Məhkəmə qərarları › İş №2(103)-2421/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2421/2025

04.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2421/2025 04.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı (“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X3 1 saylı Bakı Ərazi İdarəsi və X2 üçüncü şəxs qismində cəlb olunmaqla) “barışıq sazişinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-496/2025 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 iyul 2018-ci il tarixli qərardadı ilə təsdiq edilmiş Barışıq sazişinin etibarsız hesab edilməsi, həmin Barışıq sazişi əsasında Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Q.İlkin küçəsində yerləşən 8 saylı fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh adına aparılmış qeydin ləğv edilməsi və Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Q.İlkin küçəsi, 4-cü döngədə yerləşən 8C saylı fərdi yaşayış evi barəsində Cavabdeh ilə X2 arasında 24 saylı notariat ofisində bağlanmış 03 avqust 2024-cü il tarixli 4Ə-271 saylı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. Cavabdeh nümayədəsi və eyni zamanda vəkili Vəkil2 “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə mülki işin ərazi aidiyyatı üzrə göndərilməsi barədə vəsatətlə məhkəməyə müraciət etmişdir.

3. Vəsatət onunla əsaslandırılmışdır ki, məhkəmənin icraatında olan işə münasibətdə çox ciddi hüquq pozuntusuna yol verilmişdir. Belə ki, iddiaçı tərəfindən iddia ərizəsi aidiyyət qaydaları pozulmaqla verilmişdir. İlk başdan görünür ki, iddiaçı 23 iyul 2018-ci il tarixli barışıq sazişinin etibarsızlığına dair iddia qaldırmışdır. Lakin işin mahiyyətinə vardıqda məlum olur ki, o, 6 il bundan öncə Barışıq sazişi üzrə əldə etdiyi çoxsaylı əmlakların və əmlak hüquqlarının qarşısında yeganə imtina etdiyi ümumi birgə əmlak olan - Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Q.İlkin küçəsi, 4-cü döngədə yerləşən 8C saylı fərdi yaşayış evini təkrardan öz mülkiyyətinə çevirmək niyyətindədir. İddiaçının barəsində bağlanmış müqavilənin etibarsızlığını tələb etdiyi və nəticədə özünün üzərində mülkiyyət hüququnun bərpasını tələb etdiyi həmin əmlak Xəzər rayonu ərazisində yerləşir. Lakin göründüyü kimi, iddia mübahisəli əmlakın yerləşdiyi yerin məhkəməsinə deyil, cavabdehlərdən yalnız birinin olduğu yerin məhkəməsinə verilmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin “Müstəsna Aidiyyət” adlanan 39.1-ci maddəsinə əsasən, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Əslində hazırki situasiyada həmin iddia ərizəsi geri qaytarılmalı idi. Çünki MPM-nin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, həmin iş geri qaytarılır və iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Hesab etmək olar ki, belə bir hal işin yükünün hərdən artıq olmasına görə işə baxan məhkəmənin diqqətindən yayınmışdır. Lakin mövcud məsələləri tənzimləyən prosessual qanunvericilikdə bu tip situasiyalarda qanunla yol verilən iki hal müəyyən edilmişdir. Belə ki, həm məhkəmənin, həm də işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə aidiyyət qaydaları öz həllini tapır. Odur ki, yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39-cu, 45-ci, 47-ci, 68-ci, 74-cü və 152-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmənin icraatında olan 2(001)- 496/2025 saylı mülki işin baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir.

4. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)- 496/2025 nömrəli qərardadı ilə vəsatət rədd edilmişdir.

5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, qanunverici, müqavilənin (əqdin) etibarsız hesab edilməsi barədə iddiaların yalnız cavabdehin rəsmi qeydə alındığın yerə görə verilməsinin mümkünlüyünü nəzərdə tutmuşdur. İş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, ev 32A, mənzil 7 ünvanında qeydiyyatdadır. Qeyd edilmiş normaları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia verilərkən mülki-prosessual qanunvericiliyin tələblərinin pozulmasına yol verilməmiş, iddia ərizəsi cavabdehin rəsmi qeydə alındığın yerin məhkəməsinə verilmiş və iddia ərizəsi mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq icraata götürülmüşdür.

Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə

6. Cavabdeh həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və mülki işin Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir.

7. Şikayət vəsatətə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, işə baxan məhkəmə tərəfindən təqdim edilmiş “məhkəmə aidiyyəti üzrə işin başqa məhkəməyə göndərilməsi barədə” vəsatətə düzgün hüquqi qiymət verilməyərək mülki işin ərazi aidiyyəti üzrə göndərilməsi təmin edilməmişdir. Hal-hazırda mübahisələndirilən 23 iyul 2018-ci il tarixli barışıq sazişi üzrə iddiaçı aşağıda qeyd olunan əmlakları əldə etmişdir: 1) Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsində yerləşən 32a saylı evin, 7 saylı mənzili 2) Türkiyə Respublikası, İstanbul şəhəri, Ataşehir, Küçükbakkal köyü, Dilek mahallesi, Sabancı caddesi bina 34, Marizda Rezidansin 1-ci mərtəbəsində yerləşən 7 saylı mənzil. Həmçinin adıçəkilən barışıq sazişi üzrə aşağıdakı öhdəliklərindən də imtina etmişdir: 1) "xxxx" ASC-dən götürülmüş: 06 mart 2014-cü il tarixli, Dİ-019_USD №-li “Kredit Müqaviləsi” əsasında yaranan 58 467.86 ABŞ dolları məbləğində ümumi borc; 2) 15 aprel 2014-cü il tarixli, 497 USD №-li “Kredit Müqaviləsi” əsasında yaranan 28 249.09 ABŞ dolları məbləğində ümumi borc; 3) 23 oktyabr 2014-cü il tarixli, 2266 №-li saylı “Kredit kartının verilməsi və istifadəsi üzrə müqavilə” əsasında yaranan 14 299.29 manat məbləğində ümumi borc. İddiaçının barəsində bağlanmış müqavilənin etibarsızlığını tələb etdiyi və nəticədə özünün üzərində mülkiyyət hüququnun bərpasını tələb etdiyi həmin əmlak Xəzər rayonu ərazisində yerləşir. Göründüyü kimi, vəsatətdə qeyd edilən faktların işə baxan məhkəmə üçün heç bir önəmi olmamışdır. Nəticə etibarilə, birinci instansiya məhkəməsi prosessual hüquq normalarının ciddi pozuntusuna yol vermiş, bu da yekunda iş üzrə qanunsuz və əsassız qərardad qəbul edilməsinə səbəb olmuşdur.

8. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

9. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

10. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq normaları:

11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarı: Konstitusiyanın 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Bu normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. subyektiv elementləri ehtiva edir.

12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Maddə 39.1. Daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Maddə 40.1. Ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

13. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

14. İşdən görünür ki, iddiaçının əsas tələbi tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli barışıq sazişinin etibarsız hesab edilməsidir.

15. İşdə olan “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş çıxarışdan görünür ki, cavabdehin qeydiyyat ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, ev 32A, mənzil 7-dir.

16. Mülki-prosessual qanunvericiliyin imperativ tələblərindən göründüyü kimi, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Qanunla başqa hal nəzərdə tutulmadığı halda iddia ərizəsi cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməlidir.

17. Kollegiya hesab edir ki, hazırki iş üzrə müstəsna aidiyyəti nəzərdə tutan hallar mövcud deyildir.

18. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Şikayətin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas deyil.

19. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

Şikayət təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-496/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar