Məhkəmə qərarları › İş №2(103)-2425/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2425/2022

05.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2425/2022 05.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli, 2(009)-217/2022 saylı qərardadından Cavabdeh Tengiz qızı tərəfindən verilmiş şikayətə əsasən mülki işə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh Tengiz qızına qarşı “müqavilənin etibarsız hesab edilməsi və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı2 ilə Cavabdeh Tengiz qızı arasında bağlanmış 15.10.2019-cu il tarixli, AN-İ ******* saylı “daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsi, müqavilə bağlanarkən ödənilmiş 1.900.000 (bir milyon doqquz yüz min) manat məbləğində pulun Cavabdeh Tengiz qızından tutularaq İddiaçı2 ödənilməsi, iddia verilərkən ödənilmiş 1740 (bir min yeddi yüz qırx) manat dövlət rüsumu və hüquqi yardım məqsədi ilə ödənilmiş 500 (beş yüz) manat vəkil xərci olmaqla, ümumilikdə 2240 (iki min iki yüz qırx) manat məbləğində pulun Cavabdeh Tengiz qızından tutularaq İddiaçı2 ödənilməsi, İddiaçı2 ilə İddiaçı1 arasında bağlanmış 25.12.2019-cu il tarixli “daşınmaz əmlakın bağışlanması müqaviləsi”nin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 iddia tələbi həcminin artırılması barədə ərizə təqdim edərək İddiaçı2 ilə Cavabdeh Tengiz qızı arasında bağlanmış 15.10.2019-cu il tarixli, AN-İ ******* saylı “daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsi, müqavilə bağlanarkən ödənilmiş 1.900.000 (bir milyon doqquz yüz min) manat, əldən çıxmış fayda olaraq 120.000 (yüz iyirmi min) manat, mənəvi ziyanın əvəzi kimi 100.000 manat olmaqla ümumilikdə 2.120.000 (iki milyon yüz iyirmi min) manat məbləğində pulun Cavabdeh Tengiz qızından tutularaq İddiaçı2 ödənilməsi, iddia verilərkən ödənilmiş 1850 (bir min səkkiz yüz əlli) manat dövlət rüsumu və hüquqi yardım üçün ödənilmiş 500 (beş yüz) manat vəkil xərci olmaqla ümumilikdə 2350 (iki min üç yüz əlli) manat məbləğində pulun Cavabdeh Tengiz qızından tutularaq İddiaçı2 ödənilməsi, İddiaçı2 ilə İddiaçı1 arasında bağlanmış 25.12.2019-cu il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 mülki işin aidiyyəti üzrə göndərilməsi barədə vəsatət verərək mülki işin müstəsna aidiyyət qaydalarına uyğun olaraq Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-217/2022 saylı, 21 yanvar 2022-ci il tarixli qərardadı ilə iddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh Tengiz qızına qarşı “müqavilənin etibarsız hesab edilməsi və pul” tələbinə dair iddia ərizəsi üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil2 mülki işin müstəsna aidiyyət üzrə göndərilməsi barədə vəsatəti təmin edilməmişdir. Cavabdeh Tengiz qızı həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və mülki işin ərazi aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qərardad əsassız və qanunsuzdur. Belə ki, iş materiallarından da göründüyü kimi mübahisə predmeti ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakdır. İş üzrə tələb, xahiş daşınmaz əmlakla bağlı müqavilədir. Lakin iddiaçı iddiasını daşınmaz əmlakın vəziyyəti ilə əlaqələndirmişdir. Belə ki, iddiada tələbin mahiyyəti daşınmaz əmlakla bağlı iddiaçının əsaslı saydığı, onların isə əsassız saydıqları vəziyyətdir. Belə olan halda yəni, iddianın əsasının daşınmaz əmlak olması, həmin daşınmaz əmlakla bağlı tərəflərin sahiblik və istifadəsi, həmin daşınmaz əmlaka dair digər məsələlərlə bağlı olması onu deməyə əsas verir ki, iddia ərizəsi daşınmaz əmlakın olduğu yerdə baxılmalıdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03 fevral 2022-ci il tarixli 2(009)-217/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası işin materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli, 2(009)-217/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 44.1-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən, məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Kollegiya qeyd edir ki, hazırki iş üzrə iddia tələbini “daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsi, pul tələbi təşkil edir. Kollegiya hesab edir ki, hazırki iddia tələbi daşınmaz əmlaka dair müqavilə ilə bağlı olsa da, bilavasitə Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsində nəzərdə tutulan əsasları özündə ehtiva etmir. Belə ki, burada tələb konkret müqavilənin etibarsız hesab edilməsindən və pul tələbindən ibarətdir. Belə olan halda isə iddia ərizəsi ərazi aidiyyəti qaydalarına riayət edilməklə cavabdehin rəsmi qeydə alındığı yer üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə verilmiş və iş aidiyyət qaydalarına riayət edilməklə icraata qəbul olunmuşdur. Belə ki, iş materiallarında olan elektron məhkəmə informasiya sistemindən çıxarılmış Cavabdeh Tengiz qızının şəxsiyyət vəsiqəsinə dair məlumatlardan görünür ki, o, ünvan 2 ünvanında qeydiyyatdadır. Bununla da, məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və hazırki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli, 2(009)-217/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Tengiz qızı tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli, 2(009)-217/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Fuad Talışinski

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar