Məhkəmə qərarları › İş №2(103)-244/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-244/2021

20.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-244/2021 20.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 oktyabr 2019-cu il tarixli 2(006)-4008/2019 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona vurduğu maddi ziyana görə 3000 manat, mənəvi ziyana görə 3000 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi rayonu Moskva prospekti 68 saylı evin 56 saylı mənzili tam mülkiyyət hüququ ilə ona məxsusdur. Həmin evin 59 saylı mənzili isə Cavabdeh məxsus olmaqla onun mənzilinin üstündə yerləşir. Cavabdeh mənzilinin su təchizatının vəziyyətinə nəzarət etməməsi nəticəsində, cavabdehə məxsus 59 saylı mənzilin altında yerləşən onun mənzilinə mütəmadi olaraq su tökülür. Nəticədə ona məxsus bir otaqlı mənzildə qonaq otağı, mətbəx və hamamın divarları, tavanı və döşəməsi yararsız hala düşmüşdür. Cavabdehdən dəfələrlə su axıntısının qarşısını almasını və ona dəymiş ziyanı ödəməsini tələb etsə də, cavabdeh bundan imtina edir. O artıq uzun müddətdir ki, öz mənzilində yaşaya bilmir. Cavabdehin bu hərəkətləri ona maddi ziyan vurmaqla yanaşı, həm də mənəvi ziyan vurur. Cavabdehin onun mənzilinə su axıtmasına görə ustaları tərəfindən hesablanmış 3000 manat maddi ziyanı ödəməkdən sonuncu boyun qaçırır. Bütün bunların nəticəsində o, evdə müalicə almaqla əmək qabiliyyətini müvəqqəti itirdiyindən, ona həmçinin mənəvi iztirablar formasında mənəvi zərər dəymişdir. Buna görə də, ona dəymiş mənəvi ziyana görə cavabdehdən 3000 manatın onun xeyrinə tutulmasını əsaslı hesab edir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 oktyabr 2019-cu il tarixli 2(006)- 4008/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən vurulmuş maddi zərərin əvəzi kimi 2001 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə çıxarılmış, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir. Belə ki, o, ekspertizanın keçirilməsində iştirak etməmiş, ekspertizanın rəyi isə ziddiyyətlidir. O, evində su kranının qısa müddət açıq qalması nəticəsində az miqdarda suyun sızmasını inkar etmir. Amma ekspertin əsassız rəyinə görə iddiaçıya 2001 manat məbləğində zərər dəyməsi qeyri-mümkündür. Yaşadığı binanın arxa divarının keyfiyyətsiz inşa edilməsi səbəbi ilə yağış suları nəticəsində mənzillərin divar və tavanlarına daim zərər dəyir. Ekspert isə iddiaçıya dəymiş ziyanın səbəbini müəyyən etməmişdir. Bundan əlavə məhkəmənin istinad etdiyi 11.03.2019-cu il tarixli 23 saylı MKİS-in aktı onun iştirakı olmadan tərtib edilmiş və akt tərtib olunarkən onun evinə baxış keçirilməmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh və onun nümayəndəsi X4 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Əlavə olaraq nümayəndə bildirdi ki, cavabdeh birinci instansiya məhkəməsinin təyin etdiyi ziyanın məbləğini ödəmək iqtidarında deyil. Onlar iddiaçı ilə barışıq əldə etmək istəsələr də, qarşı tərəf barışığa gəlməmişdir. Vurulmuş ziyanın əvəzi kimi iddiaçıya 1000 manat məbləğində pul ödəyə bilərlər. Bundan yüksək məbləğdə ödəmə etmək imkanları yoxdur. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətinin əsassız olduğunu bildirərək izahatında göstərdi ki, qarşı tərəfin təklif etdiyi məbləğ heç onun təmirə sərf etdiyi məbləğin yarısını belə təşkil etmir. Dəfələrlə cavabdehlə əlaqə saxlamağa çalışsa da, qarşı tərəf onunla razılaşmağa belə cəhd göstərmir, əksinə ondan işlədiyi yerin müdiriyyətinə şikayət etmişdir. Buna görə də vurulmuş ziyana görə ona 1000 manat məbləğində pul ödənilməsi ilə razılaşmır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şıkayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 oktyabr 2019-cu il tarixli 2(006)- 4008/2019 saylı qətnaməsi dəyişdirilməlidir. İş materiallarından görünür ki, Bakı şəhəri Nəsimi rayonu Moskva prospekti 68 saylı evin 56 saylı mənzili İddiaçı mülkiyyətində (05.10.2004-cü il tarixli ÖM seriyalı 208445 saylı qeydiyyat vəsiqəsi), üst mərtəbədə yerləşən 59 saylı mənzil isə Cavabdeh mülkiyyətindədir (25.02.2014-cü il tarixli RX seriyalı ******* saylı çıxarış). İş materiallarında olan 23 saylı MKİS-in rəisi və digər işçiləri olan mühəndis və nəzarətçi texnik tərəfindən tərtib olunmuş 11.03.2019-cu il tarixli aktdan görünür ki, 59 saylı mənzildən 56 saylı mənzilə su sızması nəticəsində 56 saylı mənzilin hamamına və mətbəxinə su sızması əlamətləri aşkar olunmuşdur. 59 saylı mənzilin sahibinə mənzilində yaranmış nasazlığın aradan qaldırılması, qonşunun mənzilini təmir etməsi tövsiyə olunmuşdur. Həmin aktla bağlı Cavabdeh izahatında göstərmişdir ki, akt tərtib olunarkən onun mənzilinə baxış keçirilməmiş və onun iştirakı təmin olunmamışdır. Birinci instansiya məhkəməsində işə baxılarkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən keçirilmiş məhkəmə tikintitexniki ekspertizasının 30.09.2019-cu il tarixli 19202 saylı rəyindən görünür ki, Bakı şəhəri Nəsimi rayonu Moskva prospekti 68 saylı evin 56 saylı mənzilinin yuxarıda göstərilən (tədqiqat prosesinin təsviri və smeta cədvəli) tikililərinin konstruktiv elementlərinin (divar, tavan, döşəmə və s.) üzərində müxtəlif həcmdə qüsurların mövcudluğu və həmin qüsurların su sızmaya aid olduğu müəyyən edilmişdir. Mənzilin planlı yerləşməsini, 56 saylı mənzilin üst mərtəbəsində 59 saylı mənzilin yerləşdiyini və Aktın göstəricilərini nəzərə alaraq 56 saylı mənzilə 59 saylı mənzildən su axıdıldığı müəyyən edilmişdir. Baxış zamanı faktiki olaraq su sızması baş vermədiyindən, su və kanalizasiya xətləri gizli şəkildə olduğundan, o cümlədən mülki iş materiallarında hər hansı bir məlumat olmadığından su sızmanın texniki səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Bakı şəhəri Nəsimi rayonu Moskva prospekti 68 saylı evin 56 saylı mənzilinin susızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 2001 manat məbləğində olduğu müəyyən edilmişdir. Apellyasiya icraatı zamanı keçirilmiş təkrar məhkəmə tikinti-texniki ekspertizasının 13 yanvar 2021-ci il tarixli 10/2933 nömrəli rəyindən görünür ki, iddiaçının mənzilinə baxış zamanı sanitar qovşaq, dəhliz, yaşayış və mətbəx otağında kiçik qüsurlar aşkarlansa da, cavabdehin mənzili üzrə təmir işlərinin başlanılması, (hələ də başa çatdırılmayıb) sanitar qovşağın kommunikasiya xətlərinin gözlə görünən hissələri üzərində hər hansı bir qüsurun mövcud olmaması səbəbindən Bakı şəhəri Nəsimi rayonu Moskva prospekti 68 saylı evin 56 saylı mənzilinə həmin evin 59 saylı mənzilindən suyun axıdılıb-axıdılmamasını müəyyən etmək mümkün olmadı. İddiaçının və cavabdehin fasad divarlarının yağışın təsirindən nəmləndiyi müəyyən olundu. Cavabdehin şaxtasına baxış keçirən zaman blokun şaxtasının sonunda binanın dam örtüyünün üzərində şaxtanın bir hissəsinin açıq olduğunu nəzərə aldıqda, dam örtüyünün üstündə yığılan suların (atmosfer çöküntüləri və s.) şaxtaya tökülməsinin mümkün olduğu müəyyən olunur. Faktiki vəziyyətdə cavabdehin mənzilində olan su xətlərinin gözlə görülə bilən hissəsində hər hansı qüsur aşkar olunmadığına görə, baş vermiş su sızma hadisəsinin cavabdehin mənzilinin su xətlərinin nasazlığından yaranıbyaranmamasının müəyyən olunması mümkün olmamışdır. İddiaçının mənzilinin sanitar qovşağı, dəhlizi, yaşayış otağı və mətbəxinin divarları və tavanı üzərində kiçik ölçüdə su hopma, susızma izləri vardır, lakin iddiaçının mənzili üzrə ümumilikdə təmir işləri aparıldığına görə, suyun sızmasının iddiaçının mənzilinin hansı hissələrini əhatə etdiyini dəqiq olaraq müəyyən etmək mümkün olmadı. İddiaçının Bakı şəhəri Nəsimi rayonu Moskva prospekti 68 saylı evin 56 saylı mənzilində ümumilikdə təmir işləri aparıldığına görə, susızma nəticəsində yaranmış izlərin aradan qaldırılması üçün tələb olunan işlərin həcmini və dəyərini konkret olaraq müəyyən etmək mümkün olmadı. İlkin və təkrar məhkəmə tikinti-texniki ekspertizalarının rəyindən göründüyü kimi, iddiaçının mənzilinin sanitar qovşağı, dəhlizi, yaşayış otağı və mətbəxinin divarları və tavanı üzərində susızma izləri vardır. Nə ilkin, nə də təkrar ekspertiza zamanı su sızmanın texniki səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Təkrar ekspertiza zamanı iddiaçının və cavabdehin fasad divarlarının yağışın təsirindən nəmləndiyi müəyyən olunmuşdur. Cavabdehin şaxtasına baxış keçirən zaman blokun şaxtasının sonunda binanın dam örtüyünün üzərində şaxtanın bir hissəsinin açıq olduğunu nəzərə aldıqda, dam örtüyünün üstündə yığılan suların (atmosfer çöküntüləri və s.) şaxtaya tökülməsinin mümkün olduğu müəyyən olunmuşdur. İlkin ekspertiza rəyinə əsasən, mənzilin planlı yerləşməsini, 56 saylı mənzilin üst mərtəbəsində 59 saylı mənzilin yerləşdiyini və Aktın göstəricilərini nəzərə alaraq 56 saylı mənzilə 59 saylı mənzildən su axıdıldığı müəyyən edilmişdir. Cavabdeh həmin aktın tərtibi zamanı iştirak etmədiyini və aktın məzmunu ilə razı olmadığını bildirmişdir. Hər iki ekspert rəyini müqayisə etdikdə, İddiaçı mülkiyyətində olan 56 saylı mənzilə həm Cavabdeh mülkiyyətində olan 59 saylı mənzildən su axıdılması nəticəsində, həm də binanın fasad divarından və binanın şaxtasının açıq olması nəticəsində atmosfer çöküntülərinin axması nəticəsində ziyan dəyməsi təsdiq olunur. Cavabdeh onun mülkiyyətində olan mənzildən iddiaçının mülkiyyətində olan mənzilə su axıdılmasını inkar etsə də, apellyasiya şikayətində qeyd etmişdir ki, “Mən, evimdə su kranının qısa müddət açıq qalması nəticəsində az miqdarda suyun sızmasını inkar etmirəm”. Məhkəmə tikinti-texniki ekspertizasının ilkin rəyinə əsasən, iddiaçının mənzilinə vurulmuş ziyanın məbləği 2001 manat müəyyən edilmiş, təkrar məhkəmə tikinti-texniki ekspertizasının rəyinə əsasən isə iddiaçının Bakı şəhəri Nəsimi rayonu Moskva prospekti 68 saylı evin 56 saylı mənzilində ümumilikdə təmir işləri aparıldığına görə, susızma nəticəsində yaranmış izlərin aradan qaldırılması üçün tələb olunan işlərin həcmini və dəyərini konkret olaraq müəyyən etmək mümkün olmamışdır. Bundan əlavə, ekspert rəylərinə əsasən ziyanın bir hissəsinin yuxarı mərtəbədən su axıdılması nəticəsində, bir hissəsinin isə binanın fasadının yararsız olması və şaxtanın açıq olması səbəbindən yaranması müəyyən olunmuşdur. Lakin ziyanın hansı hissəsinin məhz cavabdehin mülkiyyətində olan mənzildən su axıdılması nəticəsində yaranmasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən təklif olunan 1000 manat məbləğində kompensasiya vurulmuş ziyanın ədalətli əvəzi kimi qəbul oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakınm zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi əsaslarından biri də zərər vurulmasıdır. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 15-ci maddəsinə əsasən, yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. Həmin Məcəllənin 29.4-cü maddəsinə əsasən, yaşayış sahəsinin mülkiyyətçisi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanması qaydalarına riayət etməyə borcludur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya məxsus Bakı şəhəri Nəsimi rayonu Moskva prospekti 68 saylı evin 56 saylı mənzilinə həmin mənzilin üstündə yerləşən, cavabdehə məxsus 59 saylı mənzildən su axması nəticəsində iddiaçıya maddi zərər vurulması iş materialları, ekspertiza rəyləri və iş materialları ilə təsdiq olunduğundan, maddi ziyanın əvəzinin ödənilməsi ilə bağlı hissədə iddianı qismən təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Lakin məhkəmə tərəfindən vurulmuş zərərə görə təyin olunmuş ziyanın məbləği ilə razılaşmayan kollegiya hesab edir ki, maddi ziyanın əvəzi kimi cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan məbləğ 1000 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 oktyabr 2019-cu il tarixli 2(006)- 4008/2019 saylı qətnaməsi dəyişdirilsin. Cavabdeh vurulmuş maddi zərərə görə 1000 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. Apellyasiya icraatı zamanı keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xərci kimi 50 manat pul cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar