Məhkəmə qərarları › İş №2(103)-2441/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2441/2020

05.03.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2441/2020 05.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Balaban Nərgiz Cəlaləddin qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun qaytarılması tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli qətnamədən Cavabdeh2 verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı, iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, onun tərəfindən cavabdehlərə verilmiş borcun qaytarılması məqsədi ilə 4.550 manat məbləğində pulun cavabdehlərdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının övladı Haqverdi Şamilov işsiz olduğu üçün iddiaçı 2018-ci cil ilin ortalarında oğlu üçün iş axtarmış və bu barədə tanışı olan Cavabdeh1 bildirmişdir. Sonuncu isə özünün də işsiz olduğunu, lakin ümumi tanışları olan Cavabdeh2 ona xarici şirkətdə iş tapacağını və onun oğlunu da həmin şirkətə düzəldə biləcəyini bildirmişdir. Bir neçə gündən sonra iddiaçı, Cavabdeh2la əlaqə saxlayarkən, sonuncu iddiaçıya bildirmişdir ki, iş həll olmaq ərəfəsindədir və bunun üçün 5.000 manat pulun lazımdır. İddiaçı da həmin pulu övladı H.Şamilova vermiş, o, isə öz növbəsində Bakı şəhəri Yasamal rayonu, Tbilisi prospektində Cavabdeh1la görüşərək pulu ona, daha sonra isə sonuncu pulu Cavabdeh2 vermişdir. Pulu aldıqdan sonra 2018-ci ilin avqust-sentyabr aylarına qədər Cavabdeh2 müxtəlif bəhanələr gətirərək işin uzandığını və ya başqa şirkətdə də iş tapdığını deyərək iddiaçını aldatmışdır. Sonradan Cavabdeh2 işin müxtəlif vaxtlarda 2 dəfəyə iddiaçıya 450 manat pul qaytarmış, qalan məbləği isə iddiaçıya hədə qorxu gələrək qaytarmaqdan imtina etmişdir. Bununla bağlı iddiaçı Yasamal Rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmiş, həmin şikayət üzrə xx.xx.2019-cu il tarixdə cinayət işinin başlanılması rədd edilmişdir. Sözügedən qərarda göstərilmişdir ki tərəflər arasındakı mübahisə mülki xarakterli olduğuna görə mülki qaydada məhkəməyə müraciət olunmalıdır. Ona görə də iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, borcun qaytarılması məqsədi ilə 4.550 manat məbləğində pulun Cavabdeh2 tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun Cavabdeh2 iddiaçının xeyrinə tutulmasını qət etmişdir. Cavabdeh2 həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsi və ondan iddiaçının xeyrinə tutulacaq borcun 3.600 manat məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış və işin hallarına səhv qiymət vermişdir. Belə ki, Cavabdeh2 iddiaçıya iki dəfəyə, hər dəfə 450 manat olmaqla, cəmi 900 manat məbləğində pul qaytarmış və ödənilməmiş qalan borcunun məbləği 3.600 manat təşkil edir. Bundan başqa işə baxmış Rayon Məhkəməsi Cavabdeh2 məhkəmə iclasında iştirakını lazımi qaydada təmin etməmişdir. İş üzrə cavabdehlər, o cümlədən Cavabdeh2 apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsalar da, iddiaçı məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. İddiaçının vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin qətnaməsinin əsasların, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə hazırki apellyasiya baxışının hədləri ilə bağlı bildirir ki, işə baxmış Rayon Məhkəməsi iddianın Cavabdeh1 qarşı yönəlmiş hissəsini təmin etməsə də, iddiaçı bu hissədə Rayon Məhkəməsinin nəticəsi ilə razılaşmış, qətnamədən apellyasiya şikayəti verməmişdir. Qətnamədən apellyasiya şikayəti vermiş Cavabdeh2 da, qətnamənin həmin hissəsini mübahisələndirməmişdir. O, yalnız ondan iddiaçının xeyrinə tutulmalı olan pulun məbləğini mübahisələndirmişdir. Odur ki, göstərilənləri və MPM-nin 372.6-cı maddəsinin tələblərini nəzərə alan Məhkəmə qətnamənin yalnız mübahisələndirilən hissəsinin əsaslılığını yoxlamışdır. Məhkəmə yuxarıda qeyd edilən həddə apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan və Cavabdeh2 aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı iddia edir ki, Cavabdeh2 onu aldadaraq övladının işə düzəltməsi adı ilə ondan 5.000 manat pul almışdır. Cavabdeh2 da iddiaçıdan 5.000 manat məbləğində pulun aldığını təsdiq edir, lakin bildirir ki, həmin pulu iddiaçıdan borc almışdır. İşdə olan sənədlərdən görünür ki, yuxarıda qeyd edilən məsələ ilə bağlı iddiaçı, şikayət ilə Yasamal Rayon Polis İdarəsinə müraciət etmişdir. Polis İdarəsində aparılmış araşdırma nəticəsində Cavabdeh2 əməlində cinayət tərkibi olmadığı üçün xx.xx.2019-cu il tarixdə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Qeyd edilən həmin qərar qüvvədədir. Qərarla müəyyən edilmişdir ki, Cavabdeh2 qeyd edilən məbləği iddiaçıdan borc şəklində almışdır. Belə olan halda qəbul edilməlidir ki, iddiaçı ilə Cavabdeh2 arasında borc münasibətləri yaranmışdır və hazırki mübahisə həmin münasibətlərdən irəli gələn mülki mübahisədir. Məhkəmə mövcud mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MPM-nin 77-ci maddəsinə görə isə bu öhdəliyin icra edilməsini sübut etmə vəzifəsi hazırki halda Cavabdeh2 üzərinə düşür. Cavabdeh2 isə apellyasiya şikayətində iddiaçıdan borc aldığı 5.000 manatdan müxtəlif vaxtlarda hər dəfə 450 manat, cəmi isə 900 manatını qaytardığını bildirir. Məhkəmə apellyasiya şikayətinin bu dəlilinə münasibətdə bildirir ki, qanunvericiliyin tələbinə görə cavabdeh öz etirazının əsası kimi istinad etdiyi bu halı sübuta yetirmək öhdəliyi daşıyır. Yuxarıda istinad edilən Yasamal RPİ-nin qəbul etdiyi xx.xx.2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, araşdırma zamanı Cavabdeh2 izahatında nənəsinin müalicəsi üçün iddiaçıdan 5.000 manat aldığını, daha sonra həmin borcdan 450 manat qaytardığını, qalan borcu da qaytaracağını bildirmişdir. İddiaçı tərəf də məhkəmələrə verdiyi yazılı və şifahi izahatlarında iddiaçıdan alınmış borcdan Cavabdeh2 tərəfindən yalnız 450 manatın qaytarıldığını bildirir. Göstərilənlərə əsasən Məhkəmə qeyd edir ki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin tələblərinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Prosessual normanın tələblərinə baxmayaraq, cavabdeh müvafiq dəlilini sübuta yetirə bilmir; o, borcundan 450 manat deyil, 900 manat qaytardığını hər hansı mötəbər sübuta istinad etmədən, sadəcə bəyan etməklə kifayətlənir. Bu hal isə onun dəlilinin əsaslılığını təsdiq edə bilməz. Odur ki, Məhkəmə cavabdeh tərəfindən gətirilən və sübuta söykənməyən dəlili əsassız hesab edir və qeyd edir ki, Cavabdeh2 tərəfindən iddiaçıya ödənilməmiş qalan borcun məbləği (5.000-450=) 4.550 manat təşkil edir ki, Rayon Məhkəməsi də məhz həmin məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulmalı olması barədə nəticəyə gəlməkdə haqlı olmuşdur. Qeyd edilənlərə əsasən Məhkəmə müəyyən edir ki, Cavabdeh2 iddiaçı qarşısında icra edilməmiş borc öhdəliyi var və o, bu öhdəliyin icra edilməməsinə görə məsuliyyət daşıyır. Belə ki, Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Apellyasiya şikayətində daha sonra göstərilir ki, işə baxmış Rayon Məhkəməsi məhkəmə baxışı iclasında Cavabdeh2 iştirakını təmin etməmiş və bununla da, çəkişmə prinsipini pozmuşdur. Məhkəmə bu dəlilli də əsassız hesab edir. Çünki, işdə olan sənədlərdən görünür ki, Cavabdeh2 işə baxılmanın vaxtı və yeri barədə bildirişlər göndərilmiş, lakin o, məhkəmə baxışı iclasına getməmiş və bunun səbəbləri barədə Rayon Məhkəməsinə məlumat verməmişdir. Belə olan halda hesab edilməlidir ki, Rayon Məhkəməsi MPM-nin “Məhkəmə baxışı” adlı 15-ci Fəslində nəzərdə tutulmuş prosessual normalara riayət etmiş və bu səbəbdən işə cavabdehin iştirakı olmadan baxmağa haqlı olmuşdur. Qətnamə, çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilir. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin apellyasiya baxışının predmetini təşkil edən hissədə iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmetini təşkil edən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh2 tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı Şəhər Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli qətnamə apellyasiya baxışının predmeti olan və Cavabdeh2 aid hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh2 tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakimlər (imza) Məmməd Məmmədov (imza) Şeyda Məhərrəmova (imza) Elşad Şamayev “Əsli ilə düzdür" Hakim Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar