq əmri, müraciətlərinə baxmayaraq, təqdim etməkdən imtina etmiş və bu imtinasını həmin əmrin məktəbin daxili sənədi olması ilə əsaslandırmışdır (müvafiq yazışma əlavə edilir). Halbuki, müvafiq əmrlə tanış olmaq valideyn olaraq onların hüququdur və məktəb bu hüququn təmin edilməsindən əsassız yerə boyun qaçırmamalıdır. Cavabdeh bu hərəkətləri ilə, məsələyə öz qərəzli və qeyriobyektiv davranışını əyani şəkildə nümayiş etdirmişdir. O, oğlunu məktəbdən xaric etməklə, onun ali konstitusion hüquqlarından olan təhsil hüququnu pozmuş, onun isə həm valideyn, həm də Müqavilə tərəfi olaraq, müvafiq hüquq və qanuni maraqlarıma toxunmuşdur. Cavabdeh oğlunu məktəbdən xaric edib, onu təhsil hüququndan məhrum etməklə, qanunvericiliyin aşağıdakı tələblərini pozmuşdur: Azərbaycan Respublikası Konstitusiyasının 42-cimaddəsinə əsasən, hər bir vətəndaşın təhsil almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası qanununun 22-ci maddəsinə əsasən, hər bir uşağın Azərbaycan Respublikasının təhsil qanunvericiliyinə uyğun olaraq təhsilalmaq hüququ vardır. Həmin maddənin tələbinə görə, uşaqların icbari ümumi orta təhsildən yayındırılması qadağandır. “Təhsil haqqında” və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası qanunlarının 5.1-cimaddəsinə əsasən, dövlət hər bir vətəndaşın təhsil alması üçün müvafiq şəraitin yaradılmasına təminat verir və təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından məhrum edilməsinə yol vermir. “Təhsil haqqında” və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası qanunlarının 5.4-cü maddəsinə əsasən, dövlət hər bir vətəndaşın icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Qanunvericilikdə təhsil hüququnun toxunulmazlığı və əhəmiyyəti vurğulanmaqla yanaşı, onun pozulmasına görə məsuliyyət tədbiri də müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 181-ci maddəsinə əsasən, təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından şəxsin məhrum edilməsinə görə fizikişəxslər yüz manat məbləğində, vəzifəlişəxslər üç yüz manat məbləğində, hüquqişəxslər beş min manat məbləğində cərimə edilir. Təhsil hüququnun məhdudlaşdırılması beynəlxalq hüquq normalarının aşağıdakı tələblərinə də ziddir: “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”ya dair xx.xx.1952-ci il tarixli Protokolun 2-ci maddəsinə əsasən, heç bir şəxsin təhsil hüququndan imtina edilə bilməz. “Uşaq hüquqları haqqında Konvensiya”nın 28-ci maddəsinə əsasən, iştirakçı dövlətlər uşağın təhsil hüququnu tanıyır və orta təhsilin bütün uşaqlar üçün mümkün olmasını təmin edir. Uşaqların məktəbdən xaric edilməsinin yolverilməzliyi ilə bağlı məsələ müxtəlif dövrlərdə mətbuatda da işıqlandırılmış, bu məsələyə təhsil ekspertlərinin mövqeyi alınmışdır (əlavə edilir). Təhsil ekspertləri öz müsahibələrində dəfələrlə vurğulayıblar ki, şagird heç bir halda məktəbdən azad oluna bilməz. Hər kəsin təhsil almaq hüququ vardır və bu hüquq heç bir halda məhdudlaşdırıla bilməz, heç kimə də bunu etməyə ixtiyar verilmir. Bu, şagirdin məktəbin daxili nizam-intizam qaydalarını pozduğu hallara da aiddir (bu halda məktəb tərəfindən başqa addımlar atıla bilər (məsələn, şagirdin sinfinin dəyişdirilməsi, valideynlə söhbət və s.)). Cavabdeh Müqaviləyə xitam verərkən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin və Müqavilənin müddəalarının aşağıdakı tələblərini də pozmuşdur: Mülki Məcəllənin 421-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Müqavilənin 7.1-ci bəndinə əsasən, Müqavilə tərəflərin qarşılıqlı razılığı ilə ləğv edilə bilər. Müqavilənin 7.3-cü bəndinə əsasən, tərəflərdən biri Müqaviləni birtərəfli qaydada ləğv etmək istəyərsə, digər tərəfə 7 (yeddi) iş günü əvvəlcədən yazılı məlumat verməlidir. İddia ərizəsinə əlavə olunan, Cavabdehin ona xx.xx.2024-cü il tarixində göndərdiyi “Müqaviləyə xitam verilməsi barədə” xx.xx.2024-cü il tarixli, 329 nömrəli xəbərdarlıq bildirişindən göründüyü kimi, o, Müqavilənin birtərəfli qaydada ləğv edilməsi haqqında yazılı məlumatlandırmanı Müqavilənin 7.3- cü bəndinin tələbini pozaraq etmişdir. Yəni, Müqavilə müəyyən edilmiş xəbərdarlıq müddətinə riayət olunmadan ləğv edilmişdir (Müqavilənin ləğv olunduğu tarixlə Xəbərdarlıq bildirişinin göndərildiyi tarix arasındakı fərq 7 iş günü deyil, 6 iş günü təşkil edir). Digər tərəfdən, Bildirişdə Müqaviləyə birtərəfli qaydada xitam verilmə əsası kimi, oğlunun məktəbin nizam intizam qaydalarını pozması qeyd edilsə də, konkret olaraq hansı tarixdə, hansı nizam intizam qaydasını pozduğu və buna görə barəsində hansı tədbirin görüldüyü qeyd edilməmiş və bununla bağlı hər hansı sənədə (komissiya rəyinə, akta və s.) istinad verilməmişdir. Bütün bu xüsusatlar Bildirişin özlüyündə əhəmiyyətsiz, onun əsasında verilmiş qərarların, icra edilmiş hərəkətlərin isə əsassız olduğunu göstərir. Cavabdehin müvafiq hərəkətlərinin mənfi nəticələri yuxarıda qeyd edilən pozuntularla məhdudlaşmır. O, oğlumun təhsil hüququnu pozmaqla bərabər, ona böyük mənəvi sarsıntı yaşatmışdır. Son dövrlər məktəbdə oğluma psixoloji təzyiqin göstərilməsi, onun dərslərdən kənarlaşdırılması, təhsil aldığı mühitdən uzaqlaşdırılması və sinif yoldaşları ilə ünsiyyətdə olma imkanından məhrum edilməsi oğlunun psixoloji sağlamlıq durumuna ciddi mənfi təsir göstərmişdir. Mövcud şəraitdə məktəb ona psixoloji yardım göstərmək, onun problemini dinləyib həllinə çalışmaq əvəzinə, onu məktəbdən xaric etməklə yaranmış vəziyyəti daha da gərginləşdirmişdir. Özü də, bunu təhsil ilinin ortasında, təhsil müəssisələrində yerlərin dolduğu, təhsil proqramlarının tərtib edilib təhsil prosesinin davam etdiyi bir dövrdə edərək, bizi çıxılmaz vəziyyətdə qoymuşdur. Qeyd edilməlidir ki, məktəbdə baş verən özbaşınalıq halları mənim kimi, başqa valideynləri də ciddi narahat etdiyindən, hətta bir neçə dəfə mətbuatda da işıqlandırılmışdır (mediada paylaşılan müvafiq məlumat əlavə edilir).

15. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, dərs otaqlarından qonşu otaqlara səs yayılması mümkünsüzdür. Böyük oğlu hazırki məktəbin məzunudur və Avropa Şurasında çalışır. İkinci övladının da, həmin məktəbin məzunu olmasını istəmişdir. Uşağın əşyaları 25 dekabr tarixində sinifdə qalıb və hətta oğlunun dostları müəllimin dostlarının əşyalarını atmasına mane olmuşlar. 17 oktyabr tarixində məktəbin qərarından məlumatlanandan sonra oğlu noyabr ayının 1-dən etibarən 1 №-li məktəbdə təhsilini davam etdirir. Lakin əvvəlki sinif yoldaşları ilə ünsiyyətini saxlayır. Oktyabr ayının 7-14 aralığından oğlu tamamilə dərsə getməyib. Nə rəhbərlik, nə müəllim kollektivi, nə də, öz sinif rəhbəri bununla maraqlanmayıb. Məktəbə bərpa olunmaq uşağının arzusudur. Belə ki, 6 ildir bir məktəbdə və dostları ilə oxuyur. Uşağına məktəbdə psixoloji təsir göstərilir. Hətta direktor uşağın anasına demişdir ki, “sənin oğlun gələndə mən koridorda kənara çəkilirəm” Alman dili müəlliminin dərsində müəllim uşağın yerini 3 dəfə dəyişdirir. Sentyabr ayının 26 sında uşaq özünü 6-cı mərtəbədən atmaq istəmişdir. Uşağı çox qısa bir müddət ərzində dəyərləndirməklə, məktəbdən xaric ediblər. Hansı ki, həmin müəllim cəmi müstəqil iş dərsində 2 saat uşaqla ünsiyyətdə olub və belə bir qənaətə gəlib.

16. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, iddianı qəbul etmir və təmin edilməməsini xahiş edir. Əlavə olaraq iş üzrə şahidlərin (məktəb kollektivininin müəllimlərinin) dindirilməsi zərurəti yaranmışdır. Bu barədə vəsatətinin təmin edilməsini xahiş edir. Nizamnamənin 5.3.10-cu maddəsinə əsasən Pedaqoji Şura ilin sonunda illik qiymətləndirmə əsasında qərar verir. İlin ortasında belə bir zərurət yaranarsa, bu direktorun öz əmri ilə olur. İntizam Siyasəti iki redaksiyada təqdim edilib. Hər birində bu hal göstərilib.

17. Məhkəmə iclasında şahid qismində dindirilən X14 izahatında bildirmişdir ki, 2015-ci ildə Bakı Dövlət Üniversitetinin müəllimlik ixtisasını bitirib. 2023-cü ilin sentyabr ayından müqavilə üzrə "xxxx" MMC-də müəllim işləyir. Rus bölməsi üzrə 6 b sinifinin rəhbəri olduqdan sonra Furkan Quliyevin hiperaktiv uşaq olduğunu, sinif yoldaşları ilə kobud rəftarını müşahidə etmişdir. Uşağın davranış qaydalarına uymayan ehtiyatsız hərəkətləri var idi. Zarafatyana kiməsə şillə vurur, təpik vurur, sinif yoldaşını balkona çıxarır, sonra geri qayıda bilməməsi üçün qapını bağlayır. Sentyabr ayının 25-i tarixində müstəqil iş dərsində Furkanın səs-küy saldığını görüb, iki dəfə sakit tonda ona iradını bildirmişdir ki, sakit olsun, çünki həm digər uşaqları dərsdən yayındırır həm də, qonşu sinif otaqlarında dərs keçirilməsinə mane olurdu. Lakin Furkan iki xəbərdarlığa məhəl qoymadığından üçüncü dəfə adını azda olsa ucadan çağırmaqla, onu öz yerində oturmağa dəvət etmişdir. Furkan bu dəfə onu eşidərək, yanına gəlmiş, həmin an uşaq ağlamadan sadəcə “ bir daha etməyəcəyini” demişdir. Uşağı həmin gün dərsdən evə heçnə olmamış kimi yola salmış, uşaqdan özünə qarşı aqressiya hiss etməmişdir. Uşağın dərsdəki davranışlarından məsuliyyət hiss etdiyindən uşaq barəsində təqdimat yazmışdır. Həmin gün dərsdən sonra evə gedərkən, uşağın valideyni valideynlər qrupuna səs atmış, səsdə Furkanın evə küskün gəldiyini, ona müəllim kimi səsini qaldırdığını, bu halın birinci dəfə olmadığını demişdir. Həmin səsə qulaq asıb valideyn qrupunda cavab olaraq yazmışdır ki, “İlhamə xanım sizə şəxsidə izah edəcəm” Valideyn isə cavabını yenə qrupa yazmışdır ki, digər valideynlərin də, məlumatı olsun. Səhəri gün valideyn Lamiyə xanım məktəbə gələrək, ondan rəhbərliyə şikayət edib. Hətta özü, valideyn və Heydər müəllimin üçlü görüşündə aralarında mədəni qaydada müzakirə olsa da, hətta valideyn kimi keçirdiyi narahatlığa görə ondan üzr istəsə də, valideyn ondan şikayət edəcəyini bildirmişdir. Hətta sentyabr ayının 26-sında Furkan normal qaydada və yaxşı əhval ruhiyyədə dərsə gəlmiş, onda küskünlük halını müşahidə etməmişdir. Sentyabr ayının 30-da keçirilmiş valideyn iclasında yalnız rəhbərlik etdiyi sinifin valideynləri ilə arasında tanışlıq olmuşdur. Həmin iclasdan sonra sentyabr ayının 30da Furkanın valideyni olan Lamiyə xanım ona zəng edərək, kobud səs tonunda demişdir ki, “məni eşidirsən, sənə 2 saat vaxt verirəm, ərizəni yaz işdən çıx, əgər rəhbərlik 2 saat ərzində zəng vuraraq, məlumat verməsi bir knopkanı baxmaqla, prokurorluq yolu ilə onu məktəbdən uzaqlaşdıracaq” Bu danışıqdan sonra bir dəfə 17 oktyabrda ona şəxsi mesaj ünvanlamışdır. Həmin mesajdan bilmişdir ki, Furkan məktəbdən xaric olub. Həmin mesajda profilinə şəklinə qoyduğu övladı üçün yazmışdır ki, “övladının xeyrini görmüyəsən, qazancını dərmanlara xərcliyəsən” kimi sağ olan övladına qarğış səsləndirmişdir. Valideynin məktəb rəhbərliyi ilə qohumluq münasibətindən də, xəbərsiz olmuşdur. Özü iki ildir işləyir 6 sinifdə fizika fənni tədris edir. Bu vaxta kimi 150 nəfər şagird və valideynlə ünsiyyətdə olub. Lakin ona qarşı bu vaxta kimi belə bir rəftar və ya irad bildirilməyib. Özü sinif rəhbəri kimi boş dərsi olduqda, sinifinin digər fənlər üzrə dərslərində nəzarət xarakterli iştirak edir. Digər fənn müəllimləri də, Furkan barəsində jurnala hazırlıqsız olması barədə qeydlər aparır, həm ona, həm rəhbərliyə iradlarını bildirirlər. Şagird barəsində isə məktəbin qaydalarına uyğun olaraq təqdimat yazmışdır. Belə ki, məktəbin qaydasına görə hər hansı əhəmiyyət daşıyan məsələ barədə rəhbərliyə məlumat verilməlidir.

18. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-905/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. 19.Məhkəmə iddianın rədd edilməsi üzrə gəldiyi nətcəni belə əsaslandırmışdır ki, tərəflər arasında xx.xx.2024-cü il tarixdə “ödənişli təhsil xidmətlərinin göstərilməsi haqqında” müqavilə bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsində “xidmət müqaviləsi” adlı müqavilə növü nəzərdə tutulmasa da, müqavilənin şərtlərindən, mahiyyətindən onun podrat, tapşırıq müqaviləsinin xarakterinə uyğun gəldiyi müəyyən edilir. Belə ki, müqavilə üzrə məktəb müvafiq təhsil proqramlarına və müqavilənin şərtlərinə uyğun olaraq təhsil xidməti göstərməyi, valideyn isə tərəflərin razılaşdırdığı muzdu ödəməyi öhdəsinə götürmüşdür. Bundan əlavə müqavilə üzrə tərəflər müqavilənin birtərəfli qaydada ləğv edilməsi əsaslarını da razılaşdırmışlar. Hansı ki, müqavilənin-7.2.1. Valideyn təhsil haqqını və Tərəflərin razılaşdığı digər xərcləri iki ay ardıcıl ödəmədikdə; 7.2.2. Valideyn və ya Şagird pedaqoji işçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşmadıqda; 7.2.3. Valideyn və ya Şagird Məktəbin nizamnaməsinin və daxili qaydalarının tələblərinə riayət etmədikdə; 7.2.4. Valideyn və ya Şagird təhsil sahəsində qanunvericiliyin tələblərinə, etik normalara və təlimtərbiyə prosesi ilə bağlı qaydalara əməl etmədikdə; 7.2.5. Valideyn tədrisə müdaxilə etməklə təlim-tərbiyə prosesinə zidd olan hərəkətlərə yol verdikdə məktəb birtərəfli qaydada müqaviləyə xitam verə bilər. İddia tələbinin mahiyyətindən isə aydın olur ki, iddiaçı məktəbin müqaviləyə birtərəfli qaydada xitam verməsini əsassız hesab edir. Məhkəmənin mövqeyinə görə tədqiq edilmiş sübutlar iddiaçının tələbinin əsassız olduğu qənaətinə gəlməyə əsas verir. Belə ki, tədqiq edilmiş sübutlardan müəyyən edilmişdir ki, şagird dərsdə dəfələrlə nizam-intizamı pozmuş və valideynə edilən xəbərdarlıqlar nəticə verməmişdir. Hansı ki, şagirdin məktəbin daxili qaydalarının tələblərinə riayət etməməsi, iş materiallarında olan sinif rəhbəri tərəfindən verilmiş təqdimatla, şagirdin davranışları ilə bağlı tərtib edilmiş protokolla öz təsdiqini tapır. Belə ki, xx.xx.2023-cü il tarixində Rus bölməsinin 5(b) sinif şagirdlərinin X34 və X8 valideyinləri ilə keçirilən görüşlərdə valideynlərə Furkanın Muhammədə güclü zərbə vurması barədə məlumat verilmiş. X21 məktəbin intizam siyasətini ciddi pozaraq tədris prosesini dəfələrlə pozduğuna və öz davranışı ilə digər şagirdlərin dərslərə cəlb edilməsinə maneə törətdiyinə görə, rəhbərlik tərəfindən "töhmət" elan edilib və şagirdin məktəbdən xaric edilməsi qərarının verilməsi labüd olacağı bildirilib. Həmçinin təqdim edilən yaddaş kartının müayinəsi nəticəsində X2 yoldaşlarına münasibətdə qəbul edilən davranış qaydalarından fərqli olaraq kobud ünsiyyəti, sinif yoldaşını qaldırmaqla balkona çıxarması, bir digərinə sillə vurması (vurulan uşağın etirazını göstərən üz ifadəsi) aydın müşahidə olunur. Halbuki, uşağının üstünə qışqırılmasından narazı olan və bu barədə məktəbə sinif rəhbərinin dəyişdirilməsi ilə bağlı müraciət edən valideyn onun tələbinin sorğusuz yerinə yetirilməməsindən narazı olmuş və yaranmış mübahisənin həlli ilə bağlı təşkil edilən iclasda iştirak etməmişdir. Bunun yerinə valideyn müəllimin işdən və ya sinif rəhbərliyindən çıxarılması ilə bağlı müəllimi və məktəb rəhbərliyini, onun tələbinin yerinə yetirilmədiyi halda müvafiq qurumlara şikayət edəcəyini, bəzi məlumatları ifşa edəcəyini bildirməklə hədələmişdir. Hansı ki, mübahisənin həllində maraqlı olan valideyn vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməli olduğu halda bunu etməmişdir. Belə ki, təyin olunmuş vaxtda hər hansı üzrlü və ya üzrsüz səbəbdən iclasda iştirak etməsə də, sonrakı tarixlərdə iclasın təkrar keçirilməsini tələb etməmiş, övladının davranışında həqiqətən neqativ halların olubolmadığını, uşağa qarşı qərəzin olubolmadığını müəyyən etmək üçün hər hansı əmək sərf etməmiş, uşağının narahatçılıq yaratdığı digər uşaqların valideynləri və digər müəlimlərlə məsələnin mahiyyətini araşdırmamışdır. Məktəbin həmin məsələ ilə bağlı araşdırmasına isə qərəz kimi yanaşmışdır. Halbuki, iddiaçı məktəb rəhbərliyinin onların yaxın qohumları olduqlarını, aralarında hər hansı mübahisəli halın olmadığını bildirmişdir. Odur ki, cavabdehin tərəflər arasında olan müqavilənin şərtlərinə uyğun olaraq müqaviləni birtərəfli qaydada ləğv etməsi barədə mövqeyi əsassız hesab edilə bilməz. Bundan başqa məhkəmə, iddiaçı tərəfin şagirdin yalnız məktəbin nizamnaməsinə uyğun olaraq, pedaqoji şuranın qərarı ilə xaric edilməsi barədə mövqeyini ona görə əsassız hesab etmişdir ki, Nizamnamənin 5.3.10-cu bəndi təhsildə zəif nəticələr göstərən şagirdlərin xaric edilməsi məsələsini tənzimləyir. Halbuki, şagirdin dərslərə hazırlıqsız gəlməsi, dərslərdə nizam intizam qaydalarını pozması, valideynin davranışı(hədələmək) nəticəsində müqaviləni birtərəfli qaydada ləğv etmək səlahiyyəti müqavilənin şərtlərindən irəli gəlir. 20.Məhkəmə iddia tələbini mənəvi zərərin əvəzinin ödənilməsi hissəsində də əsassız hesab edərək qeyd etmişdir ki, iddiaçı ona mənəvi zərər vurulmasını cavabdehin qeyrihüquqi hərəkətləri ilə əsaslandırsa da, cavabdehin hər hansı hüquq pozuntusu törətdiyi təsdiq olunmadığından iddia həmin hissədə də əsassız hesab edilməlidir. 21.Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.1-421.3, 425.1, 425.2, 752.1, 760.1, 760.2, 777.1, 777.4, 786.1-ci maddələri; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarı, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

22.Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 23.Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə işin hallarını araşdırarkən, iddia ərizəsi və ona bağlı sənədlərdə ifadə olunmuş məqamlara tam hüquqi qiymət verməmiş, işlə bağlı obyektiv nəticəyə gəlmək üçün hər hansı eksperti, mütəxəssisi, psixoloqu və s. araşdırmaya cəlb etməmiş və rəyini almamış, təhsil qanunvericiliyinin pozulması hallarına ümumiyyətlə münasibət bildirməmişdir. Nəzərə alınmamışdır ki, məlumat və sənədlərin təqdim olunması AR Mülki Prosessual Məcəlləsinin (bundan sonra “MPM”) tələblərinə zidd olduğundan, məhkəmə tərəfindən ümumiyyətlə qəbul olunmamalı idi. Belə ki, hazırkı iş üzrə məhkəmənin qətnamədə istinad etdiyi, cavabdehin nümayəndəsi və vəkilinin iddia ərizəsinə verdiyi yazılı etiraz MPM-in 154.1-ci maddəsində müəyyən olunmuş müddət ötürüldükdən, digər sənədlər isə MPM-in 78.1-ci maddəsinin tələbinə zidd olaraq, hazırlıq iclası bitdikdən, iş məhkəmə baxışına təyin edildikdən 24 gün sonra məhkəməyə təqdim edilmişdir, baxmayaraq ki, onların qanunvericiliklə müəyyən olunmuş müddətlər ərzində verilməsinə mane olan, cavabdehin iradə ifadəsindən asılı olmayan hər hansı səbəb olmamışdır, nümayəndə (vəkil) bu məqsədlə ərizə yazıb hazırlıq iclasını rahatlıqla təxirə saldıra bilərdi. Üstəlik, bununla bağlı iddiaçının vəkili və nümayəndəsi məhkəməyə rəsmi etiraz da təqdim etmişdir. Məhkəmə qətnamədəki mövqeyini cavabdehin təqdim etdiyi sənədlər əsasında, AR Mülki Məcəlləsinin müqavilə azadlığı və müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsaslarını tənzimləyən müddəaları ilə əsaslandırmağa çalışmış və bu zaman nəzərə almamışdır ki, cavabdeh sıradan bir hüquqi şəxs deyildir, təhsil müəssisəsi olaraq fəaliyyətinə dair ciddi tələblər vardır, həmin fəaliyyət geniş qanunvericilik aktları ilə tənzimlənir, lisenziya əsasında, ümumi dövlət təhsil standartlarına uyğun fəaliyyət göstərir, akkreditasiyadan keçir və xüsusi hesabatlılıq qaydası vardır. Bu baxımdan, müqavilə azadlığı prinsipi hazırkı münasibətlərə, o cümlədən cavabdehin xeyrinə geniş və hüdudsuz mənada tətbiq və təfsir edilə bilməz, müqaviləyə təhsil müəssisəsinin istədiyi vaxt və formada xitam vermək hüququ yoxdur. Bunun üçün real hüquqi əsaslar,əsaslandırılmış qərar və rəylər mövcud olmalı və digər zəruri tələblərə riayət olunmalıdır. Lakin, hazırkı işdə cavabdehin səlahiyyətli orqanı şagirdin məktəbdən xaric edilməsi barədə qərar qəbul etməmiş, məktəbin psixoloqunun şagirdlə görüşü təşkil edilməmiş, əsaslandırılmış rəyi alınmamış, heç bir maddi sübut əlavə olunmadan təhrif edilmiş məlumatlara əsaslanan təqdimat və protokollar tərtib olunmuş (həmin sənədlər birtərəfli qaydada hazırlandığından və sonradan tərtib olunma ehtimalı yüksək olduğundan, ümumiyyətlə əsaslandırıcı sənəd, sübut kimi qəbul edilməməlidir) və nəticədə iddiaçının oğlu orta məktəbdən təhsil ilinin başlanğıcında, təhsil müəssisələrində yerlərin dolduğu, təhsil proqramlarının tərtib edilib təhsil prosesinin davam etdiyi bir dövrdə xaric edilmişdir. Cavabdehin Nizamnaməsinin 5.3.10-cu yarımbəndinə əsasən, təhsildə zəif nəticələr göstərən şagirdlərin məktəbdən xaric olunması Pedaqoji Şuranın vəzifələrinə aid edilmişdir. Yəni, həmin orqanın qərarı olmadan (Cavabdehin nümayəndəsi və vəkili xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq və xx.xx.2025-ci il tarixli baxış iclaslarında, habelə xx.xx.2024-cü il tarixli mülahizəsi ilə, müvafiq qərarın mövcud olmaması faktını etiraf və təsdiq etmişdir), şagirdin məktəbdən xaric edilməsi Nizamnamənin tələblərinə birmənalı və aydın şəkildə ziddir və şagirdin məktəbə bərpa olunmasını zəruri edir. Digər tərəfdən, Nizamnamədə şagirdin yalnız təhsil nəticələrinə (göstəricilərinə) görə məktəbdən xaric edilməsi əsası göstərilmişdir ki, bu da başqa əsaslarla (məsələn, şagirdin davranışına, nizam-intizamına görə) onun məktəbdən xaric olunmasının mümkünlüyünü istisna edir. Cavabdehlə bağlanmış “Ödənişli təhsil xidmətlərinin göstərilməsi haqqında Müqavilə”nin 7.3-cü bəndinə görə, tərəflərdən biri müqaviləni birtərəfli qaydada ləğv etmək istəyərsə, digər tərəfə 7 iş günü əvvəlcədən yazılı məlumat verməlidir. Cavabdeh tərəfindən Müqaviləyə xitam verilməsi barədə 329 nömrəli xəbərdarlıq bildirişi İddiaçıya xx.xx.2024-cü il tarixində göndərilmişdir. Bu zaman Müqavilədə müəyyənləşdirilmiş müddətin axımı Mülki Məcəllənin 368-ci maddəsinə uyğun olaraq,xx.xx.2024-cü il tarixindən sonrakı iş günündən başladığından, Müqaviləyəisə xx.xx.2024-cü il tarixində (7 iş günü keçmədən) xitam verildiyindən, Müqavilənin 7.3-cü bəndinin tələbi pozulmuş sayılır. Müqaviləyə çoxsaylı pozuntularla xitam verildiyi halda, elə təkcə bu pozuntunun özü kifayət edir ki, xitam bildirişi əhəmiyyətsiz, onun əsasında verilmiş qərarlar, icra edilmiş hərəkətlər isə əsassız hesab edilsin. Lakin, buna baxmayaraq, məhkəmə qətnamədə Müqavilənin məhz elə 7.3-cü bəndinə istinad edib, cavabdehin hərəkətlərinə əsassız yerə haqq qazandırmağa çalışmışdır. Qətnamədə şagird barədə müəllimlərin rəylərinin qeyd edildiyi X1 çıxarışların bəzilərinə istinad edilərək, onun davranışlarına qiymət verilmişdir. Sual yaranır ki, niyə yalnız cavabdehin təqdim etdiyi mənfi rəylər barədə çıxarışlar nəzərə alınmış, iddiaçının təqdim etdiyi, müsbət rəylərin əks olunduğu çıxarışlar isə diqqətdən kənarda qalmışdır? Qanunvericilikdə etiraz və sənədlərin təqdim edilməsi müddətləri ilə bağlı konkret göstərişin olmasına rəğmən, hakim qanunvericiliyin müvafiq tələblərini kobud şəkildə pozaraq, gecikmə ilə təqdim olunmuş sənədləri qəbul edib, onlara istinad etməsinə, mövqeyini məhz həmin sənədlərlə əsaslandırmasına sövq edən nədir? Bu xüsusatlar və apellyasiya şikayətində toxunulan digər məqamlar hakimin hazırkı mübahisəyə qərəzli, birtərəfli və qeyri-obyektiv yanaşdığına dəlalət edir. İddia ərizəsində şagirdin məktəbdən xaric edilməsinin təhsil qanunvericiliyinin tələblərinə zidd olduğunun vurğulanmasına baxmayaraq, məhkəmə qətnamədə bu hissəyə ümumiyyətlə münasibət bildirməmişdir. Halbuki, iddia ərizəsində istinad olunan qanunvericilik normalarında təhsil hüququndan məhrum etmənin yolverilməzliyi konkret təsbit olunmuş, hətta bu hüququn pozulmasına görə məsuliyyət tədbiri də müəyyən edilmişdir. Məhkəmə şagirdin mənafeyi baxımından xüsusilə həssas olan bu məsələdə mütəxəssis rəyi almamış (məsələn, AR Elm və Təhsil Nazirliyinin nümayəndəsi ekspert olaraq məhkəmə prosesinə cəlb oluna və ya məhkəmə tərəfindən dəqiqləşdirmə aparılması məqsədilə müvafiq sorğular verilə bilərdi), təhsil ekspertlərinin uşaqların məktəbdən xaric edilməsinin yolverilməzliyi ilə bağlı mətbuatda açıqlanmış mövqelərini (bununla bağlı mətbuatdan müvafiq çıxarışlar iddia ərizəsinə əlavə edilmişdir) heçə saymışdır. Halbuki, təhsil ekspertləri müvafiq müsahibələrində dəfələrlə vurğulayıblar ki, şagird heç bir halda məktəbdən xaric oluna bilməz. Hər kəsin təhsil almaq hüququ vardır və bu hüquq heç bir halda məhdudlaşdırıla bilməz, heç kimə də bunu etməyə ixtiyar verilmir. Bu, şagirdin məktəbin daxili nizam-intizam qaydalarını pozduğu hallara da aiddir (bu halda məktəb tərəfindən başqa addımlar atıla bilər (məsələn, şagirdin sinfinin dəyişdirilməsi, valideynlə söhbət və s.)

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə qarşı iddia ərizəinə etirazla eyni məzmunlu yazılı etiraz təqdim edərək iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-905/2025 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. 25.İddia ərizəsinə qarşı etirazda göstərilənlərdən əlavə qeyd olunmuşdur ki, iş məhkəmə baxışna təyin edildikdən sonra sənədlərin təqdim edilməsi və şahidlərin dindirilməsi barədə vəsatətin verilməsi ilə əlaqədar: iddiaçı yazılı etirazlarına dair izahatını məhkəmənin xx.xx.2024-cü il tarixli hazırlıq iclasından dəqiqələr əvvəl təqdim etdiyinə və həmin izahatla tanış ola bilmədiklərinə görə video görüntülərin və digər sənədlərin təqdim edilməsi, şahidlərin məhkəməyə dəvət edilməsi və ifadə vermələri barədə vəsatətin olacağını hazırlıq iclasında məhkəməyə bildirmək imkanları olmadı və məhkəmə işi baxışa təyin etdi. İzahatı öyrəndikdən sonra iddiaçının hadisələri öz xeyrinə təqdim etməyə və cavabdehin əleyhinə təhrif etməyə çalışmasını gördülər. Belə olan halda iddiaçı ilə məktəb nümayəndələri arasında olan münasibətlərin araşdırılması, həqiqətin üzə çıxarılması və ədalət mühakiməsinin düzgün həyata keçirilməsi naminə video görüntülər və aidiyyəti sənədlər məhkəməyə təqdim edilmiş, Azərbaycan və rus bölmələrinin direktoru da daxil olmaqla aidiyyəti 6 nəfər şahidin məhkəmədə dindirilməsi barədə vəsatət verilmişdir. Lakin həqiqətin üzə çıxmasından narahat olan iddiaçı prosessual tələblərin arxasına sığınmağa çalışmış və təqdim edilmiş sübutların tədqiq edilməsinə, şahidlərin ifadə verməsinə qətiyyətlə etiraz etmişdir. İddiaçının nahaq etirazı isə məhkəmənin diqqətindən kənarda qalmamış, lakin yenə də haqsız mövqe sərgiləyən iddiaçını qıcıqlandırmamaq üçün məhkəmə vəsatətlərini qismən təmin etmiş və 6 nəfər şahiddən biri - sinif rəhbəri X14 dindirilmişdir. Hakim özü şahidi ətraflı dindirmiş və iddiaçıya əlaqəsiz suallar verməyə şərait yaratmamışdır. - Müqavilələr azadlığı prinsipinin təfsiri ilə əlaqədar qeyd edilmişdir ki, iddiaçı və cavabdeh müqavilələr azadlığı prinsipini rəhbər tutaraq ödənişli təhsil xidmətlərinin göstərilməsi haqqında xx.xx.2024-cü il tarixli 56 nömrəli müqaviləni bağlayarkən müqavilənin 7.2-ci bəndində məktəb tərəfindən müqaviləyə birtərəfli qaydada xitam verilməsinin şərtlərini müəyyən etmişlər. Müqaviləyə bu qaydada birtərəfli xitam vermə şərtlərinin daxil edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390.1, 421.1 və 421.2-ci maddələrinin tələbinə tam uyğundur. Yuxarıda qeyd edildiyi kimi cavabdeh həmin müqavilənin 7.2.3 (Valideyn və ya Şagird Məktəbin nizamnaməsinin və daxili qaydalarının tələblərinə riayət etmədikdə) və 7.2.7-Cİ (Şagird digər şagirdlərə, müəllimlərə və Məktəbin işçilərinə qarşı kobud rəftar etdikdə, Məktəbin daxili qaydalarını yozduqda, dərslərdə düzgün davranmadıq da, dərsləri mənimsəyə bilmədikdə, bilik səviyyəsinin yoxlanması və qiymətləndirilməsi məqsədilə keçirilən imtahanları verə bilmədikdə) bəndlərinə əsaslanmaqla müqaviləyə birtərəfli qaydada xitam vermişdir. Bu zaman müqavilələr azadlığı prinsipi qətiyyən cavabdehin xeyrinə geniş və hüdudsuz təfsir edilməmiş, "pacta sunt servanda" prinsipinin icrası təmin edilmişdir. - Şagirdin məktəbdən xaric edilməsinin nizamnaməyə uyğun olmaması ilə əlaqədar qeyd edilmişdir ki, məktəbin nizamnaməsinin 5.3.10-cu bəndinə uyğun olaraq pedaqoji sura tədris ilinin sonunda illik qiymətlərə əsasən təhsildə zəif nəticələr göstərən şagirdlərin məktəbdən xaric edilməsi məsələsini müzakirə edir və müvafiq qərar qəbul edir. X30 tədris ilinin əvvəlində (illik yekun qiymətlər olmadan) davranışına görə məktəbdən xaric edilmişdir ki, bu qaydada xaric etmə məsələsi pedaqoji şurada müzakirə edilməmiş, qərar məktəbin intizam siyasətinin 4.2.10-cu bəndinə uyğun olaraq direktor tərəfindən qəbul edilmişdir. Belə ki, məktəbin intizam siyasətinin 4.2.10-cu bəndinə əsasən 3-cü səviyyə pozuntular (4.2.8.13. müəllimin tələblərinə dəfələrlə tabe olmamaq, 4.2.8.14. müəllimlərə, məktəbin əməkdaşlarına hörmətsizlik göstərmək, 4.2.8.15. müəllimlərə, məktəbin əməkdaşlarına, həmyaşıdlarına və ya başqa siniflərin şagirdlərinə kobudluq göstərmək) şagirdin məktəbdən xaric edilməsi məsələsim gündəmə gətirir, bu məsələ barədə məktəbin direktoru qərar qəbul edir. Qeyd edilən səbəbdən də Quliyev Furkanın məktəbdən çıxarılması barədə qərar pedaqoji şura tərəfindən deyil, məktəbin direktoru tərəfindən qəbul edilmişdir. Beləliklə də, sözügedən şagirdin məktəbdən xaric edilməsi nizamnaməyə və intizam siyasətinə uyğun həyata keçirilmişdir. - X25 təhsil hüququnun pozulması və özəl təhsil müəssisəsi ilə valideynlər arasında münasibətlərin müqavilə ilə tənzimlənməsi barədə qeyd edilmişdir ki, iddiaçı apelyasiya şikayətində Azərbaycan Respublkasının Konstitusiyasının 42-ci maddəsinə, "Təhsil haqqında", "Ümumi təhsil haqqında", "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikasının Qanunlarının bir çox müddəalarına istinad edib Quliyev Furkanm təhsil hüququnun pozulmasını əsaslandırmağa çalışsa da, nədənsə "Təhsil haqqmda"qanunun 40.4-cü maddəsinə istinad etmir və həmin müddəanı görməzlikdən gəlir. Belə ki, "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununun 40.4-cü maddəsinə əsasən özəl təhsil müəssisəsi ilə təhsilalanlar, valideynlər və ya digər qanuni nümayəndələr arasmda münasibətlər müqavilə ilə tənzimlənir. Həmçinin "Ümumi təhsil haqqında" Azərbaycan Respublikasının Qanununun 30.8-ci maddəsinə əsasən bələdiyyə və özəl ümumi təhsil müəssisəsi ilə təhsilalanlar, valideynlər və ya digər qanuni nümayəndələr arasında münasibətlər müqavilə ilə tənzimlənir. İddiaçının ödənişli təhsil xidmətlərinin göstərilməsi haqqında xx.xx.2024-cü il tarixli 56 nömrəli müqaviləyə xitam verilməsinin övladı Quliyev Furkanm təhsil hüququnun pozulması kimi qələmə verməsi qəbuledilməzdir. Belə ki, apelyasiya şikayətində istinad edilən hüquq normaları ya dövlətin təhsil müəssisələrinin fəaliyyətini nizamlamasını, ya da dövlətin vətəndaşlar qarşısında götürdüyü öhdəliyini tənzimləyir ki, bu öhdəliyi də dövlət təhsil müəssisələri lazımi qaydada yerinə yetirirlər və bu zaman vətəndaşlarla müqavilə bağlamırlar. Təhsil üzrə ekspertlərin şagirdlərin məktəblərdən xaric edilə bilməməsi barədə bildirdikləri dövlət təhsil müəssisələrində dövlət hesabına təhsil alan şagirdlərə aiddir, müqavilə əsasında özəl təhsil müəssisəsində təhsil alan və valideynləri illik 9500 AZN təhsil haqqı ödəyən şagirdlərə aid deyil. Bu səbəbdən də iddiaçı haqsız olaraq təhsil üzrə ekspertlərin sözügedən mövqeyinə söykənməyə çalışır. Cavabdeh özəl təhsil müəssisəsidir, təhsil xidmətlərini əvəzli müqavilə bağlamaqla təqdim edir və ödənilən xidmət haqqı müqabilində bağladığı müqavilənin şərtləri yerinə yetirildikcə ayrı-ayrı şəxslərə təhsil xidmətləri göstərir. İddiaçının övladı Quliyev Furkan və yoldaşı Quliyeva Lamiyə Mülki Məcəllənin 425-ci maddəsinə uyğun davranmamaqla və müqavilənin şərtlərinə əməl etməməklə cavabdehi müqaviləyə xitam verməyə məcbur buraxmışlar. Həmçinin əlavə edirik ki, iddiaçı övladı Quliyev Furkanm 01 noyabr 2024-cü il tarixdən etibarən təhsilini Bakı şəhəri 1 nömrəli məktəbdə davam etdirdiyini məhkəməyə bildirmişdir. Bu da şagirdin təhsildən yayınmadığını, dövlət tərəfindən tanınmış təhsil hüququnun pozulmadığını təsdiq edir. -X9 yerləşdirilmiş qeydlərə əsasən Quliyev Furkanın şagird kimi qiymətləndirilməsi barədə qeyd olunur ki, X9 müəllimlərin yazdığı qeydlərin təhlili göstərir ki, ümumilikdə Quliyev Furkan şagird kimi mənfi xarakterizə edilir (oturaqlıq оз diqqət çatışmır, dərsləri zəif mənimsəyir, dərsə hazırlıqsız gəlir, dərs prosesini pozur və s.). Bu barədə iş materiallarında ətraflı məlumatlar və sübutlar, o cümlədən video görüntülər mövcuddur. İddiaçı övladı Quliyev Furkanm davramşındakı nöqsanlar barədə xəbərdar olmuş və bunu bilmişdir. Hətta iddiaçı xx.xx.2024-cü il tarixli ərizəsində öhdəlik götürmüşdür ki, müəllimlərlə birgə Quliyev Furkanm təlim-tərbiyəsinə nəzarət edəcəkdir. Beləliklə, iddiaçı hakimi şagirdin qiymətləndirilməsi ilə əlaqədar müsbət rəylərə deyil, mənfi rəylərə istinad etməklə birtərəflilik və qeyri-obyektivlikdə, mübahisəyə qərəzli yanaşmaqda ittiham etsə də, övladının davranışında, təlim-tərbiyəsində problemlərin mövcud olduğunu bilmiş və yuxarıda istinad edilən ərizəsində bunu təsdiqləmişdir. - Ekspert, mütəxəssis, psixoloqun işə cəlb edilməsi və rəyinin alınması ilə əlaqədar qeyd olunur ki, iddiaçı birinci instansiya məhkəməsində icraat zamanı hər hansı məsələ ilə əlaqədar ekspert və ya mütəxəssisin işə cəlb edilməsi barədə vəsatət verməsə də, apellyasiya şikayətində mübahisənin həlli üçün ekspert və mütəxəssisin cəlb edilməli olmasını bildirmişdir. Lakin bunun iş üzrə əhəmiyyət kəsb edən hansı hal və xüsusatların müəyyən edilməsinə kömək edəcəyini göstərməmişdir. Digər tərəfdən məktəbin psixoloqu X4 şahid kimi məhkəmədə dindirilməsinə qəti şəkildə etiraz etmişdir. Bu isə iddiaçının mövqeyinin ziddiyyətli və qərəzli olduğunu göstərir. Həmçinin mülki işdən görünür ki, mübahisənin həllində hər hansı xüsusi biliyə ehtiyac yoxdur, mübahisənin hüquq müstəvisində həll edilməsi yetərlidir. Haqlı olaraq bu mövqedən çıxış etmiş hakim də öz təşəbbüsü ilə hər hansı ekspert və ya mütəxəssisi işə cəlb etməmişdir. - Qətnamənin həcmi və hakimin işə qərəzli, birtərəfli, qeyri-obyektiv yanaşması iddiası ilə əlaqədar qeyd olunur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, İş № e-2(001)- 905/2025 saylı qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilməklə qəbul edilmişdir, qanuni və əsaslıdır. Hakim tərəflərin məhkəməyə yazılı qaydada təqdim etdiyi sənədlərin mətnini qətnaməyə yazmaqla hər hansı pozuntuya yol verməmiş, əksinə tərəflərin bildirdiyi bütün məqamların qətnamənin təsviri hissəsində əks olunmasını təmin etmişdir. Eyni zamanda məhkəmə öz mövqeyini qətnamədə beş səhifə yazmaqla (28-32-ci səhifələr) müfəssəl əsaslandırmışdır. Həmçinin hakim haqsız iddianı rədd edərkən iddiaçı ilə cavabdeh arasındakı münasibətlərin müqavilə ilə tənzimlənməsini müəyyən edən maddi hüquq normasını - "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununun 40.4-cü maddəsini düzgün tətbiq etmiş və şagirdin məktəbdən xaric edilməsi barədə qərarın intizam siyasətinin 4.2.10-cu bəndinə uyğun qəbul edildiyini müəyyən etmişdir. Belə olan halda hakimin haqsız iddianı haqlı olaraq rədd etməsində hər hansı qərəzdən, birtərəflilikdən və qeyri-obyektiv yanaşmadan söhbət gedə bilməz.

b) Proses iştirakçılarının izahatı

26.Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 pellyasiya şikayətini müdafiə etdi, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. İzahatında əlavə olaraq qeyd etdi ki, qətnamədə maddi və prosessual pozuntular var. Tərəflərin təqdim etdiyi vəsatətlər, izahatlar qətnaməyə dəyişdirilmədən köçürülüb. Məhkəmə səlahiyyət həddini aşaraq əlavə sübutlara qiymət verib, istinad edib. İddiaçının övladının xaric olunması üçün hüquqi əsası olmayıb. Üçüncü şəxsin mövqeyi ilə razı deyillər. Əvvəlcədən hazırlıqlı şəkildə iclasa gəlib. Müvafiq qurumlara bu barədə müraciət etmişdirlər. Çünki Nazirliyin bu məsələdə mövqeyinin olmaması düzgün deyil. Belə anlaşılır ki, istənilən şagird məktəbdə qısıtlanmaya məruz qala bilər, nazirlik də bu hala susacaq. Birinci yarımil bitməmiş xaric edilib. Şagird başqa məktəbə keçməyə bilərdi. Hazırda şagird mühitini dəyişib. Videodan da aydın oldu ki, uşağı vursa da ondan üzr istəməyə gedir, amma videonun sonunu kəsiblər. Şagird dərsə hazrılıqsız gəldiyinə görə xaric edilə bilməzdi. 27.Məhkəmə iclasında iştirak edən cavabdehin nümayənədəsi və vəkili Vəkil1 apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini qətnamənin dayişdirilmədən saxlanılmasını xahiş etdi. İzahatında əlavə olaraq qeyd etdi ki, qətnamədə 5 səhifəlik “mövqe hissəsi” yazılıb. Məhkəmə baxışının əsas məqsədi həqiqəti müəyyən etmək və ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. 28.Mübahisə predmeti barəssində müsəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin nümayəndəsi X18 məhkəmə kollegiyasının əvvəlki iclasında izahat verərək qeyd etmişdir ki, dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Şagird özəl məktəbdə təhsil alıb. Özəl məktəblər lizensiya əsasında fəaliyyət göstərirlər. “Şagird-məzun” dövlət elektron informasiya sistemi ilə işləmələrinə baxmayaraq onların fəaliyyətinə nazirlik müdaxilə edə bilməz. Hazırkı işdə müqavilədə şərtlər qeyd edilib ki, hansı hallarda şagird xaric edilə bilər. Dövlət təhsil sistemində isə müəyyən müayinələrdən və rəylər alındıqdan sonra şagird xaric edilə bilər. Hazırkı işdə ola bilsin ki, ciddi nöqsanlar olduğu üçün xaric edilib. Digər şagirdlərin də mənafeyi nəzərə alınıb. Müəssisə özü də maraqlıdır ki, daha çox uşağı özəl məktəbə cəlb etsin. Çünki valideynlərin ödədiyi vəsaitləri hesabına xərclər ödənilir. Təhsil Nazirliyi özəl müəssisəyə nəzarət edə bilməz. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin bu tip işlərdə cəlb edildiyini təcrübədə görməmişdir, lüzum yoxdur.

Tətbiq edilən hüquq normaları:

29.Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu 40.4. Özəl təhsil müəssisəsi ilə təhsilalanlar, valideynlər və ya digər qanuni nümayəndələr arasında münasibətlər müqavilə ilə tənzimlənir.

30. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 6.1.5. Müqavilələr azadlığı mülki qanunvericiliyin prinsipidir. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 389.2. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

31. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

32.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 33.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 34.Hazırki halda apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyini və əsaslılığını tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

36. İşin müəyyən edilmiş halı odur ki, tərəflər arasında “ödənişli təhsil xidmətlərinin göstərilməsi haqqında” müqavilə bağlanmışdır. Müqavilə üzrə məktəb müvafiq təhsil proqramlarına və müqavilənin şərtlərinə uyğun olaraq təhsil xidməti göstərməyi, valideyn isə tərəflərin razılaşdırdığı muzdu ödəməyi öhdəsinə götürmüşdür. 37.Tərəflər müqaviləyə birtərfli qaydada xitam verilməsinin əsasları barədə razılığa gəlmişlər. Əsaslar bunlardan ibarətdir: 7.2.1. Valideyn təhsil haqqını və Tərəflərin razılaşdığı digər xərcləri iki ay ardıcıl ödəmədikdə; 7.2.2. Valideyn və ya Şagird pedaqoji işçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşmadıqda; 7.2.3. Valideyn və ya Şagird Məktəbin nizamnaməsinin və daxili qaydalarının tələblərinə riayət etmədikdə; 7.2.4. Valideyn və ya Şagird təhsil sahəsində qanunvericiliyin tələblərinə, etik normalara və təlimtərbiyə prosesi ilə bağlı qaydalara əməl etmədikdə; 7.2.5. Valideyn tədrisə müdaxilə etməklə təlim-tərbiyə prosesinə zidd olan hərəkətlərə yol verdikdə; 7.2.7 şagird digər şagirdlərə, müəllimlərə və məktəbin işçilərinə qarşı kobud rəftar etdikdə, məktəbin qaydalarını pozduqda, dərslərdə düzgün davranmadıqda, dərsləri mənimsəyə bilmədikdə, bilik səviyyəsinin yoxlanılması və qiymətləndirilməsi məqsədilə keçirilən imtahanları verə bilmədikdə...

38. Furkan Quliyevə Cavabdeh- nin rus bölməsi üzrə 6 B sinfində təhsil alan dövrdə xx.xx.2024-cü il tarixində sinif rəhbər Pərvanə Qurbanlının rəhbərlik etdiyi müstəqil iş adlı dərsdə sistematik olaraq diqqətini dərsdən yayındırdığına və digər şagirdlərin diqqətinin dərsdən yayınmasına səbəb olduğuna, sakitliyi və dərsi pozduğuna görə, sinif rəhbəri tərəfindən irad bildirilir. Şagird bu faəliyyətləri mütəmadi icra etdiyindən və digər sinif yoldaşlarına zarafat adı altında fiziki təsir göstərdiyindən sinif rəhbərinin şagird barəsində rəhbərliyə təqdimat yazmasına səbəb olur. Sentyabr ayının 25-i dərsdən sonra şagirdin valideyni (anası) valideyn qrupuna müəllimin oğlu ilə davranışından narazılığını bildirdiyi səs yazısı atır. Səhəri gün yəni, sentyabr ayının 26-sında isə məktəbə gələrək, müəllim barəsində şikayət ərizəsi yazmaqla, uşağının hadisədən psixoloji sarsıntı keçirdiyini bildirir. (hadisə: xx.xx.2024-cü il tarixində dərs vaxtı Furkanın dərsi pozmasına görə müəllim tərəfindən 2 dəfə sakit tonda, 3-cü dəfə nisbətən yüksək tonla şagirdin adı ilə çağırılıb, müəllimin yanında əyləşdirilməsi). Məktəb rəhbərliyi sinif rəhbərinin dəyişdirilməsi məsələsinə digər valideynlərin iştirakı ilə baxılması qənaətinə gəlir. Sentyabr ayının 30-u keçirilən valideyn iclasında tərtib edilmiş protokola görə, mövcud şikayət ərizəsi əsasında müəllimin işdən kənarlaşdırılmasına zərurət olub-olmaması aydınlaşdırılır və yekdilliklə buna əsas olmadığı qənaətinə gəlinir. Hansı ki, Furkanın valideyni İlhamə Quliyeva həmin iclasda iştirak etmir. Xəzər Universiteti Dünya Məktəbinin direktoru tərəfindən valideyn İddiaçı ünvanlanan xx.xx.2024-cü il tarixli 329 №-li məktubla sonuncuya onunla məktəb arasında bağlanmış ödənişli təhsil xidmətlərinin göstərilməsi haqqında xx.xx.2024-cü il tarixli 56 nömrəli müqaviləyə həmin Müqavilənin 7.2.3 və 7.2.7-ci bəndlərinə əsasən Məktəb tərəfindən müqaviləyə birtərəfli qaydada xitam verilməsi üçün əsas yarandığı bildirilir və müqavilənin 2.2.2.1, 7.2.3, 7.2.7, 7.3 və 7.6-cı bəndlərini rəhbər tutaraq, bu məktubla xəbərdarlıq edilməklə, müqaviləyə xx.xx.2024-cü il tarixdə birtərəfli qaydada xitam verilir.

39. İddiaçının oğlu özəl məktəbdən xaric edildikdən sonra Bakı şəhəri 1 №-li məktəbdə təhsilini davam etdirmişdir. Buna baxmayaraq iddiaçı məktəbin xx.xx.2016-cı il tarixində təsdiq edilmiş nizamnaməsinin 5.3.10.-cu maddəsinə istinad etməklə, tədrisdə zəif nəticə göstərən şagirdlərin məktəbdən xaric olunmasının pedaqoji şuranın vəzifəsinə aid olduğunu, lakin Furkanın məktəbdən xaric edilməsi üçün pedaqoji şuranın iclasının keçirilmədiyini və bu xaricetmənin əsassız olduğunu iddia edir və övladının bərpa olunmasını tələb edir.

40. Cavabdehin nümayəndəsi və vəkili isə şagirdin məktəbdən xaric edilməsinin tərəflər arasında bağlanmış müqavilədən irəli gələn öhəliklərin iddiaçı tərəfindən pozulmasından qaynaqlandığını və müqavilənin birtərəfləri qaydada ləğvi üçün əsas yarandığını bildirir.

41. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında “ödənişli təhsil xidmətlərinin göstərilməsi haqqında” müqavilə münasibətləri yaranmışdır. Hazırki işin müəyyən edilmiş hallarına əsasən kollegiya hesab edir ki, cavabdehin müqaviləyə birtərəfli qaydada xitam verilməsi iddiaçı ilə aralarında bağlanmış müqavilənin şərtlərinə uyğun olmuşdur. 42.Belə ki, iş materiallarınını tədqiqi ilə müəyyən edilir ki, şagird dərsdə dəfələrlə nizamintizamı pozmuş və valideynə edilən xəbərdarlıqlar nəticə verməmişdir. Şagirdin məktəbin daxili qaydalarının tələblərinə riayət etməməsi, iş materiallarında olan sinif rəhbəri tərəfindən verilmiş təqdimatla, şagirdin davranışları ilə bağlı tərtib edilmiş protokolla öz təsdiqini tapır. Belə ki, xx.xx.2023-cü il tarixində Rus bölməsinin 5(b) sinif şagirdlərinin X34 və X8 valideyinləri ilə keçirilən görüşlərdə valideynlərə Furkanın Muhammədə güclü zərbə vurması barədə məlumat verilmiş. X21 məktəbin intizam siyasətini ciddi pozaraq tədris prosesini dəfələrlə pozduğuna və öz davranışı ilə digər şagirdlərin dərslərə cəlb edilməsinə maneə törətdiyinə görə, rəhbərlik tərəfindən "töhmət" elan edilib və şagirdin məktəbdən xaric edilməsi qərarının verilməsi labüd olacağı bildirilib. Uşağının üstünə qışqırılmasından narazı olan və bu barədə məktəbə sinif rəhbərinin dəyişdirilməsi ilə bağlı müraciət edən valideyn onun tələbinin sorğusuz yerinə yetirilməməsindən narazı olmuş və yaranmış mübahisənin həlli ilə bağlı təşkil edilən iclasda iştirak etməmişdir. Bunun yerinə valideyn müəllimin işdən və ya sinif rəhbərliyindən çıxarılması ilə bağlı müəllimi və məktəb rəhbərliyini, onun tələbinin yerinə yetirilmədiyi halda müvafiq qurumlara şikayət edəcəyini, bəzi məlumatları ifşa edəcəyini bildirməklə hədələmişdir. Hansı ki, mübahisənin həllində maraqlı olan valideyn vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməli olduğu halda bunu etməmişdir. Belə ki, təyin olunmuş vaxtda hər hansı üzrlü və ya üzrsüz səbəbdən iclasda iştirak etməsə də, sonrakı tarixlərdə iclasın təkrar keçirilməsini tələb etməmiş, övladının davranışında həqiqətən neqativ halların olubolmadığını, uşağa qarşı qərəzin olubolmadığını müəyyən etmək üçün hər hansı əmək sərf etməmiş, uşağının narahatçılıq yaratdığı digər uşaqların valideynləri və digər müəlimlərlə məsələnin mahiyyətini araşdırmamışdır. Məktəbin həmin məsələ ilə bağlı araşdırmasına isə qərəz kimi yanaşmışdır. Halbuki, iddiaçı məktəb rəhbərliyinin onların yaxın qohumları olduqlarını, aralarında hər hansı mübahisəli halın olmadığını bildirmişdir.

43. İş materialına əlavə edilmiş yaddaş kartına tərəflərin iştirakı ilə baxış keçirdikdə X2 yoldaşlarına münasibətdə qəbul edilən davranış qaydalarına zidd kobud ünsiyyəti, sinif yoldaşını qaldırmaqla balkona çıxarması, üzünə sillə vurması (vurulan uşağın etirazını göstərən üz ifadəsi) aydın müşahidə olunmuşdur.

44. Məhkəmə kollegiyası iddiaçı tərəfin şagirdin yalnız məktəbin nizamnaməsinə uyğun olaraq, pedaqoji şuranın qərarı ilə xaric edilməsi barədə dəlilini əsassız hesab edərək qeyd edir ki, Nizamnamənin 5.3.10-cu bəndinə uyğun olaraq pedaqoji sura tədris ilinin sonunda illik qiymətlərə əsasən təhsildə zəif nəticələr göstərən şagirdlərin məktəbdən xaric edilməsi məsələsini müzakirə edir və müvafiq qərar qəbul edir. X30 tədris ilinin əvvəlində (illik yekun qiymətlər olmadan) davranışına görə məktəbdən xaric edilmişdir ki, bu qaydada xaric etmə məsələsi tərəflər arasında bağlanan müqavilədən irəli gəlməklə pedaqoji şurada müzakirə edilməmiş, qərar direktor tərəfindən qəbul edilmişdir. Bu səbəbdən də Quliyev Furkanın məktəbdən çıxarılması barədə pedaqoji şuranın qərarına istinad edilməmişdir. 45.Apellyasiya şikayətinin dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, hər kəsin təhsil almaq hüququ vardır. Hazırda işin mübahisəsiz halıdır ki, iddiaçının oğlu təhsildən kənarda qalmamış, təhsilini başqa məktəbdə davam etdirmişdir. 46.Mübahisə predmeti barəsində müsəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin nümayəndəsi X18 izahatında qeyd etmişdir ki, dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Şagird özəl məktəbdə təhsil alıb. Özəl məktəblər lizensiya əsasında fəaliyyət göstərirlər. “Şagird-məzun” dövlət elektron informasiya sistemi ilə işləmələrinə baxmayaraq onların fəaliyyətinə nazirlik müdaxilə edə bilməz. Hazırkı işdə müqavilədə şərtlər qeyd edilib ki, hansı hallarda şagird xaric edilə bilər. 47.Təhsil haqqında Azərbaycan Respublikasının Qanununun 40.4-cü maddəsində qeyd olunur ki, özəl təhsil müəssisəsi ilə təhsilalanlar, valideynlər və ya digər qanuni nümayəndələr arasında münasibətlər müqavilə ilə tənzimlənir.

48. Tərəflər arasında “ödənişli təhsil xidmətlərinin göstərilməsi haqqında” müqavilə bağlanmışdır. Valideyn və ya şagirdin məktəbin nizamnaməsinin və daxili qaydalarının tələblərinə riayət etməməsi, valideyn və ya şagirdin təhsil sahəsində qanunvericiliyin tələblərinə, etik normalara və təlim-tərbiyə prosesi ilə bağlı qaydalara əməl etməməsi; valideynin tədrisə müdaxilə etməklə təlim-tərbiyə prosesinə zidd olan hərəkətlərə yol verməsi; şagirdin digər şagirdlərə, müəllimlərə və məktəbin işçilərinə qarşı kobud rəftar etməsi, məktəbin qaydalarını pozması, dərslərdə düzgün davranmaması, dərsləri mənimsəyə bilməməsi tərəflər arasında bağlanmış müqaviləyə birtərfli qaydada xitam verilməsinin əsasları kimi müqavilədə qeyd edilmişdir. Cavabdeh tərəfindən qanun pozuntusuna yol verilməmişdir. Cavabdeh tərəf həmçinin müqaviləni xx.xx.2024-cü il tarixdə birtərəfli qaydada ləğv edəcəyi ilə bağlı qarşı tərəfə 17.10.24-cü il tarixdə bildiriş göndərmişdir. 49.Apellyatorun cavabdehin nümayəndəsi və vəkilinin iddia ərizəsinə verdiyi yazılı etiraz MPM-in 154.1-ci maddəsində müəyyən olunmuş müddət ötürüldükdən, digər sənədlər isə MPM-in 78.1-ci maddəsinin tələbinə zidd olaraq, hazırlıq iclası bitdikdən, iş məhkəmə baxışına təyin edildikdən 24 gün sonra məhkəməyə təqdim edilməsi ilə bağlı dəlilini əsassız hesab edən kollegiya qeyd edir ki, iş materiallarından göründüyü kimi cavabdehin hazırlıq iclası yekunlaşdıqdan sonra verdiyi yazılı vəsatət və etirazlar iddiaçı tərəfinin məhz hazırlıq iclası yekunlaşdığı tarixdə, xx.xx.2024-cü il tarixdə izahatında qeyd etdiyi məsələlərlə əlaqədar verilmişdir ki, bu da obyektiv baxımıdan həmin vəsatət və mülahizənin hazırlıq iclası yekunlaşana qədər verilməsini mümkünsüz edir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 50.Kollegiya həmçinin qeyd edir ki, iddiaçının mənəvi zərərin əvəzinin ödənilməsi tələbi onun övladına təhsil xitmətlərinin göstərilməsi ilə əlaqədar cavabdehlə bağlanmış müqaviləsinin əsassız ləğvinə əsaslandığından və qeyd olunan hal təsdiq edilmədiyindən birinci instansiya məhkəməsi mənəvi zərərlə bağlı tələbi təmin etməməklə qanuni və əsaslı nəticəyə gəlmişdir. 51.Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. 52.Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir. 53.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-905/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar