Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2443/2023 01.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: «pul tələbi») Giriş Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2, Mütəxəssis, Azərbaycan Respublikası Mərkəzi Bankının hüquq departamentinin əməkdaşı X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “pul tələbi” barədə mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-546/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. 18 fevral 2022-ci il tarixdə iddiaçı ilə cavabdeh bank arasında pul köçürülməsi ilə bağlı münasibətlər yaranmış, iddiaçı 1000 (bir min) ABŞ dolları miqdarınnda pulun Türkiyə Respublikasında, GAMZE SART adlı şəxsə göndərilməsi üçün sifariş (tapşırıq) vermişdir.
2. İddiaçı 1000 ABŞ dolları pulu cavabdeh banka təqdim etmiş, pul sonuncu tərəfindən qəbul edilmişdir (bank tərəfindən xx.xx.2022-ci il tarixli kassa mədaxil qəbzi verilmişdir).
3. Cavabdeh tərəfindən təqdim olunmuş, “fiziki şəxs tərəifndən pul vəsaitinin köçürülməsi” barədə 18 fevral 2022-ci il tarixli ərizə blankından görünür ki, orada müvafiq məlumatlar (iddiaçı barədə, pulu almalı olan şəxs barədə, köçürmə haqqında məlumatlar, X8 və s.) öz əksini tapmışdır.
4. Müəyyən müddət sonra, iddiaçı pul vəsaitinin ünvana çatmaması ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu tərəfindən müvafiq araşdırma aparılaraq məlumat verilməsi bildirilsə də, nəticəsi olmamışdır, pul vəsaitinin ünvan sahibi tərəfindən qəbul edilməsinə dair iddiaçıya hər hansı məlumat və ya sənəd verilməmişdir (bu hal tərəflərin izahatlarından və SMS bildirişlərdən də görünür).
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ödənilmiş 1000 (bir min) ABŞ dolları pulun, gecikdirilmiş hər gün üçün xidmətin dəyərinin 1 faiz məbləğində 2700 (iki min yeddi yüz) ABŞ dolları dəbbə pulunun, ümumilikdə 3700 (üç min yeddi yüz) ABŞ dolları pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2022-ci il tarixində Cavabdeh ASC-nin Yasamal filialına yaxınlaşaraq 1000 ABŞ dolları məbləğində pul vəsaitinin Zolotaya Korona ilə X7 hesabına köçürülməsini sifariş vermişdir. Həmin köçürülən pul iddiaçının övladının onlayn təhsil haqqı idi, alıcı olan Sart Gamze isə təhsil müəssisəsidir. İddiaçı əvvəllər də Zolotaya Korona təyinatı ilə həmin hesaba Bank Respublika, Ekspressbank, Rabitəbank vasitəsi ilə təhsil haqlarını ödəmiş, heç bir problem yaşamadan pullar təyinatı üzrə hesaba yatırılırmışdır. O, xx.xx.2022-ci il tarixində təhsil müəssisəsindən son ödəmənin bank hesabında görünmədiyinə dair mesaj almışdır. İddiaçı onlara ödəniş sənədinin şəklini çəkib göndərmiş, bir neçə gün sonra təkrarən ona mesaj yazılmışdır ki, hesabda pul görsənmir. Bu minvalla aprel ayına qədər yazışmalar davam etmiş, lakin yenə pul hesabda görsənmirdi. Kapital Bankdan isə iddiaçıya bildirmişlər ki, pul həmin hesaba köçürülmüşdür. İddiaçı həmin pulu təkrarən təhsil müəsissəsinin hesabına ödəniş etməli olmuşdur. Bir müddət sonra o, İstanbul şəhərinə getmiş, problemin səbəbini öyrənmək üçün Western Uniona yaxınlaşmışdır. İddiaçı problemi izah etmiş və Kapital Bankın köçürmə sənədini onlara göstərmişdir. Bank isə onlar tərəfindən köçürmə kodu səhv yazıldığı üçün pulun həmin hesaba deyil, başqa bir hesaba köçürüldüyünü bildirmişlər. Köçürmə kodu 00-la (iki sıfır) başlamalı olduğu halda, 97 (doxsan yeddi) ilə yazılması səbəbindən pul səhv hesaba köçürülmüşdür. Yəni bankın əməkdaşı köçürmə kodunu səhv yazmışdır. Bakıya qayıtdıqdan sonra iddiaçı 30 iyun 2022-ci il tarixində Kapital Bankın qaynar xəttinə müraciət etmiş, ona mesaj olaraq müraciətinə dair kod göndərilmiş, 10 iş günü ərzində cavab veriləcəyi bildirilmişdir. Lakin ona cavab verməmişlər. O, təkrarən 14 oktyabr 2022-ci il tarixində müraciət etmiş, yenidən 10 iş günü ərzində cavab veriləcəyi bildirilmiş, yenə də ona problemi ilə əlaqədar cavab verilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir.
7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-546/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (Gülnar Babazadə) iddia rədd olunmuşdur.
8. Məhkəmə qeyd etmişdir ki, iddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən “zolotoy korona” sürətli poçt xidməti vasitəsilə pulun iddiaçının qeyd etdiyi hesaba deyil, başqa hesaba köçürüldüyünü və bank vasitəsilə ödənilmiş pulun iddiaçının göndərilməsini xahiş etdiyi şəxsə çatmadığını, bank tərəfindən xidmətin qüsurlu edilməsini qeyd etsə də, buna dair məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Bunun əksi olaraq cavabdeh tərəfindən təqdim edilmiş sənədlərdən və “koronapay sistem”dən çıxarışdan görünür ki, **********2036 nömrəli köçürmə üzrə vəsait müştəriyə çatdırılmışdır. Məhkəmə, eyni zamanda, iddiaçı tərəfindən təqdim edilmiş wattsap yazışmalarına münasibətdə qeyd etmişdir ki, qeyd olunan yazışmalar hazırki iş üzrə mötəbər sübut qismində qiymətləndirilə bilməz.
9. Məhkəmə iş üzrə gəldiyi nəticəni Mülki Məcəlləsinin 385.1, 442 və s., Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və s. hüquq normalarına istinad etməklə əsaslandırmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, izahatlar a) Apelyasiya şikayətinin dəlilləri
10. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin olunmasını xahiş etmiş, apellyasiya şikayəti - iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırılmış, həmçinin qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, iş üzrə tam, hərtərfli və obyektiv araşdırmanın aparılmaması, sübutlara düzgün hüquqi qiymət verilməməsi və s. göstərilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
12. Məhkəmə iclasında iştirak edən iddiaçı nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsində verilmiş izahatına və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, iddiaçının bir istehlakçı kimi də hüquqları pozulmuş, bilavasitə cavabdehə təqdim etdilmiş pul vəsaitinin düzgün ünvana göndərilməsi, ünvan sahibi tərəfindən qəbul edilməsi və s. bu kimi zəruri məlumatlar verilməmiş, sənədlər təqdim olunmamışdır. İddiaçı cavabdeh bankı tanıyır, pulu banka təqdim etmişdir, bank isə iddiaçının “zolotoy korona” sürətli poçt xidmətinə müraciət etməli olduğunu, iddiaçıya hər hansı məlumat verə bilməyəcəklərini göstərmişdir. İddiaçı heç “zolotoy korona” ilə bağladıqları müqaviləni belə məhkəməyə təqdim etməmişdir. Hesab edir ki, əksi sübut olunmayınca iddiaçının qarşısında məhz cavabdeh bank məsuliyyət daşıyır. İddiaçı məhkəməyə lazımi sübutları, yəni pulun banka təqdim edilməsi barədə kassa qəbzini, köçürmə ilə bağlı bank tərəfindən təqdim olumuş blankı və s. zəruri sənədləri təqdim etmişdir. Cavabdeh isə etirazını ümumi sözlərlə əsaslandırmağa çalışmış, lakin etirazının əsası kimi heç bir sənəd təqdim etməmişdir. Birinci instansiya məhkəməsi əsassız olaraq pul vəsaitinin ünvana çatmaması ilə bağlı sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Halbuki, bu halları cavabdeh sübut etməli idi. Qeyd edilənlərə əsasən məhkəmədən qətnamənin ləğv olunmasını, iddianın təmin olunmasını barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.
13. Məhkəmə iclasında iştirak edən cavabdeh nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, iddiaçının müraciəti əsasında Bankın Yasamal filialından 1000 (bir min) USD məbləğində vəsaiti Zolotaya Korona vasitəsilə Türkiyədə yerləşən təhsil müəssisəsinə küçürülmüşdür. Daha sonra iddiaçının müraciəti əsasında bankda araşdırma aparılmışdır. Müraciətin məzmunu isə o olmuşdur ki, pul hesaba çatmamışdır. Araşdırma nəticəsində bəlli olmuşdur ki, köçürmələr ünvanına çatmışdır. Bunu bizə Zolotaya Korona pul köçürmə sisteminin texniki təminatını həyata keçirən Maliyyə Texnologiyaları Mərkəzi bildirmişdir. Köçürmələrin yanlış ünvana köçürüldüyü fikri yanlışdır. Lakin, köçürmələrin uğurlu aparılması barədə təsdiqedici sənədlərin yanlız hüquq-mühafizə orqanlarının müraciəti əsasında verilə bilər. Müştəri banka pul köçürməsi üçün müraciət etdikdə, bankın əməkdaşları mobil nömrə, ad və soyad məlumatlarını alıb sonra onun əsasında köçürməni aparır. Bank qarşı tərəfə pulun çatıb-çatmaması barədə məsuliyyət daşımır, Zolotoya Korona bu məsuliyyəti daşımalıdır. X5 ilə müqaviləsi var, həmin müqavilədə hazırkı oxşar hallarla bağlı məsuliyyət məsələsi nəzərdə tutulmamışdır. Lakin, həmin müqaviləni məhkəməyə təqdim edə bilmirlər. Çünki, müqavilənin məzmununda kommersiya sirləri var. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş edir.
14. Məhkəmə iclasında iştirak edən Mərkəzi Bank tərəfindən mütəxəssis kimi göndərilmiş X3 mübahisəli məsələyə münasibət bildirərək, göstərmişdir ki, oxşar pul köçürmələrində ilkin olaraq, vətəndaş banka təlimat verir. Yəni, hansı məlumatlar əsasında kimə pulun köçürülməsi barədə vətəndaş təlimat verir. Pullar köçürüldükdən sonra göndərilən şəxs barədə vətəndaşın təqdim etdiyi məlumatlarda olan səhvlik barədə vətəndaşın özü, geri qalan məsələlər, eləcə də pulun köçürüldüyü ölkənin kodunda olan səhvliklə bağlı bank məsuliyyət daşıyır. Pulun göndərişində problem yaranarsa, bu halda vətəndaşın müraciəti əsasında bank yoxlama başlamalı, həmçinin sorğu verərək müəyyən etməlidir ki, göndərilən pul hansı hesaba gedib çatıb. Pul başqa hesab gedərsə də, eləcə də dələduzluq halları olarsa bank bu halda pulun kimin hesabına köçürülməsi barədə məlumatlar vətəndaşa verilməlidir. Yəni, bank köçürülən vəsaiti kim alıbsa sorğu edib onun barəsində məlumat alınmalıdır (bank öyrənməlidir ki, köçürülən vəsaiti hansı tarixdə, hansı sənəd əsasında və kim alıb). Hazırkı halda isə iddiaçı tərəfindən banka təlimat verilib, pulu isə bank köçürüb. Lakin, pulun kimə çatması barədə heç bir məlumat yoxdur. Həmçinin, cavabdehin nümayəndəsi müqavilələrinin olduğu və kommersiya sirri təşkil etdiyini əsas gətirsə də, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna əsasən, vətəndaşın pul köçürmələri barədə bütün məlumatları almağa haqqı çatır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
15. Maddə 975.1. Ödəyicinin ödəniş tapşırığını qəbul etmiş bank müvafiq pul məbləğini tapşırıqda göstərilmiş şəxsin hesabına salınmaq üçün vəsait alanın bankına bu Məcəllənin 973.1-ci maddəsi ilə müəyyənləşdirilmiş müddətdə köçürməlidir.
16. Maddə 975.2. Bank müştərinin tapşırığında göstərilmiş hesaba pul vəsaitinin köçürülməsi əməliyyatlarının yerinə yetirilməsi üçün digər bankları cəlb edə bilər.
17. Maddə 975.3. Bank ödəyicinin tələbi ilə ona tapşırığın icrası haqqında dərhal bildiriş verməlidir. Tapşırığın icrası haqqında bildirişin tərtibi qaydası və onun məzmununa aid tələblər qanunla, ona uyğun müəyyənləşdirilmiş bank qaydaları və ya tərəflərin razılaşması ilə nəzərdə tutulur.
18. Maddə 976.1. Müştərinin tapşırığı icra edilmədikdə və ya lazımınca icra edilmədikdə bank bu Məcəllənin 23-cü fəslində nəzərdə tutulmuş əsaslar üzrə və miqdarda məsuliyyət daşıyır.
19. Maddə 976.2. Tapşırığın icra edilməməsi və ya lazımınca icra edilməməsi ödəyicinin tapşırığının icrası üçün cəlb olunmuş bank tərəfindən hesablaşma əməliyyatlarının aparılması qaydalarının pozulması ilə əlaqədar baş verdikdə bu Məcəllənin 976.1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti məhkəmə həmin bankın üzərinə qoya bilər.
20. Maddə 976.3. Əgər bank tərəfindən hesablaşma əməliyyatlarının aparılması qaydalarının pozulması pul vəsaitinin qanunsuz tutulmasına səbəb olmuşdursa, bank bu Məcəllənin 449-cu maddəsində nəzərdə tutulmuş qaydada və miqdarda faizlər ödəməlidir.
21. Maddə 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır.
22. Maddə 781. Vəkalət alan istənilən vaxt vəkalət verənin tələbi ilə ona tapşırığın icrası gedişi haqqında informasiya, habelə tapşırığın icrasından sonra hesabat verməlidir.
23. Maddə 784. Vəkalət verən tapşırığın icrası gedişində vəkalət alana dəyən zərər üçün, əgər zərərin onun təqsiri üzündən yaranmadığını sübuta yetirməsə, vəkalət alan qarşısında məsuliyyət daşıyır.
24. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
25. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
26. Maddə 464.1. Kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsini, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsinin nəzərdə tutulubtutulmadığından asılı olmayaraq, tələb edə bilər.
27. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
28. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.
29. Maddə 560.1 və 560.2. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu:
30. Maddə 1. istehlakçı — şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxs; icraçı — iş görən, yaxud xidmət göstərən müəssisə, idarə, təşkilat və ya sahibkar; qüsur — malın (işin, xidmətin) normativ sənədlərin tələblərinə, müqavilə şərtlərinə, yaxud irəli sürülən başqa tələblərə, habelə icraçı və ya satıcının mal (iş, xidmət) haqqında verdiyi məlumata uyğunsuzluğudur.
31. Maddə 9. 2-ci bənd. İşlərdə (xidmətlərdə) müqavilə şərtlərindən əhəmiyyətli dərəcədə kənara çıxıldıqda, yaxud başqa mühüm qüsurlar olduqda istehlakçı həmin qüsurları aradan qaldırmaq üçün icraçıya əlavə müddət verərsə, bu müddətdə də iş (xidmət) yerinə yetirilməzsə, müqavilənin ləğv olunmasını və itkilərin ödənilməsini tələb etmək və ya icraçının hesabına qüsurların aradan qaldırılmasını üçüncü şəxslərə tapşırmaq hüququ var.
32. Maddə 9. 5-ci bənd. Bu maddənin 2-ci bəndində göstərilmiş qüsurlar, müəyyən edilmiş müddətdə aradan qaldırılmadıqda, habelə işlərin (xidmətlərin) yerinə yetirilməsi ləngidildikdə, icraçı işin (xidmətin) qəbul edilməsi zamanı istehlakçıya gecikdirilmiş hər gün üçün işin və ya xidmətin dəyərinin (əgər dəyər ayrıca müəyyən edilməmişdirsə, sifarişin dəyərinin) bir faizi məbləğində dəbbə pulu ödəyir, bu şərtlə ki, müqavilədə dəbbə pulunun başqa məbləği nəzərdə tutulmuş olmasın.
33. Maddə 9. 6-cı bənd. İcraçı görülmüş işlərdə və göstərilmiş xidmətlərdə qüsurların istehlakçının təqsiri ucbatından əmələ gəldiyini sübut edərsə, buna görə məsuliyyət daşımır.
34. Maddə 26. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
38. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
40. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
41. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
42. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
43. Maddə 384.0.2. Apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
44. MPM-in 402-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.
45. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur.
Apelyasiya baxışının hədləri
46. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalı, birinci instansiya məhkəməsi ləğv olunmalı, yeni qətnamə qəbul olunmalı, iddia tələbi qismən təmin olunmalıdır.
48. İşin halları hissədə qeyd edildiyi kimi – tərəflər arasında pul köçürülməsi ilə bağlı münasibətlərin yaranması, iddiaçının 1000 ABŞ dolları miqdarınnda pulun Türkiyə Respublikasında, GAMZE SART adlı şəxsə göndərilməsi üçün 18 fevral 2022-ci il tarixdə cavabdehə müraciət etməsi, həmin pul vəsaitinin cavabdeh tərəfindən qəbul edilməsi işin mübahisə olunmayan hallarıdır.
49. Eyni zamanda, cavabdeh tərəfindən təqdim olunmuş, “fiziki şəxs tərəfindən pul vəsaitinin köçürülməsi” barədə 18 fevral 2022-ci il tarixli ərizə blankından görünür ki, orada müvafiq məlumatlar (iddiaçı barədə, pulu almalı olan şəxs barədə, köçürmə haqqında məlumatlar, X8 və s.) öz əksini tapmışdır.
50. İddiaçı pul vəsaitinin ünvana çatmaması ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu tərəfindən müvafiq araşdırma aparılaraq məlumat verilməsi bildirilsə də, nəticəsi olmamışdır, pul vəsaitinin ünvan sahibi tərəfindən qəbul edilməsinə dair iddiaçıya hər hansı məlumat və ya sənəd verilməmişdir.
51. Cavabdehin etirazının əsasını həmin pul vəsaitinin “Zolotaya Korona” sürətli poçt xidməti vasitəsilə göstərilən ünvana çatdırılmasını bildirmiş, lakin təsdiqedəci sənədləri nə iddiaçıya, nə də məhkəməyə təqdim edə bilməmişdir.
52. Cavabdehin nümayəndəsi, həmçinin "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə “Zolotaya Korona” arasında müvafiq müqavilənin bağlanmasını, həmin müqaviləyə əsasən bankın məsuliyyətinin olmamasını bildirsə də, bu istiqamətdə də məhkəməyə hər hansı sübut (müqavilənin surəti və s.) təqdim etməmiş, bunu kommersiya sirri kimi əsaslandırmağa çalışmış, lakin bu sirrin konkret nədə ifadə olunmasını, müqavilə üzrə tərəflərin hüquq və vəzifələrinin nədən ibarət olmasını, cavabdehin məsuliyyətini istisna edən halların nədən ibarət olmasını və s. halları izah edə bilməmişdir.
53. Cavabdehin nümayəndəsinin həmin müqavilənin surətinin və digər sənədlərin məhkəmə kollegiyası tərəfindən sorğu verilərək əldə olunması barədə vəsatəti də əsassızdır. Çünki, həmin sübut cavabdehin özündədir, sübutları isə tərəflər birinci instansiya məhkəməsinə təqdim edirlər.
54. Qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (bax: 35-ci bənd).
55. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.
56. Cavabdeh tərəfin izahatı da özü-özlüyündə iddianın rədd olunması üçün mötəbər və yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
57. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır.
58. Həmçinin qeyd edilməldiir ki, iddiaçı bir istehlakçı kimi də hüquqlarının müdafiə edilməsi hüququna malikdir. Cavabdeh isə göstərdiyi xidmətlə bağlı qanunvericiliyin tələblərinə uyğun üzərinə düşən öhdəliklərin lazımi qaydada icra olunmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir.
59. Halbuki, bank ödəyicinin tələbi ilə ona tapşırığın icrası haqqında dərhal bildiriş verməlidir. Tapşırığın icrası haqqında bildirişin tərtibi qaydası və onun məzmununa aid tələblər qanunla, ona uyğun müəyyənləşdirilmiş bank qaydaları və ya tərəflərin razılaşması ilə nəzərdə tutulur (bax 17-ci bənd).
60. Müştərinin tapşırığı icra edilmədikdə və ya lazımınca icra edilmədikdə bank bu Məcəllənin 23-cü fəslində nəzərdə tutulmuş əsaslar üzrə və miqdarda məsuliyyət daşıyır (bax 18-cı bənd).
61. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (bax 25-ci bənd).
62. Cavabdehin mövqeyinə görə, bank yalnız vasitəçilik xidməti göstərmiş, iddiaçının tapşırığını icra etmişdir.
63. Lakin, istər işin hallarından, istərsə də qanunvericiliyin qeyd edilən tələblərindən açıq-aydın görünür ki, iddiaçı cavabdehin tapşırığının icrası ilə bağlı üzərinə düşən öhdəliyin tam yerinə yetirilməsi istiqamətində (pulun ünvana çatdırılması, bu istiqamətdə zəruri məlumatların təqdim olunması və s.) sübut etmə yükünü həyata keçirə bilməmişdir.
64. Həmçinin qeyd edilməlidir ki, mülki hüquq münasibətlərində hər bir tərəf hüquqlarından vicdanla istifadə etməli, sui-istifadəyə yol verməməlidirlər. Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarında da qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir.
65. Birinci instansiya məhkəməsi qeyd edilənləri nəzərə almamış, işin həqiqi hallarını, tərəflər arasında yaranmıq mübahisəli hüqqu münasibətinin xarakterini və s. düzgün müəyyən etməmiş, maddi və prosessual hüquq normalarının tətəbiqində səhvə yol vermişdir.
66. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddia 1000 ABŞ dolları pulun cavabdehdən iddiaçının xeyrinə tutulması hissədə əsaslıdır.
67. Bununla yanaşı, iddia dəbbə pulunun tutulması hissədə qismən təmin olunmalıdır. İlkin olaraq qeyd edilməlidir ki, iddianın həmin hissədə qanuni əsası qanunvericiliyin qeyd edilən tələblərindən irəli gəlir (bax: 32-ci bənd).
68. Lakin məhkəmə kollegiyası işin hallarını nəzərə alaraq hesab edir ki, tələb olunan dəbbə pulu yüksəkdir, bu səbəbdən də MM-nin 467-ci maddəsinə əsasən dəbbə pulunun 200 ABŞ dolları həddində təmin olunması qanuni və ədalətli hesab edir.
69. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddia qismən təmin olunmalı, Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən 1000 (bir min) ABŞ dolları, həmçinin 200 ABŞ dolları dəbbə pulu, cəmi 1200 (min iki yüz) ABŞ dolları pul vəsaiti (qətnamə icra olunan anda ABŞ dollarının manata olan məzənnəsi nəzərə alınmaqla, manatla) tutularaq ona ödənilməli, iddia qalan hissədə təmin olunmamalıdır.
70. Həmçinin, işdən görünür ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.
71. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-546/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv olunsun, iddia qismən təmin olunsun. Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən 1000 (bir min) ABŞ dolları, həmçinin 200 (iki yüz) ABŞ dolları dəbbə pulu, cəmi 1200 (min iki yüz) ABŞ dolları pul vəsaiti (qətnamə icra olunan anda ABŞ dollarının manata olan məzənnəsi nəzərə alınmaqla, manatla) tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.