Məhkəmə qərarları › İş №2(103)-243/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-243/2020

12.03.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-243/2020 12.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ümumi istifadədə olan torpaq sahəsindən adına verilmiş qeydiyyat vəsiqəsinə və texniki pasporta əsasən mülkiyyətdə olan hissənin ayrılıb verilməsi, iddiaçıya aid hissənin tərəfindən qanunauyğun şəkildə hasarlanmasının cavabdehlərə və qeyrilərinə qadağan edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5719/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, 4-cü Aşırım küçəsi, döngə 1, ev 29 ünvanındakı ümumi istifadədə olan torpaq sahəsindən iddiaçının adına verilmiş texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsinin seriya FM, № 021542 olan qeydiyyat vəsiqəsinə və xx xxxxxx 2002-ci il tarixli fərdi yaşayış fonduna daxil olan evin texniki pasportuna əsasən iddiaçının mülkiyyətində olduğu təsdiq olunan hissənin iddiaçıya ayrılıb verilməsi və iddiaçıya aid hissənin tərəfindən qanunauyğun şəkildə hasarlanmasının cavabdehlərə və qeyrilərinə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, mülkiyyətində olan evin texniki pasportunda göstərilən ərazisi ümumi istifadədə olan torpaq sahəsi ilə bitişik vəziyyətdədir. Cavabdeh ona məxsus ərazidən onun iradə və istəyinə zidd istifadə edir, əşyalar yerləşdirir, qanunsuz tikinti işləri aparır. O səbəblə də ərazinin iddiaçıya aid hissəsinə hasarınçəkilməsinə cavabdehin müdaxiləsinin qadağan edilməsi və sair tələbi iləəlaqəli iddia ərizəsi ilə hazırki iddia üzrə cavabdehə qarşı məhkəməyə müraciət etmişdir. Məhkəmə həmin iddianı təmin etməmişdir. Tərəflər arasında məhkəmədə mübahisəli məsələlər olub. Lakin mübahisə özünün köklü həllini tapmayıb. Belə ki, cavabdeh yenə də ümumi ərazi adı altında əslində iddiaçıya aid olan hissədə qanunsuz işlər görür. Mübahisənin məhkəmə qaydasında həll edilməməsinə səbəb kimi də məhkəmələr mübahisəli torpaq sahəsinin ümumi istifadədə paylı mülkiyyətdə olmasını göstəriblər. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5719/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə gəldiyi nəticəni tərəflər arasında olmuş əvvəlki mübahisəli məsələlərə baxan məhkəmələrin nəticələri ilə əlaqələdirib. Halbuki hazırkı iddia mülkiyyətində olan ərazinin başqalarının istifadəsində olan ərazidən naturadan ayrılmasıdır. İddiaçının evi öz adına mülkiyyət hüququ üzrə qeydiyyata alınıb. Nərimanov RİHB-in xx.xx.1991-ci il tarixli və xx.xx.1992-ci il tarixli sərəncamlarından görünür ki, mülkiyyətində olan ev 1991-ci ildən xeyli əvvəl tikilib. Əraziyə dair Bakı Tİ və MHQ İdarəsindən onun adına verilmiş xx.xx.2002-ci il tarixli texniki pasport və tikiliyə dair xx.xx.2003-cü il tarixli qeydiyyat vəsiqəsi var. DƏDRX-dən alınmış xx.xx.2018-ci il tarixli rəydə ona məxsus tikilinin və onun yerləşdiyi ərazinin texniki pasporta uyğun olduğu göstərilib. Rəydə həmçinin, iddiaçının cavabdehə məxsus mülkiyyətdən istifadə etmədiyi müəyyən olunub. Əksinə cavabdeh ona məxsus ərazidə çən yerləşdirib. Bütün bunlar onun iddiasının haqlı olduğunu təsdiq edir. Məhkəmə iclasında cavabdeh apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, su çəni həmin mənzili alandan həmin yerdə yerləşib. Ekspert tərəfindən keçirilmiş baxış zamanı onun iddiaçıya hər hansı maneçilik törətmədiyi aşkar olunmuşdur. Cavabdeh qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İlk növbədə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsişikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin bütövlükdə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni iddiaçı mübahisələndirərək iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası izahatları dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmaldır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, Bakı şəhəri, Nərimanov rayonu, 4-cü Aşırım küçəsi, döngə 1 ünvanında yerləşən ümumi sahəsi 117,9 kv.m olan 6 otaqlı 29 saylı fərdi yaşayış evi cavabdehin, eyni ünvanda yerləşən ümumi sahəsi 41,98 kv.m olan 3 otaqlı 29 saylı ev isə iddiaçının mülkiyyətindədir. Tərəflər arasında iddiaçının mülkiyyətində olan hissənin ona ayrılıb verilməsi və həmin hissənin hasarlanması barədə mübahisə vardır. İşdə olan sənədlər əsasında müəyyən edilir ki, ilk iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı mülkiyyətdən istifadəyə maneənin aradan qaldırılması və özbaşına tikililərin sökülməsi tələbi üzrə ilk, qarşılıqlı iddia üzrə İddiaçı Cavabdeh qarşı mülkiyyət hüququ üzrə ona məxsus olan tikilinin yerləşdiyi ərazinin sərhəddinin müəyyən edilməsi, həmin ərazinin cavabdehlə qonşu olan, qarşı tərəfdən ona aid olan hissəsində, onun hesabına mərzlənməsi (hasarlanması), buna cavabdehin və qeyrilərinin müdaxiləsinə qadağa qoyulması tələbi üzrə qarşılıqlı iddia tələblərinə dair iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş, Nərimanov Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qətnaməsi ilə ilkin və qarşılıqlı iddialar rədd edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7002/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayati təmin edilməmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(102)-6310/2018 saylı qərarı ilə apellyasiya instasiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sözügedən məhkəmə qərarları ilə müəyyən olunmuşdur ki, tərəflərin ümumi mülkiyyətində olan həyətyanı sahədən onların heç biri tərəfindən digərinə ziyan vuran və maneçilik törədən hər hansı bir hərəkətə yol verilməmiş, tikililər inşa olunmamışdır. Eləcə də evin texniki pasportunda əlavə tikili konstruksiyalarının olması müəyyən olunmamışdır. İşin apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə Məhkəmə Ekpertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 15800 saylı ekspert rəyi ilə mübahisəli ünvanda yerləşən fərdi yaşayış evinin faktiki olaraq tərəflər arasında bölündüyü və həmin evlərin bir-birindən təcrid vəziyyətdə yerləşdiyi müəyyən olunmuşdur. Rəydə həmçinin qeyd olunmuşdur ki, hər bir evə həyətyanı sahədən ayrı-ayrılıqda girişçıxış qapısı, həyətyanı sahəyə isə küçə tərəfdən yalnız bir giriş-çıxış qapısı vardır. Baxış zamanı texniki pasport üzrə iddiaçıya məxsus yaşayış evinin giriş hissəsində boş torpaq sahəsinin faktiki olaraq açıq vəziyyətdə olduğu müəyyən edilmişdir. Apellyasiya baxışı zamanı mübahisəli əraziyə tərəflərin iştirakı ilə yerli baxış keçirilmiş, mənzillərə ayrı-ayrı giriş-çıxış qapılarının olduğu, texniki pasportda əks olunan tikililərin mövcudluğu, giriş qapıdan sağ tərəfdə cavabdehə, sol tərəfdə isə iddiaçıya məxsus yaşayış evinin olduğu, cavabdehə məxsus su çəninin iddiaçının mənzilinin giriş qapısının yaxınlığında yerləşdiyi müəyyən olunmuşdur. MPM-ə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir (maddə 82.3). Avropa Məhkəməsinin «Brumareski Rumıniyaya qarşı» xx.xx.1999-cu il tarixli qərarında göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Bu baxımdan tərəflərin ümumi mülkiyyətində olan həyətyanı sahədən onların heç biri tərəfindən digərinə ziyan vuran və maneçilik törədən hər hansı bir hərəkətə yol verilmədiyi, tikililər inşa olunmadığı hazırkı iş üzrə mübahisələndirilə və yenidən sübut edilə bilməz. Bundan əlavə keçirilmiş ekspertiza üzrə alınmış rəylə və yerli baxış zamanı da iddiaçıya məxsus yaşayış evinin giriş hissəsində boş torpaq sahəsinin faktiki olaraq açıq vəziyyətdə olduğu, cavabdehə məxsus su çəninin iddiaçının mənzilinin giriş qapısının yaxınlığında yerləşdiyi müəyyən olunmuş, əvvəlki məhkəmə qətnamələri ilə müəyyən edilmiş faktlar hazırkı işdə də öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən dəlillər apellyasiya baxışı zamanı alınmış ekspert rəyi və yerində müayinə ilə təkzib edilmişdir. Həmçinin paylı mülkiyyətin mülkiyyətçiləri olan iddiaçı və cavabdeh arasında mübahisəli əmlakdan iddiaçının istifadə etməsinə maneələr yaradıldığı müəyyən edilməmişdir. Məhkəmə kollegiyası həmçinin, qeyd edir ki, iddia tələbinin digər hissəsi yəni “iddiaçıya aid hissənin tərəfindən qanunauyğun şəkildə hasarlanmasının cavabdehlərə və qeyrilərinə qadağan edilməsi” tələbi isə qeyri-müəyyəndir. İddiaçı tərəf məhkəmə iclaslarında iştirak etməməklə tələbin bu hissəsinə aydınlıq gətirməmişdir. Həmçinin, müəyyən edilmişdir ki, əvvəllər bu tələbə oxşar iddia qaldırılmış və məhkəmələr tərəfindən təmin olunmamışdır. Kollegiya nəzərə alır ki, MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: İddiaçıapellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5719/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar