Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2432/2024 17.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-2432/2024 (Açar sözlər: pul, maddi və mənəvi zərərin ödənilməsi və əldən çıxmış fayda tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X2 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 qarşı «pul, maddi və mənəvi zərərin ödənilməsi və əldən çıxmış fayda» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-4677/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 17 aprel 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 qarşı «pul, maddi və mənəvi zərərin ödənilməsi və əldən çıxmış fayda» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dövriyyədəki əşyalarının dəyəri olan 300.000 manatın, 200.000 manat maddi zərərin, 300.000 manatlıq dövriyyədəki əşyalarını əsassız olaraq əlində saxlaması nəticəsində əldə edəcəyi 168.000 manat faydanın, mənəvi zərərə görə isə 20.000 manatın cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və "xxxx" MMC-dən alınaraq ona ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1995-ci ildən 2016-cı ilə qədər Sədərək Ticarət Mərkəzində şuba və dəri geyimləri satışı ilə məşğul olmuşdur. İcarəyə götürdüyü 100 m2 mağazaya görə hər ay 6000 manat ödəniş etmişdir. Lakin 2015-ci ilin fevral ayında devalivasiya ilə əlaqədar icarə haqqında gecikmələr olmuşdur. Bu səbəbdən 2016-cı ilin mart ayının 30-da bazarın müdiri Cavabdeh2 mühafizə işçiləri ilə birlikdə onun 300.000 manatlıq şubalarını müsadirə edərək aparmışdır. O, dəfələrlə müraciət edib müsadirə etdikləri şubalarını geri qaytarmalarını istəsə də, heç bir nəticəsi olmamışdır. Beləliklə, cavabdehin qanunsuz əməli nəticəsində onun maddi durumu çox acınacaqlı vəziyyətə düşmüşdür. Belə ki, o, yaşadığı evi "xxxx" ASC-yə girov qoyaraq 100.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Lakin cavabdehlərin qanunsuz əməlləri nəticəsində 300.000 manatlıq şubalarının müsadirə edilməsi səbəbindən və 7 il ərzində işsiz qaldığından banka ödəniş edə bilməmişdir. Şuşa Rayon Məhkəməsində həmin işlə bağlı çıxmış qətnaməyə əsasən ondan 78.000 ABŞ dollarında pul tutulması qət edilmişdir və o, sözügedən məbləği ödəyə bilmək durumunda olmadığından hal-hazırda yaşadığı ev hərracda satılmışdır. Bildirmək istəyir ki, həmin ev onun və ailəsinin yeganə yaşadığı yeridir və məhz cavabdehlərin qanunsuz əməlləri nəticəsində onun əlindən çıxmışdır. Belə ki, o, mağazadan istifadə etməklə ticarətlə məşğul olur, həm qazanc əldə edir, həm də dövriyyədəki mallarının sayını artırırdı. Lakin cavabdehlərin onun 300.000 manatlıq şubalarını müsadirə etməsi və illərdir ki, qaytarmaması səbəbindən həm biznesi məhv olmuş, həm 300.000 manatlıq əmlakından (şubalar) məhrum olmuş, həm də biznesinin çökməsi və krediti ödəyə bilməməsi səbəbindən yeganə yaşayış yeri əlindən çıxmışdır. Həmçinin onu da qeyd edir ki, ilk dəfə bu tələblə bağlı Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir ki, həmin mülki işin gedişində onun şubalarının onlarda yox, "xxxx" MMC-də olduğuna dair arayış təqdim edərək məsuliyyətdən qaçmağa çalışmışlar ki, sonradan o, pulunu "xxxx" MMC-dən tələb etməklə bağlı iddia verərkən həmin arayışdakı imzanın saxta olduğu üzə çıxmışdır ki, bu da cavabdehlərin onun pulunu qaytaramamaq üçün atdığı digər bir qanunsuzluqdur. Halbuki onun 300.000 manatlıq əmlakını müsadirə etməsələr, belə bir arayış da təqdim etməzdilər. Bu səbəbdən də hesab edir ki, iddiası tam haqlıdır və cavabdehlərdən tələbində qeyd etdiyi pul tutularaq ona ödənilməlidir. Beləliklə, cavabdehlərin qanunsuz əməlləri nəticəsində ona xeyli maddi zərər dəymiş, həm 300.000 manatlıq dövriyyədəki əşyalarından, həm 200.000 manatlıq evindən, həm də 300.000 manatlıq dövriyyədəki əşyalarını əsassız olaraq əlində saxlaması nəticəsində əldə edəcəyi faydadan məhrum olmuşdur. Milli bankın 2022-ci il üçün bank uçot dərəcəsi ortalama 7.75 % olmuşdur ki, 300.000 manat məbləğinin 7.75 faizi gündəlik təxminən 6.458 manat edir ki, xx.xx.2016-cı ildə verilən 300.000 manat məbləğdən xx.xx.2022-ci ilədək 2370 gün (79 ay) gecikmə olduğundan, həmin gecikmənin (2370 x 6458 = 15.305.460) və cavabdehlərin də həmin məbləği qəsdən yubatdığından o, gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etməkdə tam haqlıdır. Beləliklə, cavabdehlərin 300.000 manatlıq biznesini və pulunu mənimsəməsi nəticəsində həm biznesindən, həm də qazancından məhrum olmuşdur. Bu səbəbdən cavabdeh ona həm 300.000 manatını, həm 168.000 manat əldən çıxmış faydanı, həm 300.000 manat məbləğinin gecikdirilmiş vaxt üçün illik beş faizi olan 15.305.460 manatı, həm də maddi zərər olaraq evinin dəyəri kimi 200.000 manatı və 2.000 manat mənəvi zərəri ödəməlidir.
3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4677/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Anar İbadzadə) iddia təmin edilməmişdir.
4. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.2, 375.2, 376, 377.2, 378, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
5. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Apellyasiya şikayəti iddianın dəlilləri ilə yanaşı, həmçinin, onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə təqdim edilmədən özü bunu tətbiq etməklə maddi və prosessual normaların pozulmasına yol vermişdir. Həmçinin qeyd edir ki, hazırki iş üzrə iddiaçı və cavabdeh arasında mövcud olan münasibətlərə müqavilədə irəli gələn deyil, ümumi iddia müddəti ilə bağlı normalar tətbiq edilməlidir. Çünki hazırki mübahisənin predmeti tərəflərin arasındakı hansısa müqavilədən irəli gəlmir.
b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri
7. Cavabdeh3 firması apellyasiya şikayətinə qarşı etiraz verərək apellyasiya şikayətinin rədd edilməsini, qətnamənin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.
c) Proses iştirakçılarının izahatı
8. Məhkəmə baxışı zamanı iddiaçı apellyasiya şikayətini müdafiə edərək və onun dəlillərinə uyğun izahat verərək təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddia tələbində qeyd etdiyi tələbin bütün cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş edir və sübutu yalnız iş materiallarında olan arayışdır.
9. Cavabdehlər məhkəmə iclasında iştirak etməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
10. İşin halları, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
11. Maddə 14.2.6. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır.
12. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
13. Maddə 373.1. Ümumi iddia müddəti on il təşkil edir.
14. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
15. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
16. 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
20. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
21. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
24. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Kollegiya tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia rədd edilməlidir.
26. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən iş üzrə düzgün maddi hüquq norması, ümumiyyətlə, tətbiq edilməmişdir. Belə olduğu təqdirdə birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır.
27. Belə ki, apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq kollegiya hesab edir ki, hazırki iş üzrə iddiaçının tələbi ona məxsus olan malların cavabdeh tərəfindən onun iradəsinə zidd olaraq götürülməsi və bununla da iddiaçıya zərər vurulması olduğundan, tərəflər arasında yaranmış öhdəliyin əsası qismində mülki qanunvericiliyin mülki hüquq pozuntularını (deliktlər) tənzimləyən normaları çıxış edir və birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən normalar hazırki işin hallarına tətbiq edilməmişdir. Halbuki “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsinin Plenumunun xx.xx.2005-ci il tarixli qərarının 6.5-ci bəndində qeyd edilmişdir ki, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər hüquqi aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Bundan əlavə birinci instansiya məhkəməsi tərəfindən iddianın əsası düzgün müəyyənləşdirilmədiyindən iddia müddətinin tətbiqi ilə bağlı normalara istinadlarda yanlışlığa yol vermişdir.
28. İlk növbədə iddianın hüquqi əsası ilə bağlı kollegiya qeyd edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Çünki hazırkı iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşdüyü halda o, cavabdehlər tərəfindən ona məxsus olan xəz dərilərin iradəsinə zidd olaraq götürülməsinə və nəticədə ona iddia tələbində göstərdiyi miqdarda zərər vurulmasına dair kifayət qədər mötəbər sübutlar təqdim etməmiş, iş materialları ilə cavabdehlərin iddiaçıya zərər vurması halı öz təsdiqini tapmamışdır.
29. Belə ki, iş materiallarında iddiaçı tərəfindən öz iddiasının əsaslılığı üçün istinad etdiyi yeganə sübut Sədərək Ticarət Mərkəzində fəaliyyət göstərən sahibkar Mirzaliyev.S.İ. adlı şəxs tərəfindən verilən xx.xx.2023-cü il tarixli, 01/23 saylı arayış olmuş, həmin arayışda isə “Sədərək Ticarət Mərkəzində Elit 2, Bina 2, korpus 9, 5 nömrəli Fantastic adlı mağazada fəaliyyət göstərən İddiaçı 2016-cı ilin aprel ayında Sədərək Ticarət Mərkəzindəki fəaliyyətini dayandırdığı üçün özünə məxsus 30 ədəd xəs-dəri mallarının alınmasını xahiş etmişdir. Onun xahişi əsasında 30 ədəd mal alınmışdır” qeyd edilmişdir. Məhkəmə təqdim olunan sübuta münasibətdə qeyd edir ki, əvvəla, arayış bunu tərtib etməyə səlahiyyəti olan və bu səlahiyyətin təsdiq edildiyi hansısa şəxs və qurum tərəfindən tərtib edilmədiyindən, adı qeyd edilən “Sədərək Ticarət Mərkəzində fəaliyyət göstərən sahibkar Mirzaliyev.S.İ.” adlı şəxsin kimliyini müəyyənləşdirmək mümkün olmadığından və həmin şəxsin bu smetanı tərtib etməyə səlahiyyətinin dərəcəsi hansısa sənədlə müəyyən olunmadığından məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilə bilməz və həqiqəti nə dərəcədə əks etdirdiyi şübhə doğurardı.
30. Bundan əlavə isə qeyd edilən arayışın məzmunundan da göründüyü kimi qeyd edilən sənədin iddiaçının hazırda cavabdehlərdən etdiyi tələblə konkret və birbaşa olaraq hansısa bağlantısı yoxdur və arayışda tamamilə başqa mağzananın adı qeyd edilmişdir. Həmçinin qeyd edilməlidir ki, iş materiallarındakı Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-4142/2024 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi və Məhkəmə Ekspertiza mərkəzinin 4/1320 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyindən də görünür ki, arayışdakı “Mirzaliyev S” soyadının qarşısındakı imza həmin şəxsin özü tərəfindən deyil, başqa şəxs tərəfindən icra edilmişdir. Bütün bunlar da o deməkdir ki, sözügedən sənədin hazırki iş üzrə heç bir mötəbər qüvvəsi yoxdur.
31. Məhkəmə onu da qeyd edir ki, iddiaçının qeyd etdiyi fakt, yəni ona məxsus xəz dərilərin götürülməsi faktı hansısa ehtimalda həqiqəti əks etdirsə idi belə, həmin malların məhz hazırki iş üzrə cavabdehlər tərəfindən götürülməsi, o cümlədən həmin malların dəyərinin məhz dəqiqliklə iddiaçının bildirdiyi kimi 300.000 AZN olmasını təsdiq edən hər hansı mötəbər sübut da məhkəməyə təqdim edilməmişdir.
32. Bütün bunlar onu deməyə əsas verir ki, iddiaçı ona cavabdehlər tərəfindən 300.000 AZN dəyərində zərər vurulmasını heç bir sübutla təsdiq edə bilməmişdir.
33. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.
34. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
35. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”.
36. Kollegiya iddiaçının birinci instansiya məhkəməsinin cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə təqdim edilmədən özü bunu tətbiq etməsi ilə maddi hüquq normalarını pozması ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, şikayət bu hissədə də əsassızdır. Belə ki, iş üzrə Cavabdeh4 tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanan xx.xx.2023-cü il tarixli etirazın məzmununda cavabdeh tərəfindən iddiaçının hazırki iş üzrə iddia müddətini ötürdüyü və buna görə də iddianın rədd edilmə əsaslarından biri kimi də iddia müddətinin tətbiq edilməli olduğu qeyd edilmişdir. Kollegiya qeyd edir ki, qanunvericiliyin ruhuna görə məhkəmə tərəfindən iddia müddətinin tətbiqi məsələsinə baxılıb münasibət bildirməsi üçün cavabdeh tərəfindən ayrıca ərizə forması ilə müraciət edilməsi şərt deyil və yazılı formada müraciət etməsi, o cümlədən hazırki işdə olduğu kimi iddiaya etirazın əsaslarından biri kimi göstərməsi kifayətdir. Buna görə də məhz qeyd edilən hissədə iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassızdır.
37. Lakin kollegiya hesab edir ki, iddiaçının hazırki iş üzrə ümumi 10 illik iddia müddətinin tətbiq edilməli olması ilə bağlı apellyasiya şikayətinin dəlilləri əsaslıdır və birinci instansiya məhkəməsi qeyd edilən hissədə yanlışlığa yol vermişdir. Belə ki, birinci instansiya məhkəməsi işə konkret olaraq hansı növ iddia müddətini (müqavilə tələbləri üzrə 3 il və s.) ötürdüyü və nə qədər müddətə ötürdüyünü qeyd etməmişidir. İddiaçının cavabdeh tərəfindən 2016-cı ilin mart ayının 30-da onun 300.000 manatlıq şubalarını müsadirə edərək apardığını bildirməsi və birinci instansiya məhkəməsi tərəfindən iddiaçının “iddia müddəti başa çatdıqdan xeyli sonra” müraciət etməsi qeyd edildiyindən hazırda kollegiya birinci instansiya məhkəməsi tərəfindən ümumi 10 illik iddia müddətinin deyil, müqavilə tələblərindən irəli gələn 3 illik iddia müddətini tətbiq etdiyi qənaətinə gəlir. Lakin birinci instansiya məhkəməsi yuxarıda qeyd edildiyi kimi iddianın hüquqi əsasını düzgün müəyyən etmədiyindən və işə mülki hüquq pozuntularından – deliktlərdən irəli gələn müddəaları tətbiq etmədiyindən, seçilməli olan iddia müddətini də düzgün müəyyənləşdirməmişdir.
38. Belə ki, artıq göstərildiyi kimi hazırki iş üzrə iddiaçının tələbi tərəflər arasında bağlanmış hansısa müqavilədən irəli gəlmədiyindən və ona dəydiyini iddia etdiyi zərərin tələb olunması ilə bağlı olduğundan, həmin tələblə bağlı ümumi iddia müddəti olan 10 illik müddət tətbiq edilməli və həmin müddətin ötürülübötürülməməsi aydınlaşdırılmadır. İddia tələbindən də göründüyü kimi iddiaçı cavabdehlər tərəfindən ona məxsus malların 2016-cı ilin mart ayında götürüldüyünü iddia edir. Bu da o deməkdir ki, iddiaçı tərəfindən hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilərəkdən iddia müddəti ötürülməmişdir və beləliklə, iddiaçının apellyasiya şikayəti qeyd edilən hissədə əsaslıdır.
39. Eyni zamanda məhkəmə kollegiyasi qeyd edir ki, iddiaçının pul tələbi ilə bağlı tələbinin təmin olunması üçün əsaslar müəyyən edilmədiyindən, həmin tələbdən irəli gələn tələbinin digər hissələri də təmin edilməməlidir.
40. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi təmin edilməli və iddia tələbi rədd edilməlidir.
41. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
42. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
43. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
44. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)- 4677/2023 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova