Məhkəmə qərarları › İş №2(103)-2434/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2434/2021

10.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2434/2021 10.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı Sığorta Şirkəti açıq səhmdar cəmiyyətinin nümayəndəsi X1, cavabdeh “xxxx” açıq səhmdar cəmiyyətinin vəkili Vəkil, Cavabdeh1 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)-1783/2020 nömrəli qətnaməsindən cavabdehlər “xxxx” açıq səhmdar cəmiyyəti və Cavabdeh1 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Sığorta Şirkəti ASC cavabdehlər Cavabdeh1 və “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx” MMC-yə məxsus və İddiaçı Sığorta Şirkətində sığortalanmış “Volkswagen Polo” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulan ziyanın əvəzində 8500 (səkkiz min beş yüz) manat sığorta ödənişi məbləği və bu iddia ərizəsinin verilməsi ilə bağlı 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu, cəmi 8530.40 (səkkiz min beş yüz otuz manat, qırx qəpik) cavabdehlər Cavabdeh1 və “xxxx” ASC-dən tutularaq “İddiaçı" Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)-1783/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və “xxxx” ASC-dən müştərək qaydada yol nəqliyyat hadisəsi zamanı İddiaçı Sığorta Şirkəti ASC-də sığortalanmış avtomobilə vurulan ziyanın əvəzində 8322 (səkkiz min üç yüz iyirmi iki) manat sığorta ödənişi və iş üzrə ödənilmiş 30,40 manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması, ekspertiza tədqiqatının dəyərini təşkil edən 100(yüz) manatın cavabdehlər Cavabdeh1 və “xxxx” ASC-dən müştərək qaydada tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini belə əsaslandırmışdır ki, işə baxan zaman tam aydın görünür ki, həmin məbləğ dəfələrlə şişirdilib və göstərilən məbləğ dəymiş ziyandan qat-qat artıqdır. Məhkəmədə ekspertiza təyin edilsə də, ekspertiza qanunsuz olaraq maşına baxmadan rəy vermişdil və məhkəmə isə buna aydınlıq gətirməmişdir. Ekspertin verdiyi sənədi tam anlamasa da göstərilən detalların və “zapçast”ların 90% dəyişdirilməyib və sadəcə olaraq qiyməti şişirtmək üçün siyahıya əlavə ediblər. Bundan başqa, maşına baxış keçirilsə görülər ki, ondan pulu tələb edilən “zapçast”ların çoxusu dəyişdirilməyib. Mütləq təkrar ekspertiza keçirilsin və ondan həmin maşında hansı “zapçast”ların dəyişdirilməsi barədə yazılı sənəd verilməsi tələb edilsin. Qətnamədən cavabdeh “xxxx” açıq səhmdar cəmiyyəti apellyasiya şikayəti verərək, qətnamənin qismən iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilməsi, iddia tələbinin tam həcmdə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini belə əsaslandırmışdır ki, məhkəmə zərərin vurulmasının (sığorta hadisəsinin) iş vaxtı baş vermədiyini və ziyan vurulan zamanı işçinin “xxxx” ASC-nin nəzarəti altında fəaliyyət göstərmədiyini nəzərə almayıb. Belə ki, iddiaçının özü tərəfindən məhkəməyə təqdim edilmiş Suraxanı rayonu DYPŞ-nin tərtib etdiyi arayışdan da görünür ki, yol nəqliyyat hadisəsi xx.xx.2019-cu il tarixdə saat 08:45 radələrində baş vermişdir. “xxxx” ASC tərəfindən məhkəməyə təqdim edilən əmək müqaviləsindən və sistemdən çıxarışdan aydın olur ki, Cavabdeh1 iş vaxtı saat 09:00-da başlayır. Həmin vaxt o, hər hansı əmək funksiyası icra etməyib və işəgötürən tərəfində də işə cəlb edilməyib. Hadisədən xəbərdar olandan sonra müəssisə tərəfindən aparılan araşdırma zamanı məlum olmuşdur ki, iş üzrə digər Cavabdeh1 nəqliyyat vasitəsini heç kimə məlumat vermədən müəssisənin avtomobil parkından götürərək yaxın tanışının yükünün daşınması üçün istifadə edib və səhər tezdən iş saatı başlayanadək nəqliyyat vasitəsini yerinə qaytararkən qeyd edilən yol nəqliyyat hadisəsi baş verib. İşçi kimi Cavabdeh1 nəqliyat vastəsini icazəsiz götürərək şəxsi məqsədləri üçün istifadə etdiyi və bununla bağlı yol verdiyi əmək intizamı və müəssisədaxili intizam qaydalarının pozuntusuna görə onun barəsində intizam tənbeh tədbiri görülüb. Həmçinin işçi ilə bağlanmış tam maddi məsuliyyət haqqında müqavilənin şərtlərinə görə o, üçüncü şəxslərə vurduğu ziyana görə özü cavabdehlik daşıyır. Məhkəmə dəymiş ziyanın məbləği ilə bağlı hərtərəfli araşdırma aparmamış və qanunsuz olaraq iş üzrə yarımçıq ekspert rəyini əsas sübut kimi qiymətləndirmişdir. Əvvəla, məhkəmənin mötəbər sübut kimi qiymətləndirdiyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 9/3526 saylı ekspert rəyindən də görünür ki, ekspert tərəfindən qiymətləndirməni nəzəri hesablamalar əsasında aparıldığına fikir verməyib. Halbuki, hazırkı iş üzrə ədalətli qətnamə çıxarılması üçün dəymiş ziyanın məbləğinin müəyyən edilməsi üçün tədqiqat obyekti olan nəqliyyat vasitəsinə baxışın keçirilməsi və iddia edilən detalların dəyişdirilib-dəyişdirilməməsi zəruridir. Bundan əlavə, ekspertizanın nəzəri qaydada aparıldığı qeyd edilə də, ekspert tərəfindən qeyd edilən məbləğlərin ancaq iddiaçının təqdim etdiyi qüsur aktını köçürməklə kifayətləndiyi açıqaşkardır. Belə ki, iddiaçı tərəf çoxsaylı detallarla bağlı müxtəlif qiymətlər irəli sürsə də bunu sübut edən hər hansı sübutu, detalın alınması barədə bir dənə də ödəniş sənədi iş materiallarında yoxdur və bununla bağlı məhkəmədə məsələ qaldırılsa da məhkəmə bununla bağlı araşdırma aparmamışdır. Bundan başqa ekspertin rəydə göstərdiyi detalların alınaraq iddia olunan nəqliyyat vasitəsinin təmir edilməsində istifadə olunmasına ciddi şübhələr var. Belə ki, DYP-nin inspektoru tərəfindən tərtib edilmiş xx xxxxxx 2019-cu il tarixli yol nəqliyyat hadisəsinin sxemindəki müvafiq qeydlərdən də görünür ki, avtomobilin 5 adda detalına zədə dəymişdir. Ən əsası isə iddiaçı qeyd edilən detalların göstərilən qiymətə alınmasını, qüsur aktında qeyd edilən işlərə görə həmin məbləğlərin ödənilməsi barədə hər hansı sübut məhkəməyə təqdim etməyib. Məhkəmə dəymiş ziyanın məbləği ilə bağlı hərtərəfli araşdırma aparmamış və qanunsuz olaraq iş üzrə yarımçıq ekspert rəyini əsas sübut kimi qiymətləndirmişdir. İşin hallarından tam sübut olur ki, məhkəmə birtərəfli qaydada ancaq iddiaçı tərəfin mövqe və dəlillərini əsas götürərək qətnamə çıxarmış və qarşı tərəfin haqlı tələb və vəsatətlərini araşdırmaqdan imtina etmişdir. Belə ki, məhkəmə iclasında cavabdeh kimi “xxxx” ASC tərəfindən verilmiş vəsatətə əlavə edilmiş əmək müqaviləsi və vəsatətdə göstərilmiş dəlillər nəzərə alınmamış və həmin dəlillərin hansı səbəbdən nəzərə alınmadığı əsaslandırılmamışdır. Məhkəmə iclasında Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək eyni məzmunlu izahat verdi. Məhkəmə iclasında cavabdeh “xxxx” açıq səhmdar cəmiyyətinin vəkili Vəkil da apellyasiya şikayətini müdafiə edərək eyni məzmunlu izahat verdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətlərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməlidir. Belə ki, Mülki Məcəllənin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 925.2-ci maddəsinə görə sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələblərini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir; Həmin Məcəllənin 925.3-cü maddəsinə görə sığorta hadisəsi zamanı dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi, «Sığorta fəaliyyəti haqqında» Qanunun 10.10-cu maddəsinin tələblərini nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır. Həmin Məcəllənin 936.1-ci maddəsinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; Həmin Məcəllənin 1096.1 maddəsinə əsasən «mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək(qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılması onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb(reqres) hüququ vardır. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən qənaətini belə əsaslandırmışdır ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixdə idarə etdiyi “X3” markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı avtomobillə “xxxx” MMC-yə məxsus və “İddiaçı" Sığorta Şirkətində sığortalanmış “Volkswagen Polo” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi ziyan vurmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh1 təqsirli olması DYPİ-nin TP ******* saylı X4 Haqqında Qərarı tərtib edilmişdir. xx.xx.2019-cu il tarixli "Euro Style" LTD-nin təqdim etdiyi qüsur aktına əsasən “Volkswagen Polo” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilə 13.500 (on üç min beş yüz) manat zərər təyin olunmuşdur. **********4 saylı sığorta müqaviləsinin 067787 saylı sığorta akına əsasən İddiaçı sığorta şirkəti ümumilikdə sığortalıya 13500 (on üç min beş yüz) manat sığorta ödənişi həyata keçirmişdir. Cavabdeh1 ilə digər cavabdeh «xxxx” ASC arasında əmək münasibətləri olmuş, Cavabdeh1 “X3” markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı avtomobili işəgötürənin verdiyi etibarnamə əsasında idarə etmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 9/3526 saylı ekspert rəyinə əsasən təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 13322 manat müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatın dəyəri 100 manat təşkil edir. Qeyd edilən yol nəqliyyat hadisəsi ilə bağlı. Cavabdeh1 maddi ziyanın onun təqsiri üzündən dəydiyini etiraf edir, lakin vurulmuş ziyan məbləğini şişirdilmiş hesab edir. Digər cavabeh «xxxx” ASC vurulmuş ziyanın ona münasibətdə rədd olunmasını xahiş edir. İşin mübahisəsiz halıdır ki, cavabdehlər arasında əmək münasibətləri yaranmış, onların arasındakı münasibətlər Mülki Məcəllənin “Mülki hüquq pozuntuları” fəslində nəzərdə tutulan qaydalara tətbiqən işçi-işəgötürən münasibətləri kimi qiymətləndirilən münasibətlər olmuş, yolnəqliyyat hadisəsi də Cavabdeh1 əmək funksiyasını icra etdiyi vaxtda baş vermişdir. Bu baxımdan Cavabdeh1 Mülki Məcəllənin 1108-ci maddəsinə əsaslanmaqla yol-nəqliyyat hadisəsi nəticəsində məhz sürücüsünün mülki məsuliyyət daşımalı olması arqumenti əsaslı hesab edilə bilməz və ümumiyyətlə həmin maddi hüquq normasının hazırkı mübahisəyə tətbiqi istisna olunur. Beləliklə, göründüyü kimi, Cavabdeh1 təqsirli, hüquqazidd əməli (“Yol hərəkəti haqqında” Qanunun tələblərini pozmaqla) nəticəsində onun idarə etdiyi nəqliyyat vasitəsi (yüksək təhlükə mənbəyi) ilə törədilmiş yol-nəqliyyat hadisəsində iddiaçı tərəf **********4 saylı sığorta müqaviləsinə əsasən sığortalıya 13500 manat sığorta ödənişi həyata keçirməsini tam sübuta yetirilir. Hadisə törədilən zaman Cavabdeh1 “xxxx” ASC-yə əmək müqaviləsi üzrə işçisi olmuş, öz əmək vəzifələrini icra etmiş və ASC-nin verdiyi etibarnamə üzrə və tapşırığı əsasında, habelə işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərmişdir. İddia üzrə cavabdehləri ayrı-ayrılıqda nəzərdən keçirib, “X3” markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı avtomobili “xxxx” ASC-yə məxsus olmasını, hadisə törədən ASC-nin sürücüsü, yəni bu cəmiyyətin işçisi olmasını və qeyd edilən nəqliyyat vasitəsini “xxxx” ASC tərəfindən verilən və hadisə törədilən zaman Cavabdeh1 etibarlı olan etibarnamə əsasında idarə etməsini nəzərə alıb, hesab edir ki, Mülki Məcəllənin 1099.1-ci maddəsinin tələbləri baxımından öz işçisinin törətdiyi bu mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və bu səbəbdən Cavabdeh1 İddiaçı Sığorta Şirkətində sığortalanmış “Volkswagen Polo” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulan ziyanın əvəzində 8322 manat sığorta ödənişi tutulmalıdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyini mötəbər sübut kimi qiymətləndirib hesab edir ki, “Volkswagen Polo” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilə 13322 manat dəymiş zərərin məbləği müəyyən edilərkən, həmçinin, sığorta orqanı tərəfindən iddiaçıya ödənilmiş 5000 manat bu məbləğdən çıxılmalı (13322–5000=8322), 8322 manat cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətlərində göstərilən dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılması üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair xx xxx 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının xx xxxxxxx 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Cavabdeh1 apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etsə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni iddianın ona aid hissədə təmin edilən hissəsi, cavabdeh “xxxx” ASC də apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin qismən, yəni iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsini və iddia tələbinin tam rədd edilməsini xahiş etsə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin ona aid hissədə təmin edilən hissəsi, (şikayətlərin obyekti apellyasiya tələbləri ilə məhdudlaşır) şikayətlərin predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətlərin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayətləri üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır. Hazırki iş üzrə, iddia tələbinin faktiki əsası (faktiki hallar), tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Əvvəla, iddiaçı sığortaçı olaraq sığorta hadisəsi ilə əlaqədar dəymiş zərərlə bağlı "X6"-nin təqdim etdiyi qüsur aktına əsasən sığorta ödənişini həyata keçirmiş və cavabdehlərdən də icbari sığorta üzrə ödənilən məbləği çıxmaqla, qalan 8500 manatı tələb etmişdir. Birinci instansiya məhkəməsi qüsur aktında göstərilənlərin düzgünlüyünün yoxlanılması üçün ekspertiza təyin etmiş və ekspert də qüsur aktındakı məlumatları nəzərə almaqla təmir-bərpa xərcinin hadisə baş verən tarixə təxminən 13322 manat olduğunu müəyyən etmişdir. Hər iki cavabdeh zərərin nə qüsur aktında, nədə ekspert rəyində olan miqdarı ilə razılaşmır və razılaşmamalarının səbəblərini şikayətlərində göstərirlər. Mübahisəsiz haldır ki, "X6" qüsur aktını sığortalı avtomobili texniki müayinə etməklə tərtib etmişdir. Ekspert isə həmin avtomobili görmədən nəzəri hesablama ilə rəy vermişdir. Ekspert nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ilə bağlı ekspertizalar barədə Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2015-ci il tarixli 422 nömrəli məktubunda göstərilənlərə əsasən nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunmasını ixtisaslaşdırılmış servis müəssisələrinin arayışı əsasında əmtəəşünaslıq ekspertizasının keçirilməsini məqsədə müvafiq hesab edərək qeyd olunan rəyi vermişdir. Bunu öz rəyinin tədqiqi hissəsində göstərmişdir. Demək ekspert zədələnmiş avtomobilə baxış keçirib-keçirməməsindən asılı olmayaraq ixtisaslaşdırılmış servis müəssisələrinin arayışı, başqa sözlə qüsur aktı olmadan rəy verə bilmir və ya bunun üçün xüsusi biliyə malik deyil. Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2015-ci il tarixli 422 nömrəli məktubundan da bəlli olur ki, bu sahədə xüsusi biliyə malik olan ekspertlər həmin Mərkəzdə yoxdur. Məhkəmə təcrübəsində də analoji işlər üzrə bu cür ekspertizalar təyin edlərkən ekspertlər vəsatətlə məhkəməyə müraciət edərək ixtisaslaşdırılmış servis müəssisələrinin arayışını(qüsur aktını) tələb edir və həmin qüsur aklarındakı göstərilən məlumatlara uyğun rəy verirlər. Demək iş üzrə təkrar ekspertiza təyin edilsə belə onsuszda ekspert Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2015-ci il tarixli 422 nömrəli məktubunu əsas gətirərək rəy verə, yəni zədələnmiş avtomobildə iddia olan detalların dəyişdirilib-dəyişdirlmədiyini, dəyişdirilmişdirsə buna zərurət olub-olmamasını, detalları dəyişdirmədən təmir etməklə qüsuru aradan qaldırılmasının mümkün olub-olmamasını və.s. məsələləri müəyyən edə bilməyəcəkdir. Beləliklə, birinci instansiya məhkəməsi zərərin məbləği ilə bağlı qüsur aktındakı məbləği ekspertiza təyin etməklə yoxlamış, ekspert rəyindəki məbləğ də iddiaçının zərərin məbləği ilə bağlı təqdim etdiyi məbləğdən az olmuş, məhkəmə də ekspert rəyindəki məbləği əsas götürmüşdür. Qeyd olunduğu kimi, "X6" məhz zədələnmiş avtomobillər üzrə ixtisaslaşdırılmış servis müəssisəsi olduğundan onun təqdim etdiyi qüsur aktındakı məlumatları da mötəbər sübut kimi qəbul etməmək üçün əsas olmalıdır. Cavabdehlər həmin aktda göstərilən detalların əksəriyyətinin zədələnmədiyini, təzəsinin alınmadığını, dəyişdirilmədiyini, qiymətlərin şişirdildiyini və.s göstərsələr də bu şübhələrin həm əsası olmalı, həm də şübhələr özü əsaslı olmalıdır. Etiraz etdikləri bu halları sübut etmək yükü isə artıq cavabdehlərin üzərinə düşür. Lakin onlar etirazlarının əsası kimi istinad etdiyi halları sübut edə bilmirlər. Bundan əlavə, zədələnmiş avtmobilin sahibi ilə qüsur aktını vermiş "X6"nin aralarındakı münasibətlərlə, iddiaçı ilə cavabdehlər arasında olan mübahisə bir-birindən fərqləndirilməlidir. Belə ki, zədələnmiş avtombili qüsur aktını tərtib etmiş ixtisaslaşdırılmış servis müəssəsinə sığortaçı təqdim etməmiş yaxud "X6" iddiaçı qurumun hansısa orqanı deyildir. Buna görə də qüsur aktında göstərilən detalların həmin qiymətə alınması və qüsur aktında qeyd olunan işlərə görə həmin məbləğlərin ödənilməsinə dair məhkəməyə sübut təqdim etməsi iddiaçının bilavasitə prosessual vəzifəsi deyildir. Düzdür, iddiaçı da sığortaçı təşkilat olaraq sığorta hadisəsi ilə əlaqədar dəymiş zərərin həcminin dəqiq müəyyən olunmasında başqa sözlə zərərin süni surətdə şişirdilməməsində maraqlı olmalıdır. Çünki, sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxslər, konkret olaraq hazırki işdə cavabdeh olan şəxslər də vurulmuş real zərərdən artıq həcmdə mülki hüquqi məsuliyyət daşımamalıdırlar. Bununla yanaşı, sığorta ödənişi ilə bağlı hansısa qanunsuz hallara yol verilməsi, sığorta ödənişinin sığorta müqaviləsinin tərəfi olan sığortalıya yaxud faydalanan şəxsə deyil başqa şəxslərə verilməsi ilə bağlı cavabdehlərdə ciddi şübhələr yaxud dəqiq məlumatlar varsa bununla əlaqədar cavabdehlərin korrupsiya hüquq pozmaları ilə mübarizə aparan istintaq orqanlarına da məlumat vermək hüququ və vəzifəsi vardır. İkincisi, Cavabdeh1 digər cavabdeh “xxxx” açıq səhmdar cəmiyyətinin Mülki Məcəllənin 1099.2-ci maddəsinin tələbləri baxımından işçisi olması işin mübahisəsiz halıdır. Yəni, bunu cavabdehlər də mübahisələndirməmişdir. Burada Cavabdeh1 əmək müqaviləsi yaxud mülki hüquqi müqavilə əsasında digər cavabdehin işçisi olmasının da iddianın əsaslılığına hər hansı bir təsiri yoxdur, yetər ki, o, cavabdehin tapşırığı ilə və onun nəzarəti altında işlərin təhlükəsiz aparılması üzrə fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Cavabdeh “xxxx” açıq səhmdar cəmiyyəti yol nəqliyyat hadisəsinin xx.xx.2019-cu il tarixdə saat 08:45 radələrində baş verdiyini, Cavabdeh1 iş vaxtının isə saat 09:00-da başladığını, həmin vaxt hər hansı əmək funksiyasını icra etmədiyini və işəgötürən tərəfindən də işə cəlb edilmədiyini, hadisədən xəbərdar olandan sonra müəssisə tərəfindən aparılan araşdırma zamanı Cavabdeh1 nəqliyyat vasitəsini heç kimə məlumat vermədən müəssisənin avtomobil parkından götürərək yaxın tanışının yükünün daşınması üçün istifadə edib və səhər tezdən iş saatı başlayanadək nəqliyyat vasitəsini yerinə qaytararkən qeyd edilən yol nəqliyyat hadisəsi baş verdiyini, bununla əlaqədar barəsində intizam tənbeh tədbiri görüldüyünü göstərsə belə, bu hal da onu mülki məsuliyyətdən azad etmir. Çünki, Cavabdeh1 məhz cavabdeh “xxxx” açıq səhmdar cəmiyyətinin tapşırığı ilə və onun nəzarəti altında işlərin təhlükəsiz aparılması üzrə fəaliyyət göstərməli idi. Demək, Cavabdeh1 bu cür fəaliyyət göstərməli olmasına da “xxxx” açıq səhmdar cəmiyyəti cavabdehlik daşıyır. İş vaxtından əvvəl avtomobil parkından avtomobilin “xxxx” açıq səhmdar cəmiyyətinin hansısa səlahiyyətli şəxsinin icazəsi olmadan götürülməsi də inandırıcı və ağlabatan deyildir. Çünki, həmin qurumdan hansısa şəxs icazə vermişdir ki, Cavabdeh1 da həmin avtomobili iş vaxtından əvvəl avtomobil parkından çıxara bilmişdi. Ona görə də cavabdeh “xxxx” açıq səhmdar cəmiyyəti də məhz Mülki Məcəllənin 1099.1-ci maddəsinin məcburi tələblərinə əsasən iddiaya cavab verməli olan şəxsdir və işçisinin törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşıyır və hadisə zamanı avtomobili idarə etmiş Cavabdeh1 vurduğu zərərin əvəzini ödəməlidir. Əlbətdə ki, cavabdeh “xxxx” açıq səhmdar cəmiyyətinin də Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən Cavabdeh1 vurduğu zərəri ödəmiş şəxs kimi sonuncuya qarşı əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb(reqres)hüququ vardır. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, hazırki iş üzrə cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətlərində göstərilmiş dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdehlər “xxxx” açıq səhmdar cəmiyyəti və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)-1783/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar