Məhkəmə qərarları › İş №2(103)-245/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-245/2023

14.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-245/2023 14.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iş üzrə QƏTNAMƏSİ iş № 2(103)-245/2023 (Açar sözlər: qanunsuz söküntü işlərinin aparılmasının dayandırılması, aparılmış söküntü işlərinin öz hesabına bərpa edilməsi tələbi) Bakı şəhəri 14 fevral 2023-cü il Hakimlər Məmmədova Şərafət Asif qızından (sədrlik edən və məruzəçi), Yusifov Cahangir Afər oğlundan və X1 ibarət tərkibdə Məhkəmə iclas katibi X2, İddiaçı, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı (Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyi, X12, X13, X6, X7, X10, X8, X9, X4, X5 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “çoxmənzilli yaşayış binasında qanunsuz söküntü işlərinin aparılmasının dayandırılması, aparılmış söküntü işlərinin öz hesabına bərpa edilməsi” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-604/2022 saylı, 25 fevral 2022-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Nəsimi rayonu, M.Mirqasımov küçəsində yerləşən 4 saylı evin, 145 saylı mənzili İddiaçı mülkiyyətindədir. Mənzilə dair onun mülkiyyət hüququ xx.xx.1999-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.

2. Bakı şəhər İcra Hakimiyyətinin Başçısının “Yaşayış binalarının tikintisi məqsədi ilə torpaq sahəsinin icarə əsasında "xxxx" MMC-nin istifadəsinə verilməsi haqqında” xx.xx.2020-ci il tarixli, 274 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin kəsişməsində, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 1,55 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "xxxx" MMC tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış binalarının tikintisi üçün "xxxx" MMC-nin icarə əsasında istifadəsinə verilmişdir.

3. Bakı şəhər İcra Hakimiyyəti ilə "xxxx" MMC arasında bağlanmış “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” xx.xx.2021-ci il tarixli, 1635 saylı müqaviləyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, M.Mirqasımov, Xan Şuşinski, İ.Qasımov və M.Topçubaşov küçəsi kəsişməsində yerləşən 15.500 kv.m. ölçüdə torpaq sahəsi yeni yaşayış binalarının tikintisi məqsədi ilə hər il 52.954,20 manat məbləğində icarə haqqı ödəmək şərti ilə 49 il müddətinə "xxxx" MMC-yə icarəyə verilmişdir.

4. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin “Şəhərsalma əsaslandırılmalarının təsdiq edilməsi haqında” xx.xx.2021-ci il tarixli, 11 nömrəli Sərəncamından çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, M.Mirqasımov, X.Şuşinski, İ.Qasımov və M.B.Topçubaşov küçələrinin əhatə etdiyi ərazidə layihələndirilən 2 ədəd 8 (səkkiz), 2 ədəd 14 (on dörd) mərtəbəli yaşayış binaları və 5 ədəd 1 (bir) mərtəbəli qeyri-yaşayış binalarına (Sifarişçi – "xxxx" MMC, Layihəçi – "xxxx" MMC) dair tərtib olunmuş şəhərsalma əsaslandırılmaları təsdiq edilmişdir.

5. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi “Azərdövlətsənayelayihə” DLİ-nin “Bakı şəhəri, Nəsimi rayonu, mirəsədulla Mirqasımov, Xan Şişinski, imran Qasımov və Mustafa Bəy Topçubaşov küçələrinin kəsişməsində yerləşən yaşayış binasının texniki vəziyyəti haqqında” xx.xx.2020-ci il tarixli rəyinə əsasən ünvan 1 ünvanda yerləşən 3 mərtəbəli yaşayış binası, həmin ünvanın daxili həyət hissəsində yerləşən 2 ədəd 1 girişli, 4 və 8 mənzilli yaşayış evləri yolverilməz, sonradan təmir olunmuş 1 girişli 4 mənzilli yaşayış evi isə məhdud işlək vəziyyətdədir.

Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı

6. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı (Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyi, X12, X13, X6, X7, X10, X8, X9, X4, X5 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" MMC tərəfindən Bakı şəhəri, Mirəsədulla Mirqasımov 4-20, Xan Şuşinski 33-35, İmran Qasımov 19-35, Mustafa bəy Topçubaşov 14-16 ünvanlarında (ümumi kvartala daxil olan) çoxmənzilli yaşayış binalarında aparılmış olduğu demontaj (söküntü) işlərinin qanunsuz hesab edilməsi, bu kimi demontaj (söküntü) işlərinin aparılmasının dayandırılması və aparılan söküntü işlərinin cavabdehin üzərinə öz hesabına bərpa etməsi vəzifəsinin qoyulması barədə qətnamə çıxarılmasını, habelə cavabdeh "xxxx" MMC-nin qanun çərçivəsində cəzalandırılması məqsədi ilə barəsində xüsusi qərardad çıxarılaraq prokurora məlumat verilməsini xahiş etmişdir.

7. İddiaçı iddia tələblərini onunla əsaslandırılmışdır ki, o, uzun illərdir ki, xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, M.Mirqassımov küçəsi, 4 saylı evin, 145 saylı mənzilində yaşayır. Cavabdeh "xxxx" MMC Mirəsədulla Mirqasımov 4-20, Xan Şuşinski 33-35, İmran Qasımov 19-35, Mustafa bəy Topçubaşov 14-16 ünvanlarında yerləşən yaşayış binalarını kommersiya məqsədi ilə söküb, yerində yeni hündürmərtəbəli binalar tikmək niyyətinə düşmüşdür. Bu barədə layihəni həyata keçirmək üçün cavabdeh 1 ildən artıq mddətdir ki, binada yaşayan sakinlərin rahatlığını pozmuş, inzibati icraat qaydasında çıxarılan məhkəmə qərarlarına məhəl qoymayaraq, sakinləri iclaslarla narahat etməkdədir. Lakin lahiyəhin həyata keçirilməsi həmin yerdə çoxlu sayda əhalinin yaşaması, habelə ərazidə 174-dən çox ağacın olması səbəbindən mümkün deyil. Cavabdeh ilk növbədə məhəllədə uzun illərdir ki, yaşamayan və mülkiyyətində olan əmlakı icarəyə verən sakinlərlə daha artıq sahədə yeni tikiləcək yaşayış və qeyri-yaşayış sahələrinin verilməsi müqabilində müqavilələr bağlamış və bundan sui-istifadə edərək, həmin yerdə texniki normalara zidd olan qeyri-qanuni hərəkətlər törətmişdir. Məhəllədə yeni qırmızı xəttə düşən binalar mövcud olsa da cavabdeh bu binanın sakinləri ilə danışıqlar aparmadan və onlarla heş bir razılıq əldə etmədən qoşmada göstərilmiş və şərti işarələrlə işarələnmiş, 1 və 2 saylı binanın sakinlərini aldadaraq, onları köçürüb, mənzillərində dərhal söküntü işləri aparmışdır. Cavabdehin sonrakı məqsədi qırmızı xəttə düşən 3,4, 5 və sair nömrələrlə şərti işarələnmiş binaların sakinləri ilə danışıqlar aparmaqdır. Həmin binaların sakinləri ilə razılaşmadığı halda, bu sakinləri artıq evləri sökülmüş 1 və 2 saylı binaların sakinləri ilə üz-üzə qoyacaqdır. Əmindir ki, qırmızı xəttə düşən bina sakinləri bununla razılaşmayacadır. Bu isə uzun illər yaxın qonşuluq, dostluq və hətta qohumluq münasibətlərində olan vətəndaşları bir biri ilə üzbəüz qoyacadır. Bundan başqa cavabdeh icarə müqaviləsi bağladığı sakinlərin mülkiyyət hüquqlarını pozaraq, tələsik halda onların mənzillərinin qapı və pəncərələrini sökmüş, binanın dayanıqlığını sual altına qoyan, qanuna zidd əməllər törətmişdir. Belə ki, tikinti şirkətinin bu qanunsuz əməlləri binanın əmtəə görünüşünü və dayanıqlığını pozmuş, bina və qurğuların konstruktiv yük daşıyan elementlərinin gələcəyini sual altına qoymuşdur. Müxtəlif mənzillərin qapı və pəncərələrinin sökülməsi nəticəsində yanğın texniki təhlükəsizliyi və tikinti norma qaydaları pozulmuşdur. Belə ki, binanın qapıları sökülmüş mənzillərində hər an qaz sızması, elektrik naqillərin qısa qapanması nəticəsində yanmasına və sonda binanın partlamasına, kütləvi insan tələfatının baş verməsinə səbəb olacaqdır. Boş qalan (qapı və pəncərə çərçivələri sökülən) mənzillər cəmiyyətimizin həssas mövzusu olan narkomaniyadan əziyyət çəkən şəxslərin istifadə mərkəzinə çevrilmişdir. Bu səbəbdən də onların mülkiyyət hüquqları və təhlükəsizlikləri təmin edilməli, qanunsuz demontaj işlərini həyata keçirən cavabdeh qapı və pəncərə çərçivələri sökülmüş boş qalan mənzilləri bərpa etməlidir.

8. Bundan sonra İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh "xxxx" MMC tərəfindən Bakı şəhəri, Mirəsədulla Mirqasımov 4 ünvanlarında (ümumi kvartala daxil olan) çoxmənzilli yaşayış binalarında 2020-2022-ci illər ərzində 2 (iki) ildir aparılmış olduğu demontaj (söküntü) işlərinin qanunsuz hesab edilməsi, bu kimi demontaj (söküntü) işlərinin aparılmasının dayandırılması və artıq aparılan qanunsuz söküntü işləri nəticəsində binanın ümumi əmtəə görünüşünün pozulmasının cavabdehin üzərinə öz hesabına yenidən bərpa etməsi vəzifəsinin qoyulması, habelə çəkdiyi stres, əsəb gərginliyi və istirablar nəticəsində maddi və mənəvi zərər olaraq, xeyrinə 1.000.000 manat kompensasiya ödənilməsi barədə qətnamə çıxarılmasını, cavabdeh "xxxx" MMC-nin rəhbərliyinin qanun çərçivəsində cəzalandırılması məqsədi ilə xüsusi qərardad çıxarılaraq prokurora məlumat verilməsi barədə xüsusi qərardad çıxarılmasını, cavabdehlər Fövqəladə Hallar Nazirliyinin X15 Xidmətinin, Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin, Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinin, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riski Xilasetmə Xidmətinin, habelə cavabdeh Səhiyyə Nazirliyi yanında Respublika Gigiyena-Epidemiologiya Mərkəzinin, ünvan 3 ünvanlarında 2 (iki) ildir baş verən qanunsuzluqlara qöz yummaları və qanunsuz hərəkət (hərəkətsizlik) göstərmələri nəticəsində keçirdikləri stres, iztirablar və mənəvi zərərin əvəzi olaraq, hər iki dövlət orqanından xeyrinə müştərək qaydada 400.000 manat kompensasiya ödənilməsi barədə qətnamə çıxarılmasını, bu dövlət orqanlarının aidiyyəti xidmət rəhbərlərinin vəzifə səhlənkarlığı törətdikləri səbəbindən onların cəzalandırılması üçün barələrində xüsusi qərardad çıxarılaraq, prokurora məlumat verilməsi barədə xüsusi qərardad çıxarılmasını xahiş etmişdir.

9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-604/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə baxılmamış saxlanılmışdır.

10. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-604/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh "xxxx" MMC tərəfindən ünvan 4 ünvanında (ümumi kvartala daxil olan) çoxmənzilli yaşayış binalarında şoxmənzilli binanın ümumi əmlakına, (o cümlədən, mənzillərarası pilləkən meydançaları, piləkənlər, şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırlması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) münasibətdə aparmış olduğu demontaj (söküntü) işlərinin qanunsuz hesab edilməsi, bu kimi demontaj (söküntü) işlərinin dayandırılması və bu qəbildən aparılmış söküntü işlərinin bərpa edilməsinin cavabdehin üzərinə qoyulması, iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir.

11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh tərəfindən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi iddiaçı və üçüncü şəxslərin hüquqlarını və qanuni mənafelərini pozmuş, göstərilən mənzilləri qəzalı vəziyyətə salaraq onların həyat və sağlamlığına təhlükə yaratmışdır. Yaşayış sahəsinin yenidən qurulması və (vəya) yenidən planlaşdırlmasını razılaşdırmaqdan imtinaya yol verən hər iki hal (25.1.4-cü maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi qonşuların və ya digər üçüncü şəxslərin hüquqlarını və qanuni mənafelərini pozduqda (həmin qonşu və ya üçüncü şəxslərin belə yenidən qurulma və (və ya) yenidən planlaşdırılmaya yazılı razılıq verdiyi hallar istisna olmaqla), 25.1.5-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi qonşuların və ya digər üçüncü şəxslərin həyat və sağlamlığına təhlükə yaradırsa) həm iddiaçıya, həm də üçüncü şəxslərə münasibətdə mövcuddur. Belə ki, yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi həmin şəxslərin hüquqlarını və qanuni mənafelərini pozmuş, göstərilən mənzilləri qəzalı vəziyyətə salaraq onların həyat və sağlamlığına təhlükə yaratmışdır. Həmçinin, qanunda qeyd edilən istisna təşkil edən hal iddiaçı və üçüncü şəxslər tərəfindən cavabdehə yazılı razılıq – müqavilə imzalanmadığı üçün mövcud deyil. Beləliklə, qeyd edilən şəxslərin yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını razılaşdırmaqdan imtinası qanuna uyğundur. Bakı şəhər İcra Hakimiyyətinin Başçısının “Yaşayış binalarının tikintisi məqsədi ilə torpaq sahəsinin icarə əsasında "xxxx" MMC-nin istifadəsinə verilməsi haqqında” xx.xx.2020-ci il tarixli, 274 nömrəli sərəncamına əsasən "xxxx" MMC-yə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə qarşılıqlı razılıq əsasında istifadə edilməsi şərti ilə verilmiş, söküntü işlərinin aparılması ilə bağlı hər hansı müddəa qeyd edilməməklə, sanitar vəziyyətə nəzarət edilməsi tapşırılmışdır. Cavabdeh tərəfindən həyata keçirilən demontaj işləri əvəzləşdirmə müqaviləsi (cavabdeh tərəfindən bir çox mənzillərlə bağlı belə müqavilələrin bağlandığı qeyd edilsə də surətləri məhkəməyə təqdim edilməmişdir) əsasında əldə edilmiş mənzillərlə yanaşı, çoxmənzilli binanın ümumi əmlakını da əhatə etmiş, söküntü işləri sanitariya və yanğın təhlükəsizliyi ilə bağlı yuxarıda sadalanan qanunvericilik normalarının tələbləri pozulmaqla aparılmışdır. Bununla belə, cavabdeh Azərbaycan Respublikası Mənzil Məcəlləsinin və bu hüquq münasibətlərini tənzimləyən digər qanunvericilik aktlarının tələblərini pozaraq, qanunsuz söküntü aparmaqla mənzil və ümumi əmlak mülkiyyətçilərinin hüquqlarını kobud surətdə pozmuşdur. Eyni zamanda, məhkəmə baxışı zamanı cavabdehin əməllərində cinayət əlamətləri aşkar edilməmişdir.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 15-ci, 25-ci, 28-ci, 29-cu, 35ci maddələrinə, Azərbaycan Respublikası “Sanitariya-epidemioloji sağlamlıq haqqında” Qanunun 16-cı maddəsinə, Azərbaycan Respublikasında Yanğın Təhlükəsizliyi Qaydalarının 4.5-ci, 4.6-cı və 4,11-ci bəndlərinə, habelə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1-ci, 217.3-cü, 217.4-cü, 265-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

13. Cavabdeh "xxxx" MMC həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ünvan 5 ünvanında ayrı-ayrı küçələri əhatə edən 24 blokdan ibarət , biri-biri ilə konstruktiv bağlılığı olmayan yaşayış binaları yerləşir. Hazırki vaxtadək köçürülməli 143 mülkiyyətçidən 80-nə yaxını ilə əvəzləşdirmə müqaviləsi imzalanmış, həmin şəxslər yeni mənzillə təmin olunan tarixədək kirayə mənzillərə köçürülmüşdür. İddiaçının mülkiyyətində olan mənzil həmin blokun birində yerləşir və onun mənzilinin yerləşdiyi binaya cavabdeh tərəfindən heç bir zərər vurulmamışdır. Məhkəmə qətnaməsində ümumi kvartala daxil olan binalarda ümumi əmlaka zərər vurulması qeyd edilsə də, ümumiyyətlə cavabdeh tərəfindən həmin ünvanda yerləşən çoxmənzilli yaşayış binalarının ümumi əmlakına hər hansı zərərin vurulmasından söhbət gedə bilməz. Cavabdeh yalnız əvəzləşdirmə müqaviləsi imzaladığı sakinlərin mənzillərinin daxilində demontaj işləri aparmış, binanın ümumi əmlakına ziyan vurmamışdır. Qətnamənin əsas mübahisəli məqamı ondan ibarətdir ki, məhkəmə həmin ərazidə ümumi kvartala daxil olan 24 blokdan ibarət biri-biri ilə konstruktiv bağlılığı olmayan binalarda söküntü işlərini qadağan etmişdir. Lakin iddiaçının mənzilindən tamamilə kənarda yerləşən binaların sakinləri ilə müqavilələr imzalansa da, sözügedən məhkəmə qətnaməsi ümumi kvartala daxil olan bütün binaların sökülməsini qadağan edir. Bu isə müqavilə imzalamış 80-nə yaxın mülkiyyətçinin konstitusion hüquqlarının pozulması ilə nəticələnir. Cavabdeh tərəfindən 80-nə yaxın daşınmaz əmlak mülkiyyətçisinə kirayə haqqı ödənilir və 1 nəfər iddiaçının ərizəsi ilə qəbul edilən qətnamə cavabdehə ayda 50.000 manatdan artıq məbləğdə ziyan vurmalqa yanaşı, həmçinin, mənzil şəraitini yaxşılaşdırmaq istəyən 80-nə yaxın sakinin yeni mənzillərə köçmək müddətini də qeyrimüəyyən vaxta uzadır və onların, habelə ailə üzvlərinin Azərbaycan Respublikası konstitusyası ilə təsbit edilmiş mənzil hüquqlarını, sağlam şəraitdə yaşamaq hüquqlarını pozmaqla, onların haqlı narazılığına səbəb olur. Cavabdeh qeyd olunan sahədə söküntü və tikinti işlərini hissəvi şəkildə həyata keçirməyi planlaşdırdığından, iddiaçının mülkiyyətində olan mənzilin yerləşdiyi binanı sökmək niyyətində deyil və qeyd olunan mənzilin yerləşdiyi binanı sökmək niyyətində deyil və qeyd olunan mənzilin yerləşdiyi bina sökülməsi planlaşdırılan bloklardan tamamilə kənarda yerləşir və iddiaçının mənzilinə (mənzilin yerləşdiyi bloka) heç bir zərər vurmur. Lakin məhkəmə 80-nə yaxın mülkiyyətçinin hüquqlarını nəzərə almadan 1 mülkiyyətçinin iddiası ilə layihənin icrasını mümkünsüz vəziyyətə gətirmişdir. Bu səbəbdən həmin qətnamə ləğv edilməlidir.

Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Proses iştirakçılarının izahatı:

16. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsində göstərilən mövqeydən çıxış etmiş və əlavə olaraq, onun yaşadığı blokun, habelə bu blokdan sağda və solda yerləşən blokların mənzillərində, eyni zamanda onun mənzilindən alt mərtəbədə yerləşən mənzildə hər hansı demontaj (söküntü) işlərinin aparılmadığını, blokuna giriş-çıxışın məhdudlaşdırılmadığını, veriən suala cavab olaraq onun mənzilinin alt mərtəbəsinə olan mənzilin pəncərəsinin söküldüyünü bildirmiş və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

17. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, ötən dövr ərzində qeyd edilən ünvanda yerləşən binaların mənzil mülkiyyətçiləri ilə yeni müqavilələr bağlanmış və artıq belə şəxslərin sayı 103-ə çatdırılmışdır. Eyni zamanda, iddiaçının mənzilinin yerləşdiyi və ona qonşu olan bloklarda cavabdeh tərəfindən hər hansı söküntü işləri aparılmamış, onun yerləşdiyi bloka girişçıxışla bağlı hər hansı maneə yoxdur. Söküntü işləri iddiaçının yaşadığı blokdan bir neçə blok aralı aparılmış və iddiaçının yaşadığı nəinki blokun, ümumiyyətlə binanın ümumi dayanıqlığına mənfi təsir göstərmir və hər hansı təhlükə yaratmır. Bu hal məhkəmə ekspertinin rəyi ilə də öz təsdiqini tapır.Bunla bağlı fotoşəkilləri və görüntüləri təqdim etmişdir. Bu baxımdan iddiaçının hazırki iddianı irəli sürmək üçün ümumiyyətlə subyektiv hüququ yoxdur. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

18. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclaslarına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə apellyasiya şikayətinə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən maddi hüquq hüquq normaları

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır; 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər;

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

22. Hazırkı apellyasiya şikayətinin dəlilləri qətnamənin təmin edilmiş hissədə ləğv olunmasına yönəldiyindən və həmin hissədə iddianın rədd edilməsi xahiş olunduğundan, qətnamə həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları, o cümlədən aparılan söküntü işlərinin mahiyyətini və miqyasını, söküntü işlərinin iddiaçının yaşadığı mənzilə, mənzilin yerləşdiyi bloka və ümumilikdə binanın dayanıqlığına təsirini aydınlaşdırmamış, cavabdeh tərəfindən söküntü işlərinin sanitariya və yanğın təhlükəsizliyi qaydaları pozulmaqla aparılması, mənzillərin qəzalı vəziyyətə salınaraq mülkiyyətçilərin həyat və sağlamlığına təhlükə yaratması, nəticədə iddiaçı və üçüncü şəxslərin hüquqlarının və qanuni mənafelərinin pozulması qənaətinə gəlsə də, ümumiyyətlə, habelə onlara münasibətdə pozuntunun, habelə təhlükənin nədən ibarət olmasını göstərməmiş, istinad olunan Bakı şəhər İcra Hakimiyyətinin Başçısının “Yaşayış binalarının tikintisi məqsədi ilə torpaq sahəsinin icarə əsasında "xxxx" MMC-nin istifadəsinə verilməsi haqqında” xx.xx.2020-ci il tarixli, 274 nömrəli sərəncamının 1-ci bəndinə düzgün hüquqi qiymət verməmişdir. Nəticədə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməyərək, qətnaməni düzgün əsaslandırmamışdır. Bu səbəbdən qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmir.

24. Məhkəmə kollegiyası iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqeydən çıxış etmişdir (“Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərar, “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərar və sair).

26. İddiaçının iddiası mülkiyyətində olan mənzilin cavabdehin hərəkətlərindən müdafiəsi (mülkiyyətin müdafiəsi) ilə bağlıdır. Belə ki, iddiaçı onun mənzilinin yerləşdiyi binada cavabdeh tərəfindən qanunsuz olaraq söküntü işlərinin aparıldığını və bu işlərin bina və qurğuların konstruktiv yük daşıyan elementlərinə, nəticədə də onun mənzilinin dayanaqlığına mənfi təsir göstərdiyini iddia edir. Bu səbəbdən iddiaçı iddiasında göstərilən halların mövcudluğunu sübut etməli idi.

27. Nəzərə alınmalıdır ki, iddiaçının yaşadığı binanın sahəsi də daxil olmaqla, ümumilikdə 1,55 ha (15.500 kv.m.) torpaq sahəsi yeni yaşayış binalarının tikintisi məqsədi ilə Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2020-ci il tarixli, 274 nömrəli sərəncamına, habelə Bakı şəhər İcra Hakimiyyəti ilə bağlanmış xx.xx.2021-ci il tarixli, 1635 saylı müqaviləyə əsasən 49 il müddətinə icarə əsasında cavabdehin istifadəsinə verilmişdir. Eyni zamanda, Sərəncamda yeni yaşayış binalarının tikintisinin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında tənzimlənməsi barədə şərt təsbit edilmişdir.

28. Bununla belə, tikintinin həyata keçirilməsi üçün ilk növbədə həmin sahədə yerləşən və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi “Azərdövlətsənayelayihə” DLİ-nin xx.xx.2020-ci il tarixli rəyinə əsasən yolverilməz və məhdud işlək vəziyyətdə olan bloklardan ibarət binada yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin mülkiyyətçiləri (istifadəçiləri) ilə qarşılıqlı razılıq əsasında söküntüsü həyata keçirilməlidir. Qeyd edilən Sərəncam da hüquqi nəticə etibarı ilə məhz bu proseduru ehtiva etdiyindən, onun məzmununda söküntü işlərinin aparılması ilə bağlı hər hansı ayrıca müddəanın təsbit edilməsinə zərurət yoxdur və bu hal aparılan söküntünün qanunsuz kimi qiymətləndirilməsi üçün əsas ola bilməz.

29. Belə olan halda, söküntünün qanunsuz olması ilk növbədə yaşayış və qeyriyaşayış sahələrində söküntü işlərinin onların mülkiyyətçilərinin (istifadəçilərin) iradəsinə zidd olaraq aparılmasıdır ki, cavabdeh tərəfindən belə bir hala yol verilməmişdir. Belə ki, bu işlər yalnız mülkiyyətçiləri (istifadəçiləri) ilə alqı-satqı və ya əvəzləşdirmə müqaviləsi bağlanmış yaşayış və qeyri-yaşayış sahələrində aparılmış və bu baxımdan mülkiyyətçilərin (istifadəçilərin) iradəsinə söykənir. Hüquqi nəticə etibarı ilə cavabdeh qeyd edilən Sərəncamın göstərişinə uyğun şəkildə hərəkət edərək, o cümlədən mülki qanunvericiliyin tələblərinə uyğun müqavilələr bağlayaraq, mənzilləri təhvil almışdır. Həmin müqavilələrin təfsiri baxımından da qeyd edilən mənzillərdə (bloklarda) söküntü işlərinin aparılması məhz tərəflərin iradə ifadəsinin həqiqi mənasını ifadə edir və onların mülkiyyət hüququnun pozulması kimi (əksər hallarda söküntü işləri mülkiyyətçilərin özləri tərəfindən aparılmışdır) qiymətləndirilə bilməz. Bu mövqe, müqavilələr təqdim edilməsə də, söküntü işləri aparılmış yaşayış və qeyri-yaşayış sahələrinin mülkiyyətçilərinin (istifadəçilərinin) cavabdehdən hər hansı məbləğdə maddi zərər tələb etmədən sahələrini tərk etməsi ilə öz təsdiqini tapır. Hər bir halda, təhrif olunmuş məlumatın məhkəməyə təqdim edilməsinə görə məsuliyyət daşıması barədə xəbərdar olan cavabdeh müqavilə bağladığı mülkiyyətçilərin (istifadəçilərin) siyahısını təqdim edir.

30. Söküntünün mahiyyəti mənzillərin daxili və xarici qapılarının, pəncərələrinin, ağac materialından olan döşəmələrinin çıxarılmasından, həmin mənzillərin yerləşdiyi bloklara aid ümumi əmlakın sökülməsindən ibarətdir. Söküntü işləri miqyas etibarı ilə bir neçə bloku əhatə edir və iddiaçının mənzilinin yerləşdiyi blok bu bloklara aid deyil.

31. Xüsusilə qeyd edilməlidir ki, iddiaçının yaşadığı mənzilin yerləşdiyi blokda, habelə həmin blokda solda və sağda, o cümlədən bu bloklarda yerləşən hər hansı mənzildə cavabdeh tərəfindən ümumiyyətlə hər hansı söküntü işləri aparılmamışdır. Bu hal həm iddiaçının özü tərəfindən, həm də həmin ərazini əks etdirən fotoşəkillərlə öz təsdiqini tapır.

32. Məhkəmə kollegiyası tərəfindən mötəbər sübut kimi qiymətləndirilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/5057 saylı rəyində söküntü aparılan ünvan 5 ünvanında çoxmənzilli yaşayış binalarının (iddiaçıya məxsus 145 saylı mənzilin yerləşdiyi bina da daxil olmaqla) temperatur tikişi ilə bir-birindən ayrılmaqla (bir-biri ilə bağlılığı olmadan) inşa edildiyi, həmin yaşayış binasında söküntü işlərinin yalnız çilləkəndən olan arakəsmə divarlarında, ağac materiallarından olan döşəmələrdə və qapı-pəncərə hissələrində ararıldığı, baxış zamanı binanın əsas yükdaşıyan konstruksiyalarında söküntü işlərinin aparılması müşahidə edilmədiyi və mənzillərdə aparılan söküntü işlərinin binanın ümumi dayanıqlığına mənfi təsir göstərmədiyi qeyd edilmişdir. Bu baxımdan iddiaçının mənzilinin yerləşdiyi blokdan bir neçə blok aralıda yerləşən blokda aparılan söküntü işlərinin binanın, xüsusilə də iddiaçının yaşadığı blokun, o cümlədən mənzilin dayanıqlığına ümumiyyətlə hər hansı təsiri yoxdur. Bu halı təsdiq edən sübut kimi təqdim edilmiş Əmlakın Qiymətləndirilməsi və Consalting” MMC-nin “Daşınmaz əmlakın qiymətləndirilməsi barədə” xx.xx.2022-ci il tarixli Hesabatı isə qanunsuz və əsassızdır. Belə ki, həmin hesabatda əmlakın qiymətləndirilməsi ilə bağlı görülmüş işi əks etdirməsinə baxmayaraq, hər hansı sənədlər nəzərdən keçirilmədən, araşdırma və təhlil aparılmadan, habelə bu sahəni tənzimləyən qanunvericiliyə istinad edilmədən aparılmış söküntü işlərinin qanuniliyinə də qiymət verilmiş və nəticədə söküntünün qanuni əsas olmadan aparıldığı, bu işlərin binanın ümumi dayanıqlığına, habelə yanğın təhlükəsizliyi qaydalarının pozulmasına birbaşa təsir göstərdiyi qeyd edilmişdir. Həmin hesabatın məzmunu nəzərdən keçirildikdə artıq onun əsassız olduğu, mütəxəssisin öz səlahiyyətlərini aşdığı və ümumiyyətlə “ekspert tədqiqatı” anlayışından uzaq olduğu açıq və aşkar görünür.

33. Hər bir halda, cavabdehin təqdim etdiyi siyahıya əsasən mübahisənin birinci instansiya məhkəməsində baxıldığı (80-nə yaxın) dövrlə müqayisədə müqavilə bağlamış şəxslərin sayı 103-ə yüksəlmiş, bunların xeyli hissəsinin mənzilində və mənzillərin yerləşdiyi bloklarda yuxarıda göstərilən söküntü (demontaj) işləri aparılmışdır. Lakin bu işlərin iddiaçının yaşadığı blokun, o cümlədən mənzilin, ümumiyyətlə blokdan sağda və solda yerləşən blokun dayanıqlığına hər hansı mənfi təsir göstərməsi müəyyən edilmir, iddiaçı da bu barədə hər hansı fikir söyləmir. İddiaçının təşəbbüsü ilə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs kimi işə cəlb edilmiş şəxslər isə məsələnin bilavasitə maraqlarına toxunmasına və mübahisə barədə məlumatlı olmasına baxmayaraq, nəinki mülkiyyətlərində olan mənzilə hər hansı maddi ziyan vurulduğunu, habelə belə bir ehtimalın olduğunu bildirməmişlər, ümumiyyətlə məhkəmə iclaslarında iştirak etməmişdilər. Onlardan biri, yəni X13 isə mülkiyyətində olan mənzili xx.xx.2022-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən artıq özgəninkiləşdirmişdir.

34. Məhkəmə kollegiyası söküntü işlərinin sanitariya və yanğın təhlükəsizliyi qaydalarının pozulması ilə aparılması barədə iddiaçının mövqeyi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iddiaçı bu mövqeyini təsdiq edən hər hansı sübut, o cümlədən bu sahədə qanunvericiliyin tələblərinə riayət edilməsinə nəzarət edən qurumların məsələyə dair münasibətini əks etdirən rəsmi sənədləri təqdim etməmişdir. Müəyyən mənzillərdə söküntü işlərinin aparılması qeyd edilən sahəni tənzimləyən qaydaların pozulması kimi qiymətləndirilməsi üçün yetərli deyil. Birinci instansiya məhkəməsi də bu mövqedən çıxış etməsinə baxmayaraq, konkret olaraq hansı normanın pozulmasını göstərməmişdir. Yerində müayinə zamanı sökülmüş mənzillərin bir çoxunun içində zibillərin atılması söküntünün sanitariya qaydalarının pozulması ilə aparılması qənaətinə gəlmək üçün əsas deyil. Bu baxımdan birinci instansiya məhkəməsinin mövqeyi ümumiyyətlə ziddiyyətli və anlaşılmazdır. Belə ki, söküntünün qanunsuz olaraq aparılması, yəni cavabdeh tərəfindən hüquqazidd əmələ yol verməsi, bu əməlin iddiaçının və üçüncü şəxslərin hüquqlarını kobud surətdə pozması qənatəinə gələn birinci instansiya məhkəməsi, eyni zamanda cavabdehin əməllərində cinayət əlamətlərinin aşkar edilmədiyini vurğulayır.

35. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi öz mövqeyində haqlı olmamışdır. Cavabdeh tərəfindən aparılmış söküntü işləri qeyd edilən Sərəncamın tələblərinə uyğun, bu işlərin aparıldığı mənzillərin mülkiyyətçilərinin (istifadəçilərinin) razılığı və onlarla bağlanmış aidiyyəti müqavilələrə əsasən aparılmış, həmin işlərin görülməsi binanın əsas yükdaşıyan konstruksiyalarına və ümumi dayanaqlığına, xüsusilə də iddiaçının yaşadığı bloka (mənzilə) hər hansı mənfi təsir göstərməmiş, iddiaçıya aid bloku (mənzili) qəzalı vəziyyətə salmamış, bu zaman iddiaçıya münasibətdə qanunvericiliyin, o cümlədən təhlükəsizlik və sanitariya qaydalarının pozulması halına yol verilməmişdir. Başqa sözlə, söküntü işləri iddiaçının mənzilinin yerləşdiyi blokdan aralı aparılır və ümumiyyətlə iddiaçının hər hansı hüququnu pozmur və ya məhdudlaşdırmır, o cümlədən onun həyat və sağlamlığına hər hansı təhlükə yaratmır.

36. Bununla bağlı məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1 və 5.1-ci maddələrinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır.

37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

38. Konstitusiya Məhkəməsinin bu Qərarda nümayiş etdirilmiş hüquqi mövqeyi bir daha “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3 iyul 2015-ci il tarixli Prenum Qərarında öz əksini tapmışdır.

39. Qanunvericiliyin istinad edilən tələblərindən göründüyü kimi, hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs ilk növbədə hər hansı qanunla qorunan hüquq və azadlıqlarının və yaxud maraqlarının pozulmasını, eləcə də bununla bağlı tələb etmək hüququnun olmasını sübut etməlidir.

40. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, mövcud vəziyyətdə iddiaçı cavabdehə qarşı hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün ümumiyyətlə subyektiv hüquqa malik deyil. Bu da öz növbəsində onun iddiasının rədd edilməsini şərtləndirir.

41. Göstərilənləri nəzərə alıb məhkəmə kollegiyası hesab edir ki, cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-604/2022 saylı, 25 fevral 2022-ci il tarixli qətnaməsi qismən-iddianın təmin olunmuş hissəsində ləğv edilməli, iddia həmin hissədə rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu cavabdeh "xxxx" MMC-yə aid edilməlidir.

42. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 200 manat məbləğində pul vəsaiti iş üzrə İddiaçı və cavabdeh "xxxx" MMC-dən müştərək qaydada tutularaq dövlət gəlirlərinə alınmalıdır.

43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382-ci, 384-385-ci, 392-393-cü, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-604/2022 saylı, 25 fevral 2022-ci il tarixli qətnaməsi iddianın təmin olunmuş hissəsində ləğv edilsin. İddiaçı iddiası həmin hissədə təmin edilməsin. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdeh "xxxx" MMCyə aid edilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 200 (iki yüz) manat məbləğində pul vəsaiti iş üzrə İddiaçı və cavabdeh "xxxx" MMC-dən müştərək qaydada tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar