Məhkəmə qərarları › İş №2(103)-2423/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2423/2023

16.03.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2423/2023 16.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ ərizəçi İddiaçı qətnamənin izah olunmasına dair ərizəsi üzrə (Açar söz: qətnamənin izah olunması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixdə qəbul etdiyi qətnaməyə izah verilməsi haqqında həmin məhkəmənin 16 yanvar 2023-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İşin halları

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehin Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsində yerləşən 12A saylı fərdi yaşayış evindən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, cavabdehin həmin evdə qeydiyyatı formaldır; belə ki, o, cavabdehin anası ilə nikahda olduğu dövrdə Hüseyn Cavid küçəsi ev 5-də yerləşən mənzildə yaşamış, nikahı pozulduqdan sonra həmin evi tərk etmiş, cavabdeh isə anası ilə birlikdə həmin evdə qalmışdır. 2017-ci ildə cavabdeh anası ilə birlikdə Qurban Xəlilov küçəsi ev 20də yerləşən mənzilə, 2018-ci ildə isə ailə qurub onun mülkiyyətində olan Xətai rayonu, Süleyman Vəzirov küçəsində yerləşən mənzilə köçmüşdür. Cavabdehin nikahı pozulduqdan sonra cavabdeh yenidən qayıdıb anası, bacısı və qardaşı ilə Qurban Xəlilov küçəsi 20, mənzil 48-də yaşamışdır və hazırda da orda yaşayır. Cavabdehin Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsində yerləşən 12A saylı fərdi yaşayış Mübahisəli fərdi yaşayış evində qeydiyyatı formal xarakter daşıyır və 2009-cu ildən sonra orada ümumiyyətlə yaşamamışdır. Cavabdehin qeyd edilən ünvanda qeydiyyatda olması fərdi yaşayış evinin mülkiyyətçisi kimi onun hüquqlarını pozur, mülkiyyət hüquqlarını, evdən maneəsiz istifadə etmkdə hüquqlarını məhdudlaşdırır. Ona görə də cavabdeh evdən qeydiyyatdan çıxarılmalıdır.

3. Birinci instansiya məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin olunmaması qət edilmişdir.

4. Məhkəmə hesab etmişdir ki, Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsi 12A saylı fərdi yaşayış evindən istifadə hüququna xitam verildiyindən iddia tələbi əsassızdır, çünkü olmayan hüquq itirilə bilməz.

5. Həmin qətnamədən apellyasiya şikayəti verilməmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

6. İddiaçı nümayəndəsi (vəkili) 09 yanvar 2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli qətnamənin Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsində yerləşən 12A saylı fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması üçün əsas olub-olmaması məsələsi ilə bağlı qətnaməyə izah verilməsini xahiş etmişdir.

7. Ərizə belə əsaslandırılmışdır ki, məhkəmə cavabdehin evə istifadə hüququnun olmadığı qənaətilə və olmayan hüququn itirilməsinin mümkün olmadığını vurğulamaqla iddia tələbini rədd etsə də, qətnamədə cavabdehin həmin evdən qeydiyyatdan çıxarılması barədə qeyd olmadığından qətnamənin icrasında problem yaranmışdır. Halbuki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsi haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir. Bu isə məhkəmə qətnaməsi ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş və ya yaşayış sahəsindən çıxarılmış şəxslərin qeydiyyatdan çıxarılması üçün mülkiyyətçinin yenidən iddia qaldırmasının qarşısını almaqla, prosessual qənaət prinsipinin təmin edilməsinə də xidmət etmiş olur.

8. Məhkəmənin 16 yanvar 2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilmiş, izah olunmuşdur ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3407/2022 saylı xx.xx.2022-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsi 12A saylı fərdi yaşayış evindən müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydiyyatdan çıxarılması üçün əsasdır.

9. Məhkəmə öz qənaətini aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

9.1. Qətnamənin əsaslandırıcı hissəsində, yəni qətnamənin 45-ci bəndindən 50-ci bəndinədək hissəsində göstərilmişdir ki: “45. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsi, 12A saylı fərdi yaşayış evindən istifadə hüququna xitam verildiyindən, istifadə hüququnun itirilmiş hesab edilməsi barədə iddia tələbi əsassızdır, çünki mövcud olmayan hüquq itirilmiş hesab edilə bilməz. 46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda adı çəkilən Qərarında vurğulanır ki...“Müraciətedənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olubolmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz.” 47. Məhkəmə həmçinin qeyd edir ki, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, şəxsin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi həmin şəxsin müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydiyyatdan çıxarılması üçün əsasdır. 48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda adı çəkilən Qərarında vurğulanır ki...“Eyni zamanda nəzərə alınmalıdır ki, sözügedən Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsi haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir. 49. Bu isə məhkəmə qətnaməsi ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş və ya yaşayış sahəsindən çıxarılmış şəxslərin qeydiyyatdan çıxarılması üçün mülkiyyətçinin yenidən iddia qaldırmasının qarşısını almaqla, prosessual qənaət prinsipinin təmin edilməsinə də xidmət etmiş olur. 50.Qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər.”

10. Mövqeyinin hüquqi əsası kimi məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230-cu maddəsinə istinad etmişdir.

11. Cavabdeh həmin qərardaddan verdiyi şikayət məhkəmənin 07 fevral 2023-cü il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

12. Şikayət belə əsaslandırılmışdır ki, məhkəmə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir, məhkəmənin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarından xəbəri yoxdur. Belə ki, qətnamənin nəticə hissəsi yalnız iddianın təmin edilməməsini ehtiva etmişdir, yəni Cavabdeh istifadə hüququna xitam verilməsinə dair iddia rədd edilmişdir. Belə olan halda, məhkəmənin öz qərardadında qətnamənin icraya yönəldilməsinə dair qeyd etdikləri absurd xarakter daşıyır. Hakim iddianın rədd edilməsinə dair qətnaməni necə icraya yönəldə bilər?. İddia tələbinin rədd edildiyi qətnamədə aydın olmayan məqamın konkret olaraq nədən ibarət olduğu iddiaçının nümayəndəsinin ərizəsində göstərilmədiyi və izah üçün heç bir əsas olmadığı halda, məhkəmə “istifadə hüququna xitam verilmə” tələbinin rədd edildiyi qətnamənin icraya yönəldilməsi üçün izah qərardadı ilə iddiaçıya açıq-aşkar yardım etmişdir. Qətnamənin 45-ci bəndinin məzmunu olduqca maraqlıdır. Həmin bəndə göstərilmişdir ki, “Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsi 12A saylı fərdi yaşayış evindən istifadə hüququna xitam verildiyindən, istifadə hüququnun itirilmiş hesab edilməsi barədə iddia tələbi əsassızdır, çünki mövcud olmayan hüquq itirilmiş hesab edilə bilməz.” Cavabdehin istifadə hüququna xitam verilməsinin yalnız məhkəmə qaydasında mümkünlüyünü məhkəmə nəzərə almamışdır. Belə bir məhkəmə aktı olmadığından, qətnamənin 45-ci bəndində yazılanlar heç bir hüquqi əhəmiyyət kəsb etmir. Məhkəmənin cavabdehin evdə yaşamaması ilə bağlı mülahizələrinə və buna əsaslanaraq güya cavabdehin istifadə hüququna xitam verilməsinə dair qənaətinə gəlincə, qeyd olunmalıdır ki, evdə “yaşamamaq” və “istifadə hüquqları” ayrı-ayrı institutlardır. Belə ki, şəxsin mənzildə yaşamaması, onun həmin mənzilə istifadə hüququna xitam verilməsinə səbəb ola bilməz. Konstitusiya Məhkəməsinin imperativ xarakter daşıyan qərarına görə şəxs yaşayış sahəsində faktiki yaşamadıqda və ya yaşayış sahəsinə istifadə hüququ olmadıqda qeydiyyata xitam verilməsi üçün inzibati orqana müraciət edə bilər. Buna baxmayaraq, birinci instansiya məhkəməsi, valideyninə məxsus yaşayış sahəsinə istifadə hüququ olan Cavabdeh heç bir əsas olmadan orada yaşamadığına istinad edərək, sonuncunun istifadə hüququna xitam verilməsinə dair qətnamənin əsaslandırıcı hissəsində yanlış mülahizə irəli sürmüşdür. Cavabdehin həmin yaşayış sahəsinə istifadə hüququ vardır və bu hüquqa xitam verilməsinə dair hər hansı məhkəmə aktı mövcud deyildir. Birinci instansiya məhkəməsi öz səlahiyyətlərindən kənara çıxaraq, inzibati orqanın səlahiyyətinə aid olan məsələni izah qərardadı ilə həll etmişdir. Məhkəmə bilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5) bəndinin tələbinə görə şəxs “yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında” o, yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Cavabdehin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinə dair məhkəmə aktları mövcud deyildir. Belə halda, onun qeydiyyatda çıxarılması məsələsini izah qərardadı həll etmək birinci instansiya məhkəməsinin səlahiyyətlərinə aid deyildir. Konstitusiya Məhkəməsi bu məsələnin hansı orqan tərəfindən həll edilməsinə dair kifayət qədər aydın şərh vermişdir.

Apellyasiya baxışı

13. Şikayətə məhkəmə iclasında baxılmasını zəruri edən MPM-in 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmiş, işə yazılı icraat qaydasında baxılmışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

14. Maddə 230.1. İşə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır.

15. Maddə 230.2. Birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı dəyişirsə və yeni məhkəmə aktı çıxarılırsa, onun izah edilməsini iş üzrə son qətnaməni və ya qərardadı çıxarmış məhkəmə həyata keçirir.

16. Maddə 230.3. Qətnamə və ya qərardad icra edilməmişsə onun izah edilməsinə yol verilir.

17. Maddə 230.4. Qətnamənin və ya qərardadın izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur

18. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.

Apellyasiya baxışının həddi

19. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

20. Qanunvericiliyin mənasına görə məhkəmə aktına izah verilməsi bir qayda olaraq məhkəmənin gəldiyi nəticənin düzgün başa düşülməməsi, həmin aktda anlaşılmazlıqlara yol verilməsi və onun icrasında yaranmış çətinliklə əlaqədar olur.

21. Yuxarıda qeyd olunduğu kimi, xx.xx.2022-ci il tarixli qətnaməsində məhkəmə müəyyən etmişdir ki, Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsi 12A saylı fərdi yaşayış evindən istifadə hüququna xitam verilmişdir və olmayan hüquq itirilə bilməz.

22. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinə müvafiq olaraq yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 1-ci maddəsinin ikinci hissəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 yanvar 2003-cü il tarixli qərarında “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun müddəaları şərh edilərək izah olunmuşdur ki, Azərbaycan Respublikasının qanunvericiliyi keçmiş sovet qanunvericiliyindən fərqli olaraq yaşayış yeri üzrə qeydiyyatın aparılmasını insan hüquq və azadlıqlarının məhdudlaşdırılmasına deyil, onların reallaşdırılmasına yönəltmişdir.

23. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli Qərarında isə Konstitusiya Məhkəməsi aşağıdakıları qeyd etmişdir: “...Şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. ...Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. Yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir. Müraciətedənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, sözügedən Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsi haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir. Bu isə məhkəmə qətnaməsi ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş və ya yaşayış sahəsindən çıxarılmış şəxslərin qeydiyyatdan çıxarılması üçün mülkiyyətçinin yenidən iddia qaldırmasının qarşısını almaqla, prosessual qənaət prinsipinin təmin edilməsinə də xidmət etmiş olur. ...Müraciətdə göstərilən mülki işdə olduğu kimi, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir”.

24. Kollegiya hesab edir ki, Cavabdeh istifadə hüququna malik olmadığı halda İddiaçı mülkiyyətindəki evdə qeydiyyatda qalmaqda davam etməsi mülkiyyətçinin mülkiyyət hüquqlarının pozuntusunu yaradan hal kimi qiymətləndirilə bilər və buna görə də qətnamə Cavabdeh evdən qeydiyyatdan çıxarılması üçün əsas təşkil etməlidir. Belə qənaət, Konstitusiya Məhkəməsinin qərarında da vurğulandığı kimi, mülkiyyətçinin yenidən iddia qaldırmasının qarşısını almaqla, prosessual qənaət prinsipinin təmin edilməsinə də xidmət etmiş olur.

25. Cavabdeh qətnamə ilə müəyyən olunan hallarla razılaşmaması müvafiq izahın verilməsinə maneə yarada bilməz; çünkü o, əgər qətnamədən narazıdırsa ondan apellyasiya şikayəti verə bilərdi.

26. Şikayətçinin, “məhkəmənin öz səlahiyyətlərindən kənara çıxaraq, inzibati orqanın səlahiyyətinə aid olan məsələni izah qərardadı ilə həll etmiş olması” arqumentinə münasibətdə kollegiya qeyd edir ki, məhkəmə sadəcə qətnamədə müəyyən etdiyi halın şəxsin pasport qeydiyyatından çıxarılmasına əsas təşkil etdiyini izah etmiş, inzibati orqanını üzərinə hər hansı vəzifə qoymamışdır.

27. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Şikayət təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-3407/2022 saylı iş üzrə 16 yanvar 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar